???… Yaşamaq gözəl hissdir, Sənə dəyən olmasa. Dünyanın nəyi pisdir, İnsan yaşa dolmasa?! * * * Gül canıyla əlləşər, İstidən bağrı bişər. Onlar da gözdən düşər, Saralmasa, solmasa. * * * İnsan qisas alarmı, Bir-birini çalarmı, Kin, küdurət olarmı, Pislik yadda qalmasa?! * * * Saf eşq səni əyərmi, Sevən özün öyərmi, Yaşamağa dəyərmi, Yar qadanı almasa?! * * * Murad görür, götürür, Ətrafına ötürür, Baxır, dünya itirir, Gündə təbil çalmasa.
DAMLA-DAMLA Damla-damla ömür axır, Can quruyur, yanaq solur. Günahlarım dönüb baxır, Yaddaşıma pərçim olur. * * * Günahımı yuyammıram, Çalışıram təmiz olam. Bu dünyadan doyammıram, İzi itən bir dar yolam. * * * Tükənməyir arzularım, Bu dar yolun sonundayam. Üç övladdı mənim varım, Mən onların canındayam. * * * Tanrım, sevgim sənə görkdü, Çarəsizəm, qolum bağlı. Baxan deyir canı bərkdi, Daş kimidi zalım oğlu. * * * Mənə canı verən sənsən, Yaş artdıqca kölgəm itir. Günahımı görən sənsən, Ya bağışla, ya da bitir.
XOŞ GƏLDİN (60 yaşın astanasında öz-özümlə söhbətim) Getdiyim bu yolun sonu işıqdır, Bilməsəm, bir addım atarammı heç?! Qismətim ömrümə bir yaraşıqdır, Bu qismətə haram qatarammı heç?! * * * Bu yolun əvvəli gün kimi aydın, İşıqlı sonuna arxayınam mən. Etdiyim səhvləri hərdən bir saydım, Ancaq istəmişəm hey yayınam mən. * * * Demirəm sərrafam, naşıyam mən də, Dünyanın çəmini tapa bilmədim. Kefim kök olardı kənarda, gendə, Amma dar ayaqda heç vaxt gülmədim. * * * Bu dünya fanidi, mənə də qalmaz, Mən mələk deyiləm, çox günahım var. Nə qədər yaxşılıq etsəm bəs olmaz, Bir kəsə çəp baxsam dünya dağılar. * * * Altımış yaşım var çox şeyi gördüm, Həyatın dəyişməz qanunları var. Bezmədim ağrı da, kədər də dərdim, Bildim ki, yaxşı gün məni də tapar.
BƏZƏN Bəzən qanın qaralar, Bəxtin səni öyməsə. Hər bir dərdə çarə var, Allah səni döyməsə. * * * Yüz səhv edər dayanmaz, Günahını sayanmaz, Baxma, insan oyanmaz, Başı daşa dəyməsə. * * * Düzdə xana qurulmaz, Piylənmiş baş durulmaz, İnsan oğlu qırılmaz, Dövran onu əyməsə. * * * Ruhum safdı, qoyarmı?! Heç şeytana uyarmı? Murad sənə qıyarmı? Dilin onu söyməsə.
O Sevən ürək paxıl olmaz, Halal, təmiz doğular o. Sevən kəsdə ağıl olmaz Eşq içində boğular o. * * * Uşaq kimi tez aldanar, Sevdiyini canı sanar, Öz eşqini bəzən danar, Öz içinə yığılar o. * * * Evdə qalsa, tək qarıyar, Bəxti korsa, susar, duyar, Eşqdən solar, tam quruyar, Kor bulaq tək soğular o. * * * Dara düşsə, susmaz, dinər, Hikkəsiylə səni yenər, Məhvərindən silkələnər, Kərpic-kərpic dağılar o. * * * Yarı ölsə o an solar, Susar, dinməz, fikrə dalar, Sevdasından dəli olar, Məcnun deyə çağrılar o.
DÜNYANIN Gözü doymaz bu dünyanın, Hər gün gedib gələni var. Dərdə düşüb ağlayanı, Sırtıq-sırtıq güləni var. * * * Qaraqışqırıq salanı, Ömrünə balta çalanı, Yalandan nəfəs alanı, Ayaq üstə öləni var. * * * Dar ayaqda zaman getməz, Dərd qurtarmaz, azar bitməz, Eh, aşmağa ömür yetməz, Yüz təpəsi, bələni var. * * * Murad, boylan, sən də dur keç, Vaxtın varsa bir yuva seç, Hamı nankor olarmı heç, Qədir-qiymət biləni var.
60 YAŞIMA Bu da bir qismətdi, buna da şükür, İlahi, başqa bir umacağım yox. Duyuram ürək də qaş-qabaq tökür, Təkəm, sığınmağa bir qucağım yox. * * * Hər kəsin sonu var, bunu bilirəm, Bu ömür alnıma yazılan yazı. Allahın əlindən tutub gəlirəm, Nə vaxt ki buraxdı, bitər ən azı. * * * Bu ömrü sevərək duydum, yaşadım, Çalışdım düz gedəm yolumu hər an Hər il bir nişanə qoydum, yaşadım, Bildim ki, məni də udacaq zaman. * * * Ruhum tər-təmizdi axar su kimi, Hər günə şükr edər, sevinər, gülər. Hələ ki sınmayıb könlümün simi, Kökdədi, hər nəğmə çalına bilər. * * * Bu ürək çox dözdü mənim oduma, Dinmədi, görmədi üzümdə kədər. Ləkə gətirmədi mənim adıma, Nə də incitmədi bu vaxta qədər. * * * İlahi, hər zaman sənə borcluyam, Ağlım üstümdədi, təbim rəvandı. Bilirsən əzəldən nəçiyəm, oyam, Cismim qocalsa da, ruhum cavandı.
SEVİN Siz ey mənim əzizlərim, qismətdəki adı sevin! Hər bir dilə vaqif olun, demirəm ki yadı sevin! * * * Eşqə biganə qalmayın, sevginizə sadiq olun, Millətimin eşq simvolu Şirini, Fərhadı sevin! * * * Şirinliyi dil anlayar, tez ötürər beyinlərə, Sərraf olun, aqil olun, ağzınızda dadı sevin! * * * Dostluq edin, seçin hər vaxt fərəhlənən könülləri, Müxənnətdən uzaq olun, arayın, dilşadı sevin! * * * Heç qəzəl yazmamışam, anlayıram mən ərk elədim, Vaxtınız olsa əgər, bir az da bu Muradı sevin.
BİLİNMİR Bir sual həmişə hey yorar məni, O nədi heç zaman yaşı bilinmir. Nə bir ölçüsü var, nə bir ölçəni, Bu işdə nə usta, naşı bilinmir. * * * Əvvəl gəl-gəl deyər, üzünə gülər, Həyatda hamının başına gələr, Sonu nə olacaq, bir Allah bilər, Axırı, əvvəli, başı bilinmir. * * * Ay Murad, naşısan, sən də çox oxu, Görmədim doyanı, harını, toxu, O elə dağdı ki çıxammır çoxu, Ətəyi, zirvəsi, qaşı bilinmir.
DEYİLMİŞ! İçimdə o qədər ağrı-acı var, Baxıram, bu dünya mənlik deyilmiş! Çevrəmdə o qədər qardaş, bacı var, Dərdimi soruşmaq sənlik deyilmiş! * * * Başım açılmayır mərəkə, yasdan, Nə səndən yarıdım, nə də ki, dostdan, Sanki sıxılıram bu basa-basdan, Ayılıb görürəm tünlük deyilmiş! * * * Üzümə baxanlar dərdimi anlar, Mənə yad deyil ki, qohumdu onlar, İllərin dərdimlə ortaqlığı var, Nə aylıq, nə də ki, günlük deyilmiş! * * * Ay Murad, taleyin min oyun oynar, Köksün alovlanar, qaynar ki, qaynar, Baxma, dərdlərinin hər an həlli var, Əgər həlli yoxsa, tənlik deyilmiş.
Aprel ayının 28-də 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulsa da, Quba qəzasının müdafiə dəstələri 8 il bu hakimiyyətə qarşı mübarizə aparmışlar. 1920-ci ilin avqustunda Quba qəzasında son dərəcə geniş vüsət alan antisovet hərəkatını 140-dan çox kəndin əhalisi tamamilə, qalan kəndlərin əhalisi isə qismən dəstəkləyirdi. Bundan qorxuya düşən bolşeviklər 1920-ci ilin avqustunda Qubada hərbi vəziyyət elan etdilər.
Sentyabrın 9-da MK-nın plenumu Quba qəzasında əksinqilabi hərəkatı ləğv etmək üçün qərar qəbul etdi. Həmin qərardan sonra Azərbaycan Xalq Hərbi Dəniz komissarı Ə. H. Qarayev, İnqilab Komitəsinin müvəkkili L. D. Qoqoberidze, H. Ə. Həmidov və başqaları Qızıl Ordu hissələrinə rəhbərlik etmək və yardım göstərmək üçün Qubaya gəldilər. Bunu görən əhali qəzanın müxtəlif yerlərində Sovet hərbi hissələrinə inadlı müqavimət göstərməyə başladı. Antisovet çıxışlara görə qəza əhalisindən qisas alan bolşeviklər Qubaya əlavə olaraq təpədən- dirnağadək silahlanmış 5 min əsgər səfərbər etdilər. Ümumiyyətlə, qəzanın müxtəlif nahiyələrində yerli müqavimət dəstələri ilə döyüşlərə 10 minədək əsgər səfərbər olmuşdur.
Bütün bunlara baxmayaraq, Qızıl Ordu antisovet çıxışlarını yatırmaqda çətinlik çəkirdi. Hatəm ağa öz dəstəsi ilə bolşeviklərlə amansızcasına vuruşaraq Düztahir kəndində İnqilab Komitəsinin sərəncamında olan silah və patronları ələ keçirdi. Kuzunda Mohubəli əfəndi öz döyüşçülərinin sayını artıraraq 4-cü Qafqaz polkunun Terentyevin rəhbərlik etdiyi 3-cü eskadrionunu mühasirəyə aldı. Xeyli itkiyə yol verərək mühasirəni yaran əsgərlər ertəsi gün əlavə kömək aldıqdan sonra yenidən hücuma keçmək üçün Zindanmuruq kəndinin yaxınlığında birləşdilər.
Möhubəli əfəndi köməyə gəlmiş Şıxlar kəndi bəyləri ilə birlikdə pusqu quraraq sovet əsgərlərini yenidən mühasirəyə aldı. Əsgərləri pulemyot atəşinə tutan ləzgilər qanlı döyüşə girişərək, Terentyev başda olmaqla 22 əsgəri və bir milis işçisini məhv etdilər. 5 nəfər ağır yaralandı. Sağ qalan əsgərlər onların tərəfinə keçən kəndlilərin müşayiəti ilə Qusara qayıtmağa məcbur oldular.
Kuzunda döyüşlərin baş verdiyi bir vaxtda Həmdulla əfəndi də 2 min nəfər silahlısı ilə boışeviklərə qarşı savaşa başladı. Ona qardaşı Şəmsəddin əfəndi, İsmayıl Əli əfəndi, Səttar Əfəndiyev, keçmiş müsavat zabitlərindən Şükürbəy İsmayılbəyov, Arif əfəndi Şıxzadə də öz dəstələri ilə kömək göstərirdilər.
Artıq Buduq kəndində də əhali ayağa qalxmışdı. Bolşeviklər Həmdulla əfəndinin tərəfinə keçmiş əhalidən qisas almaq üçün Rük kəndinə 20 nəfərdən ibarət kəşfiyyatçı dəstəsi, Buduq dağlarına isə İ. Miluninin komandanlığı altında 420 nəfərlik hərbi hissə göndərdilər. Rük çayı ətrafında qızğın döyüşlər başlandı. Xeyli atışdıqdan sonra müqavimət dəstələri hərbi hissəni mühasirəyə aldı. Güclə mühasirəni yaran və xeyli itki verən hərbi hissənin sağ qalan əsgərləri çox çətinliklə Qubaya qayıtdı. Bundan sonra bolşeviklər Buduq kəndinə güclü süvari dəstələri göndərdilər. Sayca qat-qat çox olan süvarilər iki günlük döyüşlərdən sonra güclə burada antisovet çıxışlarına son qoya bildilər.
Bundan ruhlanan bolşevik komandirləri yenidən Qusar nahiyəsində qayda-qanun yaratmağa çalışdılar. Onlar Kuzun kəndindən sonra Çiləgir, Urva, Yuxarı Ləgər, Xuray, Əniğ kəndlərini ələ keçirdilər. Müqavimət dəstəsinin başçısı Mehdi Şeydabəy oğlu həbs olundu.
Kuzun kəndinə tərəf irəliləyən hərbi hissələr Laza kəndi ətrafında ikinci böyük döyüşə girişməli oldu. İki günlük vuruşmadan sonra üstünlük qazanan hərbi hissələr müqavimət dəstələrini dağlara çəkilməyə məcbur etdilər. Həmin vaxtda Şıxlar kəndi bəylərinin dəstələri ilə döyüşmək üçün Müşkür nahiyəsinin Güdəkli kəndinə 4-cü Qafqaz polkunun 2-ci eskadrionu göndərildi. Burada əlavə hərbi hissələrin köməyi ilə Şıxlar kəndi bəylərinin dəstələri məğlub edildi.
Bundan sonra sovet əsgərləri yenidən Möhubəli əfəndinin və Həmdulla əfəndinin dəstələrini ləğv etməyə çalışdılar. Bu məqsədlə iki polk, bir süvari dəstəsi, iki briqada səfərbər edildi. Eyni vaxtda əsgərlərə Qaçaq Mayılın dəstəsini də ləğv etmək tapşırılmışdı. Bu döyüşlərdə hər iki tərəfdən çoxlu insan həlak oldu. Sırt Çiçi və Dərə Çiçi kəndləri ətrafında Qaçaq Mayılı tutmaq üçün Rustov nahiyəsindən 28-ci, Dəvəçidən isə 82-ci briqadalar oraya yeridildi. Döyüşlər zamanı dinc əhalidən də xeyli insan qırıldı. Böyük itkilərə məruz qalsalar da, bolşeviklər qəzanın müxtəlif nahiyələrində yerli müqavimət dəstələri ilə döyüşlərə həddindən artıq əsgər səfərbər etdilər.
Ayrı-ayrı illərdə Qusarın Kuzun, Cağar, Düztahir, Kiçan, Hil, Yuxarı Kalunxür, Çiləgir, Ləçət, Yasab, Həzrə kəndlərində, Qubanın Qımıl, Buduq, Rük, Kömür, Sırt Çiçi, Dərə Çiçi, Təngəaltı, Qonaqkənd, Xaçmazın Şıxlar, Güdəkli, Ağaşirinoba, Dəvəçinin Gəndov, Qalagah, Zöhramlı, Dağ Bilici, Zeyvə kəndləri ətrafında və başqa yerlərdə gedən ağır döyüşlərdə bolşeviklər minlərlə əsgər və çoxlu texnika itirdilər. Rəsmi məlumata görə təkcə 1920-ci ilin sentyabrın 7-də qəzanın igid oğlu Həmdulla İsmayıl oğlu Əfəndiyevin dəstəsi ilə Leyti kəndi ətrafında gedən döyüşlərdə bolşeviklər 1 komandir, 12 əsgər, 10 at itirmiş, onların 7 komandiri və 60 əsgəri ağır yaralanmışdı . Əslində isə itki döyüşlərə rəhbərlik etmiş bolşevik cəlladı, 4-cü Qafqaz polkunun komandiri Moravskinin sonralar etiraf etdiyinə görə qat-qat çox olmuşdu.
Arxiv materiallarından göründüyü kimi, 1920-1928-ci illərdə Quba qəzasında Sovet hakimiyyətinə qarşı çıxış edən silahlı dəstələrlə döyüşlərə Moravskinin rəhbərliyi ilə 4-cü Qafqaz polku, Roqalevin başçılığı altında 246-cı atıcı polku, komissar Lordikipanidzenin hərbi hissələri, Smirnovun hərbi hissələri, 10 süvari dəstə, 32-ci diviziyanın 245-ci atıcı polku, Şalomovun hərbi hissələri, 4-cü süvari polku, 28-ci və 82-ci briqadalar, Meyerin hərbi hissələri, R. D. Qoqoberidzenin rəhbərlik etdiyi Qızıl Ordu hissələri, Qusar qarnizonu və başqa hərbi qüvvələr cəlb olunmuşdu.
Bolşeviklərin cəhdlərinə, bu qədər iri hərbi qüvvələri səfərbər etmələrinə baxmayaraq, onlar Quba qəzası əhalisinin Sovet hakimiyyətinə qarşı mübarizəsini qısa müddətdə yatıra bilmədilər. Bu mübarizə 8 il davam etdi və əsl müharibəyə çevrildi. Uzun illər bu qəhrəmanlıq mübarizəsinin üstündən xətt çəkilsə də, tarix uzun illərdən sonra qəza əhalisinin bolşevizmə qarşı mübarizəsinin uzaqgörən və ədalətli mübarizə olduğunu bir daha sübut etdi.
Qeyd edək ki, 1920-1928-ci illərdə bu mübarizəyə Dəvəçi nahiyəsində Həmdulla əfəndi, onun qardaşı Şəmsəddin əfəndi, Şəttar Əfəndiyev, Şükürbəy İsmayılbəyov, Arif əfəndi Şıxzadə, pirəbədilli Məmməd əfəndi və Molla Məhəmməd bəy Ağadadaş bəy oğlu, Şıxlar kəndinin bəyləri – Həsən bəy, İbrahim bəy, Mürsəl bəy, əslən Dağıstanın Miskincə kəndindən olan Ləzgi Məhəmməd, Osman Mayıl oğlu, polkovnik Məmmədbəy Məmmədbəyov, Qubada Əli bəy Zizikski (ilk mərhələdə), Rustov nahiyəsində məşhur qaçaq Mayıl Zahirov, buduğlu Hacıbəy Osmanbəy oğlu, Möhüclü Mirzəli Hacıisa oğlu, Qusar nahiyəsində Cağar kəndinin sakini, polkovnik Hatəm Sərkərov, kuzunlu Möhubəli əfəndi Mahamadov, urvalı Mehdi Aydayev, gədəzeyxürlü Gülməmməd Nurəli oğlu, kuzunlu qaçaq Rəsul, düztahirli İdris Çubanan, Şahbala Muruğvi və başqaları rəhbərlik edirdi.
Ədəbiyyat siyahısı:
1.Azərbaycan SSR OİMDA, fond 27, siyahı 5, iş 97, vərəq 2
2 “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” II cild səh 9-12
3. Vikipedia.az
4. Solmaz Rüstəmova-Tohidi. Quba. Aprel-May 1918-ci il. Müsəlmanqırğınlarısənədlərdə, Bakı, 2013, s.110-144
Dörd qapu-Təsəvvüf əhlinə görə haqqa çatmaq üçün 4 mərhələdən keçmək lazımdır. Bu mərhələlər adi müsəlmanların getdiyi şəriət pilləsi,zahidlərin getdiyi təriqət mərhələsi və ariflərin yetişdiyi həqiqət və mərifət məqamıdır.
Qeyd:
Təriqətindən aslı olmayaraq hər bir müsəlman iman ruhu ilə həqiqət mərhələsinə yetişə bilir. Molla Sədra ruhu bir neçə yerə bölmüşdür ki, həmin bölgülərən biri iman ruhu,digərisi isə etiqad ruhudur. Etiqadı yəni təriqəti müxtəlif olan kəslər,iman ruhu ilə özlərini təkmilləşdirib həqiqət məqamına yüksəlirlər.
Qırx məkan-İslam dininə görə 40 ədədinin özünəməxsus özəllikləri vardır. Bu beytdəki 40 ədədini isə iki yol ilə izah edə bilərik.
1.Tarixi yol- İmam Hüseynin(ə) ailəsi əsir düşərkən 40 mənzil ilə Şam şəhərinə əziyyətlə aparılmışdır.
2.İrfani təqva yolu~ Yüksək dərəcəli irfani məqamlara çatmaq istəyən bir müsəlman üçün əsas şərtlərdən biri budur ki,O, 40 gün 40 fərqli məsciddə şam namazından sonra ziyarəti-aşura oxumalıdır.
3.Şəriət-Təriqət-Həqiqət və Mərifət yollarının hərəsinin özünə uyğun 10 qanunu,cəm olaraq isə 40 qanunu vardır.
Yetmiş iki qat- Din fəlsəfəsində 72 ədədinin ayrı məqamı vardır.
1.İslam tarixində Kərbəla döyüşündə İmam Hüseynin(ə) 72 tərəfdaşı şəhid olmuşdur.
2.Həqiqətin mənbələrində üçlər, beşlər, yeddilər, qırx kimsənə, yetmiş iki pir,üç yüz on üç əsgərlə yanaşı, doxsan min qulamın da adı çəkilir
3.72 rəqəmi əbcəd hesabı ilə kəf ك , nun ن və bə ب hərfləri ilə işarə edilir. Kəf və nun hərflərini birləşdirdikdə kun sözünü əldə edirik. Bu hərf ol sözünü ifadə edir. Belə ki, islam fəlsəfəsinə görə Allah yeri-göyü ol sözü ilə yoxdan var edib. Bəqərə surəsinim 117-ci ayəsində buyurulur ki, Allah ol deyər və olar.
Bə hərfinin isə əbcəd elmində mənası dərindir. Belə ki, Qurani-Kərim Fatihə surəsinin 7 ayəsində yığcam,amma müfəssəl formada təcəlli olmuşdur. Fatihə surəsi ilə Bismillahir-rəhmanir-rəhim sözündə,Bismillah sözü isə Bə hərfində təcəllidir. Hədislərdən birində qeyd edilir ki,Hz.Əli(ə) bə hərfinin altındakı nöqtədir. Yəni ki, O(ə) ümumi Quranın natiqi və canlı müfəssiridir(təfsir edən).
Beytin 2-ci misrasında qeyd edilən məsələ isə məhəbbətdən söhbət açılır. Eşqin xüsusiyyətlərindən biri budur ki,insan öz yarına həddən artıq aşiq olanda,ondan qeyrisini görə bilmir. Ariflərin də Allaha olan eşqi əndazədən kənara çıxdığı üçün onlar təbiətdə Allahdan başqa heç bir varlığı görmürlər. Və onların zənnincə, gözlə görünən materialarda Allahın nişanələri vardır və Allah bütün kainatı bürümüşdür. Şərq fəlsəfəsində bu dünya görüşünə vacibül-vücudun vəhtədi yəni ,vəhdətül-vücud deyilir. Qərb fəlsəfəsində isə buna oxşar fəlsəfi baxış,bilinənin əksinə panteizm deyil, transsentensializmdir. Molla Sədranın hikmətil-mütəaliyyə fəlsəfəsi Amerika fəlsəfəsində Ralf Emerson tərəfindən bu cür adlandırılmışdır. Molla Sədraya görə Allahın varlığı və mahiyyəti onun zatındadır və O insanda varlıq yox,məhz mahiyyət etibarı ilə təcəlli olmuşdur. Belə ki, Allahın varlığı elə onun Allah adında,mahiyyəti isə Rəhman,Rəhim,Qəhhar,Alim,Əzim və.s kimi 1001 sifətindədir. Mümkün əl-vücudda( yaranmışda) təcəlli olan Allah sifətlər yəni mahiyyət etibarı ilə hülul olmuşdur.Transsendentsializm cərəyanına görə də insan mən etibarı ilə,təbiət isə qeyri-mən etibarı ilə Allahla əlaqədədir. Ariflər üçün də hər yerdə Allahın sifətlərinin nişanəsi olduğu üçün,onlar bilavasitə Allahı böyük eşq ilə sevir,məhəbbət bəsləyirlər.
Bədii qəhrəmanların şərəfinə adlandırılan sindromlar
Emma Bovari sindromu. İdeallaşdırılmış məhəbbət axtarışında olan, reallığı qəbul etməyən, reallıq hissəni itirən bir qadının faciəsi. Xroniki emosional məmnuniyyətsizlik, ağ atlı şahzadə axtarışı, istəkləri naminə hər şeyi qurban vermə.
Martin İden sindromu. Uğur qazanmaq üçün çalışırsınız, məqsədinizə nail olmusunuz, lakin həyata marağınız itib. Bütün maneələri dəf edərək, məqsədinizə çatsaz da, zövq ala bilmirsiniz, təhlükəli apatiya vəziyyətinə düşmüsünüz, hər şeyi təxirə salırsınız. İnsan böyük arzuların yanında kiçik arzuları da saxlamalıdır.
Dorian Qrey sindromu. Xarici görünüşünüz, fiziki cəlbediciliyiniz sizdə maniakal narahatlıq yaradır, qocalığı qəbul etmirsiniz, qocalmaqdan çox qorxursunuz, bunu geyiminizlə, estetik əməliyyatlarla, kosmetoloji vasitələrlə kompensasiya etməyə çalışırsınız.
Piter Pen sindromu. Böyümək istəmirlər, daha çox kişilər sindromdan əziyyət çəkirlər. Digər adı kidaltdır-“yetkin uşaq”. Uşaq kimi davranırlar. Ölkəmizdə belə kişilər çoxluq təşkil edir.
Vendi sindromu. Uşaq olsalar da, yetkin kimi davranırlar, daha çox qadınlarda müşahidə olunur, ana mövqeyində çıxış edirlər, perfeksionistdirlər.Müdrik qadın obrazına ayaq uydurmağa çalışırlar. Rədd edilmə qorxusu buna səbəb ola bilər, ölkəmizdə qadınların çoxu bu sindromdan əziyyət çəkir.
Alisa möcüzələr diyarında sindromu. İnsanlar ətradakı əşyaların proposiyasını dərk etməkdə çətinlik çəkirlər, həmin əşyalar onların gözünə ya çox böyük, ya da çox kiçik görsənir.
Plyuşkin sindromu. Digər adları Diogen sindromu, sillaqamaniya, yığıcılıq vərdişi. Bu, qocaldıqca meydana çıxan kəmağıllılıq nəticəsində lazımsız əşyaları toplamaq vərdişidir. Bəzən belə mənzillərdə yaşamaq mümkün olmur.
Edip kompleksi. Öz atasını öldürüb anası ilə evlənən Çar Ediplə əlaqəlidir. Ziqmund Freyd uşağın anası ilə seksual arzularını, atasını qısqanmağını bu cür adlandırırdı.
Elektra kompleksi. Qızın atası ilə bağlı seksual arzularını Freyd bu cür adlandırırdı.
Verter effekti. Hötenin “Gənc Verterin iztirabları” əsərindən götürülüb, “kütləvi intiharlar” bu cür adlanır.
Münhauzen sindromu. Hazırda simulyativ pozuntu adlanır. Başqalarını xəstə olduqlarına inandırırlar.
Kral Lir sindromu. Əsər bir növ övladlarının xüsusi oldqularına, onların heç vaxt tərk etməyəcəyinə kor-koranə inanan valideynlərə nəsihət xarakteri daşıyır. Valideyn və övlad arasında bağın olmaması, uşaqların qullarına çevrilməsi, ləyaqətlərini, individuallıqlarını itimələri.
Ledi Maqbet sindromu və ya Ponti Pilat sindromu. İnsan psixikasında mental və fiziki təmizliyin əlaqəsindən ibarətdir. Üst-başları təmizdirsə, insanlar elə bilirlər ki, içləri də təmizdir, günahlarını yumaq istəyirlər.
Sinderella sindromu. Qurban kompleksli xanımlar-mütilik, fağırlıq, itaətkarlıq, fədakarlıq. Müstəqillikdən qorxurlar, ndiki zamanda yaşamırlar. Möcüzəyə bəslədikləri inam passiv həyat tərzinə bəhanə olur. Analarının qoyduqları qayda-qanunların əsirinə çevrilirlər.Uğur qazanmaqdan qorxular, uşaqlıqda manipulyasiya olunurlar.
Yatmış gözəl sindromu və ya Kleyne-Levin sindromu. Hipersomniya. Bu sindromdan əziyyət çəkənləri yuxudan oyandırmaq çətin olur, apatiya, səsə, işığa qarşı həssaslıq, hallüsinasiya, qeyri-sağlam, qidalanma, hiperseksuallıq, (daha çox kişilərdə) depressiya əlamətləridir.
Haklberri Finn sindromu. Məktəb dövründə itaətsizliklə başlayır, yetkinlik yaşına çatdıqdan sonra iş yerini tez-tez dəyişməklə, səbəbsizcə iş yerinə getməməklə müşahidə olunur. Boşluq hissindən əziyyət çəkirlər, o hissi doldurmaq üçün daim axtarışdadırlar. Heç vaxt heç kimlə özlərini rahat hiss etmirlər, məsuliyyətdən qaçırlar, ata fiqurları dağıdıcı olur, özünəhörmət hissi aşağıdır, stabilliklə problemləri olur.
Polianna sindromu. Təhlükəli optimizm. Ən pis hadisələrdə yaxşı şey axtarırlar. Həyata çəhrayı eynəkdən baxırlar, süni evinc, təhrif olunmuş reallıq sindroma xasdır.
İstinad olunan mənbə: Lamiyə Göycəyeva, kopirayter
Qayıt, mənim gülüm, yerbəyer elə Dərdli səhərləri, gecələri sən. Çaşıb başqa yolla keçirəm elə, Düz öz qaydasınca küçələri sən.
Qayıt, yerinə qoy Ayı, Günəşi,- Yenə olduğu tək görüm həyatı. Qayıt, gözüm nuru, könlüm atəşi, Qayıt, səhmana sal bu kainatı
İki sevgi
Gözəl qız, sən saf susan, İki qəlb arzususan. Mən səni sevirəm Sususzluğun od vurub köz kimi yandırdığı dodaq su sevən kimi. O isə səni sevir rahatca bardaş qurub, – Kabab üstdən sərin su pis olmaz – deyən kimi Gözəl qız, sən işıqsan, Yurduma yaraşıqsan. Mənsə səni sevirəm iynənin ucu boyda İşığa həsrət qalan göz işıq sevən kimi O isə səni sevir Bir şən mağarda, toyda, İşıqlardan yaranmış yaraşıq sevən kimi. Danış, ucalsın səsin, Qısılmasın nəfəsin. Mən ki səni sevirəm Bakıdan, Daşkəsəndən Gələn bir səda kimi, Səs kimi, Qüdrət kimi O isə səni sevir, Gizli deyil ki səndən, Bir otaq küncündəki qəmli sükunət kimi. Bu mən, bu o, bu da sən, De görək nə deyirsən! Amma yaxşı fikir ver bu iki məhəbbətə. Daha heç nə demirəm Nöqtə, nöqtə və nöqtə. 1953
O qıza
Axtarıram mən səni, Arayıram mən səni. Soruşuram gözümlə ötüb keçəndən səni, Axtarıram kitabda, arayıram həyatda. Bilmirsən nə boydasan, nə görkəmdə, nə adda, Sənin təhsilin nədir, sənin yaşın neçədir? Aladırmı gözlərin, qaradırmı, necədir? Bəlkə elə xalın var, ay ömrün rəfiqəsi, Qoy qara xalın olsun həsrətimin nöqtəsi! Bəlkə məndən böyüksən, bəlkə məndən kiçiksən; Ol, kiçik ol. böyük ol, amma kamallı ol sən. Kamal ol ki ömür bir şən nümayiş deyil, Mənalı yaşamaqsa çox da asan iş deyil. Ağıl da öz yerində. kamal da öz yerində. Bir gözəllik də görüm mənalı gözlərində. Kimə, niyə baxıram təkcə səni andırır. Ürəyimdə sözüm var, ürəyimi yandırır. O elə bir sözdür ki, dosta. yada deyilməz. Anadan əziz nə var, anaya da deyilməz. Əllərimi göynədir saçlarının həsrəti. Gəl yiyəsiz qalıbdır könlümün məhəbbəti. İşdir üz-üzə gəldik… Onda məndən utanma, Ürəyindən keçəni nə gizləmə, nə danma Gizləmə ki, danma ki, gedər hərə bir yana; Qoyma canım od tutub yana, ömürlük yana. Səni harda axtarım? De nəçisən? De kimsən? Tez ol, görün, tez ol gəl, axtarıram səni mən! Gözümdə, könlümdə qəm, Yollarına bitmişəm. İlk baharı gözləyən cavan bir ağac kimi. Baharı gözləyirəm… Ay qız, gəl bahar kimi.
Azərbaycan ədəbiyyatının inkişafı prosesində aşıq ədəbiyyatı mühüm yer tutur. İslama qədər bu ədəbiyyatın mənəvi əsaslarını türk inancları, dərviş ənənələri və şaman ayinləri təşkil edib. Türk xalqları islamı qəbul etdikdən sonra şifahi xalq yaradıcılığından gələn aşıq ənənələri zəminində bu ədəbiyyatın nümayəndələri xalqın duyğu və həyəcanının tərcümanına çevrilmişlər. Onlar öz şeir və dastanlarını dildən-dilə, teldən-telə (saz dili), könüldən-könülə ötürməklə keçmişdən bugünə çatdırırlar.
Aşıq ədəbiyyatının özünəməxsus ədəbiyyat janrı kimi meydana çıxması və formalaşması XVI əsrin sonlarına təsadüf edir. Azərbaycanda müsəlman ictimai-mədəni hadisəsi kimi ortaya çıxan, divan ədəbiyyatı mənsublarının bayağı kimi qələmə verdikləri aşıqlıq ənənəsi zaman keçdikcə öz klassik formalarını yaratmışdır. Yarandığı dövrdə əsasən, “gözəlləmə”yə üstünlük verən aşıqlar getdikcə milli vəznimiz olan hecalarla oxuduqları və sadə dildən istifadə etdikləri melodik şeirlərdə ictimai həyatın bütün sahələrindən mövzulara müraciət etmiş, özünəməxsus üslub yaratmış, təkmilləşmələrlə bu günə qədər yaşamağa davam edən bir sənət nümayiş etdirərək xalqın diqqət və rəğbətini qazanmışdır. Zaman keçdikcə yaşadıqları cəmiyyətin inanc və dəyərlərindən qidalanan aşıqlar bu mövzuları həmsöhbətlərinin marağına uyğun şeirləşdirmişlər.
Azərbaycanın milli aşıq ədəbiyyatı tarixində önəmli yеri olan ustad aşıqlardan biri də Aşıq Ələsgərdir. Sonralar Dədə Ələsgər adı ilə tanınan bu böyük sənətkar fitri istedadı ilə, şeirin dodaqdəyməz, müxəmməs, qıfılbənd, təcnis, cığalı təcnis, gəraylı, divani növlərində müxtəlif məzmunlu sənət nümunələri yaratmaqla aşıq sənətinin zirvəsini fəth etmişdir.
Bildiyimiz kimi, aşıq şeirində qapalı şəkildə bəyan edilən, içində adın, nəsnənin, dünyəvi və İlahi bilgilərin gizləndiyi sirlər var. Bəlkə də buna görədir ki, Aşıq Ələsgər də özündən əvvəlki ustadları kimi “Haqq aşığı” adlandırılıb. Çünki o da “vergili”, “buta verilən”, “badə içirilən” aşıqlardan biri kimi özünəməxsus unikal bir yaradıcılıq yolu keçmişdir.
Aşıq ədəbiyyatında yuxu motivinin izləri çox qədimlərə gedib çıxır. Yuxu motivi türk xalq ədəbiyyatında, xüsusilə xalq nağıllarında, dastanlarda yer alır. Bu motiv bir çox aşıqların, o cümlədən, Aşıq Ələsgərin də həyat hekayəsində görünür. O, özündəki bu vergini belə izah edir:
Şəhrin şöləsindən buldum bələdi,
Xoş gəldi xoşuma halı qabaqda.
Pir mana göstərdi şah məqamını,
Gördüm cəmdi çox calalı qabaqda.
Türk ədəbiyyatında yuxu motivi mürəkkəb quruluşa malikdir. Belə ki, yuxuda “buta verilən” adam, yuxuda öz vəzifələrini də öyrənir – saz çalmaq, söz qoşmaq, İlahi bilgilərdən hali edilmək, yuxuda görüb sevdiyi qızı axtarıb tapmaq və s. kimi xüsusi qabiliyyətlərlə sadə şəxsiyyətdən sənətkar şəxsiyyətə keçirlər ki, bu da onların ustad aşıq olmağa başlamasının, daha doğrusu, ifaçı aşıqdan yaradıcı aşığa çevrilməsinin ənənəvi elementi kimi görünən mühüm yoludur. Aşıq Ələsgər “Pеyğəmbərin mеracı” şeirində yazır:
Yеtişdi hücrəyə əzizü əzim,
Şahi-Mərdan dеdi: “Mеracın qədim!”
Göstərdi almanı, еtdi təbəssüm,
Buyurdu: “Hər işin sirri-qüdrətdi”.
Şeirdən göründüyü kimi, Aşıq Ələsgərin özündə baş verən bu nirvana halını (buddizm fəlsəfəsində arzulardan, iztirablardan azadolma anı) peyğəmbərin meracına bənzədir. Folklorda “vergi” şərbət, alma, nar, çörək, üzüm, bir cam su kimi istənilən qida da ola bilər, əsas olan verilənin və qəbul olunanın nəticəsində yaranan mənəvi dəyişiklikdir. Bu şeirdə Aşıq Ələsgər “pir”in ona alma uzadıb – şah məqamını göstərdiyini qeyd edir. Sənətkar “Yüküm” şeirində yenə eyni məqama işarə edir.
Biçarə Aşıq Ələsgər,
Sığın Şahi-Hеydara;
Onun damənindən tutan
Məhşərdə yanmaz nara.
Pirim mana nüsrət vеrib,
Bu gün çıxdım bazara;
Sən sərrafsan, aç xırd еlə,
Bax gör, nə maldı yüküm!
Burada da sığınacağını “Pirim” dediyi “Şahi-Hеydar” adlandırır. Bir başqa şeirində əsli-zatı ilə şərəfli, ləyaqətli ad qazanan igidə xitabən yazdığı “Dəli Alı” şeirində deyir:
Gün kimi aləmi tutubdu adı,
İyidlər sultanı, xanı Dəli Alı.
Pirim – Şahi-Mərdan vеrib muradı,
Artırıb şövkəti, şanı Dəli Alı.
Dərs alıbdı o, Əliyyi-əladan,
Xof еyləmir Xеybər kimi qaladan.
Gəzən zəlzələdən, yaman bəladan
Hifz еyləsin kərəmkanı, Dəli Alı!
Və yaxud:
Oxuram inna-fətəhna,
Mətləb allam yuxuda;
Şahi-Mərdan nökəriyəm,
Dərsimi pünhan vеrir.
Qeyd etmək yerinə düşər ki, “Şahi-Hеydar”, “Şahi-Mərdan” İslam Peyğəmbərinin canişini və vəlisi Həzrət Əlinin ləqəbi kimi poeziyada çox işlədilib. Məlum olduğu kimi, Həsən Bəsri və Həllac Mənsurun bütün mənəvi aləmi Hz. Əlinin qüdrətindən qidalanır. Yazıb-oxumaq bilməyən Aşıq Ələsgər o qədər işıqlı və pak idi ki, bu biliklərini ağızdan-ağıza əxz edərək onlardakı dərin mənaları aça bilir və sadə şeir dili vasitəsilə müasirlərinə çatdıra bilirdi.
Yazıq Ələsgərəm, bir kəminə qul,
Əysik sözü hərgiz еtmərəm qəbul.
Bəndеyi-xudayam, ümməti-Rəsul,
Dost tutmuşam Şahi-Mərdan Əlini.
Dar günümdə yеtiş dada,
Ya Şahi-Mərdan ağa!
Nitq vеr, mеydan içində
Qoyma sərgərdan, ağa!
Həm Əlisən, həm Vəlisən,
Həm səxisən, həm səxa,
Həmi dildə zikrim sənsən,
Həmi əzbərdən, ağa!
“Vergi” aşıq ədəbiyyatında şeir demək (bir çox aşıqların, ozanların yazıb-oxuma savadları olmayıb) bacarığına yiyələnməkdə, dini bilikləri və lədun elmini öyrənməkdə, bir növü dərvişlik, ozanlıq xüsusiyyətlərini əldə etməkdə mühüm amildir. Yuxarıdakı nümunələrə əsaslanaraq demək olar ki, Aşıq Ələsgər “vergi”sini yuxuda Həzrət Əlidən alıb.
İstisnalar olsa da, sözügedən “vergi” adətən böyük bir kədər və ya qorxudan sonra, 10-20 yaş arasında baş verir. Tədqiqatlara görə, Aşıq Ələsgər də təxminən 17-18 yaşlarında sevdiyi Səhnəbanudan ayrıldıqdan sonra, onun sevgisilə kədərlə “yüklənmış” və bədahətən şeirlər qoşmuş, məzmun, forma rəngarəngliyi, saf xalq dili ilə qoşma, bayatı, gəraylı ilə bərabər, irfan sirlərini özündə ehtiva edən, çətin şeir növü sayılan qıfılbəndlər söyləməyə başlamışdır. Bu, Ələsgərin aşiqlikdən aşıqlığa keçid yolu idi ki, gəlib “Haqq Aşığı” (aşiqi)ndə birləşirdi.
Bundan sonra, bir çox şeirlərində “Quran”dan ayələrin, 12 imamın, xüsusilə İmam Əlinin adı keçir. “İmamlar” şeirini “Bismillahir-rəhmanir-rəhim!” – dеyib, Sidq ilə çağırram Şahi-Hеydəri” misraları ilə başlayıb, sıra ilə hər bənddə bir imamın adını çəkməklə davam edir və:
Mеhdinin şəninə gəlibdi ayat,
İsminə möminlər vеrir salavat.
Yovmi-ərəsətdə еtmə xəcalət,
Yandırma odlara qul Ələsgəri! –
deyərək bitirir. “Qabaqda” şeirində:
Dünyada əl çəkmə sövmü səlatdan,
Təmiz vеr, qalmasın xümsü zəkatdan.
Ələsgər, xof еtmə puli-Siratdan,
İrəhbərdi Cənab Əli qabaqda
– deyərək Hz. Əlini rəhbər tutduğunu diqqətə çatdırır.
Haşiyə: Ustad sənətkarın bəzi şeirləri məzmun etibarilə “Quran”la, şəriətlə, hədislərlə bağlı olduğuna görə, Sovet dövründə dərc olunması qadağan edilib. Eyni zamanda, “Qələm”, “Çəksən”, “Görünsün”, “Qaçaqaç”, “Məni”, “Düşdü” və başqa şeirləri isə o vaxt yaşanan inqilabdan və Azərbaycan türklərinin öz dədə-baba yurdlarından sürgün olunmasından bəhs etdiyi üçün məhz həmin dönəmdə dərc olunmayıb, sonralar el aşıqlarından toplanaraq kitaba salınıb.
Aşıq Ələsgərin Hz. Əliyə olan bağı “Ya Əli”, “Yaxşı hörmət ilə, təmiz ad ilə”, “Olmaz”, “Məhəmməd”, “Kеçmişəm”, “Rənc Ali-Əba”, “Qan ağla, gözüm, şahi-şəhidana bu gündə” (mərsiyə), “Sənsən”, “Şahi-Heydəri”, “Vardır” və s. şeirlərində daha aydın görünür. O cümlədən, “Baş еndirir” şeirində ustad, öz biliyinə, elminin dərinliyinə, inancının gücünə əsaslanaraq, başqa aşıqlardan üstünlüyünü bildirir, onları dərya, özünü ümman adlandırır:
…Ölməyincə bu sеvdadan
Çətin dönəm, usanam;
Həqiqətdən dərs almışam,
Şəriətdən söz qanam.
Şahi-Mərdan sayəsində
Еlm içində ümmanam;
Dəryaların qaydasıdı,
Ümmana baş еndirir.
Aşıq Ələsgər özündəki bu gücü – islam dininin həqiqətini, sufi təriqətinin mərifətini aşıq sənətinin – sözün və sazın (musiqinin) gücü ilə birləşdirirdi.
Ahəngər dеyiləm, naşı bəzirgan,
Gözüm dürdanədə, a yəməndədi.
…Bir sazım var, yox pərdəsi, nə simi,
Onu çalıb, kim tərpədər nə simi?
Firdovsi, Fizuli, Hafiz, Nəsimi –
Onlar da yazdığı, ayə, məndədi.
Ustad “naşı bəzirgan”lara bildirmək istəyirdi ki, o, suyun ahənginə uyub gəlmir, onun gözü dürrdə-dürdanədədir. Yəni, həyatda mücadilə etmək mübarizlər üçün hadisə deyil, həyat tərzidir. Burada, “özünü bilmə”nin ideologiyanı aşan tərəfi də var – bu inancdır. İnanc bir varlıq formasıdır ki, insanın həyata, insanlığa, təbiətə baxış tərzini, hətta arzularını da müəyyən edir. Bu fikir, Hz. Əlinin həyatı, şücaəti, mərdliyi, mərifəti ətrafında formalaşır, ona olan inancda, onun verdiyi “vergi” ilə açıqlanır.
Qeyd edək ki, bu sevgi təkcə Aşıq Ələsgər yaradıcılığında deyil, ümumiyyətlə, türk ədəbiyyatında bütün irfani düşüncələr, xüsusən də əksər məzhəblər və onların üzvləri Hz.Əlidə cəmləşmişdir. Təsəvvüf ədəbiyyatında ənənə halını almış Həzrət Əli və onun xüsusiyyətləri ilə məşğul olmaq bəzən onu ilahiliyə qədər yüksəltmişdir.
Bu şeirdə klassik Şərq şairlərinin adları təsadüfən çəkilməyib. Bu, onların da Hz.Əli haqqında dedikləri tərifləri diqqətə çatdırmaq üçündür. Şair demək istəyir ki, o, “Şahi-Mərdanı” elə-belə tərif etmir, ondakı simsiz-pərdəsiz Eşq sazını ona gör kim verib. Yeri gəlmişkən, adları çəkilən klassik şairlərimizin Hz.Əli haqqında dediklərini xatırlayaq:
Ş.İ.Xətai “Dəhnamə”nin “Dər mənqəbəti-şahi-mərdan Əli” bölümündə Adəm əleyhissəlamla Hz.Əlini müqayisə edir: “Həm səndə bulundu ismi-əzəm, Həm səndə göründü ruhi-Adəm. Tiğində yazıldı sətri-lövlak Lövlak ləma xələqtul əflak.” Sufilər İsmi-əzəmin (əsmaül hüsna) ancaq Allaha aid, peyğəmbərlərə agah olduğunu deyirlər. Ş.İ.Xətai (yəqin ki, şiəlik görüşləri səbəbilə) o adı Həzrət Əliyə də şamil edir.
Bir hədisə əsasən, Allah-Təala Məhəmməd peyğəmbərə meracda Cəbrail vasitəsilə deyir: “Əgər sən olmasaydın, mən fələkləri yaratmazdım”. Xətai bu kəlamın Hz.Əlinin qılıncında yazıldığını qeyd edir və bununla bir növ həmin sözlərin imama aid olduğunu da ifadə etmiş olur.
Xətai yenə başqa bir şeirində Hz.Əliyə xitabən “Həm səndə göründü ruhi-Adəm.” – deyir, M.Füzuli bu motivə başqa tərəfdən yanaşır. Hz. Əlinin axirətdə Adəmlə birgə olmağına, cənnəti – Kövsərdə Adəmi qonaq qəbul etdiyinə işarə edir: “Kövsəri-cənnət onun hökmündədir, ol vəchilə, Cümlə nəslindən həmin Adəm ona mehman olur.” Bu beytdə məhşər günü Hz.Əlinin Tanrıdan bəzi insanlara da şəfaət diləyəcəyi fikri də öz əksini tapır.
İ.Nəsimi şerində də tez-tez Hz.Əlinin “Özünü Tanıyan tanrısını tanıyar.” kəlamına rəst gəlirik.
Ə.Firdovsi məhşur “Şahnamə” əsərində dəfələrlə imam Əlini xatırlayır. “Kimin ki, Əli ilə düşmənliyi var, Hər iki dünyada olacaqdır xar. Mən kiməm? Nəbinin kiçik bir qulu, Yolumdur hər zaman Əlinin yolu.”
İslam dini inancı Aşıq Ələsgər yaradıcılığının böyük bir hissəsini təşkil edir, – desək, səhv etmərik. Amma bununla yanaşı, elm-ifran körpüsündən keçən, sözün və sazın vəhdətilə inşa edilən şeirlərində sufi mətləblərindən də söz açılır. Bəlkə də Aşıq Ələsgər şeirinin məhz musiqi ilə vəhdətdə olması, sufilərin inanc və vəcdi birləşdirən musiqi anlayışları ilə üst-üstə düşməsindən irəli gəlir ki, bu da İlahi eşqi dərin bir sevgi və şövqlə yazdığı ölməz əsərlərləri ilə təkcə Azərbaycana deyil, bütün türk-islam dünyasına bəxş etmişdir. Əsrlər boyu ağızdan-ağıza, qəlbdən-qəlbə keçən bu əsərlər indi də eyni zövqlə, canlılıqla ifa olunur.
Klassik xalq şeirini rövnəqləndirən şairin “Bax, bax” rədifli dildönməz gəraylısı Hz.Əlinin şəhadətinə yazılan ağıdır.
Əxi, biya, biya, bеqu,
Bеqu, biqof, ağa, bax, bax.
Həyyi, həqqü hakim sənsən,
Həyyə bax, bu bağa bax, bax.
Gözüm sağı, sübh ayağı
Gеyək ağı, gəzək bağı.
Hamı sеvib bu sayağı,
Qaymağa, həm yağa bax, bax.
Əziz ayə, müəmmayə,
Gərək sayə bu məvayə.
Səbəb sənsən bu qovğayə,
Böyük Ağa, sağa bax, bax.
Şeirin birinci bəndində işlənən “əxi” və ərəb sözlərini açsaq, şairin nə demək istədiyi anlaşılır. Əxi – XIII əsrdə Hacı Bektaşi Vəli tərəfindən qurulan türk-islam təşkilatının üzvlərinin bir-birinə müraciətidir – qardaş (əqidə qardaşlığı) anlamına gəlir. Qardaşlar, gəlin, deyin ki, Həyyi (diri olanı – Allahı) həqqü hakim – həqq olanı hakim bilən, yəni Allahı tanıyan sənsən. * Bu arada qeyd edək ki, “biqof” sözünün doğru yazılışı “biqoft”dur. (tərcüməsi: demək). Həyyə bax – qalx, bax. (Əlinin ucalığına işarə edir), bu bağa bax, (bağ sözü burada böyüklüyü ifadə edir).
İkinci bəndın izahı: Ey sağ gözüm, sübh çağı (dan üzü, namaz vaxtı) geyək ağı (kəfəni), gəzək bağı (bağ – burada: cənnət) Hamı (burada: şəhidlərin hamısı) Allahı bu sayaq sevib, qaymaq, yağ yeyərcəsinə (xoşluqla, rahatlıqla) Allah yolunda can veriblər. Bu bənddə şair sübh namazında Hz.Əlinin qılınclandığını – şəhadətə yetirildiyini vurğulayır.
Üçüncü bəndin izahı: “Əziz ayə, müəmmayə” deyərkən, şair bəzi Quran təfsirçilərinə və hədislərə görə bir neçə ayənin, o cümlədən, Nəcm surəsinin (53) 14-cu “(Yeddinci göydəki) Sidrətül-müntəhanın yanında.”ayəsi 15-ci (Mələklər, şəhidlər və müttəqilər məskəni olan) Mə’va cənnəti onun yanındadır. ayəsinin və “Maidə” (5) surəsinin 3-cü ayəsinin Həzrət Əli ilə əlaqədar nazil olduğuna diqqət çəkir. Deyir ki, gəlin, biz də bu səsə – məlumata, bu guşəyə kölgə salaq (qoruyaq, inanaq). Bu səsin (xəbərin) səbəbi sənsən (Əli sənə inandı), Böyuk ağa (Məhəmməd peyğəmbər (s)) Əli sənin sağındadır (cənnətdə Mə’va bağında).
Tarixən türk toplumlarında hörmət ifadəsi olaraq, xalqa yol göstərən təcrübəli, bilikli şəxslərə, irfan sahiblərinə, ariflərə Dədə titulu verilib. Aşıq Ələsgərə “Dədə Ələsgər” deyə xitab olunması onun İslam dini ilə yanaşı, həm də Mövləvi və Bəktaşi təriqətlərinin təlim-tərbiyəsini örnək almasının, o kultun ənənəsini davam etdirməsinin göstəricisidir. Dədə Ələsgərin bu nizamı saxladığı qüdrətli sənətkarın bir çox şeirlərindən, eləcə də özündən sonrakı ustad aşıqların onun haqqında söylədikləri rəvayət və dastanlardan bəlli olur.
Adım Ələsgərdi, əslim Göyçəli,
Ələst aləmində dеmişəm “bəli!”.
Həm aşiqəm, həm dərvişəm, həm dəli,
Canım gözəllərin yol qurbanıdı.
Burada üçüncü misradakı “aşiq”, “dərviş”, “dəli” sözlərinin ardınca ifadə olunan “gözəllər” sözünün qadınlara aid olmasını düşünmək əlbəttə ki, absurd olar. Şairin bu ifadəsi onun Dədələrin – “gözəl əxlaqlı, nur üzlü, pak qəlbli, haqq-ədalət əməlli, şərəfləndirilmiş mübarək adamlar”ın yoluna can qoymasına, o yolun davamçısı olmasına işarədir.
Bundan başqa Ələvilər və Qızılbaşlar ruhanilərinə Dədə deyirlər. Ələvilər (şiələr) ümumiyyətlə, babalarının Hz. Əlinin nəslindən olduğunu qəbul edirlər. Dədələrin Ələvilərin və Qızılbaşların dini həyatında çox mühüm funksiyası vardır. Onlar dini, şəriəti təbliğ etmək üçün kənd-kənd, oba-oba gəzir, dini ayinləri icra edir, mərsiyələr və dualar oxuyurlar.
Tədqiqatlardan görünür ki, Dədə Ələsgər də eyni minvalla el-oba arasında hər hansı bir müşkül işin çözülməsində məsləhətlər verir, əhali arasında yaranan ixtilafların həllində arbitr kimi çıxış edir, günahkar olanları İlahi ədalətdən, cəhənnəm əzabından xəbərdar edirdi. “Bax, bax!” rədifli ikinci şeiri bu fikri əsaslandırır:
Şəriət oxuyan, təriqət bilən,
Haqlıq еyləyirsən, haqq dinə bax, bax!
Qalmayıb dünyada “mənəm” dеyənlər,
Həzrət Sülеymanın taxtına bax, bax!
Oxuduğun Quran hardadı, hanı?!
Hansı yola dəvət еdir insanı?!
Salıbsan zindana gözəl bir canı,
İqbalına bax, bax, baxtına bax, bax!
Dədə Ələsgərin yaradıcılığını ümumilikdə tədqiq etsək, görərik ki, bəzi şeirlərində indiyədək diqqət edilməyən kiçik anlaşılmazlıqlar da var. Məsələn, “Kimi” şeirinə nəzər salaq:
Adı Tərlan, özü tərlan balası,
Cilvələnib tərlan tavarı kimi.
Üzün görən xəstə düşər müttəsil,
Turuncun novrəstə nubarı kimi.
…Bu gözəl Zеynəbin nışanasıdı,
Ləbləri qırxların pеymanasıdı,
Dəhanı şahlığın xəzanasıdı,
Düzülüb dəndanı mirvari kimi.
(Aşıq Ələsgər. Əsərləri. Bakı, “Şərq-Qərb”, 2004, 400 səh. s.58)
Göründüyü kimi, şeirdə Tərlan sözü böyük hərflə yazılıb, bu, xüsusi isim kimi sözün adam adı olmağını bildirir. Halbuki, şeirin davamı bu şeirin Tərlan adlı birinə ithafı olmadığını göstərir. Çünki tərlan – comərd, dağ qartalı, güclü, yüksək məqamlı, ucaboy və s. anlamlara gəlir ki, bu da Hz. Əlinin görkəmini, ləyaqətini ifadə edir. İkinci bənddəki “Zeynəbin nişanası” və “qırxların pеymanası” (bu barədə sonra) bunu təsdiq edir. Yəni şeirlərdə bir hərfin yanlış yazılması belə Aşıq Ələsgər şeirinin yanlış anlaşılmasına gətirib çıxarır ki, bu da aparılan və gələcəkdə aparılacaq tədqiqatlarda öz nəticəsini göstərə bilər.
Xatırlamaq yerinə düşər ki, Hz. Əli İslamın ümumi çərçivəsində hansı məzhəbdən olmasından asılı olmayaraq, bir çox şair və aşıqlar tərəfindən imanlı və mübariz bir insan kimi işlənmişdir. Bu həqiqəti bir daha təsdiq edir ki, ədəbiyyat hər dövrdə ənənəvi inanclardan, onlar haqqında yaranan əsatirlərdən bədii məqsədlərlə istifadə edərək inkişaf etmişdir. Aşıq Ələsgər də poeziyasında həm dərin mənalar, maraqlı mülahizələr yaratmış, şair bir sıra dini-fəlsəfi fikirləri əks etdirmiş, özündən əvvəlkilərin dini baxışlarına toxunmuş, həm də poetik fikrin yüksək bədiiliklə tərənnüm olunmasına nail olmuşdur.
Dinə, təbiətə, vətənə, insana, Allaha məhəbbət hisslərini bir vəhdətdə aşılayan, doğma dilimizin saflığının hüdudsuz ifadə imkanlarını öz yaradıcılığında cəmləşdirən, milli poeziyamızı zənginləşdirən Dədə Ələsgəri bir başqa tərəfdən də araşdırmağa ehtiyac vardır. Əlbəttə ki, bir məqalədə geniş və hərtərəfli tədqiqat mümkün deyil, amma bir şeirinin – “Haraya qərəz” cığalı təcnisinin fonunda ustadın dünyabaxışına yeni rakrusdan boylanmaq olar.
Qırxlar məclisində dedim “bəlini”,
Sərdar gördüm Şahimərdan Əlini.
…Ələsgər, daməndən üzmə əlini,
Çəksələr nizaya haraya qərəz.
Şeirdən göründüyü kimi, Aşıq Ələsgər “vergi”sini “Qırxlar məclisi”də qəbul edib. “Qırxlar məclisi” hansı anlama gəlir? Təsəvvüf alimlərinə görə Haqq Aşıqlarını “vergi”dən əvvəl bu hadisəyə hazırlayan bəzi səbəblər var. Yuxarıda da qeyd etdiyimiz kimi, şəyirdlikdən, mühitdən, mənəvi sıxıntıdan və qəfil depressiyadan sonra yuxu görülür və “badə içirilir.” Bu “vergi” bir pir, üçlər, beşlər, yeddilər, qırxlar və ya Hz.Əli, Hacı Bektaş Vəli kimi ruhanilər tərəfindən verilir. Bəs “üçlər, beşlər, yeddilər, qırxlar” kimdir? Təsəvvüf alimlərinin izahlarına əsaslanaraq qısaca izah edək:
Üçlər – Allah, Məhəmməd peyğəmbər, Həzrət Əli;
Beşlər – Məhəmməd peyğəmbər, Həzrət Əli, Həzrət Fatimə, Həzrət Hüseyn, Həzrət Həsən;
Yeddilər – Məhəmməd peyğəmbər, Hz. Xədicə-Kübra, Həzrət Əli, Həzrət Fatimə, Həzrət Hüseyn, Həzrət Həsən; Salman Farisi (Pak)
Mənbələrə əsasən, yeddilər ən önəmlisidir, çünki yeddilər olmasa qırxlar da olmazdı. Yeddilər dünyaya aid olan dörd, insana aid olan üçdən meydana gəlmişdir. Dörd – od, yel, su, torpaq və üç – can, canan və uşaqdır. Burada can kişi, canan qadın, uşaq gələcəkdir, bu isə soyun davamını, eyni zamanda, 12 imamı təmsil edir.
Qırxlar – Allahın mübarək ruh olaraq yaratdığı, bütün dövrlərdə yer üzündə var olan, adları heç vaxt heç yerdə açıqlanmayan 23-ü kişi, 17-si qadından ibarət dünyanın səmavi sahibləridir ki, onlar fərqli zamanlarda, fərqli surətlərdə yenidən gəlirlər. Təbii ki, bu inancın tam olaraq İslam dini ilə əlaqəsi yoxdur, sadəcə hədislərə və rəvayətlərə əsaslanır. Bir çox mənbələrdə isə bu inancın İslamdan əvvəl də var olması qeyd olunur. Xızır, İlyas, Nəbi və başqa isimlərlə adlandırılan bu kəslər dara düşənlərin köməyinə çatar, onların qəlbini sıxıntıdan qurtarıb paklayar və yüksək dərəcələrlə mükafatlandırmaqla yer üzündə haqq-ədalətin, xeyirxahlığın bərqərar olmasını təmin edərlər. Aşıq Ələsgər kimi əsil soydan gələn, duyğusal təbiətə malik, ruhunda şairlik olan insanlar bu mükafatlanmanı – “vergi”ni bir ehtiyac olaraq qəbul edərlər.
Bu ehtiyacı Aşıq Ələsgər şeirlərində də vurğulayır.
Onun bu gəlməyi, gör, nəyə bənzər,
Nə xana, sultana, nə bəyə bənzər,
Misirdən gəlmiş bir köynəyə bənzər,
Kənanda Yaquba dərman gəlibdi.
Şair bu “vergi”ni (və ya Hz. Əlinin onun həyatına “gəlişini”) Yaqub peyğəmbərin tutulan gözlərinə Hz. Yusifin göndərdiyi köynəyin dərman olmasına bənzədir. Yəni, Aşıq Ələsgərin düşdüyü kədər quyusundan çıxmasına vasitə olur.
Yuxarıda qeyd edildiyi kimi, Aşıq Ələsgər irsi ənənəvi sovet ədəbiyyatşünaslığında tam araşdırılmadığına görə onun irfani şeirləri büsbütün nəzər-diqqətdən kənarda qalıb. Dədə Ələsgərin şair, aşıq obrazı uzun onilliklər boyu xalqa birtərəfli təqdim edilmişdir. Amma buna baxmayaraq, ustadın yaradıcılığının böyük bir qolunu təşkil edən eşq, sevgi, vəsf şeirləri bu gün də Azərbaycan xalqının dillər əzbəri və məhəbbət nəğməsidir. Aşığın irfani irsinin tədqiqi və izahı onun təsəvvüf ədəbiyyatına verdiyi böyük töhfələri, eləcə də indiyədək anlaşılmaz qalan bir çox mənəvi məqamları oxuculara aça bilər.
Azərbaycan dünya ədəbiyyatına bir sıra sənət ustaları veribdir. Bu sənətkarlardan hər birinin özünəməxsus ədəbi məktəbi, orijinal yaradıcılıq yolu olmuşdur. Eyni sözləri, siyasi dedektiv janrında gözəl romanlar bəxş edən xalq yazıçısı Çingiz Abdullayev haqqında da deməliyik. O, öz yazı üslubu ilə müasir həmkarlarından fərqlənərək, adı çəkilən janrla Azərbaycan ədəbiyyatına yeni ruh, yeni rövnəq gətirdi.
Çingiz Abdullayevin müasirləri arasında qazandığı böyük nüfuz ədəbi mühitlə məhdudlaşmamış, ölkımizin ictimai-siyasi həyatında göstərdiyi fəaliyyət, ictimai proseslərdə fəal və intensiv iştirakı geniş əks-səda doğurubdur. Böyük idealların təsdiqində fəallıq göstərmək, müasir ictimai-siyasi proseslərin hadisə və meyllərin dərin təhlilini vermək, xalqın, xüsusən də, dəstək verdiyi cavan yaradıcı insanların rifahı naminə mücadilə etmək onun ictimai fəaliyyətinin mərkəzində dayanıbdır. Mirzə Fətəli Axundzadə demişdir ki, “Mənim xalqımın fitri istedadı Avropa xalqlarının fitri istedadından qat-qat artıqdır”. Buna bariz nümunə Çingiz Abdullayevin parlaq yaradıcılığıdır. O, öz yaradıcılığı ilə sübut edir ki, bizim əsərlər milliyyətindən asılı olmayaraq, Avropada və digər qitələrdə yaşayan intellektual səviyyəli oxucuların diqqət mərkəzində ola bilər.
Ədəbiyyatda belə yazılmamış qanun var – hər bir yazıçı yaratdığı əsərlərin kəmiyyətindən və istedad dərəcəsindən asılı olmayaraq çox vaxt bir əsəri ilə tarixə düşür, yalnız bir əsəri onun sənətkar adının tam dəyərli ekvivalentinə çevrilir. XX əsrin sonlarına qədər Çingiz Abdullayevin adı çəkiləndə də yada ilk növbədə məşhur “Mavi mələklər” əsəri düşür.
İnsanlarda xoş ünsiyyət yaratmaq, zamanın ruhunu duymaq, öz alovlu, təsiredici nitqi ilə on minlərlə, yüz minlərlə insanın məhəbbətini qazanmaq, əxlaqi, etik, mədəni keyfiyyətlərlə ətrafda cərəyan edən içtimai proseslərin nəbzini tutmaq Çingiz Abdullayevi geniş miqyasda kamil insan səviyyəsinə gətirib çıxarıbdır. Kamil insanın daxili aləminə girib onun ürəyindəki duyğuları və təfəkküründəki fikirləri qələmə alıb yazmaq, çox mürəkkəb proses sayılır. Lakin mən Çingiz müəllimi şəxsən tanıdığım üçün, onun daxilində cərəyan edən, bəzi xarakterik sirrlərə bələdəm və məhz buna görə də sözün əsl mənasında, təfəkkürümdə, bu böyük insan barəsində gəzdirdiyim bir çox fikirləri paylaşmaq məcburiyyətindəyəm. Çingiz Abdullayevin əhatə dairəsi və fəaliyyət məkanı o qədər genişdir ki, onun haqqında nəinki qəzetdə məqalə, hətta böyük bir kitab yazsan da azdır. Onunla bağlı mən özümdə bir çox şeyləri kəşf etdim. Həyatın ağrılı-acılı çağlarına sinə gərməyi bacaran, bir çoxları kimi ruh düşkünlüyünə qapanmayan, hansı maneə ilə üzləşirsə-üzləşsin, həyata nikbinliklə baxan nasir tezliklə öz aləmini yaradır. Çingiz Abdullayev getdikcə həyatla daha sıx əlaqəyə girir, onun sirrlərini öyrənməyə, ziddiyyətlərinə açar tapmağa can atır. Onda olan bədii istedad Azərbaycan ədəbiyyatı üçün yeni sayılan yeni romanların yaranmasına gətirib çıxarır və Çingiz Abdullayev peşəkar nasir kimi cürbəcür baxışlı oxucular arasında təşəkkül tapır və əlbəttə ki, onların maraq obyektinə çevrilərək, onun yeni yazılarını izləməyə başlayırlar.
Hamıya bəllidir ki, Çingiz Abdullayev nəinki Azərbaycanda, hətta postsovet və Avropa məkanında yazıb-yaradan ən məhsuldar yazıçılardan biridir və demək olar ki, hər ay onun əsərləri yeni-yeni ölkələrin sərhədlərini aşaraq, geniş oxucu kütləsinin qəlbinə yol tapır. Belə bir nəticə ilə yaradıcı insanlarla yanaşı, bütün xalqımız fəxr etməlidir.
Çingiz Abdullayev öz nəslinə mənsub olan ən gözəl xüsusiyyətlərdən birini öz xarakterində cəmləşdirərək, insanlar arasında yaranan dialoq nəticəsində liberal prinsiplərə üstünlük verir. Əlbəttə, ünsiyyət insanların bir-birini qavramasından başlanır. Çingiz Abdullayev insanlarla söhbət edərkən, ilk növbədə həmsöhbətini səmimi olmağa çağırır və hər hansı bir mövzunun aktual olmasını xoşlayır. Adəti üzrə o, inandığı, etibar etdiyi adamdan heç nə gizlətmir, özündə olan düşündürücü fikirləri, xüsusən də, ona açıqlayır. Səmimiyyət ürəkaçıqlığın, xeyirxahlığın açarıdır. Lakin bir çox insanlar çox vaxt, bu məqamda bir-birini düzgün qavramır, özlərinin davranış motivlərini birtərəfli anlayır, əsaslı bir səbəb olmadan yadlaşır, bir-birindən ayrı düşür, incik gəzir, aylarla-illərlə küsürlər və s. Çingiz Abdullayev isə insan xarakterində olan bütün bu təzadlara baxmayaraq, liberal insan olduğundan hamı ilə kompromissə gedir və humanistliyi ilə hamını sakitliyə, loyal yola dəvət edir. Hətta ətrafında olan dost-tanışlarından kimsə küsəndə, o, həmin adamları barışdırmağa çalışır. O, adamların bir-birilərini qavrayanda ən çox hansı xüsusiyyətlərə daha çox diqqət yetirdiyini aydınca sezir.
Vaqif Yusifli-filologiya elmləri doktoru, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri.
ÜZÜ DAN YERİNƏ, SEVİNDİK!
Deyirlər ki, Aleksandr Sergeyeviç Puşkin yeddi-səkkiz yaşlarında şeir yazmağa başlayıb. Liseydə oxuyanda müəllimləri qarşısında şeir söyləyib.
Deyirlər ki, Mirzə Ələkbər Sabir də Seyid Əzimin şagirdi olanda şeir oxuyub ona: “Tutdum orucu irəmazanda”…
Deyirlər ki, Cəfər Cabbarlı yaradıcılığa 11-12 yaşlarından həvəs göstərib və çox keçmədən mətbuatda şeirləri dərc olunub.
Ancaq biz Sevindik Nəsiboğlunu nə Puşkinlə, nə Cabbarlı ilə, nə də Sabirlə müqayisə edirik. Və qətiyyən bu fikirdə deyilik, 15 yaşı hələ tamam olmamış, amma 7-8 yaşlarından mətbuatda şeirləri ilə çıxış edən və 15 yaşında artıq 5 kitabın müəllifi olan Sevindik Nəsiboğlu Azərbaycanın böyük şairi olacaq. Yox! Qarşıda aylar, illər var və Sevindiyin özünü əsl şair kimi təsdiq edəcəyi tarix hələ qabaqdadır. Ancaq bu 5 kitab və o kitablarda toplanan şeirlər, publisistik məqalələr mənə haqq verir deyəm ki, Sevindik Nəsiboğlu istedaddır.
15 yaşı hələ tamam olmayana bizdə uşaq deyirlər, ya da ilk gənclik dövrünü yaşayan… Amma ona nə uşaq deyirəm, nə də yeniyetmə.
Sevindik Nəsiboğlu tanrının ona bəxş elədiyi bu mənəvi qüvvənin hələ başlanğıc mərhələsini yaşayır. Amma şəxsən məndə böyük bir inam hissi var ki, onun istedadı daha da parlayacaq.
Onun ilk şeirlər kitabının adı “Dünyamsan Azərbaycan” adlanır (2018). 10 yaşı vardı o zaman. Bu kitabda toplanan şeirlər vətənpərvərlik ruhunda qələmə alınıb. 10 yaşlı uşağın – məktəblinin Vətən sevdalısı olması sizə heç də qəribə görünməsin. Vətənpərvərlik – Vətən sevdası təkcə ailədən, məktəbdən gəlmir, həm də süddən, qandan gəlir. Bu şeirləri yazanda Azərbaycanın cənnət guşələri – Qarabağ hələ işğal altında idi. Bir çox şairlərimizin şeirlərində bədbinlik, ümidsizlik motivləri ilə qarşılaşırdıq. Və bunun da səbəbi vardı. Bizə elə gəlirdi ki, daha Qarabağı – Şuşanı itirmişik. Amma 2020-ci ilin 44 günlük Vətən müharibəsi bütün bu bədbinliyə son qoydu. Sevindik Nəsiboğlu heç də bədbinliyə qapılmırdı. Heç bir şeirində mənə rast gəlmədi ki, o, tam kədərli olsun, ağlasın-sıtqasın, qəm-qüssəyə batsın.
Bura Natəvanın yurdu,
O, sinəndə yuva qurdu.
Yaşasın qəhrəman ordu,
Narahat olma, Qarabağ.
“Könüllərə yol gəzirəm” (2020) və “Möhtəşəm zəfərin nişanəsi” şeirlər kitablarında isə Sevindik Nəsiboğlunun addımları daha inamlıdır. Hiss edirsən ki, o, şeiriyyət aləmi deyilən bu böyük mənəvi Vətəndə özünü təsdiq etməyə can atır, bir gənc şair kimi axtarışlar aparır. Çalışır ki, hər hansı bir şeirində öz ürəyindən keçən hisslərini, duyğularını poeziya dili ilə oxucularına çatdırsın.
O şeirləri oxuyuruq və görürük ki, Sevindik başdan ayağa, misradan misraya Azərbaycançıdır.
2020-ci ilə qədər yazdığı şeirlərdə mövzu müxtəlifliyi diqqəti cəlb edir. Vətənpərvərlik mövzu deyil, içdən qandan gələn şahanə duyğudur və Sevindik ordumuza, Şəhidlər xiyabanına, Azərbaycan əsgərlərinə, ayrı-ayrı qəhrəman oğullarımıza həsr etdiyi şeirlərində Vətənləşir. Təfsilata varıb şeirlərdən parçalar nümunə gətirə bilərik, yalnız “Vətən bayatıları”na üz tutaq:
Arar Şuşanı gözüm,
Qalmayıb canda dözüm.
Şuşasız üzüm gülməz,
Ağlayır kəlməm, sözüm.
Könüllərə yol gəzən Sevindik Şuşadan – Qarabağdan, Kəlbəcərdən, Xocalıdan keçir, yolu Naxçıvana, ana torpağımızın bir çox guşələrinə bağlanır.
Mən bilmirəm o, Nizaminin, Nəsiminin, Füzulinin, Sabirin əsərlərinə necə bələddir, amma onlara sevgisini əsirgəmir: “Dünya var olduqca yaşayacaqlar Nizami, Nəsimi, Füzuli, Sabir”. Ümumən, Sevindiyin öz doğma Azərbaycanının böyük sənətkarlarını vəsf etməsini alqışlayıram. Bakıxanov, Sabir, Müşfiq, Cabbarlı, Cabir Novruz, Vaqif Səmədoğlu… Hiss edirəm ki, onun mütaliə dairəsi də genişdir – amma bu mütaliə həm də sevgiylə yoğrulur. Vaqif Səmədoğlunun əziz xatirəsinə həsr etdiyi bir şeiri daha çox xoşladıq:
Gözlərdə bir sükut var,
Hər gün təzələnir.
Qaranlıqlar arasında,
Hər gün pislik gəlir, gedir.
Sanki mən baltalanmışam,
Yerdə qıvrılır yazıq bədənim.
Gecə keçir, gecə keçir,
Pərdələr açır səhəri.
Sanki mən bahalanmışam
Yaşamağa qoymurlar məni
Səhərə bir inamla,
Açıram pərdələri.
Pislik məni gözləyir
Yola verirəm sevincləri.
Poemalarına gəldikdə bu janrda qələm çalma çox məsuliyyətli işdir. Cavid haqqında poema yazmaq o deməkdir ki, sənin içində, ruhunda və duyğularında bir Cavid var.
Mən Sevindik Nəsiboğluya şeirlə bağlı bir-iki tövsiyəmi bildirmək istəyirəm.
1. Onun əsl, mükəmməl şair olacağına inanıram. Amma o mükəmməlliyə yetişmək üçün şeirlərində obrazlı fikir söyləmək səviyyəsi də lazımdır. Bir az məzmunçuluqdan, nəqilçilikdən uzaqlaşmaq gərək.
2. Bizim şairlərdən Bəxtiyar Vahabzadə, Məmməd Arazı, Musa Yaqub, Əli Kərimi, Sərdar Əsədi, Ramiz Rövşəni, Vaqif Bayatlını diqqətlə oxu. Onları təqlid etmə, amma şairlərdən öyrən – sözə necə obrazlı yanaşıblar.
3. Səməd Vurğunu da, Rəsul Rzanı da, Hüseyn Arif, Nəbi Xəzrini də Süleyman Rüstəmi də oxu. Ümumiyyətlə, əvvəlki sənətkarları tanı, quruluşa – onların hansı dövrdə yaşadıqlarına əhəmiyyət vermə. Şeir şeirdir. Onları ona görə dönə-dönə oxu ki, şeiriyyətləri gözəldir.
4. “Azərbaycan” və “Ulduz” jurnallarını – onların hər sayını al, oxu. Ədəbi mənzərə ilə tanış ol.
5. Təkcə “Kredo”da yox, başqa qəzet və jurnallarda da dərc olun, qoy səni yaxşı tanısınlar. Sağ olsun Əli Rza Xələfli, səni tanıtdı, amma dairəni genişləndirmək lazımdır. Ədəbiyyat əyləncə deyil, sən bunu yaxşı başa düşürsən.
Sevindik Nəsiboğlu “Ulu Naxçıvanım” və “Möhtəşəm zəfərin nişanəsi” publisistik kitablarının da müəllifidir. “Ulu Naxçıvanım” məqalələr toplusunu, elə “Naxçıvannamə” də adlandırmaq olardı. Əgər mən onun şairliyinə mükəmməllik arzulayıramsa, publisistikası haqqında daha yaxşı fikirdəyəm. O, artıq əsl publisistdir! Özü də onun publisistik yazılarını bədii publisistika adlandırıram. Bu publisistikanın qəhrəmanları da bizə tanışdır – 44 günlük zəfər müharibəmizin qəhrəmanlarıdır…
Mən Sevindik Nəsiboğluya – bu 15 yaşlı gənc istedada inanıram. Yoluna davam et, Sevindik! Gələcək səni gözləyir! Üzü dan yerinə!
Kürçaylının doğum və ölüm tarixləri fevral ayına təsadüf edir.
52 il yaşasa da, yaradıcılıq bioqrafiyası zəngin olan nadir şairlərdəndir.
Dantenin “İlahi komediya”sını dilimizə çevirib. Yesenindən tərcümələrini “Yesenin səltənətinin Azərbaycandakı açarı” adlandırıblar. “Fillər də ağlayır” şeirinə cavab olaraq, Təbrizdə Bulud Qaraçorlu Səhənd “Əliağa Kürçaylıya məktub” poemasını yazıb. Əliağanın “Durnalar cənuba uçur” poeması Cənub mövzusunda yazılmış ən yaxşı əsərlərdəndir. Sevgi şeirlərində səsi, nəfəsi, ifadə tərzi, üslubu, obrazlar aləmi qeyri-adidir. “Gedək üzü küləyə”, “Təki sən səslə məni”… kimi sevgi şeirləri nəğməyə çevrilib, yaxud “Bir sən, bir mən olum, bir uçuq kaha – / Heç nə istəmirəm taledən daha” misraları heç nəğməyə çevrilmədən belə Azərbaycanda dillər əzbəri olub. “Dənizdə ay çimirdi” şeiri Yahya Kamalın “Nəzər” şeiri ilə müqayisəli təhlilə imkan verən şeirdir. Kürçaylı Muğanı tərənnüm edib. Onun Muğandan ilham alan təbiət lirikasında əhval başqadır: “Torağay torpağı ayaqlarıyla / Çörək üzü kimi naxışlayıbdır”. O, Muğan torpağına qədim Muğ kahinləri kimi ilahi dəyər verib. Ağır və ləngərli təhkiyəsi olan “İnsan həsrəti” poemasında Muğanlı insanların mifoloji geneologiyasını yaratmağa cəhd edib. Onun şair ilhamı Muğan torpağının üstündə gəzmir, əksinə, Muğanı başı üzərinə qaldırıb, bayraq kimi dalğalandırır. Nə sirdirsə, eyni torpağın övladları – XX yüzilin ilk illərində Əli bəy Hüseynzadə Ər Manas haqqında ilk elmi fikri dövriyyəyə buraxıb, Manas barədə Azərbaycanda ilk şeiri (həm də ən gözəl şeiri) XX yüzilin 70-ci illərində Ə.Hüseynzadənin eloğlusu Kürçaylı yazıb. Azərbaycan siyasi lirikasının bənzərsiz örnəklərindən olan “Yedək gəmisi” şeiri də onundur. Dramlar, komediyalar qələmə alıb. O, “Daşlar Qobustanda şöhrətə dönüb, / Daşlar yetim qalıb Xudafərində…” deyəcək qədər Azərbaycanı bütöv görə bilən iti fəhmli şairlərdən idi. Mikayıl Abdullayevin çəkdiyi və Azərbaycanlıların təsəvvüründə Nəsiminin obrazı olaraq sabitləşmiş portretdəki gözlər, qaşlar, üz cizgiləri Əliağaya məxsusdur.
Neftçalada, İmamverdi Əbilovun arxivində Kürçaylının məktubları, şairin evimizdə olarkən xatirə dəftərinə yazdığı unikal qeydlər, birgə çəkdirdikləri şəkillər var. Amma səmimiyyətinin aşırılığı ilə məni hər zaman iki sənəd daha çox heyrətləndirib. Biri Əliağa Kürçaylının 1961-dən 62-yə keçən gecə, yəni yeni il gecəsi axşamı xatirə dəftərinə yazdığı qeyd, digəri də elə həmin il, yəni 1962-ci il oktyabrın 9-da yazdığı məktubdur.
Nə gözəl günlər var imiş. Dekabrın 31-də ailə üzvləri ilə bir yerdə yeni il gecəsini keçirmək üçün bir-birinə qonaq gedirmişlər. Göy üzlü xatirə dəftərini vərəqləyirəm. Əliağa Kürçaylının yazdığı ürək sözləri: “Adam unudulmaz dəqiqələri həmişə yaşamır. Ona görə də belə dəqiqələrin qiyməti ölçülməz olur. 1962-ci ilə keçən bu gecədə mən belə unudulmaz gecələrdən birini yaşadım. Ürək arzulayan dostun məclisindən daha gözəl nə ola bilər, İmamverdi müəllim? Belə bir dəqiqəni mən sizdə yaşadım. (Daha doğrusu, öz evimizdə. Elə deyilmi, qardaş?) Əliağa Kürçaylı. 31.XII.1961 – 01.01.1962“.
Və bir də 1962-ci ildə yazdığı məktub:
“9 / X – 62
Əziz qardaşım İmamverdi!
Vəfasız qardaşından salamlar! Ümumiyyətcə, öz günahına səbəb axtaran, üzr üçün bəhanə gətirən adamlardan mənim əsla xoşum gəlmir. Desəm ki, sənə zəng etməməyimə və ya məktub yazmamağıma səbəb, tutaq ki, işimin çoxluğu, başımın qarışıqlığı olubdur – sən bu üzrü qəbul etmə.
Necə yəni işim olub? Qardaşı, ürək dostunu yada salmaqdan da böyük iş ola bilərmi? Beləliklə, mən öz hərəkətimi səmimi olaraq məsuliyyətsizlik və ya başısoyuqluq adlandırıram ki, bunu da adama bağışlamazlar.
Ancaq bir məsələni yəqin ki, sən mətbuatdan oxumusan – Mən Tacikistana getmişdim. (Öz aramızdır, qeyri-iradi olsa da, deyəsən, günahım üçün səbəb tapdım). Oktyabrın 3-də Bakıya qayıtdıq. Bəxtiyar da getmişdi. O, gələn günün səhəri Moskvaya getdi. Görürsən, ömür təkərlər üzərində keçir. Sənin xəstələnməyin məni daha çox dilxor elədi. Axı sən niyə hər şeyi ürəyinə salırsan? Qardaş, müasir zamanda əksikləri düzəltmək üçün bir insan ürəyi heç nəyə yaramır. Ona görə də bəzən, rus demişkən “maxni rukoy!” Yusif Səmədoğlu iki aya yaxındır ki, bu lənətə gəlmiş ürəyin vəfasızlığı üzündən xəstəxanada yatır. 25-26 yaşlı bir gəncin ürəyindən şikayəti, mənə elə gəlir ki, bir ibrət ola bilər. Qaldı məktubundakı bədbin əhval-ruhiyyə, məni heç açmadı, xüsusən, sənə yaraşmır. Hələ qabaqda görüləsi o qədər iş, böyüdüləsi uşaq, yazılası əsərlər var ki! Müdafiəni qurtar, sonra bir 5-6 il elmi işlə (akademizm mənasında) məşğul olma. Yalnız dövri mətbuat üçün məqalələr yazarsan. Yay aylarında isə çıxarıq səyahətə.
Bu belə.
Rəsul haqqında məqaləni qurtar gətir. İslam məsələsinə gəlincə, onu sabah soruşaram. Amma açığını deyim ki, heç inanmıram. O öz redaksiya işini elə bir qarınağrısı ilə görür ki… Belədir də, qabiliyyətsiz adam oxlov kimi düm-düz olur. Qabiliyyətli adam isə tənək kolu kimi!
İndi isə özümdən:
Poemanı qurtarmışam. Bir parçası keçən ay “Azərbaycan gəncləri”ndə çıxdı (reklam xatirinə). Bütövlükdə (qlavlitdən keçsə) jurnalın 10-cu nömrəsində çıxır. Kitab məsələsinə gəlincə Azərnəşr gələn ilin planına mənim şeirlər kitabımı salıb, əgər fövqaladə bir hadisə olmasa çıxar.
Bu da belə.
Qardaş, mən də yaman darıxıram. Tacikistanda da o qədər o yan-bu yana qovdular ki… Görüş və yemək!
Rayona özüm də çox gəlmək istəyirəm. Hələlik gözləyirəm. Görək bu pambıq cəlladımızla haqq-hesab necə olacaq!.. Çünki gəlib vəziyyəti elə görəndə adam dünyadan əlini üzmək istəyir. Bakıya gəlməyin məni sevindirdi. Gəl, oturaq, dərdləşək.
Bu qədər.
Bacıma, balalara çoxlu-çoxlu salam de. Özün də gələndə ağıllı-başlı ürək gətir. Xəstəlik söhbətini təmiz unut!
Sizin Əliağa”.
Kürçaylı bizə çox gəlmişdi.
1963-cü il oktyabr ayında Süleyman Rüstəm, Vladimir Qafarov, Qılman İlkin, SSRİ dövlət himninin müəllifi, şair Qarold Registanla birgə. 1964-cü ildə bəstəkar Rauf Hacıyevlə bir yerdə…
Sonuncu gəlişinin tarixini dəqiqləşdirmək üçün atamın gündəliklərinə baxıram. 31 may 1978-ci il imiş. Kürçaylının ölümünə 19 ay qalıbmış. Neftçalada Sabir günləri çərçivəsində tədbir keçiriblər. İkisi də çıxış edib. Şəkilləri də var. İclasda yanaşı oturublar. Kürçaylının elə şəkli başqa yerdə yoxdu. Kim bilir, bəlkə də son şəklidir. Və Kürçaylı artıq “Dözmür dalğalara ömür gəmisi, / Sonuncu sahilə çatıram demək” misraları ilə başlayan “Mən olmayanda” şeirini yazıb. Həmin görüş barədə İmamverdi Əbilovun gündəliyindən: “Yanaqları qürub şəfəqini xatırladırdı. “On dörd il əvvəl, məhz bu ayda sizə gəlmişdim. Onda elə bilərdim ki, məni təbiət deyilən bu ulu ananın qoynundan qorxunc fil xortumları da qopara bilməz. Amma indi…” Biganə təbəssümlə susdu”.
Son görüşləri isə bu söhbətdən bir il yeddi ay sonra, Kürçaylının son günlərində – Kürçaylının evində olub… “Qupquru dodaqları zorla bir-birinə yaxınlaşdı, elə bil qeybdən gələn qırıq-qırıq kəlmələr eşidildi: “El-oğ-lu… Mən-dən sə-nə əma-nət…” Sözünün ardını deyə bilmədi, buna taqəti çatmadı, zorla açılan gözlər yavaş-yavaş qapandı…”