Etiket arxivi: Buynuz

MUSA YAQUB (1937-2021)

MUSA YAQUB

Yaqubov Müsavat Səfiməmməd oğlu (Musa Yaqub; 10 may 1937, Buynuz, İsmayıllı rayonu – 7 may 2021, Buynuz, İsmayıllı rayonu) — Azərbaycan şairi, Azərbaycanın ən yaraşıqlı şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1970), Milli Məclisin deputatı (1995–2000), Azərbaycan Respublikasının Xalq şairi (2019).

musayaqub #şeirlər #buynuz

MƏN SƏNİN KÖNLÜNDƏ

Yaman gündə sənin, xoş gündə sənin.
Həyat ağacıyam könlündə sənin;
Onu atmaq olmaz, qurutmaq olmaz,
Daha bacarmarsan özünü yorma.
Bir bahar ömrünü unutmaq olmaz,
Sevdiyin ağaca baltanı vurma.
Nahaqdan könlünü ağrıtma belə.
Köhnə xatirəni ağlatma belə.
Ömür ehtiyacı, gün ehtiyacı,
Mən sənin könlündə həyat ağacı –
Özün də bilmədən ürək qanınla,
Bütün vücudunla, bütün canınla
Onu ömrün boyu yaşadacaqsan,
Unutmaqmı asan, atmaqımı asan?..

Bilirəm özünə tutur qəzəbin,
Eh, unutmaq olsa nə var ki, haqdı.
Bütün hicranların nədir səbəbi,
Elə unutmağı bacarmamaqdı.
O ağacı kəssən bir də bitəcək,
Sonra ən göynəkli yerdə bitəcək.
Ümidli günündə yarpaqlayacaq,
Təzə pöhrəsində gül qucaq-qucaq –
Sən də baharlanıb yazlanacaqsan,
Ümid ağuşunda nazlanacaqsan.
Bu sənə qanaddır qırma özünü,
Unutmaq üstündə yorma özünü.

Mən sənin könlündə həyat ağacı,
Xatirəsi şirin, indisi acı –
Hicranlı günlərdə əzabındı o,
Sapsarı yarpaqlı kitabındı o.
Hərdən bu ağaca payız dolacaq,
Şirin xatirələr xəzəl olacaq.
Səni ağladacaq payızlarıyla,
Səni üşüdəcək sal buzlarıyla.
Bir də sızım-sızım göynəyəcəksən,
Sonra bu qışa da öyrənəcəksən…
Daha bu ağacın nəyini bölüm,
O sənin könlündə budaq-budaqdı.
Eh, unutmaq olsa nə var ki, gülüm,
Dərd də unutmağı bacarmamaqdı.
Bacarmayacaqsan yorma özünü,
Bu ağac özünsən qırma özünü.


PAYIZ DURNAM

Payız durnam uçub getdin,
Bir də dönüb gələrsənmi?
Sən dönəndə mən olmasam,
Ruhum ilə gülərsənmi?

Ey bizlərdən təmiz vücud,
Könlümü ardınca uçurt.
Yerin xəzəl, göyün bulud –
Mənzil-mənzil bölərsənmi?

Ey hər göldən şəkər dadan,
Buluda baş qoyub yatan.
Mən qanadsız piyadadan
Durub dilək dilərsənmi?

Nə bir mənzil vurduq başa,
Nə gün gördük gəlsin xoşa
Heç qoşalar uçmur qoşa,
Tənha uçan tək sənsənmi?

O,istəyir dönə məndən,
Gedib ki, gizlənə məndən.
O,adı gizlinə məndən.
Bir çınqı söz söylərsənmi?

Azalıb mehri dünyanın
Çəmi yox qeyri dünyanın.
Yolları əyri dünyanın
Keçidlərin bilərsənmi?


ÇATARMI

Əlçatmaz bilmişəm səni həmişə,
Sənin gül zirvənə əlim çatarmı?
İsti baxışına, şirin ləhcənə
Şeirim yetişərmi, dilim çatarmı?

Bu kövrək sevdaya uyası olsam,
Səni könlüm dolu duyası olsam,
Yolunda bir ömür qoyası olsam,
Buna ömrüm yetər, ilim çatarmı?

Sənin tək bir ümid çırağım olsa.
Gül bədən, bir qönçə dodağım olsa,
Dünya başdan-başa gül bağım olsa,
Sənə veriləsi gülüm çatarmı?

Ömrümün payızı bəndi bağlayan,
Mən bir quru çayam daşı ağlayan.
Sən bahar dəryası coşub-çağlayan,
Sənin dənizinə selim çatarmı?

Torpağı, ağacı sinəsi dağ-dağ,
Min illər uzunu yanan bir ocaq.
Bir də alovunda birlikdə yansaq,
Tabım bu yanğıya, bilim, çatarmı?


Demə çöldə gülüm, dağda qarımsan,
Sevgidə son sözüm, son baharımsan.
Sən mənim bir tale günahkarımsan
Daha nə mərhəmət, nə insaf eylə,
Çinar kölgəsində yasəmən kimi
Əyil günahını etiraf eylə.

Mizan-tərəzidir dünyada sevgi,
Gərək əyilməsin o daş, o çəki.
Yoxdur bu bölgüdə mənim səninki,
Barı, bir sözünü burda saf eylə
Atıb o pərsəngi yüngülləş bir az,
Qalxıb günahını etiraf eylə.

…Sənin sevgi yolun yolun bozudu,
Elə bil ürəyin bulaq duzudu.
Təbəssümün gülə çilənmiş sudu –
Ondan işıq düşməz mənə bir gilə,
Sən ki, şeh deyilsən, düş o ləçəkdən
Düşüb günahını etiraf eylə.

Mən qanad verənəm, sən qanad yonan,
Könlümün içində könlümü qıran,
Bir sevda üstündə min oyun quran –
Özünü nə arif, nə sərraf eylə,
Quqqu quşu kimi özgə yuvadan
Çəkil, günahını etiraf eylə.


NARAHAT DUYGUDUR

Narahat duyğudur
daşar durmadan,
Döyəclər daşları çayların suyu.
Ürəyim,
çay kimi ya coş hər zaman,
Ya çaylaq daşıtək
buz olub soyu.
Ya gərək atasan sevinci, qəmi,
Səni də piy basa,
sükunət boğa,
Ya gərək söz üstə
kəhrəba kimi
Əriyib-əriyib
çıxasan yoxa.
Yanmirsa,
közün də kömürdür adı,
Nə torpağa şərik,
nə oda şərik.
Şair ürəyi ki, məşəl olmadı,
Nə o tərəflikdir,
nə bu tərəflik.


TƏRƏZİ

İndi də yadıma salıram hərdən,
O asma,taxtagöz tərəzimizi.
Bir gözündə alma,bir gözündə dən,
Çəkidən arxayın salardı bizi.

İpi düyün-düyün,taxtası çat-çat,
Amma gəl qızıl çək,səhv eləməzdi.
Ortağı onunla böldü bir elat,
Ev-ev,qonşu-qonşu əllərdə gəzdi.

Eh,o tərəzidə min cürə varla
Göz ki,boşalırdı,göz ki,dolurdu;
İrili-xırdalı yumurtalarla
Toyuq günahını çəkmək olurdu.

Çəkdiyinə möhür basılmışdı ki,
Mis kasa,mis nimçə-budur çəkisi.
İplə boğazından asılmışdı ki,
Nə varsa düzünə,haqqına çəksin.

O da ömür idi,qayğısı min-min,
Baxardı zamana,vaxta gözləri.
El kasad olanda tərəzimizin
Üşüyüb ağlardl taxta gözləri.

Yəqin ki,üşüyüb ağlamaz indi,
Ağlayan gözü yox,danışan dili.
O bir xatirəydi,könlümdə dindi,
Bağlandı bazarı,ötdü mənzili.

Bəlkə hər çəkisi bir haqq sözüydü,
Onunla seçərdik yaxşı, pisi də.
Köhnə tərəzimiz elin gözüydü,
İndi şey çəkilməz o tərəzidə.


ÖYRƏTMƏ ÖZÜNƏ, ÖYRƏTMƏ MƏNİ

Taleyin qisməti rast saldı bizi.
Yolumuz hardasa qırılacaqsa,
İtirəcəyiksə, bir-birimizi,
Xatirəm yadında qalmayacaqsa,
Bu əllər mənimki olmayacaqsa,
Bu tellər mənimki olmayacaqsa,
Gəl məni, özünə öyrətmə məni,
Hicran qorxusuyla göynətmə məni.

Əlimi saçıma öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə,
Üzümü üzünə öyrətmə belə,

Mən bir az baharlı budaq kimiyəm,
Bir az da sadəlövh uşaq kimiyəm.
Bala atasına qovuşan kimi,
Leylək yuvasına yovuşan kimi,
Arı gül-çiçəyə uyuşan kimi,
Eh, mən də adama tez yovuşanam,
Sevgi atəşində tez alışanam.
Amma ki, sönməyim çox çətin olur,
Sevgidən dönməyim çox çətin olur,
Öyrətmə özünə, öyrətmə məni.

Bəlkə gözləmirdik bu xoş görüşü,
Yaman qəribədir dünyanın işi;
Heç vaxt yollarında dayanmadığın,
Heç həndəvərində dolanmadığın
Gəlib birdən sənə nə şirin olur!
Ömrünün içində ömür doğulur.

Bu şirinim acı olacaq isə,
Bir qismət çiçəyim solacaq isə,
Öyrətmə özünə, öyrətmə məni.
Könlümdə yerin var, qopmaz yerindən,
Bir əkiz ləçəyi, haça budağı
Ayırmaq olmursa biri-birindən,
Məni də ayırmaq çətindir, axı
Öyrətmə özünə, öyrətmə məni.

Yox buna taqətim, yox buna tabım,
Əlimi əlindən üzmək əzabım,
Sonra bu əzaba dözmək əzabım…
Yoxsa da, könlümün sınıqları var-
Hicranın köz basmış yanıqları var
Mənim dərdlərimin ayaqları var-
Harda olsa, gəlib tapacaq məni.
Yaxud yandıracaq bu alov səni
Gəl məni özünə öyrətmə belə,
Əlimi əlinə öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə…


DAŞ DİVARDA YAZI

Bu nə hökmdü yazılıb,
Bu nə möhürdü basılıb,
Bu nə sevdadı belə,
Bu nə iddiadı belə —
Bu sevda bitməz,
Heç sonu yetməz.

Yəni ki, dəryada batsa,
Çıxar üzə zambaq şəklində,
Torpağa gömülsə,
Bitər lalə-lalə
Dodaq şəkilində…
Gül-çiçəklə açılar
Məzarı qucaq şəkilində…
Yanqılana sinədaşı
Yanar ocaq şəkilində…
Bu sevda bitməz,
Heç sonu yetməz.

Canı can içində,
Qanı qan içində.
Bir yoldur
Uzanıb gedir
Ölümsüzlüyə…
Bizi sevgilərə səsləyə-səsləyə…
Yəni ki, göydə ulduz bürcüdü,
Ürəkdə daha güclüdü,
Atəşi yanar qızıl donda,
Məndə, səndə, onda…
Bu sevda bitməz,
Heç sonu yetməz.

Bu nə möhürdü basılıb,
Fərhad külüngündən qopub,
Məcnun ahı ilə yazılıb,
Daş qalaq-altından çıxıb,
Cəfalı bir aşiqdi,
Hörülüb divara,
Şükür Allahım, şükür,
Sən verdiyin sevdalara…


PAYIZ DUYĞULARI

Payızın hökmüylə əsdi bir külək,
Bir yaşıl səltənət çovğuna düşdü.
Ağaclar bir yaş da qocaldı demək,
Bir yarpaq nəsli də qırğına düşdü.

Aldı verdiyini geriyə torpaq,
Qazancı nə oldu bağın-bağçanın.
Bir yarpaq boy atdı körpə bir uşaq,
Ömründən bir yarpaq düşdü qocanın.

Palıdlar tab etdi sükuta, yasa,
Gilas yarpaqları qızardı düşdü.
Hansı bəxtəvərin, növcavanınsa
Üzünə bir yarpaq qızartı düşdü.

Çox yarpaq tökümü görüb yerimiz,
Soraq tutmaq olmur cığırdan, izdən.
Torpaq altındakı əzizlərimiz
Yenə də bir yarpaq gen düşdü bizdən.

Bir yarpaq da düşdü Bəzz qalasına,
Divarlar bir yarpaq çökdü aşağı.
İgid Babəklərin, Koroğluların
Bir yarpaq uzaqdan gəldi sorağı.

Yarpaqlar, belədir zamanın hökmü,
Tökülün, əbədi ömrə tamarzı.
Tarixin yüz ilik yarpaq tökümü
Olacaq bir yarpaq yaddaş kağızı.

Payızın ağzından əsdikcə külək,
Bir yaşıl səltənət çovğuna düşdü.
Ağaclar bir yaş da qocaldı demək,
Bir yarpaq nəsli də qırğına düşdü.


UZAQ… UZAQ…

Mənim incilərim hara daşındı?!
Bəlkə yaddaşımdır, bəlkə yaşımdır;
Sellər sal daşımı yudu apardı,
Xatirə gözlərin çıxıb yadımdan,
İllər yaddaşımı yudu apardı –
Gözümdən yaş kimi üzülüb gedib.
Saçın pəncərədə pərdələnərdi
O da qumaş kimi süzülüb gedib –
Sozala-sozala sönüb o çıraq,
Uzaq… Uzaq… Uzaq… Dünyadan uzaq.

Xatirə ulduza, xatirə aya,
Necə baxacağam mən bu dünyaya?
Daha səndən sonra şöhrət-şanım yox,
Sənə oxşatmağa bir nişanım yox,
Toranlıq içində bir xəyal sayaq,
Uzaq… Uzaq… Uzaq.. Dünyadan uzaq.

Qalsaydı aynada zərrə şəfəqin,
İşığı mənə də, bəlkə düşərdi.
Ruhun yaşamağı yalandır yəqin,
Olsaydı üstümə kölgə düşərdi –
Nə yerdə xəbər var, nə göydə soraq
Uzaq… Uzaq… Uzaq… Dünyadan uzaq.

Bilmirəm, haradansa səsin gələrdi,
Deyərdim, yuxuma gəlsin, gələrdi.
İndi gecə uzun, gündüzlər yasaq,
İndi qürub yaxın, indi dan uzaq.

Allah, xatirə də ölərmiş belə,
İllər izimizi silərmiş belə…

Dünyanın sükutu üstümə enir,
Nə yarpaq oxuyur, nə çay danışır,
Nə torpaq diksinir, nə cığır dinir,
Yol duman içində, çöl-bayır sazaq,
Qapanıb o qapı, sönüb o ocaq,
Uzaq… Uzaq… Uzaq… Dünyadan uzaq.

Sənli xatirəmi necə ayıldım?
Mən necə qayıdım evə-eşiyə-
Hicrana qayıdım, qəmə qayıdım,
Mən hara qayıdım, kimə qayıdım?
Şimal qütbü kimi xatirə otaq…
Uzaq… Uzaq… Uzaq… Dünyadan uzaq.

Bələd deyiləmmiş yaddaş sirrinə…
Dözdüm son dözümə, son taba kimi..
Payızlar bənzəmir biri-birinə,
Xınalı barmağın bir xəzəl üstə
O da əriyibmiş kəhrəba kimi –
Kəsilib o budaq, gedib o yarpaq…
Nə xəzan rəngi var, nə yazdan soraq –
Uzaq…Uzaq…Uzaq… Dünyadan uzaq.

Göynədi yaddaşı kor olan sinəm,
Bu hansı özüməm, bu hansı mənəm?
Mən məndən alınıb, cismi-can uzaq,
Nə fərqi, ya dünən, ya min il qabaq,
Məzar növbəsini dəyişdi torpaq –
Uzaq…Uzaq…Uzaq… Dünyadan uzaq.

Payız-2015
Buynuz


QOCA VƏLƏS

Budaqları yorğun düşən,
Yarpağına qırğın düşən,
Gövdən düyün, para-para,
Qabığında balta yeri
Köhnə yara,
İçin qalay, çölün bürünc,
Sonuncu səs, axır nəfəs,
Qoca vələs!
Bəs hardandı səndə bu güc? –
Bizə mətləb anlatmısan,
Kökün üstə kök atmısan,
Hər şivin bir ağac olub,
Pöhrən qulac-qulac olub –
İmana bax, amana bax
Güvəndiyim gümana bax.

Taqor deyir,
Hər doğulan təzə uşaq –
Tək Allahın hələ bizə –
İnsanlara inanmağı
Deməkdir bu,
Yəni insan tərəfində
Dayanmağı deməkdir bu –
Bu kəlama qulaq asdım,
Ürəyimə səni yazdım,
Qoca vələs!

Vuran insan, qıran insan..
Amma yenə
İnsanlara inanmısan,
Bu inanca görə sağ ol!
Şiv ağaca görə sağ ol!
Sən deyirsən:

  • Mən gedirəm,
    Qalanlara salam olsun!
    Mən deyirəm:
  • Kök üstə kök
    Salanlara salam olsun!
    Sən deyirsən:
  • Qırğınlara xitam verən
    Mişarlara, baltalara
    Dəhrələrə salam olsun!
    Mən deyirəm:
  • Bizə qalan bu şivlərə,
    pöhrələrə,
    Qızılyarpaq çöhrələrə
    Salam olsun!
    Pöhrənəfəs, yaşılhəvəs
    Qoca vələs!

Meşəmizin qoca yaşı,
Yurdun ulu vətəndaşı,
Ömür keçir, gün əriyir,
Doymaq olmur bu dünyadan,
Tamaşadır bu dünyanın
işi qərəz
Qoca vələs! Qoca vələs!

Payız-2015
Buynuz


PAYIZ ÜŞÜYÜR

Nə yaman tez gəldi qışın soyuğu,
Yuvası üşüdür qaratoyuğu,
Payız üşüyür…

Bir sərçə sığınıb quru budağa,
Payızın fikrini çəkir deyəsən.
Sünbülotu yerə dikib başını,
Yaza toxumunu əkir deyəsən.
Payız üşüyür…

Gün dəyən əbrüşüm yarpaqlarında
Sanki əllərini isidir payız.
Qızılı yarpaqlar qaralıb bir az,
Elə bil Gədəbəy misidir payız.
Payız üşüyür…

Üryanlar titrəyir soyuq küləkdə,
Söhbət indi oddan, körükdən gedir,
Qovaq yelpiklənir gümüşü rəngdə,
Budağın zəhləsi yelpikdən gedir.
Payız üşüyür…
Yoxdu yarpağında o zövqü-səfa,
Şehotu üstündə buğlanır hava.
Damlalar böyüyür, düşür torpağa,
Yapışıb qanadı kəpənəklərin
Arılar özünü çəkir qırağa.
Payız üşüyür…

Yığılıb bostandan əllər, ətəklər,
Çürük yemişlərin ağarır dişi.
Yığıb arısını qaçır pətəklər,
Şanda arıların yarımçıq işi,
Alıb yarısını qaçır pətəklər.
Payız üşüyür…

Addımdan qaralan qırov cığırlar,
Əriyə-əriyə yola çıxırlar.
Payız yoxuşunda sinəm tövşüyür,
Payız üşüyür…

Payız-2015
Buynuz


BİR DƏ GÖRDÜM…

Xətainin qılıncını suvardım…
M.Araz

Bir də gördüm,
Xətainin qılıncından
Qan əvəzi bal süzülür,
Qılıncının dəstəyinə
Bülbül qonur, gül düzülür,
Qını dönür qələmdana,
Bu qılıncın özü dönür
Qələm olur yavaş-yavaş.
Qılınc qələm olan yerdə
Dünya başqa aləm olur
yavaş-yavaş,
Döyüş yeri çiçəklənir,
Gülüstani-İrəm olur
Yavaş-yavaş.

Bir də gördüm Xətaidi
Bu qələmlə şeir yazır,
Ürəklərə mehr yazır:
“Qızılgül, baği-bostanım
Nə dersən?!
Fəda olsun sənə canım,
Nə dersən?!”

Nə gözəldir, yarına
Şah yalvarışı…
Şükür, Tanrım, şükür sənə,
Bir qılıncı qələm edib
Öldürürsən bir qəzəbi,
Bir döyüşü, bir savaşı.

Köhnə yaram qövr elədi,
Bir də gördüm,
Xətainin qılıncıdır
Dövr elədi,
Gəlib oldu
Məmməd Araz karandaşı,
Göyərdi…

Yay-2015
Buynuz


QƏZƏL

Bu necə sevgidir, eşqin cövhəri,
Qanıma,canıma sirayət eylər.

Füzuli demişkən Kuyi-yar vətən,
Könlüm bu vətəni ziyarət eylər.

Ayəti-Kürsünün ucalığından,
Tanrım hər duamı gül ayət eylər.

Könlüm sən tərəfdən arxayın olsa,
Bütün hicranları nəhayət eylər.

Hələ ilk sevgiylə qiyamım qalıb,
Qiyamətə qədər qiyamət eylər.

Nə durub baxırsan xumar baxışlım,
Elə bir baxışın kifayət eylər.

Mənim gileylərim mehrimdən gəlir,
Sənə xırda-xırda şikayət eylər.

Kürreyi-ərzimiz eşq aləmidir –
Uçub könlüm quşu səyahət eylər.

Musa, məhəbbətin xalq dərgahıdır,
Məni eşq yoluna hidayət eylər.

Payız-2015
Buynuz


ZOĞAL AĞACI

Mən də yaranmışam, mən də bitmişəm,
Bilmirəm heç hansı kama yetmişəm.
Demirəm baharla həmişəliyəm,
Sevgidə bir topa bənövşəliyəm.

Olmadım meşənin,
Şip-şumal ağacı, sığal ağacı,
Çiçəkdə tələsən, barda gecikən,
Zoğal ağacıyam, zoğal ağacı..

Yay-2014
Buynuz

Müəllif: Musa Yaqub

Musa Yaqubun digər yazıları