Turan Uğur – Öncə söz vardı…

Öncə söz vardı…
Məhəmməd Füzuli-1-ci hissə.
(Dostlar, bu gündən etibarən “Fədailərimizi tanıyaq!” rubrikası ilə yanaşı “Öncə söz vardı…” rubrikasına başlayıram.İlk olaraq, ədəbi düha, ustad Məhəmməd Füzulidən başlayaq ki, sözümüzün sanbalı olsun.Bu rubrikamda böyük alimlərimzdən iqtibas etdiklərimlə, müxtəlif yazılardan, məqalələrdən əxz etdiklərimlə yanaşı, həm də öz təhlillərim, öz mülahizələrim yer alır)
Pənbeyi-daği-cünun içrə nihandır bədənim,
Diri olduqca libasım budur, ölsəm, kəfənim.
Məşhur qəzəlin, məşhur beyti.
Pənbə-pambıq, dağ-basılmış dağ, cünun dəlilik deməkdir.
Bəs Füzulinin qəzəlində bu spesifik, açar sözlər daha sonra hansı kodlarla, şifrələrlə bir-birinə bağlanır? Lap Jorj Kulonun “Motsart qazamatda” əsərindəki atributlar, hadisələr kimi.İlk baxışdan gərəksiz yerə dınqıldanan piano da, yaşlı xanım da, kafedə yubanan (qazamatda Motsart ləqəbi verilən) qatil də-hər kəs bir-birindən qopuq görünür, ancaq süjetin sonunda deyirsən “aha, nə qədər təbii, elə bunlar bir-biri üçün yaradılıblarmış ki!”
Maraqlıdır! Hekayəni yox, qəzəli deyirəm.
Pambıq hara, dəli hara, dağ basmaq hara.Birazdan görəcəyik ki, təcrübələrdən ilmə-ilmə xalı hörüb Füzuli.
Sən demə, qədim təbabətdə dəlini 3 üsulla müalicə edirmişlər: -çalğı-qan almaq və dağ basmaq.Əbu Əli İbn Sina, ərğənun adlı çalğı alətinin ixtiraçısı kimi xəstəni müalicə etməkdə metoterapiyadan istifadə edərmiş.İbn Sina müəyyən eləmişdi ki, hansı lad, hansı tembr hansı mərəzin dərmanıdır.
…Dağ basıb pambıq yapışdırmaq isə dəlini müalicə etmək üçün son vasitədir.Füzuli demək istəyib ki, mən cünunluğun son həddində dayanmışam.Ona görə də məni son vasitə ilə müalicə etmək lazımdır.Yəni, eşqim hüdudsuzdur.Adi dəlilərə dəmirlə dağ basırlarsa, mənə eşq dağı basılır.Eşq dağının üstünə qoyulan pambıq mənim libasımdır.Tam əminliklə burada Allaha olan məhəbbətdən söhbət gedir.Fuad Köprülü də bu cür düşünür, amma bəzi alimlərimiz qadına real məhəbbətlə yazıldığını iddia edirdilər, hərçənd sovet dönəmində yəqin ki, başqa cür yaza bilməzdilər, sosialist realizminin diktəsinə uyğun olaraq.Onu da ərz edim ki, sovet dönəmində Füzuliyə münasibət müsbət deyildi, çünki hayana vurdular, nə tövr etdilərsə, canından irfanı, eşqi, Allah məhəbbətini çıxara bilmədilər, yoxsa sovet “başbiləlnəri” maraqlı idilər ki, ondan da bir sosial bərabərlik simvolu düzəltsinlər.Bu, həm də Füzulinin dühalığı ilə bağlıdır ki, onun ehtişamı, uca ruhu şeirlərini zərrəcə təhrif olunmağa rüsxət vermədi.
Canı kim cananı üçün sevsə, cananın sevər.
Canı üçün kim ki, cananın sevər, canın sevər.
Füzulinin eşqi ilahi idi, eşqi bəşər müstəvisindən Tanrı müstəvisinə qaldıra bilib Məhəmməd Füzuli.Yəni, hər iki məfhuma xitab edən həm ucalıqda, həm də əlçatanlıqdadır bu misralar.
“Eşq sərgəştəsiyəm, seyli-sirişk içrə yerim
Bir hübabəm ki, havadan doludur pirəhənim”.
Şair deyir ki, mən göz yaşlarımın içində bir hübabəm (su üzündə qabarcıq, pappıldaq)
Su üzündəki qabarcıq adi hava ilə dolu olduğu halda, mən eşqin havası ilə doluyam.Su qabarcığı, əslində, havadan ibarətdir, püf eləyən kimi yox olur.Mən də eləyəm.Yalnız eşqdən ibarətəm.
Eşqi məndən alsan, yerində heç nə qalmaz.
Gerçəkdən də qalmır! Sonda Əkrəm Cəfərin bir fikri hafizəmdə ilişib qalıb, gərək onu da təkrarlayım:
“Füzulinin adı gələndə yaxşı olar ki, salavat çevirəsən”
01 may 2024
(Yazımda vaxtilə Əli Fəhminin, M.F.Köprülünün, Xəlil Rzanın, Əkrəm Cəfərin və digər alimlərimizin tədqiqatlarından təsirləndiyim fikirlər var)

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir