Zaur Ustac– Qazi, “Yazarlar” jurnalının baş redaktoru,şair-publisist.
Qazi kimə deyilir? – Alimdən AÇIQLAMA
“Dilçilikdə tarixizmlər, arxaizmlər adı altında deyilən köhnəlmiş sözlərin bəziləri tarixin təkərinin fırlanmasından asılı olaraq – çərxi-fələyin tərsinə dövran eləməsi kimi – yenidən kütlə tərəfindən işlək dövriyyəyə daxil olub, ümumişlək sözlər sırasında öz yerini bərpa edir. Bu cür sözlər milli sözlər də ola bilər, alınma sözlər də. Belə sözlərdən biri də xüsusən də II Qarabağ müharibəsindən sonra ümumişlək səviyyədə müşahidə olunan ərəbmənşəli qazi ifadəsidir”.Bu sözləri Yenisabah.az-a açıqlamasında Filologiya üzrə fəlsəfə doktoru Şakir Albalıyev deyib. O qeyd edib ki, tarixin əski dönəmlərində qazi sözü təkcə adi söz kimi yox, həm də yüksək döyüşçülük, sərkərdəlik məharəti olan şəxslərə verilən (hərbi) titul kimi də mövcud olub:“Məsələn, ədəbiyyatımızda tuyuq janrının banisi kimi məşhur olan divan ustası Qazi Bürhanəddin Əhmədə verilən Qazi təxəllüsü həm də onun yüksək sərkərdəlik bacarığı hesabına qazandığı tituldur.Bu gün qazi kəlməsi ümumxalq kütləsi tərəfindən ümumişlək statusunu təzədən qazansa da, bu sözün özündə ehtiva etdiyi məna sərhədlərinin dar çərçivədə başa düşülməsi halları ilə rastlaşdığımdan bu söz üzərində ümumi bir açıqlama vermək istəyirəm. Belə ki, qazi sözünü sadəcə olaraq müharibədə döyüşüb sağlamlığını itirmiş, şikəst, əlil olmuş döyüşçülərə şamil etməklə sözün məna çevrəsini daraltmaq düzgün deyildir”. Alim bildirib ki, qazi sözü ərəbcədəki qəzənfər, qəz, qəzavət və s. sözlərlə eyni kökdən olub mənası qalib (qalib gələn, müzəffər olan) deməkdir:“ Deməli, qazi sözünün dilimizə tərcüməsi, leksik baxımdan ümumi mənası qalib əsgər, qələbə çalan döyüşçü kimi anlaşılmalıdır. Bu baxımdan da qazi ifadəsi təkcə yaralı döyüşçüyə, döyüşlərdə sağlamlığını itirən, əlil olan əsgərə deyil, ümumiyyətlə, qalib gəlmiş bir ordunun bütün əsgər və zabit heyətinin hər bir üzvünə şamil edilməlidir, müharibə qəhrəmanı olan əsgər, döyüşçü, zabit mənasında düşünülməlidir. Qanlı döyüşlərə qatılmaq isə el dilində mövcud olan bəxti-xuda kimi, hər kəsin öz alın yazısı, tale yazısı kimi fərdi ola bilər: şəhidlik zirvəsinə də ucala bilərsən, müharibə əlili də ola bilərsən, heç bir güllə yarası almayan, fiziki olaraq döyüşlərdən tam salamat çıxmış bir döyüşçü də ola bilərsən”.Həmsöhbətimiz sözlərinə görə, qazi olmaq o demək deyildir ki, mütləq yaralı, əlil döyüşçü olasan:“Bir sözlə, qazi sözü müharibəni şərəflə udmuş qəzənfər şəxsə-qalib döyüşçünün hər birinə döyüş zamanı sağlamlığına xətər toxunub-toxunmamasından asılı olmayaraq aiddir. Sağlamlığını itirən qazinin tibbi ekspertizanın rəyinə əsasən, əlillik dərəcəsi və s. alması prinsip baxımından məsələnin mahiyyətini dəyişmir. Bu artıq qazi olan şəxsin fərdi taleyi, qəzavü-qədərin qisməti olan alın yazısıdır”. Şakir Albalıyev eyni zamanda veteran sözünə də aydınlıq gətirib: “Veteran kimdir? Müharibədə gedən döyüşlərin iştirakçısı ümumi mənada veteran adlanır. Müharibə veteranı deyildikdə həmin müharibədə iştirak etmiş döyüşçülərdən ( əsgərdən, zabitdən) söhbət gedir. Həmin veteranlardan da döyüşlərdə sağlamlığını itirən şəxslər olur ki, onlara müvafiq qruplara bölünməklə həkimlər tərəfindən tibbi ekspertiza rəyi əlillik dərəcəsi verir. Deməli, müharibə iştirakçısı sayılan kəslər hamısı müharibədə sağlamlığına ziyan dəyib-dəyməməsindən asılı olmayaraq ümumi olaraq veteran hesab olunur. Veteranların içərisindəki xüsusi bir qrup şəxslər – müharibə əlilləri də həmçinin veterandırlar. Başqa sözlə, bütün əlillər veteran (və ya müvafiq olaraq qazi) sayıla bilərlər, ancaq bütün veteranlar ( və ya qazilər) əlil sayıla bilməzlər. Veteran (eləcə də qazi) ifadəsi müharibə veteranları və əlillərini leksik-semantik baxımından öz əhatə dairəsinə alır. Yəni filankəs müharibə veteranıdır, eyni zamanda müvafiq olaraq neçənci qrupsa əlildir ifadəsini işlədib aydınlıq verə bilərik.. Sual verə bilərsiniz ki, I Qarabağ müharibəsi veteranları da qazi sayılır? Birmənalı şəkildə konkret cavab verirəm: Bəli! Yenə çaşqınlıq yarana bilər ki, axı qazi kəlməsi qalib döyüşçüyə-qalib bir ordunun əsgərinə verilən addır. Axı o döyüşlərdə torpaq itirmişdik, məğlub olmuşduq?! Burada da məsələyə geniş müstəvidən yanaşsaq, cavab tapa bilərik. Birincisi, bizim döyüşümüz tarixən haqq döyüşü olub, yəni doğma torpaqlarımıza göz dikib, işğalçılıq siyasəti yürüdən mənfur düşmənə qarşı haqq mübarizəsi aparmışıq. Doğma dədə-baba torpaqlarımızın müdafiəsi uğrunda vuruşmuşuq. Məhz həmin döyüşlərdə çoxlu qurbanlar verdik,qəhrəman oğullarımızı şəhid verdik. Qəhrəman əsgərlərimiz sağlamlıqlarını itirib əlil oldular və eyni zamanda topsuz, tüfəngsiz, texnikasız halda döyüşə-döyüşə geri çəkildik, arxalı köpək qurd basar məsəli sayaq, düşmənlərimiz havadarlarının hesabına bizi məğlub etmişdi. Yəni bizim ordumuzun döyüşçüləri qorxaqlıqdan, ya asanlıqla məğlub edilməmişdi. Kifayət qədər mübarizə aparmışdıq. I Qarabağ müharibəsində döyüşçülərimizin əzmkar mübarizəsinə aşağılayıcı tərzdə ədalətsizcəsinə qiymət vermək olmaz. Həmin döyüşüh sadəcə erməni-müsəlman müharibəsi şəklində düşünüb qiymətləndirmək çox sadəlövhlük olardı. Bu döyüşdə ermənilərin arxasında dünyanın güclü ölkələri dayanmışdı və bu səbəbdən də məğlub olmuşduq. Ancaq bu məğlubiyyət müvəqqəti idi və xalqımızın ruhunu məğlub edə bilməmişdilər. Ona görə də müharibə bitməmişdi və bizim yenilməz, məğlubedilməz ruhumuz toparlanmaqla, özümüzdə yenidən güc tapmaqla II Qarabağ müharibəsi adı ilə müzəffər bir döyüşə atıldı.Ən başlıcası, I Qarabağ müharibəsində döyüşün sonu olan məğlubiyyət olmadığından, üstəlik də II Qarabağ müharibəsi də həmin müharibənin tərkib hissəsi olmaqla qələbəmizlə nəticələndiyindən, bizim veteranlarımız qazi adlanırlar”.
“Ən başlıcası, I Qarabağ müharibəsində döyüşün sonu olan məğlubiyyət olmadığından, üstəlik də II Qarabağ müharibəsi də həmin müharibənin tərkib hissəsi olmaqla qələbəmizlə nəticələndiyindən, bizim veteranlarımız qazi adlanırlar”. – Şakir ALBALIYEV – Filologiya üzrə fəlsəfə doktoru.
Gecənin hansı aləmi idi, bilmədi. Amma, bərk susadığının fərqindəydi. Durub işığı yandırdı . Yuxusu çəkildi. Otaq azca soyuq olduğuna görə, xalatı da geyinib mətbəxə tərəf addımladı. Mətbəxin də işığını yandırdı. Qrafindən billur stəkana su süzüb içdi. Lap sonuncu damlanı udanda qəflətən işıqlar söndü. Elə bil bir otaq yox, bütün yer üzü zülmətə qərq oldu.Stola, stula, qapıya çırpıla-çırpıla, əl havasına otağına dönməyə çalışırdı. Dodağının altında “bu vaxtı işığı keçirərlər?” deyib əsəbi şəkildə mızıldanaraq zala tərəf getdi. Bu anda qaranlığın içindən, dəhliz tərəfdən şirin, qayğıkeş bir səs “indi yandırıram işığı, gözlə”-dedi.Ürkütücü zülmətin içindən gələn o səs o qədər doğma gəldi ki…Gözlərini dəhliz tərəfə zillədi. Dəhlizə elə bil yeni bir qapı açıldı. Qapıdan gur işıq sürünə-sürünə evin içinə, otaqlara, mətbəxə, yataq otağına, zala doldu. Ev sanki işıq saçırdı. Bəmbəyaz, süd kimi işıq…Gözünü nura boyanmış evdən çəkib dəhliz tərəfə baxdı.Əynindəki qara gödəkcədən tanıdı…Odur!Dəhlizdə durub heyranlıqla, həsrətlə ona baxan oğlanın baxışlarından utandı, başını aşağı saldı. Bu zaman əynində çoxdan lap çoxdan dərzidə həvəslə tikdirib, geyindiyi, üstündə kiçik-çəhrayı çiçəkləri olan ağ paltarını görəndə təəccübləndi. “Nə vaxt geydim mən bunu…axı illər əvvəl…”Oğlanın səsi onu düşüncələrindən ayırdı:-Salam…-Salam..-Nətərsən? …Yaxşısan?…Niyə dillənmirsən?- …Nə deyim?- De ki,yaxşıyam, sən nətərsən ay yaraşıqlı oğlan, ay gözəl oğlan?-dedi və xəfifcə güldü.-Tanıdın məni?Qız başını aşağı-yuxarı yellədi.Yenə düşünməyə başladı.” Mən onun şəklini harda gördüm??? Ay Allah, gördüm eee, harda?”…- yenə yadına heç nə sala bilmədi…- Çox bəyəndinmi, məni?Qız pörtdü.” Bunu kim çatdırdı, tezcənə, yəqin komandir dedi”-düşündüyü an oğlan yenə gülümsədi:-Yorma özünü, mən özüm hiss elədim..-Hardan?-Mən polisəm axı. Hər şeyi hamıdan əvvəl bilirəm… Sənin neçə yaşın var?-21…Bəs sənin?-Mənim 24…Düşür, düşür- dedi və yenə ucadan güldü.-Düşmür! Sənin sevdiyin var!-.Hmmm… Komandir dedi eləmi?..Bəzən insanlar imkansızı sevir. Bilirsən, anlayırsan ki, o sənə aid deyil, sənə məxsus deyil, amma özünlə bacara bilmirsən… Bir qız vardı sinfimizdə, balaca vaxtı onu sevirdim…Çox gözəl idi. Sinfimizdə oğlanların hamısı o qızı sevirdi. Amma qız heç birimizi sevmirdi.Gözünə girməkdən yorulmuşduq. Əlinə kitab almayanlar qızın gözünün qabağında müəllimdən tərif alsın deyə yarışa girmişdilər, hər gün dərs danışırdılar. Hələ sinfimizdə bir oğlan vardı, qızlar bayramında onu təbrik etmək üçün Kirsin yaxasından ona qargülü yığıb gətirmişdi.-Qız o oğlanı sevdi?-Yox. Qız oğlandan gülü alan kimi aparıb müəlliməyə verdi. Onu təbrik elədi. Biz əsgərlikdən döndük ki,qız ailə qurub, amma xoşbəxt olmayıb. Evlərinə dönüb. Amma yenə də gözəl idi…-Yaxşı olub!-Elə demə…İndi burda sənə etiraf edirəm axı… mən onu çox sevdim. Lap çox…-Alaydın da…- qız narazı səslə dilləndi.-Nənəm məni asardı – dediyi anda qayğılı simasına yenə bir gülüş qondu.-Komandir sonra nə dedi?-Dedi ki, çox zarafatcılsan, hələ…- qız ucadan güldü. Elə gözəl, şirin güldü ki, oğlan da ona qoşuldu.-Nə dedi. de də…-Dedi ki, sonuncu döyüşdən əvvəl gülə-gülə deyirmişsən ki, komandir, Allah eləsin ölməyim, ölsəm biabır olacam. 2 aydı çimmirəm, bədənim “şaqqıldaq” bağlıyıb… Ermənilərin yanında xəcalətli qalacam….Yenə hər ikisi ucadan qəhqəhə çəkib güldü. Qız gülə-gülə oğlanı birdə süzdü. Qapqara, qıvıcıq saçları, qapqara gözləri-qaşları, ağğappaq mirvariyə bənzər dişləri, mirvarini “çəpər ” ə almış dolu dodaqları… Bığı da elə bil bu yaraşıqlı “ansambl”ın bir üzvü idi. Yenə düşünməyə başladı.”Mən onu harda görmüşdüm axııı…”-Belə oldumu, komandir? İndi məndə sənə komandirdən bir lətifə deyəcəm. Deməli, bizim komandir həmişə siqaret qutusunu döş cibinə qoyurdu. Elə ki, o lənətə gəlmişlər ermənilər onu əsəbləşdirdi, hirsəndirdi, komandir başlayırdı siqaretin axtarmağa. Əvvəlcə şalvarının arxa ciblərini eşələyərdi, sonra yan cibləri ”senzura”dan çıxarardı, ən sonra əlini döş cibinə atıb qutunu götürərdi. Gülməyimi zorla sıxıb saxlayırdım.- Niyə saxlayırsan ki… Güləydin də…- Dədəm (ata) bizə acıqlananda bizi vurmazdı, amma bir baxışları vardı,.. adamı ayaqüstə “öldürürdü”. Dərsimizi oxumayanda nənəm (Ana) “dərsimizi” oxlavla verirdi, heç vecimizədə olmurdu. Amma dədəmin baxışları!!!… Bax, komandirdə də elə bir baxış vardı … Əsəbləşəndə çəpəki, gözünün”quyruğu” ilə adama elə baxırdı, günahın olmasa da, adamı tər basırdı. Hamısı üçün elə darıxmışam…-Get görüş də, nə çətin işdi?Oğlan başını aşağı saldı, üzü yenə qayğılandı:-Axı, onlar mənim üçün heç darıxmırlar…Nə vaxtdandı adımı da çəkmirlər…Adımı ağızlarından eşitsəm yanlarına gedərdim. Bax, sən məni görmək istədin, gəldim…- Heç, kimdənsə qorxmusan?- Yox! Hə bir dəfə…Rusiyada hərbi xidmətə getmişdim. Elə bir hərbi-hissəyə düşdüm ki, özümdən başqa bir dənə azərbaycanlı yox idi. Onda rusların bir “dembl”i vardı. Məndən 2 metrdə uzun, enli sarı oğlanıydı. Yanında 4-5 nəfər də özü kimisi…Mənə əmr elədi ki, onun “batinka” sını silim. Hamısı diqqətlə mənə baxırdı. Sakitcə, batinkanı əlimə götürdüm və bütün var gücümlə onu rusun üzünə çırpdım. Rusun düz qaşının üstündən qan sanki fəvvarə vurdu. Rusun üzü, üstü-başı qan oldu. Yanındakı “cəngavərlər”də süst qalmışdılar. Özlərinə gələndə isə “demblin” qolundan yapışıb hamama tərəf apardılar. Bax, ilk dəfə onda insan qanı gördüm. Insan qanı axıtdım, deyə çox qorxmuşdum. Həmin gündən özümə söz verdim ki, idmanı öyrənim, mənə ilişənləri idmanla susdurum, qanını tökməyim.Heç nədən qorxmuram! Amma…Mən unudulanda, adım çəkilməyəndə çox həyəcanlanıram. Elə bilirəm öldüm… Həə, bir də ölməkdən qorxuram, unudularaq ölməkdən…- deyib yenə güldü-Bax sən, adımı çəkdin, çağırdın məni, məni görmək, söhbətləşmək istədin.. Mən də sevinə-sevinə gəldim. Amma deyəsən, getmək vaxtıdı.-Hara gedirsən?-Uzaqlara, burdan çox uzaqlara..- Hara eyyy, hara?Şuşaya?Oğlan duruxdu. Udqundu.Yenə üzü, gözlərləri kədərə büründü:-Yox, Şuşaya tərəf getmirəm, bir dəfə getmək istədim. Həm də Cıdırdan enib getmək istədim..Qız hövsələsizcəsinə:-Getmədin?-deyə soruşdu.-Yox… gedə bilmədim. Şuşadan elə bir qoxu, elə bir iy gəlirdi ki…O iy məni vurdu, ürəyim bulandı.-Bəs, şuşalılar deyir, Şuşadan qışda da gül-çiçək qoxusu gəlir. Təmiz hava. Cənnət şəhər…- Hə şuşalılar orda olanda elə idi… indi yox… Tez uzaqlaşdım ordan. İndi qalacaq yerim Kirsdədi.-Ordan Şuşa görünür?-Ordan bütün Qarabağ görünür…Bir dəfə elə kədərləndim. Çayın yaxınlığında 4 nəfərlə postda idik. Çaya yaxın bir dənə ağac vardı…. “ştıknoj”la ağacın gövdəsini oyub, ora adımızı yazmışdıq. Tez-tez ora da gedirdim, sonuncu dəfə gedəndə ağacı yerində tapa bilmədim… kəsib apamışdılar!Qız:Kədərlənmə…-dedi. Amma təsəlli üçün nə deyəcəyini kəsdirə bilmədi.Qızın kədərlənməsi oğlanı bir az özünə gətirdi. Ürəyi razı olmadı o kədərlənsin. Tezcə soruşdu:-Düzünü de, mən doğrudan göyçəyəm, yaraşıqlıyam? – Hər ikisi ucadan güldü.-Yaxşı, gözəl, mən getməliyəm!-Getmə!-Olmaz! Komandir bizə həmişə deyirdi ki, heç kəsin etibarından istifadə etmək olmaz! Etibar elədilər, buraxdılar, qayıtmasam, bir də səninlə görüşə gələ bilmərəm axı..-Nə yaxşı gəldin!-Nə yaxşı çağırdın!Otaq yavaş-yavaş toranlaşmağa sonra isə yenə zülmət qaranlığa qərq oldu.Qız yenə əl havasına yataq otağına keçdi. İndi hiss etdi ki, gözündən yuxu tökülür. Tir-tap özünü çarpayısına atdı. Heç əynindəki bozarmış köhnə xalatıda soyunmağa heyi olmadı.Səhər yuxudan duranda hiss elədi ki, başı “şişib” lap qazan boyda olub.Güzgünün qarşısına keçdi, özünü görəndə qeyri-ixtiyarı”bismillah ” dedi. Axı o axşam 22 yaşlı, ağ çiçəkli donu olan gənc-gözəl qız idi… “Bu nəydi Allah! Başım xarab oldumu?”-deyib, adəti üzrə dünəndən söndürdüyü kompyüteri açdı. İnterneti ələk-vələk elədi. Birdən qarşısına çıxan fotonu fotodan gülümsəyən qaragözlü oğlanı görəndə anidən ürəyi bərk-bərk çırpındı, Əlləri əsə-əsə şəkilə sığal çəkdi, kövrəldi. Şəkilin yanında yazılan sözləri oxuyanda isə hönkürtü ilə ağlamağa başladı.
“1991-cü ildə Şuşa uğrunda döyüşlərdə şəhid olub. Ölümündən sonra Milli Qəhrəman adına layiq görülüb. Subay id. Bu gün onun doğum günüdür! Ehtiramla anırıq!”
İmdat Avşar: “Türk ədəbiyyatı” dərgisinə baş redaktor seçilməyim
həyatım boyu daşıyacağım ən şərəfli medalımdır…”
Beş gündür ki, İstanbulun məşhur Sirkəci meydanında Uluslararası Dərgi günləri keçirilir. Türkiyədən və Türkiyənin hüdudlarından kənardan yüzlərlə dərginin qatıldığı bu fuar yazar Asım Gültəkinin əziz xatirəsinə həsr olunub. Asım Gültəkin Türk ədəbi mühitində sadəcə bir yazar olaraq deyil, özəlliklə gənclərin dərgi çıxarması üçün çalışan, gənc qələm adamlarını dərgilərdə yazmaq üçün yönləndirən və eyni zamanda fuarların keçirilməsinə öncülük edən bir isim kimi tanınmaqda və rəhmətlə anılmaqdadır. Dünya Dərgilər Birliyi (DERGİBİR) tərəfindən düzənlənən fuarda böyük Ahmet Kabaklının mənəvi mirası kimi əziz bildiyimiz, bu il 50-ci ildönümünü qeyd edəcək “Türk ədəbiyyatı” dərgisi də iştirak edir.
Cumhuriyyət dönəmində Türkiyənin əsas ədəbiyyatşünaslıq mərkəzlərindən biri olan və Türk dünyasının dörd bir yanından axışıb gələn ziyalıların müqəddəs ocaq bildiyi Türk Ədəbiyyatı Vəqfini yaratması və Vəqfin ayrılmaz bir parçası olan “Türk ədəbiyyatı” dərgisini təsis etməsi Ahmet Kabaklının ədəbiyyat və mədəniyyət tariximizdə gerçəkləşdirdiyi əvəzsiz xidmətlərindəndir.
Ahmet Kabaklı Türk ədəbiyyatı tarixində ədəbiyyat nəzəriyyəsi ağırlıqlı ədəbiyyat tarixçiliyi elmi məktəbinin yaradıcısıdır. Və baş redaktoru olduğu “Türk ədəbiyyatı” dərgisi ədəbi-elmi-publisistik yönləriylə milli düşüncənin gəlişməsində bir mərhələ, təmayül, məktəb olmuşdur. Fuad Köprülü, Cəmil Meriç, Mehmet Kaplan, Erol Güngör, Niyaz Yıldırım Gençosmanoğlu, İsgəndər Öksüz, Əminə İşınsu, Ömər Lütfü Mete kimi milli düşüncəli aydınları öz ətrafında toplayan dərgi 50 ildir ki, kəsintisiz yayınlanmaqla türk mədəniyyətinə və ədəbiyyatına hizmətdə bulunmaqdadır.
Yarım əsrlik tarixi və zəngin ədəbi ənənələri olan dərgiyə yarım ildir ki, Ədəbiyyatımızın fədakar dostu və təbliğatçısı İmdat Avşar redaktorluq edir. İmdat bəyin baş redaktorluğu ilə işıq üzü görən hər bir buraxılış uzun illərin sınağından çıxmış təcrübəyə əsaslandığı, kökə bağlı olduğu kimi, eyni zamanda yeni ruhu, yeni nəfəsi ilə həm Türkiyədə, həm də Azərbaycanda böyük rəğbət və maraqla qarşılanmaqdadır.
Görüşlərin birində azərbaycanlı müxbir sayın baş redaktora belə bir sualla müraciət edir: “İmdat bəy, sizin yaradıcılığınızı izlədikcə Türkiyə, Azərbaycan, Qazaxıstan və eləcə də digər türk dövlətlərindən çoxsaylı mükafatlarla ödülləndirildiyinizi müşahidə edirik. Zəhmətlərinizin bəhrəsi olan bu mükafatlar hamısı Sizin üçün eyni doğmalıqdadırmı, yoxsa özəl olaraq ayrıca dəyərləndirdiyiniz biri varmı?”
Bədii yaradıcılığı, tərcüməçilik və redaktorluq fəaliyyəti ilə çağdaş türk ədəbiyyatında ədəbi-bədii, fəlsəfi-estetik fikrin formalaşmasında misilsiz xidmətləri olan İmdat Avşar müxbirin sualına belə cavab verir: Bəli, mən bu günə qədər Türk dünyasından çoxlu sayda mükafatlar almışam. Fəqət “Türk ədəbiyyatı” dərgisinə baş redaktor seçilməyim mənim həyatımda aldığım və ömrüm boyu şərəflə daşıyacağım ən qiymətli medalımdır…”
Dəyərli baş redaktorun ruh yüksəkliyi ilə verdiyi bu cavab gördüyü işinə təkcə peşəkarlıqla deyil, həm də bu şəkildə qutsal bir görəv kimi yanaşması İmdat Avşarın hər addımıyla “Türk ədəbiyyatı”na böyük məsuliyyət və ədəbi vicdanla xidmət edəcəyindən xəbər verir.
Dərgidə yer alan araşdırmaların məntiqiliyi və elmi səviyyəsi, bir-birindən maraqlı informasiyaların dərin məna tutumu, bədii əsərlərin: hekayə və şeir güldəstəsinin poetik ifadə özəllikləri, elmi-publisistik mətnlərin, müsahibələrin xüsusi bir nizamla düzülüşü, dərginin məsuliyyətli baş redaktorla bərabər yüksək peşəkarlıqla çalışan yaradıcı heyətinin yorulmaz əməyini gözlərimiz önündə sərgiləyir.
Vəqfin başqanı dəyərli Sərhat Kabaklının və baş redaktor İmdat Avşarın gənc nəslə böyük etimad, qayğı və diqqətinin nəticəsidir ki, dərginin redaksiya heyəti əsasən, gənclərdən ibarətdir. Belə istedadlı gənclərdən olan Səadət xanım Örməcinin bu aydan etibarən Yazı İşləri Müdürü vəzifəsinə atanması da söylədiklərimizin bariz nümunəsidir. Gənclərin əlindən tutmaq, onların içində özgüvən yaratmaq, böyük işlər görəcəyinə inandırmaq və böyük işlər görməsi üçün meydan vermək yüksək insani məziyyətdir ki, bu mənada Sərhat bəyin, İmdat bəyin addımları olduqca təqdirəlayiqdir.
Hər bir sayından Azərbaycan elm və qələm adamlarının yaradıcılığına xüsusi yer ayıran “Türk ədəbiyyatı”nın Eylül (sentyabr) sayının Nizami Gəncəviyə həsr olunması elmi və ədəbi mühitimizdə böyük maraq və alqışla qarşılandı. Sentyabr sayının mətbuatımızda hələ də müzakirə mövzusu olduğu bir vaxtda oktyabr sayı oxucuların görüşünə gəldi. Payızın soyuğunu səhifələrinin istiliyi ilə unutduran və hər səhifəsində oxucunun gözləri önündə yeni pəncərə açan oktyabr sayı bizi Türk sənət dünyasının nadir bir İncisinin yaradıcılıq dünyasına səyahət etdirir.
1998-ci ildə Türkiyə Mədəniyyət Nazirliyi tərəfindən “dövlət sənətçisi” adına layiq görülən, “Dərdli bülbül” (1957), “Son nəfəs” (1958), “Qadın əsla unutmaz” (1968), “Ayrılıq” (1972) və s. kimi çoxsaylı filmlərin musiqisini hazırlamış, səs rəngini heç zaman itirməyən, türk klassik musiqisinin bənzərsiz ifaçılarından olan İnci Çayırlının Haqqa yürüməsinin ardından bu sayın onun sənət aləminə, yaradıcılıq dünyasına işıq tutması, sənətkarın əziz xatirəsinə həsr olunmuş yazıların bir-birilə vahid süjet əsasında bağlanması elə İnci xanımın Türk mədəniyyətinə bəxş etdikləri kimi kompozisiya təsiri bağışlayır. İnci Çayırlı dosyasını hazırlayan Osman Nuri Özpekelin və digər sənət dostlarının İnci xanıməfəndiyi doğma və unudulmaz xatirələrlə anması, yetirmələrinin sənətkarı “mənəvi Ana” kimi yad etməsi, qızı Canan Atalayın isə ona həm ata, həm ana, həm dost, həm sirdaş olan çiləkeş valideyninin ruhu qarşısında qələmə aldığı son dərəcə kövrək və səmimi yazısı bizim təsəvvürümüzdə İnci xanımın bir rəssam həssasiyyəti ilə çizilmiş fədakar Ana, böyük Müəllim, istedadlı sənətkar, anı yazarı və ən əsası ömrünü ləyaqətlə yaşamış mətin bir Cumhuriyyət qadını obrazını yaradır.
Milli düşüncəli ziyalı İsa Kocakaplanın Mehmet Kurtoğlu ilə “Mehmet Akif və İstiqlal marşı” mövzusunda son dərəcə maraqlı müsahibəsi Mehmet Akif şəxsiyyətini müxtəlif istiqamətlərdə dəyərləndirməklə yanaşı bu il Türkiyədə elan olunan “Mehmet Akif və İstiqlal marşı ili” çərçivəsində zamanla səsləşən mövzu olması baxımından da aktualdır. Yeri gəlmişkən, bir məqamı vurğulamaq vacibdir ki, dəyərli alim İsa Kocakaplanın sözügedən mövzuda “İstiqlal marşı və Mehmet Akif Ersoy” kitabı 1999-cu ildən bəri Türkiyədə müxtəlif yayın evlərində dəfələrlə nəşr olunmuş, böyük marağa və müzakirələrə səbəb olmuşdur.
“Özbək şairi Erkin Vahid” məqaləsinin müəllifi Selahattin Tolkun son yüz ildə özbək poeziyasının yetirdiyi istedadlı nümayəndələrdən olan, əsərləri geniş xalq kütləsi tərəfindən oxunan və şeirlərinin bir çoxuna mahnı bəstələnən Erkin Vahidin yaradıcılıq yoluna işıq salır.
İsmayıl Alper Kumsar Ahmet Hamdi Tanpınarın indiyədək çap olunmuş əsərlərinə daxil olmayan “Münəvvər kimdir?” və “Kıyasıya para harcayanlar” adlı iki yazısını gün üzünə çıxararaq təhlil edir,Tanpınarın sanki bu günü görərək özünə ünvanladığı suallara verdiyi cavablar oxucuda böyük maraq doğurur.
Mahir İzə həsr olunmuş “İllərin İzi” adlı bioqrafik yazısında isə Şaban Kumcu Mahir İzin fitrətindəki müəllimlik istedadının və pedaqoji fəaliyyətinin maraqlı tərəflərini incələyir, onun dərslərində İstiqlal marşına, Çanaqqala şəhidlərinə həsr olunmuş şeirləri tələbələrinə öyrətməsi ilə ideoloji düşüncə və mənəvi dəyər aşılamağa, idrak və şüur qazandırmağa çalışdığını vurğulayır.
Ali Bilgenoğlu “Mehmet Akif İnanda Qərbliləşmə tənqidi və ənənənin mühafizəsi” yazısında Türk batılılaşması və çağdaşlaşma kimi məsələlərin ideoloji mahiyyətini təhlil edir.
Tanınmış türkoloq Camal Şafak Türklərin yayılmış olduğu arealın təbiətini, coğrafiyasını, abidələrini öyrənən Təhsin Parlakın gördüyü işlərin Türk dünyası üçün əhəmiyyətindən və bizə aid olmadığını zənn etdiyimiz bəzi mənəvi dəyərlərin Təhsin Parlak sayəsində bizə aid olduğunu öyrəndiyimizi ortaya qoyan, orijinal faktlara söykənən “Türküstanda Kıran gözlü bir sirdaşım qaldı” adlı olduqca maraqlı bir araşdırma yazısı ilə çıxış edir.
Gizem Ece Gönül Murathan Munganın “Hamamnamə” əsərində adət-ənənələrin və mənəvi dəyərlərin axtarışıyla əsrarəngiz bir sonuca varan Nagəhan Uçan Ekenin “Suyun yaddaşı” əsərini təhlil edərək bir əsərin fonunda digər əsərin panoramasını oxucuya təqdim edir.
Mehmet Ali Talayhan “Goygoyculuk” adlandırdığı araşdırma məqaləsində Məhərrəm ayında qapı-qapı gəzərək İmam Hüseyn və İmam Həsən üçün mərsiyələr söyləyən, qəsidə və ilahilər oxuyan goygoyculardan söhbət açır.
Nəsr bölümündə Zübeyde Andıç “Hesablaşma”, İrfan Uğur “Odda bitən dostluq”, Rukiye Aydın “Beli bükük ilə məzar daşı” hekayələri ilə oxucuların göüşünə gəlir. Poeziya bölümündə çağdaş Azərbaycan şeirinin istedadlı yaradıcılarından olan Qulu Ağsəsin “Sən və Mən” şeiri Azərbaycandan şeir payı kimi türk oxucularına ərməğan olunur. Həmçinin Timur Kocaoğlu, Abdulmukaddes Kutlu, Mustafa Ruhi Şirin, Ziya Karatekin, Uğur Demirel, Ahmettahsin Erdoğan, Saygın Akanyeti, Mehmet Baş, Hayrettin Durmuş, Ahmet Suvacı, Rıdvan Yıldız şeir çələngi ilə oxucuları salamlayır.
Akademik Ziya Avşarın nəşrə hazırladığı “Yunus Əmrə “Nəsihətlər” kitabı (“Risaletün-Nüshiyye”), Mustafa Özçelikin “Bana Seni gerek Seni”, Altın İşıkın “Ziya Gökalp” və İmdat Avşarın redaktorluğu və ön sözüylə işıq üzü görən Ülkü Olcayın “Düş ertesi” və sair kimi Türk ədəbiyyatı Vəqfində yenicə yayınlanan kitabların üz qabığının rəsmi və haqqında kiçik annotasiyaların dərginin müxtəlif səhifələrində yer alması oxucuda ədəbi ortamı izləməyə geniş imkan yaradır.
Müxtəlif mövzulara müraciət etməsinə baxmayaraq araşdırılan hər bir mövzunun, aparılan hər bir müsahibənin, elmi-publisistik məqalənin, anı yazısının bütövlükdə maraqlı bir ədəbi mənzərə yaratdığı dərginin hər bir səhifəsində zərgər dəqiqliyi ilə çalışan yaradıcı redaksiya heyətinin gərgin əməyinin, yüksək həssasiyyətinin və böyük zəhmətinin uğurlu nəticəsi kimi “Türk ədəbiyyatı”nın Ekim (oktyabr) sayı da ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanacağına inanır, başda çox əziz Sərhat Kabaklı, İmdat Avşar olmaqla; bütün redaksiya heyətini – İsa Kocakaplan, Emek Üşenmez, Necati Tonga, Gökhan Tunç, Saadet Örmeci, Aleyna Malkoç, Nuray Örnek, Atilla Ceylan və Halit Baykalın şəxsində bütün dostlarımızı gönüldən təbrik edir, Azərbaycandan qucaq dolusu salamlar və sayğılar göndərir, dərginin gələcək fəaliyyətində başarılar diləyirəm!
Məqalədə xüsusilə son iki onillikdə mətbuatda, eləcə də KİV-də əsassız olaraq özünə çox qəribə tərzdə yer tapmış, ancaq müəyyən məqamlarda heç də yerində işlədilməyən “hekayə” anlayışından bəhs olunur.
Diqqətə çatdırılır ki, hekayə – bədii ədəbiyyatın janrlarından biri, yazıçı fantaziyasının ərsəyə gətirdiyi ədəbi-bədii əsərdir. Başqa sözlə, bədii təxəyyülün məhsulu olub yazıçının həyati müşahidələri nəticəsində ümumiləşdirdiyi obraz və onun ətrafında baş verənlərin qələmə alındığı yaradıcılıq məhsuludur.
Fikrin təsdiqi üçün “APB-24” TV-də və İnstaqramda yayımlanmış video-lentlərdə səslənən (və yazılan) cümlələr diqqətə çatdırılır. Qeyd olunur ki, hər hansı məhsulun reklamında, eləcə də canlı insanın əmək fəaliyyətindən bəhs olunduğu halda, fikrin “bu bizim hekayəmizdir” tərzində ifadəsi yolverilməzdir.
Tövsiyə olunur ki, belə olan halda “hekayət” anlayışından bəhrələnmək məqsədəuyğundur. O üzdən ki, hekayət hər hansı bədii əsər, ədəbi janr deyil, “hər hansı əhvalatı danışmaq”, “sərgüzəşti söyləmək”, “hekayəçi”, “hekayəçilik (peşə)” anlamlarında işlədilən istilahdır. Hər hansı hadisənin, kimə isə məxsus ömür yolunun bədii təfəkkürün süzgəcindən keçirilərək təqdim olunmuş şəkli, insan həyatının real faktlara əsaslanan anlarının bədii yaradıcılıqda ifadəsi, olanların-olmuşların bədii formada (istər yazılı olsun, istər şifahi) nəqlidir.
ARAŞDIRMA
2015-ci ilin yaz ayları idi. Sidq ürəklə özümə doğmalaşdırdığım uşaq ədəbiyyatı bilicisi Füzuli Əsgərli yeni kitabının siqnal nüsxəsini nəzərdən keçirirdi. Kitab belə adlanırdı: “Bir alim ömrünün hekayəsi”. Soruşdum: “Uşaqlar üçün hekayələr toplundu?”.
“Yox, öz yaradıcılığımla əlaqəli kitabdı”.
Nə sənə-nə mənə, qələm götürüb kitabın üz qabığında redəktə işi apardım (hərdən məndə belə qəfil gedişlər olur): “Bir alim ömrünün hekayəti”.
Fikrimi əsaslandırmağa çalışsam da, əvvəl-əvvəl razılaşmadı, hətta mübahisəyə də girişdi. Sonda barışdırıcı mövqeni mən tutdum: “Eybi yoxdu, kim irad tutsa, töhməti yönəldərsən mənim üstümə”.
Və kitab bu adla da nəşr olundu.
Bu gün mənim kitab rəfimdə Füzuli müəllimin “Bir alim ömrünün hekayəti” adlı bu yadigarı da qorunur. Həm də öz imzası ilə, “xoş arzularla” ürək sözü ilə. Kitabın titul səhifəsində yazılıb: “Bu kitabda tanınmış ədəbiyyatşünas-tənqidçi, uşaq ədəbiyyatı tədqiqatçısı, tərcüməçi, filologiya üzrə fəlsəfə doktoru, dosent Füzuli Əsgərlinn elmi-nəzəri monoqrafiyaları, bədii tərcümə yaradıcılığı haqqında yazılan məqalələr və 70 illik yubileyi ilə bağlı səmimi ürək sözləri toplanmışdır”.
Sizcə bu məzmunda kitab “hekayə” adlandırıla bilərdimi?..
***
…Bəzən belə də olur ki. söz sahibi fikrini ifadə etmək üçün lazımi istilahı tapa bilmir və necə deyərlər, “çulunu sudan çıxartmaq üçün” “hekayə” istilahından bəhrələnir. Məsələn, ARB dedi: “Hər birimizin öz hekayəsi və [nəyi isə (deyilən ifadəni unutmuşam)] var” [ARB TV. 17.09.2021]
Fikrinizcə, burada “hekayəsi” istilahı hansı mənanı ifadə edir?
Sizi bilmirəm, şəxsən mən hər hansı mənanı yaraşdıra bilmədim.
…Hətta iş o yerə çatıb ki, poeziyadan təsəvvürü olmayan…
Senzuranın götürülməsi – “azad sözə meydan verilməsi” deməkdir, daha “ağzına, ağlına gələni yazıb tamaşaçıya, dinləyiciyə, oxucuya zorən həzm etdir” demək deyil.
Təəssüf ki adi söz düzümlüyünə layiqliyi yetməyən kəlmələri yanaşı düzüb, ona “şeir” adı qoyanlar var, Yazan yazmışdı, cəhənnəm, hətta bəstəçi də özünə hörmət qoymayıb bu kəlmələrə musiqi yazıb (etiraf edim ki, musiqi həqiqətən gözəldir). Bu da cəhənnəm. Bu cütlüyün bu eybindən onların özündən və bir-iki tanıdıqlarından savayı kimsə xəbardar olmayacaqdı. Nəğməni axı müstəviyə çıxaran, kobud desəm, bu kəlmələri aləmə faş edən var, hansı ki, adına “müğənni” deyirlər. Mənə ağır gələn o oldu ki, 10 yaşından tanıdığım, “Ahu kimi” xalq mahnısı ilə Dövlət Radiosunun “Nəğməli-sözlü gənclik” verilişində səhnə həyatına debüt edən, sonrakı addım-addım uğurlarından qürurlandığım Gülay Zeynallı (Qədirova) bu sözləri nəğmə mətni olaraq qəbul edib xalqa niyə təqdim edirdi?! Cəhd göstərsəm də, adını öyrənə bilmədiyim video-lenti 2021-ci ilin 18 sentyabrında instaqramdan dinləmişəm.
Həmin nəğmənin instaqramda səslənən hissəsinin mətni mühakimənizdə. Diqqəti “hekayə” istilahına yönəltmənizi xahiş edirəm:
Çıx gəl, qovuşacaq hamı,
Bu gündən barışacaq hamı,
Bizdən danışacaq hamı.
Dil-dişə düşə şayiələr.
Gör bir nə zəmanədir,
Aşiq dəli-divanədir,
Səndən mənə nişanədir,
Belə yaranır hekayələr.
Vurulub ürəyim bu gözəlliyə.
Hara baxıramsa, ordan səni görürəm.
Xəyalın gözümün önünə keçib dayanır (b)
Sənə toxunum deyə,
Yadına yaxınam deyə.
Sizcə, burada “hekayə” nə deməkdir?
… “2021-ci ilin avqustunda elə bir ünvanda oldum ki, orada ARB kanallarından savayı heç bir TV göstərmirdi. 10 günüm “ARB-24”-ü izləməkdə və DVD-nin köməyi ilə filmlərə baxmaqda keçdi.
“ARB-24” dedi: “Bu, bizim hekayəmizdi. Bizim böyük hekayəmiz kiçik kəşflərdən başladı. Təbii məhsullarımızla Azərbaycanımız üçün 23 ildir fəaliyyətdəyik…”. Və s. (24.08.2021-ci il, saat 07:54).
Qəribədir, “ARB-24” hansı isə məhsulun reklamını edir və özünün təqdimat tərzini “hekayə” adlandırır.
“Hekayə” ifadəsi, təəssüf ki, şifahi və ədəbi dilimiz üçün daim nümunə olan AzTV-də və digər TV aparıcılarının da dilində (“Rezonans” verilişində də, hörmətli Zaur Baxşəliyevin nitqində də bu ifadə ilə qarşılaşmışıq), həmçinin instaqramda da işlənməkdədir.
İnstaqramda qadının restoranda stol arxasında əyləşən saçları ağarmış kişinin görüşünə gəldiyi görüntülənir. Kövrək baxışlarla baxışırlar. Video-lentin üzərində bu kəlmələr yazılıb: “50 yıllık aşk hikayesi”.
…Başqa bir instaqram lentində jurnalistlə müsahibinin dialoqu görüntülənir:
Müsahib: – Her kesin bir hikayesi var.
Jurnalistin müdaxiləsi: – Kimse kimsenin şurasını bilmiyor.
Müsahib: – Üzümüz gülüyor. Amma içeridə nə oldu, bir yuxarıda ki, bir kendimiz biliyor. [İnstaqram. 28.08.2021-ci il, saat 22:35].
Yaxud, “500 manata evini satıb əlil arabası ilə küçələrdə gecələyən qadının hekayəsi – qadını gecəyarısı küçəyə atıblar” [İnstaqram.04.09.2021-ci il];
Və yaxud, “Express.xeberler” yazdı: “Bir xoşbəxt ailənin acı hekayəsi…”. Məqalədə Peyman Sadıqovun ailəsində baş verənlərdən bəhs olunur [İnstaqram. 04.09.2021-ci il];
“11 yaşında narkotikin qurbanına çevrilən qızın dəhşətli həyat hekayəsi” (“Express.xeberler” 22h. İnstaqram, 21.09.2021).
Sizcə, bu kimi məqamlar üçün əslində hansı istilahın işlədilməsi məqsədəuyğun olardı: “hekayə”, yoxsa “hekayət”?
Ədəbiyyatşünas Rafiq Yusifoğlu yazır ki, “hekayə – epik əsərin ən çevik, geniş yayılan janrlarındandır. Mir Cəlalın sözləri ilə desək: “Şifahi xalq ədəbiyyatında nağıl nədirsə, yazılı ədəbiyyatda da hekayə odur” [3. s.193]. “Rus ədəbiyyatında “рассказ”, italyanlarda “novella” deyilən bu janr əsasən realist bir əsərdir. Hekayə xırda şəkilli epik əsərlərin əsas janrıdır. Hekayədə səciyyəvi, ibrətli, ictimai mənası olan həyati bir əhvalat, bir, ya iki qəhrəman götürülür, məhdud bir zaman, məkan daxilində yığcam, bitkin, realist bədii təsvir verilir”, – yazırlar Mir Cəlal ilə Pənah Xəlilov [2. s.143].
“Hekayədə əhvalatın geniş təsvirinə ehtiyac duyulmur, obrazların sayı elə də çox olmur, yazıçı, əsasən, bir surətin həyat və taleyindən, konkret bir hadisədən danışır” [4] və [5].
“Hekayət” termininə isə, internet resurslarında hər hansı bədii əsər növü deyil, “əhvalat”, “sərgüzəşt”, “qəziyyə”, yaxud “danışmaq”, “nəql etmək”, “söyləmək” anlamlarında işlədilən istilah kimi izahat verilir [6], [7] və [8]. Ağamusa Axundova isə, “hekayət” – “əhvalat”, “sərgüzəşt”, “hekayəçi”, “hekayəçilik (peşə)” mənalarını daşıyır [1. s.124].
Məsələn,
Mən çəlik ürəkli bir yeni gəncəm,
Dildən-dilə düşmüş hekayətim var
(Mikayıl Müşfiq).
“Qüdrət Şirmayının hekayətini dinləyəndə gülməkdən özünü güclə saxlayırdı” (Mehdi Hüseyn).
Fikrimizcə (ədəbiyyat bilicilərinin mülahizələrindən də bu, belə görünür), hekayə – bədii təxəyyülün məhsulu olub yazıçı fantaziyasının həyati müşahidələr nəticəsində ümumiləşdirdiyi obraz və onun ətrafında baş verənlərin qələmə alındığı yaradıcılıq məhsuludur.
Hekayədən fərqli olaraq isə hekayət – yazıçının yaradıcı təxəyyülünün məhsulu olan bədii əsər, ədəbi janr deyil, hər hansı hadisənin, kimə isə məxsus ömür yolunun bədii təfəkkürün süzgəcindən keçirilərək təqdim olunmuş şəkli, insan həyatının real faktlara əsaslanan anlarının bədii yaradıcılıqda ifadəsi, olanların-olmuşların bədii formada (istər yazılı olsun, istər şifahi) nəqlidir.
TƏKLİF
Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) Jurnalistika fakültəsinin 1975-ci il məzunlarındanam (1969-1975). Bizim zamanımızda jurnalistikanın janrları sırasında “hekayət” adında janr yox idi. İndi də belədirsə… Mənə elə gəlir ki, “hekayət”i jurnalistikanın janrları sırasında görmək yanlış mövqe olmazdı.
NƏTİCƏ`dən sonra
nəticə
“Ədəbiyyat qəzeti”ndən (25 sentyabr 2021-ci il) ruhuma hopdurduğum misralar və “Həftə içi” qəzetində (09-15 sentyabr 2021-ci il) qarşılaşdığım “Səma Muqanna – yeni günəş” məqaləsindəki bir məqam mənə fərəh dolu duyğular yaşatdı…
Bu an üçün “nəhayət” istilahını işlətməyə bilmirəm. Nəhayət ki, axına qarşı çıxıb mənim arzuladığım anlayışı öz yerində-məzmununda işlədən tapılmışşdı, Həm də kim? Yaradıcılığına və şəxsiyyətinə xüsusi rəğbət bəslədiyim söz sahibi yazıçı-publisist Zaur Ustac.
Nəzərdə tutulan şeir belə adlanır: “O gün…”. Şəhid İlqar Mirzəyevin xatirəsinə həsr olunub:
Belə şanlı hekayət
Tarixdə bir, ya iki…
Lap başqası varsa da,
Möcüzədir bizimki.
“Uğurlu yol” qismində qələmə alınan məqalədən həmin məqam oxucu üçün: “Səmanın qələmindən çıxmış bir az mistik, sevgi dolu hekayətlər oxucunu ovsunlayır”.
Açar sözlər: hekayə, bədii əsər, hekayət, nəql etmək.
***
“HİKAYE” VEYA “HİKAYET”?
ÖZET
Makale, özellikle son yirmi yılda basında olduğu kadar Kitle İletişim Araçlarında da asılsız yer edinen, ancak açıklığa kavuşturulması gereken “hikaye” ve “hikayet” kavramları tartışılır. “Hikaye”nin kurgu türlerinden biri olduğu, yazarın hayal gücü ve fantezisinin ürünü olan edebi ve sanatsal bir eser olduğu inandırıcı bir şekilde doğrulanmaktadır. Bu nedenle, bir ürünün reklamını yaparken ve ayrıca yaşayan bir kişinin hayatı veya çalışmasından bahsederken, “bu bizim hikayemiz” ifadesi doğru degildir, bu durumda “hikayet” kavramının kullanılması tavsiye edilir.
“Hikaye” kavramından yerel-yersiz kullanıldığı üzüntüyle belirtilmektedir. Örnek olarak yazarın “APB-24” TV ve Instagram ile ilgili açıklamaları bir örnek verilir. Ve bu tür durumların genel olarak radyo ve televizyona, basına, Instagram’a ve sosyal ağlara erişim bulmaması tavsiye edilir.
İsrar ediliyor ki, “Hikaye” kavramı, sanatsal hayal gücünün bir ürünüdür, yazarın hayal gücünün, yaşam gözlemleri sonucunda görüntüyü genelleştirdiği ve çevresinde olup bitenler hakkında yazdığı yaratıcı bir üründür.
Hikâyet terimi ise yazarın yaratıcı hayal gücünün ürünü olan bir sanat eseri değil, “olay”, “macera”, “kaza”, veya “konuşmak”, “anlatmak”, “söylemek” anlamında kullanılan bir terim, Sanatsal düşüncenin süzgecinden geçirilmiş bir yaşam biçimi, insan yaşamının gerçek gerçeklere dayanan anlarının sanatsal yaratımda bir ifadesidir.
Anahtar kelimeler: hikaye, sanat eseri, hakkında konuşmak.
***
“STORY” OR “STORY” (“talk about”)?
ABSTRACT
The article discusses the concepts of “story” and “story”, which have been unfounded in the mass media as well as in the press in the last two decades, but need to be clarified. It is convincingly affirmed that the “story” is one of the genres of fiction, a literary and artistic work that is the product of the author’s imagination and fantasy. Therefore, when advertising a product, as well as talking about the life or work of a living person, the phrase “this is our story” is not correct, in which case it is recommended to use the concept of “story”.
It is sadly stated that the concept of “story” is used locally and inappropriately. As an example, the author’s comments on “APB-24” TV and Instagram are given as an example. And it is advisable that such situations do not find access to radio and television, the press, Instagram and social networks in general.
It is insisted that the concept of “Story” is a product of artistic imagination, a creative product of the author’s imagination, in which he generalizes the image as a result of life observations and writes about what is happening around him.
The term story, on the other hand, is not a work of art that is the product of the author’s creative imagination, but a term used in the sense of “event”, “adventure”, “accident”, or “talking”, “telling”, “telling”, a way of life filtered by artistic thought. is an expression in artistic creation of real factual moments of human life.
Keywords: story, work of art, talk about.
***
İstifadə olunan ədəbiyyat
1. Axundov Ağamusa. Azərbaycan dilinin izahlı lüğəti. Bircildlik. Bakı-“Elm”-2005, 452 səh. İSBN 5-8066-1728-9.
2. Mir Cəlal, Xəlilov P. “Ədəbiyyatşünaslığın əsasları”. Bakı-“Maarif”- 1972, 296 səh.
Bəzi kəndlərdə yaşlı qadınlar əyinlərinə tuman deyillən uzun, gen paltar geyinirlər. Özü də üst-üstə bir neçəsini, qat-qat. Bu, səbəbsiz deyildi. Əyilib- qalxanda istəmirdilər ayaqları görünsün. Bir növ abır-həyanı gözləyirdilər.
Şərəbanı bibi də kəndin adətini gözləyirdi. Başqa cür ola bilməzdi. Ona birtəhər baxardılar. Üst-üstə üç tuman geymişdi.
İş elə gətirdi ki, Şərəbanı bibi şəhərə yollanır. Bəzi şeyləri almalı imiş. Elə şeylər ki, kənd mağazasında ya olmurdu, olanda da baha satılırdı. Pulu çöldən tapmayıb ki. Min zəhmətlə, min əziyyətlə qazanır kişilər.
Mağazada Şərəbanı bibinin gözü bir jaketi tutdu. Görünüşü də, rəngi də xoşuna gəlirdi. Qoca fəndi idi.
İndi jaketin pulunu ödəməli idi. Pulu isə, oğurlanmasın, itib-batmasın deyə uzunboğaz corabında gizlətmişdi.
Şərəbanı bibi üzünü divara çevirib tutmanın birini, ikincini, üçüncünü qaldırmağa başlayır.
Bunu görən satıcı dəli olur:
-Ay xala, ay bibi, ay ana, neynirsən? Soyunursan?
Şərəbanı bibi üzünü çevirib tərs-tərs satıcıya baxır. Ona acıqlanaraq:
-A gədə, boş-boş danışma, – deyir, -pul çıxarıram,
Tədbirin gedişində Zaur Ustac Nazim Əhmədliyə “Ziyadar” Mükafatını təqdim edib. Yazarlar bir-birlərinə kitablar hədiyə edib, xatirə fotoları çəkdiriblər. Qonaq yazarların maraqlı çıxışları tədbirə xüsusi rəng qatıb.
SÖZÜN XƏTRİNƏ Qafiyə xətrinə şeir yazmadım, Yazsaydım, dəyərdi sözün xətrinə. Allahın verdiyi təb ilə yazdım, Dəymədim ağılın, gözün xətrinə. * * * Sözümü demişəm cəsarətimlə, Tanındım, sevildim fərasətimlə. Hamıyla davrandım ədalətimlə, Əyrilərdən keçdim düzün xətrinə. * * * Boluslu ucaltdı haqqın səsini, Ailədən alıb tərbiyəsini. Hər zaman qorudu səviyyəsini, Həyatda qoyduğu izin xətrinə.
QORXURAM Yeridiyim addımıma baxıram, Məzlumun bəd duasından qorxuram. Zülmət edər bu işıqlı dünyanı, Alimin bir xətasından qorxuram. * * * Haqqı desən sonsuz olar düşmanın, Düz əməli batil edər nöqsanın. İmanımı qarışdıran şeytanın,- anasından, atasından qorxuram. * * * Səhvlərimi təkrarlamam bir daha, Savabımı batırmaram günaha. Ümidimi bağlayıram Allaha, Bəndələrin Xudasından qorxuram. * * * Uzaq elə qəlbindən pis niyyəti, İnsan oğlu götürmədin ibrəti. Qəzəblənsə yağdıracaq lənəti, Yerin,göyün bəlasından qorxuram. Məzlumun bəd duasından qorxuram.
ÖLÜMÜ YOXDUR Başıma haranın daşını salım, Allahın bir ucuz ölümü yoxdur? Yaxamı qurtara dərdin əlindən, Günümü, ayımı, ilimi yoxdur? * * * Gözümdə kiçilib yaşamaq eşqi, Şərbət zəhər olub, hər gün içirəm. Mənəm-yer şumlayan qoca əkinçi, Möhnəti əkirəm, qəmi biçirəm. * * * Mən yaxşı görürəm qohumu,yadı, Yaxşını, yamanı bir-bir seçirəm. Mən sülh adamıyam, kiməsə görə,- Hətta öz dünyamdan belə keçirəm. * * * Tamaşa edirəm mən ruh halımla, Mənasız həyatın çalarlarına. Bünövrəsi yoxdur, daşı sökülüb, Bənna yox, daş qoya divarlarına. * * * Bəzən düşünürəm, şübhə edirəm, Nə üçün gəlmişəm Yer kürəsinə? Bircə istəyim var səndən İlahi, Cavab ver məzlumun batan səsinə.
VƏTƏN Qanlar tökülməsin sülh olsun deyə, Otuz il səbr etdik, bir təhər dözdük. Boş-boş danışıqlar fayda vermədi, Səbrimiz tükəndi düşməni əzdik, Yeni tarix yazdıq tarixə, Vətən. * * * Bütün dünya görsün qüdrətimizi, Yenilməz orduyuq, həqiqət budur. Qırx dörd gün ərzində biz qalib olduq, Dağıtdıq başından qara buludu, Yeni tarix yazdıq tarixə, Vətən. * * * Qısa vaxt ərzində bildilər kimik, Tanındı dostumuz, düşmənlərimiz. Səni təmizlədik yadellilərdən, Yaşıla qərq oldu çəmənlərimiz, Yeni tarix yazdıq tarixə, Vətən. * * * İcazə vermədik həddin aşmağa, Yekə danışanın kəsdik sözünü. İti qovan kimi qovduq onları, Sənə xor baxanın tökdük gözünü, Yeni tarix yazdıq tarixə, Vətən. * * * Səni borcumuzdur əziz tuturuq, İgid oğulların şirin canıyla. Böyük Yaradanın icazəsiylə, Səni Vətən edən şəhid qanıyla, Yeni tarix yazdıq tarixə, Vətən.
ATASAN Nanəcibi,şərəfsizi,alçağı, Birdəfəlik sil qəlbindən,at asan. Mehriban ol, şirin elə dilini, Nəyə lazım hərəyə söz atasan?! * * * Yaxşı dostu dar günündə an asan, Yaddaşında saxlayasan, anasan. Namuslunu anan kimi ana san, Qeyrətlini atan kimi ata san. * * * Müsibətə səbr elə nə saçın yol, Yolçulara ağır gəlməz çətin yol. Gənc nəsilə göstərginən doğru yol, Ay Boluslu axı sən də atasan.
Ölkəmizin hüdudlarından kənarda da kifayət qədər yaxşı tanınan, əsərləri dünyanın dörd bir yanında müxtəlif dillərə tərcümə olunaraq yayımlanmış, çox dəyərli yazarımız Nazim Əhmədli “Ziyadar” Mükafatına layiq görülüb.
Diplom sabah – 4 oktyab 14. 00 da Milli Kitab sərgisində (Bakı Əl Oyunları sarayında – “Azneft”) görüş zamanı təqdim olunacaq. Xəbəri oxuyan hər kəs tədbirə dəvətlidir! Gəlişiniz bizim üçün bayram olar! Tədbirdə görüşərik!
YAR, GƏLMİŞƏM! Yar, bu gecə göz yaşımı şərbət kimi içib gəldim, Neçə zirvə aşıb gəldim, neçə dərə keçib gəldim, Gen dünyanı yana qoyub, dar qapını seçib gəldim. Dağdan uca qürurunu yollarında əyən mənəm, Yar, gəlmişəm dur ayağa! Aç qapını, döyən mənəm! * * * Neçə yollar ayaqladım gah dolanbac, gah da haça, Uşaq kimi qucağına yüyürmüşəm qaça-qaça. Aç qapını! Nəfəsimdən cana gəlsin həyət-baca. Varlığına gizli-gizli güvənən mən, öyən mənəm, Yar, gəlmişəm dur ayağa! Aç qapını, döyən mənəm! * * * İnnən belə alovunun həsrətinə qızmayacam, Yağış kimi sətirləri pəncərənə cızmayacam, Yer tapmayıb, tavanından damla-damla sızmayacam. Külək deyil, misraları həzin-həzin deyən mənəm, Yar, gəlmişəm dur ayağa! Aç qapını, döyən mənəm! * * * Gəlmişəm ki, əridən mən qəlbindəki buzu, qarı, Vücuduma hopduraraq, gətirmişəm ilk baharı, Qoy, ətirli çiçəkləri otağına dolsun barı. Qapınızı döyə-döyə, ürəyini yeyən mənəm, Yar, gəlmişəm dur ayağa! Aç qapını, döyən mənəm! * * * Heç bilmədim, bu günədək ayrılığa necə dözdüm?! Bu həsrətdən, bu hicrandan sən də bezdin, mən də bezdim. Dəli könlüm, daha bəsdi Tanrı kimi tənha gəzdin! Bir ömürlük taleyinə göydən yerə enən mənəm, Yar, gəlmişəm dur ayağa! Aç qapını, döyən mənəm!
QISQANDIM! Sən bəxtimin yazısı, xoş naxışı, Bahar etdin ömrümdəki qar-qışı. Bilirəm ki, çox sevirsən yağışı Hər damlaya, selə səni qısqandım! * * * İlmə-ilmə taleyimə toxunan, Xoş nəğməsən dodağımda oxunan. Oxşadığım tellərinə toxunan, Əsib keçən yelə səni qısqandım! * * * -Dönüb bu gün heç baxmadın üzümə… -Niyə qulaq kəsilmədin sözümə? Gah beləcə səbəb tapdım özümə, Gah da elə-belə səni qısqandım! * * * İncidəndə biri sənə döz, dedi, Biri yalan, biri doğru-düz dedi. Mənim kimi de, kim sənə söz dedi? Acı-şirin dilə səni qısqandım! * * * Günlər keçdi dava-dalaş, çarpışma. Gah incimə, gah küsülmə, barışma. Deyəmmədim, heç bir əldən yapışma, Hər tutduğun ələ səni qısqandım! * * * İstəyirsən sözlərimə gül daha, Açacağam sənə yeni sirr daha. Gül gətirmə, yarım, mənə bir daha! Əlindəki gülə səni qısqandım!
YERİNƏ Göz yaşını gizlin tökmə, Aşkar silləm siləninin yerinə! Gələn gəlmir, boynun bükmə, Durub gəlləm, gələninin yerinə! * * * Deyəcəyəm yorulmadan, Varım-yoxum sənə qurban! Ürəyimdən axsa da qan, Hər gün gülləm, güləninin yerinə! * * * Tükəndikcə səbr-dözüm, Dayaq olar sənə sözüm. Deməsən də, gülüm, özüm Dərdin billəm, biləninin yerinə! * * * Qəm üstünə kölgə salsa, Qəlbim durar gözün dolsa. Vallah, sənə rahat olsa Canım verrəm, öləninin yerinə!
QURBAN OLDUĞUM! Əlim yollarına açılı qalıb, Gəl, gözümün nuru, qurban olduğum! Ömrüm həsrətindən asılı qalıb, Könlümün qüruru, qurban olduğum! * * * Sən dərdli köksümdə kök salıb susan, İstədim dizinə baş qoyub, susam. Sanki, səhralarda bir damla susan, Dodağım qupquru, qurban olduğum! * * * Səsin Muğamların həzin havası, Qəmli segahımın qəmli avazı. Şirvan şikəstəsi, Bayatı-şirazı, Həm Rastı, həm Şuru, qurban olduğum! * * * Sənsən şair ruhum, yazmaq həvəsim. Cismimdə, canımda dönən nəfəsim! Hay saldım, Tanrıya yetışsin səsim, Ey haqqın zühuru, qurban olduğum!