Etiket arxivi: Əziz Ələkbərli

“Ov” – xəcaləti

Əzizağa (Ələkbərli) ELSEVƏR

Düz 30 il idi ki, soyad sonluğumda -ov xəcalətini üstümdə gəzdirirdim. Hər il Universitetdə dərs dediyim tələbələrimin ad sonluğuna baxanda dəyişikliklərin müsbətə doğru artdığını görüb sevinirdim. Elə ailəmdə də uşaqlarımın soyadlarını dəyişdirmişdim. Bu da mənə bir təsəlli idi.Ancaq öz-özümə içimdə həmişə bir sual verirdim: Bəs sən, sən özün niyə hələ də soyadını dəyişdirməmisən, hələ də soyadının sonluğunda -ov sonluğunu əzizləyə-əzizləyə saxlamısan? Bu 30 il ərzində üç dəfə dəyişdirməyə calışmışam. İlk dəfə Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 2 fevral tarixli 495 saylı qərarı mətbuatda dərc olunan günün səhərisi Yasamal rayonunun (onda hələ səhv etmirəmsə, Oktyabr rayonu idi) Nizami metrosunun yaxınlığındakı Vətəndaşlığın qeydiyyatı şöbəsinə müraciət etdim.Orda elə bir ironiya ilə qarşılaşdım ki, düzü o anı xatırlayanda məmurlarımızda heç olmasa iynənin ucu boyda milli hissin olmamasına görə çox təəssüf hissi keçirdim. “Rəhmətliyin oğlu, millət nə hayda, sən nə hayda! Soyadını dəyişəndə nə dəyişəcək ki?!” Millətin nə hayda olduğunu bilirdim, ancaq belə soyuqqanlı, rusbaşlı, rus düşüncəli məmurlarımızın idarələrimizdə oturub, hələ də naftalin düşüncəsi ilə yaşadığını, “bəlkə də qaytardılar?” havasına kökləndiyini bu dərəcədə bilmirdim. İkinci dəfə 2010-cu ildə müraciət edəndə doğum şəhadətnaməsi mütləq vacibdir dedilər. Həmin vaxtdan doğum şəhadətnaməsinin axtarışı bu günlərdə səmərəsini verdi. 1984-cü ildə şəhərə gəlmişdim.O vaxtdan kimin yadına doğum şəhadətnaməsi düşürdü ki?! Bir də o vaxtlarda lazımsız bir sənd kimi idi, kimə və nəyə lazım idi ki?! Nəhayət yaxın günlərdə doğum şəhadətnaməsini tapmağıma görə çox sevindim.Nəhayət uzun illərdən sonra ƏLƏKBƏROV soyadını ƏLƏKBƏRLİ ilə əvəzlədim. Bilirdim, ömürdən bu qədər qazandığım sənədlər, diplomlar köhnə soyadla yazıldığı üçün gərək yeni soyadımı təsdiqləyən Arayışı həmişə yanımda gəzdirməli olacam. Yaxud hansısa bürokrat yeri gələndə bəlkə də məzələnib Arayışın notariat qaydasını da istəyə biləcək.Eybi yoxdur , qoy nə qədər çətinlik, ya hansısa problem olursa olsun! Əsas odur ki, soyadımı rus çirkabından təmizlədim. Həmişə bu fikir mənə ağır gəlirdi ki, niyə Ermənistanda, Gürcüstanda, Pribaltika ölkələrində yox, məhz bizdə və digər türkdilli respublikalarda məcburi şəkildə Moskvanın göstərişi ilə, özü də millətin rəyini soruşmadan soyadı sonluğunu dəyişdirmişdilər. Bu soyadı sonluğunu 3 SAYLI “ASAN XİDMƏT”ində bir həftəyə dəyişdirdilər. Sağ olsunlar, bir manat belə xərc çıxmadan çox böyük sayğı ilə bunu etdilər. Söhbət əsnasında bir məsələni də öyrəndim ki, valideyinlərin bəziləri hələ də köhnə soyad sonluğunu, könüllü olduğu üçün, övladlarının soyadlarında hələ də saxlayırlar. Məgər o vaxt Moskva bizim soyad sonluğumuzu -ov, – yev edəndə bizdən soruşmuşdu ki, sən razısan, ya yox?! Qətiyyən soruşmamışdı! İndi biz müstəqillik dövründə bu ləkəni üstümüzdə hələ də niyə saxlamalıyıq? Bəlkə valideyinlərin çoxusu bunun mahiyyətini yaxşı bilmir, ona görə də köhnə düşüncədən əl çəkmirlər? Vətəndaşlıq aktlarını qeydiyyata alan orqanlar həmin valideyinlərlə niyə söhbət aparmasın? Niyə bunun mahiyyətini aydınlaşdırmasın? Gərək hər bir insanın içində vətəndaşlıq duyğusu olsun!Biz, Allaha çox şükür ki, müstəqil dövlətçiliyə sahibik! Gəlin dövlətimizin arxasında dayanaq, özümüzə, söyumuza, kökümüzə qayıdaq! Vallah, özümüzə qayıdanda ancaq böyük ola bilərik!

MÜƏLLİF: Əzizağa (Ələkbərli) ELSEVƏR

ƏZİZAĞA ELSEVƏRİN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Azərbaycan

AZƏRBAYCAN

“Azərbaycanlıların bir hissəsinin yaşadığı Cənubi Qafqaz, ümumiyyətlə, iki böyük türk qövmünün vətəni olub. Bunlardan biri Oğuz, ikincisi isə Qıpçaq türkləridir. Qıpçaq türkləri tariximizə daha çox ərmənlər kimi daxil olublar. Dinləri xristianlıq olduğu üçün onlardan qalan məbədlər xristian məbədləridir. Hər iki türk tayfasının böyük hissəsi İslamı qəbul edərək Azərbaycan xalqının etnogenezində iştirak edib, xristianlıqlarını saxlayanlar isə tədricən erməniləşiblər və bu proses 19-cu əsrin ortalarında başa çatıb. “Kitabı-Dədə Qorqud” dastanı həmən dövrü özündə əks etdirən möhtəşəm mənbədir. Həmin dastanda Qərbi Azərbaycan ərazisinin oğuzlaşdırılması — müsəlmanlaşdırılması prosesindən bəhs edilir. Fikir versəniz, “Kitabı — Dədə Qorqud”da oğuz türkləri ilə Qıpçaq türkləri arasındakı mübarizə təsvir edilir. Hardasa XII-XIII əsrlərdə İslamı qəbul eləmiş oğuzlar tərəfindən kafir kimi bilinən Qıpçaq türkləri sıxışdırılaraq çıxarıldı.Qıpçaqların bir hissəsi İslam dinini qəbul edərək Azərbaycan xalqının etnogenezində iştirak etsə də, digər hissəsi Şimalı Qafqaza daşınaraq bu gün erməni əlifbası adlanan əlifbanı da özləri ilə apardılar və Oğuz türkləri olan Xəzər xaqanlığını devirib, yerində Qıpçaq xaqanlığını yaratdılar.

XV əsrdən əvvəl ümumiyyətlə Cənubi Qafqazda erməni deyilən şey olmayıb. İndiki Eçmiədzin ərazisinin 1/3-ini və bir neçə ətraf kəndi 1431-ci ildə İranın Maku şəhərindən olan erməni Qriqor Makulu 540 min dinar Təbriz gümüş puluna alıb.Bu torpaqları o Qaraqyounlu hakimi Cahanşahın vaxtında Əmir Rüstəmdən alıb. 1441-ci ildə isə qalan hissə alınıb və 1443-cü ildə erməni dini kafedrası indiki Türkiyənin Aralıq dənizi sahillərindəki Sis şəhərindən bura köçürülüb. Bundan sonra bütün Cənubi Qafqazın erməniləşdirilməsi də Eçmiədzin kilsəsi tərəfindən aparılıb. Bu kilsə də türk-qıpçaq kilsəsi olub. Onların Qərbi Azərbaycan ərazisindəki türk-xristian abidələrini mənimsəməsi isə daha çox XVI-XVII əsrlərdən başlayıb.

Göyçə gölünün ortasında bir Sevan kilsəsi var, əslində, onun adı bütün mənbələrdə Sivəng məbədi kimi gedir. XVI əsrdə Eçmiədzin kilsəsi tərəfindən bu məbəddə “bərpa” işləri aparılıb. Təmirdən sonra erməni katolikosunun açılışa gəlişi münasibətilə kilsədə erməni xalqına və erməni kilsəsinə ziyanlı olan bütün arxiv, kitabxana və materiallar, o cümlədən Mesrop Maştotsun arxivi gölə tökülərək məhv edilib. Bu barədə erməni mənbələri özü yazır. Sual olunur, XVI əsrdə qriqorianlaşdırılan Sivəng məbədində hansı arxiv materialları vardı ki, onlar “erməni xalqına və erməni kilsəsinə” ziyanlı idi, həm də o qədər “ziyanlı” idi ki, ermənilər onları Göyçə gölünə töküb məhv ediblər? Görünür o kilsənin türk kilsəsi olması ilə bağlı kifayət qədər material varmış. Bu cür çox fakt göstərmək olar”.

Əziz Ələkbərli,

tarixçi alim

ƏZİZ ƏLƏKBƏRLİNİN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I