AYRILIQ… (Cabir Novruz “Üzü dönsün ayrılığın” şeirindən ilhamlanaraq) Yavaş- yavaş gecə keçmir, Keçsə belə gün bitməzdi… Ay dolanıb il çatmazdı, Ahım Allaha yetməzdi… * * * Şirin günlər, şirin aylar, Göz qırpımında olmazdı… Bu eşq ilə nəfəs alıb, Həsrətindən qocalmazdım… * * * Ay çəkilər, günəş gələr, Başımıza min iş gələr… Qızıl gedər, gümüş gələr, Mən gəlmərəm gümüş kimi…. * * * Şirin günlər, şirin aylar, Göz qırpımında olmazdı. Bu eşq ilə nəfəs alıb, Həsrətindən qocalmazdım. * * * Çöldə ildırımlar çaxar, Donan çaylar, sular axar, Həsrət ilə mən baxaram, Ürəyin yanıb yaxılar. * * * Şirin günlər, şirin aylar, Göz qırpımında olmazdı. Bu eşq ilə nəfəs alıb, Həsrətindən qocalmazdım.
SEVGİ Mən sevginin özüyəm. Sən sevməyi bilməmisən… Bircə dəfə yanağımdan ürəyimə süzüb gələn göz yaşımı silməmisən… Sevgi mənəm… Cırmaq – cırmaq, Addım – addım, Aşa – aşa, Çaşa – çaşa məhəbbətdən dönməmişəm… Sevgi mənəm, Sən ölsən də… Yaşayacam kainatda, bil ki, hələ ölməmişəm.
GETMƏ Gücüm çatmır ayrılmağa, Gəl yaramı özün bağla… Bəlkə fürsət yaranardı, sonuncu kəz danışmağa… Bu son vida… Əmin ol ki, sovurulacaq bundan belə, gəlib – gedən bəla – qada… Nəfəsimdə iniltini, içimdəki qımıltını, evimdəki hənirtini yox edəcəm… Darıxma, tez gedəcəm… Qalmayacam…. Bu ölkədə, bu həyatda, kainatda olmayacam… Sağlığında qiymət verin insanlara demişdilər… Nə olsun ki? Demişdilər… Mən sağ ikən görməmişdim o qiyməti, o dəyəri…. İçim nisgil, çölüm nisgil… Dərd içində qıvrılıram… Yanıb göyə sovuruluram… Gəl yaramı bağlamağa…. Tut əlimdən danış görüm. Mən beləyəm. Sən necəsən?
YADIQ Ruhunla tanış deyiləm… Daha danışan deyiləm… İçimdəki o qığılcım sönüb artıq… Sənə qarşı ruhumdakı o şəfqət də dönüb artıq… Üzü dönsün ayrılığın deyirdilər… Dönməz olsun. Ayrılıqdan betəri var… Dözə – dözə inləyərsən… Sakitliyin içində sən göz yaşını dinləyərsən… Ruhuma bələd bir qadın, Yadımdan da çıxıb adın. Allaha yetir fəryadım, Daha danışan deyiləm.
SEVGİ GƏTİRDİM… Sənə bir çamadan sevgi gətirdim Qarışıb içində köhnə – külüşə Sən Allah bağışla, özüm qalmadım Qalsaydım, çatmazdım indi görüşə. * * * Üzünə baxmağa gücüm çatmadı, Məni dar ayaqda gözləyənim var. Qapının ağzına qoyub çıxmışam, Qorxuram, kölgətək izləyənim var… * * * Sənə bir çamadan sevgi gətirdim, Mən özüm olmaram, qoy sevgim olsun Sənə bir çamadan sevgi gətirdim. Eşələ o sevgi qoy təmiz qalsın. * * * Köhnələr içində itib – batmasın, Heyifdi, sevgimiz viran qalmasın Sənə bir çamadan sevgi gətirdim… Sevgisiz həyatın bir an olmasın…
YOX De hansı dövrdür indi? Ala qarğada bala yox… De hava niyə sərindi? Mıxa vurur, nala yox… * * * Əcayib zamana düşdük, İllər keçdi, gün ötüşdü… Daşı daş üstə gətirdim, Fiqur oldu, qala yox….
EŞİTDİM… Eşitdim ki, darıxmısan, Haqqımda danışırsan… Mən bilirəm, hiss edirəm… Qulaqlarım cingildəyir… Orda – burda danışınca Zəng etsəydin… Ondan – bundan soruşunca Kaş gəlsəydin… Söz göndərən yaşını da keçmisən…. Sən ki, uşaq deyilsən. Mən ki, oyuncaq oynayan yaşda belə deyiləm. Amma dayan, Yoxdu indi saçlarıma sığal çəkib oxşayan… Ağlamıram, tozmu qaçdı gözlərimə bilmirəm…. Narahat olma, yaxşıyam. Gözlərimdə kədər deyil, Bu ki tale, qədər deyil. Özün seçdin ayrılmağı…. Məndən ayrılmaq olardı? Mən ki, sənə can deyirdim… Canına qurban deyirdim… Qollarımın arasında itib batdın…. Dişlərimin arasında dodağımı sıxa – sıxa ağlayırdım… Hə, yoluna gözlərimi dikib baxdım…. Bəlkə gələrsən deyə Qapını açıq buraxdım. Toz – tozanaq oldu evim, Daxmalığa döndü yuvam. Sənin mənimlədir bilirəm, Mənim özümlədi davam. O möhtəşəm gedişinə Səbəb məndim… İndi dinlə, Mən xoşbəxt idim səninlə Geri dönsən Xəbər etmə Qapım açıq Çay istəsən Qalan qablarım bulaşıq, Sən gedəndən yumamışam… Uzanmışam. Saçlarıma sığal çəkmək istəsəsən bil O vaxtdan dolam dolaşıq. Sən gedəndən hal olmayıb daramağa Yorulmuşam. Külək darayıb saçımı, Yağış yuyub üz – gözümü… Çox başını ağrıtmayım, Gəlsən dinməz – söyləməz gəl…
BU GÜN… Bu gün yenə bəzənmişəm, Ən bahalı ətirləri üzərimə səpmişəm. Gül çiçəkər içində mən Görüşünə gəlmişəm. Görüş yerimiz həminki Dəyişən təkcə yoxluğun… O görüşə tək gəlmişəm. İçimdəki məhəbbəti, səadəti Sənin üçün gətirmişəm. Niyə yoxsan? Yoxsa sən də itib batdın tənhalığın arasında? Yoxsa sən də çəkib getdin, qoydun yolun ortasında? Yoxsa sən də boğazımda düyünlənən kəlmələrin sahibisən? Yoxsa sən də uzun – uzun dərələrdən ayrılığı gətirmisən? Məhəbbətdən üz döndərib, Ayrılığa hə demisən… Olsun…. Neynək… Bu bəzəyi, bu düzəyi silim gərək. Belə betər ayrılığa dözüm gərək… Betərin də betəri var… Ömür qısa, ömür gödək. Vədə yetməz görüşməyə Çalış ki, sözündə düz ol Özünə yaxşı bax bir də…
DÜŞÜNÜRƏM Asmağı düşünürəm… Özümü… Arzularımdan… Ümidlərimdən… İçimdə böyüyən sevgimdən… Təzəcə boy atan məhəbbətimdən… Söndürdüyün eşqimdən… Bəlkə dənizlərdə çırpınan qağayının ayağından… Ya da kənara qatlayıb qoyduğum bəyaz kəlağayımdan… Asmağı düşünürəm… Özümü… Titrək səsimdən, Boğazımda düyünlənən hər kəlməmdən, sözümdən Mən küsmüşəm özümdən. Kimə deyim dərdimi ki, İnciməsin sözümdən… İlmə – ilmə yaş axırdı gözümdən. Beləcə atdım həyatın ağuşuna taleyimi…
MƏN… Mənə gözəlim demə Mən ki, gözəl deyiləm… Nitqim susub qalıbdı Nə danışam, nə deyəm? Sən ayrılıb gedəndən Göz yaşım dayanmadı Yanağımda donub qaldı Dodağıma süzülən Göz yaşımdı – əriyən. Mənə gözəlim demə Mən ki, gözəl deyiləm Uşaqlaşmışam sanki Onlar kimi ağlayan, Onlar kimi kiriyən…. Bəlkə yaşım da çatmaz Elə uşaq kimiyəm. Seviləcək yanım yox Mən ərköyün biriyəm. Mənə gözəlim demə, Mən ki, gözəl deyiləm.
BİR GÜN Bir gün gələcək ömrünə Hüsnündən doymadığın, Gülüşündən həzz aldığın Camalı pərişan qadın… Sevib səni istəyəcək Fəqət onun ürəyində Keçmişindən silinməyən Qalacaq bir nişan adı… Görəsən kim yaralayıb ürəyini? Görəsən kim paralayıb arzsusunu, amalını, diləyini?.. Kimə arxalanıb, söykəyibdi kürəyini? Dik durmağa çalışarkən, aşan qadın… Gülə – gülə gözləri yaşaran qadın… Gəlib girəcək ömrünə… Hər sözünə hay can deyər, Saçlarına sığal çəkib oxşayar qadın… Bir az günəşə oxşayar. Səhərləri şəfəq saçar, Səhərlər nura boyanar. Elə ki, axşam olunca günəş batar, Göz yaşıyla qalar qadın. Səhərə kimi ağlayar, Səhərə kimi yas tutar. Kim bilər ki, dərd – sərini? Kim sevər belə birini? Uçurumun kənarında oturmuştək Gecələri ulduzları sayar qadın… Bir gün yaşamaq eşqinə düşsə Bir gün bu sevdadan üz döndərib, doyar qadın…
SƏNİ Özümdən çox sevdim səni… Amma qaçdım bu sevgidən… Qorxdum… Qaçdım… Payız gələndə uçub gedən quşlar kimi… Ürkdüm bir az… Çox həssasam… Bəlkə bir az ağlasam Rahatlaram Bilirsənmi, Özümdən çox sevdim səni Duruşunu, yerişini… Oğrun – oğrun baxışını… Yorğun – yorğun gülüşünü… O qədər doğma oldun ki, Əzbərlədim gəlişini… Bu gəlmək handa bir sayılır Məhəbbət qanda bir sayılır Qanımdan çox sevdim səni, Canımdan çox sevdim səni. Ha istədim yaxınlaşım, Ha danışım, soraqlaşım, Bəxti qara taleyim var Səni görüb yaxşılaşım… Mən əslində pis deyiləm, İnan ki, qəliz deyiləm Dinlə, sənə söz deyirəm, Özümdən çox sevdim səni…
YOLLAR Sən gedəni yol gözümdə uzandı… Sən gedəni eşq sözümdə azandı… Ayrılıqdan kim uddu, kim qazandı? Dözmür ürək, parçalanıb, qayıt gəl… * * * Gedişinə nə ad qoyum görəsən? Yalanına necə uyum deyəsən… Canımdan da inan doydum, biləsən, Dözmür ürək, parçalanıb, qayıt gəl…
TƏNHA QADINLAR Elə bilmə qadınlar güclü olur, Gücsüzü də var. Elə bilirsən çox danışırlar, Sözsüzü də var. Tənha qadınlar da olur, Saçlarına küləklər sığal çəkər, Dodaqları yağışdan islanar. Onları qucaqlayan öz qolları olar O da ki, ya darıxanda, ya da üşüyəndə. Xəfif bir adyala qısılarlar, Kitaba, dəftərə sarılarlar. Vallah özümdən bilirəm kitab bəhanədir, Dünyadan qopub ağlayarlar, Şəkillərdə gülərlər. Şəkillər… Ah şəkillər… Taleyə vəkildirlər… Gücsüz qadınlara hakim kəsilər. Hə… Axı bir şey daha var, Yıxılana balta vuran çox olar. Yıxılan qadınlar… Onları kimsə yıxmaz ki, İçindən yıxılı qalarlar. Ürəyindən, Kürəyindən… Gərəyindən çox sevərlər. Eşqindən yıxılı qalarlar… Yıxılsa da dik durmağa çalışarlar. Özü yıxılanlar ağlamaz Amma ağlayanı da olur, Sən elə bilmə qadınlar güclü olur, Gücsüzü də var. Tənha qadınlar da olur… Heç kimə bel bağlamayan, Heç kimdən sevgi ummayan, Eşq, məhəbbəti duymayan Yorğun qadınlar da olur.
GƏL Çarpayının kənarına Göz yaşımı buraxmışam… Darıxanda yastığını qucaqlayıb İçin – için ağlamışam… Nəfəsim var çarpayında Oturub şəkillərinə baxmışam Saatlarla… Xatirələri unutmamışam… Birlikdə… Əl – ələ… Qol – qola… Tay var idi bizə bu məmləkətdə? Bəs o gecə? Nə oldu de? Belə gediş de olardı? Qapımı külək döyürdü, Mənim canım üşüyürdü. İçimdəki məhəbbətim cücərirdi, Böyüyürdü… Yarım qoydun. Bu sevdadan necə doydun? Necə oldu amansızca, birdən – birə məhəbbətdən soyudun? Canımda daha can qalmadı… Bacarmıram , qurban olum… Mən ki, sənə yad olmadım, Mən ki, sənə od olmadım. Qollarımı qırdın mənim Sən mənə qanad olmadın. İndi o ev mənsiz qalıb Uçuq – sökük divarların arasında mən idim mən Deyib – gülən, Uşaq kimi şənlənən, Üzünü güldürən… Yanağına kəpənəktək öpüşümü qonduran. Bilirsən də… Neçə – neçə şeylər oldu demirəm… Desəm tükün biz -biz olar Yaşananlar qan donduran. Sevgi deyib keçmə daha Eşq belə olmaz, qadası… Məni candan usandırdı, Cəfadan yar usanmazmı?…
DE Gülüşümdə həyat vardı… Deyərsən ki, güldü getdi. Həyatımda nə oldusa Deyərsən ki, öldü getdi…. * * * Bədbəxt etdim denən onu, Denən ki, heç sevməmişəm. Soruşsalar açıq danış, Deyərsən ki, bildi getdi… * * * Danışarsan sevdiyimi, Uğruna can verdiyimi, Kainatda bir qüvvəydi, Deyərsən ki, gəldi getdi… * * * Olmayacam bu həyatda, Görməyəcəksən day məni. Yadına düşsəm ağlama, Deyərsən ki, keçdi getdi… * * * Günah nədi bilməmişdim, Sənə qədər sevməmişdim. Soruşsalar məni, denən, O, günaha batdı getdi… * * * Mən burda qalan deyiləm, Doğruyam, yalan deyiləm. Könlünü alan deyiləm, Deyərsən ki, atdı getdi… * * * Gəl özünə öymə belə, Dizlərinə döymə belə. Qamətini əymə belə, Deyərsən ki, əydi getdi. * * * Olmaz iynə, düymə belə, Məni sancıb söymə belə. Gəl xətrimə dəymə belə, Deyərsən ki, dəydi getdi…
SEVGİLİ Deyirlər ki, Sevgilər var ucuz olur… De neçəyə? Alım yığım. Bilirsən də… Zamanı gələndə bahalaşır Hər şey kimi. Yadındadı? Vaxt var idi dollar ucuz Su qiyməti İndi isə valyutada at oynadır. Əvvəllər ucuz alardıq Çayı, yağı, əti, suyu İndi hər şey bahalaşıb Od bahası Pul qalmayıb alınası. Sən sevginin yerini de, Ac qalıb susuz dolanım Eybi yoxdu. Heç kim bilmir nə yeyirəm, nə içirəm… Barı sevgidən bol olum. Yoxsulluğun arasında Sevgi axtaran kiməsə Arxa olum, qoy yol olum.
FƏLƏK Fələk səni məndən aldı, Nə oldusa birdən oldu. Fəqət eşqin alovunda Nə mən yandım, nə sən yandın… * * * Bu sevdaya bel bağlama, İndi uşaqtək ağlama. Danış, içində saxlama, Nə mən dindim, nə sən dindin… * * * Fəqət eşq deyib uçardıq, Məsuliyyətdən qaçardıq. Biz ayrılmağa düçardıq, Nə mən döndüm, nə sən döndün…
YUXU Səsin qulağımdan getmir, Baxışın da yadımdadı, Deyəsən gecə gəlmisən, Bəlkə yuxumda görmüşəm… * * * Sanki örtdün üst – başımı, Sonra sildin göz yaşımı, Mən belə bir tanışımı Bəlkə yuxumda görmüşəm… * * * Oğrun oğrun mənə sarı, Baxdın güldün belə barı. Laylay dedin gecə yarı, Bəlkə yuxumda görmüşəm…. * * * Bağımda gülüm açmışdı, Günəş şəfəqin saçmışdı, Sanki gecədən qaçmışdın, Bəlkə yuxumda görmüşəm… * * * Görən doğru, yalandımı? Xatirimdə qalandımı? Məni məndən alanımı, Bəlkə yuxumda görmüşəm…
BU NƏ ZARAFATDIR!? Nə qədər darıxar insan Bir insanın yoxluğuna?.. Necə öyrəşər? Təsəvvür et Dünən danışdığın, güldüyün adam Bu gün başqalaşır, tanımır səni… Bu nə zarafatdır, ay qadan alım?!… Mən ki, məhəbbətə son qoy demədim, Qəfil gedişini heç gözləməzdim… Daha doğmam deyib öyünmərəm mən…. Doğmalar köçəri quşlar kimidir… Vallah ən yaxşısı yad olmaq elə Bilirsən, nə gələr, nə atıb gedər. Söylə, bu sevgidən dönmək olardı? İndi hayqırtımı eşidirsənmi? Səsini səsimə söykəyərsənmi? Daha darıxmaqdan betər olmuşam Görsən vəziyyətimi nə təhər olmuşam Üz gözüm qırışıb yumaq kimiyəm… Başqa bir ocağa yamaq kimiyəm… Məni sən gətirdin belə bir hala Bu nə zarafatdır, ay qadan alım? Qayıt gəl, dön daha, yuvan ki, mənəm Bəlkə nə zamansa özünə gəlsən Onda sənə qalan peşmanlıq olar Qorxma, taledir də, ölüb gedərəm… Əbədi deyilən həyat varmı ki? Sadəcə dönsəydin son dönəmimdə Daha darıxmaqdan bezar olmazdım. Sözlər də dadıma yetməyir artıq Susuram, başa düş, artıq dön geri İndi danışmağa gücüm də yoxdur. İşdi, dönsən Bir xahişim Bircə dəstə çiçək al Görsəm ürəyim sevinər Görməsəm, ruhum şad olar…
DEMƏ Anama deməyin nə çəkdiyimi, Qoy anam bilməsin, anam duymasın. Bilsə yaşamaqdan əl çəkdiyimi Ürəyi tab etməz, canı yanmasın. Deməyin ki, öldü, rəhmətə getdi, Deyərsiz könüllü əsgər gedibdi. Ya da ki, ən böyük arzusu idi mən gəlin olum Deyərsiz sevdiyi oğlana getdi. Əşşi… Onsuz toy gah var, gah da ki, yoxdu… Görsəniz narahatdı deyin ki, qaçdı… Ya da deyərsiniz xaricə getdi – Orda təhsil alıb, iş quracaq de… Bilirəm inanmaz onsuz bunlara… Amma siz yenə də düzün deməyin. Nə qədər gec bilsə elə yaxşıdı… Mən də son günümü yaxşı keçirim, Gedib deyib -gülüb şənlik eləyim. Bir şeydən rahatam getdiyim yerdə Məni təm-təraqla Allah gözləyir Məgər bu boyda gözləntini mən, Geri çevirməyim de necə olar?! Barı o dünyada yatım dincəlim Burdakı yuxuma haram qatdılar…
OL Uzaqlardan baxırsan Gəl, gendən baxan olma. Güclə bir yuva qurduq Yuvamı yıxan olma… * * * Gecələr daş sallanır Gözlərimdən elə bil. Yuxularım yol alır Daha saçını yolma… * * * Mən qıvrılıb içimdə Ağrı – sızı çəkmişəm. Saraldım bu biçimdə Sən də saralıb solma…
GECƏLƏR İndi gecələr belə Mənə haram olubdu… Nə uzana bilirəm, Nə də yata bilirəm… Qalxıdığım pillələri Gülə – gülə enirəm. Mənə yolu göstərdin, Susub dinməz gedirəm. Ay bədbəxt, nə deyəydim?!. Dalaşıb vuruşaydım?.. Mən elə qadınam ki, Sakit çıxıb gedirəm. Gör danışıb dinirəm? Sənə də yaraşan odur, Xəcalətdən ölürəm… Heyif sədaqətimə, Heyif məhəbbətimə. Kaş bu eşqi istəyi, Kimsəsizlə böləydim, Ya bir it saxlayaydım… İtlər çox vəfalıdır, Ən az sən qədər deyil, Sən itdən də betərsən… İtə bir sümük atsan, Sahibi bilər səni. Sənə isə nə istək, Nə də kar edir sevgi. Səninki yeyib, yatmaq, Bacardığın nədir ki? Bir də elə ağlatmaq. Daha yolum kəsişməz Səninlə bundan belə. Bir də məni axtarma, Bir də yığıb eləmə.
KAŞ… Kaş ki, gedə biləydim… Bu ölkədən, bu yurddan Elə bir yerə ki, Elə bir ünvana ki… Orda özüm olmayım…
BİR PAYIZ GÜNÜ… *** Qonşuya duz dalınca, Yoxsa quzu qaytarmağa göndərmisən uşaqları, İlahi? Uzatdığı saqqız qədər tanıyırdı uzağı, Qolundakı diş yeriylə ölçürdü vaxtı… Çərpələngə ad qoyurdu: “Qaranquş”… Parabüzən axtarırdı göndərə pay dalınca: “Uç-uç baba, get gətir payımı… Uç!” Dağ çayında yuyurdu ayaqlarını, Moruq ləkəsinə qatırdı Cızılan barmağının qanını… Hər şeyi səndən istəyən, Küsməyi-barışmağı bir oyunluq çəkən Uşaqları hara göndərdin, İlahi? Göstər getdikləri yeri… Bu ömrü yanlış gəldik, Qayıdaq geri… *** Zirvələrə qar tez düşər, Zirvələrdən qar gec düşər… …Dərddi zirvə, Dərddi qar bəzən… Çəkir dağın sinəsinə cığır-cığır naxışlar… …Çəkilir dərdlər, Ağarır saçlar, Bir-birinin başına sığal çəkmək üçün Üst-üstə qalaqlanır yaşlar; İnsan qocalır… Ot basan cığırlar insan ömrünə dolandıqca Dərd də candan bac alır; Və bir gün, sadəcə, Xatirəyə dönür insan… Bir gün də onu xatırlayanların Yaddaşında itir insan… *** Oxuduğum bir kitabdaydı, ya da baxdığım bir filmdə; sənə baxmaq ibadət imiş eşqə… …Çiyninə baş söykəmək dua, Dərdindən gülməmək oruc tutmaqmış… Bunları öyrəndim… Ağlımın yetmədiyi, əlimin çatmadığı bircə sirr var: bu qədər mavi, bu qədər azad, bu qədər əngin olmağı necə bacardın axı? Bir də… Niyə filmlər və kitablar Sənə məndən danışmır? Demirlər: bir dəli sənsiz darıxır?! *** Böyüyürdüm… Dinləyirdim Həyatdan bəhs edən nağılları… Düşürdü deyirdilər “üç almalar”; Doyurmurdu həyata dair xəyalları… Sonra öyrənməyə başladım Sevməyi, sevinməyi, Gülümsəməyi, qəmlənməyi, Və yağışda rəqs etməyi, Və ovcumdakı damlaya bir dua pıçıldayıb Gül kökünə göndərməyi… Bir səhər günəşdən öncə oyandım, Ovcuma göndərdi saçaqlarını… Yapışdım saçağından günəşin Qaçdım yaşıllığın ətrinə sarı… Bir simitlə mən də doydum, göyərçinlər də… Bir udumluq sevinc oldu pambıq şəkəri… Öyrəndim həyata dair hər şeyi; Kiçik, saysız xoşbəxtlikləri… *** Gözünün yaşı söndürər Yaşam eşqini; ağlama! Gülüşün gülə döndərər Ovcundakı dərdini: ağlama! Bil ki, Ömrə gələn gedəsidir; gülümsə… Sev ki, Sevgi dünyalararası Savaşın atəşkəsidir; gülümsə… *** Ana Anı yaşamağa qoymayanda Uşaqlığı itiririk… Bircə anda böyüyürük… Ata Ömrü çərçivəyə salanda Özümüz qırırıq qanadımızı… Arzularımızın önünə “qırmızı xətt” çəkirik… Qardaş Önümüzdə “qara daş”dısa, “Zəncirlənmiş Prometey” xəyali dostumuz olur… Bacı Olmayanda “səbir daşı”mız, Həmdərdimiz “Kerri bacı”, Dərdimiz qorxusuz olur…
BU AXŞAM… Bu axşam yenə də gəlmədin, gülüm… Gözləyə-gözləyə qaldıq masada; Bir ağ kağız idi, bir sarı qələm, Pəncərə önündə üşüyən çayın, Bir də öləziyən şamdı kasada…. Sarı yarpaqlar da elədi xiffət, Hər səni görəndə gülən, sevinən… Pəncərə şüşəsi ağladı xəlvət… Çiyninə saldığın şalın üşüdü, Halsız uzanıbdı, müstər masamda…. * * * Bu axşam yenə də gəlmədin, gülüm… Ocaqda üşüyən odun ağladı, Yataqda büzüşən yorğan ağladı, Tək mənim vecimə omadı heç nə… Dildə tez-tez dedim; gəlmir, gəlməsin… İçin-için yandım bir mehə təşnə… Yerin dəyişdiyin külqabı qəmgin, Bir qəfil toxunuş gələr işinə, Mütəkkə qolunu gəzir bu axşam, Rəqqas bircə təkan istər masamda…. 29.09.2022. Bakı.
İndi gecələr belə Mənə haram olubdu… Nə uzana bilirəm, Nə də yata bilirəm… Qalxıdığım pillələri Gülə – gülə enirəm. Mənə yolu göstərdin, Susub dinməz gedirəm. Ay bədbəxt, nə deyəydim?!. Dalaşıb vuruşaydım?.. Mən elə qadınam ki, Sakit çıxıb gedirəm. Gör danışıb dinirəm? Sənə də yaraşan odur, Xəcalətdən ölürəm… Heyif sədaqətimə, Heyif məhəbbətimə. Kaş bu eşqi istəyi, Kimsəsizlə böləydim, Ya bir it saxlayaydım… İtlər çox vəfalıdır, Ən az sən qədər deyil, Sən itdən də betərsən… İtə bir sümük atsan, Sahibi bilər səni. Sənə isə nə istək, Nə də kar edir sevgi. Səninki yeyib, yatmaq, Bacardığın nədir ki? Bir də elə ağlatmaq. Daha yolum kəsişməz Səninlə bundan belə. Bir də məni axtarma, Bir də yığıb eləmə.
SƏMAVİ DİNLƏR BAXIŞINDAN İNSAN QƏTLİ VƏ QƏTLİAMLAR
Yer üzündə ilk insan qətlinin ibtidası elə ilk insanın yaranmasından başlasa da bəşəri cinayətlər, soyqırım faciələri bugün də davam etməkdədir.İnsanlığa qarşı törədilən bu faciələr bəşəriyyəti və onun gələcəyini təhdid edən soyqırımı akt kimi qiymətləndirilir.Tarixin müxtəlif mərhələlərində kütləvi insan qətliamları, bəşəri cinayətlərlə bağlı bir çox kədərli nümunələr vardır. İnsanlığa qarşı törətdilən amansız qətliamların baiskarları tarixin zibbiliyinə atılmış, Tanrı tərəfindən də bəşəriyyət tərəfindən də əbədiyyətə qədər lənətlənmişlər. Tarixi mənbələr, o cümlədən müqəddəs kitabların mətinləri bu qətl və faciələr haqqında bilgilər, əhvalatlar nəql edir ki, bu qətliamları və onları törədənləri bəşəriyyət heç vaxt unutmasın, insanlar bu hadisələrdən örnək götürsünlər.
Baxmayraq ki, bütün dinlər insanı ən dəyərli vaqrlıq hesab edir, insanın həyat haqqının, yaşamq hüququnun müqəddəsliyini təlim edir. Heç bir halda günahsızların, dinc insanların qətlinə nəyin ki bəraət qazandırır əksinə buna rəvac verənlərin həm bu dünyada lənətlənəcəyini, həm də İlhi Ədalətin bərqərar olacağı axirət dünyasında mühakimə olanacaqlarını açıq şəkildə müqəddəs kitablarda bəyan edir.
Sözsüz ki, insan qətli cinayətlərinə İslam dininin münasibətini anlmağımız üçün ilk növbədə Qurani Kərimin kainatdakı bütün yaratılışlara, bu yartılışlar içərisində xüsusi hörmətə layiq bilinən insana verdiyi dəyərlərə baxmalıyıq. Uca yaradan insana yüksək ehtiram göstərərək İsra surəsinin 70-ci ayəsində buyurur: Biz, Adəm oğullarını hörmətli etdik, onları quruda və dənizdə (minik üstündə) daşıdıq, onlara pak ruzilər verdik və onları yaratdıqlarımızın çoxundan xeyli üstün elədik. Qurani-Kərimə görə insanın xəlq edilməsinin əsas məqsədlərindən biri də insanın yer üzərində Allahın xəlifəsi- canişini olmasıdır. Bəqərə surəsinin 30-cu ayəsində Allah Tala buyurur: Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir canişin bərqərar edəcəyəm!” – dedikdə, onlar: “Biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?” – söylədilər. O dedi: “Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm!”
Heç şübhəsiz ki, bütün səmavi dinlərin kəlamlarında insan ən dəyərli varlıq hesab olunur, insan qətli və qətliamlar Uca Yaradana qarşı həddi aşma və Ona qarşı üsyankarlıq hesab edilir. İslam dininin təlimlərinə görə insanın yaşmaq hüququ ən dəyərli,ən müqəddəs hüquqdur. Məhəmmdə peyğəmbər(s) hədis kəlamının birində buyurur:Hər müsəlmanın bir başqa müslümana qanı, malı namusu haramdır.
İslam dini hər bir insanın yaşamq hüququnu toxunulmaz hesab edir, hətta ana bətnində körpənin də. Bunun üçün ilk olaraq fərdlərin özü , ikincisi cəmiyyət, üçüncüsü isə dövlət bu hüquqları qorumalı, onun təcavüzə məruz qalmasından mühafizə etməlidir. Bu hüquqların təmini və qorunması üçün İslam dini bir sıra huquq qaydaları təsis etmişdir. Belə ki İslam dini müəyyən olunmuş hallar istisna olmaqla insan qətlini qadağan edir. Qurani Kərimin əl-Ənam surəsi 151-ci ayədə buyurulur: (Ya Rəsulum!) De: “Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin; kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Açıq və gizlin pis işlərə yaxın düşməyin. Allahın (qətlini) haram buyurduğu cana qıymayın (müsəlman və ya əhli-zimməni haqsız yerə öldürməyin). (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız!
İslam dinində insan qətlinin hüquqi cəzaları
İslam dinində insan həyatını qorumaq müsəlman hüquq sisteminin (şəriət) əsas məqsədlərindən biri sayılır. Buna görə də insanın ilk yaradılışından bu yana insan canına qıymaq ən böyük günahlardan biri hesab olunmuşdur. Uca Yaradan Qurani Kərimin Maidə surəsinin 27-30-cu ayələrində buyurur: Onlara Adəmin iki oğlunun gerçək əhvalatını oxu. O zaman ikisi də qurban vermiş, onların birindən qəbul edilmiş, digərindən isə qəbul edilməmişdi. Qurbanı qəbul olmayan oğlu öz qardaşına demişdi: “Səni hökmən öldürəcəyəm!” Qardaşı da ona belə demişdi: “Allah ancaq müttəqilərdən qurban qəbul edər! Sən məni öldürmək üçün mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Həqiqətən, mən aləmlərin Rəbbi Allahdan qorxuram.Mən istəyirəm ki, sən, həm mənim günahımı, həm də öz günahını üzərinə götürəsən və Od sakinlərindən olasan. Zalımlara veriləcək cəza budur”. Nəfsi onu qardaşını qətlə yetirməyə vadar etdi və o da nəfsinə tabe olaraq onu öldürdü və ziyana uğrayanlardan oldu.Heç şübhəsiz ki,bu ayələr bir sıra mənalara dəlalət edir. Belə ki, bir insanı qətl etməkdən çəkinmək Allah qorxusundan, təqvadan, inancdan və insanın həqiqi imana sahib olmasından irəli gəlir. Günahsız bir insanın qətlinə bais olan bir kəs axirət dünyasında əzaba düçar qalacağını bildirir. Belə bir günahı işləyən kəs Allah yanında da ziyana uğrayanlardan olacaqdır.
Qurani Kərim ümumiyyətlə rəngindən, irqindən, dinindən və ictimai statusundan aslı olmayraq heç bir insanın digər bir insanı qətl etməməsini vurğulayır. Heç şübhəsiz ki, burada ilahi xitab hər kəsə yönəlibdir. Uca Yardan Maidə surəsinin 32-ci ayəsində buyurur: Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. Kim də onu ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar. Məhəmməd (s) peyğəmbərdən rəvayət olunan bir hadisədə nəql olunur ki, Peyğmbərin zamanında Mədinə şəhərində bir nəfər müəmmalı şəkildə qətlə yetrilir, onun kim tərəfindən qətl edildiyi məlum olmur. Peyğəmbər (s) kürsüyə qalxır və belə deyir: Ey cammat, mənim də sizin içinizdə olduğum halda, bir nəfər insan qətlə yetirilir, və onu öldürən kimdirsə də bilinmir!!?? Əgər yerdə və göydə olanlar yığılb bir nəfəri haqsız yerə qətlə yetirsələr Allah ondan ötrü insanların hamısını cəzalandırar, əzaba düçar edər! Hədisin məzmunundan açıq görünür ki, bu qayda hamıya şamil olunur. Burada öldürülənin müsəlman yaxud qeyri müsəlman olmağının heç bir fərqi yoxdur. Həzrəti Məhəmməd peyğəmbər qeyri müsəlmanları (əhli zimmə, muahhid-müsəlman torpaqlarında yaşayan qeyri-musəlman ) xüsusi olaraq qeyd etməklə aşağıdakı hədisdə buyurmuşdur: Kim bir muahidi (müsəlman toplumunda yaşayan qeyri müsəlman) qətlə yetirərsə Cənnətin qoxusunu da duymaz, halbuki, onun qoxusu 40 illik məsafədən duyular.
Göründüyü kimi, yuxarıda qeyd olunan bu hədisin hökümü Qurani- Kərimin Nisa surəsinin 93-cü ayəsində gələn hökümlə birdir. Belə ku Ayədə deyilir: Hər kəs qəsdən bir mömini öldürərsə, onun cəzası içərisində əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəblənər, onu lənətləyər və onun üçün böyük bir əzab hazırlayar. Belə bir qətldə iştirak edən də eyni cəzaya yaxalanacaqdır. Belə ki Həzrəti Məhəmməd peyğəmbər bir digər hədisdə buyurur ki, kim bir müsəlmanın ölümünə adi bir sözlə də olsa baiskar olarsa axirət günündə Allahın qarşısına iki gözünün arasında “Allahın mərhəmətindən ümüdü kəsilmiş yazılaraq çıxar” .
Qurani-Kərimin ayələrinə və Məhəmməd(s) peyğənbərin kəlamlarından açıq aydın görünür ki, İslam dini günahsız bir insanın öldürülməsini qadağan edir. Qəsdən və ehtiyatsızlıq səbəbindən baş vermiş ölüm hadisələri üçün isə cəza və qaydalar qoymuşdur. Bu halda Qurani Kərim dini və dünyəvi baxımdan həmin şəxsin necə davranmağını açıqlayan qaydalar müəyyənləşdirir. Uca Yardan Nisa surəsinin 92-ci ayəsində buyurur: Xəta istisna olmaqla heç bir möminə başqa bir mömini öldürmək yaraşmaz. Hər kəs səhvən bir mömini öldürərsə, bir mömin kölə azad etməli və ölənin ailəsinə qanbahası verməlidir. Onların sədəqə verməsi (qatili əfv etməsi) isə istisnadır.
Həmçinin İslam hüququ cəzanı, törədilən cinayətin miqdarına bərabər olmasını müəyyən etmişdir. Allah tala Bəqərə surəsinin 178 –ci ayəsində büyurur: Ey iman gətirənlər! Öldürülənlərə görə qisas almaq sizə fərz edildi. Azad şəxs azad şəxsin, qul qulun, qadın da qadının əvəzində (öldürülə bilər). Kim (öldürülənin) qardaşı (varisi) tərəfindən hər hansı bir şəkildə bağışlanarsa, adətə görə rəftar etməli və ona xoşluqla qanbahası verməlidir. Bu, Rəbbinizdən bir asanlıq və mərhəmətdir. Bundan sonra kim həddi aşarsa, onun üçün şiddətli bir əzab vardır.Bundan sonra isə haqsız yerə öldürülənlər barədə ümumi hökm müəyyənləşdirir, Allah Tala Ənam 151-ci ayədə buyurur: Allahın (qətlini) haram buyurduğu cana qıymayın (müsəlman və ya əhli-zimməni haqsız yerə öldürməyin). (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız!
Yəhudilik və Xiristianlıq insan qətlinin qadağan olunduğunu təlim edir
Səmavi kitablardan məlum olduğu kimi, ilk insan qətli elə ilk insan toplumunun yarandığı vaxtlardan baş vermişdir. Heç şübhəsiz bu qətl ilk insanlar arasınada ortya çıxan ziddiyyətli fikirlər, istəklər və ehtiraslar səbəbindən baş vermişdirş. İlk insan qətli barədə bütün qədim şəriətlərdən (qanunlardan) və dinlərdən əhvalatlar və qissələr nəql olunmaqdadır.
Tövrat insan qətlinə və xəsarət yetirilməyə görə cəzalar təlim edir. Yəhudilik insan qətlinin baş verdiyi fərqli sütuatisyaları fərqləndirir. Belə ki, Tövrat baş vermiş cinayətin dərəcəsinə uyğun olaraq qəsdən adam öldürmə, yaxud səhvən adam öldürməni ayırır, hər birinə ayrı-ayrı xüsusi cəza növləri nəzərdə tutur.Tövratın mətnlərində ölüm cəzasına məhkum olunanlar və bədən xəsarətləri yetirənlərin cəzaları barədə Çıxış 21 mətnlərində bildirilir: 12Adam vurub öldürən şəxs öldürülməlidir. 13 Lakin o şəxs öldürmək qəsdində olmasa və ölüm Mənim iznimlə olsa, o zaman onun üçün bir yer təyin edərəm ki, oraya pənah gətirsin.14 Bir adam başqa adamı qəsdən hiylə ilə öldürsə, o adamı hətta Mənim qurbangahımdan götür ki, öldürülsün. 15Atasını yaxud anasını döyən adam öldürülməlidir. 16 İnsan oğurlayıb satan yaxud saxlayan adam öldürülməlidir.17Atasını yaxud anasını söyən adam öldürülməlidir. Yəhudilik və onun əsas kitabı olan Tövratda iman gətirənlərdən başqalarına sayğı, ədalətlilik, əməllərində qərəzsizlik, səbirli, təvazökar olmaq kimi əxlaqi sifətlərin olması tələb olunsa da Tövrat insan həyatının dəyərini nəzərə alaraq öz təlimlərində istisnasız olaraq, insan qətlinin və xəsarətinin bütün hallarıda qisas cəzasını hökm edir, onlardan hər hansı biri üçün qarşı tərəfin bağışlanması hökmünü nəzərdə tutmur.
İncil insan qətlinə və xəsarət yetirilməyə görə cəzalar təlim edir. Əhdi-ətiqə gəlincə isə, o haqsız yerdə insanın qətlə yetirilməsini qadağan edir. Əhdi-Ətiqin Çıxış mətnin 10 vəsiyyətində insanın insanı qətl etməsininin qadağan edildiyini görürük . 13 Qətl etmə. 14 Zina etmə. 15 Oğurluq etmə. 16 Heç kimə qarşı yalandan şahidlik etmə.
Bundan başqa Əhdi-Ətiq bizə Adəm övladıları arasında ilk insan cinayəti olaraq Qabilin öz qardaşı Habili necə öldürdüyünü və Allahın Qabili bu cinayətə görə necə cəzalandırdığını nəql edir:8 *Sonra Qabil qardaşı Habilə bir söz dedi və onlar çölə getdilər. Orada Qabil qardaşı Habilin üstünə hücum çəkib onu öldürdü. 9 Sonra Rəbb Qabildən soruşdu: «Qardaşın Habil haradadır?» O dedi: «Bilmirəm, məgər mən qardaşımın keşikçisiyəm?» 10 * Rəbb dedi: «Sən nə etdin? Qardaşının qanının səsi torpaqdan Mənə fəryad edir. 11 İndi sən torpaqdan lənət aldın; o torpaq ki sənin əlinlə tökülən qardaş qanını udmaq üçün ağzını açdı. 12 Torpağı becərdiyin zaman o daha gücünü sənə verməyəcək. Yer üzündə qaçaq və sərgərdan olacaqsan». 13 Qabil Rəbbə dedi: «Cəzam çəkə biləcəyimdən daha artıqdır. 14 Bax bu gün Sən məni torpaqdan qovursan. Mən də Sənin hüzurundan gizlənib yer üzündə qaçaq və sərgərdan olacağam. Ancaq kim mənə rast gəlsə, məni öldürəcək». 15 Rəbb ona dedi: «Xeyr! Kim Qabili öldürsə, ondan yeddi qat intiqam alınacaq». Rəbb Qabilə bir əlamət qoydu ki, ona rast gələn kəs onu öldürməsin.
Əhdi-Ətiq Çıxış 21 mətninin 12-ci kəlamda insan qətli qadağan edilir, o cümlədən insan qətlinin cəzasını da müəyyənləşdirir . Buna görə də orada qisas cəzasının tətbiqinə hökm verilir- Kim öldürsə, öldürülməlidir. Orada oxuyuruq: Adam vurub öldürən şəxs öldürülməlidi.
Əhdi-Cədidə gəlincə isə, orada, Matta 21-23 kəlamlarında İsa Məsihdən qətlin və qatilin cəzası barədə təkidlə nəql olunur. Bu Kəlamlarda İsa Məsih nəinki qətli qadağan edir, O cümlədən insan qətlinə gətirib çıxaran, qəzəb xüsusiyyətini də qadağan edir, bu xususiyyəti daşıyanı ölüm cəzasına layiq bilinir: (Hirs və qətl) Siz qədim zamanlarda adamlara “Qətl etmə, kim qətl edərsə, mühakiməyə məruz qalacaq” deyildiyini eşitmisiniz.Mənsə sizə deyirəm ki, qardaşına hirslənən hər kəs mühakiməyə məruz qalacaq. Kim qardaşına “axmaq” deyərsə, Ali Şuranın hökmünə məruz qalacaq. Kim qardaşına “səfeh” deyərsə, cəhənnəm oduna məruz qalacaq.(21)
Səmavi dinlərin təlimlərindən məllum olur ki, müqəddəs kitabların heç biri insan qətlini, insan soykökünün məhv edilməsini təşviq etmir, əksinə insan qətlini qadağan edir. Günhasız insan qətlinə bais olan kəsə həm bu dünyada həm ölümdən sonrakı dünyada şiddətli cəza vəd etməklə insanları bu təhlukəli əməllərdən çəkindirir. Eyni zamanda insanları yaxş işlər görməyə, gözəl əməllər işlətməyə təşviq edir. Səmavi kitablara məxsus inancın əsasları insanları Allahın varlığına və birliyinə, mələklərinə, peyğəmbərlərinə, axirət gününə, cənnət və cəhənnəmin varlığına iman etməyə dəvət edir. Ardınca isə ardıcıllarını humanizm prinsiplərinə söykənən fədakarlıq, təvazökarlıq, sevgi, mərhəmət, qərəzsizlik, başqalarına sayğı, dürüstlük, hər cür haqsızlıqdan çəkinmək, ədalətli olmaq, vicdanlı davranmaq və s kimi əxlaqi dəyərlərə çağırır