Etiket arxivi: GÜNÜN ŞEİRİ

Adilə Nəzər – Bir arzu könlümdə yaman darıxır


Bir arzu könlümdə yaman darıxır,
Boynumun həsrəti qoldan boylanır.
Ümidə bələnib hər yol, hər cığır,
Olmayan xəyallar “ol”dan boylanır.

Əhdimi, vəfamı sınandırmışam,
Hamını sevgiyə inandırmışam,
Bir eşqin uğruna şam yandırmışam,
Könül pərvanəsi soldan boylanır.

Qəlbindən keçəni de, mən də bilim,
Dinmək istəyirəm tutulur dilim,
Payız da tez gəlir – dəyişir iqlim,
Yay acı həsrətlə yoldan boylanır.

Nə bağda gül qalır, nə güldə ətir,
Ağaclar soyunur, kölgəsi itir,
Güllü yaylaqların nəşəsi bitir,
Bənövşə xəyalım koldan boylanır.

Hicran toxumunun barı nə olar?!
Gülşənsiz, çəmənsiz arı nə olar?!
Bilən bilir eşqin narı nə olar,
Qığılcım daima küldən boylanır.

Baxma dilimdəki giley-güzara,
Nə bilək bu yollar aparır hara,
Sevilsən sağalar ən dərin yara,
Sevginin açarı güldən boylanır.

Di, durma, qayıt gəl, burax təşvişi,
Sevməkdir dünyanın ən gözəl işi,
Qəlbimin əbədi kirayənişi,
Yaxın uzaq olan eldən boylanır.

13.09.2025

Müəllif: ADİLƏ NƏZƏR
Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru

ADİLƏ NƏZƏRİN YAZILARI

Təranə Arifqızı – ZƏNGƏZUR

ZƏNGƏZUR

Yenə uçur səmada, taxtında ağ göyərçin,
Tarixə yazılan gün sənin ilin, Zəngəzur!
Ağ evdə yazılacaq bəxtin də ağ göyərsin,
Atılan imzalar da düz əməlin, Zəngəzur!

Artıq qatar yoldadır, yolunu açdı İmza,
Sərnişin intizarda, qolunu açdı İmza,
Açılmayan dillərin dilini açdı İmza,
Getmədiyim yolları silir əlin, Zəngəzur!

Mən sonuncu qatarın sonuncu sərnişini,
Otuz ildir sıxmışam ürəyimə dişimi,
Gözlə, sənin qoynuna əbədi gəlişimi,
Taleyimə, bəxtimə gülür üzüm, Zəngəzur!

Sən bir Zəfər andısan, möhürün şəhid qanı,
Üçrəngli bayrağım tək, de, gözəl bayraq hanı?,
Düşmənin qəfəsdədir zəhər tək şirin canı,
Həm zəfərə, həm sülhə dolan dilim Zəngəzur!

Zəfərin beş ilində nə gözəl hədiyyəsən,
Sən dünyanın gözündə, dünyanın dilindəsən,
Necə mərd dayanmısan hər kəsin önündə sən,
Harda olsa sevinir xalqım, elim, Zəngəzur!

Naxçıvandan dünyaya sən damarda qanımsan,
Sən adi bir yol deyil, durulan vicdanımsan
İllərdir gözlədiyim ən müqəddəs anımsan,
Yenilməz qürurumsan, düz əməlim, Zəngəzur!
Tarixə yazılan gün sənin günün, Zəngəzur!
08.08. 2025

Müəllif: TƏRANƏ ARİFQIZI

TƏRANƏ ARİFQIZININ YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ARAZ YAQUBOĞLU – GÜNÜN ŞEİRİ

“Bəziləri qocalanda şeir yazmağa başlayır. Ayıbdı vallah. Atalar da gözəl deyib: “Qırxında öyrənən gorunda çalar.” Belələrinə isti-isti bir şeir.” GÜNÜN ŞEİRİ ARAZ YAQUBOĞLUNDAN GƏLDİ:

OLMAZ

Min yabını daşlığa çap,

Səndən şeir yazan olmaz.

Get özünə ayrı iş tap,

Səndən şeir yazan olmaz.

***

Hirsini boğ, hikkəni boğ,

Gücənsən də, ilhamın yox!

Zora salma özünü çox,

Səndən şeir yazan olmaz.

***

Qırt toyuqsan, misrandı lax,

Qafiyən də alax-ulax.

Yaşına bax, başına bax,

Səndən şeir yazan olmaz.

***

İçin zülmət, qəlbin qara,

Sən hara, şairlik hara?

Başını qoşma başlara,

Səndən şeir yazan olmaz.

***

Şeir sevmir kin-küdurət,

Allaha bax, tanı bir hədd.

Sənin işin – giley, qiybət,

Səndən şeir yazan olmaz.

***

Şeir gözdən düşür belə,

Söz düşəndə naşı ələ.

Şairlərdən ayıb elə,

Səndən şeir yazan olmaz.

***

Kimsə almır işindən həzz,

Başqa yerdə özünü gəz.

Mən deyirəm, kimsə deməz,

Səndən şeir yazan olmaz.

***

Hapın-gopun çeşit-ceşit,

Özün kimi sözün də şit.

Arazam, deyirəm – eşit:

Səndən şeir yazan olmaz.

03.05.2024.

ARAZ YAQUBOĞLUNUN YAZILARI

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru