Etiket arxivi: SAMİR İMANOV

SAMİR İMANOV ZİYADAR MÜKAFATINA LAYİQ GÖRÜLÜB

Diplomu doğrulama lingi:>>>LAUREATLAR

Samir İmanov “Zəif əzələ güclü iradə” adlı kitabının işıq üzü görməsi münasibəti ilə “Yazarlar” jurnalı tərəfindən hər müəllifə yalnız bir dəfə verilən “Ziyadar” Mükafatına layiq görülüb. Müəllifi təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!!!

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Uğurlu  karyera – Samir İMANOV

Samir İMANOV – yazar.

Uğurlu  karyera

Deyirlər sevgi əngəl tanımır. Lakin təkcə sevgi deyil savad, elm, istedad da əngəl tanımır. Əgər bir insan bacarıqlıdırsa istənilən fiziki vəziyyətdə, nə qədər problemlə qarşılaşır-qarşılaşlsın, qarşısına qoyduğu məqsədə çatacaq. Evdə oturub gələcək üçün plan hazırlamaq, xəyal qurmaq çox asandır. Lakin bu planı həyata keçirtməyə cəhd etmək, arzuları reallaşdırmağa çalışmaq isə tamam başqa bir şeydir. Xəyalını qurduğunuz həyatı yaşamaq istəyirsinizsə hərəkətə keçməlisiniz. Məqsədinizə çatmaq üçün nədənsə başlamalısınız. Uğurlu kayrera qurmaq üçün sabahı gözləməyin. Bu gündən fəaliyyətə başlayın. Unutmayın ki hər bir işi vaxtında görmək, problemləri vaxtında həll etmək, baryeri vaxtında aşmaq lazımdı. Vaxtında aşmasan baryerin bu tərəfində də qalacaqsan. Edə bilmədiyiniz bir şey varsa ruhdan düşmək əvəzinə cəhd edin. Əgər bir işi başqaları kimi edə bilmirsinizsə, öz üsulunuzu tapın. İnsan əzmkar olmalıdır. Gələcəyini yaratmağa çalışmalıdır. Məqsədiniz özünüzə əlçatmaz görünə bilər, lakin əlinizi ağdan qaraya vurmadan bir şeyə nail ola bilməyəcəksiniz. Gələcəyinizi xəyalınızda canlandırın, nə etmək istədiyinizi dəqiqləşdirin, əsaslandırılmış plan hazırlayın və qətiyyətlə işə başlayın. Addım-addım yüksələcəyinizi, irəli gedəcəyinizi görəcəksiniz. Hədəfinizə çatmağa mane olan və öhdəsindən gələ bilməyəcəyinizi düşündüyünüz problemlər, çətinliklər, maneələr bəlkə də sizin düşündüyünüz qədər də çətin deyil. Unutmayın ki, karyera və təlaş bir arada ola bilməz. Sakit olmağınız və problemin həlli yollarına doğru addımlar atmağınız lazımdır. Məşğul olmaq istədiyiniz iş haqqında bacardığınız qədər çox məlumat toplamağa çalışın. Bu məqsədlə mütəxəsislərdən və internetdən faydalanın. Yeni məlumat, qaynaq və təcrübələri hər zaman dəyərləndirin və yararlanın. Hədəf və ya arzunuz ilə bağlı hər şeyi öyrənin, oxuyun, araşdırın, dinləyin və təcrübədən keçirin. Bunu da unutmayın ki hər şey 100 faiz planlaşdırdığınız kimi olmayacaq. Qarşınıza yeni-yeni və gözlənilməz problemlər, çətinliklər çıxacaq. Planınızda dəfələrlə düzəlişlər, yeniliklər edəcəksiniz. Lakin bütün bunların sizi yolunuzdan döndərməsinə, məqsədinizdən uzaqlaşdırmasına imkan verməyin. Qarşınıza qoyduğunuz hədəfə gizli xəzinə kimi baxın. Hədəfinizə çatmaq üçün tərtib etdiyiniz planı gizli xəzinənin xəritəsi kimi görün və düşünün ki bu plan tam olaraq reallaşdıqda siz böyük bir xəzinə tapacaqsınız və saysız-hesabsız qızıl və digər bahalı daş-qaşa sahib olacaqsınız. Biliyinizi və peşə bacarığınızı daimi olaraq inkşaf etdirin, təkmilləşdirin. Performansınızı yüksəltmək üçün daim öz üzərinizdə çalışın. Daim yeni fürsətlər, yeni qazanc yolları axtarın. Tənbəllik etməyin. Fərasətli olun, özünüzə inanın. Ətrafınızdakı dünya haqqında davamlı öyrənməyə davam edin və əsla dayanmayın. Sizi maraqlandıran şeylər haqqında oxuyun, dinləyin və araşdırın. İstədiyinizi əldə etmək üçün işinizi şansın öhdəsinə buraxmağınız heç də məntiqli deyil. Əlilliyim var deyib bu həyatdan küskün olmağa ixtiyarınız yoxdur. Bu həyatda sizə yaşamaq şansı verilib. Necə yaşamaq seçimi isə sizin ixtiyarınızdadır. Əgər əlilliyinizlə barışsanız yaşamaq və yaratmaq sizin üçün daha asan və rahat olacaq. Fiziki məhdudiyyətinizə imkan verməyin ki, sizi xoşbəxt yaşamaqdan məhrum etsin. Hər kəsə və hər şeyə inad arzularınızı reallaşdırın. “Sən bacara bilməzsən”, “sən hara, bu iş hara”, və s. kimi ifadələrin hər birini beyninizdən çıxardın. Kimdənsə nəsə gözləməyin. Nə yardım, nə qayğı, nə sevgi, nə ümid, nə dəstək. Heç kimə ağız açmayın. Özünüzə güvənin, özünüzdən yapışın, öz bazanızı doldurun. Oradan istifadə edin. Ağaca budaq yox, budağa qonan Göyərçin olun. Bilin ki budaq qırılsa belə, sizi “ağac” deyil, güvəndiyiniz qanadlarınız xilas edəcək. Fərqi yoxdur, hansı peşəyə yiyələnmək, hansı işlə məşğul olmaq istəyirsiniz. Önəmli olan qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün onun uğrunda inadla, səbrlə, ağılla, inamla və intizamlı mübarizə aparmaqdır. Unutmayın ki qarşınıza böyük hədəflər qoysanız əngəllər sizə mane olmayacaq. Əgər qarşınıza məqsəd qoymasanız iş həyatınızda uğur qazana bilməzsiniz. Nə istədiyinizi və hara getdiyinizi bilməsəniz heç bir şey əldə edə bilməzsiniz. Zamanı düzgün dəyərləndirin. Vaxtdan düzgün istifadə edə bilsəniz uğur qazanacaqsınız. Siz onsuzda hal-hazırda heç bir iş görməməklə vaxtınızı boş yerə itirirsiniz. Uğur qazanmaq üçün motivasiya çox əhəmiyyətlidir. Bir vərəqdə gələcəyinizi yazın. Gələcəkdə görmək istədiyiniz işi, yaşamaq istədiyiniz yeri və sahib olmaq istədiklərinizi yazın. Özünüzü haralarda görməyiniz çox vacibdir. Xəyalını qurduğunuz həyat və iş üçün bütün mümkün imkanları taparaq, istiifadə etməyə çalışın. Ənənəvi üsullardan istifadə etməklə bərabər, yeniliklər etməyi də unutmayın. Yaradıcı və rəngarəng işlər görmək lazımdır. Buna görə də yeniliklər edə biləcək, özünüzü dəyişdirə və təkmilləşdirə biləcək qədər cəsur olun. Cəsarətli olsanız uğur qazanacaq və həyatınızı yaxşılığa doğru dəyişəcəksiniz. Özünüzə inanın, iradəli, cəsarətli olun və istədiyiniz nəticəni əldə edin. Özünüz üçün mükafatlar müəyyənləşdirin. Hədəfinizə nail olduqda və ya kiçik də olsa bir nailiyyət qazandığınız zaman özünüzü mükafatlandırın. Çox çalışdınız və buna layiq oldunuz. Unutmayın ki İşlərin yolunda getmədiyi, özünüzü pis hiss etdiyiniz günlər də olacaq. Əsas odur ki problemləri dərd etməyin, həll edin. Əgər Bu gün bilik və bacarığınızı artırmağa başlasanız, 6 ay sonra bacara biləcəyiniz və arzuladığınız bir çox şeyə sahib olacaqsınız. Hansısa bir işdə uğur qazanmağın düsturu da çox sadədir əslində 1.Qarşına bir məqsəd qoy  2.Məqsədinlə bağlı geniş məlumat topla 3.Məqsədə çatmaq üçün məntiqli və savadlı plan tərtib et 4.Planın icrasına başla.

Rasim Məmmədov, İlham Məhərrəmov, Amid Həsənquliyev, Aqil Məmmədov, Mətanət Qüdsi, Nərmin Hümbətzadə, Cavad və Qubad Qasımov qardaşları, Asif Qasımov, Aybəniz Nəsirova, Bəhruz Mirzəyev və adını yazmadığım yüzlərlə əlilliyi olan insanlar da sizin qarşılaşdığınız əngəllərlə, problemlərlə, çətinliklərlə qarşılaşırlar. Ancaq sizdən fərqli olaraq bu insanların həyatı sizinki kimi yalnız əngəllərdən və baryerlərdən ibarət deyil. Onlar öz savadları ilə, bacarıq və istedadları ilə, qətiyyət və əzmkarlıqları ilə, yüksək insani keyfiyyətləri ilə böyük hörmət və rəğbət qazanmışlar.

P.S İstəyirəm ki əlilliyi olan şəxslər əngəlləri əngəl kimi görməsinlər. Bir probemlə qarşılaşdıqda “Ok, mənim problemim var” deməsinlər. Həyata fərqli baxsınlar. Daha pozitiv, daha nikbin baxsınlar. Yalnız irəliyə doğru can atmaq istəsinlər. Yerlərində saymasınlar. Ümid edirəm məhs belə də olacaq.

Müəllif: Samir İMANOV

SAMİR İMANOVUN YAZILARI
“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

REAL ƏHVALAT – SAMİR İMANOV YAZIR

Samir İMANOV – yazar.

REAL ƏHVALAT
Rasimin gözü televizorda olsa da, fikri saatın yanında idi. Babası dünən söz vermişdi ki, bu gün saat ikidə gəlib, onu gəzməyə aparacaq. On iki yaşlı Rasimin ən sevdiyi şey babası ilə gəzməyə getmək idi. Çünki həmin gün xeyli əylənirdi. Babası onu şəhərin gəzməli-görməli yerlərinə aparır və ona müxtəlif hədiyyələr alırdı. Saat iki olmasına baxmayaraq, baba gəlib çıxmaq bilmirdi. Dəqiqələr irəlilədikcə Rasimin həyəcanı daha da artırdı. Yerində qərar tuta bilmir, tez-tez pəncərədən həyətə boylanırdı. Nəhayət, saat üçün yarısı babasının gəlişiylə hər şey öz qaydasına düşdü. Evdən çıxarkən baba soruşdu:
– Əvvəl hara gedək?
– Zooparka.
Babasıyla gəzinti Rasimin ürəyi istədiyi kimi gedirdi. Bir neçə dəfə zooparkda olsa da, hər dəfə bura gələndə sanki nağıllar aləminə düşürdü. Vəhşi heyvanlara tamaşa etdikcə, özünü gah Mauqliyə, gah da digər cizgi film qəhrəmanlarına bənzədirdi. Zooparkda heyvanlara tamaşa etdikdən sonra, babası onu geyim dükanına apararaq şalvar və köynək aldı. Sonra əyləncə mərkəzinə gedərək, doyunca əylənəndilər. Rasim bərk acdığını hiss etdi və babasıyla birgə kafelərin birinə yollandılar. Qarnını doyurub parkdakı oturacaqlardan birinə əyləşən Rasim babasının aldığı dondurmaları yeməyə başladı. Bir xeyli keçmişdi ki, 45-50 yaşlarında kök bir kişi Rasimin babasına salam verərək, onların yanında əyləşdi. Rasimin başını sığallayıb dərindən nəfəs alaraq dedi:
– Bu gün çox gözəl hava var. Adamın könlü açılır.
Dondurma yeyə-yeyə, parkdakı insanlara tamaşa edən Rasim birdən əlini irəli uzadıb dedi:
– Baba çolağa bax. Deyəsən, biz tərəfə gəlir.
Babası Rasimin göstərdiyi tərəfə baxaraq, əlil arabasında parkda gəzişən ortayaşlı oğlanı görüb dedi:
– Ona çolaq demə, ağıllı nəvəm. Eşitsə, xətrinə dəyər.
– Niyə xətrinə dəyər ki? – Rasim çaşqınlıqla soruşdu. – Bəs nə deyim?
– Əlilliyi olan insan de, fiziki məhdudiyyətli insan de, ya da əngəlli insan de. Amma heç vaxt bu cür insanları görəndə “çolaq”,“şikəst”,“topal” kimi sözlərdən istifadə etmə. Gözləri görməyən bir insan haqqında danışanda “kor” yox, görmə əngəlli insan de. Bunu yadından çıxartma mənim ağıllı nəvəm, “əlil” fiziki problem səbəbiylə hərəkət qabiliyyəti məhdudlaşan şəxsdir. “Əlillik” isə insanın hərəkətini əngəlləyən və ya məhdudlaşdıran bir anlayışdır.
– Baba, niyə “çolaq”, “şikəst” sözləri bu insanların xətrinə dəyir ki? – Söhbət get-gedə Rasimi maraqlandırmağa başlamışdı.
– Çünki bu sözlər qədim zamanlardan bu günümüzə kimi məhz təhqiredici ifadələr kimi işlənmişdir. Əgər bir nəfər öz işini natamam görərsə, məsələn, əlindəki qabı yerə salıb sındırarsa, ətrafdakı insanlar ona irad tutmaq, onu danlamaq və hətta təhqir etmək üçün ona “topal” və ya “çolaq” deyərlər və bunu çox vaxt sual şəklində işlədirlər. Məsələn: “Filan şeyi niyə sındırdın? Ehtiyatlı ol də, topalsan?” və ya “Filan şeyi niyə xarab elədin? Çolaqsan?” Biri o birisinin fiziki probleminə lağ etmək üçün çox zaman “şikəst” və ya “çolaq” deyir. Deməli, bu sözlər həm də lağ etmək mənasında işlədilir. Heç “Fiziki qüsurlu” sözünü eşitmisən?
– Hə. Dünən televizorda eşitdim. – Bütün diqqəti babasının yanında olan Rasim fikirli-fikirli cavab verdi.
– Bu jurnalistlər nə vaxt bu mənfi xüsusiyyətlərindən əl çəkəcək, bilmirəm. – Baba əsəbi halda öz-özünə pıçıldayıb, sözünə davam etdi. – Əlilliyi olan insanlar haqqında danışarkən bu sözü də işlətmək olmaz. Çünki …
