Uğurlu karyera
Deyirlər sevgi əngəl tanımır. Lakin təkcə sevgi deyil savad, elm, istedad da əngəl tanımır. Əgər bir insan bacarıqlıdırsa istənilən fiziki vəziyyətdə, nə qədər problemlə qarşılaşır-qarşılaşlsın, qarşısına qoyduğu məqsədə çatacaq. Evdə oturub gələcək üçün plan hazırlamaq, xəyal qurmaq çox asandır. Lakin bu planı həyata keçirtməyə cəhd etmək, arzuları reallaşdırmağa çalışmaq isə tamam başqa bir şeydir. Xəyalını qurduğunuz həyatı yaşamaq istəyirsinizsə hərəkətə keçməlisiniz. Məqsədinizə çatmaq üçün nədənsə başlamalısınız. Uğurlu kayrera qurmaq üçün sabahı gözləməyin. Bu gündən fəaliyyətə başlayın. Unutmayın ki hər bir işi vaxtında görmək, problemləri vaxtında həll etmək, baryeri vaxtında aşmaq lazımdı. Vaxtında aşmasan baryerin bu tərəfində də qalacaqsan. Edə bilmədiyiniz bir şey varsa ruhdan düşmək əvəzinə cəhd edin. Əgər bir işi başqaları kimi edə bilmirsinizsə, öz üsulunuzu tapın. İnsan əzmkar olmalıdır. Gələcəyini yaratmağa çalışmalıdır. Məqsədiniz özünüzə əlçatmaz görünə bilər, lakin əlinizi ağdan qaraya vurmadan bir şeyə nail ola bilməyəcəksiniz. Gələcəyinizi xəyalınızda canlandırın, nə etmək istədiyinizi dəqiqləşdirin, əsaslandırılmış plan hazırlayın və qətiyyətlə işə başlayın. Addım-addım yüksələcəyinizi, irəli gedəcəyinizi görəcəksiniz. Hədəfinizə çatmağa mane olan və öhdəsindən gələ bilməyəcəyinizi düşündüyünüz problemlər, çətinliklər, maneələr bəlkə də sizin düşündüyünüz qədər də çətin deyil. Unutmayın ki, karyera və təlaş bir arada ola bilməz. Sakit olmağınız və problemin həlli yollarına doğru addımlar atmağınız lazımdır. Məşğul olmaq istədiyiniz iş haqqında bacardığınız qədər çox məlumat toplamağa çalışın. Bu məqsədlə mütəxəsislərdən və internetdən faydalanın. Yeni məlumat, qaynaq və təcrübələri hər zaman dəyərləndirin və yararlanın. Hədəf və ya arzunuz ilə bağlı hər şeyi öyrənin, oxuyun, araşdırın, dinləyin və təcrübədən keçirin. Bunu da unutmayın ki hər şey 100 faiz planlaşdırdığınız kimi olmayacaq. Qarşınıza yeni-yeni və gözlənilməz problemlər, çətinliklər çıxacaq. Planınızda dəfələrlə düzəlişlər, yeniliklər edəcəksiniz. Lakin bütün bunların sizi yolunuzdan döndərməsinə, məqsədinizdən uzaqlaşdırmasına imkan verməyin. Qarşınıza qoyduğunuz hədəfə gizli xəzinə kimi baxın. Hədəfinizə çatmaq üçün tərtib etdiyiniz planı gizli xəzinənin xəritəsi kimi görün və düşünün ki bu plan tam olaraq reallaşdıqda siz böyük bir xəzinə tapacaqsınız və saysız-hesabsız qızıl və digər bahalı daş-qaşa sahib olacaqsınız. Biliyinizi və peşə bacarığınızı daimi olaraq inkşaf etdirin, təkmilləşdirin. Performansınızı yüksəltmək üçün daim öz üzərinizdə çalışın. Daim yeni fürsətlər, yeni qazanc yolları axtarın. Tənbəllik etməyin. Fərasətli olun, özünüzə inanın. Ətrafınızdakı dünya haqqında davamlı öyrənməyə davam edin və əsla dayanmayın. Sizi maraqlandıran şeylər haqqında oxuyun, dinləyin və araşdırın. İstədiyinizi əldə etmək üçün işinizi şansın öhdəsinə buraxmağınız heç də məntiqli deyil. Əlilliyim var deyib bu həyatdan küskün olmağa ixtiyarınız yoxdur. Bu həyatda sizə yaşamaq şansı verilib. Necə yaşamaq seçimi isə sizin ixtiyarınızdadır. Əgər əlilliyinizlə barışsanız yaşamaq və yaratmaq sizin üçün daha asan və rahat olacaq. Fiziki məhdudiyyətinizə imkan verməyin ki, sizi xoşbəxt yaşamaqdan məhrum etsin. Hər kəsə və hər şeyə inad arzularınızı reallaşdırın. “Sən bacara bilməzsən”, “sən hara, bu iş hara”, və s. kimi ifadələrin hər birini beyninizdən çıxardın. Kimdənsə nəsə gözləməyin. Nə yardım, nə qayğı, nə sevgi, nə ümid, nə dəstək. Heç kimə ağız açmayın. Özünüzə güvənin, özünüzdən yapışın, öz bazanızı doldurun. Oradan istifadə edin. Ağaca budaq yox, budağa qonan Göyərçin olun. Bilin ki budaq qırılsa belə, sizi “ağac” deyil, güvəndiyiniz qanadlarınız xilas edəcək. Fərqi yoxdur, hansı peşəyə yiyələnmək, hansı işlə məşğul olmaq istəyirsiniz. Önəmli olan qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün onun uğrunda inadla, səbrlə, ağılla, inamla və intizamlı mübarizə aparmaqdır. Unutmayın ki qarşınıza böyük hədəflər qoysanız əngəllər sizə mane olmayacaq. Əgər qarşınıza məqsəd qoymasanız iş həyatınızda uğur qazana bilməzsiniz. Nə istədiyinizi və hara getdiyinizi bilməsəniz heç bir şey əldə edə bilməzsiniz. Zamanı düzgün dəyərləndirin. Vaxtdan düzgün istifadə edə bilsəniz uğur qazanacaqsınız. Siz onsuzda hal-hazırda heç bir iş görməməklə vaxtınızı boş yerə itirirsiniz. Uğur qazanmaq üçün motivasiya çox əhəmiyyətlidir. Bir vərəqdə gələcəyinizi yazın. Gələcəkdə görmək istədiyiniz işi, yaşamaq istədiyiniz yeri və sahib olmaq istədiklərinizi yazın. Özünüzü haralarda görməyiniz çox vacibdir. Xəyalını qurduğunuz həyat və iş üçün bütün mümkün imkanları taparaq, istiifadə etməyə çalışın. Ənənəvi üsullardan istifadə etməklə bərabər, yeniliklər etməyi də unutmayın. Yaradıcı və rəngarəng işlər görmək lazımdır. Buna görə də yeniliklər edə biləcək, özünüzü dəyişdirə və təkmilləşdirə biləcək qədər cəsur olun. Cəsarətli olsanız uğur qazanacaq və həyatınızı yaxşılığa doğru dəyişəcəksiniz. Özünüzə inanın, iradəli, cəsarətli olun və istədiyiniz nəticəni əldə edin. Özünüz üçün mükafatlar müəyyənləşdirin. Hədəfinizə nail olduqda və ya kiçik də olsa bir nailiyyət qazandığınız zaman özünüzü mükafatlandırın. Çox çalışdınız və buna layiq oldunuz. Unutmayın ki İşlərin yolunda getmədiyi, özünüzü pis hiss etdiyiniz günlər də olacaq. Əsas odur ki problemləri dərd etməyin, həll edin. Əgər Bu gün bilik və bacarığınızı artırmağa başlasanız, 6 ay sonra bacara biləcəyiniz və arzuladığınız bir çox şeyə sahib olacaqsınız. Hansısa bir işdə uğur qazanmağın düsturu da çox sadədir əslində 1.Qarşına bir məqsəd qoy 2.Məqsədinlə bağlı geniş məlumat topla 3.Məqsədə çatmaq üçün məntiqli və savadlı plan tərtib et 4.Planın icrasına başla.
Rasim Məmmədov, İlham Məhərrəmov, Amid Həsənquliyev, Aqil Məmmədov, Mətanət Qüdsi, Nərmin Hümbətzadə, Cavad və Qubad Qasımov qardaşları, Asif Qasımov, Aybəniz Nəsirova, Bəhruz Mirzəyev və adını yazmadığım yüzlərlə əlilliyi olan insanlar da sizin qarşılaşdığınız əngəllərlə, problemlərlə, çətinliklərlə qarşılaşırlar. Ancaq sizdən fərqli olaraq bu insanların həyatı sizinki kimi yalnız əngəllərdən və baryerlərdən ibarət deyil. Onlar öz savadları ilə, bacarıq və istedadları ilə, qətiyyət və əzmkarlıqları ilə, yüksək insani keyfiyyətləri ilə böyük hörmət və rəğbət qazanmışlar.
P.S İstəyirəm ki əlilliyi olan şəxslər əngəlləri əngəl kimi görməsinlər. Bir probemlə qarşılaşdıqda “Ok, mənim problemim var” deməsinlər. Həyata fərqli baxsınlar. Daha pozitiv, daha nikbin baxsınlar. Yalnız irəliyə doğru can atmaq istəsinlər. Yerlərində saymasınlar. Ümid edirəm məhs belə də olacaq.
Müəllif: Samir İMANOV
SAMİR İMANOVUN YAZILARI
“YAZARLAR” JURNALI PDF
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru