Etiket arxivi: Ötən həftənin mədəni mənzərəsi

Zaur Ustac yazır

ÖTƏN HƏFTƏNİN MƏDƏNİ MƏNZƏRƏSİ
        Salam olsun, çox dəyərli oxucum! Avqustun ilk həftəsi Azərbaycanın mədəni həyatında kitabın, sözün, musiqinin və ədəbiyyatın fəal şəkildə gündəmə gəldiyi bir dövr kimi yadda qaldı. Qəbələ Beynəlxalq Musiqi Festivalının yekunlaşması, qarşıdakı XII Bakı Beynəlxalq Kitab Sərgisinə hazırlıqların gündəmə gəlməsi, müxtəlif ədəbi-mədəni tədbirlər və kitab təqdimatları Azərbaycanın mədəni mənzərəsində söz sənətinin xüsusi çəkisini bir daha göstərdi. XV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış konsertinin keçirilməsi də ötən həftənin mühüm mədəni hadisələrindən biri olub.  Eyni zamanda, 21–27 oktyabr tarixlərində keçiriləcək XII Bakı Beynəlxalq Kitab Sərgisi barədə məlumatın yayılması ölkənin kitab və nəşriyyat həyatında yeni bir mövsümün başlanğıcını xəbər verdi. 
        Son günlər Azərbaycanın mədəni gündəliyinə nəzər saldıqda belə bir mənzərə yaranır: bir tərəfdə musiqi festivalları, digər tərəfdə kitab sərgiləri, təqdimatlar, yubileylər, ədəbi görüşlər və poeziya tədbirləri. Milli Kitabxananın avqustun 2-də Azərbaycan Kinosu Günü ilə bağlı virtual və ənənəvi kitab sərgisi təqdim etməsi, avqustun 1-də Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə sərgi təşkil etməsi də bu mənzərənin mühüm elementlərindəndir. 

“Bəyaz durnalar”ın qanadlarında şəhid xatirəsi
       Avqustun 5-də şair Lalə İsmayılın “Bəyaz durnalar” adlı ilk kitabının təqdimatının keçirilməsi də həftənin ədəbi hadisələri sırasında idi. 

      “Bəyaz durnalar”ın qanadlarında şəhid xatirəsi, ana həsrəti və milli yaddaş
Lalə İsmayılın “Bəyaz durnalar” kitabının təqdimatı ədəbiyyatla şəhid xatirəsinin qovuşduğu mənəvi bir görüş kimi yadda qaldı
Ötən həftənin Azərbaycanın mədəni həyatında diqqət çəkən hadisələrindən biri şair Lalə İsmayılın ilk fərdi şeirlər kitabı – “Bəyaz durnalar”ın təqdimatı oldu. “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbir yalnız yeni bir poetik toplunun oxuculara təqdimatı deyildi. Bu görüş həm də Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid İsmayıl Barat oğlu İsmayılovun doğum gününə həsr edilmiş mənəvi yaddaş mərasimi idi.
      5 avqust 2026-cı il tarixində keçirilən tədbirin mahiyyətində iki mühüm xətt bir-birini tamamlayırdı: söz və xatirə. Bir tərəfdə illər ərzində ürəkdən süzülüb gələn şeirləri ilk dəfə ayrıca kitab şəklində oxucuya təqdim olunan Lalə İsmayıl, digər tərəfdə isə Vətən uğrunda canını fəda etmiş, lakin adı və xatirəsi yaddaşlardan silinməyən qardaş – İsmayıl vardı.
       Bu baxımdan “Bəyaz durnalar”ın təqdimatını sıradan kitab təqdimatı kimi qiymətləndirmək mümkün deyil. Kitabın adı belə özündə bir poetik simvolu yaşadır: durna – həsrətin, yolun, ayrılığın və qayıdış ümidinin obrazıdır; bəyazlıq isə saflığın, sülhün, təmizliyin, işıqlı arzuların rəmzidir. Bu iki məna birləşəndə kitabın poetik dünyası haqqında ilkin təsəvvür yaranır.
       Tədbirdə çıxış edən “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, “Kəlağayı Ev Muzeyi”nin direktoru Güllü Eldar Tomarlı “Bəyaz durnalar”ı yalnız şeirlər toplusu deyil, şəhidlərimizin müqəddəs xatirəsinə ucaldılmış mənəvi abidə kimi səciyyələndirdi.
Bu fikir kitabın ideya mahiyyətini anlamaq baxımından xüsusilə əhəmiyyətlidir. Çünki burada poeziya şəxsi duyğuların ifadəsi olmaqdan çıxaraq ictimai yaddaşın daşıyıcısına çevrilir. Şairin şəxsi kədəri milli ağrı ilə qovuşur, ailə faciəsi Vətən tarixinin bir parçasına çevrilir.
        Lalə İsmayılın ilk kitabının Zəngilan uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuş yeddi polis əməkdaşının əziz xatirəsinə ithaf edilməsi də təsadüfi deyil. Həmin qəhrəmanlardan birinin müəllifin qardaşı, Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid İsmayıl Barat oğlu İsmayılov olması “Bəyaz durnalar”ın poetik yükünü daha da ağırlaşdırır.
       Belə kitablar yalnız oxunmur. Onların hər səhifəsində bir ailənin yaşadığı ağrını, bir nəslin yaddaşını, bir xalqın itkilərini görmək mümkündür.
       “Bəyaz durnalar”ın təqdimatı ilə bağlı Vaqif Osmanlının qələmə aldığı “Dünyanı durna bəyazlığına döndərənlərin amacı” adlı yazı da kitabın poetik və mənəvi mahiyyətinə işıq salan mühüm mətnlərdəndir.
      Vaqif Osmanlı 5 avqust tarixini “müqəddəs bir gün” kimi dəyərləndirərək yazır:
“Bu gün Zəngilanın yeddi məzarsız şəhidlərindən bir İsmayıl Barat oğlu İsmayılovun doğum günü, həm də şəhid İsmayılın bacısı Lalə İsmayılın ilk kitabı “Bəyaz durnalar”ın oxucuları ilə görüşü ilə yadda qaldı.”
Bu cümlə təqdimatın mahiyyətini çox dəqiq ifadə edir. Burada doğum günü ilə kitab təqdimatı arasında zahiri bir paralellikdən söhbət getmir. Əksinə, bir şəhidin doğum günü onun bacısının yaradıcılıq yolunun başlanğıcı ilə yaddaşın yeni mərhələsinə çevrilir.
İsmayılın həyatı yarımçıq qalıb. Onun məzarı yoxdur. Amma bacısının sözləri onun xatirəsinə bir məzar, bir abidə, bir yaddaş məkanı yaradır. Bəlkə də poeziyanın ən böyük missiyalarından biri elə budur: unudulmağa məhkum olanı sözlə əbədiləşdirmək.
      Vaqif Osmanlı Lalə İsmayılın yaradıcılığı haqqında yazarkən onun özünəməxsus poetik dəst-xəttini xüsusi vurğulayır:
“Lalə xanımın öz dəst-xətti var. Könül duyğularından ibarət yaradıcılıq yolunda milli kökə və milli mənəvi dəyərlərə bağlılıq ana xəttdir.”
Bu qənaət “Bəyaz durnalar”ın poetik məzmununa yanaşmaq üçün əsas açarlardan biridir. Lalə İsmayılın şeirlərində şəxsi hisslər milli-mənəvi düşüncə ilə birləşir. Şair üçün sevgi yalnız iki insan arasındakı münasibət deyil, Vətənə, doğma yurda, ailəyə, qardaşa, ana dilinə və milli dəyərlərə bağlılıqdır.
Onun şeirlərində qadın obrazı da yalnız zəriflik və kövrəkliklə məhdudlaşmır. Bu qadın həm sevən, həm ağlayan, həm həsrət çəkən, həm də haqq uğrunda mübarizə aparan mənəvi qüvvədir.
       Ötən həftənin mədəni mənzərəsinə nəzər salarkən “Bəyaz durnalar”ın təqdimatını yalnız bir kitabın işıq üzü görməsi faktı kimi qeyd etmək kifayət deyil.     Bu hadisənin daha dərin mənası var.  Bu təqdimat göstərdi ki, ədəbiyyat yaddaşdır.
Ədəbiyyat bəzən məzarsız şəhidin məzarı, danışa bilməyən insanın səsi, illərdir qapısında yol gözləyən ananın ümidi, qardaş həsrəti ilə yaşayan bacının ürək sözüdür.
       Bəlkə də “Bəyaz durnalar”ın əsas poetik mesajı elə budur: dünyanı müharibələrin bozluğundan, ayrılıqların qaranlığından, haqsızlığın sərtliyindən çıxarıb sülhün, təmizliyin və insanlıq duyğusunun bəyazlığına qovuşdurmaq.
      Durnalar uçur…  Göylərdə onların bəyaz qanadları görünür.  Yerdə isə bir kitab açılır.  Həmin kitabın səhifələrindən şəhid xatirəsi, ana həsrəti, bacı sevgisi, Vətən duyğusu və insanın əbədi sülh arzusu boylanır.
“Bəyaz durnalar” məhz bu mənəvi mənzərənin poetik adıdır.

Durnaların gətirdiyi “payız ətri”

     Belə bir ardıcıllıq fonunda Solmaz Qəribelin yeni kitabının təqdim olunması sanki öz axarında təbii bir prosesin nəticəsi kimi yadda qaldı. Durnalar payızı, payız isə “Payız ətirli qadın”ı gətirdi.  “Payız ətirli qadın” isə öz növbəsinə Bakı ədəbi mühitinə rus dilində yeni poetik nəfəs qatdı.
       Belə bir mədəni atmosferdə 8 avqust 2026-cı ildə Bakıda həkim-şair Solmaz Qəribelin rus və azərbaycan dilli “Женщина с ароматом осени” / “Payız ətirli qadın” şeirlər  kitabının təqdimatının keçirilməsi xüsusi maraq doğuran ədəbi hadisə kimi diqqəti cəlb edir. Kitabın redaktoru Rəfael Tağızadə, tərcüməçisi (Azərbaycan dilindən Rus dilinə) isə Təranə Məmməddir.
      Bu təqdimat yalnız yeni kitabın oxucuya təqdim edilməsi deyil, eyni zamanda Azərbaycan poeziyasının başqa bir dilin imkanları ilə yenidən səsləndirilməsi baxımından da əhəmiyyətlidir. Çünki poeziyanı bir dildən digərinə köçürmək sadəcə sözlərin tərcüməsi deyil. Şeirin ruhunu, ritmini, obrazını, emosional yükünü və müəllifin daxili səsini qorumaq tərcüməçinin qarşısında duran ən çətin və məsuliyyətli vəzifələrdəndir.
     Solmaz Qəribelin təqdim olunan kitabında yer alan “Payız ətirli qadın” şeiri bu poetik dünyanın xarakterik nümunələrindən biri kimi diqqət çəkir. Şeirin elə ilk misralarından payız yalnız təbiət hadisəsi kimi deyil, insan taleyinin, zamanın və qadın ömrünün metaforası kimi meydana çıxır:
“Payız ətirli qadın,

Gözlərinin rəngi nə?

Solğun naxışlar düşüb,

Gözlərinin rənginə.”
Burada şairin yaratdığı “payız qoxusu” adi bir təbiət obrazı deyil. Payız — ömrün müəyyən mərhələsi, yaşanmış illərin yaddaşı, solan xatirələr və insanın daxili dünyasında yığılan səssiz kədərdir. “Gözlərinin rəngi” sualı isə əslində zahiri görünüşdən daha çox, həmin qadının daxilində baş verən dəyişikliklərlə bağlıdır.
       Şeirdə payızla qadın obrazı arasında maraqlı paralel qurulur. Payızın saralan yarpaqları necə ki, zamanın keçdiyini göstərir, qadının alnındakı qırışlar da həyatın yaddaşını daşıyır:
“Payız ətirli qadın,

Aynaya yaxın gəlmə…

Alnındakı qırışlar,

Oxunur ilmə-ilmə…”
Bu bənddə “ayna” sadəcə məişət əşyası deyil, insanın öz həqiqəti ilə üz-üzə gəldiyi simvolik məkandır. Şair qadına “Aynaya yaxın gəlmə…” deyərkən əslində ona yaşadığı ömrün izlərini çox sərt şəkildə görməməyi arzulayır. “İlmə-ilmə” ifadəsi isə qırışları bir növ taleyin toxuduğu naxışlara çevirir.    Əslində yaxşı poeziyanın gücü də məhz bundadır: şair hər şeyi demir, oxucuya duymaq və düşünmək üçün məkan saxlayır.
     Şeirdəki “qadın” həm konkret insandır, həm də ümumiləşdirilmiş qadın obrazıdır. O, sevmiş, gözləmiş, itirmiş, yorulmuş, amma yenə də həyatın içində dayanmış qadındır.  Və bütün bu duyğular yenidən həmin poetik obrazın adına qayıdır:
“Payız ətirli  qadın…”
Beləcə, şeirin başlanğıcında təqdim olunan obraz sonda daha geniş məna qazanır. O, sadəcə payız qoxuyan qadın deyil; ömrünün payızını yaşayan, lakin içində hələ də bahar ehtimalı daşıyan qadındır.
     Solmaz Qəribelin yeni kitabının rus dilində təqdim olunması ayrıca əhəmiyyət daşıyır. Azərbaycan poeziyasının rusdilli oxucuya çatdırılması ədəbi əlaqələr baxımından mühüm prosesdir. Bu prosesdə redaktorun və tərcüməçinin rolu xüsusi vurğulanmalıdır.
      Rəfael Tağızadənin redaktorluğu və Təranə Məmmədin tərcümə işi kitabın yeni dil mühitində formalaşmasında mühüm mərhələdir. Poeziya tərcüməsində əsas məsələ yalnız “nə deyilir?” sualına cavab tapmaq deyil, həm də “necə deyilir?” sualını qorumaqdır. Çünki şeir bəzən bir sözün yaratdığı assosiasiya, bir pauzanın doğurduğu hiss, yaxud bir misranın ritmi ilə yaşayır.
      Bu baxımdan kitabın rus dilində təqdim olunması Solmaz Qəribelin yaradıcılığının yeni oxucu çevrəsinə çıxarılması kimi dəyərləndirilə bilər. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik.
  08.08.2026. Bakı.

Müəllif: Zaur USTAC

AVMVİB, AJB və AYB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir, naşir

SƏYYAD ƏHMƏDLİ (GÖYÇƏLİ)NİN YAZILARI

Zaur Ustacın “Buta”sı

GÜNAY ƏLİYEVA – “NƏRGİZ”

Zaur Ustacın “Buta”sı barədə

GÜNAY XANIMIN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Ustac yazır

Ötən həftənin mədəni mənzərəsi
(Yeni nəşr olunmuş üç kitab haqqında)
    
      Salam olsun, dəyərli çox dəyərli oxucum! Bəzən bir kitabın nəşri adi ədəbi hadisə çərçivəsini aşaraq bütöv bir mədəni prosesə çevrilir. Xüsusilə söhbət türk dünyasının ortaq tarixi, milli kimliyi və dövlətçilik yaddaşı haqqında yazılmış əsərlərdən gedəndə həmin nəşrlər təkcə müəllif uğuru deyil, həm də mədəni inteqrasiyanın, elmi əməkdaşlığın və mənəvi yaxınlaşmanın göstəricisi kimi dəyərləndirilir.

Türkün söz dəryasında Yunus Oğuz fırtınası:
Ötən həftənin diqqətçəkən mədəniyyət hadisələrindən biri də Azərbaycanın tanınmış tarixçi alimi və yazıçısı Yunus Oğuzun iki mühüm əsərinin qardaş Türkiyədə nəşr olunmasıdır. Bilgə Tonyukuk Yayınları tərəfindən türk dilində işıq üzü görən “Türk Etnonimi ve Töreleri” adlı elmi araşdırma və “Səfəvi Şeyxi” tarixi romanı yalnız yeni kitabların çapı deyil, həm də Azərbaycan elmi və ədəbiyyatının Türkiyə oxucusuna təqdim edilməsinin əlamətdar nümunəsidir.
      Bu hadisə Azərbaycan və Türkiyə arasında illərdir mövcud olan mədəni körpünün daha da möhkəmlənməsinə xidmət edir. Eyni kökdən gələn, ortaq tarix və mədəni irs paylaşan iki qardaş xalq üçün belə nəşrlər qarşılıqlı tanınmanın, elmi dialoqun və ədəbi əlaqələrin inkişafında mühüm rol oynayır.
     Yunus Oğuz uzun illərdir ki, türk tarixinin müxtəlif dövrlərini araşdıran, bu istiqamətdə sanballı elmi-publisistik əsərlər ortaya qoyan müəlliflərdən biridir. Onun Türkiyədə nəşr olunan “Türk Etnonimi ve Töreleri” kitabı da məhz bu baxımdan diqqəti cəlb edir.
      Kitabda müəllif türk etnoniminin yaranması, türk xalqının formalaşması, qədim dövlətçilik ənənələri, töre sistemi və milli kimliyin təşəkkülü məsələlərini geniş mənbələr əsasında araşdırır. Əsərdə türklərin mənşəyi ilə bağlı müxtəlif nəzəriyyələr müqayisəli şəkildə təqdim edilir, uzun illər siyasi amillərin təsiri altında formalaşmış bəzi yanaşmalar yenidən nəzərdən keçirilir.
     Müəllif xüsusilə XIX əsrdən başlayaraq geniş yayılmış və türklərin ilkin vətənini yalnız Orta Asiya ilə məhdudlaşdıran baxışlara fərqli münasibət sərgiləyir. O göstərir ki, tarixi hadisələrin qiymətləndirilməsində yalnız siyasi ideologiyanın deyil, arxeoloji, etnoqrafik, dilçilik və yazılı mənbələrin də kompleks şəkildə öyrənilməsi vacibdir.
       Bu yanaşma oxucunu hazır qənaətləri qəbul etməyə deyil, tarixi faktları müqayisə edərək düşünməyə sövq edir. Elmi polemika mühiti yaradan belə əsərlər tarixşünaslığın inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
  Töre (törə) – türk dövlətçiliyinin mənəvi dayağı
Kitabın əsas üstünlüklərindən biri də “töre” anlayışına xüsusi yer ayırmasıdır. Müəllif göstərir ki, türk dövlətçilik ənənəsinin əsasında yalnız hərbi güc deyil, həm də hüquq, ədalət, mənəviyyat və ictimai nizam dayanır.
     Əsərdə qədim türk toplumlarında törenin insanların gündəlik həyatını, dövlət idarəçiliyini və ictimai münasibətləri tənzimləyən əsas prinsiplərdən biri olduğu müxtəlif tarixi faktlarla əsaslandırılır.
      Bu baxımdan kitab yalnız tarixçilər üçün deyil, türk siyasi düşüncəsinin inkişafını öyrənən tədqiqatçılar, tələbələr və geniş oxucu auditoriyası üçün də dəyərli mənbə hesab oluna bilər.
      Ötən həftənin digər mühüm mədəniyyət hadisəsi Yunus Oğuzun “Səfəvi Şeyxi” tarixi romanının Türkiyədə nəşr edilməsidir.
Yazıçının uzun illər tarixi roman janrında yaratdığı əsərlər Azərbaycan oxucusu tərəfindən böyük maraqla qarşılanıb. Onun əsərlərində tarixi faktlarla bədii təxəyyül bir-birini tamamlayır, keçmiş hadisələr canlı insan taleləri fonunda təqdim edilir.
      “Səfəvi Şeyxi” romanı isə Səfəvilər dövlətinin yaranmasına aparan mürəkkəb ictimai-siyasi prosesləri, mənəvi mühiti və ideoloji əsasları bədii dillə canlandırır.
       Romanın əsas uğurlarından biri tarixi şəxsiyyətləri yalnız siyasi fiqurlar kimi deyil, dövrün mənəvi yükünü daşıyan insanlar kimi təqdim etməsidir. Oxucu burada dövlətçilik ideyasının necə formalaşdığını, milli birliyin hansı çətinliklər hesabına yarandığını hiss edə bilir.
     “Səfəvi Şeyxi”nin Türkiyədə nəşri Azərbaycan tarixinin mühüm mərhələlərinin daha geniş oxucu auditoriyasına çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
       Səfəvilər dövləti yalnız Azərbaycanın deyil, bütövlükdə türk və Yaxın Şərq tarixinin ən mühüm dövlətlərindən biri hesab olunur. Bu dövlətin yaranması, inkişafı və regionun siyasi xəritəsində oynadığı rol bu gün də tarixçilərin diqqət mərkəzindədir.
       Belə bir mövzunun Türkiyə oxucusuna bədii roman vasitəsilə təqdim olunması ortaq tarixi yaddaşın zənginləşməsinə xidmət edir.
      Yunus Oğuz yaradıcılığının əsas xüsusiyyətlərindən biri tarixçi alim təfəkkürü ilə yazıçı təxəyyülünün uğurlu sintezidir.
Onun elmi araşdırmalarında faktların dəqiqliyi ön plana çıxırsa, tarixi romanlarında həmin faktlar bədii obrazlar vasitəsilə yeni həyat qazanır.
Bu xüsusiyyət müəllifin əsərlərini həm elmi ictimaiyyət, həm də bədii ədəbiyyat sevərlər üçün maraqlı edir.
     Məhz buna görə də onun əsərləri indiyədək müxtəlif ölkələrdə nəşr olunmuş, müxtəlif dillərə çevrilmiş və geniş oxucu auditoriyasının diqqətini cəlb etmişdir.
     Son illərdə Azərbaycan və Türkiyə arasında kitab mübadiləsi, qarşılıqlı nəşrlər, ortaq layihələr və beynəlxalq kitab sərgilərində əməkdaşlıq yeni mərhələyə qədəm qoyub.
      Yunus Oğuzun əsərlərinin Bilgə Tonyukuk Yayınları tərəfindən nəşr edilməsi də bu prosesin uğurlu davamıdır.
      Bu nəşrlər göstərir ki, Azərbaycan müəlliflərinin yaratdığı elmi və bədii irs artıq yalnız ölkə daxilində deyil, bütün türk dünyasında maraq doğurur.
      Ədəbiyyat xalqları bir-birinə yaxınlaşdıran ən güclü vasitələrdən biridir. Tarix isə həmin yaxınlığın ortaq yaddaşıdır. Yunus Oğuzun Türkiyədə nəşr olunan hər iki kitabı məhz bu iki mühüm istiqaməti bir araya gətirərək oxuculara həm bilik, həm də milli düşüncə qazandırır.
      Bu iki kitabın eyni vaxtda Türkiyədə nəşr olunması təsadüfi hadisə deyil. Bir tərəfdən elmi araşdırma, digər tərəfdən tarixi roman oxuculara türk dünyasının keçmişini iki fərqli rakursdan təqdim edir.
      Biri tarixin elmi izahını verir, digəri həmin tarixi bədii obrazlarla yaşadır.
      Belə nəşrlər ortaq milli yaddaşın qorunmasına, tarixi həqiqətlərin daha geniş auditoriyaya çatdırılmasına və türk dünyasının mənəvi birliyinin möhkəmlənməsinə xidmət edir.
       Bu baxımdan ötən həftə Yunus Oğuzun “Türk Etnonimi ve Töreleri” və “Səfəvi Şeyxi” kitablarının Türkiyədə işıq üzü görməsi yalnız müəllifin yaradıcılıq uğuru deyil, həm də Azərbaycan ədəbiyyatı, tarixşünaslığı və mədəniyyətinin beynəlxalq nüfuzunu artıran mühüm hadisə kimi qiymətləndirilməlidir.
       Bu hadisə bir daha sübut edir ki, tarixini araşdıran, ədəbiyyatı ilə onu yaşadan xalqlar gələcəyini daha möhkəm qurur. Yunus Oğuzun Türkiyədə nəşr olunan bu iki əsəri də məhz həmin məqsədə – ortaq türk tarixinin, mədəniyyətinin və mənəvi dəyərlərinin gələcək nəsillərə çatdırılmasına xidmət edən qiymətli nəşrlər sırasında öz layiqli yerini tutur.
     Haqqında söhbət açacağımız üçüncü kitab:
Azərbaycanın ədəbi-mədəni həyatında ötən həftə diqqət çəkən hadisələrdən biri də tanınmış şair Murad Eloğlunun yeni çapdan çıxmış “39” adlı şeirlər kitabının oxuculara təqdim olunması oldu. Müasir Azərbaycan poeziyasında özünəməxsus dəst-xətti ilə seçilən müəllifin bu yeni kitabı yalnız növbəti şeir toplusu deyil, həm də bir ömrün poetik hesabatı, insan taleyinin, ailə dəyərlərinin, Vətən sevgisinin və mənəvi dünyasının bədii ifadəsi kimi diqqəti cəlb edir.
     “Ustac.az” nəşrləri tərəfindən yüksək poliqrafik səviyyədə çap olunan kitab “Yazarlar” jurnalının Yaradıcılıq Komissiyasının qərarı ilə işıq üzü görmüş, “Qarabağ yazarları” seriyasının növbəti sanballı nəşrlərindən biri kimi ədəbi ictimaiyyətə təqdim edilmişdir. Nəşrin ön sözünün müəllifi Zaur Ustac (bəndəniz), redaktoru Həcər Atakişiyeva, naşiri isə Tuncay Şəhrilidir. Xüsusi vurğulanmalı məqamlardan biri də kitabın kommersiya məqsədi güdmədən, xeyriyyə prinsipi əsasında nəşr edilməsidir. Bu amil onun təkcə ədəbi deyil, həm də mənəvi missiyasını ön plana çıxarır.
     Ədəbiyyatda bəzən əsərin adı onun mahiyyətini açan ilk açar olur. “39” adı da ilk baxışdan sadə təsir bağışlasa da, kitabın səhifələri vərəqləndikcə məlum olur ki, bu rəqəm müəllif ömrünün müəyyən mərhələsinin poetik rəmzidir. Topluda yer alan otuz doqquz şeir bir insanın keçdiyi həyat yolunun müxtəlif dayanacaqlarını əks etdirir. Burada uşaqlıq xatirələri də var, valideyn sevgisi də, həyatın acıları da, sevginin incə duyğuları da, Vətənə bağlılıq da.
     Murad Eloğlu müasir poeziyada səmimiyyətə söykənən yaradıcılıq xəttini davam etdirən şairlərdəndir. Onun şeirlərində mürəkkəb poetik konstruksiyalar və süni metaforalar deyil, yaşanmış hisslərin təbiiliyi diqqəti cəlb edir. Oxucu müəllifin misralarında bəzədilmiş həyat deyil, yaşanılmış ömrün izlərini görür. Bu xüsusiyyət isə poeziyanın ən böyük estetik keyfiyyətlərindən biridir.
        Kitabın aparıcı mövzularından biri ailə dəyərləridir. Xüsusilə ata obrazı müəllif yaradıcılığında olduqca təsirli şəkildə təqdim olunur. “Atamdan ötəri darıxıram mən”, “Ata”, “Biz səni saxlaya bilmirik ata”, “Çox görmə atamı dünya”, “Atalar yatağa düşməsin Allah” kimi şeirlər müəllifin şəxsi hisslərini ifadə etməklə yanaşı, Azərbaycan ailə modelinin mənəvi dayaqlarını da poetik dillə canlandırır. Bu şeirlərdə ata təkcə ailə başçısı deyil, bütöv bir mənəviyyat məktəbi kimi təqdim olunur.
     Ana mövzusu da kitabın emosional yükünü artıran əsas istiqamətlərdəndir. “Həqiqət anamın sözündə imiş”, “Tək səni vəsf edə bilmədim ana”, “Qadın” kimi şeirlərdə ana obrazı müqəddəsliyin, mərhəmətin, şəfqətin və mənəvi saflığın simvoluna çevrilir. Müəllif anaya yalnız övlad məhəbbəti ilə deyil, milli-mənəvi dəyərlərin daşıyıcısı kimi yanaşır.
     Topluda Vətən sevgisi xüsusi yer tutur. Azərbaycanın müasir tarixi, qəhrəmanlıq salnaməsi və şəhidlik zirvəsi müəllifin yaradıcılığında yüksək vətəndaş məsuliyyəti ilə təqdim edilir. “Paradına qurban olum ey əsgər”, “Ürəyimi göynədər”, “Getmişdim Şəhidlər xiyabanına”, “Bayram qabağı” kimi şeirlərdə müəllif pafosdan uzaq, səmimi duyğularla Vətənə məhəbbətini ifadə edir. Burada Vətən anlayışı coğrafi məkan deyil, milli kimlik, müqəddəs amal və mənəvi borc kimi təqdim edilir.
     Murad Eloğlunun sevgi lirikası da kitabın maraqlı istiqamətlərindəndir. Onun sevgi şeirlərində romantika həyatın reallığı ilə vəhdət təşkil edir. “Tək sənin xətrinə”, “Gözəllər gözümə baxanda sən gəl”, “Peşman olarsan”, “Sənin öz yolun var, mənim öz yolum”, “Özümü odlara sala bilmərəm” kimi nümunələrdə sevgi yalnız hiss deyil, insanın mənəvi kamilləşmə yolunun ayrılmaz hissəsi kimi təqdim olunur.
       Müəllif müasir cəmiyyətin sosial problemlərinə də biganə qalmır. “Ey pul”, “Məndə sənin günündəyəm”, “Çətin”, “Mən sənə nə nağıl danışım bala?” kimi şeirlərdə maddi sıxıntılar, sosial bərabərsizlik, insan münasibətlərində baş verən dəyişikliklər poetik ümumiləşdirmə səviyyəsində təqdim olunur. Şair burada oxucuya hökm vermir, onu düşünməyə sövq edir. Həyat həqiqətlərini poetik dillə ifadə etməklə vicdanla üz-üzə qalmağın vacibliyini xatırladır.
     Kitabın mühüm ideya istiqamətlərindən biri də ana dilinə sevgidir. “Öz dilim” və “Ana dilim qəribsəmə” şeirlərində müəllif milli kimliyin əsas sütunlarından biri kimi Azərbaycan dilinin qorunmasının vacibliyini vurğulayır. Xarici dillərin öyrənilməsini zəruri hesab etsə də, ana dilinin unudulmasını mənəvi itki kimi qiymətləndirir. Bu mövqe şairin vətəndaş məsuliyyətini və milli düşüncəsini əks etdirir.
       Murad Eloğlunun poetik dili sadə, axıcı və xalq ruhuna yaxındır. Onun şeirlərində klassik qoşma və gəraylı ənənələri müasir poetik düşüncə ilə uğurla sintez olunur. Qafiyə, ritm və ahəng təbii şəkildə qorunur. Xalq deyimləri, atalar sözləri, danışıq dilinin canlı elementləri müəllif üslubuna xüsusi rəng qatır və şeirləri geniş oxucu auditoriyası üçün daha doğma edir.
     Topluda diqqət çəkən bədii xüsusiyyətlərdən biri də müəllifin tez-tez “Muradam…” müraciəti ilə özünə üz tutmasıdır. Bu bədii priyom daxili monoloqu gücləndirir, müəlliflə oxucu arasında səmimi emosional körpü yaradır. Oxucu sanki şairin daxili aləminə daxil olur və onun düşüncələrinin canlı iştirakçısına çevrilir.
    “39” kitabının ən mühüm cəhətlərindən biri müəllifin şəxsi yaşantıları ümumbəşəri məna səviyyəsinə yüksəldə bilməsidir. Burada fərdi kədər ümummilli hissə, ailə sevgisi mənəvi məktəbə, şəxsi həsrət isə insan taleyinin ümumi fəlsəfəsinə çevrilir. Elə bu xüsusiyyət də kitabı sadəcə avtobioqrafik şeirlər toplusu olmaqdan çıxararaq müasir Azərbaycan poeziyasının diqqətəlayiq nümunələrindən birinə çevirir.
     Nəşrin yüksək tərtibatı ayrıca qeyd edilməlidir. Kitabın estetik üz qabığı, keyfiyyətli poliqrafiyası, peşəkar redaktəsi və nəfis dizaynı “Ustac.az” nəşrlərinin Azərbaycan kitab mədəniyyətinə verdiyi növbəti uğurlu töhfə kimi dəyərləndirilə bilər.
     Murad Eloğlunun yaradıcılığı artıq müasir Azərbaycan ədəbi mühitində formalaşmış poetik məktəblərdən biri kimi qəbul edilir. Müəllifin müxtəlif ədəbi mükafatlara, o cümlədən “İlin şairi” və “Ziyadar” mükafatlarına layiq görülməsi, “Yazarlar Akademiyası” çərçivəsində formalaşan yaradıcılığı onun poeziyasının təsadüfi uğur deyil, uzun illərin zəhməti və sənət axtarışlarının nəticəsi olduğunu göstərir.
     Bu baxımdan “39” kitabının nəşri təkcə müəllifin yaradıcılıq bioqrafiyasının yeni səhifəsi deyil, bütövlükdə Azərbaycan poeziyasının son dövr uğurlarından biri kimi qiymətləndirilə bilər. Belə kitablar milli poeziyanın canlı nəfəsini qoruyur, oxucunu öz mənəvi köklərinə bağlayır və söz sənətinin yaşamaq gücünü bir daha nümayiş etdirir.
     Ötən həftənin mədəni mənzərəsinə nəzər salarkən demək olar ki, “39” kitabının işıq üzü görməsi ədəbi ictimaiyyət  üçün əlamətdar hadisələrdən biri oldu. Çünki bu nəşr yalnız yeni bir kitabın təqdimatı deyil, insan ömrünün poetik salnaməsi, ata və ana sevgisinin bədii dastanı, Vətənə sədaqətin etirafı, sevginin, həsrətin, ümidin və həyat mübarizəsinin səmimi ifadəsidir.
     Şübhə yoxdur ki, Murad Eloğlunun “39” adlı şeirlər kitabı müasir Azərbaycan poeziyasının oxunmağa, təhlil olunmağa və gələcək nəsillərə çatdırılmağa layiq olan dəyərli poetik nəşrləri sırasında özünəməxsus yer tutacaqdır. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik.

07.07.2026. Bakı.

Müəllif: Zaur USTAC

AVMVİB, AJB və AYB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir, naşir

Zaur Ustacın “Buta”sı

Zaur Ustacın “Buta”sı haqqında

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Ustac yazır

Ötən həftənin mədəni mənzərəsi
    Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizi ötən həftə ərzində baş vermiş iki mühüm mədəni hadisə üzərində qurmağa çalışacağam. Onlardan birincisi Azərbaycan hərb tarixinin ən hünərli oğullarından biri, Şah İsmayıldan bizə miras qalan qılınc və qələmi qoşa qanad kimi daşımaq ənənəsinə bütün ömrü boyu sadiq qalmış polkovnik rütbəli şair Ramiz Duyğun irsi, ikincisi isə Azərbaycan mədəniyyətinin canlı yaddaşı Maqsud İbrahimbəyovun qəhrəmanları, Rüstəm İbrahimbəyovun ideyaları və bütövlükdə İbrahimbəyovlar irsi haqqında olacaq:
-Azərbaycan hərb tarixinin hünərli şair oğlu
    Hər xalqın tarixində elə şəxsiyyətlər olur ki, onların ömür yolu bir neçə peşənin, bir neçə missiyanın və bir neçə taleyin qovşağında formalaşır. Belə insanların fəaliyyəti təkcə yaşadıqları dövrün deyil, gələcək nəsillərin də mənəvi yaddaşına çevrilir. Ötən həftə Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında keçirilən anım və kitab təqdimatı mərasimi məhz belə bir şəxsiyyətin – görkəmli şair, tərcüməçi, ssenarist, həkim, ictimai xadim, polkovnik Ramiz Duyğunun xatirəsinə həsr olunmuşdu.
     “Duyğunlu duyğular” kitabının təqdimatı ilə müşayiət olunan tədbir sadəcə bir anım mərasimi deyil, həm də Azərbaycan hərb və ədəbiyyat tarixində özünəməxsus iz qoymuş bir insanın həyat yoluna nəzər salmaq imkanı yaratdı. Tədbir iştirakçılarının çıxışları göstərdi ki, Ramiz Duyğunun adı təkcə poeziya ilə deyil, həm də vətənə xidmət, insanlıq və mənəvi məsuliyyət anlayışları ilə sıx bağlıdır.
      Mərasim şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Bu sükut əslində bir ömrün, bir xidmət yolunun və bir nəslin yaddaşının ehtiramla xatırlanması idi. Sonrakı çıxışlar isə Ramiz Duyğunun çoxşaxəli fəaliyyətinin müxtəlif istiqamətlərini işıqlandırdı.
     Kitabın tərtibçisi, tanınmış jurnalist, şair-publisist və Qarabağ müharibəsi veteranı polkovnik Mahir Cavadlı mərhum şairin həyat yolundan bəhs edərək onun Azərbaycan Televiziyasında yayımlanan “Hünər” verilişində gördüyü mühüm işləri xüsusi vurğuladı. Həmin illərdə minlərlə azərbaycanlının taleyinə işıq salan bu fəaliyyət İkinci Dünya müharibəsində itkin düşmüş soydaşlarımızın məzarlarının tapılması istiqamətində əsl vətəndaşlıq nümunəsi idi. Ramiz Duyğun yalnız qələmi ilə deyil, gördüyü əməli işlərlə də yadda qalmışdı.
     Onun müstəqillik dövründə müxtəlif güc strukturlarında mətbuat xidmətlərinə rəhbərlik etməsi, “Xalq Ordusu” və “Sərhəd” qəzetlərinin baş redaktoru kimi fəaliyyəti dövlətçilik və hərbçilik ənənələrinin təbliğində mühüm rol oynayıb. O, hərbi jurnalistikanın inkişafına xidmət edən, vətənpərvərlik ruhunu söz vasitəsilə cəmiyyətə çatdıran ziyalılardan biri idi.
     Veteranlar Təşkilatının sədri polkovnik Cəlil Xəlilovun çıxışında səsləndirdiyi fikirlər Ramiz Duyğunun hərbçi nüfuzunu bir daha nümayiş etdirdi. Yeni formalaşan milli Sərhəd Qoşunlarında xidmət etdiyi illərdə o, peşəkarlığı, prinsipiallığı və yüksək mənəvi keyfiyyətləri ilə həmkarlarının rəğbətini qazanmışdı. Çətin və mürəkkəb dövrlərdə onun nümayiş etdirdiyi mövqe əsl zabit məsuliyyətinin nümunəsi kimi xatırlanır.
      Mərhum şairlə uzun illər dostluq etmiş AMEA-nın müxbir üzvü, professor Südeyf İmamverdiyev isə onun şəxsiyyətinin fərqli tərəflərini diqqətə çatdırdı. Həkim kimi insanlara şəfa verən, şair kimi milli ruhu yaşadan, ictimai xadim kimi cəmiyyətə xidmət edən Ramiz Duyğun öz fəaliyyətində vətəndaşlıq mövqeyini hər zaman ön planda saxlayıb. Onun yaradıcılığı milli kimliyin, vətən sevgisinin və mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.
     Tədbirdə təqdim olunan “Duyğunlu duyğular” kitabı da məhz bu zəngin irsin qorunmasına xidmət edir. Kitabda toplanmış məqalələr, şeirlər, xatirələr və düşüncələr bir insanın həyat salnaməsindən daha çox, bütöv bir dövrün mənəvi mənzərəsini əks etdirir. Oxucu burada yalnız şair Ramiz Duyğunu deyil, həm də zabit Ramiz Məlikovu, vətəndaş Ramiz Duyğunu və insan Ramiz müəllimi tanıyır.
     Çıxış edənlərdən Ramiz İsgəndərli, Elşad Qoca, Ellada Umudlu, Sucəddin Abdullayev, Füzuli Kərimov, Mehman Süleymanov, Üzeyir Cəfərov, Salam Cavadlı, Mustafa Əliyev və Mahir Əbilovun xatirələri bir daha göstərdi ki, Ramiz Duyğun müxtəlif nəsillərin yaddaşında eyni dərəcədə hörmətlə yaşayan şəxsiyyətlərdəndir. Onun haqqında danışan hər kəs ilk növbədə insanlığını, dostluğunu, vətən sevgisini və qayğıkeşliyini önə çəkirdi.
     Tədbirin ən təsirli məqamlarından biri Akademik Milli Dram Teatrının xalq artisti Məleykə Əsədovanın çıxışı və Ramiz Duyğunun vətənpərvərlik ruhlu şeirlərini səsləndirməsi oldu. Poeziya ilə xatirənin qovuşduğu həmin anlarda zalda toplaşanlar sanki bir daha şairin mənəvi dünyasına səyahət etdilər.
      Mədəniyyət hadisələrinin çoxaldığı bir dövrdə belə tədbirlər xüsusi əhəmiyyət daşıyır. Çünki onlar yalnız bir insanın xatirəsini yaşatmır, həm də cəmiyyətin yaddaşını möhkəmləndirir. Tarixini unutmayan xalq gələcəyini daha inamla qurur. Ramiz Duyğun kimi şəxsiyyətlərin ömür yolu isə bu yaddaşın canlı səhifələridir.
       Ötən həftənin mədəni mənzərəsində diqqət çəkən bu tədbir bir daha sübut etdi ki, Azərbaycan xalqı öz söz adamlarını, ziyalılarını və Vətən uğrunda xidmət göstərən övladlarını unutmur. Şair, həkim, jurnalist, tərcüməçi, ictimai xadim və polkovnik Ramiz Duyğunun ömür yolu milli-mənəvi dəyərlərə sədaqətin, vətən sevgisinin və xidmət fəlsəfəsinin parlaq nümunəsidir.
     Onun adı Azərbaycan hərb tarixinin hünərli şair oğlu kimi yaddaşlarda yaşayacaq, qələmin gücü ilə xidmətin şərəfini birləşdirən nadir ömürlərdən biri kimi gələcək nəsillərə örnək olacaqdır.
-Rüstəm İbrahimbəyov və zaman
      Azərbaycanın mədəni həyatında ötən həftənin ən yaddaqalan hadisələrindən biri iyunun 19-da Heydər Əliyev Sarayında nümayiş olunan “Bizim Maqsud müəllim” tamaşası oldu. Bu səhnə əsəri təkcə teatr hadisəsi kimi deyil, həm də milli kino və ədəbiyyat tariximizin mühüm bir səhifəsinə yenidən baxış kimi diqqəti cəlb etdi. Tamaşanın mərkəzində xalq yazıçısı, dramaturq və ssenarist Maqsud İbrahimbəyovun yaradıcılığı dayansa da, əslində bu təqdimat tamaşaçını bütöv bir dövr, bütöv bir ədəbi mühit və İbrahimbəyovlar fenomeni üzərində düşünməyə sövq etdi.
       Azərbaycan mədəniyyətində İbrahimbəyov soyadı xüsusi yer tutur. Bu soyad təkcə Maqsud İbrahimbəyovun deyil, həm də onun qardaşı, dünya şöhrətli yazıçı, dramaturq, kinossenarist və ictimai xadim Rüstəm İbrahimbəyovun fəaliyyəti ilə bağlıdır. Onların yaradıcılığı onilliklər boyu Azərbaycan insanının düşüncə dünyasını, estetik zövqünü və milli özünüdərkini formalaşdıran mühüm amillərdən biri olub.
      “Bizim Maqsud müəllim” tamaşasında “Uşaqlığın son gecəsi” və “Bizim Cəbiş müəllim” filmlərinin yeni interpretasiyası təqdim edildi. Tamaşaçılar bir tərəfdən tanış qəhrəmanları yenidən gördülər, digər tərəfdən isə onların talelərinə fərqli rakursdan baxmaq imkanı qazandılar. Səhnədə real vaxt rejimində aparılan çəkilişlərin nəhəng ekrana ötürülməsi kino ilə teatrı birləşdirən maraqlı bir eksperiment kimi yadda qaldı. Bu yanaşma müasir teatr dilinin imkanlarını nümayiş etdirməklə yanaşı, klassik irsin yeni nəsillərə çatdırılması baxımından da mühüm əhəmiyyət daşıyırdı.
     Maqsud İbrahimbəyovun yaratdığı qəhrəmanlar Azərbaycan tamaşaçısının yaddaşında çoxdan öz yerini tutub. Cəbiş müəllim, Davud, Rüstəm kimi obrazlar sadəcə ekran personajları deyil, müəyyən mənada milli xarakterin müxtəlif çalarlarının bədii təcəssümüdür. Onların həyat hekayələri bu gün də aktuallığını qoruyur, çünki insan taleyi, mənəvi seçim, vicdan və məsuliyyət kimi mövzular zamanın fövqündə dayanır.
      Bu əsərlərin yenidən səhnəyə qayıtması istər-istəməz tamaşaçını Rüstəm İbrahimbəyovun yaradıcılığı barədə də düşünməyə vadar edir. Çünki Azərbaycan kinosunun ən parlaq səhifələrinin əhəmiyyətli hissəsi məhz onun adı ilə bağlıdır. Rüstəm İbrahimbəyov uzun illər ərzində həm milli, həm də beynəlxalq kino məkanında öz sözünü demiş sənətkar idi. Onun ssenariləri insanın daxili aləmini, cəmiyyətlə münasibətlərini, zamanın yaratdığı mənəvi dilemmləri böyük ustalıqla əks etdirirdi.
      Rüstəm İbrahimbəyovun yaradıcılığının əsas xüsusiyyətlərindən biri zamanla dialoq qurmaq bacarığı idi. O, dövrün hadisələrini sadəcə təsvir etmir, onları insan taleyi prizmasından qiymətləndirirdi. Bu səbəbdən onun əsərləri müxtəlif nəsillər üçün maraqlı olaraq qalır. Çünki dəyişən yalnız zamanın dekorasiyasıdır, insanın daxili aləmi isə mahiyyət etibarilə eyni suallar qarşısında dayanır.
     “Bizim Maqsud müəllim” tamaşasının ən mühüm məziyyətlərindən biri də müəllifi qəhrəmanlarının içində axtarmasıdır. Səhnədəki aktyorlar obrazların xarakterlərini anlamağa çalışdıqca, əslində yazıçının öz dünyasını kəşf etməyə səy göstərirlər. Bu yanaşma tamaşaçıya sənətkarla onun yaratdığı obrazlar arasındakı görünməz bağları hiss etdirmək baxımından maraqlı həll kimi görünür.
      Tamaşanın nümayişində ölkənin tanınmış ziyalılarının, o cümlədən Polad Bülbüloğlu və Elmar Məmmədyarovun iştirakı da hadisənin ictimai əhəmiyyətini artırdı. Bu, bir daha göstərdi ki, klassik irsə müraciət təkcə mədəni tədbir deyil, həm də milli yaddaşın qorunması prosesidir.
      Bu gün Azərbaycan mədəniyyəti yeni çağırışlarla üz-üzədir. Qloballaşan dünyada milli kimliyi qorumağın yollarından biri də klassik irsin müasir təqdimat formaları ilə yaşadılmasıdır. “Bizim Maqsud müəllim” tamaşası məhz bu baxımdan əlamətdar hadisə kimi qiymətləndirilə bilər. O, keçmişlə bu gün arasında körpü quraraq, klassik əsərlərin yeni nəfəs qazanmasının mümkünlüyünü nümayiş etdirdi.
      Ötən həftənin mədəni mənzərəsinə nəzər salarkən aydın görünür ki, zaman dəyişsə də, böyük sənət yaşayır. Maqsud İbrahimbəyovun qəhrəmanları, Rüstəm İbrahimbəyovun ideyaları və bütövlükdə İbrahimbəyovlar irsi Azərbaycan mədəniyyətinin canlı yaddaşı olaraq qalır. Çünki həqiqi sənət zamanın içindən keçərək gələcəyə yol tapmağı bacarır. Elə buna görə də Rüstəm İbrahimbəyov və zaman anlayışları bir-birindən ayrılmaz görünür: biri ömür boyu zamanı anlamağa çalışıb, digəri isə onun yaratdıqlarını yaşadaraq bu günə gətirib çıxarıb.
  Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik.

Müəllif: Zaur USTAC

AVMVİB, AJB və AYB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir, naşir

Zaur Ustacın “Buta”sı

Zaur Ustacın “Buta”sı haqqında

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Otən həftənin mədəni mənzərəsi

Salam olsun çox dəyərli oxucum! Son zamanlar dünyamızda  və təbiətdə baş verənlər dəyişikliklər ümumi həyat zəncirinin ən mühüm halqasını təşkil edən insanın da yaşam və düşüncə tərzindən yan keçmir. Sadəcə ötən həftələr ərzində baş vermis mədəni hadisələrə ötəri bir nəzər saldıqda belə biz bunun şahidi oluruq. “Tərəfsiz ədəbiyyat tarixdir!” şüarımıza sadiq qalaraq ötən günlərin mühüm mədəni (ədəbi-tarixi) hadisələrinə nəzər salaq. Bu yazımda iki mühüm hadisəyə toxunacam. Bu mühüm mədəni hadisələrdən biri gənc şair, publisist, Prezident təqaüdçüsü Tural Cəfərlinin “Elə ki darıxdın” adlı yeni şeirlər kitabının təqdimatı, digəri isə  gənc filoloq, rejissor, “Türkel Teatrı”n yaradıcısı və tamaşanın əsas ifaçılarından biri Aysu Türkelin təşəbbüskarlığı ilə antik yunan dramaturgiyasının görkəmli nümunələrindən olan Evripidin “Alkesta” əsərinin səhnə təqdimatı barədə olacaq:
-Darıxmağın fəlsəfəsi və sözün işığında yeni görüş
        Azərbaycanın mədəni həyatında ötən həftənin diqqətçəkən hadisələrindən biri gənc şair, publisist, Prezident təqaüdçüsü Tural Cəfərlinin “Elə ki darıxdın” adlı yeni şeirlər kitabının təqdimatı oldu.  “Litera” kitab mağazasında keçirilən tədbir ədəbi ictimaiyyətin, qələm adamlarının, media nümayəndələrinin və poeziyasevərlərin iştirak etdiyi əlamətdar görüşə çevrildi.
      Təqdimat mərasimində millət vəkili və yazıçı Aqil Abbas, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair və esseist Səlim Babullaoğlu, yazıçılar İlham Əziz və Nihat Pir, şair Vahid Əlioğlu, dosent Nəsir Xankişiyev çıxış edərək müəllifin yaradıcılığı, poeziyaya gətirdiyi fərqli baxış və yeni kitabın bədii məziyyətləri haqqında fikirlərini bölüşdülər.
Müasir Azərbaycan poeziyasında son illər müşahidə olunan əsas tendensiyalardan biri insanın daxili aləminə dönüş, fərdi duyğuların fəlsəfi təhlili və həyat hadisələrinə yeni baxış bucağının formalaşdırılmasıdır. Tural Cəfərlinin “Elə ki darıxdın” kitabı da məhz bu istiqamətin diqqətçəkən nümunələrindən biri kimi qiymətləndirilə bilər.
       Kitabın adından başlayaraq oxucu fərqli bir poetik məkanla qarşılaşır. Adətən mənfi emosional hal kimi qəbul olunan darıxmaq hissi müəllifin yaradıcılığında özünü tanımağın, daxili dünyaya qayıdışın və ruhun öz həqiqətini axtarmasının başlanğıc nöqtəsinə çevrilir:
“Elə ki darıxdın, heç kimə demə,
Bir az xəyal götür, özünlə danış.
Yığıb bir araya xatirələri,
Sahildə oturub dənizlə danış.”
Bu misralarda şair insanı təkliyə deyil, özünə qayıdışa çağırır. Müasir həyatın sürəti, informasiya bolluğu və gündəlik qayğılar fonunda insanın öz iç dünyasından uzaqlaşdığı bir dövrdə müəllif sadə, lakin dərin məna daşıyan bir yol göstərir: özünlə danışmaq.
Tural Cəfərlinin poeziyasında diqqəti çəkən əsas cəhətlərdən biri obrazların mürəkkəb metaforalarla deyil, sadə və anlaşıqlı dillə qurulmasıdır. Onun şeirlərində həyatın fəlsəfəsi gündəlik müşahidələrdən, təbiət hadisələrindən və insanın daxili təcrübəsindən doğur:
“Danış, ürəyini boşalt beləcə,
Ləpələr dərdini yuyub-aparsın.
İçində sızlayan yaralarını
Külək yarpaq kimi bir-bir qoparsın.”
Burada dəniz sadəcə təbiət obrazı deyil, insanın sirdaşına çevrilir. Külək yalnız meteoroloji hadisə deyil, ağrıları aparan mənəvi güc kimi təqdim olunur. Şair təbiətlə insan arasında görünməyən bir körpü yaradır.
      Kitabda tez-tez rast gəlinən mövzulardan biri də bağışlamaqdır. Müəllif bağışlamağı zəiflik deyil, mənəvi yüksəliş kimi təqdim edir:
“Uzaqdan əl edib özün-özünə,
Hamını bir axşam bağışla getsin.
Gözündən asılan yorğun baxışlar,
Son dəfə islanıb yağışla getsin.”
Bu misralarda həyatın yükündən qurtulmaq, keçmişlə barışmaq və ruhun azadlığına qovuşmaq arzusu hiss olunur. Şair insanı qisasın deyil, mərhəmətin və anlayışın tərəfinə dəvət edir.
     “Elə ki darıxdın” kitabında ölüm mövzusu da xüsusi yer tutur. Lakin müəllif ölümə qorxu ilə deyil, həyatın ayrılmaz hissəsi kimi yanaşır. “Mən də” şeirində bu fikir sadə, lakin təsirli şəkildə ifadə olunur:
“Gördüm ki, ağlayan yoxdur halıma,
Başladım halıma gülməyə mən də.
Əbədi deyiləm, arxayın olun,
Dünyaya gəlmişəm ölməyə mən də.”
Bu misralar oxucunu həyatın faniliyi haqqında düşünməyə vadar edir. Şair burada ümidsizlik yaratmır, əksinə, insanın yaşadığı anın dəyərini dərk etməsinin vacibliyini vurğulayır.
       Müəllifin yaradıcılığında diqqət çəkən başqa bir məqam çətinliklərə münasibətdir. Adətən maneə kimi qəbul olunan hadisələr onun poeziyasında inkişaf vasitəsinə çevrilir:
“Ay mənim yoluma daş düzən adam,
Nə gözəl etmisən, daşına şükür.
Ayağım bərkidi sənin sayəndə,
Düşünən beyninə, başına şükür.”
Bu misralar müasir insan üçün mühüm mesaj daşıyır. Şair həyatdakı əngəlləri bədbəxtlik deyil, möhkəmlənmək imkanı kimi qiymətləndirir. Çətinliklərin insanı böyütdüyünü və gücləndirdiyini xatırladır.
Şeirin davamında bu fəlsəfə daha aydın görünür:
“Sənin sağlığına, həmin daşları,
Yığıb mən özümə ev düzəltmişəm.”
Bu poetik fikir əslində bütöv bir həyat dərsidir. İnsan qarşılaşdığı problemlərdən dağıla da bilər, həmin problemlərin üzərində yeni həyat da qura bilər. Seçim onun öz əlindədir.
Tural Cəfərlinin poeziyası müasir Azərbaycan şeirində nikbin fəlsəfənin, sadə ifadə tərzinin və daxili səmimiyyətin uğurlu sintezidir. Onun şeirləri oxucunu yalnız hisslər dünyasına aparmır, eyni zamanda düşündürür, həyat hadisələrinə fərqli rakursdan baxmağa sövq edir.
     Təqdimat mərasimində müəllif yaradıcılıq prosesi, kitabın ərsəyə gəlməsi və gələcək planları haqqında danışdı, şeirləri qiraətçilər tərəfindən səsləndirildi, oxucuların sualları cavablandırıldı. Sonda müəllif kitablarını imzalayaraq oxucularla xatirə şəkilləri çəkdirdi.
On beş ildən sonra işıq üzü görən ikinci şeirlər kitabı olan “Elə ki darıxdın” göstərir ki, Tural Cəfərli zaman ərzində öz poetik dəst-xəttini qoruyub saxlamaqla yanaşı, onu daha da zənginləşdirə bilib. Kitabın səhifələrində həm həyatın ağrıları, həm insanın daxili axtarışları, həm də ümidin və inamın işığı yaşayır.
        Ötən həftənin mədəni mənzərəsinə nəzər salarkən demək olar ki, “Elə ki darıxdın” kitabının təqdimatı sadəcə yeni bir nəşrin oxucularla görüşü deyildi. Bu tədbir həm də müasir Azərbaycan poeziyasının yeni düşüncə istiqamətlərinin, insanın öz daxilinə qayıdış çağırışının və söz sənətinin yaşamaqda davam edən gücünün növbəti təzahürü idi.
-Ölümə meydan oxuyan sevgi – “Alkesta” tamaşası
       Azərbaycanın teatr həyatında ötən həftənin diqqətçəkən mədəni hadisələrindən biri antik yunan dramaturgiyasının görkəmli nümunələrindən olan Evripidin “Alkesta” əsərinin səhnə təqdimatı oldu. İyunun 2-də Şuşa Dövlət Musiqili Teatrının səhnəsində “Türkel Teatrı”n təqdim etdiyi tamaşa klassik irslə müasir teatr düşüncəsinin uğurlu vəhdəti kimi tamaşaçıların diqqətini cəlb etdi.
      Evripidin yaradıcılığında xüsusi yer tutan “Alkesta” təkcə qədim yunan dramaturgiyasının deyil, ümumilikdə dünya ədəbiyyatının ən maraqlı fəlsəfi-mənəvi nümunələrindən biri hesab edilir. Əsərin mərkəzində insan həyatının əbədi sualları dayanır: Sevgi ölümə qalib gələ bilərmi? Fədakarlığın sərhədi varmı? İnsan öz xoşbəxtliyi naminə başqasının həyatını qurban verməyə haqq qazanırmı?
      Mifoloji süjet əsasında qurulan əsərdə Fera hökmdarı Admet ölüm hökmündən yalnız o halda xilas ola bilər ki, kimsə onun yerinə ölməyə razı olsun. Nə valideynləri, nə də yaxınları bu ağır yükü üzərinə götürmək istəmir. Yalnız həyat yoldaşı Alkesta sevgisinin gücü ilə bu fədakarlığa hazır olur. Beləliklə, tamaşa sevgi, vəfa, vicdan, insanlıq və mənəvi məsuliyyət kimi anlayışları dərin fəlsəfi müstəvidə təqdim edir.
      Tamaşanın quruluşçu rejissoru Şəbnəm Xeyrullanın səhnə yozumu klassik mətnin əsas ideya yükünü qorumaqla yanaşı, onu müasir tamaşaçı üçün anlaşılan və təsirli formada təqdim etməyə imkan verib. Rejissorun əsərə yanaşmasında emosional gərginliklə fəlsəfi düşüncə arasında tarazlıq hiss olunur. Hadisələrin inkişafı boyunca tamaşaçı yalnız süjetin izləyicisi deyil, həm də qəhrəmanların mənəvi seçimlərinin şahidinə çevrilir.
     Alkesta obrazını canlandıran “Türkel Teatrı”n yaradıcısı və tamaşanın əsas ifaçılarından biri Aysu Türkel obrazın daxili aləmini uğurla nümayiş etdirə bilib. Onun ifasında Alkesta sadəcə özünü qurban verən qadın deyil, həm də sevginin, sədaqətin və mənəvi gücün simvolu kimi görünür. Aktrisanın emosional oyunu obrazın faciəvi mahiyyətini tamaşaçıya çatdırmağa kömək edir.
     Digər rolları ifa edən Əlibala Qasımov, Şövqi Əmiraslanov, Kənan Abdulov, Tural Orucov, İsa Səttarov, Allahverdi Ramazanov və Lətif Niyazov da tamaşanın ümumi bədii bütövlüyünün formalaşmasında mühüm rol oynayıblar. Aktyor ansamblının harmoniyası səhnədə kollektiv yaradıcılıq atmosferi yaradaraq əsərin ideya-estetik yükünün tamaşaçıya çatdırılmasına xidmət edib.
     “Alkesta”nın əsas uğurlarından biri onun zamandan və məkandan asılı olmayan mövzulara müraciət etməsidir. Minilliklər əvvəl yazılmış əsər bu gün də aktuallığını qoruyur. Çünki insanın sevgi, ölüm, itki və fədakarlıq qarşısında yaşadığı hisslər dəyişmir. Tamaşa bir daha göstərir ki, klassik əsərlər yalnız keçmişin yadigarı deyil, həm də müasir insanın mənəvi axtarışlarına cavab verən canlı sənət nümunələridir.
    “Türkel Teatrı”n təqdim etdiyi “Alkesta” tamaşası ötən həftənin mədəni mənzərəsində xüsusi yer tutan hadisələrdən biri kimi yadda qaldı. Bu səhnə əsəri tamaşaçıya yalnız estetik zövq bəxş etmir, həm də onu həyatın ən mühüm dəyərləri barədə düşünməyə sövq edir. Ölümün qaçılmazlığı fonunda sevginin gücünü nümayiş etdirən tamaşa insan ruhunun ən ali keyfiyyətlərini ön plana çıxararaq klassik dramaturgiyanın əbədi yaşarlığını bir daha təsdiqləyir.
     Beləliklə, “Alkesta” yalnız bir tamaşa deyil, sevginin, fədakarlığın və insanlıq idealının səhnədə təcəssümüdür. Məhz bu xüsusiyyətlərinə görə o, ötən həftənin mədəni həyatında diqqətəlayiq sənət hadisəsi kimi dəyərləndirilə bilər.  

Müəllif: Zaur USTAC

AVMVİB, AJB və AYB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir, naşir

SƏYYAD ƏHMƏDLİ (GÖYÇƏLİ)NİN YAZILARI

Zaur Ustacın “Buta”sı

GÜNAY ƏLİYEVA – “NƏRGİZ”

Zaur Ustacın “Buta”sı barədə

GÜNAY XANIMIN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I