– “Fiziki qüsurlu” sözünü niyə işlətmək olmaz, baba ? – Rasim babasının sözünü kəsib soruşdu.
– Çünki orada “qüsur” sözü var. “Qüsur” isə “eyib” deməkdir, “anormal” deməkdir, “yarımçıq” deməkdir, “istifadəyə yararsız” deməkdir. Bu sözləri isə fiziki vəziyyətindən asılı olmayaraq, heç bir insana yaraşdırmaq düzgün deyil. İnsanların istəyindən asılı olmayaraq, bədənlərində yaranan problemlər qüsur sayılmır. Əsl qüsur yalançılıqda, pislik etməkdə, mərdiməzarlıqda və ya spirtli içkilərə meyl etmək kimi xoş olmayan şeylərdə ad çıxartmaqdır ki, insanlar bunları bilərəkdən və istəyərəkdən edirlər.
– Oldu baba. Bu gündən sonra əlil arabasında oturan insanla danışanda, ona “Əlilliyi olan insan” deyə müraciət edəcəm.
– Yox mənim şirin nəvəm. “Əlilliyi olan insan” kəlməsini əlil arabasında oturan adamla danışanda yox, onun haqqında bir başqası ilə danışanda işlətməlisən. Əlilliyi olan insanla danışdığın zaman isə, sağlam insanlara necə müraciət edirsənsə, elə etməlisən. Məsələn, yaşca səndən böyükdürsə, əmi və ya xala, müəllim və ya xanım deyə müraciət edə bilərsən.
Bu zaman onların yanında oturan kişi dilləndi:
– Ağsaqqal, uşağı niyə yorursan? Onsuzda sənin o əlil dediyin şikəst insanların yanında çox vaxt yaxınlarından kimsə olur. Ən əsas da kor insanların yanında. Nə lazımdırsa, şikəstin yaxınlarıyla danışırıq. Uşağı burax, qoy gedib oynasın. Onun nə yaşı var ki, beynini belə şeylərlə yorursan.
– Nəvəmin artıq 12 yaşı var. Burada dediklərim də onun bilməsi vacib olan şeylərdir. Elə sənin özün də çox şey öyrənməlisən.
Kök kişi qəh-qəhə çəkib güldü:
– Mənim artıq 48 yaşım var. Bundan sonra öyrənmək nəyimə lazımdır? Bir də eşitməmisən ki, “Qırxında öyrənən gorunda çalar?”
– Yox qardaşoğlu. Sən də öyrənməlisən. Ona görə öyrənməlisən ki, bilmədən bir əlilliyi olan insanın xətrinə dəyib, özünü pis vəziyyətdə qoymayasan. Ona görə öyrənməlisən ki, gələcəkdə sən də öz nəvənə qızıldan qiymətli nəsihətlər verə biləsən. Əlillik məsələsinə gəlincə isə onu deyim ki, əlilliyi olan insanla danışmaq istəyirsənsə, onun yanında müşayətçi olsa belə, əlil insanın özüylə danışmalısan. Səninlə danışmaq istəyən bir nəfər səni heçə sayaraq, sənə demək istədiyi sözləri yanındakı şəxs vasitəsiylə sənə çatdırmaq istəsə, bu sənin xoşuna gələr?
– Yox. – Kök kişi könülsüz-könülsüz dilləndi.
– O zaman özünü əlilliyi olan insanın yerinə qoy və buna görə hərəkət elə. O ki, qaldı görmə əngəlli insanlara, onlarla ünsiyyət yaratmağın da xüsusi qaydaları var. Məsələn, görmə əngəlli insanlarla ilk dəfə görüşdükdə hətta səni tanısa belə, yenə də özünü təqdim elə. Qrup şəklində söhbət edilirsə, hər bir kəs sözə başlamamışdan qabaq mütləq özünü təqdim etməlidir və hətta kimə müraciət etdiyini də bildirməlidir.
– Onlara qarşı necə münasibət göstəririk-göstərək, şikəst elə şikəstdir. Dövlətdən havayı pensiya, ev, maşın, xüsusi güzəştlər alanda güya bilmirlər ki, bütün bunları şikəst olduqlarına görə alırlar? Əgər belədirsə, mənim bir sözümə görə niyə inciməlidirlər ki? – Kök kişi dediklərində israr etməyə başladı.
– Əlilliyi olan insanların bir çox sahədə xüsusi qayğıya ehtiyacı var, bu danılmazdı. Amma bu sənə nə əsas, nə də ixtiyar vermir ki, bu kateqoriyalı insanlarla istədiyin tərzdə danışasan, istədiyin hərəkəti edəsən. Fiziki fərq hər bir insanda olur. Boyunun ölçüsündən, bədəninin çəkisindən, sifətinin quruluşundan, dərisinin rəngindən, ümumiyyətlə, heç bir fiziki fərqlilikdən asılı olmayaraq, hər bir insana hörmətlə yanaşılmalıdır. Bu gün əlilliyi olan insanların cəmiyyət içinə çıxa bilməməsinin əsas səbəblərindən biri də sənin kimi düşünən insanların əngəlli insanlara qarşı olan yanaşma tərzidir. Nəinki fiziki məhdudiyyətli, ümumən, fiziki cəhətdən fərqli görünən insanlara qarşı cəmiyyətimizdə birmənalı olmayan münasibət, birbaşa olaraq, əlilliyi olan insanlara mənfi təsir göstərir və onların sosial işlərdə aktivliyini azaldır. Çox təəssüf ki, bir çox insanlar ictimai yerlərdə əlilliyi olan insan gördükdə, buna qəribə hal kimi baxırlar. Hətta bəziləri “Bunun burada nə işi var? Bu vəziyətdə nə vacib idi?” kimi sözlərlə əlilliyi olan insanı qınayaraq, ona rişxənd edirlər.
– Ağsaqqal dəhşətsən ee. Başqa nə deyilməlidi ki? Bu şikəst insanın çöl…
– Əlilliyi olan insanın! – Rasimin babası qətiyyətlə dilləndi.
– Yaxşı, olsun əlil. Bu əlil insanın çöldə-bayırda nə işi var? Hava almaq istiyir? Eyni havadı dəə, otursun eyvanda istədiyi qədər hava alsın. Day bu vəziyyətdə bu qədər əziyyəti niyə çəkir? Təhsil almaq üçün desən, inandırıcı deyil. Evdə təhsil məktəbləri bunlara evlərində təhsil verir. İşləməklə bağlıdır desən, heç inandırıcı deyil. Bu dəqiqə qollu-qüvvətli sağlam insanlar iş tapmaqda çətinlik çəkirlər, əlil arabasında oturan biri nə işlə məşğul olacaq ki? Əgər darıxırlarsa, bunun üçün yüzlərlə kanalı olan televizor var, kitablar var. Mən hələ kompyüteri demirəm. İstədikləri qədər başlarını qatıb, vaxtlarını öldürmək üçün vasitələr var. Məncə bu insanlar sadəcə olaraq nə istədiklərini bilmədiklərinə görə küçəyə çıxaraq özlərinə əziyyət verirlər və onları qınayanlar haqlıdırlar.
– Soruşursan ki, nə deyilməliydi? “Bu vəziyətdə nə vacib idi ki, çölə çıxmısan?” demək əvəzinə, “Yaxşı eləyib gəzməyə çıxmısan. Adam evdə oturduqca ürəyi sıxılır” demək lazımdır. bu yaxınlarda bir nəfərdən çox gözəl bir şüar eşitdim: “Əlillərin qarşısında əngəl olma. Ya yol çək, ya yoldan çəkil!” Əgər hava eynidirsə, bəs sənin burda nə işin var? Eyvanda oturub hər gün gördüyün mənzərəni seyr edə-edə hava alardın da özün üçün. Sənin fikirləşdiyinin əksinə olaraq, əlilliyi olan insanlar nə elədiklərini çox gözəl bildikləri üçün cəmiyyət arasına çıxırlar. Mən çox sayda fiziki məhdudiyyətli insan tanıyıram ki, məşğul olduğu sahədə öz işinin peşəkarına çevrilib. Onlar fiziki məhdudiyyətlərini kompensasiya etmək üçün öz işlərində sağlam insanlardan bir baş üstün olmağa çalışırlar ki, buna görə də öz üzərlərində daha çox çalışırlar və özlərini məşğul olduqları sahədə daha çox inkşaf etdirirlər. Bunların arasında rəssam da var, mühəndis də, yazıçı da. Mənim bir tanışım görmə əngəlli olduğu halda 25 ildir ki, tarix müəllimi işləyir. Mən hələ idmançılardan danışmıram. Ümumiyyətlə isə fiziki məhdudiyyəti ola-ola uğur qazanan insanlar kifayət qədərdir. Tarixə nəzər salsaq, Əmir Teymur, Avraam Linkoln, Helen Keller və Van Bethoven kimi şəxsiyətləri görə bilərik. İndiki zəmanəmizdə isə Azərbaycanın fəxri İlham Zəkiyevin, bir ayağı olmadığı halda çox gözəl rəqs etməyi bacaran Hindistanlı Sudha Çandranın, dünyanı heyran qoyan fizik-nəzəriyyəçi, Böyük Britaniyalı Stiven Hokinqin, İistedadlı rəssam, türkiyəli Əşrəf Armağanın adlarını çəkə bilərəm. Məncə bu insanlar isti hava şəraitinə, torpağın və suyun olmamasına baxmayaraq, səhrada çiçək açmağı bacaran qızılgülə bənzəyirlər. Mümkünsüzü mümkün edə bildikləri üçün. Sənin kimi düşünən insanlarda əlil insanlara qarşı olan mənfi münasibəti, fikir və düşüncəni mütləq şəkildə dəyişmək lazımdır ki, bu kateqoriyadan olan insanlar ictimai yerlərdə və toplum arasında özlərini rahat hiss etsinlər.
– Bu qədər insanın fikrini necə dəyişəcəksən?
– Əlilliyi olan insanlara qarşı olan mənfi yanaşma tərzini dəyişmək üçün telekanallarda əngəlli insanlara həsr olunmuş xüsusi verlişlər təşkil edərək, bu insanların müsbət tərəflərini göstərmək və bu insanları cəmiyyətə düzgün şəkildə təqdim etmək lazımdır. Tək televiziyada deyil, radioda, qazetdə və internet səhifələrində əlilliyi olan insanlar barəsində məlumatverici və maarifləndirici məlumatlar yayımlamaqla bu insanların təbliğatına geniş şərait yaradılmalıdır. Orta məktəb müəllimləri həftədə heç olmasa 20 dəqiqə vaxt ayıraraq, şagirdlərə əlillik və əlil insanlar haqda məlumat verməlidirlər. Ali məktəb ocaqlarında tələbələrlə bu mövzu ətrafında mütəmadi müzakirələr aparılmalıdır. Əlilliyi olan insanlarla sağlam insanlar arasında tez-tez görüşlər təşkil edilməlidir. Əgər bunlar olarsa, yaxın gələcəkdə fiziki məhdudiyyətli insanlara qarşı münasibət indikindən qat-qat yaxşı olacaq.
Söhbətin bu yerində əlil arabasında oturan insan onların yanından keçərkən ehtiyatsızlıq etdi və arxa təkərlərlərdən biri səkidən çıxaraq torpağın üstünə düşdü. Rasim dərhal “mən kömək edərəm” deyib, irəli qaçmaq istəyərkən, babası onun qolundan tutub saxladı.
– Hara gedirsən?
– Əlilliyi olan insanın arabasının təkəri torpağa düşüb. Arabadan tutaraq onu səkinin üzərinə qaldıracam.
– O səndən kömək istədimi?
– Yox. – Rasim çaşqınlıqla dilləndi. – Amma onun köməyə ehtiyacı var.
Arabada oturan oğlan təkəri çox rahatlıqla səkinin üstünə çıxara bilsə də bunu etmədi və maraqla söhbəti dinləməyə başladı.
– Mənim qəşəng nəvəm. – Baba aramla sözə başladı. – Əlilliyi olan insana kömək etmək istəyirsənsə, ilk növbədə öz köməyini təklif etməlisən. Sonra onun köməkliyi qəbul edib-etməyəcəyini gözləməlisən. Onun icazəsi olmadan və istədiyin şəkildə kömək edə bilməzsən. Bu ona zərər verə bilər. Əgər sənin köməyini qəbul etsə, ondan nəyi nə cür etməyi soruş və onun verdiyi təlimatlara əməl et.
– Kömək etmək üçün də onun-bunun minnətini götürəcəyik? – Kök kişi yenə söhbətə qoşuldu. – Arabadı dəə, arxadan qaldırıb, bir az kənara çəkəcəksən. Buna görə icazə almaq lazımdır?
– Bunu unutmaq olmaz ki, əlil arabası onun üzərində oturan insanın şəxsi əmlakıdır. Ondan istifadə edən şəxsin icazəsi olmadan əlil arabasından istifadə etmək, üzərinə hər hansısa yük qoymaq, onu yerindən tərpətmək, bir sözlə, ona toxunmaq olmaz. Əlil arabasını icazəsiz sürmək, onun üzərində oturan insanı özünün könlü olmadan bir yerdən başqa yerə aparmaq deməkdir ki, bu da ədəbsizlikdir. Bir daha təkrar edirəm. Əlilliyi olan insana kömək etmək üçün öncə soruşmaq, sonra da onun dediyi təlimatlara əməl etmək lazımdır.
– Bəlkə heç o normal danışa bilmir? – Kök kişi adəti üzrə israr etməyə başladı. – Uşağın işini niyə çətinə salırsan? Qoy getsin köməyini eləsin. – Uşağa müraciətlə: – Get oğlum, get kömək elə.
– Əgər əlilliyi olan insan çətinliklə danışırsa, onu axıra kimi səbrlə və diqqətlə dinləmək və öz fikrini sizə çatdırmasına imkan vermək lazımdır. Onun ifadə tərzinə düzəliş vermək və ya nitqini tamamlamaq ədəbsizlikdir.
– Dəhşətsən ee ağsaqqal!
– Bu hələ hamısı deyil. Əlil arabasında oturan biriylə söhbət edərkən elə dayanmaq lazımdır ki, o söhbət boyunca sizə aşağıdan-yuxarıya baxaraq boynunu incitmək məcburiyyətində qalmasın və ən əsası sizin üzünüzü aydın şəkildə görə bilsin. Qulağı yaxşı eşitməyən biriylə söhbət edərkən, əl işarəsiylə onun diqqətini özünüzə cəlb edin və çalışın sözləri aramla və aydın şəkildə deyəsiniz. Qrup halında olan görmə əngəlli insanlarla söhbət edərkən, hər dəfə müraciət etdiyiniz şəxsin adını çəkməlisiniz. Yerinizi dəyişmişsinzsə, ona bu haqda məlumat vermək lazımdır ki, boşluqla danşmaq məcburiyyətində qalmasın. Hər hansısa bir əşyayın yerini görmə əngəlli insana deyəndə, dəqiq ifadələrdən istifadə etmək lazımdır. Məsələn, “Ehtiyatlı ol. Qarşıda pilləkən var” demək əvəzinə, “Ehtiyatlı ol. Səndən üç addım irəlidə pilləkən var” demək lazımdır. – Nəvəsinə müraciətlə: – Get kömək elə ağıllı balam. Amma dediklərimi unutma!
Rasim əlil arabasında oturan oğlana yaxınlaşdı:
– Salam əmi. Arabanızın təkərini səkiyə qaldırmağa sizə kömək edə bilərəmmi?
– Əlbəttə. – Əlil arabasında oturan oğlan səmimiyyətlə dilləndi. – Adın nədir sənin?
– Rasim.
– Mənim isə adım Samirdir. Buyur, kömək elə.
– Bunu necə eləsəm sizin üçün uyğun olar?
– Arabanın arxasındakı qulplardan tutub, azca yuxarı dart və irəli itələ. Çalış, ehtiyyatlı ol. Əlil arabası çox tez sürət götürür. Əgər kimisə əlil arabasında aparırsansa, çalış sürətlə sürmə. Əgər sürətlə sürərkən arabanı qəfil döndərsən və ya saxlasan, onun üzərində oturan adam müvazinətini itirərək, yıxıla bilər.
Rasim arabanı səkinin üzərinə çıxarıb soruşdu:
– Yenə nə isə lazımdır?
– Al bu pulu, mənə su al gətir.
Rasim “Yaxşı” deyərək, su almağa getdi. Arabada oturan oğlan Rasimin babasına yaxınlaşıb dedi:
– Salam dayı. İlk öncə sizə təşəkkür etmək istəyirəm. Kaş ki, hər kəs sizin kimi öz övladlarına və nəvələrinə bu cür nəsihətlər verəydi. Belə olsaydı, bizim də canımız hər addımbaşı təhqir olunmaqdan qurtarardı. Kimi uca səslə “İraq olsun” deyir, kimi nümayişkaranə şəkildə qulağını çəkir, kimisi öz uşağını bizimlə qorxudur, kimisi də kömək etmək istəyərkən nəyi necə eləyəcəyini bilmədiyinə görə bizi daha da pis vəziyətə salır. Bu günləri nəinki öz övladına nəsihət verən, özünün belə bu məsələlər barəsində məlumatı olan insanların sayı çox təəssüf ki, nəzərə çarpacaq dərəcədə azdır.
– Köməyə görə etiraz etməyiniz mənə qəribə gəlir. – Kök kişi dilləndi. – Kimsə sizə yaxşılıq etmək istəyirsə, niyə “çox sağ ol” demək əvəzinə, narazılıq eliyirsiniz?
– Bu gün sağlam insanlar da bir-birilərinə yardım edirlər və yardımlaşmaq çox gözəl bir şeydir. Fiziki vəziyyətindən asılı olmayaraq, ehtiyacı olan hər bir adama imkan daxilində kömək etmək bir insanlıq borcudur. Lakin köməyi necə edəcəyini bilməlisən. Kömək edərkən etikadan kənara çıxmaq və ya qarşı tərəfə zərər vermək olmaz. Təsəvvür edin ki, bərk susamısınız və bir nəfərdən bir stəkan su istəyirsiniz. Həmin adam isə suyu stəkana tökərək sizə uzatmaq əvəzinə, məcburi halda sizin ağzınızı açaraq, suyu boğazınıza tökməyə çalışır. Öz aləmində sizə kömək etmək istəyir ki, susuzluğunuz yatsın. Amma sizə qarşı necə ədəbsizlik etdiyini və sizə zərər verdiyini dərk etmədən sizə irad tutur ki, “Sənə heç yaxşılıq yoxuymuş ki. Budur çox sağ olun?” Təəssüf ki, bu gün bir çox sağlam insanın əlilliyi olan isanlara göstərdiyi kömək təqribən buna bənzəyir.
– Yaxşı, bəs necə kömək etmək lazımdır? – Kök kişi fikirli halda soruşdu. – Necə eləmək lazımdır ki, ürəyinizcə olsun?
– Köməyin edilmə qaydası şəraitə, əlilliyin növünə və ağırlıq dərəcəsinə görə dəyişir. Əlil arabasından istifadə edən insanlara necə kömək etmək lazım olduğunu dayı çox gözəl izah elədi. Görmə əngəlli insanlara kömək edərkən onun əlindən tutub, zorla arxanızca çəkmək olmaz. Ona harada olduğunu təsvir etmək və maneələrə çatdıqca (pilləkən, gölməçə, çökək yerlər, qapı, səki, ağac, dirək, hər hansısa bir əşya, və sairə) onu xəbərdar etmək lazımdır.
Rasim suyu gətirib oğlana verdikdən sonra bir kənarda dayanaraq, onları dinləməyə başladı. Əlil arabasında oturan oğlan sudan bir neçə qurtum içib sözünə davam etdi:
– Əslində mən başqa məsələyə də toxunmaq istəyirəm. Barmaqlarım tam açılmadığı və nisbətən zəif olduqları üçün mən butulkanın qapağını dişimlə açdım və butulkanı ağzıma hər iki əlimlə apardım. Bütün bu proses boyunca Rasim gözlərini qırpmadan məni seyr etdi. Mən başa düşürəm ki, Rasimin yaşı azdır və bu qeyri-ənənəvi hərəkət ona təəcüblü gəldiyi üçün – yəni ki, həyatında ilk dəfə belə bir şeylə qarşılaşdığı üçün qeyri-ixtiyari olaraq, maraqla məni izləyirdi. Əslində isə bunun özündə də etika kodeksi var və hər kəs bunları da bilməlidir. Təbii ki, fiziki məhdudiyyəti olan insan hər hansısa bir hərəkəti qeyri-ənənəvi üsulla etdikdə bu ətrafdakılara qəribə gəlir və onların diqqətini cəlb edir. Amma bu, əlilliyi olan insanlarda çox güclü kompleks hissi yaradır və onlar gördükləri işi yarımçıq saxlamağa məcbur olurlar. Məsələn, əlilliyi olan insan barmaqlarını tam istifadə edə bilmədiyi üçün çörəyi iki əlinin içində tutaraq ağzına apara bilər və ya mənim kimi butulkanın ağzını dişləri ilə aça bilər. Belə hallarla qarşılaşan insanlardan tələb olunan ilk şey budur ki, bu cür situasiyalarla qarşılaşdıqda davamlı olaraq bir neçə dəqiqə əlilliyi olan insana dayanıb baxışlarını zilləməsin. Çünki bu zaman əlilliyi olan insan bütün diqqətlərin onun üzərində olduğunu görərək, utandığından həmin hərəkətini yarımçıq saxlayır və ya bir daha təkrar etmir. Məsələn, yeməyi qeyri-ənənəvi üsulla yeyən fiziki məhdudiyyətli insan sizin baxışlarınızdan kompleksə düşərsə, ac olsa belə, yeməyini yarımçıq saxlayacaqdır. Bu cür hallar kifayət qədərdir və xeyli sayda misal gətirmək olar. Əlilliyi olan insanlar bir çox hallarda ənənəvi hərəkət üsullarından istifadə edə bilmədiklərinə görə, həmin hərəkətləri bacardıqları və öz fiziki vəziyyətlərinə uyğunlaşdırdıqları hərəkətlərlə əvəz edirlər. Ətrafdakı insanlar bu cür hallara soyuqqanlı yanaşmalı və bunda qeyri-adilik axtarmaq əvəzinə, istənilən çətin vəziyyətdə bir yol taparaq, öz ehtiyacını ödəməyi bacaran bu cür insanları təqdir etməlidirlər.
– Əlilliyi olan insanlarla davranış da, ünsiyyət də, hətta kömək etmək belə, xüsusi qaydalar tələb edir. – Kök kişi dilləndi. – Bunların hamısını mənimsəmək, yadda saxlamaq bir tərəfə, bunların hamısına tam dəqiqliklə əməl eləmək bir az müşkül məsələdir. Ümid edirəm, əlilliyi olan insanlar da bunu nəzərə alacaq və hər xırda şeyə görə sağlam insanları günahkar çıxardaraq bizlərdən inciməyəcəklər. – Üzünü Rasimin babasına tutaraq: – Artıq gecdir, mən getməliyəm. Amma getməmişdən qabaq sənə son bir sual vermək istəyirəm.
– Buyurun.
– Samiri başa düşdüm. Vəziyyəti haqda olan məsələlər barəsində məlumatlı olmağı təbiidir. Bəs sən bu qədər məlumatı necə əldə eləmisən? Bircə demə ki, bu həyat təcrübəndən irəli gəlir. Sənin yaşında 200 ağsaqqalı danışdırsaq, yenə də bu qədər məlumat toplaya bilməzdik.
– Təbii ki, yaşıma görə həyatdan çox şey öyrənmişəm. Amma əlilliyi olan insanlarla bağlı məlumatlı olmağımın səbəbi əlillik faktoru üzrə ixtisaslaşmış Qeyri Hökumət Təşkilatının sədri olmağımdır.
Mən getdim. Salamat qalın.

Müəllif: Samir İMANOV

SAMİR İMANOVUN YAZILARI
“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru