Etiket arxivi: Dədə Ələsgər Ocağı İctimai Birliyi

Dədə Ələsgərin vəfatının 100-cü ildönümü

Dədə Ələsgərin vəfatının 100-cü ildönümü

9 Mart 2026-cı il tarixində Dədə Ələsgər Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında söz və saz sənətinin böyük ustadı Dədə Ələsgərin vəfatının 100-cü ildönümü münasibətilə xatirə gecəsi keçirilib.

Tədbirin aparıcısı, şair, publisist Əkbər Qoşalı bildirib ki, tədbir Azərbaycan saz və söz mədəniyyətinin ən böyük nümayəndələrindən biri olan Aşıq Ələsgərin irsinə ehtiramın ifadəsidir. Qeyd edib ki, ustad sənətkarın yaradıcılığı xalqın mənəvi yaddaşını, dilini və dünyagörüşünü yaşadan böyük mədəni xəzinədir.

Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərli ustad sənətkarın həyat və yaradıcılığı haqqında danışıb. O, Aşıq Ələsgərin şeirlərindən nümunələr səsləndirərək böyük ozanın saz və söz sənətində tutduğu mövqedən bəhs edib. Bildirilib ki, Aşıq Ələsgər öz yaradıcılığı ilə aşıq sənətinin ən yüksək zirvəsini fəth etmiş, sözün hikmətini və sazın qüdrətini xalqın mənəvi yaddaşında əbədi yaşadan nadir sənətkarlardan biri kimi Azərbaycan mədəniyyət tarixində silinməz iz qoyub.

Tədbirdə çıxış edən millət vəkili Hikmət Babaoğlu Aşıq Ələsgərin yaradıcılığının milli-mənəvi dəyərlərimizin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. Qeyd olunub ki, ustad sənətkarın söz dünyası Azərbaycan xalqının tarixi yaddaşını, mənəvi düşüncəsini və həyat fəlsəfəsini özündə əks etdirən böyük bir irsdir.

Konsert proqramında Azərbaycan aşıq və muğam sənətinin tanınmış nümayəndələri çıxış ediblər. Beynəlxalq müsabiqələr laureatı, Xəzər Universitetinin müəllimi Aşıq Ramin Qarayev, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Aşıq Ədalət Dəlidağlı, Azərbaycanın Əməkdar artisti Rəhilə Bəndəliyeva, eləcə də aşıqlar Aşıq Nəbi Nağıyev, Aşıq Dərya Mərdənzadə, Aşıq Məhsəti Cabbarova, Aşıq İlqar Qələmçəli və Əməkdar nədəniyyət işçisi, Aşıq Bəhmən Göyçəli Dədə Ələsgər irsinə həsr olunmuş saz havaları ifa ediblər.

Tədbirdə həmçinin dombra və kumuz ifaçısı Adnan Əmirli, müğənni Talıb Taleh, Təbrizli bəstəkar-müğənni Arif Mehmandost, xanəndələr Mehranə Vəliqızı, Rəvanə Vəliyeva və Rəşad İdrisoğlu çıxış edərək zəngin musiqi proqramı təqdim ediblər. Aşıqların ifalarını balaban ustası Ələkbər Ələkbərov müşayiət edib.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri, şair-publisist Ramiz Qusarçaylı və Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu də çıxış edərək Aşıq Ələsgərin poeziyasının və aşıq sənətinin Azərbaycan mədəniyyətində tutduğu mühüm yerdən danışıblar.

Sazın sədası və ustad sənətə ehtiram ruhunda keçən anım gecəsi tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Tədbir bir daha göstərib ki, Aşıq Ələsgərin zəngin irsi Azərbaycan xalqının mənəvi yaddaşında yaşayır və bu irs gələcək nəsillərə ötürülməkdə davam edir. Fotolar:

Anım gecəsi Azərbaycan aşıq sənətinin yaşadılması, milli mədəniyyətimizin təbliği və böyük ozanın xatirəsinin ehtiramla yad edilməsi baxımından əlamətdar hadisə kimi yadda qalıb.

7 mart Dədə Ələsgərin anım günüdür

RUHU ŞAD OLSUN!

İlkin mənbə: Dədə Ələsgər Ocağı İctimai Birliyi

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

7 mart Dədə Ələsgərin anım günüdür – fotolar

7 mart Dədə Ələsgərin anım günüdür

7 Mart 2026-cı ildə Azərbaycan aşıq poeziyasının görkəmli ustadı Dədə Ələsgərin anım günü münasibətilə Bakıda yerləşən abidəsi ziyarət edilib.

Dədə Ələsgərin zəngin yaradıcılığı və aşıq sənətinə verdiyi töhfələr xalqımızın mənəvi irsində xüsusi yer tutur. Bu əlamətdar gündə ustad sənətkar ehtiramla yad olunub, ruhuna dualar oxunub və onun irsinin yaşadılmasının önəmi bir daha vurğulanıb.

2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Bakı şəhərində Aşıq Ələsgərin abidəsi ucaldılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev 2024-cü il sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak ediblər.

Açlışdan sonra, abidə bütün Ələsgərsevərlərin ziyarət yerinə çevrilmişdir.

Bugünkü tədbirdən fotolar:

7 mart Dədə Ələsgərin anım günüdür

7 mart Dədə Ələsgərin anım günüdür

RUHU ŞAD OLSUN!

İlkin mənbə: Dədə Ələsgər Ocağı İctimai Birliyi

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

7 mart Dədə Ələsgərin anım günüdür

7 mart Dədə Ələsgərin anım günüdür

Bu gün, 7 Mart Azərbaycan aşıq yaradıcılığının ustad aşıqlarından Dədə Ələsgərin (Ələsgər Alməmməd oğlu) anım günüdür.

Aşıq Ələsgər 1821-ci ildə Azərbaycanın Göyçə mahalının Ağkilsə kəndində dünyaya göz açmışdır. 7 mart 1926-cı ildə doğulduğu Göyçə mahalının Ağkilsə kəndində vəfat etmişdir.
Dədə Ələsgər ilk olaraq aşıq yaradıcılığımızın görkəmli ustadı Aşıq Alıdan aşıqlıq sənətinin sirlərini öyrənmiş, özündən sonra aşıq məktəbi yaradaraq sənətinin zirvəsinə ucalmışdır.
Aşıq poeziyasını bol həyati müşahidələrlə zənginləşdirmiş, həm məzmun, həm forma rəngarəngliyi, həm də saf, duru xalq dilindən istifadə baxımından Aşıq Ələsgər Azərbaycan, ümumən türk şeirinə misilsiz xidmətlər göstərmişdir.
Klassik aşıq şeirimizdə Aşıq Ələsgərin xüsusi mövqeyi vardır. Uzun yaradıcılıq yolu keçmiş ustad sənətkar aşıq şeirinin bütün növlərində olduğu kimi, təcnislərdə də xüsusi məharət göstərmişdir. Aşıq Ələsgər dodaqdəyməz təcnislərin ilk nümunələrini yaratmış və bununla kifayətlənməyib, eyni zamanda, dodaqdəyməz cığalı təcnisin də ilk ülgüsünü vermişdir. Beləliklə də öz müasirlərindən seçilmiş və sənətin zirvəsinə qalxmışdır
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Aşıq Ələsgər Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.
Azərbaycan ədəbiyyatında xüsusilə də aşıq poeziyasında həm aşıq kimi, həm də şair kimi silinməz izlər buraxmış, əvəzsiz xidmətləri olmuşdur. Aşıq Ələsgər dövlətimiz tərəfindən hər zaman layiqincə anılmışdır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ustad aşığın 150, 175 illiyinə həsr olunmuş yubiley tədbirləri keçirilmişdir. Ulu öndərin qurduğu məktəb bu gün də layiqincə davam etdirilir. Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Aşıq Ələsgərin 180, 185, 190, 195, 200 illiyi ilə bağlı dövlət səviyyəsində tədbirlər keçirilmiş, 2024-cü ildə Bakı şəhərində abidəsi ucalmış və ustad aşığın adının əbədiləşdirilməsi üçün sərəncamlar imzalanmışdır.

