Gözlərinin qarşısında yaşayan, yazan istedadlılara laqeyd qalırlar. Gözləyirlər ölsünlər, ondan sonra haqlarında yazsınlar. Sağ olanda dillərinə düyün düşür, xəbislik, xəsislik, paxıllıq imkan vermir yazalar ki, filankəs istedadlıdır, yaxud filankəs yaxşı insandır. Əgər yaltaqlanacaqları səbəb yoxdursa bütün yaxşı nəsnələrə susurlar. Elə ki, o kəs öldü… ağlaşma, xoş söz, təəssüf və s. başlayır. Böyüklərin şöhrət azarı da ayrıca mövzudur: filankəsin adını çəkərəm, filankəsdən yazaram, reklam etmiş olaram. Birdən sonra qudurar. Bu cür yanaşmalar çoxdan mənən öldürüb ee, indi cismən ölənləri. Barı yenə susun. Sağlığında lal olduğunuz kimi… Siz işinizə yarayanlardan, bir də qorxduqlarınızdan yazıb tərifləyin. Quru istedadından başqa heç nəyi olmayanlara vaxt sərf etməyin.
Qadın çıxış etmək üçün xitabət kürsüsünə yaxınlaşan andan Rusiyadan xidmətini yenicə başa vurub qayıdan sovet əsgərinin ədası ilə danışmağa başladı. Orda bir namərdi qovub, burda bir antiədəbiyyat ünsürünə qalib gəlib, redaksiyada bir kəlmə sözlə redaktoru aşırıb, tədbirdə bir şairin şeirini götürüb təpəsinə çırpıb, yazıçının hekayəsini gözünə soxub və s. Bu cür maraqlı “döyüş” yolunun xatirələrinin təsirindən xitabət kürsüsü dönüb fəxarət kürsüsü oldu. Fəxriyyələri ilə əruzu ayaqlayıb keçdi. İndi də “mənəm-mənəm” deyən aşıqtək dodaqdəyməzdən danışır, dildönməzi dildönər edir, qıfılbəndə açar salır. Sürücü kimi bircə yol da olsun əyləci basmadan dayanacaqlardan yel kimi, tinlərdən sel kimi, qırmızı işıqda piyada kimi keçir. Qadının danışıq üzvləri nətəri üsyana qalxıbsa nəfəs özünü ciyərə, bronxlara çatdıra bilmir, əl eləyir ki, burdayam, məni də götür. Sözlər ağzından Kür çayından betər daşıb-tökülürdü. Bu boyda həngamədən sonra axırda deputatların təbirincə söz verdi ki, o kresloda mən otursam var haa gfkdsmfıfllfmf… Bu jest, bu hünərlə ona Qoç Koroğlu, Həcər deməyə utandılar, dönüb “aslanın erkəyi-dişi olmaz” dedilər. Amma demədilər, ay xanım, niyə şahə qalxmısan? Nöş kişnəyirsən? Aaz, hanı sənin qadın zərifliyin? Biri elə mən, heç zad demədim. Qoja vaxtımda durub parik axtarası deyiləm. Bir də ki… camaata xoş gəlir axı. Məni kimi maraqsız adam nəylərinə gərəkdir. İki də ki elə yuxarıdakıların da xoşuna gəlir, hər yerdə qabağa çəkirlər. Üç də ki mənə dedilər, bilirsən o kimdir? Az qalmışdım, gedib qarşısında dayanıb deyim: – Kimsən sən? Kimsən sən? Amma səbir elədim. Dedim axı parik axtarmağa vaxtım yoxdur.
Əgər sizə heç bir medal verməyiblərsə, demək, bütün yaxşı şeylərə layiqsiniz.
Maarifçilər öz zamanlarında qiymətləndirilmirlər. Bu cür insanları ya ruhdan salıb mənən öldürdükdən, ya da cismən itirdikdən sonra anlayırlar. Onlara qoşulan olmaz, daş atanlarınsa sayı hesaba gəlməz. İdeyaları həmin vaxt qəbul edilməz, açdıqları izlə sonralar addımlayarlar. Özlərini yox edib sözlərini yaşadarlar. Əslində, onları yaşadan xalqın qədirbilənliyi deyil, cəmiyyətə məxsus olan əbədi əyrilikdir.
Gözlərinizin qarşısında dincliyini insanların problemi ilə pozan, özünü özgələrin dərdi ilə yükləyənləri görmürsünüz. Görənləriniz də dəyərləndirmirsiniz. Başqası üçün zəhmət çəkənə, təmənnasız işləyənlərə “əfəl” deyirsiniz. Onlar isə buna əhəmiyyət vermədən çalışırlar.
Böyük ideyalar eşqinə hər çətinliyə dözməyə güc tapmaq, yaşamaq olur.
Onlar yaşayırlar… amma necə?
Xoşbəxtliklərindən özgələrə pay verməyə hazır olaraq, bacardıqlarını edib, bacarmadıqları üçün üzülərək. Əli-qolu bağlı…
Çabaları – bu millətə nəyimi qurban versəm, o var olacaq?
Qayələri də bu!
Görməzdən gəlin, məhv etməyə çalışın, nə edirsiniz edin. Onlardan nəsə qalacaq!
Onlar bir günlük sevinci, bir günlük dincliyi qəbul etmirlər. İstəyirlər, bir gündə duyulan bütün xoş hisslər əbədilik olsun!
Darmadağın dünyada tamlığını qoruyan, parçalanıb yan-yörəyə “tökülmüş” ölkədə bütöv Vətən eşqiylə yaşayan, problemi çox olan millətin içində özünün dərdini gizlədib canını dişinə tutub, cəmiyyətin yükünü çiyinlərinə götürən, öz dincliyindən çox gələcək nəsillərin rifahını düşünən, abır-həyasından keçməyib istəklərini ürəyində öldürüb arzusuna çatmayan, başqalarının uğurundan şadlanan xoşniyyətli adam, (lar) millət sizlə millət olur.
Gül-çiçəyin, yaşıllığın mövsümü yaz-yay fəsilləri olduğundan dekabr ayında açan qızılgül diqqət çəkməyə, xoşa gəlməyə bilməz. Ən qalın geyimlərə “sığındığımız” vaxtda üzə gülümsəyən ləçəklər çətin anlarda ümidini itirməyən, hər şeyə rəğmən pozitivliyini qoruyan, ruhu cavan, həyat eşqi güclü olan insanları xatırladır. Mühit nə qədər sıxsa da ətrafındakılara kin bəsləməyən, heç kəsə nifrət püskürməyən insanlara eşq olsun. Onlar da həyatın çiçəkləridirlər. Qoxuları, gözəllikləri ilə ruhumuz dincəlir.
Tanınmış yazıçı Pərvanə Bayramqızının “Siz harda yaşayırsınız?” adlı kitabı çap olunub.
Iyirmi hekayəni əhatə edən kitabın nəşr ünvanı “Füyuzat”dır.
Cəmiyyətin ictimai-sosial həyatına həssaslıqla yanaşan müəllif indiyədək saysız-hesabsız publisist mətnlər, hekayə, gündəmlə səsləşən esselər, resenziyalar yazıb.
Dil məsələsi ilə bağlı tanınmış ziyalılardan aldığı müsahibələrin hər biri kitablarına daxil edilib.
Müəllifin çap olunan ilk kitabı “Qəlbimin istəkləri”dir. Yalnız şeirlərdən ibarət olan kitab 2008-ci ildə çapdan çıxıb.
Vətən, yurd, el-oba sevgisi, müharibənin fəlakətləri, fərdi yaşantılar, sevginin paklığını, ayrılıq əzablarını əks etdirən mətnlərlə zəngin “Yaza bilməyən yazıçı” kitabından sonra pandemiya dövrünün ağrı-acıları, maddi çətinlikləri, sərbəstlik məhdudiyyəti, ölümü, ayrılıqları, ana dilinin qorunması, cəmiyyətin problemləri, sosial şəbəkələrin faydalı-zərərli tərəfləri haqqında geniş yazıların toplaşdığı “Karantin zədəsi” kitabı işıq üzü görüb.
Yazıçı dördüncü – “Bir də gördüm…” kitabını atasının xatirəsinə həsr edib.
Bədii-publisist yazıları əhatə edən “Asan çətinliklər” bu ilin mart ayında ərsəyə gəlib.
İnsanları düşündürən, narahat edən mövzularda P.Bayramqızının sosial şəbəkələrdə yazdığı statuslar izləyicilər tərəfindən maraqla qarşılandığından bir çox deyimləri dillər əzbəri olub. Yazıçı mənən zəngin-yoxsul fərdlərin daxili aləmini, onların sosial həyatdakı davranışlarını, bir-birinə münasibətlərini xırda detallaradək təsvir etməyi bacarır.
Digər kitablarından fərqli olaraq “Siz harda yaşayırsınız?” kitabında yalnız hekayələr yer alıb. Əksəriyyəti müəllifin yaradıcılığının ilk mərhələsində qələmə alınan nəsr nümunələrinin mövzusu müxtəlifdir. Eyni zamanda son aylarda sayt, qəzet və jurnallarda dərc edilmiş yeni hekayələrin də sıralandığı kitab sayca altıncıdır.
“Dağıntılar altındakı sevinc” hekayəsində Azərbaycan qadınının son nəfəsində də həyasını qoruduğu məqam təsvir edilib. “Pul kisəsi”, “İnsanlığın hekayəsi” müharibənin insanların həyatında buraxdığı xatirələri, əməlləri obrazların hissləri, rəftarları vasitəsilə göstərir. “Ağ divarda qara yazılar…”, “Yazılmayacaq hekayə” sevgi mövzusundadır. “Uzaq səfər – yaxın yol” hekayəsində ağbirçəyin el-obasına bağlılığı bədii boyasız təsvir edilir. “İki qadın” fərqli həyat tərzi yaşayan qadınların daxili nitqindən, “Uçurum”sa cavan nəsillə yaşlı nəslin həyata baxışından bəhs edir.
Oxucuların illərdir maraqla oxuduğu “Yeddi sual” hekayəsi də kitaba daxil edilib. Digər hekayələrin mövzusu ilə tanış olmaq və “Siz harda yaşayırsınız?” sualının kimə ünvanlandığını bilmək istəyənlər üçün kitab oxucuların ixtiyarına verilir.
Özünün ixtiyarında olan qəzeti, jurnalı zəif, məzmunsuz yazan cızma-qaraçıların imzalarının tanınması üçün işlətməkləri azmış kimi üstəlik ədəbi orqanlardakı tanışlarının səlahiyyətindən də bu məqsədlə istifadə edirlər. Ədalətsiz əməlindən xəbərsiz olduğu yetmir, bir yandan da sosial şəbəkələr vasitəsilə şeirlərini, mətnlərini paylaşıb məşhurlaşan istedadlıları tənqid edirlər. Adam, sən istedad yox, baş əymək tələb edirsən, kimlə şəxsi münasibətin varsa, onu tanıtdırırsan, heç olmasa əl çək günahı yaxşı yazmaq olanlar bacardıqları formada yazdıqlarını ictimaiyyətə çatdırsınlar. Təbliğatını apardıqlarınızdan yaxşı yazanların qazancları həqiqi oxuculardır, bunun da adını kütlə qoyursunuz. Jurnalınızda şəklini, imzasını gözə soxduqlarınızın “yaradıcılığını” tədqiqatçılar təhlil edib kitaba salırlar da, bu yazıq yetimlərə niyə imkan vermirsiniz? Sizə yaltaqlanmalı, yalvarmalıdırlar ki, yazılarını dərc edəsiniz? Onlar öz işləri ilə məşğuldur, siz də öz işinizlə — xətir-hörmətə, tapşırığa, pula-filana görə imza tanıtmaqla məşğul olun. Mümkün olsaydı Marka tapşırardınız ki, onların şeirlərini “blokla”.
Yaxşıya pis desələr, pisə yaxşı desələr, Bunu görcək qəzəblənib, yaxşılar da pis olmaq istəsələr…
Əli Kərim
Bünövrəsi: “Mərdi qova-qova namərd etmək…”
Müasir forması: Zəif yazan müsabiqədə qalib çıxarılır, həyalını itələyib arxaya atırlar, savada qiymət verilmir, titulu əsas götürürlər.
Adamı pisliyə həvəsləndirməyin yollarını yaxşı bilirlər.
Mənə yuxu kimi gəlir bu görüş… Qurbanı olduğum həqiqətiylə, Oduna yandığım qəm sərvətiylə, Dadıyla-duzuyla hərarətiylə Mənə yuxu kimi gəlir bu görüş.
Ayrılıq gözümü yaman qorxudub, Könül – zülmət evi, sən ona işıq; Bu şirin vüsalın əlindən tutub, Ağrı-acıları tamam unudub, Elə bil dünyadan oğurlanmışıq.
Mənə yuxu kimi gəlir, əzizim, Sinəmə çay kimi axan bu saçlar; Mənə yuxu kimi gəlir, əzizim, Bu nurlu həyəcan, şirin təlaşlar, Gözümdən gül kimi üzülən yaşlar.
Qoy yanım oduna, kül olum tamam; O göy deyilən də, bu yer üzü də, Ayrılıq, intizar, həsrət sözü də, Eşqim də, qəlbim də, sənin özün də Mənə yuxu kimi gəlir bu axşam…
Hansı dərd olsa şairi, şair də dərd üçün hansı ifadə olsa, tapır.
Dərd də cürbəcür olur, ölüm də. Dərdin də gözəli var, ölümün də.
Sevib dərd çəkməmisiniz? Ölə-ölə unudub, unuda-unuda ölməmisiniz? Unutmaq vurulmaq qədər asan deyil, bilirsiniz. Bu çabaya aylarını sərf etsən qalibsən, burda illərə məğlub olmaq var.
Hərə bir cür unudur. Gözündən vurulanların unutmaq cəhdi çətin deyil. Narahatlıqları gözləri yeni gözəllik görənədək çəkir. Zülüm ürəkdən vurulanlarındır. Belələri sevdiyini unutmağa çalışsa da, əslində, özlərini unudurlar. Həyatlarındakı düzənlərini pozurlar. Onlara elə gəlir, fəsillər yerini dəyişib. Günəş əbədilik batıb. Yerin altı üstünə qalxıb. Sular tərsinə axır. Cabir Novruzun unutmaq üsulunu illərdir sınaqdan keçiririk. Otağımızda gizlənir, röyalara meyil edirik ki, bəlkə, yadımızdan çıxa. Şair başını qatıb özünü ovutmaq üçün meynələrə su verir, divara mıx vururdu. (Görünür, başqa vaxtlar bu işləri görmürmüş, ürəyini sakitləşdirmək üçün əvvəllər etmədiklərini etmək məcburiyyətində qalıb) Ondan çox illər sonra unutmaq üçün dəridən-qabıqdan çıxan Elçin Məmmədovun əzabları göstərir ki, ürəyin ərköyününü yola vermək heç bir zamanda asan olmayıb. Texnika əsrində də ürək öz işindədir: sevir, darıxır, ayrılır, xiffət edir. Ürəkdəki sevgi sosial şəbəkədəki tanışlıq deyil ki, “blok” edəsən hər şey bitə. Eşqinə baş əyən, könlünü poeziyaya çevirən, texniki inkişafın dəyişkənliyinə əsir olmayıb, zərif duyğularını, xoş hisslərini qoruyan şair unutmağa əlindən başlayır:
Öz əlimlə tuturam öz əlimi arxadan,
Yaman üzə düşmüşəm, üzümü aldadıram.
Çünki ürək sevəndə ona birinci əllər qoşulur. Ardınca ayaqlar onun olduğu yerə aparır səni. Adamı “işə salan” ürək isə hərəkətə gətirdiklərinin hərəkətlərini izləyir: gah məmnun qalır, gah da kədərlənir. Unutmaq adamın bir zaman sahibinə “arxasınca get” deyən qəlbinə meydan oxumasıdır: – “Sən deyildin məni oda salan? İndi bacarırsansa, unut”.
Ayağımı sən keçən küçələrə qoymuram,
Min oyundan çıxıram, izimi aldadıram.
Aldadır… elə bilir, qəlbinə hökmü çatacaq. Gücsüzlüyünü duyub etiraf etməsi uzun çəkmir. Bir neçə məqamdan sonra duyduğunu dilə gətirir:
“Belə unutmaq olmur”.
Çətindir…
Ürəyin getdiyi yerdən ayaqları güclə yığmaq insanın özünə verdiyi işgəncədir.
Hər iki şairin unutmaq cəhdində eyniyyət var: təzədən sevmək həvəsinə düşmək…
Yalandan eşqə düşürəm səni unutmaqdan ötrü,
Mələklərlə “görüşürəm” səni unutmaqdan ötrü…
Yeni sevda ilə qəlbi ovutmağa Qulu Ağsəs, deyəsən, mental prinsiplərə söykənərək haqq qazandırır:
“Keçər günahımdan
Allah da mənim,
Kişi deyiləmmi?
Nə olub mənə?”
O biri şairlərdən fərqli olaraq, Q. Ağsəs bu bənddə ifadə etdiyi fikri unutmağa bəhanə kimi göstərməyib. Şair bununla gender bərabərsizliyindən yaranan gücündən güc alaraq öyünür.
Allahın işi qalsın yerində, görək əməlimizi özümüz özümüzə bağışlaya bilirikmi?
Bu yanda şair vurnuxur:
“Hamıda sən gəzirəm, hamıda sən tapıram,
Başımı aldadıram, gözümü aldadıram”.
Əgər ardından:
“Öz başımı özümün dizlərimə qoyuram,
dizimi aldadıram” ağrısını yaşamasaydı, bizə elə gələrdi, burda da mentalitetin kişiyə verdiyi cəsarət meydanda at çapır.
Öz başını öz dizlərinin üstünə qoymaq, sizcə asandır?
Hər yeri aldada bilərik ürəkdən başqa. O Allahın bəlasının başını yozmaq olmur. Bilir nə istəyir, kimi istəyir.
Amma “Bu dünyamı dəyişirəm səni unutmaqdan ötrü” misrasından aydın olur ki, yalandan eşqə düşmək, özünü aldatmaq unutmağın müalicəsi deyil bu yalnız müvəqqəti ağrıkəsicidir. O da kəsə bilsə…
Ünvanımı dəyişirəm səni unutmaqdan ötrü,
Daha nə yollar düşünüm səni unutmaqdan ötrü?
Birinə görə artıq bütün variantlar bitib…
Elçin Məmmədovsa israrlıdır: unutmağa yox, unutmamağa. Yoxsa unutmaq istədiyini niyə çağırsın ki:
“Barı gündə bir dəfə gəlib yolunu göstər.
Belə unutmaq olmur”.
Yenə O. Yenə “qayıt” söyləmək. “Kainatı kimin sahmana sala biləcəyi” bəllidir.
“Qayıt sağımı göstər, qayıt solumu göstər”.
İllər ötüb ədəbi meyarlar yenilənib, amma sevmək, tarmar olmaq, unutmaq, qaytarmaq arzusu olduğu kimi qalıb.
Bəzən ümidin özü də ümidsiz olur, güman da heç nə güman etmir.
Onlar da heç nəyə söz verə bilmirlər. “Hər şey yaxşı olacaq” xəyalpərəstlərin sözüdür.
“Sənsizlik pisdi səndən…”
Şair haqlıdır. Sənə dözməyə nə var, heç olmasa arada dalaşıb sakitləşmək olur. Sənsizliksə dinmir, hay vermir. Adamın bağrı çatlayır.
Axırda hər şeydən əlimiz üzülür:
Öz-özümlə döyüşürəm səni unutmaqdan ötrü,
Qabıq verib dəyişirəm səni unutmaqdan ötrü…
Görəsən, mən də nə vaxtsa unutmaqdan ötrü qeybətcil qadınlara qoşulub qeybət edəcəm? Görəsən, əzablardan xilas olum deyə xörək bişirməkdən, qab yumaqdan danışacam? Görəsən, bircə anlıq yaddan çıxarmaq üçün çox danışdığına görə görəndə qaçıb gizləndiyim qadınla saatlarla çənə döyəcəm?
Biz burda burda unutmağın reseptini yazarkən İlham Qəhrəman qətiyyətlə söyləyir:
Məhbusun illər sonra
unutmadığı təkadamlıq
məhbəs kimi,
Şimşəkdən sonra
ağlımıza gələn səs kimi
Səni unutmaq olmur.
Deyəsən, bu da haqlıdır. Unutmaq istəyirsən, zəng edir.
Adam belə şeyləri yazmağa utansa da, əslində, utanmalı heç nə yoxdur. Hərdən, lap elə ildə bir dəfə ad günündə özümüzü tərifləsək, dünya dağılmaz ki. Nə qədər siz tərifləyəcəksiniz, bu işi bir az da özümüz görüb yükünüzü azaldaq da. İndiyədək tanınmaq üçün heç nəyə can atmadım. Mükafat uğrunda əqidəmi dəyişib yaltaqlanmadım. Kimlərinsə yanında yer tutmağa görə xəbərçilik etməmişəm. Necə varamsa, o cür olmuşam. Ürəyimdən nə cür gəldisə, elə davrandım. Səhvimi ortalıqda buraxan deyiləm, etmişəmsə cəzasını da çəkməyə hazıram. Amma çalışıram həmişə haqlı olum. Kiməsə ədalətsizlik edib xəcalət çəkməyim, ağırlığını qaldıra bilmərəm. Diqqət çəkmək, sevilmək üçün yerimdən tərpənib bircə jest də göstərmədim. Bəzən “soyuq”, bəzən “zəhmlisən” deyən də oldu, amma ən çox da belə deyənlərlə mehriban olub dostlaşdıq. Vəzifəm, qılığım olmadan çox istədilər. Səbəbi sadədir – dürüst, ədalətli, təmkinli, ən əsas da təmənnasız oldum. Amma… istəklərim qapının arxasında qaldı, açsam keçə bilərəm. Açmaqsa mümkün deyil, cəftəsi tikanlıdır. Öz mühitimdə yaşamıram, dayazdüşüncəli, məişət təfəkkürlü cılız, paxıl, şöhrətpərəst yaltaqların arasında mənəvi yorğunluqla günləri ötürürəm. Saxtakarların içində bir üzlə yaşadıqca adamı quzğun kimi dimdikləyirlər. Onlar kimi olmadığım üçün çoxuna mane oluram. Boş söhbətlərə qoşulmadığım üçün hikkədən məni didmək istəyirlər. Rəftarları – “Əvvəl-axır bizi kimi olacaqsan, ya yox?” sualı kimi çıxır. Hamı hər şeyin özünə faydalı tərəfindən yanaşır. Sənə edilən pisliklər özünə edilənədək sakit durur, sənə də bunu tövsiyə edir. Adamların əsl üzü özünün xətrinə dəyilən məqamda ortaya çıxır. Ağıl öyrətməyi sevən ağılsızlar qərəzlə incikliyi ayıra bilmirlər. Ədəbi mühitdə baş verənləri məndən yaxşı bilirsiniz. Sizin məlumatınız daha çoxdur. Şəxsi münasibətlərə, tapşırılmalara görə mükafat vermək, yaltaqlıqla bir-birini tərifləmək, yaradıcılığı pula satmaq, pulla yaradıcılıq “yaratmaq”, eyni qayda ilə yazdıqları haqqında tərif yazdırmaq dəb halındadır. Uzun-uzadı məqalə oxuyursan, görürsən fikirlərin bir-birinə calanması üçün müəllif itin zülmünü çəkib, anlayırsan ki, nəyinsə xatirinə yazılıb. Tədbirlərdə, mətbuatda tərif, statuslarda saysız-hesabsız “layk” şəxsin sahib olduğu üstünlüklərə görədir. Bu cür vəziyyət dözülməz həddə çatıb. Bəzən adam qıcıqlanır. (Saf, əqidəli insanlar bu cür şeylərdən yorulublar) Bunu da məndən yaxşı bilirsiniz ki, sadaladığım xoşagəlməz halların heç biri mənə aid deyil. Nə mən kiməsə yaltaqlanıram, nə də kimsə mənə yaltaqlanır. Mənim yaltaqlanmamağımın səbəbi gözütoxluğum, əqidəli olmağım, mənə yaltaqlanmamağın səbəbi isə vəzifəmin olmamağı, kiminsə “amanatlamamağı”dır. Yəni tam sərbəst, müstəqil şəkildə yazıram. Burayadək yazdıqlarım burdan sonra yazacaqlarıma girişdir. Yazdığımı oxuyub qiymətləndirənlər, özümü tərifləyənlər var ha, ölkəmizin ən gözəl, saf adamlarıdır. Mənə diqqət göstərdikləri üçün bu fikirdə deyiləm. İnsanların həris olduqları vəzifəmin, pulumun və yaltaqlanmağa təhrik edən digər gözqamaşdırıcı heç nəyimin olmamağına baxmayaraq mənə dəyər verməkləri bunu göstərir. Bu qarışıq zamanda, hamının “insanlar korlanıb, yaxşıya dəyər verən yoxdur” dediyi məqamda onlar sübut edirlər ki, korlanmayanlar da var, təmənnasız yaşayanlar da. İndi yanımda olan dostlar, oxucular nə pula, nə də şöhrətə, vəzifəyə aldananlardır. Elə olsaydı, mənim yanımda yox, tanıdıqları “mötəbərlərin” ətrafında fırlanardılar. Görün ki həqiqətən təmiz insanlardılar. Özümü tərifləməyimi də başıma qaxmayın. Pul verib haqqımda kiməsə tərif yazdırmıram ki. Kimdənsə haqqımda xoş söz deməsini də xahiş etmirəm. İncidiyim, yaxud şad olduğum məqamlardan yazıb dostlarımla bölüşürəm. Nə vaxtsa (Allah eləməsin) vəzifəm olsa, indi mənə diqqət göstərənlərin hamısını başımda gəzdirəcəm.
Gədəbəyin adının dəyişdirilməsi məsələsi hərdən müzakirə olunur. Müzakirəni yaradan səbəb addakı “gədə” hissəsidir. Bilənlər bilir, bilməyənlər də rayonun adı ilə bağlı etimologiyanı araşdırsalar, yaxşı olar.
“Gədəbəy adı ilə bağlı onlarla rəvayət mövcuddur. Alban tarixçisi Muxtar Qoş “Albaniya xronikası” əsərində (1206-cı il) Gədəbəy əyalətinin adını “Getabey” kimi işlədib. Ehtimal edirlər ki, “Gettabey” sözü sonradan deformasiyaya uğrayaraq Gədəbəyə çevrilib. Qədim türkcədə “böyük, qüdrətli adam” mənasında işlədilib. Coğrafi relyefinə görə bura döyüşkən türk tayfalarının yerləşdiyi ərazi olub. Gədəbəy sözü də buna müvafiq olaraq bədii ədəbiyyatda müraciət olunan şəxs, igid oğlan mənalarını verir. Gədəbəy toponimi qədim türk dilində gədə – keşikçi və bək – təpə sözlərindən ibarətdir və “gözətçi təpəsi” deməkdir. Bu ehtimal həqiqətə daha yaxındır. Tarixi mənbələrdə adı ilk dəfə XII əsrdə çəkilən Gədəbəy qalasının xarabalıqları rayonun Təpəlik sayılan yuxarı hissəsindədir. Başqa bir ehtimala görə isə, Dədəbəy sözü deformasiyaya uğrayaraq Gədəbəy olub. Orta əsrlərdə bu torpaqların bir hissəsi Atabəy, Şəkərbəy, Gədəbəy – ata və oğulları arasında bölüşdürülüb. Gədəbəy, Atabəyin oğlu olub. Ərazidə indi də Atabəy və Şəkərbəy adlı kəndlər var”.Şahdağ silsiləsinin şimal ətəyindən axan Mis çayının yaxınlığındakı Mağara dağının ətəyindən XIX əsrdən mis filizi çıxarılır. Haqqındakı məlumatlardan biri də ərazidə olan tarixi mədəniyyət abidələrinin eramizdan əvvəl XIV-VIII əsrləri əhatə edən Xocalı-Gədəbəy mədəniyyətinin bir hissəsi kimi tariximizə daxil olmasıdır. “Arxeoloji qazıntının nəticələri Almaniyanın “Folker Şpis” elmi nəşriyyatı tərəfindən “Qalakənd” adlı elmi əsər şəklində Berlində çap edilmişdir. Əsər Berlin Dövlət muzeyində saxlanılır”.
Şair Ramiz İsmayılın “Ömür dastanının qıfılbəndləri” adlı kitabı çap olunub. Vaxtilə “Mingəçevir işıqları” və “Oqni Minqeçaura” qəzetlərinin, Mingəçevir yerli radio verlişləri redaksiyasının fəal ictimai müxbiri olan R.İsmayıl şeir yaradıcılığı ilə yanaşı nəsrdə də bir çox ədəbi nümunələr yaradıb. “Payızda xatırla məni” adlanan ilk kitabı 2000-ci ildə işıq üzü görüb. “Gözü yolda qalan var” sənədli povesti birinci Qarabağ müharibəsi dövründə Xramorddakı Qriqorian kilsəsində bir həftəyə yaxın erməni “boevikləri” ilə təkbaşına vuruşan Natiq Səlim oğlu Qasımovun döyüş yolu və həyatından bəhs edir. “Ömür dastanının qıfılbəndləri” kitabı isə şair-publisist, Məmməd Araz mükafatı laureatı, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Budaq Təhməz haqqındadır. “Şair ürəyi”, “Mən vətənin oğluyam”, “Vətən dərdi”, “Çətin dövran əzə məni”, “Ötən günlərim” və digər kitabların müəllifi B.Təhməzin Türkiyə və İran mətbuatında da şeirləri çap olunmuşdur.
R.İsmayıl şair dostunun həyat yolunu, yaradıcılığını, dostluqlarının ilk tarixini, ədəbi söhbət və müzakirələrini oxuculara geniş şəkildə çatdırır. Kitabda hər ikisinin qıfılbəndləri ilə yanaşı B.Təhməzin ayrı-ayrı vaxtlarda qələmə aldığı deyişmələr və ömrünün müəyyən məqamlarını əks etdirən fotoları da yer alıb. Şairin səksən beş illik yubileyi münasibətilə yazılan, “İmza” Nəşrlər evində ərsəyə gətirilmiş kitabın ön söz müəllifi yazıçı, “Xəzan” jurnalının redaktoru Əli bəy Azəridir.