Etiket arxivi: Məcid Rəşadətoğlu

Arif Nəzər oğlu Heydərov (1926)

Tarixi foto: Heydər Əliyev və SSRİ daxili işlər naziri Nikolay Şelokov Azərbaycan daxili işlər naziri Arif Heydərovun dəfnində iştirak edirdilər. Arif Heydərovun 1978-ci ilin yayında qətlə yetirilməsi o dövrün ən səs-küylü hadisələrindən biri olmuşdu.
Arif Nəzər oğlu Heydərov 1926-cı il iyunun 28-də Ağdaş şəhərində anadan olub. Əslən Qubadlının Gürcülü kəndindən olan ailəsi Ağdaşda yaşadığı üçün atası Nəzər Heydərov burada işləyirdi. Daha sonra Bakıya təyinat alır və Arif də məhz burada böyüyür. Nəzər Heydərov 1949-1954-cü illərdə Azərbaycan SSR Ali Sovetinin sədri vəzifəsini icra edib. Lakin Stalinin ölümündən sonra Mircəfər Bağırovun bütün yaxın ətrafı kimi o da vəzifəsini itirib.
Arif Heydərov əmək fəaliyyətinə 1942-ci ildə neft mədənində çilingər kimi başlayıb. Bir il sonra Moskvaya göndərilərək kəşfiyyat məktəbində təhsil alıb. 1944-cü ildə oranı bitirdikdən sonra kəşfiyyatçı zabit kimi İkinci Dünya Müharibəsində iştirak edib. Müharibədən sonrakı iki il ərzində isə Şərqi Almaniyada və Polşada operativ xidmət aparıb.
1947-ci ildə Azərbaycana qayıdan Arif Heydərov təhlükəsizlik nazirliyində işləməyə başlayıb. Eyni zamanda Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində qiyabi təhsil alıb. Məhz burada Heydər Əliyevlə tanış olaraq yaxın dost olmuş, bu dostluq sonradan onun daxili işlər naziri təyin olunmasında mühüm rol oynamışdı.
1967-1970-ci illərdə Arif Heydərov Türkiyədə SSRİ-nin konsulu vəzifəsində çalışıb. Əslində isə o, sovet kəşfiyyatının həmin ölkədəki rezidenti idi.
1969-cu ildə Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının birinci katibi təyin olunduqdan bir il sonra köhnə dostunu və KQB həmkarını Bakıya gətirərək daxili işlər naziri vəzifəsinə təyin edir.
1978-ci il iyunun 29-da, 52 yaşının tamam olmasından bir gün sonra general-leytenant Arif Heydərov öz kabinetində müavini, Sovet İttifaqı Qəhrəmanı general-mayor Səlahəddin Kazımovla birlikdə qətlə yetirilir.
Qatil Ziya Muradov Şuşa həbsxanasının zabiti idi. O zaman həbsxanalar DİN-in tabeliyində olduğundan o, xidməti səbəbdən həbsxananın klubunda qalır, buna görə də ailəsindən ayrı düşmüşdü. Dəfələrlə nazirliyə müraciət edərək mənzillə təmin olunmasını və ya başqa şəhərə köçürülməsini xahiş etmişdi. Lakin bu xahişləri cavabsız qalmışdı. O vaxt yayılan söz-söhbətlərə görə, nazir müavini Səlahəddin Kazımov süründürməçiliyə yol verir, hətta rüşvət tələb edirmiş. Ziya Muradovun da əsas narazılığı məhz ondan idi.
Hər şeydən bezən və psixoloji gərginlik keçirən Muradov 1978-ci il iyunun 29-da xidməti silahını götürərək nazirliyə gəlir. Burada Səlahəddin Kazımovun nazirin kabinetində müşavirə keçirdiyini öyrənib ora gedir. Qəbul otağında nazirin köməkçisi polkovnik Əziz Səfixanovu qətlə yetirib kabinetə daxil olur. Əvvəlcə Səlahəddin Kazımovu güllələyir. Ehtimal olunur ki, əslində Arif Heydərova atəş açmaq niyyəti yox idi. Lakin onun stolun gözündən silah çıxarmağa çalışdığını görəndə onu da vurur. Kabinetdə olan digər şəxslərə toxunmadan, Muradov sonradan silahı öz ağzına dirəyib atəş açaraq intihar edir.
Həmin ilin sentyabrında sovet lideri Leonid Brejnev Bakıya gələcəkdi. İki generalın – nazir və nazir müavininin qətli böyük rezonans doğurur, xarici radiostansiyalar bu barədə geniş materiallar yayımlayır. Lakin aparılan istintaq cinayətin arxasında hər hansı siyasi motivin olmadığını, səbəbin adi süründürməçilikdən və şəxsi narazılıqdan qaynaqlandığını müəyyənləşdirir.
Məlumatı ictimailəşdirdi: Yadigar Sadıqlı

Mənbə: Məcid Rəşadətoğlu


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Kəmalə Ağayeva – 1936

Kəmalə Ağayeva – 1936

Naxçıvan ədəbi mühitinin sevilən qələm sahiblərindən, say-seçmə ziyalılarından biri də şair, dramaturq Kəmalə xanım Ağayeva idi. O, 1936-cı ildə iyulun 10-da Naxçıvan şəhərində dünyaya gəlmişdi. Naxçıvan şəhər 2 sayılı tam orta məktəbi bitirmiş və 1953-1957-ci illərdə Azərbaycan Dillər Universitetinin fransız dili fakültəsində təhsil almışdır.
Kəmalə xanım 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1984), Teatr Xadimləri İttifaqının üzvü (1971), Əməkdar incəsənət xadimi (2002) və Prezident təqaüdçüsü idi.
Akademik İsa Həbibbəyli yazır ki, həyatı və yaradıcılığı teatr və dramaturgiya ilə üzvi şəkildə bağlı olan Kəmalə Ağayevanın “Məhsəti” mənzum dramı 1964-cü ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında böyük uğurla səhnəyə qoyulmuş, ona istedadlı dramaturq kimi şöhrət qazandırmışdır. Sonrakı illərdə müəllifin “İsmət” (1972), “Bizim dağların oğlu” (1976), “Mənim tanrım gözəllikdir, sevgidir” (1982) və “Apardı sellər Saranı” (1985) mənzum dramları da tamaşaya qoyulmuşdur.
Kəmalə Ağayeva həmçinin Azərbaycan nağıllarının süjetləri əsasında “Göyçək Fatma” (1993), “Tıq-tıq xanım” (1996), “Məlimkməmməd” (1998) adlı uşaq pyeslərinin, eləcə də “Sirli sözlər” (1999) və “Köhnə sandıq” (2001) kimi didaktik əsərlərin müəllifidir.
Xalq şairi Rəsul Rza Kəmalə xanımın yaradıcılığına nəzər salaraq deyirdi: “Son vaxtlarda nəşr olunan şeirlər içərisində Kəmalə Ağayevanın “Gənclik” şeiri yaxşı nümunələrdən sayılmalıdır. Bu, gözəl hisslə yazılmış həqiqi bir şeir nümunəsidir. Müəllifin gənc olduğuna və qələm təcrübəsinin azlığına baxmayaraq, bu əsərdə onun incə, poetik, lirik ürək döyüntüləri aydın duyulur… buradakı ifadə yeniliyini, poetik intibahın zərifliyi, sözlərin sadə və səmimiliyi oxucuda xoş təsir buraxır”.
Akademik İsa Həbibbəyli “Zəriflik və müdriklik nümunəsi” adlı məqaləsində yazır: “Kəmalə Ağayeva XX əsrin II yarısından sonrakı Azərbaycan mənzum dramaturgiyasının əsas yaradıcılarından biridir. O, Azərbaycan ədəbiyyatında ən tanınmış qadın dramaturqlarındandır. Kəmalə Ağayevanın Azərbaycanda mənzum dramaturgiyanın inkişafında mühüm xidmətləri vardır. Onun 1964-cü ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında böyük uğurla tamaşaya qoyulmuş “Məhsəti” mənzum dramı yeni tarixi mərhələdə bu janrın ən yaxşı nümunələrindən biridir. Bu mənzum dramda XII əsrdə yaşayıb-yaratmış tanınmış Azərbaycan şairəsi Məhsəti Gəncəvinin həyatından və yaradıcılıq fəaliyyətindən alınmış səciyyəvi səhnələr təqdim olunur. Kəmalə Azərbaycan ədəbiyyatında ilk dəfə olaraq Məhsəti Gəncəvinin obrazını teatr səhnəsinə çıxarmışdır. Onun təqdimatında Məhsəti Gəncəvi dərin fəlsəfi düşüncəyə malik rübailər ustadı və mühitə ayıq nəzərlərlə baxan ziyalı qadın kimi təqdim olunur. Kəmalə Ağayeva eyni zamanda dramda Azərbaycan qadınının cəmiyyətin inkişafındakı rolunu da diqqət mərkəzinə çəkmişdir. Məhsəti Gəncəvinin həyatı və fəlsəfi lirikası Kəmalə Ağayevanın zəriflik və müdrikliyin həyatda və ədəbiyyatdakı yerini və əhəmiyyətini dərindən açıb göstərməsinə, cəmiyyətin diqqət mərkəzinə çəkməsinə geniş imkan yaratmışdır.”
Haqqında yazılmış məqalələrdən məlum olur ki, Kəmalə xanım 1968-ci ildən etibarən 20 ildən artıq bir müddətdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında ədəbi hissə müdiri kimi çalışaraq, teatrın və dramaturgiyanın inkişafına böyük töhfələr vermişdir. 1971-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü seçilən şairə, teatrda tarixilik və müasirlik istiqamətində geniş işlər görmüşdür. O, həm də 1982-1986-cı illərdə Naxçıvan şəhər Sovetinin deputatı olmuşdur.
Bununla yanaşı, görkəmli şair, dramaturq fransız dilindən poetik tərcümələr etmiş, əsərləri keçmiş SSRİ və bir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Kəmalə xanım haqqında danışarkən, qürurla deyə bilərik ki, o, Azərbaycan ədəbi mühitinin, xüsusilə də Naxçıvan ədəbi mühitinin dramaturgiyasına ilk dəfə tarixi obraz gətirən şair-dramaturq kimi həmişə böyük hörmət və ehtiramla xatırlanacaqdır…

Dedilər dağlarda bitən çiçəksən,
Mən onun ətrini almağa gəldim.
Dedilər döyünən odlu ürəksən,
O oddan könlümə salmağa gəldim.

Dedilər zirvənə ucalmaq olmur,
Mən sənin xəyalın olmağa gəldim.
Dedilər heç səndən ayrılmaq olmur,
Yanında əbədi qalmağa gəldim.
* * * * * *
Ömür dalğalanır yolların kimi,
Fəqət mehribansan ellərin kimi,
Heç gül də görmədim güllərin kimi,
Güllü-gülüstanlı Azərbaycanım.

İncə duyğulu, zərif ruhlu şairimiz Kəmalə xanım Ağayevanı dərin sayğı və rəhmətlə anırıq.

Mənbə: Məcid Rəşadətoğlu


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Dördü də ədəbiyyatımıza bir işıq, bir yaraşıq idi

Dördü də ədəbiyyatımıza bir işıq, bir yaraşıq idi. Dördü də gənc yaşlarından sözə könül vermişdi… Ancaq çox əfsuslar olsun ki, vaxtsız, vədəsiz köçdülər bu dünyadan. Dördü də qəfil getdi, bir gecənin, bir saatın, bir anın içində ayrıldı aramızdan. Səssiz-səmirsiz getdilər… Əvvəlcə hekayələri ilə böyük oxucu sevgisi qazanan yazıçı Mövlud Mövlud əbədiyyətə yol aldı, onun ardınca həzin şeirləri ilə könüllərə yer edən Məlik Cahan. Onların ölümü qələm yoldaşlarının hafizəsindən silinməmiş Rauf Ra dünyasını dəyişdi… İki gün bundan əvvəl də Həsən Kür vidalaşdı bizimlə. Onlarla nə bir fotom var, nə də bir xatirəm. Ancaq yoxluqlarını iliklərimə qədər hiss edirəm. Çünki hiss edilməyəcək dərd deyil bu. Bu dərd, bu ağrı-acı ədəbiyyatın, mətbuatın dərdidir. Bəlkə də sağalacaq, bəlkə də heç vaxt sağalmayacaq…
* * * * * * *
Məlik Cahan “Səni bağışlayıram…”

Səni bağışlayıram
baharın gedişinə,
payızın gəlişinə.

Səni bağışlayıram
doğulacaq körpənin,
balaca süd dişinə.

Səni bağışlayıram
yolunun üstündəki,
qarışqanı əzməyən,
insanın ürəyinə.

Səni bağışlayıram,
Məhəmməd peyğəmbərin,
İsanın ürəyinə.

Səni bağışlayıram
kimsəsiz məzarların,
şəkilsiz baş daşına.

Səni bağışlayıram
oyuncağı qırılan,
uşağın göz yaşına.

Səni bağışlayıram
bu yağışın səsinə,
bu torpağın ətrinə.
Səni bağışlayıram,
elə sənin xətrinə…
* * * * * * *
Rauf Ra – “Dedilər, yazığın bağrı çatladı”

Sonrası daha da qəribə oldu.
qorxular ümidə dönüşdü o gün,
mən sirri hamıyla bölüşdüm o gün,
bir ömür sirrimi bilən olmadı.
Günəş də üfüqdə ilişdi, qaldı,
qarşıma mürdəşir çıxdı sübh çağı,
dedim ki, bu gecə ölən olmadı.

Dedilər, yazığın bağrı çatladı.

Sonrası daha da qəribə oldu.
Bir topa adamın içinə girdim,
gizləndim bir azca, kimsə görmədi.
Uzaqdan qapqara tüstü göründü,
qarğalar səs salıb başımı qatdı,
ayağım altında qarışqa qaldı,
gecikdim, deyərək, tapşırdı canın.

Dedilər, yazığın bağrı çatladı.

Sonrası daha da qəribə oldu.
Bir sümük bir dəri müqəvva gördüm,
külək də papağın götürdü qaçdı.
Bir dərviş dönürdü getdiyi yerə,
kölgənin kölgədə itdiyi yerə,
soruşdu, ey yolçu, Şəmsi görmədin?
dedim ki, arxama baxmıram heç vaxt.

Dedilər, yazığın bağrı çatladı.

Sonrası daha da qəribə oldu.
İşığı güdərkən günəbaxanlar
tarlada bir nəfər yerə baxırdı,
kölgəsi aşağıdan göyə baxırdı.
Dəlinin biriydi rəssamabənzər,
cığıra baxaraq ağac çəkirdi,
ağaca baxaraq cığır çək, dedim.

Dedilər, yazığın bağrı çatladı.

Sonrası daha da qəribə oldu.
Azacıq söykəndim ot tayasına,
divartək güvəndim ot tayasına,
mən qalxdım sökdülər sarı divarı.
Araba gedirdi yoxuşa sarı,
kiçik bir daş atdım buğda çuvalına,
qoca dəyirmanın çarxı dayandı.

Dedilər, yazığın bağrı çatladı.

Sonrası daha da qəribə oldu,
Ağacın altında bir yolçu vardı,
yuxardan aşağı baxdı halıma,
çək, otur, stulu, yorğunsan, dedi,
otur, hər ikimiz dincələk, dedi.
Mən çəkdim stulu, oturdum bir az,
o isə ağacdan asılı qaldı.

Dedilər, yazığın bağrı çatladı.

Sonrası daha da qəribə oldu.
Ağaclar yoruldu başucalıqdan,
ağaclar yol oldu balacalıqdan.
Bir palıd qurudu gövdəsi üstə,
qəfildən yıxıldı kölgəsi üstə,
oyatdı gecəni şirin yuxudan.

Dedilər, yazığın bağrı çatladı.

Sonrası daha da qəribə oldu,
Əvvəli onsuz da qəribə idi…
* * * * * *
Həsən Kür – “Sonra evə qayıtdım”

İki gitarist oğlan,
Bildiyi mahnıları,
Hey ucadan oxuyur.
Onların gözlərində,
İndi hamı xəsisdi.
Gitara sandığına,
Mən də heç nə atmıram,
Birinin səsi pisdi…

Balıqçı gəmisi də,
Tək qoydu ləpələri,
Gün qaralar-qaralmaz.
Yanımdakı tabloda,
Bu sözlər yazılmışdı:
“İntihar etmək üçün
dənizə girmək olmaz”

Orda uşaq var idi.
Hörüklü qız uşağı;
Yaşı doqquz-on olar.
Dənizə yalvarırdı:
“Atama de qayıtsın
ona ehtiyacım var”

Ondan utandım Allah,
O balaca uşaqdan.
Gözündəki həsrətdən,
Ürəyindəki dağdan.

O uşağın dilindən,
Elə sözlər eşitdim.
Hamımızın yerinə,
Dənizə nifrət etdim.

Sonra evə qayıtdım.
Keçdiyim məhəllədə,
Bir mənzərə var idi,
Yadımdadır hələ də.

Dörd mərtəbəli bina,
“Antena”lı köhnə dam,
Üstünə bir quş qonub,
Birdə yarımcan adam.

Özünü tullamağa,
Biraz gücü çatmırdı,
Bir az də cəsarəti.
Bir yığın bekar adam,
Doldurmuşdu həyəti.

Mən elə qorxurdum ki,
Birdən cəsarət tapıb,
Özünü atar indi.
Bir neçə gənc jurnalist,
Yeni xəbər var deyə,
Gizlicə sevinirdi.

Sonra bir qadın gəldi,
Əllərini qaldırıb,
Xeyli göz yaşı tökdü.
Dedi: “gəl gedək evə,
Allah özü böyükdü!”

Allah onu bağışla,
Yoldaşının gözündən,
Axan yaşa bağışla.
Al onun dərdin, qəmin,
Dağa, daşa bağışla.

Bağışla sahildəki,
Səndən acığı gələn,
Saçı hörgülü qızı.
Nə qədər ölməmişik,
Bağışla hamımızı…

Ruhunuza dərin hörmət və ehtiramla:

Məcid Rəşadətoğlu


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Süleyman Vəliyev haqqında

Süleyman Vəliyev Bakı şəhəri, Mirzə Fətəli küçəsində, 9-cu dalandakı kiçik bir otaqda məskunlaşır. “İnqilab və mədəniyyət” jurnalında ədəbi işçi kimi çalışmağa başlayır. Ev şəraitinin ağır olması ilə bağlı Səməd Vurğuna ərizə ilə müraciət edir. Böyük şair onun “koma”sına şəxsən gəlib vəziyyətlə tanış olur. O dövrdə Bakı şəhərinin Caparidze rayon İcraiyyə Komitəsinin sədri olan, əfsanəvi təyyarəçi, Sovet İttifaqı qəhrəmanı Məzahir Abbasov Səməd Vurğunun xahişi ilə Süleyman Vəliyevə Tolstoy küçəsinin 7-ci dalanında 3 saylı evi verir.
Lakin 1948-ci ildə ölkədə başlanan düşmən axtarışları, keçmiş hərbi əsirlərin işlərinə yenidən baxılması kampaniyası ilə nəticələnir. Həmin il Süleyman yenicə evlənmişdi. Gözlənilmədən onu yenidən istintaqa cəlb edirlər və jurnaldakı işindən çıxarırlar. Siyasi orqanların apardığı məxfi istintaqda ona əməkdaşlıq təklif edilir: Səməd Vurğunun “millətçiliyi”nə qarşı gizli işləmək, məxfi orqanlarla əməkdaşlıq etmək istəyirlər. Lakin Süleyman bu təklifdən imtina edir; axı Səməd Vurğun onun ən böyük xeyirxahlarından biri olmuşdu. O əsgərlikdə və müharibədə olarkən, ədəbiyyat fondu onun ata-anasına yardım göstərmişdi. Ata-anası vəfat etdikdən sonra isə qardaşı Murtuzun Suvorovçular məktəbinə qəbul olunmasına və ona mənzil verilməsinə məhz Səməd Vurğun kömək etmişdi.
Nəticədə, Süleyman Vəliyev 1949-cu ilin yayında Sibirin Lena çayı sahilindəki qızıl mədənlərinin paytaxtı olan Bodaybo şəhərinə sürgün edilir. Bununla yanaşı, 1946–1947-ci illərdə yazdığı “Mübahisəli şəhər” romanının çapı da dayandırılır. Maraqlıdır ki, yazıçı Sibir soyuğunda özünü mənəvi cəhətdən Bakıya nisbətən daha yaxşı hiss edirdi; çünki onu illərlə narahat edən gizli sorğu-suallar artıq arxada qalmışdı. Bir neçə aydan sonra həyat yoldaşı da onun yanına gəldi. 1950-ci ildə oğlu Seyran, 1952-ci ildə isə qızı Leyla sürgündə dünyaya gəldilər.
Sibirdə xeyirxah insanların dəstəyi ilə Süleyman yazıçı qələmini yerə qoymadı. 1953-cü ildə İosif Stalin öldükdən sonra ölkənin həbs və sürgün düşərgələrindəki milyonlarla insan bir qədər rahat nəfəs aldı.
Süleyman Vəliyev 1955-ci ildə arvadı və iki övladı ilə birlikdə Bakıya qayıdır. Gəlişindən cəmi 20 gün sonra ona indiki Nizami küçəsi 51 ünvanında kiçik bir ev verilir.
1957-ci ildə “Mübahisəli şəhər” romanı yazıldıqdan 10 il sonra “Azərbaycan” jurnalında çap olunur. Lakin o zaman Yuqoslaviya ilə Sovet İttifaqı arasında münasibətlərin soyuması səbəbindən romanın kitab şəklində çapına icazə verilmir. Yalnız 1961-ci ildə əsər Moskvada rus dilində nəşr olunur və bundan sonra hərbi-vətənpərvərlik ədəbiyyatının incisi sayılan bu roman Bakıda da Azərbaycan dilində kitab kimi çap edilir.

Mənbə: Məcid Rəşadətoğlu


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Başda Seyfəddin müəllim olmaqla Səfərovlar ailəsinə dərin hüznlə baş sağlığı veririk

Əziz jurnalistlər, hörmətli ziyalılar!
Yenicə aldığımız bir xəbərə görə, tanınmış jurnalist, ədəbiyyatşünas və tərcüməçi, “525-ci qəzet”in ədəbiyyat, mədəniyyət və təhsil sahələri üzrə baş redaktor müavini Seyfəddin Hüseynlinin qardaşı – Səfərov Ziyəddin Mehdi oğlu və Səfərov Bakir Mehdi oğlu Rusiyanın Yekaterinburq şəhərində OMON qruplaşmasının üzvləri tərəfindən amansızcasına qətlə yetirilib. Dəstənin üzvləri üçüncü qardaşı da naməlum yerə aparıb. Bu barədə APA-ya Seyfəddin Hüseynlinin özü məlumat verib. “İki qardaşımı da işgəncə ilə öldürüblər” deyə Seyfəddin Hüseynli bildirib. Onun sözlərinə görə, 25 il bundan əvvəl olan naməlum cinayət hadisəsinə görə kütləvi həbslər başlayıb: “İki qardaşım öldürülüb, heç nə demədən evlərə basqın ediblər. Ailəni, evdə yaşayan insanları kütləvi həbs ediblər. Qardaşlarımı da işgəncə ilə öldürüblər”.
Başda Seyfəddin müəllim olmaqla Səfərovlar ailəsinə dərin hüznlə baş sağlığı verir və dövlətimizdən bu məsələyə tez bir zamanda münasibət bildirməsini xahiş edirik!

Hörmətlə: Məcid Rəşadətoğlu

Yazarlar, söz və kitab -1957

Fotodakı qadın Mikayıl Müşfiqin bacısı Balacaxanım İsmayılovadır. Əlində tutduğu isə qardaşının bəraətindən sonra nəşr olunan ilk şeir kitabının siqnal nüsxəsidir. Foto 1957-ci ilin mayında çəkilib.
Mikayıl Müşfiqin bacısı Balacaxanım 1906-cı ildə dünyaya gəlib. 64 ömür sürüb. Qardaşı Mikayılın amansız qətlinin ağrılı-acılı yükünü, bacısı Böyükxanımın faciəli intiharının mənəvi əzablarını həyatı boyu ürəyində daşıyıb. 1970-ci ildə dünyasını dəyişib Balacaxanım. Yazırlar ki, o, ölüm yatağında 3 gün can verir, hər nəfəsində də qardaşını arzulayır…
Ailə üzvlərinin sözlərinə görə, qardaş dərdi, illərin keşməkeşli, əzablı həyatı Balacaxanıma rahat can verməyə imkan vermirdi. Həmin vaxt evdə Zeynəb Xanlarovanın plastinkası var imiş. Üzərində də Mikayıl Müşfiqin şəkli. Onu gətirib xanımın sinəsinin üstünə qoyurlar, yenə də sakitləşmir… Məcbur qalıb Dilbəri çağırırlar – Mikayıl Müşfiqin həyat yoldaşını. Dilbər xanımın gəlişindən sonra onun ürəyi, sanki təskinlik tapır. Balacaxanım Müşfiqdən qalan tək yadigarını görüb, beləcə haqq dünyasına qovuşur.

Mənbə və təqdimat: Məcid Rəşadətoğlu


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Xalq şairi Səməd Vurğunun dəfni

Xalq şairi Səməd Vurğunun dəfni. 1956-cı il. 30 may. Həmin gün paytaxt Bakının küçələri insanlarla dolu idi. Şəhərdə çox böyük bir izdiham var idi. Hər kəs şairlə vidalaşmaq və onu son mənzilə uğurlamaq üçün Birinci Fəxri xiyabana doğru axışırdı…
1955-ci ilin oktyabr ayında Səməd Vurğun SSRİ nümayəndə heyəti tərkibində Vyetnama gedərkən yolda xəstələnir və səfərini yarımçıq saxlamalı olur. Çində onu Pekin xəstəxanalarından birində müayinə edirlər. Bir neçə həftədən sonra şair vətənə qayıdır. Onun xəstəliyi şiddətlənir. 1956 – cı ilin martında Səməd Vurğunun 50 yaşı tamam olur. Şairin yubileyinin keçirilməsinə hazırlıqlar çərçivəsində Azərbaycan SSR rəhbərliyi tərəfindən “Azərbaycanın SSR Xalq şairi” adı təsis edilir və ilk dəfə bu ada Səməd Vurğun layiq görülür. May ayının 12-sində opera və balet teatrında SSRİ-nin ədəbi ictimaiyyətinin və xarici qonaqların iştirakı ilə şairin təntənəli yubiley gecəsi keçirilir. Yubiley təntənəsindən iki həftə sonra 1956-cı il may ayının 27-də, saat 19:30-da şairin gözləri əbədi yumulur. May ayının 28-dən 30-na kimi şairin cənazəsi Azərbaycan Dövlət Filarmoniyasının binasında qoyulur. Şair may ayının 30-da Sovet Sosialist Respublikaları İttifaqı nümayəndə heyətlərinin, xarici qonaqların və Azərbaycan xalqının böyük bir izdihamı ilə Bakıda I Fəxri xiyabanda dəfn edilir…
Bu gün Azərbaycan SSR ilk Xalq şairi Səməd Vurğunun anım günüdür!

Mənbə: Məcid Rəşadətoğlu


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Aşıq Ələsgərin Güləndamı

Fotoda görkəmli el aşığı Aşıq Ələsgərin gənclik illərində görüb bəyəndiyi, gözəlliyinə şeirlər, qoşmalar, gəraylılar ifa etdiyi Güləndam nənəni görürsünüz. Uşaqlıq və gənclik illəri Kəlbəcər dağlarında keçən Güləndam nənə nə az, nə çox, düz 140 ildən artıq (153 il) ömür sürüb. Adı Ginnesin Rekordlar Kitabındakı uzunömürlülər siyahısına düşüb. O, 1843 – cü ildə Kəlbəcər rayonunun Qaragüney kəndində anadan olub. Uşaqlıq illəri çətinliklərlə, maddi sıxıntılarla keçib. Dövrünün bir çox qızları kimi o da təhsil ala bilməyib. Görkəmli el aşığı Aşıq Ələsgər Güləndam nənəni iyirmili yaşlarında görüb bəyənmişdi, onun gözəlliyi Dədə Ələsgəri özünə heyran etmişdi. Aşıq Ələsgərin dillər əzbəri olan “Güləndam” qoşması da bu gözəlliyin qarşısında meydana çıxmışdı. Bu qoşma Güləndam nənənin gənclik gözəlliyinin sözə çevrilmiş halı idi.

Səni gördüm, əl götürdüm dünyadan,
Ala gözlü, qələm qaşlı Güləndam!
Alma yanağını, ay qabağını
Görən kimi ağlım çaşdı, Güləndam!

Güləndam nənənin sizə təqdim etdiyimiz hər iki fotosunun maraqlı çəkilmə tarixi vardır. Sənətşünas Telman İbrahimovun verdiyi məlumata görə, xalçaşünas Kübra xanım Əliyeva 1979-cu ildə, Güləndam nənənin 140 illik yubileyində Kəlbəcərdə olmuş və Güləndam nənənin fotosunu özünün toxuduğu xalça qarşısında, eləcə də at belində dayanarkən çəkmişdir. Kübra xanım bu görüş barədə təəssüratlarını Moskvada nəşr olunan məşhur «Декоративное искусство» jurnalında nəşr etdiyi bir məqalədə işıqlandırmışdır.

 Hеç dеmirsən, Ələsgərim hardadı?
 Səbəb nədi, gülün mеyli xardadı?!
 Mənim gözüm sənin kimi yardadı,
 Hər cəfası mana xoşdu, Güləndam!

Bir əsrdən artıq ömür yaşayan Aşıq Ələsgərin məhəbbət yolunda çox cəfa çəkib. İlk dəfə Səhnəbanu adında bir qıza aşiq olub. Ancaq onu Aşıq Ələsgərə verməyiblər. Qızın əmisi oğlu pullu Məhəmmədə veriblər. Bu hadisə Ələsgərin ürəyinə dağ çəkib. Gənc yaşlarından onu həyata, sevgiyə küsdürüb. Yaşı 40-a çatandan sonra Anaxanım adında hər şeyə deyinən – deyingən bir arvad alıb. Günü ah-vayla, qovğayla keçib. Deyilənə görə, Aşıq Ələsgərin el gözəllərinə tərif yazması, onların hüsnünə qoşmalar, gəraylılar ifa etməsi Anaxanımı özündən çıxarırmış. Bir gün dözə bilməyib əri Aşıq Ələsgərə deyir:
– Ələsgər, gəzmədiyin yеr qalmadı, tərif dеmədiyin də gözəl. Nə olar, mənə də bir tərif dеyəsən!
Aşıq Ələsgər zarafatla dеdi:
– Anaxanım, tərif dеdiyim gözəllər mənə xələt vеrir; sənə tərif dеsəm, mənə nə vеrərsən?
– Еvində nə var, ondan.
– Onda dur, bir ballı qayğanaq bişir yеyim, huşum cəmləşsin, dеyim.
Aşıq Ələsgər bеlə dеyən kimi Anaxanım yеrindən durdu, ocağı qaladı, bir tava
qayğanaq bişirdi, dəridən bеçə balı çıxartdı, qayğanağın üstünə tökdü, külfətlikcə yеdilər. Çay gətirdi, içdilər, sonra sazı Aşıq Ələsgərə vеrdi. Aşıq Ələsgər sazı aldı, zilini zil, bəmini bəm, sinəsində müstəkəm еlədi, görək arvadını nеcə təriflədi:
Ala gözlü, nazlı dilbər,
Еlindən xəbərin varmı?
Dörd bir yanın bağça, söyüd,
Gülündən xəbərin varmı?
Еlə ki, Aşıq Ələsgər sözün bu bəndini oxudu, Anaxanım iki dəfə “sağ ol!” dеdi.
Aşıq Ələsgər gülümsündü:
– Arvad, bu da olsun sənin tərifin.
– A kişi, sözü yarımçıq qoymayacaqsan, ha! Hələ nə dеyibsən ki?! Qalanını dе!
Aşıq Ələsgər gördü Anaxanım əl çəkmir, götürdü o biri bəndini:
O zaman ki, gəldim sizə,
Mayıl oldum qaşa, gözə,
Zibilin çıxıbdı dizə,
Külündən xəbərin varmı?
– A kişi, dеyəsən axı, burasını yaxşı dеmədin? Zibil nə idi ortalığa qatdın?!
– Arvad, söz düz gəlmirdi, ona görə еlə dеdim.
– A kişi, sən Allah, sabah onun orasını düzəlt. Еl içinə çıxası dеyil…
– Baş üstə! Sabah bir qayğanaq da bişirərsən, düzəldərəm. Ancaq gəlsənə daha dеmiyəm. Huşum yaxşı gətirmir, qorxuram yaxşı dеyə bilməyəm.
– A kişi, qorxma dе. Amma bu dəfə yaxşı dе!
Aşıq Ələsgər aldı o biri bəndini:
O vədə ki gəlin oldun,
Qabırğası qalın oldun,
Qaynanana zalım oldun,
Dilindən xəbərin varmı?
Bu bəndi dеyəndə Anaxanımdan başqa hamı gülüşdü. Aşıq Ələsgər götürdü o biri bəndini:
Daha düşübsən hənəkdən,
Suyun qurtarıb sənəkdən,
Məmən çıxıbdı köynəkdən,
Tulundan xəbərin varmı?
Bu bəndi dеyəndə yеnə bərk gülüşdülər. Anaxanım lap pərt oldu. Üst-başına baxanda gördü ki, uşağı əmizdirdikdən sonra köynəyinin yaxası açıq qalıb. Yaxasını düymələyəndən sonra acıqlı-acıqlı dilləndi:
– Daha mən bu еvdə dura bilmərəm; kağızımı vеr (kəbin kağızını nəzərdə tutur), çıxıb gеdəcəm! Otuz ildir,
sənə еv düzəldirəm, uşaq saxlayıram; Bu da mənim еvliliyimin əvəzi!.. Еvindən bir şеy də aparmaram; dədəm еvindən gətirdiyimi sabah bir ulağın bеlinə qoy, məni yola sal, gеdəcəm! Aşıq Ələsgər Anaxanımın xətrinə dəydiyini bilirdi. Amma onun bu sözlərini gеrçək hеsab еləmədi, aldı o biri bəndini:
Ələsgərlə çəkmə dava,
Ariflər baxsın hеsaba;
Cеhizindir qırıq tava,
Malından xəbərin varmı?!
Sazını bir tərəfə qoyanda, Aşıq Ələsgər gördü ki, Anaxanımın halı hal dеyil. Dеdi:
– Arvad, mən sənə dеdim ki, huşum gətirmir, razılaşmadın. Anaxanım dinib
cavab da vеrmədi. Səhərisi küsüb dədəsi evinə getdi. Bir də aylar sonra qayıtdı.

Mənbə: Məcid Rəşadətoğlu


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Hacı Mirbağır Mirheydərzadə – Naxçıvan tarixşünaslığının unudulmaz siması

Hacı Mirbağır Mirheydərzadə – Naxçıvan tarixşünaslığının unudulmaz siması
Təəssüf ki, Azərbaycan tarixində böyük xidmətləri olan fədakar ölkəşünas Hacı Mirbağır Mirheydərzadə haqqında çox az məlumata sahibik. Halbuki o, Naxçıvanda ilk dövlət muzeyinin yaradılmasında mühüm rol oynamış, ziyalı və vətənpərvər bir şəxsiyyət kimi tariximizdə iz qoymuşdur.
Mirbağır Mirheydərzadə 1877-ci ildə Ordubad rayonunun Nürgüt kəndində anadan olmuşdur. 1887-1896-cı illərdə Naxçıvan şəhər mədrəsəsində ilkin təhsilini almış, daha sonra 1899-cu ildə Təbriz ruhani məktəbində təhsilini uğurla başa vurmuşdur. Gənclik illəri çətin şəraitdə keçən Mirheydərzadə təhsilini başa vurduqdan sonra Naxçıvana qayıtsa da, uyğun iş tapa bilmədiyindən Tiflisə üz tutmuşdur. Burada o, inqilabi düşüncəli şəxslərlə tanış olmuş və onlarla daim ünsiyyətdə olmuşdur.
1917-1921-ci illərdə o, Naxçıvanda Eynəli bəy Sultanov, Hüseyn Cavid, Əziz Şərif, Behbud Şahtaxtinski, Əli Səbri Qasımov və başqa görkəmli ziyalılarla birgə fəaliyyət göstərmişdir. 1918-ci ildə erməni silahlı dəstələrinin Andronikin başçılığı ilə İrəvan-Naxçıvan-Culfa istiqamətində irəlilədiyi dövrdə, Xorazyants adlı şəxs Tiflisdən Naxçıvana göndərilmişdi. Onun məqsədi Culfa cəbbəxanasının silahlarını ələ keçirərək, silahlı qruplar formalaşdırmaq və Andronikin hücumlarını gücləndirmək idi. Bu arada Naxçıvanda yaradılan Erməni Milli Komitəsinin də əsas məqsədi yerli idarəetməni zəbt etmək və əhali arasında qorxu yaratmaq idi.
Belə gərgin bir vaxtda, Mirbağır Mirheydərzadə yerli mübarizə yoldaşları ilə birlikdə dağınıq qüvvələri bir araya gətirərək ortaq düşmənə qarşı müqavimət təşkil etmişdir. Əgər bu cəhdlər olmasaydı, bölgənin taleyi daha faciəvi ola bilərdi. O dövrdə onun rəhbərlik etdiyi “Mücəddin” siyasi dərnəyi ziyalılar arasında böyük nüfuz qazanmışdı. Bu təşkilat Naxçıvanın gələcəyini Rusiyadan çox Türkiyə ilə birgə görürdü.
Mirbağır Mirheydərzadə maarifçilik və mədəniyyət sahəsində fəal olmuş, tariximizin aydınlaşdırılması işinə ömrünün sonuna qədər töhfə vermişdir. O, Naxçıvanın tarixi abidələrinin, yer adlarının, arxeoloji tapıntıların və folklor nümunələrinin toplanması və araşdırılması ilə məşğul olmuşdur. Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin Naxçıvan şöbəsində elmi katib kimi çalışmış, akademik Meşşaninov (1926), professor A. Müller (1927), Ə.Ələkbərov və Osman Həbibullayevin arxeoloji qazıntılarında fəal iştirak etmişdir. Əlyazmaları AMEA-nın Əlyazmalar İnstitutunda saxlanılır.
1924-cü ildə təsis edilən Naxçıvan Dövlət Tarix Muzeyinin zənginləşməsində böyük rol oynayan “Tədqiq və Tətəbbö Cəmiyyəti” 1925-ci ildə yaradılmışdı. Cəmiyyətin sədri kimi Mirbağır Mirheydərzadə muzeyin inkişafına böyük əmək sərf etmişdir. Ağa Məhəmməd (Ərbab), Lətif Hüseynzadə, Z. Seyidov (Seyid Səbri), Hüseyn Cavidin böyük qardaşı Məhəmməd Rasizadə və başqaları da bu işdə fəallıq göstərmişlər. Muzeyin əsas fəaliyyəti 1926-1930-cu illərdə eksponat toplamaqdan ibarət olmuşdur. 1930-cu ildə Mirheydərzadə Naxçıvan MSSR Xalq Maarif Komissarlığının əmri ilə muzeyin direktoru təyin edilmişdir. Həmin dövrdə muzeyin adı “Naxçıvan Tarix-Etnoqrafiya Muzeyi”ndən “Naxçıvan Tarix-Diyarşünaslıq Muzeyi”nə dəyişdirilmişdir. O, 1944-cü ilə qədər bu vəzifədə çalışmışdır.
Mirbağır Mirheydərzadənin ən mühüm işlərindən biri də epiqrafik abidələrin öyrənilməsi olmuşdur. 1928-ci ildə Qarabağlar türbəsindəki qoşa minarəli başdağın kitabəsində ərəb dilində yazılmış “Allahın bu nişanəsi türkman Quti xatındır” sözlərini oxumuşdur. Müsəlman kitabələri ilə bağlı çoxsaylı tədqiqatlar aparmışdır. O, həmçinin Şərq ədəbiyyatı, sufilik, təsəvvüf və hürufilik kimi mövzularla da dərindən maraqlanmış, milli folklorun ilk toplayıcılarından biri olmuşdur. Dil, elm və ictimai quruluşla bağlı yazıları da maraqlı araşdırmalar sırasındadır. Muzey direktoru kimi çalışdığı illərdə ədəbiyyat, mədəniyyət və tarix sahəsində mühüm tədbirlərin təşkilatçısı olmuşdur.
Hacı Mirbağır Mirheydərzadə 80 illik ömründə xalqına və elmə xidmət etmiş, 10 yanvar 1956-cı ildə vəfat etmişdir. Onun haqqında ilk geniş məlumatları professor İbrahim Mollayev vermiş, daha sonra “Nuh yurdu” qəzetində alimin nəticəsi, tarixçi Şəhla Əliyeva maraqlı yazılar dərc etdirmişdir.
Diqqətinizə çatdıraq ki, Mirheydərzadələr nəslinin kökü doqquzuncu məsum, yeddinci imam Museyi-Kazıma qədər gedib çıxır. Bu nəslin peyğəmbər soyuna mənsub olduğu 1890-cı ildə Qafqaz Şeyxülislamlığının rəsmi möhürü ilə təsdiq olunmuşdur…
Qeyd: Məqalənin hazırlanmasında filologiya elmləri doktoru, dosent Fərman Xəlilovun “Fədakar ölkəşünas: Hacı Mirbağır Mirheydərzadə” adlı əsərindəki məlumatlardan istifadə olunmuşdur.

Mənbə: Məcid Rəşadətoğlu


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Xalq şairi Xəlil Rza Ulutürk və həyat yoldaşı Firəngiz xanım

Xalq şairi Xəlil Rza Ulutürk və həyat yoldaşı Firəngiz xanım. Ötən əsrin 60-ci illəri.
Görkəmli şair 1990-cı ilin 20 yanvarında baş verən qanlı hadisədən sonra həbs olundu. Bir müddət Moskvanın Lefortovo həbsxanasında saxlanıldı. 1991-ci ildə isə həbsdən azad edildi. Həyat yoldaşı Firəngiz xanım Xəlil Rza Ulutürkün həbsi barədə deyirdi: “…yanvarın 26-da onu tutdular. Ayın 26-da Svetlana İbrahimovanın dəfn mərasimi idi. O da Mikayıl Mirzə ilə həmin dəfnə getmişdi. Dəfn vaxtı bir nəfər ona yaxınlaşıb deyir ki, “Xəlil müəllim, bəlkə siz o biri yolla çıxıb gedəsiz. Əllərində şəkliniz olan adamlar burda sizi axtarır”. Həmin vaxt da o, Qorboçova aid şeir yazmışdı. Həmin o şeiri axıra qədər səsləndirib. Amma orada ikinci bir adam da ona deyir ki, buradan uzaqlaşmalısan. Nə isə bunlar oradan çıxırlar. “Gənclik” metrostansiyasının yaxınlığında maşın saxladırlar, bunlara deyirlər ki, “ikiniz də düşün aşağı”. Onlar maşından düşürlər. Maşından düşən kimi silahları onlara tuşlayırlar, zorla maşına mindirmək istəyirlər. Mikayıl Mirzə deyir ki, onun şəkəri var, xəstə adamdı, özü maşına minəcək, o cür mindirmək lazım deyil. Nə isə aparırlar. Mikayılı bir-iki saatdan sonra buraxırlar, amma Xəlil qalır. Biz də səhərə qədər nigaran qaldıq. Səhər açılar-açılmaz durdum getdim “KQB”yə. Deyirdilər ki, tuthatut başlayıb, adamları yığıb aparırlar ora. Mən də getdim, oradakılara dedim ki, o, şəkər xəstəsidi, səhər ağzına nəsə dəyməlidi. Dərman atmalıdı. Yanında heç nə yoxdu. İstədim “KQB”nin sədri Vaqif müəllimlə danışım. Növbətçi dedi ki, hələ gəlməyib. Xəlili kimdən soruşurdumsa, heç kim bir söz demirdi. Elə bil ki, bir-biri ilə sözləşmişdilər…”

Mənbə: Məcid Rəşadətoğlu


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru