Erskin Preston Kolduell – ədəbiyyatda realist yönümün nümayəndəsidir. Amerika yazıçısıdır. 1903-cü ildə Corciya ştatının Uayt-Ouk şəhərində ruhani ailəsində anadan olmuş, 1987-ci ildə dünyasını dəyişmişdir. Yazıçılığa 1931-ci ildə “Amerika torpağı” ( ingiliscə: American Earth) novellalar toplusu ilə başlamışdır. Sonralar “Tütün yolu” (“Tobacco Road”, 1932), ”Allahın payı” (“God’s Little Acre”, 1933) romanlarını yazmışdır. 1941-ci ildən Moskvada müxbir olmuş, təəssüratları əsasında “Moskva od içində” (“Moscow Under Fire”) kitabını, “Bütün gecə boyu” (“All Night Long”, 1942) romanını qələmə almışdır.
Erskin KOLDUELL
KRİSTİ TÖKERİN ÖLÜMÜ
(hekayə)
Kristi Töker axşamtərəfi qatırın tərkində plantasiya şəhərciyinə gedirdi. O, bütün günü yaşadığı evin ətrafını səliqəyə salmış, təzə payalar yonub çəpərin uçuq-sökük yerlərini düzəltmişdi. Öz işindən yerdən-göyə qədər razı qaldığından indi kefi ala buludlarda idi. Yol boyu fit çalırdı. O, plantasiya şəhərciyinə az-az gedirdi. Amma bir iş üçün çağırılanda vaxt itirmir, tez yola düşürdü. Kristi qatırı dükanın arxasındakı mıxçaya bağladı. Zəncilər bu gün nədənsə onunla görüşməyə tələsmirdilər.
Kristi üç ay olardı ki, arvadını da götürüb bu yerlərə köçmüşdü. O vaxtdan rəngi rənglərinə, taleyi talelərinə bənzəyən qara dərililərlə mehriban münasibətdə idi. İndi isə zəncilər nədənsə özlərini görməməzliyə vurub ona yaxın düşmürdülər. Kristi heyrət içərisində və tələsmədən plantasiya idarəsinə sarı yollandı. Froqqi Miller onun qarşısına çıxdı. Froqqi dönməyə macal tapmamış Kristi onun əlindən yapışdı.
– Başa düşmürəm, siz camaata nə olub?
Froqqi Miller onun evindən bir mil aralıda – üzbəüz evdə yaşayırdı. Onların evlərini uzanıb gedən pambıq plantasiyaları ayırırdı. Qonşuluqda yaşadığından hamıdan çox onu tanıyırdı.
– Nə olub, Froqqi?
Froqqi hündürboylu, saçlarını qısa vurdurmuş zənci idi. O, bir ayağını qaçaraq qoymuşdu. Kristi yenidən onu tutub saxladı. Həyəcanlı halda:
– Qulaq as,- dedi. – Özünüzü niyə belə qəribə aparırsınız?
Froqqi:
– Cənab Li Krossmən sənin dalınca adam göndərib? – deyə soruşdu.
– Hə, göndərib, nə olsun ki? Yəqin təsərrüfatla əlaqədar nə isə demək istəyir. Başa düşmürəm siz…
O, sözünü qurtarmamış Froqqi aralandı və yola düzəldi. Kristi onu narahat edən suallara cavab almaq üçün tələsik plantasiya idarəsinə girdi. Plantasiyanın mühasibi Hendriks və Li Krossmənin kiçik qardaşı Morqan birinci otaqda əyləşib ayaqlarını pəncərənin artırmasına qoymuşdular. Hendriks Kristini görən kimi qalxıb o biri otağa keçdi. Mühasib gələnədək Morqan Krossmən sakit və davamlı nəzərlərlə zəncini süzdü. Qonşu otaqdan mühasibin səsi eşidildi:
– Bura gəl!
Kristi çevriləndə plantasiyanın sahibi və bossu Li Krossməni astanada dayanmış gördü. Kristi:
– Eşidirəm, ser, – dedi.
Li Krossmən əyninə kip tikilmiş bozumtul minici şalvar – brici, mixəyi rəngli köynək və dizlərinə qədər gəlib çatan uzunboğaz çəkmə geyinmişdi. O, kənara çəkilib otağa keçmək üçün Kristiyə yol verdi, sonra arxa tərəfdən qapını bağladı. Kristi otağın ortasında dayanıb Li Krossməni gözləməyə başladı.
Kristi plantasiyaya ilin birinci yarısında – üç ay əvvəl gəlmişdi. O ilk dəfə idi ki, Corciyada olurdu. Həmin yerlər onun xoşuna bu vaxta qədər yaşadığı Alabamadan daha çox gəlirdi. Arvadı ilə onu Corciyaya köçməyə vadar edən torpağın məhsuldar, maldarlıq işinin əlverişli olması idi. Kristinin dediyinə görə,
onlar bir qarın tox, bir qarın ac dolanırdılar. Buraya isə xoş gün həsrəti ilə gəlib çıxmışdılar.
Li Krossmən qayıtmaq bilmirdi. Kristi stulların birində əyləşdi. Yenicə yanını yerə qoymuşdu ki, qapı açıldı. O, ayağa sıçradı. Gülümsünərək:
– Hər vaxtınız xeyir, cənab Li, – dedi. – Torpağı yoxladım. Əgər bir dənə də qatırım və çox gavahınlı kotanım olsaydı, çalardım. Belə kotanla iki qat artıq pambıq yetişdirərdim. Torpağa söz ola bilməz. Ovcumun içi kimi təmizdir. Nə kötük var, nə də bir qamış. Kol-kos sarıdan da nigarançılıq yoxdur. Heç yerdə çala-çuxura rast gəlmədim. Əgər mənə bir dənə də qatır və kotan verilsə, iki yardardan çox pambıq becərərdim.
Kristi danışıb qurtaranadək Li Krossmən gözlədi. Sonra qapını möhkəmcə örtüb otaqda var-gəl etdi:
– Zəncini mən sənin dalınca göndərmişəm, yoxsa sən mənim?
– Elədir, cənab, Li, siz göndərmisiniz…
– Elə isə sənə icazə verilməmiş heyvərə ağzını az açıb-yum!
– Günahkaram, ser, cənab Li, – deyə Kristi arxası divara söykənənədək dalı-dalı çəkildi. Li Krossmən stulda əyləşib nəzərləri ilə onu «yedi».
– Günahkaram, ser, cənab Li,- deyə Kristi tutuquşu kimi təkrar etdi.
– Sən də o heyvərə zəncilərin tayısan, haradan peyda oldun, bilmirəm. Sən ki, Corciya zəncilərindən deyilsən.
Kristi ovcunun içərisilə üzünü sildi. Başa düşmədi ki, nə üçün Li Krossmənin ona acığı tutub. Bayaq zəncilərin yaxın gəlib onunla kəlmə kəsməmələrinin səbəbi yalnız indi ona aydın oldu. Onlar bilidilər ki, Kristi Li Krossmənin qəzəbinə düçar olub və ser öz adamını onun dalınca göndərib. Plantasiya sahibinin və bossun gözündən düşmüş adamla söhbət etmək isə özünü diri-diri oda atmaq demək idi.
– Özünə radio almısan?- deyə Li soruşdu.
– Bəli, ser.
– Haradan almısan?
– Möhlətlə almışam.
– Sənin pulun haradan idi?
– Bir az varım idi. Arvadım da cücə saxlayır.
– Nə üçün radionu plantasiyadakı mağazadan götürməmisən?
– Başqa yerdən almaq daha münasib idi. Orada bir qədər ucuzdur.
– Plantasiyada yaşayan zəncilər lazımi şeyləri buradakı mağazadan alırlar.
– Sizə borclu qalmaq istəmədim, cənab Li. İstəyirəm ilin axırında plantasiyadan mənə çatacaq məbləği tam alım.
Li Krossmən arxasını kresloya söykəyib ayağını ayağının üstünə aşırdı. Cib bıçağını çıxarıb dırnağını təmizləməyə başladı. Otaqda bir müddət sakitlik oldu. Kristi divara söykənmişdi. Bunu görən Li:
– Düz dayan, zənci!- deyə bağırdı.
– Baş üstə, ser,- deyə Kristi qəddini düz saxlamağa çalışdı.
– Çəpərini nə ilə təmir etmisən? Mənim meşəmə girmişdin?
– Bəli, ser, cənab Li.
– Bəs nə üçün icazə almamısan?
– Axı mən o yerdə yaşayıram. Gördüm çəpər amana-məəttəldir, uça bilər. Fikirləşdim ki, köhnə payaları yeniləri ilə əvəz etsəm, yaxşı olar.
– Özünü pis aparırsan! Çox pis! Demək, məni saymırsan? İstədiyini edirsən. Özünü mənim torpağımın və evimin sahibi kimi aparırsan? Öz kefinə iş görür, özünü ağ adam kimi ləyaqətli hesab edirsən?
– Xeyr, ser, cənab Li, – Kristi etirazını bildirdi. – Belə şeylər yatar-yuxuma da girməz. Sadəcə, bekar oturmaqla aram yoxdur. Əyilmiş çəpəri düzəltməyincə, odunu doğramayınca, pambığı yığıb qurtarmayınca rahatlıq tapmıram. Bu günün işini sabaha qoymuram, ser.
– Xəbərin var ki, sənin kimi qudurğan zəncilərin başına nə oyun açırlar?
– Xeyr, ser.
– Biz onlara öz burunlarını hər yerə soxmamağı, öz yerlərini bilməyi öyrədirik.
Li Krossmən ayağa qalxıb şkafa sarı getdi. Şkafın qapısını açıb əlini içəri saldı. O, geri dönəndə əlində uzun dəri qamçı tutmuşdu. Qamçıya ağır mis toqqa bənd edilmişdi. Li otaqda gəzişərək qamçını uzunboğaz çəkməsinin yanına çırpmağa başladı.
– Mənim plantasiyamda cücə saxlamağa sənin arvadına kim icazə verib?
– Heç kim, cənab Li,- Kristi dedi,- sizin etiraz edəcəyinizi bilmirdik. Həyətdə bunun üçün şərait var. Mən balaca hin də düzəltmişəm.
– Mənimlə mübahisəyə girişmə, zənci!
– Göz üstə, ser.
– Elə bilirdin məhsulun cücələr tərəfindən tərg edilməsi mənim xoşuma gələcək?
– Xeyr, ser.
– Radionun pulunu necə ödəmisən?
– Qurduğum tələyə bir-iki dovşan düşmüşdü. Onların dərisini satıb bir az pul əldə etdim.
– Mən istəmirəm ki, mənim plantasiyamdakı dovşanlara toxunsunlar.
O, ağır qamçını qaldırıb çəkməsinə vurdu:
– Nə üçün bizim mağazanın kitabında sənin adına heç nə yazılmayıb?
– Mən borca düşmək istəmirəm. İlin axırında plantasiyadan mənə çatacaq məbləği tam almaq fikrindəyəm.
Krossmən:
– Sənin bəri başdan, yaxud o başdan borclu qalacağın artıq mənim öz işimdir,- deyib döşəmədəki sökük yeri Kristiyə göstərdi:
– Köynəyini çıxart, şalvarını aşağı sal. – Ağ adam sözünə davam edib, – Dizi üstə orada dayan!
– Fikriniz nədir, cənab Li?
– Darıxma, görəcəksən. Köynəyini, şalvarını çıxart, dediyim şəkildə dayan.
– Cənab Li, razı olmaram ki, məni döyəsiniz. Xeyr, ser, cənab Li. Mənimlə belə rəftar etməyinizə icazə vermərəm. Yox, nə danışırsınız?!
Li Krossmən acığından gömgöy göyərdi. Onun bağırtısı otağı başına götürdü:
– Qaraağızlı, qarakürəkli köpək!!! – deyib ağır mis toqqalı qamçını qaldırdı və Kristini döyməyə başladı.
Kristi yaxasını qurtarmağa çalışdı. Li ikinci dəfə qamçını endirəndə zənci havada tutub buraxmadı. Li əvvəlcə çaşqın nəzərlərlə ona baxdı, sonra qamçını dartdı, almaq istədi.
– Cənab Li, mənim sizə heç bir yamanlığım keçməyib. Yalnız bir-iki dovşan tutmuşam, bir-iki cücə saxlayıram. Sizə qarşı pis fikrə düşməmişəm. Elə bilmişəm bir-iki paya ilə çəpəri təmir etməyimdən narazı qalmazsınız.
– Mumla, dediyimə əməl elə. Köynəyini, şalvarını çıxart!- deyə Li əsib-coşdu.- Dartıb əlindən almamış qamçını burax!
Kristi tərpənmədi. Qamçını ovcunda daha möhkəm sıxdı. Li o qədər qəzəblənmişdi ki, dili söz tutmurdu. O, şkafa sarı qaçıb tapançanı götürdü . Kristiyə sarı dönüb üç dəfə atəş açdı. Kristinin qamçı tutan əli boşaldı və o, yerə sərildi.
Linin qardaşı Morqan və mühasib Hendriks qaçaraq arxa otağa gəldilər. Linin qardaşı Kristi Tökeri döşəmədə sərəli görüb:
– Nə olub?- deyə xəbər aldı.
Li boğula-boğula:
– Sən bir buna bax! Məni hədələyirdi!- deyib şkafa sarı getdi, tapançanı oraya qoydu. – O heyvərə məni öldürməklə hədələyirdi. Hendrikslə sən bunun canlı şahidisiniz. Öz həyatımı xilas etmək üçün zəncini o dünyaya göndərdim!
Onlar arxa otağı tərk edib idarəyə keçdilər. Plantasiya mağazasından qaçaraq bir neçə klerk gəldi. Nə hadisə baş verməsi ilə maraqlandılar. Li əlini krantın altında yuya-yuya:
– Qudurmuş zənci idi. – dedi. – İki-üç ay əvvəl Alabamadan gəlmişdi. Bu gün onun dalınca adam göndərmişdim. Dedim gəlib izah etsin, görüm. məndən icazəsiz evinin ətrafındakı çəpərə niyə təzə payalar basdırıb. Sorğu-suala tutanda başladı mənə qara-qorxu gəlməyə. Yaman yaramaz zənci idi!
Klerklər qayıdıb plantasiya mağazasına getdilər. Hendriks kitablarını açıb plantasiyanın haqq-hesab işləri ilə məşğul olmağa başladı. Li qardaşına:
– Arxa qapını aç,- dedi. Qoy hamı görsün ki, Alabamadan gələn zənci kimi qudurğanların aqibəti necə olur!
Morqan arxa qapını açıb yola sarı boylandı. Zəncilər gözə dəymirdilər. Yalnız Kristi Tökerin bayaq minib plantasiya şəhərciyinə gəldiyi qatır dayanıb öz sahibini gözləyirdi.
Rafail TAĞIZADƏ Tərəddüd Gecənin bu sakit, hüznlü vaxtı, ürəklə qapımı kim olar döyən? Doğmamı, özgəmi bu qəfil gələn? Kimlərin yadına düşmüşəm görən? Bu əski qapılı, əski qıfıllı bu kasıb komamı kimdi tanıyan, kimdi gecə vaxtı məni arayan? Adamın ağlına min güman gəlir, başımda min xəyal dolaşır, gəzir. Çoxdan unutmuşam qonaq-qaranı, Tanrımı göndərib gələn qonağı? Qaranlıq gecəyə Ay doğan kimi, qapının ağzında gecə qonağı. Bir əlim dəstəkdə, biri cəftədə. Açım, ya açmayım? Bilmirəm hələ…
Рафаил ТАГИЗАДЕ Сомнение Кто в это время, в тишине ночной, Так упорно в дверь мою стучится? Кто он, этот гость, свой или чужой? Кто меня вспомнил, что могло случиться? Кто знает о бедном жилище моём, Со старой дверью и старым замком, Кому я вдруг понадобиться мог? Тысячи мыслей в голове роятся, Сомненья тучей на душу ложатся. Я же так давно гостей не встречал, Может, гостя этого сам Бог послал? Как Луна, что ночью небо освещает, Перед дверью моей гость ночной ожидает. Схватилась за дверной замок моя рука, Открывать или нет? Не знаю пока…
Gah birinci mərtəbədə yaşayan qonşusu – təxminən yaşı qırxı keçmiş qarınlı, üzü azca tüklü, qalın dodaqlı, burnu incə, uzunboylu yekəpər kişiyə, gah blokun çıxacağına, gah da bir az cəsarətini toplasa evinə; üçüncü mərtəbəyə aparacaq pilləkənlərə baxırdı. Anası onu çörək almağa göndərmişdi. Daha doğrusu, atası işə gecikdiyi günlər on yaşlı Nilufər onun əvəzinə yaşadığı beşmərtəbəli binanın altındakı marketdən çörək, artıq qalan pulla özünə şokolad, ya da saqqız alardı. Bir həftədən çoxdu çörək almağa könülsüz gedirdi. Hər səhər qorxduğu yekəpər qonşusu onu blokun ağzında qarşılayırdı. “Dayı” dediyi yekəpər o biri qonşular kimi baxmırdı ona… Qonşu binada cavan gəlin var, qaranlıq düşənəcən tək yaşayır. Gecənin bir vaxtından sonra yenidən tənha qalırdı. Hər gün otağının pəncərəsindən və ya həyətdə rəfiqələriylə oynayanda, o cavan gəlini kimsə bahalı maşınla evinə gətirəndə görürdü Nilufər. Həyətdəki kişilər bu yekəpər kişi kimi baxırdı o gəlinə. Bu baxışlar o baxışlara çox bənzəyirdi. Yaşıdlarından bir az hündür olan Nilufər günlərcə onu gözləyən yekəpərin yanından keçəndə, kobud əliylə onun hələ yetişməmiş sinəsini koftasının üstündən əlləməyə çalışması qızı iyrəndirmişdi. Yekəpərin bir əli şalvarının cibində, bir əli qız uşağının sinəsində, qarnında gəzirdi. Qolsuz köynəyinin yaxasının üç düyməsini əvvəlcədən açıb tüklü sinəsini qıza göstərir, təzə düzəltdirdiyi dişlərini ağardırdı. -Günorta gəl bizə, dayı sənə qonaqlıq versin. Xalidə xalan da evdə olacaq, qorxma… Yazıq qız özünü yekəpərin əlindən bacardığı qədər tez xilas edər, çörəyi alandan sonra küçədən kiminsə binaya girməsini gözləyərdi ki, o adamla daxil olub, tez evlərinə qaça bilsin. Nilufər iki daşın arasında qalmışdı. Anasına “Çörək almaq istəmirəm” desəydi, çox sual verəcəkdi. Atası neçə dəfə deyəndə eşitmişdi “Anası tərsdi”… Bu gün yenə atası işə gecikmiş, yenə çörəyi Nilufər almalıydı. Anasından pulu aldıqdan sonra evdən çıxdı, qapını astaca örtməyə çalışdı, alınmadı. Unutmuşdu, seyf qapıydı, avtomatik özü bağlanır, açarın yoxdursa, kimsə içəridən açmalıdır. Aşağı mərtəbədən qapının açılıb-örtüldüyünü eşidən qızcığaz qorxdu, pulu şalvarının cibinə qoyub qapını döydü. Elə bildi, yekəpər kişi gəlib qolundan dartacaq, evinəcən sürüyəcək. Uşaq yaddaşı güclü olur. Yekəpərin indiyəcən etdiklərini gözünün qabağına gətirəndə, qorxu vücudunu titrədirdi. Yasəmən qapını açdı, qızını əliboş gördü. -Hələ çörək almamısan? -Yadımdan çıxıb, pul içəridə qalıb. -Göyərti də alarsan. – anası mətbəxə keçdi. Hamamla mətbəx yanbayan olduğundan Nilufər üçün hamamda anasını gizlicə güdmək asanıydı. Anası eyvana paltarları sərməyə çıxan zaman mətbəx qapısını astaca örtdü, dovşan bəzəyi vurulmuş evdə geyindiyi şəpşəpinin birini götürüb evin qapısını açdı. Şəpşəpini qapıyla bağlanan yerin arasına qoydu. Asta addımlarla ikinci mərtəbəyəcən düşməyə çalışırdı. Birinci mərtəbədən yenə açılıb-bağlanan qapı səsini eşitdi. Deyəsən, yekəpər onun aşağı düşməsindən əlini üzmüşdü. Nilufər yekəpəri yaşadıqları binaya yaraşdırmırdı. Bir gün qəfildən yekəpərin yoxa çıxması ən böyük diləyidir. Qızcığaz üç pilləkən də aşağı düşdü. Dili ağzında titrəyə-titrəyə ürəyində Allaha yalvarırdı. Əllərini iki döşünün arasında yumruq formasında birləşdirmişdi. Yekəpərin qapısı qonşu qapısıyla üz-üzəydi. Qapının yanına çatdı, nəfəs almağı saxladı. Dabanını qaldırıb pəncəsinin üstündə qapının yanından keçməyə çalışdı. Neçə il həbsdə yatmış, azadlığı həsrətlə gözləyən məhbus kimi hiss elədi özünü. Niyyəti baxışları qədər qorxulu olan yekəpərin ucbatından uşaq düşüncəsini də itirmişdi. Yaşıdlarıyla oynamaq da istəmirdi. Qapı açıldı, yekəpər qonşu qapı ağzında göründü. -Sabahın xeyir, gözəlim. – Kobud səsiylə getmək istəyən uşağın ayaqlarını saxlamağa məcbur elədi. Qorxu elə hissdir ki, ya getmək istəyərsən, gedə bilmərsən, ya elə bilərsən ayaqların yerli-dibli yoxdur, ya da ürəyinin dayanmasını arzulayarsan. Nilufər yekəpərə baxdı. Qız onun gözlərində niyyətini, o isə qızın gözlərində qorxunu oxudu. Nilufər ayaqlarını tərpədə bilmirdi. Göz bəbəkləri böyümüşdü. Yekəpər yenə dişlərini ağartmış, yenə ağzında dili göbəyiylə birlikdə səssiz hərəkət edirdi. Bu dəfə yekəpər istəyini bir az da qabartdı. Astaca qıza yaxınlaşdı, kobud əlləriylə uşağın çanağını sığalladı. -Pambıqdır. Bu dəfə səni buraxmaram. – deyib qəfildən qızın belini qucaqladı, hərəkətsiz ayaqlarını yerdən göyə qaldırdı. Qorxusu Nilufəri qışqırmağa sövq etdi. Necə qışqırdı, qızcığaz özü də anlamadı, yekəpər də… Hər dəfə qıza toxunanda hədələmək susması üçün birinci silahıydı. Bunu gözləmirdi, cəld qızı yerə atdı, evinə girib qapısını bağladı. Qızın iki qıçının arasından boz şalvarının islandığı açıqca bilinirdi. Hər səhər Nilufər anasının tapşırığıyla iki stəkan su içirdi. Rahatladıqca qız döşəməyə baxır, sidiyi beton pilləkəndən pilləkənə süzülürdü. Ayağa çətinliklə qalxdı, axsayırdı. Axsaya-axsaya pilləkənləri bir-bir yuxarı çıxdı. Evin qapısı bağlanmamışdı. Qapının ağzına gələndə dizləri büküldü, taqəti qalmamışdı, səsli ağladı. Yasəmən qızının səsinə mətbəxdən çıxdı. Şəpşəpini ayağıyla kənara çəkib qapını tam açdı. Qızını yerdə görəndə həyəcandan dili-dodağı əsdi.
-Nili, sən niyə yerdəsən? Nə olub? Nilufər anasına cavab verəcək halda deyildi. Anası onu ayağa qaldırmaq üçün qolundan tutdu. -Hamama keç. Sakitləş, ağlama. Nilufər anasıyla hamama keçdi, qızının axsadığını görən ananın ağlına pis heç nə gəlmədi. -Harda yıxılmısan? Nilufər yenə cavab vermirdi. İslatdığı şalvarına baxırdı. Yasəmən hamamdan çıxdı, bir qədər keçdikdən sonra əlində iki dərman, bir stəkan suyla qayıtdı. -Bunu iç, özünə gəl. Rəngin-urfun da qaçıb. Nilufər anasının dediklərini edirdi. Onun istəyiylə şalvarını, güllü tumanını çıxartdı. Ana suyla qızını beldən aşağı yuduqdan sonra məhrəbanı belinə doladı. Mətbəxə keçdilər. Qız stulda oturana qədər ağlayırdı, danışa bilmirdi. Yasəmənin narahatçılığı artırdı. Qızı yıxıldığına görə ağlayana oxşamırdı.-Qızım, nə oldu axı? De görüm kim qorxudub səni? Qız susduqca ana təmkinini pozmamağa çalışırdı, suallarını təkrarladı. -Nili, mənə bax. Bax mənə… Nə olub? Kimdən qaçmısan? Qız anasının gözlərinə, sonra sağa əyilib evin qapısına baxdı. Bağlı olub-olmadığını dəqiqləşdirmək istəyirdi. -A-na… -Haycan Nilufər anasını qucaqlayıb başını qarnının üstünə qoydu, yenidən ağladı. Yasəmənin hövsələsi daralırdı. -Qızım, nə olub? Qorxma, danış. Atanı çağıracam, qorxma. Yasəmən qızının gözlərinə baxdı. -Anan qurban, de görüm nə olub? Nilufər içini çəkə-çəkə dedi: -Ana, aşağıdakı dayı məni … Anası gözlərini bərəltdi: -Hansı dayı? – Qızının cümləsini bitirməyinə hövsələsi çatmadı… Yasəmən ərinin axşam gəlməsini gözləyə bilmədi. Aşağı düşüb “Şərəfsiz” dediyi qonşusunun da payını verə bilməzdi. Qızının adına söz gələ bilərdi. Şəhərdə insanlar arasında baş verənlər tez unudulur, bilirdi. Yenə də olmaz. Heç kim qızının başına gələnlərdən xəbər tutmamalıdır. Adamı ikisi istəyəndə, üçü istəmir. Bax, o üçü heç vaxt heç nəyi unutmayacaq. Lap istəməyən üç adam da hər şeyi başa düşdü. Yasəmən qadınıydı, yekəpərə güc gələ bilməzdi. Ev telefonuyla ərini yığdı. Əvvəlcə sakit, sonra ağlayaraq danışır, üstəlik, yumruğuyla sağ budunu yüngülcə döyəcləyirdi. Nilufər başqa şalvarı əynində, yatağında əyləşmiş düşünürdü. Daha ağlamırdı. Atasının onu danlayıb-danlamayacağını fikirləşirdi. Anasına deməkdə düz hərəkətmi elədi? Bəs deməsəydi? Qonşudakı gəlini gözünün qabağına gətirdi… Xəyalında ancaq o canlanırdı.
Rusiya və İran arasında aparılmış müharibələrin sonunda bağlanmış Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının tarixində faciələrə və Azərbaycan torpaqlarının parçalanmasına səbəb olmuşdur. Nəticədə Azərbaycanın şimal hissəsi Rusiyanın, cənub hissəsi isə İranın tərkibinə qatıldı. Türkmənçay müqaviləsindən dərhal sonra Rusiya imperatoru I Nikolay 21 mart 1828-ci il tarixli fərmanı ilə İrəvan və Naxçıvan xanlıqları ərazisində “Erməni vilayətinin” yaradılmasını elan etdi. Rus-türk müharibəsinin (1828-1829-cu illər) gedişində və müharibədən sonra Azərbaycana yeni erməni axını başladı. Azərbaycan ərazilərinə ermənilərin yerləşdirilməsi XX əsrin əvvəllərində də davam etdirildi. Təkcə 1904-1905-ci illərdə qonşu ölkələrdən 45 min erməni Cənubi Qafqaza gətirilərək məskunlaşdırıldı. 1915-ci ilin martında keçirilən Eçmiadzin kilsə qurultayında Türkiyə və İrandan köçürülərək Cənubi Qafqaza yerləşdirilən ermənilərin sayının 60 min nəfər olduğu vurğulanırdı.
Təkcə 1915-ci ilin iyul ayında Qafqaz canişinin sərəncamına əsasən Cavanşir və Şuşa qəzalarına 24 min erməni yerləşdirildi. Azərbaycan torpaqlarında məskunlaşdığı gündən etibarən bu ərazilərdə “böyük Ermənistan” dövləti yaratmaq planını gerçəkləşdirməyi qarşılarına məqsəd qoyan ermənilər fevral və oktyabr inqilablarından sonra Rusiyadakı siyasi vəziyyətdən öz mənafeləri üçün istifadə edərək, bolşevizm bayrağından bəhrələnməyə başladılar. Bakı Kommunası əksinqilabçılara qarşı mübarizə şüarı altında 1918-ci ildə Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər ərazilərdə azərbaycanlıların tamamilə məhv edilməsi kimi cinayətkar planın icrasına həyata keçirirdilər. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına həkk olunmuşdur. Milli mənsubiyyətinə görə minlərlə azərbaycanlı qətlə yetirilmiş, evlər yandırılmış, insanlara diri-diri od vurulmuşdur. Milli arxitektura abidələri, məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər dağıdılmış xarabalığa çevrilmişdir.
Təxminən 120 ilədək davam edən Rusiya əsarətindən xilas olan Azərbaycan xalqı 1918-ci il mayın 28-də Şimali Azərbaycanda yeni müstəqil dövlət yaratmağa müvəffəq oldular. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın bütün tarixi ərazisində öz siyasi hakimiyyətinin bərqərar edilməsinə çalışırdı. Azərbaycan Xalq Cümhuriyyətinin sülhsevər siyasətinə baxmayaraq, ermənilər Qarabağda hakimiyyətə nail olmaq üçün əvvəllər başladıqları soyqırımı siyasətini davam etdirirdilər. 1918-ci ilin yayından başlayaraq Ermənistanın daşnak hökuməti Zəngəzur bölgəsində Andronikin, Njdenin, Dronun quldur dəstələri vasitəsilə dövlət səviyyəsində dinc əhali kütləvi şəkildə məhv edilmiş, kəndlər yandırılmış, tikililər və milli-dini abidələr dağıdılmışdır. Cümhuriyyət hökuməti yaranmış vəziyyəti nəzərə alaraq, 1919-cu il yanvarın 13-də “Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarına general-qubernator təyin edilməsi haqqında” qərar qəbul etmişlər. Yanvarın 15-də Milli Şuranın iclasında qəzalara müvəqqəti general-qubernatoru vəzifəsinə əslən Qarabağdan olan, bu əraziyə və onun əhalisinə yaxşı bələd olan Azərbaycan Cümhuriyyətinin ilk yaradıcılarından və onun birinci hökumətində hərbi nazir olmuş Xosrov bəy Sultanov təyin edilmişdir.
Xosrov bəy Sultanov 1879-cu ilin may ayında Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin, Qasımuşağı obasının Qurddağı kəndində ( Laçın rayonu) anadan olmuşdur. Gəncə gimnaziyasını bitirdikdən sonra Odessada ali tibb təhsili almış Xosrov bəy 1918-ci ilin 28 mayında Müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycan ərazisində demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından və İstiqlal bəyannaməsinə imza atan 26 ictimai-siyasi xadimdən biri olmuşdur. O, Xalq Cumhuriyyətinin həmin gün təşkil edilmiş birinci hökumət kabinetində hərbi nazir postunu tutmuş və Zaqafqaziya Seyminin və Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olmuşdur.
1918 ilin yayından başlayaraq Ermənistanın daşnak hökuməti Zəngəzur bölgəsində Andronikin, Njdenin, Dronun quldur dəstələri vasitəsilə dövlət səviyyəsində azərbaycanlılara qarşı soyqırımı siyasətini həyata keçirməyə başlamışdır. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 29 yanvar 1919-cu il tarixli qərarı ilə Şuşa, Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarında Qarabağ general-qubernatorluğunun təsis edilməsi və Xosrov bəy Sultanovun general-qubernatoru vəzifəsinə təyinatını Ermənistan hökuməti tərəfindən narazılıqla qarşılanmışdır. Çünki, Zəngəzur və Qarabağın erməni-daşnak quldur qüvvələrindən təmizlənməsində və həmin bölgələrdə əmin-amanlığın yaradılmasında Xosrov bəy və onun qardaşı Sultan bəyin müstəsna xidmətləri olmuşdur. Bu qardaşların ermənilərə qarşı mübarizə apardığını yaxşı bilən ermənilər, erməni mətbuatı və Xarici İşlər Nazirliyi bir çox dövlətlərə müraciət edərək öz narahatlıqlarını bildirmiş, hətta onlar Qarabağ general-qubernatorluğunun ləğv olunması üçün xarici havadarlarından kömək istəmişlər. Buna cavab olaraq 1919-cu il iyunun 18-də Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan hökumətinin Qarabağdakı fəaliyyətinə erməni hökumətinin müdaxilə etməsinin yolverilməz olduğunu bildirən təcili diplomatik məlumatı Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi M. X. Təkinskiyə ünvanlamışdır. Həmin təcili diplomatik məlumatda qeyd edilirdi: “Ermənistan hökumətinə bildirin ki, Sultanov 1919-cu il yanvarın 15-də Azərbaycan hökumətinin qərarı ilə təyin edilmişdir. X. Sultanov Azərbaycanın şübhəsiz ayrılmaz hissəsi olan Şuşa, Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarının general-qubernatoru kimi müttəfiqlərin komandanlığı tərəfindən aprelin 3-də rəsmi olaraq tanınmışdır. Bu səbəbdən erməni hökumətinin Sultanovun fəaliyyətinə və yaxud Azərbaycan qoşun hissələrinin Qarabağda olmasına dair etirazları Azərbaycan Respublikasının daxili işlərinə müdaxilə kimi qiymətləndirilir və bunun müzakirəsinə yol verilmir. Şuşa rayonunda baş vermiş iğtişaşlara gəldikdə isə qeyd edirik ki, general-qubernatorun gördüyü ciddi tədbirlər nəticəsində nizam-intizam bərpa edilmiş və həyat məcrasına düşmüşdür.”
X.Sultanov Qarabağın general-qubernatoru vəzifəsinə başlayarkən ünvanladığı müraciətdə başçılıq edəcəyi qurumun fəaliyyəti haqqında xalqı bilgiləndirdiyi 1919-cu ilin 11 fevralında “Azərbaycan” qəzetində çap olunan yazı belə adlanırdı: “Müvəqqəti general-qubernator X. Sultanovun Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzalarının əhalisinə müraciətində yazılırdı: “Azərbaycan hökumətinin yanvar ayı qərarı ilə Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzaları xüsusi general-qubernatorluğa ayrılmışdır. Bu fövqəladə tədbirlər fövqəladə vəziyyətdən irəli gəlmişdir. Azərbaycanın təqribən yarısında, onun ən yaxşı hissəsi – 4 qəza – artıq bir ilə yaxındır ki, anarxiya ucbatından dağılır. Şəxsi firavanlığı yüksək ideal sayan məsuliyyətsiz elementlərin rəhbərliyi altında olan bandalar diyarı viranə qoyur; kəndləri yandırır, əhalini qırır, on minlərlə yurdsuz-yuvasız qadın və uşaq qaçqın düşmüşdür, yuxarıda göstərilən elementlər milli ədavət yayırlar. Əhalidən ümumi siyasi vəziyyət gizlədilir. Bu şəxslər öz şəxsi mənafelərini güdür, öz cəhdlərini partiya ideya forması donuna salırlar”.
X. Sultanov general-qubernator vəzifəsinə başlayanda bölgədə acınacaqlı durum var idi. O, 1919-cu ilin fevralında Şuşaya gələrək, vəzifəsinin icrasına başladı. Azərbaycan hökumətinin qəti addımlarından narahat olan Ermənistan belə bir şəraitdə Dağlıq Qarabağa açıq iddia ilə çıxış etdi. Ermənistan Respublikasının etirazına, ingilis və amerikanlarla gərgin münasibətlərə baxmayaraq, Qarabağda qarşıya qoyulan vəzifələrin həlli sahəsində mühüm işlər görüldü. Ermənilər isə Qarabağda etnik təmizləmə siyasətini davam etdirməyə cəhd göstərir, Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarında azərbaycanlılara qarşı aramsız olaraq qırğınlar törədirdilər. General-qubernator X.Sultanov separatçılara qarşı qətiyyətlə mübarizə aparırdı.
X. Sultanovun 1919-cu ilin fevralın 15, 16, və 17-də qəza rəisləri və ictimai xadimlərinin iştirakı ilə keçirdiyi ümumbölgə müşavirəsində məlum olurdu ki, indiyədək Zəngəzurda 166 kənd dağıdılmış, onların əhalisinin 30 faizi məhv edilmişdi. Qarabağda və Zəngəzurda erməni-daşnak quldur qüvvələri əmin-amanlığın pozulması istiqamətində ciddi-cəhdlə öz fəaliyyətlərini davam etdirməsinə baxmayaraq, Azərbaycan hökumətinin və Xosrov bəy Sultanovun rəhbərliyi ilə Qarabağ Qubernatorluğunun həyata keçirdiyi əks tədbirlər nəticəsində erməni-daşnak quldur qüvvələrinin təcavüzkar fəaliyyətlərinin qarşısını almaq mümkün oldu. Lakin 1919-cu il martın 21-də quldur erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini ələ keçirə bildilər. Amma Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri daşnak generalı Dronun quldur dəstələrini darmadağın edərək Xankəndi və Şuşanı geri aldı.
X.Sultanovun başçılığı ilə keçirilən digər əməliyyatda isə (1919-cu ilin iyununda) Şuşaya gizli yolla silah aparan erməni milli şurasının üzvləri həbs edilərək Qarabağ ərazisindən çıxarılmışdı. X.Sultanov Qarabağda daşnak Andronik başda olmaqla, erməni quldur dəstələrilə amansız mübarizəyə başladı, təhlükəli yerlərdə milli ordunun əsgərlərindən ibarət mühafızə dəstəsi yaratdı, erməni milli şurası üzvlərinin Azərbaycandan çıxarılmasına nail oldu. Azərbaycan hökumətinin hərbi və diplomatik tədbirləri nəticəsində martın axırlarında – apreldə ermənilərin Qarabağdakı düşmənçilik fəaliyyətinin qarşısı alındı.
Həmin mübarizənin nəticələrindən biri idi ki, 1919-cu il iyunun 5-də erməni milli şurasının qatı irticaçı üzvləri ingilis komandanlığı nümayəndəsinin müşayiəti ilə Şuşadan Tiflisə sürgün edildi. Azərbaycan batalyonu iyunun 6-da Şuşanın ermənilər yaşayan hissəsindəki kazarmalarda yerləşdirildi. Həyata keçirilmiş tədbirlər nəticəsində avqustun 15-də ermənilər Azərbaycan Hökuməti ilə saziş imzaladılar və onlar ermənilər yaşayan ərazilərin Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etdilər. 2 sentyabr 1919-cu il tarixli «Aзербайджан» qəzetində dərc olunmuş məlumatda qeyd edilirdi ki, Şuşikənddə 8 gün davam etmiş 7-ci erməni qurultayının nümayəndələri Qarabağın general qubernatoru Xosrov bəy Sultanovun yanına gələrək Qarabağın dağlıq hissəsinin Azərbaycan hakimiyyətini tanıması haqqında indiyədək həll olunmamış məsələni sülh yolu ilə həll etmək istədiklərini bildirdilər. Xosrov bəy Sultanovun yanına qurultay nümayəndələri ilə birgə erməni ruhaniləri də gəlmişdilər. Danışıqlar iki gün davam etmiş və nəhayət danışıqların mətninin aşağıdakı layihəsi əldə edilmişdir: mövcud toqquşma cərəyanlarının Qarabağda məskunlaşmış xalqlar üçün fəlakətli olduğunu, Qarabağ məsələsinin istənilən həllində ermənilər və müsəlmanların birgə yaşamalı olacaqlarını nəzərə alaraq Qarabağ ermənilərinin VII qurultayının 15 avqust 1919-cu il tarixli səhər iclasında Azərbaycan Respublikası hökuməti ilə müvəqqəti razılığın əldə olunması haqqında qərar qəbul edildi. İyirmi altı bənddən ibarət həmin müqavilədə o cümlədən qeyd edilirdi: “Qarabağın, Şuşa, Cavanşir və Cəbrayıl qəzalarının dağlıq hissəsində məskunlaşmış ermənil özlərinin Azərbaycan Respublikası ərazisində olduqlarını qəbul edir. Qarabağ qubernatorluğu nəzdində 6 nəfərdən: üç erməni və üç müsəlmandan ibarət şura təsis edilir. Millətlərarası xüsusiyyətlərə malik bütün prinsipial məsələlər əvvəlcə şurada müzakirə edilmədən həyata keçirilə bilməz. Qarabağ erməniləri mədəni muxtariyyat hüququndan istifadə edir, Azərbaycan Respublikası hökuməti erməni milli şurasının fəaliyyətinə müvəkkil edilmiş ermənilər vasitəsilə nəzarət edir. Azərbaycan Respublikası hökuməti dağıdılmış müsəlman və erməni kəndlərinin tezliklə bərpa edilməsi işinə yardım göstərir” və s. Beləliklə, 1919-cu ilin yayında Azərbaycan Respublikasının Qarabağda suveren hüquqları bərpa edildi. Parisdə olan nümayəndələrə göndərilən məlumatda qeyd edilirdi: “Qarabağ məsələsi adlandırılan məsələ qəti şəkildə həll edildi. VII erməni qurultayında Qarabağ ermənilərinin nümayəndələri Azərbaycan hökumətinin hakimiyyətini tanımaq barədə general-qubernator Xosrov bəy Sultanovla saziş bağladılar.” Azərbaycan Respublikası hökuməti Qarabağda normal həyatın bərpa olunması istiqamətində mühüm tədbirlər həyata keçirdi. Öz həyatını xalqa xidmətə sərf etmiş ictimai xadim kimi mən milli mənsubiyyətindən asılı olmayaraq hamıya eyni münasibət göstərməyi, ciddi ədalət və qanunçuluq mövqeyində dayanmağı hakimiyyətin borcu sayıram. Azərbaycanın müstəqilliyi, ərazi toxunulmazlığı, şəxsiyyətin ciddi məsuliyyəti və əmlak toxunulmazlığı – diyarın həyatı bu əsaslar üzərində qurulacaqdır”.
Qarabağda hadisələrin bu yöndə inkişafında Azərbaycan Xalq Cümhuriyyətinə qarşı təcavüzkarlıq planlarını həyata keçirməyə hazırlaşan Sovetlərin və bolşeviklərin ölkə daxilində apardığı pozuçuluq-təxribatçılıq işləri də mühüm rol oynadı. Aprel işğalı (1920) və Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qarabağ general-qubernatorluğunun fəaliyyətinə də son qoyuldu. Həmin ilin sentyabrında Azərbaycan hökuməti burada yaşayan ermənilərə mədəni muxtariyyət verdi. Xosrov bəy Sultanov Aprel işğalından sonra mühacirətdə yaşamış, “İttihad” partiyasının liderlərindən biri kimi partiyanın xarici ölkələr bürosunu formalaşdırmağa və ittihadçıları bir təşkilat ətrafında cəmləşdirməyə çalışmışdır.
X.Sultanov 1920-ci ilin 27 aprelində Azərbaycan Rusiya bolşevikləri tərəfindən işğal edildikdən sonra Türkiyəyə getmiş, çətin mühacirət həyatı yaşamışdır. O, Azərbaycanın azadlığı mübarizəsini Türkiyədən başqa İranda, Fransada, Almaniyada davam etdirmişdir. O, 1926-cı ildə Parisdən İrana gedərək, burada İttihadın Tehran və Təbriz komitələrini yaratmışdı.1936-cı ildə Türkiyəyə qayıtmış və Trabzonda, İstanbulda yaşamışdır. 1943-cü ildə, yanvar ayının 7-də dünyasını dəyişmişdir. Məzarı İstanbulun “Fəriköy” qəbiristanlığındadır. Milli mənəvi dəyərlərimizin qoruyucusu olan Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fondunda Xosrov bəy Sultanovun foto-şəkli qorunur. Qrup halında olan şəkildə AXC qurucularının da şəkli əks olunub. Bundan başqa, fondda AXC parlamenti bitərəflər fraksiyasının bəyanatı mühafizə olunur, hansı ki bu sənəddə Xosrov bəy Sultanovun da imzası var.
Iyulun 3-də”Içərişəhər”Dövlət Tarix-Memarlıq Qoruğu Idarəsi Bakı Şəhəri Icra Hakimiyyəti, Azərbaycan Respublkası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təskilatçılıgı ilə keçirilən Birinci Milli Qurama Festivalı çərçivəsində NUR Art House qalareyasının açılışı oldu. Acılış “Qurama: Əsrlərin kəsişməsində nəsillərin baxış bucagında” adlı sərgi “Içərişəhər” Dôvlət Tarix-Memarlıq Qoruğu Idarəsi,”Azərbaycan xalçaçıları”IB və”NUR Art House’qalareyası tərəfindən təşkil olunmuşdu. Azərbaycanda incə naxįşlı ipək və pambıq parça istehsalı fabrikləri haqqında hələ Orta əsrlərdə Zəkəriyyə Qəzvini, Həmdullah Qəzvini,Rəbi Rəşidi, Adam Oleari və başqalarį ôz əsərlərində yazıblar. Səfəvilər dõvründə Təbriz, Mərənd,Gəncə, Naxçıvan və digər şəhərlərdə cənub-qərb rayonlarında yetişdirilmiş pambıqdan gözəl naxışlı ,yüksək keyfiyyətli pambıq parcaların toxundugu və bu məhsulun Azərbaycanın əsas ixrac əmtəəsi oldugu məlumdur. Bu isə “Qurama” sənətinin məişətimizə məhz toxuculugun inkişafı ilə daxil oldugunu bir daha sübut edir.Hər sənət əsəri insanın dünyagörüşünü və ətraf aləmə münasibətini ifadə edirdi.. Həm ənənə, həm tarix, həm də müasir yanaşmanın bir araya gəldiyi bu sərgidə bir araya gəlib..:”Azərbaycan xalçaçıları “Ictimai Birliyinin sədri, sənətşünaslıq üzrə elmlər doktoru,professor, Əməkdar mədəniyyət işçisi Röya Tagiyeva və IB üzvləri bu sərgi ilə UNESCO-da akkreditasiya olunmuş Birliyin hər zaman tariximizi, mədəniyyətimmizi, mədəni irsimizi təblig etdiyini bir daha nümayiş etdirir. Bu gün”NUR Art House”bir platforma kimii əsrlərin nəsillərin görüş yerinə çevrilib.. Bu günkü sərgidə maraqli eksonatlarla taniş olduq.Belə ki,Şuşa sakini Səltənət bəyim Behbudovanın XIX-XX əsrlərə aid fərqli işləmə texnikalı quraması,bədii tikmə ustası rəssam və müəllim Səma Əmirivanın ulu nnənəsinin və anasının hazirladıgı tarixi quramalar,kolleksiyaçı-tədqiqatcılar Ruslan Hüseynov və Fuad Cəbrayılovun şəxsi şəxsi kolleksiyasından,kimya üzrə fəlsəfə doktoru ,tanınmış qurama.ustası Xalidə Nəsirovanın parça quramaları,Elmira Qasımovanın Azərbaycan Qurama sənətində yenilik olan toxuma qurama nümunələri,bədii tikmə ustası Şəhla Əsgərovanın quramaları, Rərvanə Eyyubovanın,Nazilə Abilovanın, Hökumə Qasımovanın və başqa sənətkarlarımızın qurama texnikası ilə işlənmiş bir- birindən daha maraqlı əsərlərlə tanış olduq… Lalə Mustaayevanın və Günel Əlinin hazırladıqları gəlinciklər və digər dekorativ tətbiqi sənət nümunələri də tamaşacıların diqqətini cəlb etdi.. Sərginin açılışını edən Birliyin Idarə Heyətinin üzvü Gülşən Hüseynova , Birlyin katibi Günel Əli qurama sənəti ilə baglı sənətə yenilik gətirən ustalarımızın əsərlərini bir araya gətirərək əsrlərdən nəsillərə ərmagan olan sənətin funksionalıgını onə çəkərək tamaşaçilarda xoş təəssüratlar yaratdılar. Sonda Bilvəh qəsəbəsindəki 11 nömrəli inteqrasiya təlimli internat məktəbdə yaradilmiş Azərbaycanda ilk “Qurama”Uşaq Animasiya Studiyasında Əməkdar mədəniyyət işçisi, rəssam, animasiya rejissoru Elçin Hami Axundovun rəhbərliyi ilə uşaqların müxtəlif mövzularda çəkdikləri animasiyaları,müəllimləri ilə hazırladıqları quramaları bir daha sübut etdi ki,bu sənətin qələcəyi və gənc nəslin sənətə baxış bucagını əks etdirə bildi… Maraqlı keçən tədbirin sonunda xatirə şəklləri çəkildi:
AJB -nin üzvü,”Yazarlar”jurnalının əməkdaşı,”Bizim Qala”jurnalının redaktoru, ”Qürur”bədii Yaradıcılıq Mərkəzi nəzdində ”Xarıbülbül” əbəbi məclisinin sədri.
Çarpayının kənarına Göz yaşımı buraxmışam… Darıxanda yastığını qucaqlayıb İçin – için ağlamışam… Nəfəsim var çarpayında Oturub şəkillərinə baxmışam Saatlarla… Xatirələri unutmamışam… Birlikdə… Əl – ələ… Qol – qola… Tay var idi bizə bu məmləkətdə? Bəs o gecə? Nə oldu de? Belə gediş de olardı? Qapımı külək döyürdü, Mənim canım üşüyürdü. İçimdəki məhəbbətim cücərirdi, Böyüyürdü… Yarım qoydun. Bu sevdadan necə doydun? Necə oldu amansızca, birdən – birə məhəbbətdən soyudun? Canımda daha can qalmadı… Bacarmıram , qurban olum… Mən ki, sənə yad olmadım, Mən ki, sənə od olmadım. Qollarımı qırdın mənim Sən mənə qanad olmadın. İndi o ev mənsiz qalıb Uçuq – sökük divarların arasında mən idim mən Deyib – gülən, Uşaq kimi şənlənən, Üzünü güldürən… Yanağına kəpənəktək öpüşümü qonduran. Bilirsən də… Neçə – neçə şeylər oldu demirəm… Desəm tükün biz -biz olar Yaşananlar qan donduran. Sevgi deyib keçmə daha Eşq belə olmaz, qadası… Məni candan usandırdı, Cəfadan yar usanmazmı?…
* * *
Deyərsən ki…
Gülüşümdə həyat vardı… Deyərsən ki, güldü getdi. Həyatımda nə oldusa Deyərsən ki, öldü getdi….
Bədbəxt etdim denən onu, Denən ki, heç sevməmişəm. Soruşsalar açıq danış, Deyərsən ki, bildi getdi…
Danışarsan sevdiyimi, Uğruna can verdiyimi, Kainatda bir qüvvəydi, Deyərsən ki, gəldi getdi…
Olmayacam bu həyatda, Görməyəcəksən day məni. Yadına düşsəm ağlama, Deyərsən ki, keçdi getdi…
Günah nədi bilməmişdim, Sənə qədər sevməmişdim. Soruşsalar məni, denən, O, günaha batdı getdi…
Mən burda qalan deyiləm, Doğruyam, yalan deyiləm. Könlünü alan deyiləm, Deyərsən ki, atdı getdi…
Gəl özünə öymə belə, Dizlərinə döymə belə. Qamətini əymə belə, Deyərsən ki, əydi getdi.
Olmaz iynə, düymə belə, Məni sancıb söymə belə. Gəl xətrimə dəymə belə, Deyərsən ki, dəydi getdi…
Eyham və kinayə Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, lağa qoyulanlar lağa qoyulanlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə etməyin və bir-birinizi pis ləqəblərlə çağırmayın. Əl-Hücurat surəsi
Fikri çatdırmağın müxtəlif yolları, hər fikrin öz müraciət forması var. Bunların yerinin, bilərəkdən, ya bilməyərəkdən, dəyişik salınması qarşı tərəfdə haqlı olaraq zahiri, yaxud da daxili etiraza səbəb olur. Bilməyərəkdən fikrini lazımsız əlavələrlə söyləmək kinayə təsiri bağışlasa da, kinayə xarakteri daşımır. Ona görə ki, bu kimi eyhamlar səsləndirənin yox, «qız evində toydur, oğlan evinin məsələdən xəbəri yoxdur» misalı, eşidənin həssaslığı ucbatından müzakirəyə yol açır. Demək istəyib də, deyə bilmədiyi sözləri dağınıq ştrixlərlə söyləmək əsl eyhamdır. Eyham hadisə zamanı qıcıqlanan duyğuların təcəssümü zamanı öz münasibətini dolayısı ifadə etmək qəsdilə edilmirsə, yaxud tərəflərə əvvəlcədən məlum olan məsələni ümumi işin xeyrinə yada salmaq səciyyəsi daşımırsa, sadəcə, tərəf-müqabilin narahatlığına hesablanırsa, kinayədir. Eyham o zaman kinayə statusu qazanır ki, hədəf kinayəçinin məqsədindən xəbərsiz olur. Məsələni eyhamın ayrı-ayrı növlərində araşdıraq:
a) Məqsədsiz eyham b) Məqsədli eyham c) Kinayə d) Həyat və ya tale ironiyası
Məqsədsiz eyham kiminsə qəlbini yaralamaq, yaxud başına nəyisə qaxınc etmək qəsdilə baş vermir. Bu eyhamın özü də bir neçə alt çoxluğa bölünür ki, biriciyə hadisənin mahiyyətini anlamamaq, ikinciyə həmsöhbətin refleksiyasını nəzərə almamaq, üçüncüyə özünü qarşı tərəfin yerində hiss edə bilməmək, dördüncüyə isə söz xatirinə söz demək səbəb olur. Mümkündür ki, eyham məqsədsiz olsun, amma onun məqsədsizliyini sübut etmək o qədər də asan deyil, bu səbəbdən nəticə qarşı tərəfin reaksiyasına uyğun olaraq dəyişir. Məsələn, biri bu kimi eyhamı çoxmənalı gülüşlə cavablandırar, o biri məhkəmədə araşdırmaq istəyər. Sonuncuya «əyləşdiyin yerdə işə düşmək də» demək olar, ona görə ki, məqsədsiz eyham diqqət zəifliyindən daha çox, dünyagörüşün azlığı ucbatından ortaya çıxır. Söhbətin bu yerində «Qatırçının qatırını hürkütmək olmaz» atalar sözünü yadımıza salsaq, o zaman qarşı tərəfin istənilən refleksiyasını təbii qəbul etməyə borcluyuq. Ötəri, keçici olduğu, davamlı xarakter daşımadığı üçün məqsədsiz eyham yorucu fəsadlara yol açmır. Məqsədli eyham, adından da bəlli olduğu kimi, məlum bir niyyətin funksiyalar məcmusuna deyilir. Eyhamın bu növündən ən dəhşətli faciələrdən başlamış ən xoşbəxt hadisələrə qədər yararlanmaq mümkündür. Məqsədli eyham qarşı tərəfə hansısa bir hadisə haqqında ismarıc ötürür. Ismarıcın yaxşı, yaxud pis olması ötürənin niyyətindən asılıdır. Bu kimi proseslər mobil telefonlar vasitəsilə indi o həddə qədər sürətlənib ki, ümumiyyətlə, mənfur hadisələrin əngəllənməsi müşgülə çevrilib. Məqsədli eyhamın növləri də müxtəlifdir: xəbərdarlıq, diqqəti yönəltmə, ayıq salma, xatırlatma, başa qaxınc etmə və s. Məqsədli eyhamdan, əsasən, məsələnin mahiyyətini ətrafdakılardan gizlətmək üçün istifadə edirlər. Eyham əvvəlcədən razılaşdırılmış bir söz, yaxud cümlə də olar, təsadüfi məsələlərdə anidən də ağla gələ bilər, amma sonuncu baş vermiş məlum bir hadisəyə istinad etməklə gerçəkləşir. Məsələn, meymunlar arasında təhlükədən xəbər verən siqnal forması mövcuddur. Canlıların uyğun növünü araşdıran tədqiqatçını nəzərə almasaq, bu siqnalın nəyə işarə etdiyini meymunlardan savayı heç bir ins-cins bilmir. Buna müvafiq olaraq məqsədli eyham, ya tərəflər arasında mənası dəqiq başa düşülən parol xarakteri daşıyır, ya da tərəf-müqabilin fəhminə ünvanlanan xatırlatma mexanizmini işə salır: sözü hamı eşidir, lakin işarənin mahiyyəti gizlidir. Buradan belə nəticəyə gəlmək olar ki, əvvəlcədən nəzərdə tutulmamış eyhamların müsbət nəticə verməsi tərəf-müqabilin onu necə başa düşməsindən asılıdır. Milli təhlükəsizlik, bank və s. bu kimi əməliyyatları həyata keçirmək üçün istifadə olunan məxfi sözlər vacib rekvizitlərdir, eyham deyil. Eyham ixtiyaridir, istifadəsi mütləq mənada vacib sayılmır. İzah etdiyimiz kimi, eyhamın məqsədliliyi hansısa məsələdə uğur qazanmaq işinə xidmət edir. Fərqi yoxdur hansı işin, istək boşuna çəkilmiş əməyin səbəbsiz təntənəsi olmur. Əlbəttə, kimi isə boşuna əsəbləşdirməyin özü də boşuna olmur; insanın ölümünə hesablanır. Bu səbəbdən məqsədli eyham praqmatik adamların iş prinsipinin tərkib hissəsinə aiddir. Harada ki, eyham keçici dünyanın bədbəxtlikləri və ruhi iztirabların yumşaldılması işinə xidmət göstərir, onun bu növündən hər kəs istifadə etməyə borcludur. Hətta tərzinə, məzmununa, vaxtına görə yerinə düşən eyham insanın zövqünü oxşayır. Məqsədli eyham insana məxsus əməldir, əlbəttə, bu və ya digər şəkildə heyvanların qıcıqlandırıcı hərəkətlərini nəzərə almasaq. Kinayə eyhamın bir formasıdır. Kinayə ictimai xarakter daşıyib, böyük məqsədləri əhatə etmirsə, daha doğrusu, ümumi təhlükəni və buna bənzər digər proseslərin ifşasını nəzərdə tutmursa, şeytanlıqdır. Bunu dəqiq fikirlərlə belə ifadə etmək olar. Məsələn, biz qırx dörd– 44 günlük müharibədə döyüşməyə məcbur qaldığımız oyundankənar qüvvələrin öz xeyirlərinə əl atdıqları siyasi taktikanı kinayə ilə qarşılayır və qarşılamaqda davam edirik. Bu kimi kinayələr məqsədli eyhamdan fərqlənsə də, onun tərkib hissəsinə çevrildiyi üçün qəbul ediləndir. Məqsədli eyham kinayədən ona görə fərqlənir ki, birinci hikkə, qəzəb nümayişi yox, müəyyən işi icra etmək funksiyası daşıyır. Özünü hikkə və qəzəbin nişanəsi olaraq büruzə verən kinayə ayrısının həyatına dil uzatmaq vasitəsi sayıldığı üçün qəbul edilməyəndir. Qəbul edilməyən kinayə insanlığı olmayan, eləcə də, müəyyən səbəblər daxilində onu müvəqqəti, yaxud həmişəlik itirən kimsənin təsir formasıdır. Məsələn, həyatına təcavüz edilmiş bir qızın, yaxud qadının, kişinin yadına salmaq ki, onun başına nə vaxtsa bu və ya digər şəkildə çirkin bir hadisə gəlib, qəbul edilməyən kinayədir. Əgər qəbul edilməyən kinayə gözügötürməzlik, başına qaxınc etmək məqsədi yox, hansısa əməlin qarşılığında, kiminsə ipə-sapa yatmayan hərəkətinin müqabilində gerçəkləşərsə, kinayəçini bir-iki faiz başa düşmək olar. Insanın özü istəmədən, başqasının təzyiqi ilə kinayə etməsi, əgər çarəsizlikdən deyilsə, qəbul edilməyəndir. Kinayə etmək ona görə doğru əməl sayılmır ki, insana kinayəçinin vulqar əlamətlərinə qarşı öz hisslərini hazırlamaq məcburiyyəti aşılayır. Eyhamın bütün cəhətləri, kinayədən savayı, bütün kateqoriyadan olan insanlara müxtəlif nisbətlərdə də olsa, eyni dərəcədə aiddir. Lakin kinayə ən yaxşı formada özünü ancaq bədii ədəbiyyatda doğruldur, çünki dialoq obrazlar arasında gedir, insanlar arasında yox. Rəssamlıqda da kinayədən istifadə olunur, amma burada məsələ ona görə mürəkkəbləşir ki, karikatura sənəti hədəfi müstəqim seçdiyindən seçimin doğruluğunu həmişə sual altında saxlayır. İstər ədəbiyyatda olsun, istər rəssamlıqda, fərqi yoxdur, dahinin kinayə mexanizmi ümumi səciyyə daşıdığına görə təqdirəlayiqdir. Dahilik səviyyəsinə qalxmayan əsərlərdə kinayə o vaxt əhəmiyyətli olur ki, obyekt aydın ştrixlərlə həyatda olan insanı simvolizə etmir. Bu məsələni öz sələfinin timsalında Artur Şopenhauer belə izah edir ki, əgər Kant sağ olsaydı, könlünə toxunmamaq üçün müəllifi olduğu «Xalis zəkanın tənqidi» traktatını təhlil etməzdim, amma indiki vəziyyətdə əsərin nöqsanları haqqındakı qeydlərimi gizlədə bilmərəm. Göründüyü kimi, Şopenhauer üçün birinci növbədə Kantın refleksiyası və səhhəti dayanır. Insanlara bu sayaq qayğı İNSAN-a məxsus keyfiyyətdir. Bəlkə eyni səbəbdəndir ki, əsərlərə əsl qiymət yarandığı dövrdə yox, sonrakı illərdə verilir. Bu bizə nəyi söyləməyə əsas verir? Onu söyləməyə əsas verir ki, şəxsi müstəvidə kiməsə kinayə etmək, hətta həmin hadisə həqiqətən baş vermiş olsa belə, insana yaraşmayan əməldir. Digər tərəfdən eyni proses insanın xəbisliyi ucbatından şər və böhtanın nəticəsi olaraq da inkişaf etdirilə bilər. Şərhə, izaha, sübuta ehtiyacı olan istənilən məsələni kinayə obyektinə çevirmək qorxaqlıq və acizlikdir: sözünü üzə deyə bilməmək qorxaqlığı, ədalətli ola bilməmək acizliyi. Başqa sözlə, kinayəçinin seçdiyi hədəf müəyyən şəxsdirsə, bu onun paxıllığından, qibtəsindən, həsədindən irəli gəlir və son dərəcə cılız olan bu adamın niyyəti təmiz deyil, yoxsa özünə aid olmayan hadisəni əziz xatirə kimi hafizəsində gəzdirməz. Eyham mövzusu haqqında yazmağıma gəlincə, buna səbəb kiçik bir dialoq oldu. Bu günlərdə özünə zəng vurmağa cəsarət etmədiyim müəllimimi ən yaxın dostundan xəbər aldım. Cavab nə olsa yaxşıdır: – Zəng etməyə çətinlik çəkirsiniz, ona «whatsapp»da yazın, səs göndərin, musiqi yollayın. Qədimilər demişkən, matım-mutum qurudu, axı söhbət pərəstiş etdiyim ustad-alimdən gedirdi, sevgilidən yox. Düzü nəyə işarə etdiyini anlamadım, amma belə nəticəyə gəldim ki, bəzi alim, professor, müxbir üzv – «çlenkorr», şair və yazıçılar arasında da kinayə ilə danışanlar var imiş… deməli və təəssüf! Kinayə, əsasən, qeybət səciyyəsi daşıdığı üçün eyhamın ən arzuolunmaz növüdür. Səbəb nə olur-olsun, böyük insanlar bu kimi ucuz vasitələrdən yararlanmağı, nəinki özlərinə sığışdırmır, onların xislətində kinyaə etmək olmur. Həyat və ya tale ironiyası deyilən bir mövzu da mövcuddur ki, birbaşa insanın iradəsilə bağlıdır, amma baş verənlər nəzərdə tutulanın ziddinə yönəlir. Insanın iradəsilə ona görə bağlıdır ki, qərarları o özü qəbul edir, lakin ölçüb-biçmədən, hərtərfli düşünmədən. Bu kimi hadisələr məqsədsiz eyhama da bənzəyir və hər kəsin həyatında yaşana bilər, amma günahı insandan kənarda – taledə, fillanda axtarmaq doğru olmaz. Yazıya Quranın əl-Hücurat surəsinin on birinci ayəsilə başladıq, sonuncu ayəsi ilə də sona yetirmək istəyirik: “Şübhəsiz ki, Allah göylərin və yerin qeybini bilir”.
Vüqar Əhməd çağdaş Azərbaycan ədəbiyyatında zəngin və çoxşaxəli yaradıcılığı, novatorluğu ilə seçilən sənətkarlardan biridir. Müstəqillik dövrü ədəbiyyatının yaradıcılarından olan Vüqar Əhmədin ədəbi fəaliyyəti mövzu, ideya, janr və üslub rəngarəngliyi ilə diqqəti cəlb edir.
Vüqar Əhməd “Rus uşaq ədəbiyyatı və Azərbaycan” (Bakı, 1992), “Mircəfər Pişəvərinin həyatı, mühiti və yaradıcılığı” (Bakı, 1998), “Azərbaycan uşaq ədəbiyyatı” (Bakı, 2006), “Ədəbiyyatşünaslıq” (Bakı, 2007), “Anam mənim” (Tehran, 2008), “Şeyx Məhəmməd Xiyabani” (Bakı, 2010), “Qarabağ yuxusu və yaxud yuxuda qələbə” (2012), Cənubi Azərbaycan və Qarabağın tarixini əks etdirən “Qaradağlılar” roman-trilogiyası (2014), M.Ə.Rəsulzadəyə ithaf olunan “Son nəfəsədək Azərbaycan” romanı (2014), “Cənubi Azərbaycan poeziyası” (2014), Məhəmmədhüseyn Şəhriyar. Seçilmiş əsərləri. (M.Şəhriyarın farsca yazılan əsərlərinin poetik və filoloji tərcümələri (2016), “Ədəbi-elmi portretlər” (2017), “Cənubi Azərbaycan şeir antologiyası” (2018), “Plyus bədii yaradıcılıq” (ədəbi almanax) I-II kitab (2017-2018), “Koroğlu” (2020), 2 pərdəli, 5 şəkilli “Salehlər sultanı” librettosu (2022), (Hacı Zeynalabdin Tağıyevə ithaf olunmuşdur), 2 hissəli, 20 şəkilli “Yaşa, Azərbaycan” pyesi (Məhəmməd Əmin Rəsulzadəyə həsr edilmişdir.
Əsər Hayrettin İvgin tərəfindən tərcümə edilərək Türkiyədə çap edilmişdir) və s. kimi 30 kitab və 300-dən çox elmi, publisistik məqalənin müəllifidir. Əsərləri İran, Türkiyə, Yunanıstan, Belçika, İtaliya, Hindistan, Almaniya və digər ölkələrdə çap olunub. Nəğməkar şair kimi 500-dən çox mahnının söz və musiqi müəllifidir.
Vüqar Əhmədin çoxşaxəli yaradıcılığında şairin müxtəlif mövzularda qələmə aldığı ana dilinin saflığını, bədii təsvir və ifadə vasitələrinin zənginliyini özündə əks etdirən poeziyası xüsusi yer tutur. Şairin yaradıcılığının ana xəttini vətən torpaqlarının bölünməzliyi, Qarabağ, Şuşa, Təbriz dərdi, Göyçə nisgili, ana məhəbbətinin ülviliyi, 44 günlük Vətən Müharibəsində Azərbaycan ordusunun qəhrəmanlıqları, Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörənliyi sayəsində düşmən üzərində tarixi qələbənin tərənnümü və başqa mövzular təşkil edir. 40 ilə yaxın zəngin və məhsuldar yaradıcılıq yolu keçən Vüqar Əhmədin “Ağsaçlı palma”, (1995) “Mənim nəğmələrim” (2002 ), “Anam mənim” (2002) “İlhamım gələndə…” (2003) “Nəğməli dünyam”, (2004), “Yaxşı günlər öndədir” (2005), “Şuşanın dağları başı vüqarlı” (2022) və başqa şeir kitablarında Azərbaycan, onun tarixi keçmişi, bu günü və gələcəyi, vətən torpağının ağrı-acıları, erməni vandallarının 30 il işğal altında saxladığı əbədi və əzəli Qarabağ torpaqlarının düşmən tapdağı altında öz nicat yolunu gözləməsi, ana yurdun bölünməzliyi və əbədiliyi kimi poetik düşüncələri yüksək şeiriyyətlə qələmə alınmışdır. Azərbaycanın xalq şairi Məmməd Araz Vüqar Əhməd yaradıcılığının özünəməxsus, spesifik xüsusiyyətlərini yüksək dəyərləndirərək yazır: “ O, bizim klassiklərə, yaşlı nəslə mənsub şairlərin yaradıcılığına hər zaman həssas yanaşmış, onların poeziyalarından bəhrələnmiş, öz töhfələrini vermişdir. Şeirlərini nəğmə üstə yazan şairin öz deyim və yazı dili var, heç kimi təkrarlamır. Vüqar poeziyamızda öz inamlı addımlarını atır. İnanıram ki, Vüqar bundan sonra da öz oxucularını təzə-təzə şeirləri ilə sevindirəcək və onlara mənəvi zövq verəcək” .
Azərbaycan xalqının XX əsrin sonunda üzləşdiyi Qarabağ problemi, itirilmiş yurdun, şəhid vətən övladlarının həsrəti, yanğısı, öz torpaqlarında qaçqına, köçkünə çevrilən həmvətənlərimizin köksündə dərin yara açmış yurd həsrəti, doğma el-obanın zirvəsi qarla örtülən əzəmətli dağları, cənnəti andıran qeyri-adi füsunkarlığı, min bir rayihəli gül-çiçəyi, bumbuz bulaqları, çayları, dağların sinəsini dəlib keçən gur şəlalələri şairin yaradıcılığının əsas leytmotivinə çevrilmişdir. Vüqar Əhməd az qala hər bir şeirində Qarabağ adını anmadan, o müqəddəs torpağa sevgi qarışıq nisgilini izhar etmədən keçə bilmir:
Həsrət qalıb ağlar gözüm üzünə,
Nəğmə qoşdum bayatına, sözünə,
Əlim çatmır əsir Cıdır düzünə,
Nəmli yanaq, cənnət-məkan Qarabağ.
Şeirin hər sözünə hopmuş qəm, kədər, həsrət, doğma vətənin dilbər guşəsindən ayrı düşmüş, onun gözəlliklərini seyr etməkdən məhrum olan bir şairin qəlb çırpıntılarıdır. Bu dözülməz ağrını qəlbində yaşadan şair yuxularında vətən torpağının ayrılmaz parçası olan Qarabağı ziyarət etməklə bir təskinlik tapır. Şeirdə insanlarda gələcəyə inam, nikbin hisslər təlqin edilir. Oxucu dərk edir ki, bu yuxu nə zamansa həqiqətə çevriləcək:
Şuşanı yuxumda gördüm dün gecə,
Şəhərim bərbaddır, ilahi necə,
Oyaqkən, röyada, gündüz, həm gecə,
Cənnət bağındayam, Qarabağdayam.
Şair “Şəhidim” şeirində vətən torpaqlarını öz qanları, canları ilə qoruyaraq ən ali zirvəyə-şəhidlik məqamına yüksələn minlərlə qəhrəman oğulların ümumiləşmiş obrazını yaradır, kədərini, ağrısını, həsrətini yana-yana izhar edir:
Vətən torpağını qucan şəhidim,
Ruhları göylərə uçan şəhidim,
Torpağa qovuşdun haçan şəhidim?
Ömrü yarı qalan nakam şəhidim .
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5yanvar 2022 –ci il tarixli sərəncamı ilə bu il “Şuşa İli” elan edilib. Sərəncamda deyilir: “Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır”. Şuşa sevgisi Vüqar Əhməd yaradıcılığının da prioritet mövzusudur.Vüqar Əhmədin oxuculara təqdim edilən yeni kitabı “Şuşanın dağları başı vüqarlı” (2022) adlanır. Şair bu sərlövhəni təsadüfən seçməmişdir. Kitab Azərbaycan musiqisinin qüdrətli sənətkarı, xalq mahnılarımızın və muğamlarımızın bənzərsiz ifaçısı Xan Şuşinskinin “Şuşanın dağları başı dumanlı …” misraları ilə başlayan məşhur mahnısının, zəfər salnaməmizin zirvəsini təşkil edən, mədəniyyət və gözəllik beşiyi Şuşanın işğaldan azad olunması və erməni vandalizmi üzərində tarixi qələbəmizin şərəfinə belə adlandırılmışdır:
İndi çəkilibdir dumanı, çəni,
Xarı bülbül dolu çölü, çəməni,
Şuşa başdan- başa uca səməni,
Şuşanın dağları başı vüqarlı.
Yenə havalanır sədası Xanın,
Ruhu şad İbrahim, həm Pənah xanın,
Bu şəhər ruhudur Azərbaycanın,
Şuşanın dağları başı vüqarlı.
Vüqar Əhmədin yaradıcılığında Qarabağ mövzusunda qələmə aldığı şeirlərini iki mərhələyə bölmək olar. Əgər Birinci Qarabağ savaşına aid şeirlərdə qəm, kədər, qüssə, həsrət kimi həzin, kövrək hiss və duyğular aparıcıdırsa, İkinci Qarabağ savaşında isə bu hüznlü notlar qəhrəmanlıq, cəsurluq, mərdlik, düşmənə meydan oxumaq kimi mənəvi ucalığa, qalibiyyətə, azadlığa çağırış harayı ilə əvəz olunur və onun əbədiliyinə nikbin bir inam hissləri ifadə edilir:
Şəhidlərin ruhu da qələbəyə sevinir,
Millətimin ürəyi tam zəfərlə döyünür,
İndi dünya TÜRKLƏRİ Sizin ilə öyünür,
Sevir Azərbaycanım- Ali Baş Komandanım!
Düşmən artıq can üstə, düşmənin verdiyi candır,
Bütün cahan bilir ki, Qarabağ Azərbaycandır!!!
Sayəndə vətənimiz qalib Azərbaycandır,
Sevir Azərbaycanım- Ali Baş Komandanım!
“Ali Baş Komandanım”, “Qarabağ Azərbaycandır”,”Qələbə ətirli Qarabağdayam”, ”Şəhidlər”, “Vətəndir”, “Vətənimdir”, “Azərbaycan bayrağı”, “Təbrizlə Qarabağ Azərbaycandır!”, “Torpağımız alınandan”,“Vətən bayatıları”, “Cənnət Qarabağ”, “Vətənimi qorumağa”, Əsgərə məktub”, “Zəfər marşı”, “Qarabağ haqqında esse”, “Vətən torpağımın şanı, şöhrəti, bax, şair eylədi Vüqar Əhmədi” və s. şeirlərinin hər biri məna tutumu, bədii sənətkarlıq məziyyətləri ilə diqqəti cəlb edir. Torpaqlarımız işğaldan azad olunduğu zaman şairin yazdığı bu şeirlər həm düşündürücü, həm də səfərbəredicidir.
Tədqiqatçı Dilbər Rzayeva şairin cənab İlham Əliyevin Vətən Müharibəsinin epiqrafına çevirdiyi məşhur “Qarabağ Azərbaycandır!” aforizminin təsiri ilə qələmə aldığı eyni adlı şeirin təsir gücündən söhbət açaraq yazır: “Vətən savaşı bir daha Azərbaycan xalqının birlik və bərabərliyini dünyaya nümayiş etdirdi. Ali Baş Komandanın savaşa çağırış şüarı-“Qarabağ Azərbaycandır” ifadəsi torpaqlarımızın azadlığı üçün əsas şərtlərdən idi. Vüqar Əhmədin poeziyasında bu birlik və bərabərlikdən doğan sevinc zəfər sevinci qədər önəmli yer tutur. Şair “Qarabağ Azərbaycandır” şeirində zəfərimizin gözəl birlik-bərabərlik, xoşbəxtlik tablosunu yaradır. Şeirdə Rəcəb Tayyıb Ərdoğan və İlham Əliyev birliyinin, qardaşlığının da böyük əhəmiyyəti olduğu vurğulanır”.
Vüqar Əhmədin lirik mahiyyətli “Məhəbbət poeması”nda insanı xoşbəxtliyə, gələcəyə, nəcib və xeyirxah əməllərə, daxili zənginliyə, mənəvi ucalığa, humanizmə səsləyən əsl məhəbbətdən söhbət açılır və onun ayrı-ayrı çalarları çeşidlənərək hər birinin rəngarəngliyi poetik sözün gücü ilə yeni keyfiyyət qazanaraq oxucuya çatdırılır. Uşaqlıq illərində anaya, yeniyetməlik, gənclik illərində sevgiliyə, yetkinlik, kamillik dövründə vətənə bəslənilən bu ülvi hissin insanı gözəllik haqqında düşündürməsi, onu bəşəri duyğularla tərbiyələnməyə sövq etməsi poemanın əsl mahiyyətini açıqlayır. Təbii ki, şair vətən məhəbbətini ön plana çəkərək onu uca, ali bir zirvədə qərarlaşdırır:
Vətən məhəbbəti necə müqəddəs,
Onu sevməlidir, hər insan, hər kəs…
Sözüm odur ki, biz Vətəndən doymayaq,
Düşmən qabağında biz qul olmayaq.
Vüqar Əhmədin şeirləri problematika, mövzu və ideya zənginliyi ilə yanaşı, dil-üslub, bədii-məcazi imkanlardan maksimum istifadə baxımından da diqqəti cəlb edir. Şairin poetik nümunələrində canlı danışıq üslubundan, xalqın zəngin folklorundan istifadə əsərlərinə orijinallıq və lakoniklik gətirir, estetik cəhətdən oxucuya zövq aşılayır. Şeirlərində sözlərdən məqamında, yerli-yerində istifadə edən şair boş sözçülüyə , mənasız ifadələrə, qafiyə xatirinə qafiyələrə yol vermir, sözdən qənaətlə yararlanır, onun məna tutumuna, fikir yükünün ağırlığına önəm verir. Şeirlərindəki təbiilik, axıcılıq, lakoniklik onların bədii təsir gücünü artırır.
Nəğməkar şairin şeirlərinə obrazlılıq gətirən frazeoloji dil vahidlərindən, epitet, təşbeh, metafora, metonimiya, mübaliğə və s. bədii təsvir və ifadə vasitələrindən doğru, düzgün və qədərincə istifadə etməsidir
Bəxtim də qaradı, saçım da qara,
Saçlarım ağardı, bəxt ağarmadı.
Deyin dərd əlindən mən gedim hara,
Saçım ağarınca, bəxt ağaraydı.
Səadətin yenə üzü çönübdür,
Bəlkə elə bəxt ulduzum sönübdür.
Vüqar Əhməd bir dərvişə dönübdür,
Saçım ağarınca, bəxt ağaraydı.
Şair öz əsərlərində bədii təkrirlərdən, istiarələrdən, cinas qafiyələrdən sənətkarlıqla yararlansa da, heç vaxt təkrarçılığa, sxematikliyə yol vermir. Klassik ənənələrə sadiq qalan şairin əruz, heca və sərbəst vəznli şeirlərində poeziya dili üçün səciyyəvi olan ahəngdarlıq, emosionallıq, sərrastlıq, axıcılıq və yığcamlıq xarakterikdir. Vüqar Əhməd poeziyasında ənənə və novatorluğun sintezindən yaranan bir üslub formalaşdırmışdır:
Bir incidir, sədəfdir söz,
Bəd sözlərə bənd olma heç.
Sonu uzun kələfdi söz,
Bulağından doyunca iç.
Vüqar Əhmədin yaradıcılığında onun “Qarabağ yuxusu və yaxud yuxuda qələbə” (2012), “Qaradağlılıar trilogiyası” (2014), “Son nəfəsədək Azərbaycan” (2014) və “Koroğlu” (2020) romanlarının xüsusi yeri vardır.
“Qarabağ yuxusu və yaxud yuxuda qələbə” avtobioqrafik romanında vətən torpaqlarının bütövlüyü naminə xalqı mübarizəyə və birliyə çağırış ideyası ön plana çəkilir. Qarabağın azadlığını, qalibiyyətini yuxuda görən yazıçı real gerçəkliklə irreal məkan, röya arasında bir körpü yaradaraq yuxularının gerçəkləşəcəyinə inam ifadə edir: “Bircə onu bilirəm ki, bu yuxu olsa da, ruhum həqiqətən Qarabağa getmişdi. Bu arzu olunan, gerçəkləşən bir röya idi, əfsanəvi həqiqət idi. Mən inanıram ki, uca yaradan bu yuxunu gerçəyə çevirəcək və türk oğlu türk düşmənin burnunu ovub Qarabağı azad edəcək”.
Romanın yüksək məziyyətlərindən bəhs edən Aynurə Əliyeva yazır: “Əsər müqəddəs ruh və ideyaların təbliği fonunda xalqımız, eyni zamanda vətənimiz üçün vacib olan məsələlərin əksi baxımından əhəmiyyətlidir. Romanda memuarçılıq tərzi üstünlük təşkil etsə də, bu ideya Qarabağ qələbəsi üzərində qərar tutur. Müəllif haqlı olaraq Qarabağ “Qələbə marşı” nın “söz-musiqi” kompleksində milli birlik düşüncəsinin vacibliyini irəli sürür. Ona görə də vicdanlı, vətənsevər insanların birliyi əsərdə ideyanı doğuran başlıca amil səviyyəsində təqdim olunur. Romanda müəllif qələbəyə vətəndaş və türk birliyinin reallıqları çərçivəsində yanaşır. Lakin əsərdə bəşəri kontekstin mövcudluğu vətəndaş və türk birliyini dünya sülhsevər qüvvələrinin birliyi xətti ilə üst-üstə qoymağa imkan verir. Bu mənada müəllif dünya siyasi liderləri, nizami ordu və könüllü xalq qruplarını təcavüzkar Ermənistanla son döyüşdə müəyyən mövqe sıralarında problemə həm qlobal müstəvidə yanaşır, həm də qələbənin labüdlüyünü həmrəy olmaqda görür”.
Doğrudan da, yazıçının romanda uzaqgörənliklə əks etdirdiyi tarixi qələbəni Azərbaycan xalqı 8 il sonra, 2020- ci ilin noyabrında qazana bildi.
Tarixi mövzuda yazdığı “Koroğlu”(2020) romanı Vüqar Əhmədin dördüncü romanıdır. Vüqar Əhmədin “Koroğlu” dastanının motivləri əsasında qələmə aldığı romanı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə ithaf olunub.
Professor Seyfəddin Rzasoy roman haqqında fikirlərini belə ifadə edir: “Vüqar Əhməd bu əsəri Azərbaycanın qəhrəmanlıq tarixinə adını qızıl hərflərlə yazmış Mübariz İbrahimova ithaf etmişdir. Buna da səbəb, şübhəsiz ki, ən əlçatmaz zirvələrdən biri olan şəhidlik zirvəsinə yüksəlmiş igidlər igidi Mübariz İbrahimovun milyardlarla insandan birinə nəsib olan fövqəladə şücaəti, məhz çox zaman düşmənin üstünə təkbaşına gedən Koroğlu kimi bir həmlədə yüzlərlə düşmənin leşini leş üstünə qalamasıdır.
Həqiqətən də, Mübariz İbrahimov Koroğluya çox bənzəyir. Etiraf etmək lazımdır ki, biz bir xalq olaraq zəmanəmizin Koroğlusunu çoxdan gözləyirdik və budur, Koroğlu yeni qiyafədə, artıq Misri qılıncla yox, müasir silahlarla silahlanmış, lakin fiziki qüdrətindən, zirəkliyindən, qorxmazlığından, vətənpərvərliyindən, basılmazlığından, yenilməzliyindən, yüksək mənəvi keyfiyyətlərindən, nəcib sifətlərindən, əməlisalehliyindən, işıqlı imanından, eyni zamanda qüsursuz yaraşıqlı görkəmindən Koroğlunu bizə çox xatırladan yeni bir Koroğlu peyda oldu. Və gəlişilə hələ qiyamətə qədər də Koroğluların doğulacağını populist nitqlərlə, alovlu çıxışlarla yox, heyrətamiz ruhu, cəsurluğu və fövqəladə hərbi bacarığı ilə bəyan etdi.”
Vüqar Əhmədin Qarabağ mövzusunda qələmə aldığı şeirləri və nəsr əsərləri gənclərimizə vətənpərvərlik hissi, yurd, vətən sevgisi aşılayan, onları mübarizəyə, qələbəyə səsləyən əsl sənət örnəkləridir.
Yenə qızımdır zəng edən və telefonun ekranında onun adını görən kimi ağlıma gəldi ki, axı mən, az qala, iki həftə əvvəl nədənsə məz bu gün üçün onu axtaracağımı demişdim, amma neynəmək olar, yadımdan çıxıb, buna görə də telefonu açıb da söhbətimi üzrxahlıqla başlamaq istəyirəm. O isə salam-kalamsız, bir az da inciklik və özünəməxsus ötkəmliklə məni qabaqlayaraq söhbətə başlayır: Mama- deyir, belə də olur hə, daha mənə də vaxt tapa bilmirsən? Hə, əməlli-başlı inciyib və mən həmişəki kimi, zarafata salıb, qızım, mama- yox, ana de- demirəm, onsuz da on illərdir ki, yarızarafat, yarıciddi o, belə deyir, mən isə düzəliş edirəm, amma onun müraciət forması dəyişmir, üstəlik zarafatlıq halı da yoxdur, deyəsən, ona görə də guya ki fəlsəfi, bir az da zarafatla:
– Vaxt qoyursunuz ki qala?- deyirəm. Görünür, danışığımdakı zarafat tonunu tuta bilmədiyindən və yaxud tutmaq istəmədiyindən “İşdəsən? Bilmirəm- deyir, yarım saata gəlib səni götürürəm, gedib bir yerdə seçərik”- söyləyir və cavabımı gözləmədən danışığımızı bitirir. Yəni ki,qərar var, etiraz qəbul edilmir. Əvvəl-əvvəl “bir yerdə seçərik” deməyindən bir şey anlamasam da az sonra xatırlayıram ki, bir-iki həftə əvvəl onunla əmim nəvəsinin toyuna getmək üçün mən həyətə düşəndə o, artıq maşının yanında gözləyirdi və uzaqdan-uzağa məni süzdü. Ağlıma haradan gəlsin, bu qız mənim geyim- gecimimi saf- çürük edir və nədənsə ona elə gəlib ki, çəkməm əynimdəki paltoyla qətiyyən düz gəlmir. O, həmin məqamda bir söz deməsə də, bu barədə artıq toydan qayıdanda həyətdə, həminki yerdə, bir az da pıçıltıyla bildirdi: “Mama- dedi və hansısa məşhur mağazanın adını çəkdi, arada vaxt elə, orada sənin üçün çəkmələr gözaltı etmişəm, gedib birini götürərik”. Mən isə zarafata salıram, qızım- deyirəm, birincisi, axı sən ananı ayda bir dəfə qarderobunu yeniləyən biznes- ledilərlə səhv salırsan, bildiyin kimi, mən ali məktəb müəllimi və bir yazı- pozu adamıyam, ikincisi, elə bu çəkmələri keçən il səninlə bir yerdə xaricdə olarkən almadıqmı? O isə ərkyana, bir az da nazlanaraq “Eee…, mama,- deyir, o gör nə vaxt idi və bir də demirəm ki, özün al, mən almaq istəyirəm”- söyləyir, mən isə onu sakitləşdirmək üçün “Yaxşı- deyirəm, arada vaxt edib gedərik”- deyirəm. O isə əl çəkmir, vaxtı dəqiqləşdirmək istəyir və mənim haradansa bu günkü tarix ağlıma gəlir, beləliklə də söz verməklə bu mövzuda söhbəti bitirmək istəyirəm. İndi yadına düşür ki, mənim zəng eləmək fikrimin, ümumiyyətlə, olmayacağını yəqinləşdirərək özü gəlir. Əminəm ki, elə yarım saat müddətinə gələcək və məni də mütləq dediyi yerə aparacaq, ona görə də bəri başdan hazırlığımı görürəm. Stolumun üstündəki qeydlərə göz gəzdirirəm: rəhbərliyin yanında iclasdır- olub, Elmi Şura üçün xülasədir- hazırlanıb, əməkdaşların baxmağım üçün stolumun üstünə qoyduqları yazılara da baxıb qeydlərimi etmişəm. Bu isə Vilayət müəllimin təltifi ilə bağlı kiçicik bir hədiyyə götürüb otağında onu təbrik etməyimlə bağlı qeyddir, eybi yox, onsuz da üç gündür gecikirəm, bu gün də gecikə bilərəm, bir günlə nəsə dəyişməz. Vilayət müəllim kolleqalarımızın cərgəsində dayanmaqdan əlavə, həm də müəllimim olub, üstəlik, özünü dayımın dostları cərgəsində hiss etdiyini hər bir məqamda xüsusi vurğulayır, təbrik üçün özüm getməsəm, inciyər. Bu yaxınlarda prezidentimizin sərəncamı ilə ona orden verilib və təsəvvür edirəm ki, həmin sərəncam haqqında eşidəndə müəllimimiz uşaq kimi necə sevinib! Bilirəm ki, məni görən kimi, özünü saxlaya bilməyəcək, bir az qürurlu, bir az da kövrələrək “Bacıqızı, mən bilirdim ki, bizim hörmətli cənab prezidentimiz nə vaxtsa əməyimi qiymətləndirəcək, o, atası kimi alicənab adamdır”- deyəcək, mən isə sadəcə olaraq gülümsəyəcək və Vilayət müəllimin “hökmən qiymətləndirilməli olacaq” əməyini yadıma salmaq istəyəcəm. O isə, deyəsən, ürəyimdən keçənləri nəinki üzümdən oxuyur, deyəsən, heç bunun fərqində də olmur. Təxminən 20-25 dəqiqə danışır, hətta mənim tələbəlik illərimi yadına salır, deyəsən, xatırlamadığım hansısa hadisə zamanı mənim, “gələcəyinə böyük ümidlər bəslənən tələbəsinin” necə müdafiəsinə qalxdığını, “lazım olarsa, rektora qədər gedib çıxacağını” dediyini bildirir. Tərs kimi, hər dəfə onu təbrikə gedərkən hansısa tədbir ortaya çıxır və sonacan qala bilməyəcəyimi nə iləsə hiss etdirmək məcburiyyətində qalıram. Hə, Vilayət müəllimin sevincini bölüşmək əla olardı, amma neynəmək olar, bu gün ona qulaq asmaq imkanım olmayacaq, qalsın sabaha. Bu isə nəşriyyatdakı kitabımla bağlı qeyddir, istəyirdim işdən çıxanda özüm ora dəyim, kitabın yeni, yeni dizayndakı tərtibatını görüm, amma o da qalası oldu. Eybi yox, şənbə günü gedərəm və qərarımdan sonra telefonu götürüb qızdan məni kimsənin gözləyib-gözləmədiyini soruşur, 20 dəqiqəyə çıxacağımı deyirəm. Bu, həm də o deməkdir ki, on gündən bəridir, işdən sonra dəniz kənarında həkimin tövsiyəsi ilə başladığım ardıcıl gəzintim zamanı yol yoldaşım olmuş əməkdaşımız Mirvari xanım da bilsin ki, bu günkü gəzintimiz təxirə salınır. Beləcə də qızım gələnə qədər hazırlığımı görürəm. Əminəm ki, dediyi vaxt ərzində o, indi-indi özünü yetirəcək və söhbətinə də hay-küylə başlayacaq. Bilmirəm, bu, haradan xalasına çəkib, dədə-babadan eşitmişik ki, qız, bibisinə çəkir, o isə eynilə Xalidə xalasıdır. Təxminən söhbətə necə başlayacağı da məlumdur: “Mama- deyəcək, gərək mən deyəm, bir özün də fikir ver, gör nəyin vaxtı keçib, nə dəbdən düşüb… Heç özünə diqqət eləmək estəmirsən, e…”- deyəcək. Birinci dəfə deyil ki… O, belə deyəndə isə mən, adətən, gülümsəyirəm: gözümün qarşısına gəlir ki, oturub dəb jurnallarını vərəqləyir, paltarların, ayaqqabı və əl çantalarının modellərinə baxıram və sözün açığı, ildən- ilə dəyişən forma və rənglərin hansı prinsiplər əsasında seçildiyini də indiyəcən müəyyənləşdirə bilməmişəm. Buna görə də ilin rəngini, məsələn, ötən ilin, inişilin rəngləri ilə müqayisə edirəm və təbii ki, həmin “ilin rəngləri”ni müəyyənləşdirən insanların niyə məhz bu rəng üzərində dayandıqları barədə isə baş sındırmıram. Bunların üzərində baş sındırmamağım, əlbəttə, istənilən cavabla razılaşa bilməyəcəyimdən mənim üçün mənasız görünür. Formalar ola bilər, amma rənglər…? Şəxsən mən hesab edirəm ki, hər bir insanın özünü biləndən bir rəngi olur. İndi isə “çəkmə” söhbəti… Əlbəttə, məndə vəziyyət qətiyyən qızımın dediyi kimi deyil, çəkmələrim isə kifayət qədərdir və yüzə-yüz əminəm ki, mağazada gördüyü çəkmə onun diqqətini formasına görə çəkib və hesab edib ki, həmin formadakı çəkmə mənim paltarımı tamamlayar- o, detallara fikir verməyi və həmin detalların yeri- yerində olmasına maksimum ciddi riayət edir və bunu bizdən də gözləyir. Belə baxanda, bütün zamanların gəncliyi eynidir- onlar birmənalı olaraq reallıqları qəbul etmir, onunla razılaşmaq fikrində olmurlar. Nə olsun ki, şəxsən mən arabir elə bu qızıma təlqin etmək istəyirəm ki, hər zamanın öz reallıq ölçüləri olur. Onsuz da onlara zamandan başqa nə dərs verə bilir ki… İndi mən qızımı gözləyirəm və haradansa öz gəncliyimin unuda bilməyəcəyim bir xatirəsi yadıma düşür… Onda mən kifayət qədər böyük qız idim- demək olar, 8-ci sinifdə oxuyurdum (o zamanlar, deyəsən, elə indi də, həmin yaşdan sonra qızların qapısına elçi ayağı açılmağa başlayır). Ailəmizi, hətta o vaxtların ölçüsü ilə, çox böyük hesab etmək olardı- ağam, nənə (yəni atam və anam), 11 uşaqdan ibarət bu böyük ailədə, indiki dilnən desək, saat kimi bir mexanizm yaratmışdı. Həmin mexanizmin isə necə yarandığını demək çətindir, bəlkə lap ağamla nənə qarışıq, hamımız gözümüzü açıb özümüzü onun içində görmüşük. Böyüklərin vəzifələri məlum idi, onlar öz işlərindən əlavə, həmin vəzifələri can-başla yerinə yetirirdilər, bizim isə dərslərimizə hazırlaşmaqdan əlavə, hər birimizin məxsusi iş “öhdəliyimiz” vardı və həmin “öhdəliklərin” necə yarandığını xatırlaya bilməsəm də o yadımdadır ki, həmin “öhdəliklər” az hallarda pozulardı. Həmin “az hallar” isə müəyyən ekstremal şəraitlər zamanı baş verirdi və deyim ki, o ”eksteimal şərait” nadir hallarda olsa da ortaya çıxırdı, məsələn, qardaşım Vəlinin ərik ağacından yıxılması kimi… “Vəzifə bölgüsü”ndə otlaqdan qayıdan qoyun-quzunun, mal-qaranın qarşısına Vəli çıxardı, çoban və yaxud naxırçıdan evimizin heyvanlarını alar, qarşısına qatıb gətirərdi. Kəndimizin çoban və naxırçıları sürü və naxırı adətən axşamlar, qaş qaralmağa az qalmış kəndə endirərdilər və hər evdən bir nəfər kəndin o başına gedirdi, bizdən də bu iş nədənsəVəliyə həvalə olunmuşdu, ya o özü boynuna götürmüşdü, bunu xatırlamıram, amma hamımız bilirdik ki, bu, iş Vəlilikdir. O biri qardaşlarımız da “vəzifə bölgüsü”ndən kənarda qalmamışdılar və insaf naminə deyək ki, hər biri ona tapşırılan işi, xasiyyətnamələrdə yazıldığı kimi, “qüsursuz yerinə yetirirdi”. İşlərin belə rəvan getdiyi məqamlarda, günlərin birində, axşamtərəfi, mal-qaranın örüşdən enən vədələri, yəni Vəlinin artıq evdən çıxmalı olduğu vaxtlarda qardaşım Məhəmməd hövlənak özünü içəri atdı ki, Vəlini yuxudan oyada bilmirəm. Məhəmməd bu xəbəri gətirəndə pendir tutmaq üçün maya qatdığı süd qazanı nənənin əlində idi və “Vəlini yuxudan oyada bilmirəm”- sözlərini eşidən nənə əvvəl bir şey başa düşmədi, Məhəmmədə tərs-tərs baxıb, “yuxudan oyada bilmirəm nədir, a bala”- dedi. Məhəmməd isə guya ki, peşəkar “yuxudanoyadanlar” kimi, hətta bunu bacarmadığını mızıltı ilə belə ifadə etdi: “nə bilim, qaldıra bilmədim də”- dedi. Onun yerə baxaraq belə mızıldanmağı təsadüfi hallarda özünü itirən nənəni belə, həyəcanlandırdı, onun əlləri boşaldı, süd dolu qazan yerə düşdü. Qarışıqlığın həddi hara çatmışdı ki, özgə vaxtı oxuduğu kitabın üstündən kotanla çəksək belə, qaldıra bilməyəcəyimiz, məndən böyük qardaşım Əli belə, bircə anın içində həyətdə, ərik ağacının yanında oldu. Evdəkilər hamısı həyətə qaçışdı və gördük ki, hə, Vəli “xalamın əriyinn” altında yatır. Bizim böyük həyətimizdə otuza yaxın ərik ağacı vardı və biz həmin ağaclara ad qoymuşduq: “xalamın əriyi”, “əmimin əriyi”, “dayımın əriyi”, “bibimin əriyi” və sairə. Həmin ağacları ona görə elə adlandırardıq ki, adlarından da göründüyü kimi, o ağacların məhsulu bizim o doğmalarımız üçün yığılıb saxlanılardı, heç birimiz, hətta nə qədər “ramolunmaz” olsa belə, Vəli də həmin meyvələrə toxunmazdı. İndi isə “xalamın əriyinin”nın altında Vəli mığıl-mışıl yatırdı və ayaqlarını yığması, qollarının bükülməsi də onu göstərirdi ki, bu adam elə bil quru yerdə- otluğun üstündə deyil, öz yorğan- döşəyində yuxuya gedib. Nənə, həmin təmkinli nənə, elə bil ki, özünə nəzarəti itirmişdi, əllərini dizlərinə çırparaq astadan “Vəli!, Vəli!”- deyirdi, guya ki məsləhət alırmış kimi, üzünü bizə tutub, “bala, buna nə oldu”- soruşurdu, biz isə hamımız, xüsusilə, qızlar donub qalmışdılar, Əli donuxmuşdu, xəbəri gətirən Məhəmməd, ora- bura vurnuxurdu, arada onu qucağına götürmək istədi, nənə “gözlə”- dedi. Həmin gün qoyun-quzunu gətirmək üçün sürünün qabağına Məhəmməd gedəsi oldu, düzdür, bunun onun ürəyincə olmaması açıq-aydın görünsə də neyləməliydi və eləcə deyinə-deyinə getdi. Ehtimal ki, o, Vəlinin qarasınca deyinirdi. Ağam da gəlmişdi, artıq nənə sağını bitirmiş, südü də maşında çəkib qurtarmışdı, biz isə yerdəcə uzanıb yatan Vəlinin yanında idik, nə etdiyimizi bilmədiyimiz həmin dəqiqələrdə nənə deyinə- deyinə gəldi və tərs-tərs bizə baxıb “bunlara bax, usagı içəri də aparmayıblar”- dedi və Vəlini ehmallıca qucağına götürərək evə, yatağına apardı. Nənə əhvalatı necə var, eləcə də agama danışdı, o isə əvvəl-əvvəl deyilənlərdən bir şey anlamadı, özü Vəli yatan otağa keçdi və bir-neçə dəqiqədən sonra geri qayıtdı, aramla “ağacdan- filandan yıxılmayıb, hə?”- soruşdu. Təbii ki, onun bu sualına hamı birdən “yox”- dedi, ağamsa, bir şey anlamayaraq “yatır, qoyun yatsın”- söylədi, bir tikə yeməyini yedi və yatmağa getdi. Nənə həmişəki kimi səhər o başdan durub həyət- baca ilə işini bitirmişdi və birdən ağlına nə gəldisə mənə səsləndi, “o uşaq ayılmayıb?”- soruşdu və mən başımı yellədim: yəni ki, yox. “Bir azdan içəri isti olacaq, gətirim onu ağacın altına”- deyən nənə içəri keçdi və bir azdan oğlunu qucağında gətirib həmin ərik ağacının altında, məxsusi Vəli üçün salınmış xırda kilimin üstünə uzatdı. Gün xeyli əyilmişdi k, nənə yenə gəldi ağacın yanına və bir xeyli, zəndlə Vəliyə baxandan sonra Validəyə Şərəf arvadın dalınca qaçmağı tapşırdı, Validə isə elə bil bunu gözləyirmiş kimi, artıq sual vermədən həyətdən qaçaraq çıxdı. Əli isə Vəlinin yanında diz üstə oturub onun qolunu, qıçını, boynunu “müayinə” edirdi və “müayinə”dən sonra nəsə bir şey tapmadığını elə təəccüblə dedi ki, sanki “baxış”da nəsə tapmalıydı. Onda mən ilk dəfə əmin oldum ki, bəd xəbər quş kimidir və nənənin çağırtdırdığı Şərəf arvaddan qabaq ağam gəldi, amma ağam gələnə qədər artıq həyətimiz qonum-qonşu ilə dolmuşdu. Hamı nənəyə təskinlik verməklə bərabər, hökmən qurban kəsməli olduğumuzu xatırladırdı və mən təəccüblənirdim ki, nəyə görə qurban kəsilməlidir idi. Ağamdan bir az sonra Şərəf arvad gəldi. Ucaboy, qadınlarda nadir hallarda rast gəlinən qartalburunlu Şərəf arvad, görünür, yol boyu Validədən lazım olan məlumatları almışdı deyə, kiməsə əlavə sual vermədən ərik ağacının altında, xırda kilimin üstündə uzadılmış Vəliyə yaxınlaşdı. O, kiməsə bir söz demədən ilk əvvəl arxası üstə uzanıqlı huşsuz Vəlinin köynəyini çıxartdı, gömgöy damarları çıxmış əlinin uzun barmaqlarını onun sinəsində gəzdirdi, sonra ehmalca onu üzü üstə çevirib kürəyində əlini dolandırandan sonra qardaşımın qollarını aramla yoxladı, qıçını, topuğunu nöqtə-nöqtə “öz rentgenindən” keçirdi. Az qala başının üstünü kəsdirib durmuş adamlar sanki nəfəs almadan Şərəf arvadın əllərinin hərəkətinə baxırdı və qəribəsi budur ki, onun, demək olar ki, bir dəri və sümükdən ibarət ətsiz sifətində heç bir ifadə yox idi, barmaqlarına zillənmiş soyuq baxışları isə, elə bil, bu arvadın qulaqlarına nəsə pıçıldayırdı. Vəlinin “müayinəsini” bitirdikdən sonra təmkinlə ayağa duran Şərəf arvad elə bil harasa zillənmiş baxışları ilə üst-üstə düşən soyuqqanlılıqla “İmkan verin yatsın, özü nə vaxt ayılarsa, ayılsın”- söyləyərək kənara çəkildi. Qadın o qədər inamlı və birmənalı danışdı ki, ağam hansısa sual verməyi artıq bildi, “Sağ ol, Şərəf ana”- dedi və iki-üç metr o tərəfdəki ağacın altındakı stola tərəf gedib “Gəl bir stəkan çay içək”- söylədi. Diqqətimi çəkən cəhət bu idi ki, heykəl kimi dümdüz dayanan, sifətinə daş soyuqluğu hopmuş Şərəf arvadı həyətimizdəki ərik ağacının altına toplaşmış bu boyda qadınların heç birinə bənzədə bilmirdim. Ağlıma gətirə bilmirdim ki, bu arvad gülə bilər, və yaxud nənə kimi arada bayatı deyəndə ağlaya bilər… O isə əlbəttə, mənim və yaxud kimsənin nə fikirləşdiyini bilmək fikrində olan adama oxşamırdı, ağamla üzbəüz oturub çay içirdi. Nənə isə qupquru qurumuşdu, handan-hana, heç Şərəf arvada təşəkkür eləmədən keçib oturmuşdu Vəlinin böyründə və ağlaya-ağlaya onun boynunu, sinəsini ovcalayırdı. Ağam arabir gözucu Vəli tərəfə baxsa da Şərəf arvadla söhbətini kəsmirdi və görünür ki, bu söhbətin mövzusu kəndimizin loğmanı kimi hamının inanıb ehtiram göstərdiyi Şərəf arvadın da ürəyincə idi- onun bayaq mənə ifadəsiz görünən sifəti xeyli canlanmışdı. Qonşu qadınlar hərəsi bir tərəfə söykənmişdilər və canı dildən Allahın kərəminə şükür edir, nənəyə təskinlik verir, arada da qurbanın hökmən kəsilməsinin vacibliyini yada salırdılar. Vəlinin belə qəfil yuxuya getdiyini eşidib gələn qonşu uşaqlar da hərəsi bir tərəfdə dayanaraq gözlərini bərəldib heyrətlə Vəliyə baxırdılar və mən açıq-aşkar görürdüm ki, onlar Vəlinin bir sutkadır ki, yuxuya getdiyinə və hələ də ayılmamasına heç cür inana bilmirlər. Tərs kimi, onların inanıb, inana bilməmələrinə baxmayaraq, Vəli elə bil huşsuz vəziyyətdə uzanmışdı . Sözün açığı, şəxsən mən özüm uşaqların heyrətini başa düşürdüm, bu Vəli allah saxlamışın birdən- birə bu cür yuxuya getməyinə heç özümüz də inana bilmirdik. Biz Vəlini beləmi görmüşdük? Bax, indi altında uzandığı ağacın üstündən onu düşürtməkmi olurdu? Onun birinci dəfə ağacları budaq-budaq edəndə neçə yaşında görmüşəm, yadımda deyil, amma o aydın məsələdir ki, Vəlini harada axtarsaydın, ağacların üstündə tapa bilərdin. Allah tərəfi desək, Vəli də ağaclara ağ günündən çıxmazdı, adətən qonşu qadınlardan, ya kəndin o başından durub gələn arvadlı- kişili insanların şikayətindən sonra ağamın qorxusundan qaçıb ağaclarda gizləndiyini birinci nənə təşərrüf etmişdi, bunu da mən təsadüfən bildim. Bir dəfə ağamın üstünü yolda kəsib Vəlinin onların uşağını, özündən iki yaş böyük oğullarını döyməsi ilə bağlı nə cür şikayət etmişdilərsə, o, evə gələn kimi qəzəblə Vəlinin harada olduğunu soruşdu, lakin təkidlə soruşmağına baxmayaraq bir nəfər onu “gördüm”- deyən olmadı, guya bu uşaq yağlı əppək olub göyə çəkilmişdi. Ağam xeyli deyinəndən sonra qəzəbi soyumadan yatmağa getdi və anam bayıra çıxıb ağacların yanına gedəndə onun oğlunu necə səsləməsini açıqca eşidirdim: “Vəli, düş bala, atan yatmağa getdi, düş”. Vəli isə deyəsən hansı ağacın üstündənsə çəmkirərək düşmək istəmirdi, bu zaman nənə az qala ona yalvarırdı: “Vəli, tərslik eləmə, düş, axı sənin camaatın uşağında nə işin var, hərə yüz zülümlə övlad böyüdür, sabah ağandan rayona şikayətə gedərlər, raykoma deyərlər…” Nənənin oğlunu dilə tutmağı nəticəsiz qalmadı və o, pişik kimi ağacdan yerə tullandı. Sözün açığı, anasının oğlunu astadan səsləməsində mən onu da hiss etdim ki, nənə Vəlini danlamaq və yaxud kötək vurmaq üçün aşağı düşürmür, əksinə, Allah günahımdan keçsin, nədənsə elə gəlirdi ki, bu arvad hələ bir az da qürurla onu çağırır. İndi həmin Vəli, sonra məlum olacaq ki, düz altı gün gecələr evdə, səhərlər ərik ağacının altında fasiləsiz olaraq yatacaq, ən pisi budur ki, həkim çağırmağı da lazım bilmirlər, hamı onun bir azdan duracağını gözləyir. Əlbəttə, qonşu arvadlar dəstə-dəstə gəlib- getməkdədirlər və onlar gözaydınlığı da verirlər və guya sezdirməməyə çalışdıqları narahatlıqla uşağı özü ayılmayana qədər oyatmamağı bərk-bərk tapşırırlar. Belə “gözaydınlıqlarının” səbəbini də mən sonra biləcəyəm. Ziyarətçilər dəstəsinin içində bir dəfə də kəndimizin mollası Qədiməli kişinin arvadı Pəri gəlmişdi və digər arvadların söhbətini eşitmirmiş kimi, çarpayısında yatan Vəliyə baxıb dodağının altında pıçıltı ilə hansısa duanı oxuyurdu. Pəri arvad dua zənn etdiyimiz zikrini bitirdikdən sonra əlinin işarəsi ilə nənəni çağırdı və guya ki astadan, amma hamının eşidəcəyi səslə ona üz tutdu: “Ay Nazlı, and olsun Həzrət Abbasın kəsilən qollarına ki, sənin bu uşağına vergi verilib!” Pəri arvad öz qənaətini elə qətiyyətlə elan edirdi ki, onun yan-yörəsindəki qadınlar indi görürmüşlər kimi dönüb Vəliyə təzədən və xüsusi zənd ilə baxdılar, mən özüm də o dönənlərdən geri qalmadım və sifəti azca ağarmış Vəliyə diqqət yetirdim. Maraqlısı budur ki, mollanın arvadı deyəndən sonra çönüb baxdığım Vəlinin sifətində qeyri- adilik diqqətimi çəkməsə də onun sağ qolunu sinəsinin üstünə atarkən əlini düyünləməyi mənə bir az qeyri- adi gəldi. O da fikrimə gəldi ki, axı, deyəsən, Vəli əvvəllər belə yatmazdı, bəlkə bu Pəri xala düz deyir? Anamsa bu xəbərdən həyəcanlandığını titrək səsi ilə bildirirdi: “Ay Pəri, allah atana rəhmət eləsin, bircə balam sağ-salamat ayağa dursun, inşallah, sənin nəmərini elə onun özü ilə göndərəcəyəm”. Beləcə, altı gündən sonra Vəli həmin ərik ağacının altında yuxudan ayıldı və bu zaman hamımız onun başının üstünü kəsdirib maraqla baxırdıq, anam özünü saxlaya bilməyib ağlayırdı, o isə nə baş verdiyini anşırtmaq istəyən insanlar kimi, təəccüblə bizə baxırdı. Tərs kimi, oğlanlardan heç biri evdə yox idi və Vəli əvvəlcə bir müddət bacılarını maraqla süzdü, sonra ya sifətimizdəki ifadədən bir şey anlamadı, ya nənənin ağlamağı onu darıxdırdı, bilmədik, lakin qəfil səsini eşitdik: “Nədir e, nə olub, gözlərinizi niyə bərəldib baxırsınız?” Təbii ki, onun bu bəlkə də özü üçün haqlı sayıla biləcək sualına hansımızsa cavab verəsi halda deyildik, ona görə də yenə nənə qabağa düşdü: “Boy, ay bala, sənə qurban olaram, yadında deyil nə olub?”. Vəli nənənin sualına təbii ki, cavab vermədi, heyrətamiz şəkildə cəldliklə, heç nə baş verməmiş kimi yerindən sıçrayıb ayağa durdu və nənəyə yox, bizə tərəf qışqırdı: “Nə baxırsınız e…, acından ölürəm, adam görməmisiniz?” Bu sual o qədər yerində verilmişdi ki, artıq gəlin köçsə də iki günlüyə ata evinə gələn, sonradan Vəlinin ayılmağını gözləmək üçün bizdə qalan Tahirə tələsik yemək dalınca qaçdı, nənə oğlunun saçlarından öpüb gəl bir tikə yeyək- deyirdi. Həmin gündən Vəli ayıldı və maraqlıdır ki, onun yuxuya getməsi xəbəri kimi, ayılmaq xəbəri də sürətlə kəndə yayıldı və yenə qonum-qonşu, kənd adamları dəstə-dəstə bizə üz tutdular. Gələn qadınların hamısı anama gözaydınlığı verir, arabir kəsməli olduğumuz qurbanı isə hökmən yadımıza salır və heç nə olmamış kimi həyətdə gəzən, arada sərçələrə daş atmağı da yaddan çıxarmayan Vəliyə guya ki, gözucu, amma əslində diqqətlə baxırdılar, onların hər biri yüzə-yüz, Pəri xalanın dediyi “vergi”nin əlamətlərini onda tapmağa çalışırdılar. İki-üç gündən sonra Vəlinin sağ-salamat ayağa qalxması münasibəti ilə əhd elədiyimiz qurban kəsildi və təbii ki, son tikəsinə qədər qonum-qonşuya paylanıldı. Vəli ilə bağlı qurbanın kəsilməsindən iki gün keçmədi ki, molla Qədimalının arvadı Pəri həyətimizə gəlib çıxdı və açıq-aydın görünürdü o, gözaydınlığına gələnə oxşamır. “Gəldi”- deyəndə ki, axşamtərəfi Pəri arvad alaqapıdan anamı harayladı və nənə qapıdan boylanıb “Ay Pəri, orada niyə durubsan, içəri gəl”- dedi, Pəri arvadın isə, deyəsən, içəri keçmək əhvalı yox idi: “Yox, ay Nazlı, pendir tuturdum, onu yarımçıq qoyub gəldim deyəm ki, o allah saxlamışa başa sal, Qədimalının xasiyyəti pisdir, birdən salar onu ayağının altına, aramızda söz- söhət olar.” Nənə bu təqdimatdan bir söz anlamadı, tələsik sual verdi: “Kimi deyirsən, ay Pəri?” Pəri arvad anamın bu sualına bir az da əsəbi cavab verdi: “Sizin o Vəlini deyirəm, uşaqlarla daşlaşır, gedib başqa yerdə daşlaşsın, pəncərəmizdə hal qoymayıb, şüşələri qırıb- töküb…” İndi nənə bilmir nə cür dil-ağız edə… “Ay Pəri- deyir, özün bilirsən də uşaq o boyda yatandan sonra birtəhər olub, dəyişib, sən allah bağışla, üzrlü say, Nağı (ağamı deyir) adam göndərib şüşələrinizi saldırar…” Pəri arvad isə, görünür, nənənin bu cavabından razı qalmadığından qaşqabağını tökdü: “Rəhmətliyin qızı, guya uşağın o yuxuya getməmişdən əvvəl nə idi ki…”- dedi və hirslə də cavab gözləmədən getdi. Pəri xalanın gedişindən sonra nənə həyətimizdəki ları xoruzu tutdurub ayaqlarını bağladı, Vəlini çağırıb onu Pəri arvadgilə aparmasını nə illah təkid etdisə də Vəli “getmirəm”- deyib yerindən tərpənmədi, sonda nənə əlacsız qalıb o işi Məhəmmədə tapşırdı… İndi Vəlinin altı günlük yuxuya getməsindən 20 gün keçib, məktəbin açılmasına isə bir həftə vaxt qalıb. Nənə ərik ağacının altındakı stolun ətrafındakı stulların birində oturub da uşaqlardan hansınınsa köynəyinin qopmuş düyməsini tikir, qırımından hiss olunur ki, sözlü adama bənzəyir və nəhayət ki, intizarımıza son qoyaraq sözünə başlayır: “Sabah şəhərə gedirəm- deyir, artıq bir həftə qalıb məktəbin açılmasına, ağanız pul verdi ki, şəhərə get, uşaqlar üçün əyin- baş al”. Nənə əyin- baş- deyəndə bilirəm ki, ilk növbədə ayaqqabılarımızı nəzərdə tutur və buna görə də ötən ildən ürəyimdə qalanı dilimə gətirirəm:
Nənə, mənə sandal almazsan! Sözümü o qədər birmənalı və ötkəm deyirəm ki, görünür, nənə də çaşıb qalır, mən isə bir az əvvəl oxuduğum kitabı ikiəlli tutub sinəmə sıxmış vəziyyətdə dayanmışam və o sözləri deyərkən əsəb qarışıq həyəcanım duruşumdan açıq-aydın oxunurmuş. Nənə isə duruşumdan bir şey başa düşmür, axı, o, nə bilsin ki, mən artıq bu ilin yazından sandal ayaqqabılarını özlüyümdə baykot etmişəm. Əslində “sandal” elə də pis ayaqqabı deyil və mən onu hətta bəyənirəm də, amma… Amması odur ki, ikinci, dəyişək ayaqqabın olanda sandal gözəldir, lakin mən təcrübəmdən bilirəm ki, palçıq bir tərəfə, yerə qar düşənə qədər o sandal ayaqqabını geyinməliyəm və qar yerdə oturandan sonra isə həmin ayaqqabıları səliqəyə salıb qaldırmalı, qar əriyən kimi, təzədən çıxartmalıyam. Mən isə elə istəmirəm, birincisi, oktyabr gəldimi, həmin sandalla nə cür corab geyinirsən geyin, fərqi yoxdur, ayaqlarım üşüyür, ikincisi isə həmin sandalı növbəti ilin sentyabrında da geymək lazım gələcək və nəticədə belə məlum olur ki, sənə iki ilə bir ayaqqabı alırlar. Olsun, buna da razılaşmaq olar, amma ən pisi odur ki, arada getdiyimiz toylara da həmin sandalı geymək lazım gəlir, bu isə bilirsiniz nə deməkdir? Siz bilməsəniz də mən bilirəm və ona görə də nənənin “Niyə, qızım?”- sözlərini guya ki eşitməyib evə qaçıram. Nə cür yatdığımı da xatırlamıram, amma səhər mən yuxudan duranda bildim ki, nənə artıq şəhərə gedib. Bizim kənddə belə idi, hər gün bir dəfə səhər o başdan kəndimizin altındakı yoldan avtobus keçib o tərəfdəki kəndlərə gedir, şəhərə getmək istəyənləri yığıb aparar və axşamtərəfi saat 5-6-da həmin yolla qayıdardı. Asfalt yolun kəndimizin altından keçən hissəsi elə yaxın olmasa uzaq da deyil, azından uzaqdan nəinki avtobusu, hətta avtobusdan düşən adamları da görmək olurdu. İndi biz həyətdə, ağacların ətrafında guya ki, hərəmiz öz işimizlə məşğul idik, lakin nigarançılığımızı ötəri baxışla görmək olardı. Əlbəttə, uşaqlar hamısı, elə mən də nənənin nə vaxt qayıdacağı ilə bağlı sual vermirdik, amma hər birimiz artıq saat 4-dən avtobusun keçəcəyi yola boylanırdıq və budur, adəti üzrə ağacların başında olan Vəli muştuluqlayırmış kimi, ucadan qışqırdı: avtobus gəlir! Vəlinin qışğqırmağı ilə ağacdan düşməsi, qapıdan sürətlə avtobusun dayanacağı yerə qaçması o qədər ani oldu ki, ondan əlavə nəsə soruşmağa macal belə tapa bilmədik. Artıq 20-30 dəqiqədən sonra nənə Vəli ilə birlikdə həyətə girdi və maraqlıdır ki, mən birinci dəfə nənənin gözəlliyinə diqqət edib heyrətləndim. Adətən evdə ora-bura qaçan, gah təndirdamı, gah tövlədən çıxan, nehrə çalxayan, toyuq-cücə dalınca qaçan nənəni elə bil birinci dəfə idi ki, geyinmiş- gecinmiş görürdüm. O, hansısa ənlik-kirşandan istifadə də etməmişdi, lakin o qədər yaraşıqlı görünürdü ki…hətta gətirdiyi yükün ağırlığından alnında yaranmış puçurlanan, silməyə macal tapmadığı tər damcıları belə ona elə yaraşırdı ki… Nənə həmin yükü ilə də ərik ağacının altına gəldi və Alidəyə səsləndi: ay qız, bir stəkan su… Alidə su dalınca qaçdı və uşaqlar nənəni dövrəyə aldılar, mən isə bir az kənarda dayanmışdım, amma hiss edirdim ki, nənə baxışlarını məndən gizlətməyə çalışır. Alidə suyu gətirdi, nənə bir-neçə qurtum içəndən sonra stolun üstünə qoyduğu iri bazarlıq çantasını açaraq çıxartdığı ayaqabı və paltarları göstərir, sonra kimə aldığını deyirdi. Uşaqlar alınan paltarları götürüb sevincək kənara çəkilirdilər. Nənə yenə əlini çantaya saldı və bir sandalla, məktəbli formasını çıxartdı, lakin bunu kim üçün aldığını demədi və bu zaman heç kimə yox, yerə baxdı: Qızım, bunlar sənindir, amma ürəyinə salma, ağana demişəm, arada pul verər, şəhərə gedib sənin üçün gözəl bir ayaqqabı alaram. Bu zaman o, səsindəki qəhəri gizlətməyə çalışırdı və elə bil ki, bu sözləri deyəndə utanırdı. Mən isə qəhərləndim və anama heç bir söz demədən qaçıb on metr kənardakı ağacın altına getdim, bir az əvvəl uzanıb kitab oxumağım üçün yerə saldığım kilimin üstünə üzüqoyla düşdüm. Bilmirəm, nə qədər eləcə qalmışam, amma birdən özümə gəlib artıq havanın qaraldığını gördüm, saçlarımda isə onun əlininin istiliyini hiss etdim, onu da hiss etdim ki, onun nəinki əli və elə səsi də titrəyir: “Qızım- deyirdi, axı sən ağıllı balamsan, dayının canına and olsun ki, ağanın imkanı çatmadığından sənin dediyini edə bilmədik, amma mütləq istədiyini alacağam!” Qaranlıqda mən onun üzünü görə bilmirdim, amma nədənsə mənə elə gəlir ki, anamın gözləri yaşarıb və bunda özümü günahkar bilirəm, ürəyim çırpınır, üzüstə uzanmağıma baxmayaraq, əllərimlə üzümü örtür və “Bir azdan gəlirəm”- deyirəm. Mən dediyim kimi etdim, bir azdan evə getdim və nə onda, nə də sonra o mövzuya qayıtmadıq- nə mən, nə də nənə. Gör, bunlar nə vaxt olub, üstündən neçə illər keçib, amma indi xidməti otağımda bunları bir anda niyə xatırlamağımı anlamaq istəyirəm ki, qapı sürətlə açılır, gələn odur- qızım: “Beləmi olur, mama- deyir, mənə vaxt tapmırsan, hə?” Mən isə günahkarcasına gülümsəyirəm və daha sonra əməkdaşlardan birinə xahiş edirəm ki, sürücümə giriş qapısının yanına gəlməsini tapşırsınlar…
“Ər yaxşı qadına xəyanət edə bilər, yaxşı əri heç bir qadın itirmək istəməz”. Bunu sizə həyatındakı ilk kişidən xeyir görməyən, əvvəllər bədbəxt olmuş qadın yazır. “Ərimdən yazmamışdan əvvəl sizə onunla tanışlığımızdan yazmaq istəyirəm. Bizim onunla tanışlığımızın qəribə, bəlkə də mənə qəribə gəlir, maraqlı tarixçəsi var. Onu, keçmişdə məni unutduğunu düşündüyüm tanrının mükafat qəbul edirəm. Taleyimin natamam hissəsi!… Lazımsız ərimin əlindən, yersiz döyülməkdən canımı o gözəgörünməz qurtarıb. Ər dediyim məxluqun acı sözlərini qulaq ardına vuranda da elə bilirəm yayda iylənmiş cəmdəyə qonan milçək vızıldayır. Bir zamanlar sevgi hisslərinə aldanıb gözüyumulu söndürdüyüm bəxt ulduzumun parıltısını bir ildən sonra o mənə qaytarmışdı. Alkaş ərim, yəni Akif şirin vədləriylə, isti sözləriylə məni qaynımın yarımçıq qalmış ikimərtəbəli evinə qaçırdı. İlk-üç ayı aramızda hər şey yaxşı idi. Mənə “can”, “həyatım” deyirdi. Təzə vaxtlar məni axmaq yerinə qoymağını nəzərə almasaq, əziyyət verməzdi. Hətta bir dəfə gecəyarısı evə gələndə qan-tər içində idi. Nədənsə qorxmuşdu, bilmədim, boğazında qızartı izləri vardı. Nə baş verdiyini soruşanda “küçədəki itlərdən qaçdığını” söyləmişdi. Ona inanmışdım. Boğazının niyə qızardığını soruşdum – Həyətə girəndə əlimlə boğazımı sıxmışam. Az qala ürəyim ağzımdan çıxacaqdı. – dedi, inandırdı məni. Üç ay ərzində yaşadığım yerdə heç bir küçə itinə rast gəlmədiyimi sonralar xatırladım. Ulu tanrım, onda necə sadəlövh qadın olmuşam. Ərim tikinti şirkətlərin birində fəhlə işləyirdi. Dörd yüz manat aldığı maaşından mənə, evin xırda-para dolanışığına əlli manatdan artıq pul verməzdi. Hərdənbir iyirmi-otuz manat əlavə etsəydi də bu bəs eləmirdi. Onu başa düşürdüm, maaşı gənc ailə üçün kifayət deyildi. Hələ soyuq aylar olanda, işıq pulu, qaz pulu az qala maaşının yarısına qənim kəsilirdi. Bəzən gecələr də işləyirdi. Gəlmədiyi gecələr əzbər bildiyi sözlər vardı: “İşləməliyəm, pul qazanmalıyam”. Yəqin iş adıyla gecələr evə gəlməyən əri olan mənim kimi qadınlar çoxdur. Həftələr olub ki, evdə bayquş kimi tək qalmışam. Güzgüdə özüm-özümlə danışdıqca bugünəcən görmədiyim səbrimi kəşf etmişəm. O səbrlə də məni dəli kimi sevən Akifin birdən-birə niyə dəyişildiyini incəliyinə qədər düşünmüşəm. Yaşadığımız yer paytaxtın mərkəzindən çox uzaqdır. İkimərtəbəli evin ikinci mərtəbəsinə çıxan pilləkanlar olmadığı üçün oraya “qumrular yuvası” desək, daha ədalətli olardı. Fərsiz ərimin kefinə göyərçinlərlə əylənmək düşəndə, həyətdə bir küncdə qalmış, yağış suyundan kənarları ovulmuş nərdivanla çıxırdı. Bir gün qabaq məni səbəbsiz yerə döyüb gözümün altını pis günə salmışdı. Hərdən onu dəlixanadan qaçmış dəli hesab edirdim. Sonralarda öyrənmişdim, dəlilik kağızı almaq üçün bir müddət dəlixanada yatdığını!.. Hərbi xidmətdən yayınmaq üçün ağlabatan yol idi… Məni döyməsə sakitləşmirdi. İndi yadıma düşəndə ona gah yazığım gəlir, gah hədsiz kinim olur, bəzən də uşaq kimi gülürəm. Nəyə güldüyümü özüm də anlamıram. Bir gün pilləkanla ikinci mərtəbəyə çıxdı, könlündən göyərçin əti yemək keçirdi. Nə qədər başa salıb izah eləsəm də ki, günahdır, eləmə, xeyri olmadı. “Sənin nəyinə lazımdır? Sən bişir”, dedi. Qarğış yiyəsi olmaq istəmirəm, bişirməyəcəyimi deyəndə, yazıq göyərçinin başını qopardıb qanlı cismini üstümə tulladı, göyərmiş üzümü işarə edib: -Ona qalsa, sənin qarğışın gərək məni çoxdan tutaydı. – dedi. Belə qəddar adamıydı Akif. Kişi-kişi üç kişinin yanında qadına hörmətdən danışardı. Qonşuların əriylə danışanda dəmir həyət qapısının arxasında dayanıb danışdıqlarını dinləyirdim, ikrah hissiylə gülürdüm. Əslində, Akifi tanıyandan sonra kinayəli gülümsəməyi də, ürəkdən gülməyi də öyrənmişdim. Birinci mərtəbədə daşlarla hörülmüş bir otaqlı evdə yaşayırdıq. Mətbəxə soyuq dəhlizdən keçməli olurdum. Mətbəxə pəncərə düzəltməyə kişiliyi çatmamışdı. O qədər özündən razı və dünya görüşü zəif bir insan idi ki, bir gün “yekə kişisən, evdə qalanda həyət-bacaya əl gəzdir” deyəndə, “kişilik şalvarın altında olur” – iyrənc cavabını eşitmişdim. Deyəndə ki, “o şalvardan mən də geyinirəm” üzümə sərt nəyinsə dəydiyini hiss etdim. Gözlərimi açanda artıq beton döşəmədə uzanmışdım. Sağ yanağım ağrıyırdı. Bir də o məqamda ayıldım, qızmış buğa üstümə hücum çəkir. Boğulurdum, üzümə yarışa girmiş adamlar kimi şillələrini döşəyirdi. Az qala qulağımın pərdələrini cıran söyüşlərini isə yazmağa dəyməzdi. İlk döyülməyimin ağrı-acısı keçməmiş, sonrakı aylar müxtəlif bəhanələr səbəb gətirilərək döyülmək, pis-pis küçə söyüşləri ilə təhqir olunmalar adi hallara, ərim üçün vərdişə çevrilmişdi. Neçə dəfə onu öldürmək fikrimdən keçmişdi. Şillə-təpiyinin zərbələri o qədər güclü idi ki, ona da taqətim qalmırdı. Şeytanım da Bakı küləyinə dönmüşdü, bir yerdə qərar tuta bilmirdi, ruhuma güc gəlsin, təkcə mənə gücü çatan onun əlini-qolunu bağlayım. Kişisiz keçən gecələrimdə yavaş-yavaş qadınlığımı da unutmuşdum. Özümü evdə qalmış bakirə qızlar kimi hiss edirdim. Mənimlə yatmırdı, xoş söz deməyi bacarmırdı, başıma sığal çəkməyi də yox idi… Düzələcəyinə ümidim olmadığı üçün ummurdum da!.. Hər gün qabağına yemək qoyanda eyni sualları dilimə gətirməyə qorxduğum üçün, ürəyimdə təkrarlayırdım. “Bu kişi mənə nə üçün lazımdır? Qabağına yemək qoymaq üçün? Oğlunun adam olmadığına məndən çox bələd olan qaynatamın ayda-ildə bir dəfə əlidolu gətirdiyi zənbildəki göy almaları nazik-nazik doğrayıb, üstünə nanə töküb yedizdirmək üçün? Ya üzüm gilələrini bir-bir artlayıb bir boşqab qabağına qoymaq üçün?” Axı, bu kişi mənim qadına məxsus bütün hisslərimi oğurlamışdı! Təkcə kişiyə oxşar görünüşü vardı. Bəzi şeyləri xatırlayanda bu dünyada olmasa da ona bircə dəfə rəhmət oxumuşam. Anasına görə!.. Akifin ilk nifrəti anasından başlamışdı. Evliliyimizin təzə vaxtları idi, sərxoş olanda anasından nifrətlə danışmışdı, tükürpədici etiraflar eləmişdi. Uşaq vaxtı çox dəcəl olub, uşaqların içində ən çox döyülən də Akif idi. Anası onu yenə döymüş, hirsi soyumayıb əl-qolunu qalın kəndirlə bağladıqdan sonra yaşadıqları bina evində, kəndirin bir tərəfiylə eyvanın dəmirlərinə düyün vurmuşdu. Uşaq eyvandan sallanırmış. Mənə verdiyi sözləri tutmadığı gündən ona inamım itdiyi üçün inanmadım, anasından soruşdum. Oğlunun dediklərini təsdiqləmişdi, üstəlik oğlunun bilmədiyi ən böyük həqiqəti danışmışdı; Mən Akifi doqquz ay bətnimdə nifrətlə böyütmüşəm. Bax ha, Akifdən hamilə qalsan, uşağını sev. Məsləhətinə gülmüşdüm: -Elə şey olar? Təcavüz olunan qadın da bətnindəki uşağı sevir. Bir müddət susduqdan sonra oğluna nifrətinin səbəbini soruşmuşdum. Cavab çox sadə olmuşdu: -Birinci uşaqdan sonra vaxtsız hamilə qalmışdım. Aldıra da bilmirdim. Atası imkan vermirdi. Onda anladım, Akif də bir dəfə ağlayaraq dilinə gətirmişdi; mənim həyatımı anam məhv elədi. Uşaq olanda bizi də analarımız çox döymüşdü. Anam oxlovla, ya da nar çubuğuyla bir-ikisini ilişdirəndən sonra dincələrdi. Ancaq mənim anam, çoxlarımızın anası övladına səkkizinci mərtəbədə ölümü hiss elətdirməmişdi. Elə o vaxt dərk edib yaddaşıma yazmışdım; anasını sevməyənlər heç bir qadını sevə bilməz. Bir gün oğlum olsa, demişəm, ona qadınları və kitabları sevməyi öyrədəcəm. Nədənsə həmişə elə bilmişəm həddindən artıq çox kitab oxuyan kişilər qadın döyməyi özlərinə yaraşdırmırlar, mərhəmətli olurlar, qadınları daha çox sevirlər. O günü yaşamağa layiq olmadığımı, bir oğula ana olmağa haqqım çatmadığımı düşündüyüm günü heç cür unuda bilmirəm. O günü xatırlayanda ona tez-tez inanmadığım cəhənnəmdə yanmağı arzulayıram. Kapron qabın dibində bir adamlıq axırıncı vermeşilləri qızartmışdım. Gəlməyinə az qalıb, nə çörək var, nə də qatıq! Gətirəcək əli də yox idi. Məcbur qalıb evimizlə üzbəüz yerləşən marketə getmək üçün küçəyə çıxdım. Borcum otuz manatı keçmişdi. Maaşını alsaydı, heç olmasa, köhnə borcumuzu bağlayardım, təzədən borc götürərdim. Dua edirdim, marketdə Gültac xalayla məndən başqa heç kim olmasın. Üzümün qaraltıları da hələ keçməmişdi. Həyatımda tərslik olanda birdən olur. Marketə məndən əvvəl hündürboy, bir az qarınlı, yaddaşım məni aldatmırsa, tək-tük tükləri olan keçəl kişi girmişdi. Niyə yalan deyim, bəxtimdən gileylənmək yerinə, ürəyimdə kişini söydüm. Gültac xalayla salamlaşdıqdan sonra məndən nə istədiyimi soruşdu. Mənə diqqətlə baxan kişini başımla işarə elədim ki, gözləyə bilərəm. İşarəmi Gültac xaladan əvvəl yad kişi hiss eləmişdi: -Alacaqlarım çoxdu, xanımı yola salın. – dedi. Gültac xala mənə baxdı, utana-utana yarım kilo bankada qatıq və iki çörək istədim. Verməyə isə, qəpiyim də yoxdur. Qırmızısifət Gültac xala yad kişinin yanında üzümü qızartdı: -Borcunuz getdikcə artır, əlli manata çatıb. Gözlərimi qurbanlıq qoyunlar kimi döydüm: -Əlli manat niyə? -Yoldaşının da borcu var. Pərt olmuşdum, özümü arsızlığa vurdum, “yoldaşım maaşını alan kimi hamısını verəcək”, – deyib onu da, özümü də aldatdım. Aldatdım deyəndə ki, yalan danışdığımı məndən yaxşı bilirdi. Hər kəs ərimin mənə olan hörmətinə bələd idi. Keçən ay qonşunun arvadı mənə xəyanət etdiyini ağzından qaçırtmışdı. Arvad ərimə deməməyim üçün dil-ağız edəndə, ağlına da gəlməzdi ürəyimdən keçirirdim. “Yalansa doğru çıxa… Bir qadın bu yöndəmsizi əlimdən ala, gedər-gəlməzə apara…” Əsəblərim o gün sakitləşə bilərdi. O qadına yazığım gəlsə də, inanıram, mənim kimi cəsarətsiz olmazdı… Valideynlərimin üz qarası olmuşdum, ikinci dəfə el-obanın tənəsini eşitməmələri üçün çəkinirdim, boşana bilmirdim. Heç olmasa, bəxtim üzümə gülər, özünə də xeyri olmayan, ağır daş olub kürəyimə qoyulmuş yöndəmsiz, bəlkə başqa qadına görə də olsa məni boşayardı. Sadəcə arzudur… Bu yöndəmsizin xasiyyətinə başqa qadınlar heç bir ay da dözməzdi. Mübarizə apara bilmirdim. Sabah bəxtim gətirsə, atam-anam məni bağışlasa, qayıt desə, inanmıram ikinci bir kişiyə qadın olduğumu sübut edə bilim. O barədə artıq öldüyümü düşünürdüm… Mətbəxdə sınıq stolda oturub, evə gəlməyini gözləydim. Hirsimdən ağcaqanadların çılpaq qolumun, ayaqlarımın üstündə uçuşub, özlərinə münasib bildiyi yerdən qanımı sovurduqlarını hiss etmirdim. Gəldi, kefi kök idi. Fişka çalmağından bilirdim. Məni görən kimi dayandı. -Sən niyə burda dayanmısan? Səhərdən o qədər dolmuşdum, az qala birbaşa ağzıma gələni deyəm, döyülmək gözümün qabağına gəldi: -Elə-belə. Deyəsən, toxsan?! Əmr formasında göstəriş verdi: -Yox, acmışam. Mənə yemək gətir. – dedi, evə girdi. Nifrətlə evə girənəcən arxasınca baxdım. On dəqiqəyə bişirdiyim vermeşili, qatığı, doğradığım çörəyi süfrəyə qoydum. Divanda oturub televizora baxırdı. -Yemək hazırdır. Vermeşilə baxa-baxa stolu çəkib oturdu: -Bunun əti hanı? Hirsimdən əsəblərimi cilovlaya bilmədim: -Əti atam evinə göndərmişəm. – Söz ağzımdan şimşirik kimi çıxdı, dinmədi, heç nə demədi, amma mən dayana bilmirdim: – Maqazindən borca nə götürmüsən? Kişisən, utanmırsan siqareti borca götürürsən? Dedim bəlkə əsəbləşər, üstümə qışqırar, vecinə də almadı. -Yemək duzsuzdu. Əlli manat verərərəm sabah ət alarsan. – deyəndə əsəbdən içim-içimi yedi: -Əlli elə borcumuzdur. Bəs maaşı alıb hara xərcləyirsən? -Borcum var. -Yəqin ona görə üç aydı borc yiyələriylə axşamlar görüşürsən. Vaxt istəməkdən evə gəlmək də yadından çıxır. -Ağ eləmə. -Maqazindəki arvada demişəm ki, bu ay borcumun hamısını verəcəm. Əlli manat da ver. Cibindən əlli manatı çıxardıb mənə uzatdı: -Al, əsəblərimi korlama. Sabah evə bazarlıq elə. Pul uzatdığı əlini itələdim: -Heç nə almayacam. Arvada tapşıracam bir də sənə nisyə heç nə verməsin. Bezdirmisən məni. İyrəndirmisən özündən. İyrəndirmisən. -Deyəsən, döyülməyin gəlib haa… -Niyə? Kişi olmağını istəyirəm, ona görə? Kinayə ilə verdiyim sualımdan sonra yadımda qalan bu oldu; hikkəylə bir əliylə boğazımdan yapışdı, az qala boğulurdum. Divana itələyib, məni altına yıxdı, bu dəfə şillə yox, üzümə, gözümün altına yumruqlarını döşəyirdi. Özümdən gedənəcən vurdu. Gözlərimi açanda əynimdəki paltarlar cırılmışdı, qarnımda ağrılar hiss edirdim. Onunla evləndiyim üçün ilk dəfə ondan çox özümdən iyrənməyə başlamışdım. Artıq əmin idim, düzələn deyildi, mayası nifrətlə yoğrulmuşdu. Qadınının şəhvət hissini öldürən kişidən hansı nəcibliyi gözləmək olardı? Ən qorxduğum vəziyyətdən – təcavüzdən məni qoruya bilmədiyi üçün tanrıya da nifrət edirdim. Məndən üz döndərdiyinə özümü inandırmışdım. Ağır-ağır pəncərənin başına vurulmuş mismara taxdığım güzgüyə yaxınlaşdım. Üzümə baxdım, zorlanmağımı unutdum, səsim batanacan qışqırdım. Var gücümlə qışqırdım. Ölmək istəyirdim. Bu istəklə də ölüm fərmanımı vermişdim. Adını xatırlamadığım otuz ədəd dərmanı su içə-içə bir-bir atdım, su qabını mətbəxə aparıb, otağa qayıtdım. Divana uzanıb üstümü nazik ədyalla örtdüm. Eşitmişdim, ölümə yaxın insanı titrətmə tutur, gözünə mələklər görünür. Mələk də görmək istəmirdim… o dünyada kişilərə kef verəcək məxluq kimi ad çıxardıqlarına görə onlara da nifrət edirdim. Gözlərimi yumdum, qorxudanmı, ya həyəcandanmı bilmirəm, ağlamışdım. Deyəsən, ölmək istəmirdim, özümü qurtarmağa da çalışmırdım. …Dinlərdə bəndənin öz canına qəsd etməsi tanrının bağışlamadığı iki günahdan biridir. İnanın mənə, insan bezəndə tanrı da unudulur…. İlk dəfə o gün günəş şüasıyla gözlərimi açdığımı hiss eləmişdim. İndiyəcən bu qədər həssaslıqla fikir verdiyimi xatırlamıram. O, kəmərini şalvarının qatmalarından keçirəndə oyandığımı gördü: -Nə yaxşı gözünü aça bildin? Təəccübdən ağzımı açıb bir kəlmə deyə bilmədim. Tərəddüd içindəydim; ya yuxudan ayılmamışdım, yuxu görürəm, ya dərmanlar təsir etməyib yaşayıram, ya da doğrudan ölmüşəm, ruhumdu oyanan. Dəqiqləşdirmək üçün gözlərimi dəfələrlə yumdum açdım, yumdum açdım… Bir də gözlərimi yumub açanda yaramazın fişka çala-çala qapıdan çıxdığını gördüm. Ürəyimdə əzrayılı da fərsizlikdə günahlandırdım. Ondan üzr istəməyini gözləmirdim. İstənilən vəziyyətdə özünü haqlı bilənlərdəniydi. Ölmədiyimi dərk edəndən sonra deyinə-deyinə ayağa qalxdım. Öz-özümə: “Ya gətirilən dərmanlar keyfiyyətsizdi, ya da pişik kimi doqquz cana sahibəm”, – düşünürdüm. Nə olsun, bədənimin, üzümün ağrılarını hələ də hiss edirdim. Özümü ikiqat bədbəxt hiss edirdim. Ölümə də lazım olan adam deyildim. Yox! Mən ölməliydim. Məcbur da olsa özümü ölümə qəbul elətdirməliydim!… Qarnımı tuta-tuta, üz-gözümün qanını silməmiş evdən çıxdım. Həyətə çıxanda üzümə şüası düşən günəşə baxdım, baxa bilmədim. Normal insan da günəşə baxa bilmir, sadəcə gözlərimi qıyanda üz əzələlərim məni daha çox incidirdi. Gözüm həyət qapısının yanındakı köhnə nərdivana sataşdı. Bir nərdivana, bir də ikinci mərtəbəyə baxdım. Asan ölümün yolunu tapmışdım. Nərdivana əl uzadanda qulağıma qəribə səs gəldi. Qapının ağzında nə isə vardı. Elə bildim döyülməkdən qulağım səslər eşidir. Marağım ölmək istəyimə güc gəldi, qapını açdım. Küçük!.. Balaca, yumru gözlərini mənə zilləmiş küçüyə baxmaqdan gözlərim bərəldi. Ağır addımlarla küçəyə çıxdım, yol tərəfə də baxdım, ara məhlələrə də. Sinəsi cırılmış donumun altında kiminsə çılpaq, göyərmiş bədənimi, üzümü görməyi vecimə deyildi. Küçüyünü itirmiş it axtardım, tapmadım. Mən qapıdan uzaqlaşdıqca küçük mən tərəfə gəlirdi. Fikir vermədim, həyətə girdim. Qapını bağlamaq istəyirdim, küçüyün barmağımın ucu boyda yumru olan burnunu ayağıma toxundurduğunu hiss elədim. Deyəsən, özüm kimi yiyəsiz mənə pənah gətirmişdi: -Başdan xarab heyvan. Elə bilirsən mən ölsəm, sənə burda baxan olacaq? Küçədəkilər bu evdə yaşayan əclafdan min dəfə yaxşıdılar. Bilirsənmi, bu əclaf sənəcən bir iti diri-diri doğrayıb? Küçük yox ha, iti. Gəl çıx, heç olmasa, zibilxana eşələyə-eşələyə böyüyəcəksən. Yerindən tərpənmirdi, mən danışdıqca quyruğunu bulayırdı. Fikir vermədim, nərdivanı götürməyə çalışdım. Bu dəfə küçük ayağıma dolaşdı. İmkan vermədi tərpənəm. Hərəkətlərini izləmək üçün diqqətlə baxdım. Deyəsən, ölmək istədiyimi hiss eləmişdi. Birdən-birə yazığım da gəldi ona. Nərdivanı yerə atdım, dizlərimi yerə qoyub küçüyü ehtiyyatla qucağıma götürdüm: -Səni qapıya hansı itin balası atdı? Neçə aydır burdayam, it-zad görməmişəm, axı!.. Dediyimi başa düşənlər kimi gözlərini məndən çəkmirdi. Çox şirin idi. Qalmışdım iki qərar arasında. Deyirlər, yaxşı adamları qoruyan mələklər olur. Yaxşı adam deyildim, insafən özümü pis insan da hesab eləmirdim. Heç cür ölə bilmirdim, axı mən ölmək istəyirdim. Küçüklə evə girdim. Onu divanın üstünə qoyub stulda oturdum. Özünəməxsus qəribə hərəkətlər edirdi, mən də ona baxırdım. Böyüsə, tüklü itə oxşayacaqdı. Rəngi qara idi, təkcə alnının ortası iri xalları xatırladan gümüş rəngindəydi. Məhz o rəngə görə adını da tapmışdım. Bacımgilin saxladığı boz itlərini xatırladım. İtlərinin adını Bozdar qoymuşdular. Küçüyün dişi-erkək olub-olmadığını öyrənmək üçün yoxladım, dişiydi. Gülümsədim: -Adını Gümüş qoyuram. Rənginə-urfuna uyğun da gəlir. İnanmayacaqsınız, həmin vaxt o itdən də cavab gözləyirdim. Mədəmin quruldamasından hiss etdim ki, mən acamsa, deməli, o da acdır. Cırılmış donumu soyunub qapısı qırıq olan köhnə şkafın içindən donlardan birini seçib əynimə geyindim. Fikirləşirdim ki, madam öləcəm, yaxşılıq edib öləcəm. Son dəfə yaxşılıq!.. Son dəfə də borc. Akif zəhmət çəkib ödəyər. O zamanlar “canı çıxar ödəyər” deyirdim, ürəyim soyusun deyə!.. Öz-özümə danışanda yerə düşmüş əlli manatı gördüm. “Nə yaxşı borca götürməyəcəm” sevindim. Üz-gözümü pudralayıb evdən çıxdım, maqazinə tərəf qaçdım. İndi istəmirdim qonşulardan kimsə üzümü-gözümü görsün. Gültac xala məni görəndə duruxdu, üzümə baxdı. Elə baxdı ki, mənə yazığı gəldiyini əməllicə hiss elətdirirdi. Məndəki üzə öyrəşdiyi üçün heç nə soruşmadı. Əlli manatı uzatdım, tələsə-tələsə dedim:
Gültac xala, mənə iki litr süd, bir də çörək verərdin də. Yerdə qalan pulla da borcdan silərsən. “Yaxşı” – deyib Gültac xala dediklərimi verdi. Aldıqlarımı götürüb evə tərəf qaçdım. Mətbəxdən iri boşqab götürdüm, südü tökdüm. Özümə də bir stəkan süd götürüb həyətə çıxdım, qabla stəkanı yerə qoyub evə qayıtdım. Qucağımda Gümüş yenidən həyətə döndüm. Donumun cibinə əvvəlcədən qoyduğum bir dilim çörəyi götürüb stəkanın içinə tikələrə bölüb atdım. Sonra bir-bir görməmişcə iki barmağımı stəkana salırdım, götürüb yeyirdim. Gümüşə fikir vermirdim, mənim günümdə olduğunu düşünürdüm. Boş stəkanı kənara qoyanda gözüm sataşdı ona. Balaca quyruğunu bulayaraq südü iyləyirdi. İndi dərk eləmişdim, Gümüş küçükdür, it deyil. Gərək qayğısına qalasan. Təzədən maqazinə getməli oldum, uşaq soskası istəyəndə Gültac xala maraqla üzümə baxdı: -Soskanı neynirsən? Çiyinlərmi çəkdim, gülümsədim: -Deyəsən lazım olacaq. Ən balaca soskanı götürüb qaçdım evə. Mətbəxdə Akifin boş araq butulkaları vardı. Birinin içini yuyandan sonra küçüyün yanına qayıtdım. Qabdakı südü butulkaya boşaldıb soskanı ağzına keçirdim. Gümüşə südü içirməyə çalışırdım, indiyəcən küçük yedizdirməmişdim, itin qabağına yediyimiz ətlərin sür-sümüyünü, köhnəlmiş çörəkləri iki-üç gün vaxtı ötmüş yeməklərə doğrayıb qabda verməyi bilirdim. Gümüş körpə kimi əmirdi sosqada. İlk dəfə o gün ana kimi hiss eləmişdim özümü. Gülməyin, bədbəxt qadına ağlagəlməz kiçik şeylər xoş hisslər yaşadır. Xoşbəxtlik anlarla olur deyirlərsə, bax, mən o an dünyanın bəlkə də ən xoşbəxt qadını idim. Ölmək çoxdan yadımdan çıxmışdı. İndi məni küçüyümün harda qalacağı maraqlandırırdı. Akif ömür boyu razı olmazdı, Gümüş bizimlə eyni otaqda qalsın. Zamanla Gümüşün də onu sevməyəcəyini yaxşı bilirdim. İtlərin hissləri çox güclüdür, gec-tez Akifin “it qatili” olacağını duyacaqdı. Gözüm həyətin bir küncünə yığılmış taxtalara sataşdı. Küçüyü yerə qoydum, axşamacan əlimdə mismar, çəkic, mişar ona yuva düzəltməyə çalışdım, bacardım da. İtə yer düzəltməyi rəhmətlik babamdan öyrənmişdim. Sözün düzü, babam düzəldəndə izləmişdim, yaddaşımın bir yerində ilişib qalmışdı. Kələ-kötür düzəltdiyim it yuvasını mətbəxə qoydum. Yay olduğu üçün mətbəx həm isti idi, həm də yağış yağanda keyfiyyətsiz taxtalardan düzəltdiyim ev zamanla ovulmayacaqdı. Gecə yarısı Akif yenə gəldi. Başım Gümüşə elə qarışmışdı ki, yemək bişirmək yadımdan çıxmışdı. Şükür edirdim ki, toxdur. Akif Gümüşü görən kimi səsini başına atdı: -Bu küçük burda qalmayacaq. Rədd elə gözüm görməsin. – dedi. Şirin dillə dediyim sözlər də təsir eləmirdi. Axırda diz çöküb yalvardım: -Hər gün tək dörd divar arasında ürəyim partlayır. Allah haqqı, bugün özümü öldürmək istəyirdim. İkinci mərtəbədən atacaqdım, Gümüş imkan vermədi. Mən yalvardıqca Akif amansız olurdu. Yalvarışlarımdan sanki həzz alırdı: -Ad da qoymusan? Hirslə Gümüşü yerdən götürüb dişi olub-olmadığını yoxladı: -Bu qancıqdır, balalayacaq, balaları baş-beynimizi aparacaqlar. Yenə yalvardım: -Elə olsa azdırarıq. Başa düşmürsən, tək az qala havalanam? Həyətin o başına-bu başına gəzişdikdən sonra gözü pilləkana sataşdı. Bir Gümüşə baxdı, bir də mənə: -Yaxşı, saxla. Amma bu küçük böyüyüb bala versə, öldürəcəm. – dedi. -Aha, yaxşı. – Razı olmaqdan başqa çarəm yox idi. Sonra məni əliylə itələyib, ağzını-burnunu əyə-əyə: -Sən də özünü öldürüb, məni zibilə salıb eləmə. – dedi, evə keçdi. Beləliklə, Gümüşlə mənim xoş günlərimiz o gündən başladı. Əvvəlki kimi darıxmırdım, ölməyi düşünmürdüm. Akifin atmacaları da məni qıcıqlandırmırdı ki, cavab qaytarım, bəhanə edib məni döysün. Təkcə valideyinlərim üçün darıxanda təmirsiz hamama keçib ağlayırdım, küçüyüm də hamamın qapısı ağzında uzanıb başını öndən cüt ayağının üstünə qoyurdu, sakitcə mənə baxırdı. Sakitləşəndən sonra Gümüşümü qucağıma götürüb, mən yaşda olan qonşunun təzə doğmuş gəlini körpəsini həyətdə gəzdirəndə qapı ağzında ona baxardım. Əvvəllər bir az paxıllıqdan, bir az da qərəzli baxardım ona. Məndən asılı hisslər deyildi. Gümüşdən sonra o hissləri də itirmişdim. Hansı gün olduğunu xatırlamıram, günorta Akif evə tez gəlmişdi. Gecələr gəlməməyinə öyrəşdiyim üçün gözləmirdim. Əsəbiydi, yemək vermək istəyirdim, qapını kobudluqla üzümə çırpdı. Gümüş də, mən də qorxmuşduq. Gümüş küçükfason hürməyə başladı. Akifin içəridən kükrəyən səsini eşitdim: -O küçüyün səsini kəs, yoxsa durub ikinizin də meyidini sərəcəm. Pişik cəldliyi ilə Gümüşü yerdən götürüb, küçəyə qaçdım. Həyatımın mənası necə titrəyirdi!.. Bir az keçəndən sonra qapını astaca açdım, barmaqlarımın ucuyla evə girib stolun üstünə qoyulmuş mobil telefonunu götürüb həyətə çıxdım. Anamın nömrəsini yığırdım. O günəcən həyəcandan, qorxudan ağlamaqdan danışa bilmirdim. Evdəkilər hər dəfə hıçqırtılarımdan zəng edənin mən olduğumu bilib telefonu üzümə adboy verərdilər. Telefona anam cavab verdi: -Alo Axırıncı dəfə anamın səsini iki ay bundan əvvəl eşitmişdim: -Ana, mənə Şəbnəm. Anam səsimi eşitməyinə şad olmamışdı: -Nədi, niyə zəng eləmisən? Bilirdim, üzüm yox idi, yenə də bəxtimi sınadım: -Mənə kömək edin, ana. Vəziyyətim yaxşı deyil. Anam qışqırdı: -Onu qaçmamışdan əvvəl fikirləşmək lazım idi. Öz cəzandı, özün də çək. Biz səni silmişik. Yoxsan bizim üçün. – dedi. Uzun müddət ürəyimdə saxladıqlarımı bir-iki cümləyə sığışdırmağa çalışdım: -Axı ana, sizdə də günah oldu. Qoymadız nişanlanım. Qoymadız tanıyım onu. Anam on beş-iyirmi saniyə susdu və telefonu üzümə adboy verdi. Məyus olmuşdum, yenə də ümidimi itirmədim. Sanki görünməz bir varlıq mənə deyirdi ki, Şəbnəm, səbr elə, qurtulmağına çox az qalıb. Günü-gündən Gümüş də böyüyürdü, onunla bərabər depressiyadan kökündən kəsdiyim saçlarım da uzanmışdı. Bir il keçmişdi. Yenə yay idi. Gümüş əməlli-başlı tüklü it olmuşdu. Özü də iri it, iki ayağı üstünə qalxanda boyu boyuma çatırdı. Bütün günü yanımdan ayrılmırdı. Birlikdə xoş anlar yaşayırdıq, əylənirdik. Deyəsən, evin üstündəki qumrular da, göyərçinlər də bizə qoşulurdu. Sözləşmişlər kimi Gümüşlə günortalar məzələnirdilər. İtlərin ağıllı olduğunu da Gümüşdə görüb bilmişdim. Təkcə uzağa atdığım taxtanı mənə geri gətirdiyinə görə yazmıram. Gümüşəcən ya bütöv, ya da bir üzünü gizlədən aya, yarısı çox parıldayan, yarısı gözlərinı qıyıb diqqətlə baxanda cüzi görünən, bəzən də havada uzun müddət süzə-süzə yoxa çıxan ulduzlara ağac kötüyünün üstündə oturub diqqətlə baxmamışdım. Gümüş parlaq qaranlığa baxıb nə düşünürdü, bilmirəm. İt dilini özüməməxsus öyrəndiyim üçün bilməyəcəkdim də. Mən dua edirdim. Tanrıdan ailəmin adından bağışlamasını xahiş edirdim. Yalvarmırdım, sadəcə çox istəyirdim. Ona biganə olan ürəyimi qazanmaq üçün Akif çox yalvarmışdı. Onun yalvarışlarını sevmişdim. Məni sevdiyinə inandırmışdı yalvarışları. Əsl simasını tanıyandan sonra anlamışdım, yalvaran insanlar sevmir, sevən insanlar ürəklərini alçaltmamaq üçün qürurlu olurlar. Duzlu suyla adi suyu iylə seçməyinə də başqa cür heyran qalmışdım. Nə yeyirdimsə, onu da yeyirdi. İnsan deyildi, insan kimi mənə qayğı göstərirdi; özünəməxsus qəribə hərəkətlər edirdi, gülürdüm. Bir dəfə gülə-gülə hıçqıraraq ağladım, yenə dolmuşdum. Adam kimi başa düşürmüş kimi diqqətlə mənə baxırdı. Dizlərimin üstündə oturub əppəyi əlindən alınmış uşaq kimi ağlayırdım. Mənə yaxınlaşdı, üzümdən axan gözümün duzlu yaşını yalamağa başladı. Bu dəfə də ağlayışım gülüşə çevrildi. Gülə-gülə: “Eləmə, Gümüş”, – dedikcə qızışırdı. Kürəyimi yerə sərib üz-gözümü yaladı. Birtəhər ayağa qalxdım, mətbəxə qaçdım. Dolu vedrələrdən birini götürüb digər əlimlə dostuma su çiləyirdim. Gümüşün hürüşündən necə şən olduğunu görürdüm. Göyərçinlər də bizə qoşulmuşdu. Yorulandan sonra birlikdə hamama keçdik. Öncə Gümüşü çimizdirib məhrəbayla quruladım, sonra soyunub bir-neçə dəqiqə su altında qaldım. Yaşıl işığa bənzətdiyim sevgimin məni xarabalığa gətirib çıxaracağı ağlıma gəlməzdi. Akifin yaraşığına, şirin dilinə aldanmışdım. Bəlkə də on qadından ikisi onu bəyənməzdi, əgər ilk baxışdan adam tanıya bilsəydilər. Onda da mənə görə köks ötürər, Akiflə üz-üzə gəlməmək üçün yollarını dəyişərdilər. Yox, qışa dönmüş ilk baharımda ağacdan ayaq altına düşmüş əzik yarpaq olmamalıydım. Mən aciz deyildim. Tək də deyildim. Gümüş də var, onu mənə göndərən yaradan da. Hiss edirəm, o da mənimlədir. Uşaqlıqda yaşadığı travmaya görə psixoloji problemlər Akifin ruhuna kök salmışdılar. Hər şeyin ana bətnində başladığını, ana sevgisi hiss etmədiyini ondan bir-iki dəfə eşitdiyim üçün bəzən ona yazığım gəlirdi, qınamırdım. Yenə də qəti qərar vermişdim. Boşanmalıydım. Vəssalam!… Bir dəfə sevgidə aldanmışam deyə gəncliyimi ömür boyu qurban verə bilməzdim. Valideyinlərim məni bağışlamasın, qəbul eləməsin, razıyam. Bu həyatım boyu təslim olub kölə olmağım üçün səbəb deyildi. Boyun əyməməyi, heç nədən qorxmamağı bir il gözümün qabağında böyüyən Gümüşdən öyrənmişdim. O an dünyanın yükünü daşıyacaq qədər güc, inam gəlmişdi canıma. Tez-tez səhərlər Gümüşü küçəyə buraxırdım ki, sərbəst olsun. O gün də elə elədim, küçəyə çıxması üçün qapını açdım. Gümüş çıxanda Akif həyətə girdi. Həmişəki kimi salamsız-kəlamsız sözə giriş elədi: -Sənə iş tapmışam, işləyəcəksən. Təəccüblənmişdim: -Nə işi? -Xadimə işləyəcəksən. Dostumun ofisidir. Maaşını da aybaay mənə verəcək. Akifin qəddar, şərəfsiz olduğunu bilirdim, ancaq qadın belindən pul yeyəcək qədər alfons təsəvvür eləmirdim: -İşləməyinə işləyəcəm, söhbəti yox. Gümüşə də, özümə də baxan lazımdı. – dedim. Qərarımı deməyə cəsarətimi topladım. – Bizim münasibətlər düzələn deyil, Akif, boşanmaq istəyirəm. Üstümə qışqırdı: -Heç vaxt. O gün özünü ölmüş bil. Onun üstümə qışqırmağını gözləmirdim, küçənin o başından eşidən Gümüşün heç xoşuna gəlməmişdi. Küçədən evə tərəf qaçmağından bildim. Mənim kimi Akif də başa düşdü ki, evə vaxtında qaçdı, evə girməyiylə, qapını örtüb bağlaması bir oldu. Gümüş qapını cırmaqlayırdı. Qabağını mən də ala bilmirdim: -Gümüş, qızım sakitləş. Gümüş!… Akif içəridən qışqırırdı: -Onu bağla, ya da hamama sal, çıxacam evdən. Gümüşə əvvəlki kimi gücüm çatmırdı, bəxtim gətirmişdi, sözümə baxırdı: -Gümüş, hamama qaç, tez ol. Gümüşə tez-tez bu göstərişi verdiyim üçün dediyimi elədi. Hamama qaçanda qapısını bağladım. Akif qapını açdı, boğazımdan yapışdı: -Mən gələndə zibilini ağaca zəncirlə bağlanmış görüm. And olsun, öldürərəm onu. Vallah-billah öldürərəm. Xasiyyətimə bələdsən. Özün də ağlını başına yığ. Bu evdən ancaq meyidin çıxar. Əlini çəkəndə öskürdüm, başımla dediklərini edəcəyimi bildirdim. Həyətdən çıxanda dəmir qapısını çırpdı. Gümüşü ancaq axşam zəncirlə ağaca bağladım. Akif də tez gəlmişdi, evləndiyimiz gündən bu günəcən ilk dəfə evə alış-veriş eləmişdi. Qapıdan girməmiş mənimlə xoş salamlaşdı, uzun müddətdən sonra ilk dəfə üzümə gülümsədi, mənə baxanda gözləri parıldayırdı. Gümüş Akifi görən kimi üstünə hürdü, zənciri qırmağa çalışırdı. Akif mənim üzümdən öpəndə hər şeyi başa düşürmüş kimi səsini kəsdi, quyruğunu oynatdı. O da mənim kimi təəccüblənmişdi. Deyəsən, Akif qoluma girdi, məni evə kimi aparmağa çalışırdı: -Gümüşə də, özümüzə də ət almışam. Ürəyimdən kartofla toyuq qızartması keçir. Bişir, hamımız yeyək. Birdən-birə dəyişilməsinin səbəbini soruşmasaydım, ərim olmayacağından şübhələnəcəkdim: -Akif, gün birdən-birə hardan çıxdı? Səhər az qala məni boğurdun, indi başqa cürsən. Akif üzümdən təzədən öpdü: -Boşanıram deyəndə çox utandım. Elə bil ağıllanmışam. Nədir? Narazısan? Cavab vermədim. Aldığı meyvələri yudum, istədiyi yeməyi bişirdim, birlikdə yedik. Gümüşə də yediyimiz toyuqdan verdik. Sözün düzü, Akif öz əlləriylə verdi. Fikirləşirdim ki, gecə evdə qalar, mənə ilk dəfə toxunduğu kimi toxunar, yanılmışdım. Həmişəki bəhanələri eşitdim: -İşim var. Gecə məni gözləmə. – Çıxdı, qapını bağladım, evə girmək üçün Gümüşün boynundakı zənciri açdım, bu gecə də Akifi əvəz elədi, mənimlə birlikdə yataqda uzandı. Tənha, zülmət gecələrimin həmdəmi olmuşdu Gümüş. Sevimli itimin yumşaq tüklərini sığallayar, gələcəyi haqqında düşünərdim. Mənim kimi dişi idi. Hansı itlə həyatını birləşdirəcək, maraqlıydı. Düşüncələrim sizə gülməli gələ bilər. Gümüşümün ömür boyu bir itlə münasibət qurmasını istəyirdim. Tez-tez erkək itlər dəyişməsini arzulamıram. Onun sahibəsiydim, həyatına görə narahat olmağı özümə borc bilirdim. Gümüşü küçəyə buraxanda bir saat fırlanıb evə qayıdardı. Günorta olmuşdu, Gümüş qayıtmamışdı. Narahat olmuşdum. Akifin dünənki dəyişikliyinə bel bağlamırdım, gecə anlamışdım, itin qorxusundan edirdi. Yalnız bircə dostum vardı; mən danışanda dinləyən, ağlayanda üzümü güldürmək üçün yüz oyundan çıxan Gümüşüm vardı. Üstəlik, o bizə gələndən nə döyülürdüm, nə də söyülürdüm. Düşünürdüm, o da atıb getdi məni. Həyətin ortasında ağac kötüyünün üstündə oturub hıçqıraraq ağladım. “Yenə tək qaldım” fikirləşirdim ki, bu zaman əllərimin üstünün islandığını hiss elədim. Gümüş idi, əllərimi, üzümü yalayırdı. Sevindiyimdən onu qucaqlayıb ağladım. Akifi qapının ağzında gördüm. Mənə işarə edirdi ki, itin boynuna zəncirini bağlayım. Bağladım, qapıya yaxınlaşdım: -Gəl. Məndən niyə ağladığımı soruşanda, araq iysi məni vurdu, yenə içmişdi: -Anamgil yadıma düşüb. – Dedim, susdu. Nahar yeməyini vermək üçün mətbəxə keçdim, istəmədi -Toxam, işdə yemişəm. Bir az yatacam. Nə əcəb qonşularla söhbət eləmirsən? Hamısı küçədədir. Düzü, könlümdən keçmişdi: -Düz deyirsən. Onda mən gedirəm. Lazım olsam çağırarsan. – cavabını verdim. -Yaxşı! – Evə keçdi, mən də küçəyə çıxıb qapını örtdüm. Bir saata yaxın qonşularla, Gültac xalayla söhbət edib evə qayıtdım. Gördüyüm mənzərə məni dəhşətə gətirmişdi. Gümüş yerə uzanmışdı, hərəkətsiz idi. Ağzında köpük vardı, Akif başının üstündə əliqanlı dayanmışdı, zəfər qazanmış adamlar kimi duruşu birdən-birə məni qorxutdu. Yerdə xırda tikələrə bölünmüş ətlər gördüm. Səsimi yüksəltdim, sağ yanağıma dəyən yumruq zərbəsindən yerə sərildim, ağrıdan qışqırmağa başladım. Akif qapını arxadan bağladı ki, qonşulardan heç kim köməyimə çatmasın. Şalvarından kəmərini çıxartdı, zərbəsinin ağırlığını hiss etməyim üçün dəmir tərəfiylə məni bir-neçə dəfə vurdu. Bu dəfə Gümüş onun üstünə hürməyə başladı, amma hürüşü zəif idi. Ətə nəysə qatmışdı, yedikdən sonra itdə itlik qalmamışdı. Kəmərlə iti də vurdu. Hirsi soyumadı, kənarda yığılıb qalmış taxta parçalarının birini götürüb Gümüşün başına var gücüylə zərbələr endirdi. Səsim çıxmırdı, çıxarda bilmirdim, eləcə ağlayırdım. Qonşulardan qapını döyənlər oldu, sonra nə oldu bilmədim, qapını döymədilər. Gümüşün də səsi daha çıxmırdı. Huşumu itirmişdim, gözlərim hər yeri bulanıq görürdü. Gümüş səsini kəsəndən sonra Akif bu dəfə taxtayla ayaqlarıma vurdu. Akif içəndə özündən asılı olmurdu, vəhşiləşirdi, şirə-pələngə dönürdü. Yarışa qoşulan adamlar kimi, görsün mənim ayaqlarım tez qırılır, ya taxtası… Onsuz da bir-iki zərbədən sonra heç nə hiss eləmirdim. Ancaq qulaqlarıma it hürüşmələrinin səsi gəldi. Ondan sonra Akif məni vurmağı dayandırdı. Bizim divarın dibləri torpaq idi. Bir-neçə dəfə Gümüşün torpağı eşələyə-eşələyə küçəyə çıxdığının şahidi olmuşdum. Akif əsəbləşməsin deyə hər dəfə də bellə torpağın üstünü hamarlıyırdım. Güclə gözlərimi açdım, əclaf əlindəki taxtanı çoxdan atmışdı. Ayaqlarımı hiss eləmirdim, o qüvvəni hardan tapdım bilmirəm, sürünərək Gümüşə tərəf çatıb boynundakı zəncirini açdım. Uzun müddətdən sonra ilk dəfə Gümüşə yalvarmışdım, gözlərini açsın. Başımızın üstündə qara it dayanmışdı, Gümüşü yalayırdı. İt hürüşlərini eşidirdim. Hürüşmələr gələn istiqamətə başımı güclə çevirdim, gördüyüm mənzərə qarşısında donub qaldım. Akif pilləkanlarla ikinci mərtəbəyəcən qalxmışdı, aşağıda bir-neçə küçə iti yuxarı hürüşürdülər və getdikcə itlərin sayı çoxalırdı. Gümüş kimi küçədən torpağı eşələyib məhləyə girmişdilər. Gümüş qara itin qoxusunu almışdı çox güman, gözlərini açdı. Daha heç nə xatırlamadım. Gözlərimi açanda xəstəxanada, başımın üstündə anamı və bacımı gördüm. İkisi də ağlayırdı. Onları görəndə gözlərim doldu. Məni tək qoymamışdılar. Bütün bədənim ağrıyırdı. Anam başıma sığal çəkirdi. Qarşımdakı insandan gözlədiyim ilk sevgi əlamətiydi başıma sığal çəkilməsi. Anamgillə hal-əhval tutduqdan sonra bacım dedi ki, bəs, qonşu oğlanları hasarı aşıb qapını açıblar. Anamgilin də nömrəsini qaynatamdan istiyiblər. Akifi soruşmaq ağlıma da gəlmirdi. Bacım anamın üzünə baxdı, anam başıyla işarə edəndə, dedi ki, göyərçinlər ikinci mərtəbədə Akifin başı üstündə uçuşublar, o da içkinin təsirindən özünü itirib, ayağı nəyəsə ilişib aşağı düşüb. İtlər hərəsi bir yerdən onu parçalayandan sonra sakitləşiblər. Bacım davam edə bilmədi, yenə anamın üzünə baxdı. Özüm soruşdum: -Ölüb? İkisi də başıyla təsdqilədi. Anam gözünün yaşını silirdi. Tərpənmək istəyəndə ayağımı hiss eləmədim: -Mən niyə ayağımı hiss eləmirəm? – qorxaraq soruşdum. Bacımla anam məni sakitləşdirdi; Sümüyüm ciddi zədələnmişdi. Sağalacaqdım, sadəcə uzun müddət müalicə lazımıydı və səbrli olmalıydım. Həkim də onların dediklərini təkrarlayandan sonra sağlamlığımla bağlı narahatçılığım qalmadı. Gümüş də sağ idi. Yeznəmizin qardaşları onu baytara aparmışdılar, yaralarını həkim sarımışdı. On beş gün həkim nəzarətində qaldıqdan sonra bacımgil evlərinə apardı. Mən də iki ay xəstəxanada yatmalı oldum. Artıq bədbəxt günlərimin üstündən beş il keçib. Mən ikinci dəfə ailə qurdum. Bu dəfə də seçimi özüm eləmişdim, yalnız valideyinlərim razı olandan həyatımızı birləşdirdik. Gümüş də, onu qoruyan qara it də – adını Bozdar çağırırıq, dörd balaca küçükləri də bizimlə birlikdə; mən, yoldaşım və qızımızla yaşayırıq. Hərdən qumrular üçün çox darıxıram. Gizlətməyəcəm, bəzən “kaş Akif yaşayardı”, deyirəm. İllər kinli olmayan insana pis şeyləri tez unutdurur. Akif də, onu az pul qazandığı üçün fürsət düşdükcə təhqir edən anası da başa düşmədilər. Mən onu xoşbəxt etməyə çalışan qadın idim. O, isə başıma adi sığal çəkmək istəyən kişi də olmadı!… Olammadı…