Azərbaycan Yazıçılar Birliyinin ötən XII Qurultayında qəbul olunmuş Nizamnaməsinə görə (V bənd, 54-cü maddə) növbəti Qurultaya nümayəndələr aşağıda göstərilən qaydayla seçilir:
Sədr, Birinci katib, sədrin müavini, katiblər
Ağsaqqallar Şurasının üzvləri (Xalq şairləri, Xalq yazıçıları, Akademiyanın həqiqi və müxbir üzvləri)
Bundan əvvəlki Qurultayda seçilmiş İdarə Heyətinin üzvləri
Gənclər Şurasının üzvləri, seksiyaların və regional bölmələrin rəhbərləri
Qurultaya digər nümayəndələr AYB-nin seksiyalarında və yerli bölmələrində (o cümlədən Naxçıvan Yazıçılar Birliyində) hər on nəfərdən biri olaraq seçilir.
Azərbaycan Mətbuat Şurasının sosial şəbəkə istifadəçilərinə
və vətəndaş mediası fəallarına
M Ü R A C İ Ə T İ
Əziz dostlar! İnternet və multimedia şəbəkəsinin əhatə dairəsinin böyük sürətlə genişlənməsi, müasir texnologiyaların yaratdığı sonsuz imkanlar dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da yeni informasiya mühiti formalaşdırıb. Çağdaş dövrün əsas platformaları olan sosial şəbəkələr və vətəndaş mediası bu gün cəmiyyətin məlumatlandırılmasında əhəmiyyətli rol oynayır. Bu platformalardakı ayrı-ayrı səhifələr, populyar şəxslər, blogerlər və ən fərqli düşüncəyə sahib sosial şəbəkə istifadəçiləri hər gün əhali qruplarında maraq doğuran məlumatlar yaymaqla, müxtəlif mövzuları gündəmə gətirməklə azad informasiya və diskussiya şəraitini genişləndirir, cəmiyyət həyatının fəal iştirakçılarına çevrilirlər.
Təcrübə göstərir ki, sosial şəbəkələr və vətəndaş mediası dərk olunmuş məsuliyyətə əsaslandıqda söz və ifadə azadlığına önəmli töhfələr verir, ictimai düşüncə palitrasını zənginləşdirir. Deyilənlərlə yanaşı, təəssüf ki, bu platformalarda bəzi şəxslər azad mühitin imkanlarından sui-istifadə edərək etik qaydaları pozur, aşırı aqressiya və qərəz sərgiləyir, böhtan və təhqirə, vulqar ifadələrin işlədilməsi hallarına yol verir, kin və nifrət təbliğatçılarına çevirilirlər. Belə davranış tərzi verilən məlumatların ictimai çəkisini heçə endirməklə bərabər, ölkəmizin informasiya məkanına neqativ ab-hava gətirir, hətta bəzi hallarda hüquqi məsuliyyət yaradır.
Özünütənzimləmə qurumu olaraq Azərbaycan Mətbuat Şurası üçün informasiya müstəvisində cəza mexanizmlərinin dövriyyəyə girməsi birmənalı qaydada arzuedilməzdir. Deyilənləri nəzərə alaraq, biz bütün sosial media mənsublarını, bu platformanın fəallarını insanların şərəf və ləyaqətini qorumağa, şəxsi həyatın toxunulmazlığı prinsipinə hörmətlə yanaşmağa, cinayət, zorakılıq, qəddarlıq və intihar hallarının təşviqinə yol verməməyə, söyüş və vulqar ifadələrin işlədilməsindən çəkinməyə, uşaqların şəxsi həyatı barədə məlumatları yaymamağa, onları zədələyən, mənəvi-psixoloji durumuna mənfi təsir göstərə biləcək zərərli bilgiləri paylaşmamağa, terror, xurafat və cəhalət təbliğatçılarına qarşı barışmaz olmağa, bir sözlə, ölkə jurnalistlərinin VIII qurultayının qərarı ilə təkmilləşdirilmiş “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”ndakı müddəalara riayət etməyə çağırırıq.
Mətbuat Şurası etik dəyərlərə əməl olunmasına dair çağırışına səmimi yanaşılacağına, qurumun ictimai missiyasına həssas münasibət göstəriləcəyinə inanır, informasiya cəmiyyətinin bütün iştirakçılarına fəaliyyətlərində uğurlar arzulayır.
Osloda fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu məktəbinin koordinatoru Günay Əliyevanın və Bakı şəhəri 220 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi filologiya üzrə fəlsəfə doktoru Xanım Qasımovanın birgə təşkilatçılığı ilə “Azərbaycan dilinin beynəlxalq aləmdə təbliği və tədrisi məsələləri” adlı vebinar keçirilmişdir. Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva, Bakı Musiqi Akademiyasının kafedra müdiri fil.ü.e.d., professor Tərlan Quliyev, Pekin Xarici Dillər Universiteti Azərbaycan dili kafedrasının müdiri fil.ü.f.d. Aqşin Əliyev, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveç üzrə əlaqələndiricisi Ramil Əliyev, yazıçı Eluca Atalı (İsveç), şair, pedaqoq Zaur Ustac və başqalarının iştirak etdikləri görüşdə Azərbaycan dilinin beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi, dünya miqyasında tanıdılmasının əhəmiyyəti, xarici ölkələrdə tədrisi məsələləri və sairə müzakirə edilmişdir. “Azərbaycan dilinin beynəlxalq aləmdə təbliği: dil siyasəti və strateji hədəflər” adlı məruzə ilə çıxış edən professor Sevinc Əliyeva dil siyasətinin formalaşması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi, nüfuzunun yüksəldilməsində ümummilli lider Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin xidmətlərini xüsusi vurğulamışdır. O, Dünya Azərbaycanlılarının V Qurultayında ölkə başçısının diaspor nümayəndələri ilə görüşü zamanı Azərbaycan dilinin qorunmasına dair verdiyi tövsiyələri qeyd etməklə onlara əməl olunmasının zəruriliyini nəzərə çatdırmışdır. Azərbaycan dili xaricdə yaşayan üçüncü nəsil azərbaycanlıları öz mədəniyyətinə bağlayan və onları birləşdirən əsas amil kimi dəyərləndirilmişdir. Azərbaycan dilinin beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsinin Mərkəz üçün də xüsusi əhəmiyyət daşıdığını qeyd edən S.Əliyeva ölkə xaricində Azərbaycan dilinin tədrisi və təbliği məqsədilə diaspor nümayəndələri ilə vaxtaşırı görüşlərin təşkil olunduğu, qarşılıqlı əməkdaşlıq çərçivəsində müvafiq tədbirlərin həyata keçirildiyini bildirmişdir. Xaricdə yaşayan soydaşlarımızın dilimiz və mədəniyyətimizin təbliğinə dair fəaliyyətlərini yüksək qiymətləndirən natiq azərbaycançılıq ideologiyası ətrafında birləşən, dövlətimizin dil siyasətinə sadiq olan hər bir həmvətənimizlə Monitorinq Mərkəzinin əməkdaşlığa hazır olduğunu nəzərə çatdırmışdır. Digər iştirakçılar “Xarici ölkələrdə Azərbaycan dilinin tədrisi məsələləri”, “Azərbaycan dilinin beynəlxalq tədrisinin məzmunu”, “Xaricdə doğulub-böyüyən uşaqlar üçün ana dilinin tədrisinin əhəmiyyəti haqqında”, “Ana dilinin tədrisində ədəbiyyatın rolu” adlı məruzələrlə çıxış etmişlər. Məruzələrdə Azərbaycan dilinin ölkə xaricində tədrisində mövcud çətinliklər, resurs və dərsliklərin bəzən qənaətbəxş olmaması, lazımi ədəbiyyatın çatışmazlığı kimi məsələlər qeyd olunmuşdur. Səsləndirilən təkliflər arasında ana dilinin beynəlxalq aləmdə tədrisi coğrafiyasının genişləndirilməsi, Azərbaycan mərkəzlərinin yaradılması, Azərbaycan dilinin beynəlxalq miqyasda ayrıca ixtisas kimi tədris edilməsi və s. öz əksini tapmışdır. Fotolar:
İşığın kainatda parıldamasından hiss etdim ki, bu işıq mənə işarə göndərir.Bu işıqda müxtəlif rənglər var idi: sarı, mavi, yaşıl və bəyaz. İşığın enerjisindənmi,yoxsa nədir bilmirəm, mən mavi işığı seçirəm-dedim. Qəflətən işıqdan insan siması peyda oldu. Qarşımda gördüyüm bu insan siması məni təəccübləndirdi. Ona yaxınlaşmaq istəsəm də, qorxub geri çəkildim. Körpətək ağlayıb boşluqda qaçmağa başladım. Boşluq dərin olduğundan qaça bilməyib dayandım. Artıq güc-qüvvətim tükənmişdi deyə, qaça bilmirdim. Bu an kiminsə çiyinlərimdəki qanadlara sığal çəkdiyini hiss etdim. Dönüb baxmaq istədiyimdə icazə verməyib qulağıma yavaşca pıçıldadı: -Əziz Səma, sən işıqda kimi axtarırsan? Bir anlıq təəccübləndim ki, axı bu şəxs adımı hardan bilir? Sadəcə səsindən bildim ki, bu qadındır. -Siz kimsiniz? Adımı hardan bilirsiniz? -Sən kainatda ən çox hansı rəngi sevirsən? Mavi? Qadın suallarıma sualla cavab verirdi elə bil. -Bəli. -Sən göy üzünə heç baxmısan? -Həmişə baxıram. Göy üzündəki ulduzlar qədər yaşım var. Axı mən göylərin adamıyam. -Yaxşı. Bəs o göy üzündə sən mavi rəngi hər zaman görə bilirsən? Ətrafa sükut çökdü, amma qadın heç gözləmədən bu sükutu pozmaq üçün qanadlarımdan tutub məni göyə qaldırdı. -Əziz Səma, indi nə hiss edirsən? -Mən.. Mən bilmirəm. Qorxuram! “Qorxuram” dediyim an qadının siması gözümün önündə göründü. Gözlərim bulanıq seçirdi, lakin addım-addım qanadlarım və ayağımın köməyi ilə boşluqda qadının addımlarını izləyərək kainata çıxmağı bacardım! Və o an qadının siması gözləriminin önündə canlandığında göz yaşlarım mirvari kimi yanaqlarımdan axdı. Qadın başındakı tacı çıxarıb saçlarıma taxdı və göz yaşlarımı maviyə boyanmış zərif barmaqlarıyla sildi. -İndi azadsan, əziz Səma! -Siz göy üzünün kraliçasısınız! Yox, Tanrı kraliçası! Və kiçik körpənin anasına sarıldığı kimi qadının boynuna atladım. Bu qadın göy üzünün Tanrı kraliçası, mənim üçün isə əbədi yanan şam idi! Bu Elnarə Nərimanova idi!
Eldar Baxış – 75 AZADLIQ ŞAİRİ (üçüncü məqalə) Bu il 75 yaşı tamam olan Eldar Baxış poeziyasının mövzu və problematikası çox zəngindir. Yaradıcılığının ilk illərində ənənəvi mövzularda qələmini sınayan şair həyatı dərk elədikcə, Azərbaycan və dünya ədəbiyyatının inciləri ilə tanış olduqca onun şeirləri yeni-yeni mövzularla zənginləşdi. Ədəbiyyata ədəbiyyatdan yox, həyatdan gələn, gündəlik məişət qayğılarından yaxasını qurtara bilməyən, addımbaşı çətinliklərlə rastlaşan Eldarı düşündürən, qayğılandıran bütün problemlər yeni donda və yeni biçimdə onun poeziyasında öz bədii əksini tapmağa başladı. Həyatımızın rəngarəng problemləri Eldar Baxış poeziyasının da problematikasına çevrildi. Yaradıcılığının ilk illərində istər-istəməz sovet ədəbiyyatının mövzularına müraciət edən Eldar Baxış özünə yeni-yeni mövzular axtarmağa başladı. Çox yaxşı ki, bu tipli, daha doğrusu bu mövzulu şeirlər Eldar Baxış poziyasının əbədi mövzusuna çevrilə bilmədi və şair öz ilham bulağının axarını öz daxili dünyasına, doğulub boya-başa çatdığı kəndə sarı yönəltdi… Universitet mühiti, görkəmli tarixçi alimlərdən dərs alması, vətənpərvər insanlarla, şairlərlə, alimlərlə tanışlığı və ünsiyyəti adi bir kənd uşağının xarakterinin yeni istiqamətdə formalaşmasına zəmin yaratmışdı. O illər Azərbaycan Milli Azadlıq Hərəkatının gizli şəkildə oyanışı və dirçəlişi dövrü idi. Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin vətənpərvər ruhlu şeirləri, ”Gülüstan” poeması, Xəlil Rzanın, Söhrab Tahirin, Məmməd Arazın və başqalarının əsərlərinin mayasında Azərbaycanın birliyi, bütövlüyü, azadlıq və istiqlaliyyəti kimi mühüm, taleyüklü məsələlər dayanırdı. Şairlər bu məsələlərdən açıq şəkildə danışa bilməsələr də, fikirlərini ifadə üçün simvolik obrazlar, vasitələr axtarırdılar. Xəlil Rzanın məşhur ”Azadlığı istəmirəm zərrə-zərrə, qram-qıram, İstəyirəm qolumdakı zəncirləri qıram, qıram” misralı şeirlərini o zaman ”Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru işləyən vətənpərvər ziyalı, tanınmış şair, ədəbiyyatşünas Qasım Qasımzadə ”Afrikanın səsi” adı altında çap eləmişdi… Söhrab Tahirin ”Daha” rədifli qoşmasının bu misraları dillər əzbəri idi: Azad qardaşım var, onunla xoşam, İstərəm sahili sahilə qoşam. İki bölünməkdən elə qorxmuşam, Çöpü də ikiyə bölmərəm daha. Eldar Baxışın poeziyasında da Şimali Azərbaycanla Cənubi Azərbaycanın birləşməsi ideyası ön planda idi. Xudafərin körpüsünün o tayından bu taydakı qardaşlarına əl eləyən uşaq Eldarın ürəyini ehtizaza gətirirdi. Onun ”Əl” şeirindəki bu misralar təsadüfi yaranmamışdı: …Gör necə danışır, gör necə dinir, Həsrətin, ümidin dilidir o əl. Təkcə o oğlanın əli deyil ki, On səkkiz milyonun əlidir o əl… Eldar Baxış da çox zaman Xəlil Rza kimi Azərbaycan, onun istiqlaliyyəti haqqında fikirlərini xarici mövzuda yazdığı əsərlərdə əks etdirməyə çalışırdı. Bu baxımdan onun ”Fələstin şeirləri” silsiləsi maraq doğururdu. Muin Bsisu və Mahmud Dərvişə ünvanlanan ”Oxudum şeirlərinizi” adlı yazıda əslində Eldar Fələstinin problemlərinin arxasında gizlənərək xalqımızın dərdlərindən danışırdı. Şairi Şimalda, Qərbdə, Şərqdə – dünyanın hər yerində başkəsənlərin göbələk kimi artıb çoxalmasından narahat idi. O, ”meydanın ortasında Azadlığı dəvə kimi xıxırdıb başını kəsənlər”ə nifrətini gizlətmirdi. Eldar Baxışı narahat edən bu idi ki, bu başkəsənlər təkcə adam başı, sərçə başı, beçə başı kəsməklə kifayətlənmirlər. Onlar: ”Ölkə başı kəsirlər, paytaxt başı kəsirlər, Bayraq başı kəsirlər, torpaq başı kəsirlər…” Vətənin ”təndirindən çıxan çörəyini, ağacının gətirdiyi barı, pətəyindən süzülən balı”… yeyən şair bunun əvəzini vermək üçün ondan bir qarış yer, bir ovuc torpaq istəyir. Onun bu qənaətləri vətəndən bir qəbirlik yer istəyən, ”Çürüyüm bir qarış torpağın artsın” – deyən şair Musa Yaqubun fikirləri ilə üst-üstə düşürdü… Eldar Baxış vətənə sevgisini belə ifadə edirdi: ”Vətən, uşaq anasını, yetim göz yaşını, kasıb balasını nə qədər istəyirsə, mən də səni o qədər istəyirəm”… Və bu sevgi onu vətənin azadlığı, istiqlaliyyəti uğrunda mübarizəyə səsləyirdi. Universitet divarları arasında qadağan olunmuş mövzularda gizli söhbətləri dinləməsi Eldarın mübarizə əzmini daha da artırırdı. O, cəmi 23 ay ömür sürən Demokratik Azərbaycan Respublikasının bərpa olunmasını arzulayırdı. Lakin bu arzunu o zaman dilə gətirmək mümkün idimi? Nəhayət, gənc şair fikirlərini söyləmək üçün simvolik obrazlara müraciət etməli oldu. O zaman ədəbiyyatımızda fikri simvolik vasitələrlə ifadə etmək ənənəsi yaranmaqda idi və bu ədəbi üslubun öncülü ”Rənglər” şeirlər silsiləsini yazan, ”sarı” rəngi simvolik şəkildə ”kisiyin böyük qardaşı” adlandıran, ”Bağları qum basdı” deyə haray qaldıran, ”sarı qumun qara tənəkləri altına almasını” söyləyən Rəsul Rza idi. Rəsul Rzanın şeirlərini maraqla oxuyan, hətta onun haqqında məqalə yazıb çap etdirən Eldar Baxışın özünün də bu vasitəyə əl atması təsadüfi deyildi. Eldar Baxışın ”Yaşılım, yaşılım, hara gedirsən” şeirindəki ”yaşıl” rəng Demokratik Azərbaycan Respublikasının, onun hakim partiyası Müsavatın, ”sarı” isə bu rəngi saraldıb solduran rusların simvolik obrazı ildi: O sarı zamanın sarı payızı, o sarı payızın sarı küləyi, o sarı küləyin sarı şilləsi sındıracaq səni, əyəcək səni. Düşəcək dalınca canavar kimi, qurd kimi dağıdıb yeyəcək səni, – Yaşılım, yaşılım, hara gedirsən? Göründüyü kimi, Eldarın əksər şeirlərində olduğu kimi burada da əsas fikir sözün üst qatında yox, simvolik obrazlar vasitəsilə verilmiş daxili qatında, sətiraltı mənasındadır. Eldar izi azdırmaq, əsas fikri ”qlavlit”in gözündən yayındırmaq, pərdələmək üçün ”ağac yaşıl”, ”yarpaq yaşıl”, “ot yaşıl” ifadələrindən istifadə edirdi… Eldar Baxışın o zaman yazılan şeirlərinin bir qismində sovet ictimai quruluşuna qarşı nifrət motivləri sezilməkdə idi. ”Yana-yana” şeirində çayxanada sadə adamların söhbətini ön plana gətirməklə müəllif öz əsas məramını verməyə çalışırdı. Bu zaman bir bədii vasitə kimi kinayə onun köməyinə gəlirdi. Taksi sürücüsünün Fordun qarasına deyinməsi acı təbəssüm yaradırdı. Eldarın ”Qara göz yaşları” şeirində isə ”yarı balıqlar, yarı ətlər”, ”quru heykəllər, quru bütlər”… tənqid hədəfinə çevrilirdi… ”Kefin necədir” şeirinin daxili qatında isə ictimai quruluşun lirik qəhrəmanın əhvali-ruhiyyəsinə təsiri məsələsi ön plandı idi. Azadlıq ideyası Eldar Baxışın əksər şeirlərinin başlıca leytmotivini təşkil edir. Şair nədən yazırsa-yazsın, bu və ya digər şəkildə azadlıqdan söhbət açırdı. Məsəln, böyük türk şairi Nazim Hikmətə həsr edilmiş ”Qəribə adam”, zənci Con Harrisə həsr edilmiş ”Con Harrisə məktub” və s. şeirlərinin mərkəzində də azadlıq ideyası ön planda idi. Qarabağ hadisələrinin başladığı ilk gündən Eldar Baxış qələmini süngüyə, silaha çevirib düşmənə, onun havadarlarına hücüm eləyən qələm sahiblərimizdən biri idi. Onun Zori Balayana yazdığı açıq məktub o zaman dillər əzbəri idi… Eldar xalqımızın düşməninə xatırladırdı ki, böyük budaqların böyük qolu var, ona meydan oxumaq hər xalqın işi deyil. Eldar sözün bədii gücü ilə göstərirdi ki, ”İrəvan dilində sayıqlayan, Moskva dilində zarıyan” Balayanın yazdıqları göydəndüşmə deyil, bu azar ona hampadan, keşişdən, ”böyük Ermənistan” xülayasından gəlib. Zori Balayanı ittiham edən, onu sözlə öz yerində oturtmağa çalışan Eldar Baxış özümüzdə də günahın az olmaması qənaətinə gəlirdi: O nədir yazmısan Zori Balayan, ”Bala” da bizimdir, ”zor” da bizimdir. Ölmək istəyirsən, gəl Qarabağa, Kəfən də bizimdir, gör da bizimdir. Ordan apararam öz kəndimizə, Tutub apararam göyə çıxasan. Ancaq qorxuram ki, gedəsən orda Mənim kəndimə də yiyə çıxasan… Bu misraları yazanda heç Eldar Baxışın ağlına gəlməzdi ki, indi rusların havadarlığına arxalanan ermənilər nəinki Dağlıq Qarrabığ, hətta ona bitişik ətraf rayonlara da, şairin doğulub boya-başa-çatdığı, babalarının, nənələrinin qəbri uyuyan doğma Müskanlıya da ”yiyə çıxacaqlar”… Eldar Baxışı elə vətən dərdi öldürdü. Eldar torpaqlarımızın düşmən tapdağı altına düşməsinə heç cür dözə bilmirdi. ”Dünya sülh istəyir” şeirində Eldar təəssüflə bu qənaətə gəlirdi ki, ”Azadlığın, Bərabərliyin, Qardaşlığın, Sülhün işi qalıb Allaha.” 1988-ci ildə qələmə aldığı mənim ”Çiçək xalqım” adlı şeirində Eldar Baxış xalqımızın içində mürgüləyən vulkanı yuxusundan oyatmaq istəyir, onun övladlarına Şamanı, Atillanı, Şah İsmayıl Xətaini, Koroğlunu xatırladırdı. Vəziyyətin son dərəcə gərgin olduğunu hiss edən, ”Silva Kaputikyanları, Zori Balayanları” üstümüzə qaldıranların kimliyini yaxşı bilən şairin Allaha yalvarmaqdan başqa çarəsi qalmırdı. Vətənin başına gətirilən müsibətlər, torpaqlarımızın işğal olunması, həm daxildə, həm xaricdəki düşmənlərin çoxluğu Eldar Baxışın şair ürəyini yaralayır, onun əsəblərini tarıma çəkirdi. Təsadüfi deyil ki, həmin hadisələr zamanı dünyasını dəyişən Eldar Baxışı qələm dostları ”şəhid şair” adlandırırdılır. Torpaqlarımızın azad olunduğu günü görə bilməyən, qəbir daşına öz vəsiyyəti ilə ”Azadlıq” sözü yazılan Eldar Baxışın vətənpərvərlik, müstəqillik, azadlıq, bütövlük, mərdlik, kişilik, qeyrət ruhuyla yoğrulan şeirləri indi də öz təsir gücünü itirməmişdir və yeni nəslin tərbiyəsində onun yaradıcılıq nümunələrinin təsir gücü böyükdür…
Müəllif: Rafiq YUSİFOĞLU, şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.