RUHU ŞAD OLSUN!

İlkin mənbə: Dədə Ələsgər Ocağı İctimai Birliyi

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Turan Uğur – Dədə Ələsgər -205

Dədə Ələsgər -205
Mübarək Novruz bayramı günlərində millətimizə əta olunan Aşıq Ələsgər elə bir ədəbi hadisədir ki, onun haqqında yazdığım məqaləni ilin hər günü paylaşmaq olar.”Olar” nədir, labüddür, əfzəldir.Belə bir ədəbi düha elə Novruz günlərində, bahar çağında doğulmalı idi ki, ulusumuzun hiss, duyğu, fəhm tərcümanına çevrilsin.
Yeri gəlmişkən, “Şairlərin qibləsi – Aşıq Ələsgər” adlı yazımı “Türküstan” qəzetindən də oxuya bilərsiniz!

Bu il Dədə Ələsgərin doğulmasından 205, vəfatından isə 100 il ötür. Deyəsən, şair Məmməd Aslan demişdi: “Möminlərin bir qibləsi var, şairlərin iki – Biri Füzulidir, biri isə Dədə Ələsgər” Hər ikisini çox sevdiyimdən hər ikisindən dəflərlə yazmışam. Ancaq bu dəfə daha rahat, daha arxayın yazmağımın səbəbləri var.Xatırlayıram ki, 2024- cü ilin sentyabrın 30-da paytaxtımız Bakıda Dədə Ələsgərin abidəsinin açılış mərasimi bəndənizi daha da fərhləndirmişdi.Aşıq Ələsgərin neçə-neçə qoşmalarını, gəraylılarını, təcnislərini, cığalı-təcnislərini müxtəlif məclislərdə əzbər deyən, onun şeiriyyatına vurğun olan birisi kimi “Şairlərin qibləsi – Aşıq Ələsgər” adlı yazımı sizə təqdim edirəm.

Şairlərin qibləsi – Dədə Ələsgər

Türk, bəy türk, bay türk, gözəlliyə bayılan türk, aləmə görk olan türk – Göytürk, ey əhli-Türküstan,
əhli-Turan , əhli-Azərbaycan, Qorqud atanın ocağında yurd salanlar, bir əlinizdə qolça qopuz, bir əlinizdə isə əmud olsun, gürz olsun, toppuz olsun, dillərimizdə dastanlarımız, laylalarımız, oxşamalarımız olsun, gərək ki…

Ələsgər haqq sözün isbatın vеrə,
Əməlin mələklər yaza dəftərə,
Hər yanı istəsə, baxanda görə,
Təriqətdə bu sеvdalı gərəkdi.
(A.Ələsgər)
Xoş sədalı gərəkdirsə, o səda Göyçədən, Ağkilsədən gəlməli. Göyçəm, deyim, Göyçəli aşığım deyim, aşiqim deyim, qələndərim, dərvişim deyim, vəlim, dəlim ey Ələsgərim, o seyrangahda nə var nə yox, bir üzübəri gələrsənmi, çərşənbə günündə olsa daha xoş olar bizimçün, olmasa da qəbulumuzdur.Axı indi də müjgan oxunu atanlar eyzən sənin gözəllərinə bənzərlər, doğru buyurursuz çeşmə başı indi görüş yeri deyil, dədə Ələsgər! O köşək gözlü bulaqları, əfsus ki, indi planşetlər, telefonlar əvəzləyib.Hər elmdən hali, hər sahədən vaqif olan ozanımız, bir işarət eyləsəm kafidirmi sənə?

Seyrangahda cüt gözəlin
Mail oldum birisinə,
Dərd məndədi, dərman onda
Biri ləbdi, biri sinə…
(Aşıq Alı)
-söylərkən bunu yar ləbindən zövq, məşuq sinəsindən ləzzət alanların təcnisi saya bilərik.Belə misraları bir Türk övladı kimi sevənlərin şüarı, sevilənlərin himni kimi də oxumaq olar.Niyə olmur ki?! Təki zadəgan kimliyimizin, romantik vücudumuzun dəliqanlılığından biraz da çəkinməyək, əksinə,
iftixar hissi duyaraq Aşıq Alı, Miskin Abdal, Aşıq Şenlik,
Aşıq Ələsgər kimi ulularımıza sahib çıxaq!

Ələsgər qurbandı bеlə gəlinə,
Sona kimi cumub еşqin gölünə,
Gümüş kəmər xub yaraşır bеlinə
Yaxası qızıldan düymələnibdi.
(A.Ələsgər)
Yaxası qızıldan düymələnən, çərşənbə nədir elə şənbə də, bazar günləri də çeşmə başında dayanıb, zülfünü çiyninə, tellərini üzünə tökən şux gözəllərə qoşma qoşan aşığımız, Dədə Ələsgərin Ağkilsə kəndində, Göyçə mahalında, həm də bir Novruz bayramı günündə xalqımıza əta olunması görəsən lütfi-kərəm deyil, bəs nədir, əcəba?!


1821-ci ildə, mübarək Novruz bayramı günlərində qədimim Göyçədə doğulan Ələsgərin yolu-yörəsi bir ulusun yolu kimi səciyyələnməlidir.Alməmməd kişinin evindən sonra növbə aşıq Alı xeybəsinə çatacaqmış da, ocağı ocaq, qucağı qucaq əvəz edəcəkmiş, sən demə. Künyəsi “dədə” olan aşıq Ələsgərin sadəcə gözəllərə şeir qoşması kimi bəsid düşünməmək lazım, onu təsəvvüfdən, irfandan ayırmayacaq məqamlar büsbütün ozanımızın şair qəlbini bütün dövrlərdə çulğamışdı.Amma hələ var o gözəlliyə tapınmağa, hələ çox var, hələ el aşığını bir tanıyaq, bir sevək.Axı sevməyin yolu tanımaqdan keçir.

Ahəngər dеyiləm, naşı bəzirgan,
Gözüm dürdanədə, a yəməndədi.
Sinəmdədi еşqin şirin çеşməsi,
Ləzzəti mеyl еdib ay əməndədi.

Bir sazım var, yox pərdəsi, nə simi,
Onu çalıb, kim tərpədər nə simi?
Firdovsi, Fizuli, Hafiz, Nəsimi –
Onlar da yazdığı, ayə, məndədi.

Kişi gərək zəhmət çəksin, dər salsın ,
Süfrə açsın, ad qazansın, dər salsın.
Dərsi azlar Ələsgərdən dərs alsın,
Altı min altı yüz ayə məndədi.
(A.Ələsgər)
Həcər, Telli, Müşgünaz, Gilə, Pərzad, Əsli, Gövhər, Güləndam, Güllü, Mələk və daha neçə bu cür mələkxislət qızcığazları tanımıram, bəs, bunlar kimlərdir? Aşıq Ələsgərdən soruşmaq səlahiyyətində olsaydıq sorardıq, mənə qalsa deyərdim ki, onlar şairin qoşmalarına, təcnislərinə, şeirlərinə yol tapmış sıradan kəndli qızlarıdır. Hər eldə, hər obada rast gələcəyimiz bu sayaq pərilər yolunu azanı ozan, yolundan çıxanı canan eləməzmi?!
-Edər, Ələsgəri də etmişdi, hələ 14-15 yaşında ikən…Qızcığazın da adı Səhnəbanu idi.Kərbəlayi Qurbanın canparəsi idi Səhnəbanu.
Aşığın Səhnəbanuya olan yeniyetməlik eşqinin qənimi Kərbəlayi Qurban adlı birisi olmuş. Qurban kişinin yosma, nazənin qızına qurban getməyə hazır və razı olan bir aşıq tanıyırıq: Aşıq Ələsgər.
Aşıq Ələsgərin aşıqlığı aşiqliyindən doğurdu. Nəyi qəsd elədiyimi açıq söyləyim.Kamalına kamal, camalına camal çatmayan, didarı kimi kirdarı da gözəl olan Aşıq Ələsgərin əlinə saz, dilinə söz alması bir ürəkbulandıran, canodlayan olaydan sonra olmuş desək – yanılmarıq.Yenə mal-dövlət hərisliyi gün kimi ortada görünməkdədir.Səhnəbanunun əmisi pullu Məhərrəm bu eşqin qənşərində xar kimi bitsin, gözəl bir növrəstəni öz oğluna arvad, özünə gəlin etməkdə olsun, biz də Ələsgər kimi bir yeniyetməni təkcə aşiq yox, həm də aşıq etmiş olaq.Biz – yəni onu sevənlər.

Ov kеçdi bərədən, ata bilməzsən,
Uçdu gеtdi əldən, tuta bilməzsən,
Yеrisən, yüyürsən, çata bilməzsən,
Görürsən ki, baxtın yatdı, sən də yat.

Neyləyəsən ki, Səhnəbanuya olan sevgi əhvəlatı başlar-başlamaz bitəcəkmiş, lakin könlünə məlhəm olan Kəlbəcərli qızı Anaxanım 40 yaşında Ələsgərə yar, övladlarına ana olacaqmış.Buna qədər isə Ələsgəri Səhnəbanuya bir ər kimi nəvaziş göstərmək yerinə, ustad aşıq Alıya şəyird qismində qul-kəntərlik etmək nəsib olmuş . Axı dəryaların qaydasıdır ümmana baş vurmaq – Aşıq Alı ümmanına.O Alı ki gözəllər səfinə səcdə eylərdi.
Aşıq Ələsgərin sazla olan şəklini görmüsüz yəqin ki! Mütləqdir ki, görmüsüz.Solaxay idi ozanımız.Sol əli ilə sazı çalar, sağ əli ilə pərdələyərmiş.Bunu nəvəsi İslam Ələsgərin xatirələrindən də bilmək olar.Solaxaylıq isə fenomenallıq nişanıdır, buna rəğmən dədə Ələsgərin mütəvazilik süzülən əyin-başından, təvazökarlıq tökülən çöhrəsindən, dürlü-dürlü kəlamlar düşən dodaqlarından bunları eşitmək olar:
“Şəyirdlikdə can çürütdüm, hərgiz ustad olmadım” yaxud da
“Yazıq Ələsgərəm azdır kamalım, vacibdir ki, bir ustaddan dərs alım” deyən Ələsgərin ustadı kim idi, Aşıq Alı idi.”Ələsgərin
doğru-dürüst təhsili yoxmuş” deyirlər. Necə olur ki, İrəvandan, Şəmsəddin elindən göndərilən bağlamalara, həcvlərə aşıq Ələsgər tutarlı cavab verə, el məclislərində Qurani-kərimdən dəlillər gətirə, “Ələsgərəm hər elmdən haliyəm”- deyə, lakin biz onun adını oxumaq-yazmaq bilməyən birisi kimi qələmə verək.Zənnimcə, bu bir qədər qarışıq, dolaşıq məsələdir. Açığı bu mənə əsla inandırıcı gəlmir.Yenə də böyüklərin, Ələsgər ocağına yaxın olanların sözlərinə inansaq demək olar ki, o fəhmlə, kəskin hafizəsi ilə bir çox dünyəvi elmlərə vaqif olubmuş. Daim Nəsimidən, Füzulidən, Hafizdən iqtibas edən, sitat gətirən, hecada bütün şəkil, formalarda şeir deyən, dastan söyləyən Ələsgərin ustadı təkcə Aşıq Alı deyildir ki, mən bu cərgəyə Ağ Aşığı, biraz irəli gedib, Qurbanini, Tufarqanlı Abbası, Sarı Aşığı da əlavə edərdim.Ələsgər xalqın sinəsindən gələn atalar sözlərində, bayatılarda, laylalarda, hikmətli kəlamlarda gizlənib.
İnsafdırmı gülə həmdəm xar ola, insaf deyil, fəqət xar kimi yurdumuza pərçim olan bədxah qonşuların ucbatından doğma Göyçəlilərimiz kimi, Dədə Ələsgər də qərib həyatı yaşayıb, öz yurdundan didərgin düşüb.Çox qeylü-qallar yaşayan aşığın son günləri, son illəri olduqca ağır keçib. Vaxtilə el-el, oba-oba gəzib toy-düyünlərdə məharət göstərən Dədə Ələsgər dəfələrlə nakəslərin, yolkəsənlərin, quldurların, həramilərin, çapovulçuların ziyanxorluqlarını görüb, hətta Göyçənin Qızbulaq kəndində “Əsli və Kərəm” dastanını söyləmiş, səhərisi gün bir keşişin hücumuna da məruz qalıbmış.”Bəsirət gözü açıq olanların, batini görənlərin nəsibi bu cahanda zillət çəkməkdir”, deyirlər.Ələsgər də bu səbəbdən istisna deyil, lafı laf, sözü söz olan, əməli əməl sayılan Ələsgər kişi seçib gövhəri saf eyləmişdi.
Aşıq Alı kimi, Aşıq Ələsgər də dildən dilə, ağızdan ağıza keçib gəlib.Ələsgər irsinin öyrənildiyi üçün Hümmət Əlizadəyə və aşığın nəvəsi, araşdırmaçı İslam Ələsgərə borcludur söz xiridarları.1956-cı ildə ilk dəfə ruhunu rəhmətlə andığımız İslam Ələsgər babasının kitabını nəşr etdirib. Ələst aləmində kim “bəli” demişdi, yadınızda deyil, heç kəs izah edə bilmir.Ələsgər isə məndən soruşub Rəbbimiz – deyərdi.
“Ələstidən bəli dedim, nə xoş kamaldır yüküm”- deyən, 105 il yaşayan Ələsgərin yükü mənim yükümdür, yurddaşımın, qardaşımın, sirdaşımın yüküdür.Bu yük 44 Günlük Zəfər savaşımızdan sonra demək olar ki, xeyli azalıb, bir əlcə, bir çəngə qalıb.Yeri gəlmişkən, sentyabrın 30-da başkəndimiz Bakıda Dədə Ələsgərin abidəsinin açılış mərasimi bizə daha bir başucalığı gətirdi.
Başın ucalığı isə bütün zamanlarda millətə şərəf və xeyir gətirər – irəlini daha yaxşı görmək naminə bundan gözəl bəxşiş ola bilərmi?!
Hə, indi “şairlərin qibləsi” şəhərimizdə, düz bir addımlığımızdadır.Gəl də, kərəmini, lütfünü bizə az eyləmə, Dədə Ələsgər!

(Məqaləmdə Aşıq Ələsgərin nəvəsi İslam Ələsgərin xatirələrinə və şəxsi qənaətlərimə söykənmişəm)

Turan Uğur,
AYB-nin üzvü, yazıçı

TURAN UĞURUN DİGƏR YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Tariximizin İşığında – Qərbi Azərbaycanın izi ilə” adlı kitab işıq üzü görüb

“Tariximizin İşığında – Qərbi Azərbaycanın izi ilə” adlı kitab işıq üzü görüb

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin qeyri-hökumət təşkilatları üçün elan etdiyi “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin qalibi olan “Dədə Ələsgər Ocağı” İctimai Birliyi tərəfindən həyata keçirilən “Tariximizin İşığında – Qərbi Azərbaycanın izi ilə” layihəsi çərçivəsində keçirilmiş esse müsabiqəsinin qalib yazılarından ibarət kitab nəşr olunub.
Layihə çərçivəsində kitabın təqdimat mərasimi də təşkil edilib. Təqdimatda tanınmış ziyalılar, elm adamları, saz və söz ustadları, mədəniyyət nümayəndələri iştirak edərək müsabiqənin əhəmiyyətindən və gənclərin Qərbi Azərbaycan mövzusuna göstərdiyi diqqətdən bəhs ediblər. Tədbirdə kitabın mövzusu, esselərin ideya istiqamətləri və gənclərin milli-mədəni yaddaşın qorunmasına verdiyi töhfələr xüsusi vurğulanıb.
Müsabiqə Azərbaycan Respublikasının tam orta məktəblərinin 10–11-ci sinif şagirdləri, həmçinin peşə və kollec tələbələrinin Qərbi Azərbaycan mövzusunda biliklərini, analitik düşüncəsini və yaradıcılıq bacarıqlarını qiymətləndirmək məqsədilə təşkil edilmişdir.
Müsabiqəyə ölkənin müxtəlif bölgələrindən yüzlərlə esse təqdim olunmuş və münsiflər heyəti tərəfindən müəyyən olunmuş meyarlara əsasən qiymətləndirilmişdir. Nəticələrə əsasən, ölkə üzrə 14 Regional Təhsil İdarəsi üzrə I, II və III yerlərin qalibləri müəyyən edilmişdir.
Müsabiqə şərtlərinə görə hər regional üzrə I yer üzrə 1 esse, II yer üzrə 2 esse, III yer üzrə 3 esse qalib elan edilmişdir. Beləliklə, ümumilikdə 84 esse seçilərək kitabda toplanmışdır. Nəşrdə gənclərin Qərbi Azərbaycan tarixinə, mədəni irsinə, deportasiya yaddaşına və milli kimlik mövzularına dair yaradıcı baxışları və analitik yanaşmaları öz əksini tapır.
Qaliblərə layihə çərçivəsində diplom, fəxri fərman və təşəkkürnamələr təqdim olunacaqdır.
“Dədə Ələsgər Ocağı” İctimai Birliyi müsabiqədə iştirak edən bütün şagird və tələbələrə təşəkkür edir və onların Qərbi Azərbaycan mövzusuna göstərdiyi marağı yüksək qiymətləndirir.

Dədə Ələsgər Ocağı İctimai Birliyi

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Dədə Ələsgər Ocağı İctimai Birliyi təbrik edir

Dədə Ələsgər Ocağı İctimai Birliyinin təbriki

Filologiya elmləri doktoru, professor Mahirə Nağıqızını 65 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirik!

Uzun illər elmin, təhsilin və milli-mənəvi dəyərlərin inkişafına verdiyiniz töhfələr, yetişdirdiyiniz tələbələr, yüksək ziyalılığınız və Azərbaycan qadınına xas zərifliyiniz Sizi həm elmi, həm də mənəvi cəhətdən örnək bir şəxsiyyətə çevirmişdir.

Dədə Ələsgər Ocağı İctimai Birliyi adından Sizə möhkəm can sağlığı, uzun ömür, yeni yaradıcılıq uğurları və elmi fəaliyyətinizdə daim uğurlar arzulayırıq.

Hörmətlə,
Dədə Ələsgər Ocağı İctimai Birliyi

Zaur Ustac – Sadəcə iki şeir

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ARAZ YAQUBOĞLU TƏLTİF OLUNDU

ARAZ  YAQUBOĞLUNUN YAZILARI

Dədə Ələsgər Ocağı İctimai Birliyinin məlumatı

“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin idarə heyətinin üzvü, tədqiqatçı jurnalist Araz Yaquboğlu doğum günündə Dədə Ələsgər yaradıcılığına və ümumilikdə Azərbaycan aşıq poeziyasına göstərdiyi yüksək xidmətlərinə görə birliyin ən ali mükafatı “Aşıq Ələsgər 200” yubiley medalı ilə təltif edilib.

TƏBRİK EDİRİK!

Mənbə: Dədə Ələsgər Ocağı İctimai Birliyi

ARAZ  YAQUBOĞLUNUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru