İldırım Əkbəroğlu – Füzuli (Məmmədov İldırım Əkbər oğlu) 13 sentyab 1950-də anadan olub. Beyləqan rayonu Kəbirli kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmət keçib. Bu ərəfələrdə artıq şeriləri rayonun çoxtirajlı qəzetində müntəzəm şəkildə çap olunması səbəbi ilə bölgədə hamı onu şair kimi tanıyırdı. 1974-cü ildə Xalq Təsərrüfatı İnstitutuna, indiki Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunur və 1979-cu ildə təhsilini başa vurur. Bu müddətdə radioda, televiziyada şeriləri səslənir, 1978-ci ildə B.Vahabzadə və İ.Şıxlının redaktorları olduğu “Çinar pöhrələri” toplusunda şeriləri geniş oxucu kütləsinə təqdim olunur. Dost – tanış və eyni zamanda yazıları ilə tanış olan hər kəs onu bir şair kimi qəbul edir, gələcəyini bu istiqamətdə təsəvvür edirdi. Müntəzəm olaraq şerləri qəzetlərdə çap olunurdu. Təhsili başa vurub Rayonda işə başlamaqla sanki, yaradıcılıq arxa plana keçir… RTTB –ndə 1998–ci ilə kimi baş mühasibin müavini, 2015-ci ilin sonuna kimi İH-nin Kəbirli kənd ərazi nümayəndəliyində baş məsləhətçi kimi fəaliyyət göstərir. Təqaüdə çıxdıqdan sonra sirli söz aləmi yenidən onu öz sehrinə salır.. Şerləri dəfələrlə almanaxlarda, qəzetlərdə çap olunur. İldırm Əkbəroğlu 22 yanvar 2019 – cu ildə MYK -ın ömürlük fəxri sədri seçilmişdir. İldırım Əkbəroğlu 22 dekabr 2019 -cu ildə vəfat emiş və Beyləqan rayonu, Kəbirli kəndində dəfn olunmuşdur.
KİTABLARI:
İldırım Əkbəroğlunun bu günə qədər iki kitabı nəşr olunub. “İldırım Əkbəroğlu” adlı ilk kitabı sağlığında, demək olar ki, ömrünün son günlərində (2019), “70” adlı ikinci kitabı isə ölümündən sonra (2020) nəşr olunmuşdur. Son olaraq “Yazarlar” jurnalının tərtib etdiyi “Ana şeirləri” almanaxında yer alıb.
QEYD:
“Bayram Bayramov – 100” layihəsi çərçivəsində İldırım Əkbəroğlu 2019 -2020 ci il üçün “İLİN YAZARI” seçilib və “Bayram Bayramov ” diplomu ilə təltif olunub (ölümündən sonra). Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin.
EY YAR...
Mənim ruhum mənə də yad olub,
Gəl özünü məndə axtarma, ey yar.
Könlümün qırıq duası yox olub,
Məndən özgə məna çıxartma, ey yar.
* * *
Viran olub xəyallarımın güzgüsü
Çilik-çilik səpələnib,birləşmir .
Söz deyən dilim ,ağzım yorulub
Susuram,qüsurumu xoş gör, ey yar.
* * *
Neçə milyon il əvvəl olub elə bil
Cəfam dinib,dilim susub,mən yoxam.
Ümidlərin yelkəni də süzülüb
Tazə arzulara yer yoxdur,ey yar.
* * *
Bax qocalmışam gənc yaşımda ,
Qüssədən ağarıbdır saçım da.
Özümə çarə olmayan bu vaxtımda
Sənə necə əğyar olum mən, ey yar?
11.02.2021.
QADIN...
Gözü uzaqlarda,
dili bir adamda,
özü uzun yollarda,
səbri tükənən qadın ...
* * *
Gecə səssiz-səssiz,
o soyuq otağında,
bumbuz əlləri ilə
çiyninə təsəlli qadın ...
* * *
Xəyalları nakam,
ümidləri sökük,
qəlbi qırıq-qırıq,
taleyinə gülən qadın ...
* * *
Özgə sözlərdən,
qanayan dizlərdən,
bu yalan aləmdən,
zərrə-zərrə küsən qadın...
* * *
Sevdiyi göylərdə
Buludların düz üzündə,
ağ məxməri libasda
mələk təki süzən qadın ...
27.05.2021.
MƏN...
Mən danışım sizə kimdən
Özüm ilə qalan məndən.
Yaşa deyə dönə-dönə,
Sinəm içrə vuran qəlbdən.
* * *
Yaram dərin lap əzəldən,
Qanadıqca iz bağlayıb.
Bu dünyadan gedən kəsin,
İşi təkcə Rəbbə qalıb.
* * *
Naçar qalma, zaman yox,
Ömür bir az, sürən yox.
Bu yerlərdə gülən yox,
Güman bircə yarə qalıb.
* * *
Harda insan orda dərd,
Bir balaca yuvada dərd.
Savaşda da zülüm ilə
Zəfər yenə sənə qalıb.
* * *
Sual etmə, yığ dilini,
Belə baxma, yum gözünü.
Onsuz dinən, görən də yox,
Vətən yenə xalqa qalıb...
6.01.2022.
Tanınmış yazar Kənan Hacının sayca 21-ci, hekayələrdən ibarət olan “Pirosmaninin qonağı” adlı yeni kitabı “Günəş” nəşriyatında işıq üzü görüb. Müəllifi bu münasibətlə təbrik edir yeni-yeni nailiyyətlər arzu edirik! Çox dəyərli oxucularımız isə artıq sabahdan kitab mağazalarından “Pirosmaninin qonağı”nı alıb oxuya bilərlər.
BƏXTİYAR MÜƏLLİM YERİ GƏLƏNDƏ ONUN ŞEİRLƏRİNDƏN ƏZBƏR DEYİRMİŞ
ŞAHMAR ƏKBƏRZADƏ 80
Həmrəyliyimiz, Birliyimiz, Azadlığımız, Bütövlüyümüz uğrunda yaşanan ədəbi ömür… Səksən illiyindən, yubiley ilindən keçirik bu ömrün…Ruhu şad olsun!..
Şahmar müəllim sevgi poeziyası ilə ədəbiyyata gəlib desəm, bəlkə də səhv etmiş olmaram… Oxucu sevgisi qazanan şeirlərlə gəlib desəm, yenə bir-birini tamamlayan fikirlər söyləmiş olaram…
Onun ilk oxuduğum şeirlərinə əsaslanıb bu fikri yazıram… Ancaq elə yaradıcılığının ilk illərindən onun Vətən, dövlət, xalq sevgisi gur, çağlar bir ömrə çevrildi, bu ömür misra-misra, dalğa- dalğa ömrümüzə qarışdı…Bu ömür Vətən müharibəsində qazandığımız qələbəyə də mənəvi töhfəsini verdi… Bu ömür qardaş ölkələrdən gələn yardımlarda da göründü…
Şahmar milli maraqlarımıza, tarixi dərdlərimizə söykək şeirləri ilə, ədəbiyyatımıza yeni bir nəfəslə gəldi. Türk xalqlarının birliyinin qorunmasının gərəkliyini, bir-birinə qılınc çəkən qardaş millətlərin faciəsini dilə gətirdi…
Utanım yerinə Əmir Teymurum,
Əzdin Bəyazidi, qırdın Tatarı…
Sənin zəfərinlə sındı qürurum,
Yadlara qul oldu yurd balaları..
Şah babam Xətayi, ey Sultan Səlim,
“Çaldıran” deyəndə odlanıram mən..
Əsrlər keçsə də düzəlmir belim,
Sizin yerinizə utanıram mən..
Böyük məclislərdə, 1989-cu ildə Qırgızstanda keçirilən bir yubiley düzənindəki çıxışı ilə türk dünyasının böyük təəssübkeşi kimi tanındı. Türkiyəli qələm adamları: Şahmar bizim sərhədsiz ruhumuzdu- dedilər. Bizim deyəndə, əlbəttə, bütöv türk dünyası nəzərdə tutulur.
Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk poeziyasından keçib gələn vətəndaş yanğısı Şahmar Əkbərzadə şeirində özünəməxsus ifadəsini tapdı.Hətta Bəxtiyar müəllim yeri gələndə Şahmarın şeirlərindən nümunələri əzbər deyirmiş…
Torpaqlarımızın işğalına etraz şair harayına çevrilir, özünü, soydaşlarını ittihama çevrilir, yanar ürəkdən qopub gələn şeirlərə çevrilir… Arada nisbi sakitlik yarananda, özü-özü ilə tək qalanda yenə sakitləşmir:
Qırxqız dərdin dənizləşir,
Gəlin qayan kənizləşir.
Ta Şuşan da Təbrizləşir,
Döy başına, yan, ay Şahmar!
Bəzən dərdini-kədərini də dünyaya ünvanlayır, zülmü, əzabı insanlardan əsirgəməyən dünyaya “sağ olsun deyir,minnətdarlıq da bildirir”, bəs bu necə sağ oldu, necə minnətdarlıqdı?..
Zülmümü taxtından heç endirmədi,
Dərdimin gözünü nəmləndirmədi.
Sağ olsun, qəmimi qəmləndirmədi,
Mindirdi qəmimi hörmətə dünya.
Cövrümə olmazın hörmət eylədi,
Cəfamı ağ günə qismət eylədi,
Neçə yurd-yuvamı qürbət eylədi,
Tanıtdı yaxamı qürbətə dünya.
Vətəndaş qayğılarının, narahatlığının, etrazının lirika vasitəsi ilə ifadəsi Şahmar Əkbərzadə şeirində örnək sayılacaq səviyyədədi. Şahmar Əkbərzadə poeziyası dəyərlər uğrunda mübarizə poeziyasıdı…
Adamlar itirir adamlığinı,
Adam təlxək olur, Allah amandır!
…Pulla böhtan deyən böhtançıya bax,
Böhtan çörək olur, Allah amandır!
Yaxud:
Hanı dinimizi bayraq edənlər,
Yanan yox o əsir məbədə, Allah!
Cihaddan yayınıb Həccə gedənlər
Səndən nə istəyir Kəbədə, Allah?
Şeirlərində mürəkkəbi qeyrət olan qələmdən, min kişiyə papaq olan qadın,qız ləçəyindən yazır… Tariximizə nəzər salır, sanki bu günümüzü də görür, bizdən ayıqlıq, sayıqlıq istəyir:
Gizli tələ qurur ölkə ölkəyə,
Dövlət ovlamağa dövlət axtarır.
90-cı illərin əvvəlində gedən Qarabağ döyüşlərinə münasibət bildirir. Çəkinmədən, cəsarətlə gerçəkliyi yazır. Bizi silkələyir, haqlı olaraq, bizdən baş verənlərə tənqidi münasibət istəyir. Mühitin saflaşmasına ehtiyacdan yazır:
Haqq savaşı dönüb alış-verişə,
Kasıb-kusub mat qalıbdı bu işə.
Aman Allah, döyüşə bax, döyüşə,
Satqınıyla qəhrəmanı bilinmir…
“Armud ağacı” şeiri Mirzə Ələkbər Sabirin nəfəsi duyulan şeirlərindəndi, “özümüzə əngəl kələf” olmağımızı, nöqsanlarımızı dilə gətirir. Bu şeir özünüittiham, özünütənqid və duruluğa çağrış şeiri kimi dəyərlidi…
Lirik duuğuların təravətli ifadəsı, dil gözəlliyi, incə duyum Şahmar Əkbərzadəni klassiklərlə bir sıraya gətirir.
Xəlqi ifadələr, könül çırpıntılarının bədii təqdimi oxucunun varlığına yol tapır, nə vaxtsa yaşadığı kövrək duyğuları ona yenidən yaşadır.
Sənin tilsimindən çıxa bilmirəm,
Neyləyim bu eşqi boğa bilmirəm,
Yolundan gözümü yığa bilmirəm,
Gözdağın mənimdir, gözün özgənin.
…Şahmara vəfandan cəfan nurludur,
Baharın şaxtalı, yayın qarlıdır,
Həsrətin özündən etibarlıdır,
Həsrətin mənimdir, özün özgənin.
Sevgisində Fərhad kimi fədakardı, sədaqətlidi Şahmar.
Məndən küsmə, gül nəfəsin tövşüyər,
Sənə baxıb bənövşələr pörşüyər,
Dayan, gülüm, qədəmlərin üşüyər,
Kirpiyimi qədəminə sərim qoy.
Əksər şeirlərində xalqın dərdini, güzaranını dilə gətirir, çoxları bunu yazmağa bəlkə də cürət etməz, ancaq Şahmar yazır:
Qanun-qaydalarla özəlləşir qəm,
Qızıllar cəhənnəm, dollar cəhənnəm,
Samana çevrilən pullar cəhənnəm,
Ülfətə girişir inflyasiya.
Ana haqqı-tanrı haqqı deyib ulu babalarımız. Şahmar dörd misralıq şeirində ana itkisinindən yazır. Yaxından, uzaqdan keçən yolçulara xitab edir… Burada onu, anasının pak ruhunun keşiyində dayanan bir oğul kimi görürük…
Yolçu, ayaq saxla bircə saniyə!
Demirəm yanğıma gözündən yaş tök…
Anamın pak ruhu şad olsun deyə,
Gedib öz ananın önündə diz çök!
Bu misralarda ana qədri bilən, başqalarından da bu münasibəti gözləyən oğul var, insanlıq, böyüklük, ululuq var-Şahmar var…
Şahmar Əkbərzadə şeirinin məna-məzmunu, dil-üslub incəliyi, səmimiyyəti, Vətən qayğıları ilə sözün həqiqi mənasında, klassik qələm sahibinə çevrilir…
Sözümü Şahmara həsr etdiyim misralarla tamamlamaq istəyirəm:
“Türk Edebiyatı Dergisi” 50 Yaşında! 579 – cu say işıq üzü gördü. Bu münasibətlə dəyərli qələmdaşlarımız Serhat Kabaklı və İmdat Avşarı, bütün oxucularımızı, doğma, şipşirin ana (həm də ata) dilimizdə oxuma-yazma bacaran hər kəsi təbrik edirəm. Yeni ilimiz xeyirli-uğurlu olsun!