SALAM Gəl, Sən Allah üzürlü say Buralar tör-töküntüdür Gözlə açım pəncərəni Hə Otaq biraz bürküdür. Bu nəhəng təkliyim səni Deyəsən yaman hürküdür. * * * Əsl qadın faciəsi Tozlu pəncərə şüşəsi Dəhlizin ortasındadır Dağılmış bir zibil qabı Cırılmış iki-üç şəkil Çərçivənin sınıqları Parçalanmış qırmızı don Və dikdaban ayaqqabı.. * * * Sükut, vahimə , kölgələr Dualar çarmığa çəkir Ümidləri , intiharı .. Qürur geyinir əzabı Yalnızlığın taleyimdə Yaratdığı iltihabı.. * * * Xatirələr guruldayır Yağış yağır damır tavan Zamanın çatlarında qan.. Biraz asta gəz nə olar Xatirələr oyanacaq Və qarşında utanmadan Ağrıları soyunacaq… * * * Ayağını qanadacaq Son arzunun çilikləri Və anamı ağladacaq.. * * * Bilirsənmi? sükut səsi Adamı lap dəli edir İntəhasız tənhalığın Darıxmağın iniltisi . * * * Bir də gecə olan kimi Bu itlərin ulaması Xatirənin tikan kimi Bədənimi dalaması … * * * Hərdən , vahiməli olur Ayrılıq da udur məni Bir söz deyim amma gülmə Düz başımın üstündəki Bu eybəcər Mona Liza Hə o da qorxudur məni .. * * * Ay yad adam , getmə dayan Bir çay qoyum , təzə dəmlə Elə adamsızlaşmışam .. İstəmirəm itirməyi. Axşamacan dərdləşirik Bir mən bir də qara pişik .. yox onun günahı deyil Talemin tərs gətirməyi ..
SALAM ƏZİZİZM Salam əzizim… burda yenə gecədir Yazıram ki , soruşum Görən halın necədir? Bircə nigaran qoyma ..bir kəlmə də olsa yaz Özünə yaxşı bax ha eşitdim ki, soyuqdur Qalın geyin əynini.. Tamam yadımdan çıxıb,ağlım çaşıb bağışla Axı sən xoşlamırdın anan kimi danışıb Qayğını çəkməyimi.. * * * Nə yeyib nə içirsən? Yoxsan getmisən bil ki ,gündə ən azı min yol gözlərimdən keçirsən.. İstəmirəm korlayım əhvalını amma ki Heç özümdə deyiləm.. Yediyim dərddir ancaq, içdiyimsə zəhərdir Sənsiz məni yaşadan bir quru xatirənsə həsrətində gecələr öldürən bu qəhərdir. * * * Ax üşüdür səsinin buz kimi soyuqluğu Titrəyirəm..tənhalıq iliyimə işləyir İsti hərarətinlə hansı heykəl baxışa Ruh üfürdün görəsən? Yenə hava küləklidir ,üşüməli küləkdir Gözəl günlər səninlə getdi xatirə olub Bilirəm ki heç zaman geri gəlməyəcəkdir Deyirəm ki ,biləsən.. * * * Payladım ən sonuncu əlvidamı hardasa Məni yalnız buraxma vidaları sevmirəm Gəl yenə əvvəlkitək köksünə sıx , qucaqla Allahhaqqı saçlarım çiynin üçün darıxır Kəsmirəm heç dəymirəm uzadıram acıqla. * * * Bu sərsəri duyğular..yox heç tanış deyildi Səndən əvvəl o adamın gözü də yaş deyildi Saçı da payız idi , o balaca qız idi Sərçətək kövrək idi ürəyi daş deyildi.. Hələ ömrün yazıydı , hələ də qış deyildi.. * * * İndi bu boz şəhərin bütün küçələrində Sənin ayaq izlərini baxışlarım yalayır Hamıya sevgi düşdü, payımasa tənhalıq “Xalqa it hürüyəndə, mənə çaqqal ulayır”
XATİRƏLƏR Keçmişin rəflərində itib-batmış xatirələr Unutmaq zəncirini qırıb Yapışır darıxmağın yaxasından.. Və vəhşi vüsalın əlləri ayrılığın ayaqlarını qapır.. Tale xətləri ovucumun qırışlarına hopur Və qopur ömrümün əqrəbləri saatdan Əskilir təqvimlər. Dəhlizin divarlarında son ümid rəqsilə Tənhalaşır kölgələr. İndi bu qurumuş cümlələr Vergüllərə dönən nöqtələrlərlə Epiloqda bitəcək Sonuncu səhifədə son sətrinlə.. Neçə güzgüdə ayaqlarını sındırıb arxanca qaçdı baxışlar. Neçə ip utandı zaman asarkən Arzuları boğazından.. Kitabarası qurudulan kəpənəklərin ölü gözəlliyi kimi Gözəldir təkliyim. Ehtişam, İki şam, Dörd divar , Boş otaq fəlsəfəsi və köhnə grammafonda retro.. Təbəssüm gizlənən dolu qədəh və Freda kahlo: “İçimdə qırx qadın Qırxı da özgə Qırxı da digəri”.
Dinmir buraların göz yaşı… Damcı-damcı, asta-asta “sən” axır … Həsrət yağır küçənizin küncündən, Elə bilirəm, dilə gəlib ad çağırır …
* * *
Axı hardadır dünən gördüyüm? Yollarımda gülə-gülə gəzdiyim, Qoxusuna həsrət qalıb bitdiyim… Eh….Ləpir izi… A ləpir izi? Sənə qurban, yadlaşma… Yağış yuyub aparmasın, Külək olub uçurmasın , İstəmirəm, istəmirəm … Toxumasın, İgidimin ayaq izinə … Maşınlar şütüməsin, Adamlar təntiməsin, Qoy itməsin qədəmləri … Yoxsa böyük dərd olar, Bu sərsəri başıma… Ey, sən ! O küçədəki həmin ağac… Daha yığılmayacaq xəzəllərin Uçacaq uzaqlara, Elimizdən lap uzaqlara… Görən apararmı sədamızı Bilinməyən sonsuzluqlara, Görünməyən adamlara…. A torpaq … İsitdiyin canlara ömür qurban, Qoru, oğlunu … Qoru, körpəni … Qoru … Qoy qəribsəməsin qoynunda… A başdaşı, A daşlar, Bir az yüngül olun, Çökməsin ağırlıq … Axı yaraşmır, Siz daşların, qara mərməri, Onun düz 23 yaşına…
* * *
Neçə vaxtdır qanamırdı yaralar… Bu gün oldu, elə bu gün son olsun… Çəkilmişdi başım üstdə buludlar, Gəldi, doldu, tez gedər olsun… Dinmişdi, əzizim, dinmişdi gözümün yaşı… Elə bilmişdim, Tökmüşəm qəlbimdən, bu möhkəm daşı! Ay Allah, bu qədər işgəncə nədir axı?! Boğasan, aparasan, tərk edəsən bu başı! Sızlayır könlümdə yuva quran kəpənək. Ömrü də az qalıb, o da gedir deyəsən… Azacıq bir ömürdə , gərəkdir ki, gün görəsən, Yoxsa bu imtahan, o dünyaya qədərmi, nədir?! Donub hisslərimin hər bir nöqtəsi. İtələyirəm, bağırıram , getmir ki getmir! Varlığımdan, yoxluğumdan, elə özümdən də bezmişəm… Ümiddir e vallah, dünyadan kəsilmək bilmir ki bilmir…
* * *
Ömrümün hansı payızından kəsim, 22ilin qırılıb qol-qanadı… Hər xoşluğun arxasınca bədbəxtlik, Saxla burda… Saxla !Xoş günlərimi kəsim… İtirəcəyim nə var ki,onsuz, Qazandıqlarım ki itib,batıb… Biriləri yıxar,ümidlər quruyar, Yetim qalar bizsiz xəyallar… Ömrümün hansı payızından kəsim, Hansı yaşımı dondurum, Hansı yaşda cavan qalım.. Bəlkə də bəsdi artıq Onsuz da quruyub canım, Yaxın gəlin… Ruhumun ehsanından sizə pay çəkim…
* * *
Uzaqların min dərdi olur,əzizim Hərdən fəryad çəkib hayqırır… Uzaqların həsrət qoxusu olur, Elə hey yaraları qanadır… Əl uzatdıqca itib,batır, Cızılır kol-kosla biləklər Uzaqların yarası böyük Qanadıqca iz bağlayır… Burda bir gün isti günəş Bir gün də soyuq ay Bir-biri ilə yarışır.. Günlər də keçir ,aylar da Diləklər görmür gərçək üzü… Hərdənbir şişmək çaxır, Hərdənsə tufan olur… Aparır bütün ümidləri… Burda həyat başqadı, Saniyədə dəyişir fəsillər… Burda insanlar olmur Nə də kirli bədənlər… Ruhlardır,gəzib tozur… Bir azadlıq uğrunda Çırpınır illər boyu…
* * *
Fərqli sandığın fərqlənmir, Sən yenə pislərə yaxşı de… Zamanla insan düzəlmir, Burax əlimi,çıx get! Tanımırsan can deyəni, Canını alıb gedir… Diliylə bal tökənlər, Əli ilə zəhər gətirir… Əcələ gərək yoxdu, Yaşarkən öldürürlər… 70illik ömrünü, Tabutda gəzdirirlər…
* * *
Səhər də açılmır, Gəlmir birinin səsi… Sən ki yaxşı bilirsən Hərkəsin varkən, kimsəsiz olmaq nədir! Soyuq əllərinlə Tanrıya getmək nədir… Bir gün; Susacaq günahların, Bağırmayacaq üstümə Yanaqların su içəcək Gözyaşından birtəhər…
ELƏ AD VERİN Kİ, BƏXTİ YAR OLSUN!!! Atalar, qızlara siz ad verəndə, Elə ad vein ki, bəxti yar olsun! Ya Humay çağırın, ya Sona deyin, Elə ad verin ki, bəxti yar olsun! * * * Sükeydə, Fəğanə, adı verməyin, Bəxtinin yoluna “cadu” hörməyin, Uğurlu bir adı əsirgəməyin, Elə ad verin ki, bəxti yar olsun! * * * Adı elə seçin, Aydan bac alsın, Ayağı zəmində, göyə ucalsın, Adıyla qarıyıb, xoşbəxt qocalsın, Elə ad verin ki, bəxti yar olsun! * * * Əridib gözünün, nurun qarəsin, Zaur “Ustac” ilə tapıb çarəsin, Hamı xoşbəxt istər ciyərparəsin, Elə ad verin ki, bəxti yar olsun! 04.05.2020 – Bakı.
VAQİF DÜNYASI (Bu gün onun doğum günüdür! Ruhu şad olsun!) Vaqifin barmağından doğulan bir dünya var, Səmədin qələmindən doğulan dünya kimi. Yeddi qat, yeddi arğac mayası sirr dünya var, Səttarın fırçasından doğulan dünya kimi. * * * Vaqifin barmağından doğulan bir dünya var, Ana laylası kimi, nənə bayatısıtək. Onun barmaqlarında dilə gəlir arzular, Ata duası kimi, baba hayqırtısıtək. * * * Vaqifin barmağından doğulan bir dünya var, Ta qədimdən bu günə, ilmə-ilmə toxunur. Anamın hanasında olan sirli naxışlar, Vaqifin barmağında kəlmə-kəlmə oxunur. * * * Vaqifin barmağından doğulan bir dünya var; Azərbaycandır adı, – mənim yurdum bu diyar! 16.03.2022. Bakı-İçərişəhər.
AĞ ADAM (Rəşad Məcidə) Tanrı mayasını tutubdu “ağ”la, Torpağı ağ, sümüyü ağ, sözü ağ. Sən bu hekayətə ya gül, ya ağla, Bu adamın əyrisi ağ, düzü ağ. * * * Ağoğlanda göz açıbdı dünyaya, Ağ doğulub, nur saçıbdı dünyaya, Ağ qalacaq, and icibdi dünyaya, Sözün tutub; alnı açıq, üzü ağ. * * * Ağdam adlı məmləkətin uşağı, Burda çözüb min-bir türlü tuşağı, Çox dinləyib “dastan” deyən “aşığı”; Hekayətin mini qara, yüzü ağ. * * * Ağcabədi, mədəniyyət beşiyi, Yurd yeridi, çəkilibdi keşiyi, Sadə olub daim evi, eşiyi, Məqamında kürsüsü ağ, mizi ağ. * * * Ustac deyir; tam arınıb bu adam, Ağayana, mərd tanınıb bu adam, Yaranandan ağ yaranıb bu adam, Ağ adamdı; “dirsəyi ağ”, “dizi ağ”. 10.03.2022. – Bakı.
MUSTAFA Talelər müxtəlifdir; Kimi “Dayandur” olur, Kim isə “Sevinc”, “Vüsal”… Bəxti Yaradan verir, Adı ata, analar… Nə qədər “Bəsdi”, “Arzu”, “Sevindik”, “Kifayət” var… “Yetər”lər sevindiyi Dünyadır bizim dünya; Bilirlər ki, nə qədər Hələ “Qızyetər” də var! Övlad Allah payıdır, “Ruzisin Allah verir, Yükünü Yer götürür…” Kimi oğlan olanda, Kim isə qıza görə, Bəzən köksün ötürür… Dünya saysız, hesabsız Misallara səhnədir. Qız, oğul fərq eləməz, Biganə, biganədir… İstiqanlı, sevəcək… Adın soyuq etməyin, Övlada ad verənlər! “Fidan”, “Humay” ya “Ucal” Nə çoxdur ismi-sərif… Bu gün elə ad verin, Sabah gətirsin tərif! 02.03.2022 – Bakı.
YUXUDA GÖRDÜM Kİ… Yuxuda gördüm ki, saraydayam mən, Xalı döşəməli geniş bir saray. Ayrı bir həşirdə, haraydayam mən, Qapılar açılır önümdə tay-tay. * * * Gördüm başı açıq, ayağı yalın, O başa-bu başa gəlib gedirəm. İçində itmişəm yaşılın, alın, Bir şahzadə qıza təzim edirəm. * * * Başına qoyduğu zərli tacından, Üzündə ay doğur, gün halələnir. İncilər, almazlar yağır saçından, Baxıram üstümə işıq ələnir. * * * Uçmaq istəyirəm, bir himə bəndəm, Tanrıdanmı gəlir bu boyda işıq?! Hər təzim etdikcə göyə büləndəm, Qürur yaşayıram qorxu qarışıq. * * * Baxır, gülümsəyir şahzadə gözəl, Qəlbimdən keçəni gözümdən duyur. İşarə edir ki, bir yaxına gəl, Nədir iltimasın, ərz elə, buyur… * * * Dinmək istəyirəm tutulur dilim, Mənə nələr deyir bu heyrət, nida? Qəfildən alışır çəmənim, çölüm, Mən səni görürəm demə yuxuda. * * * Sakitcə üzünə boylanıram mən, Baxışın mehriban, gözlərin duru. Yuxuda yuxudan oyanıram mən, Sən günün işığı, sən ayın nuru. * * * Ağzım yaman yerdə dirənib dağa, Yanıl yanaqların bir dağ laləsi… Məni öldürməyə, ya yaşatmağa, Bəs edər əlinin bir işarəsi. * * * Əmr elə, cəlladlar boynumu vursun, Nə əcəb görünmür, bəs onlar hanı? Çağır fərraşların çubuğa tutsun Səndən sevgi uman kövrək insanı. * * * Duyğulu bir qəlbin tamam bəsisən, Bülbül istəyim var dil-dil ötməyə. Sən mənim könlümün şahzadəsisən, Hazıram bir ömür səcdə etməyə!
AXŞAMDAN YAĞAN BU YAĞIŞ Axşamdan yağan bu yağış Gecəni sona yetirdi. Göyün yerə deyəcəyi Nə varsa, ona yetirdi. * * * O dolan qara buludlar Sübhə kimi damcıladı. Payızın göz yaşlarını Qansız külək qamçıladı. * * * Mən də yağdım ağ varağa Gilə-gilə, damcı-damcı. Kirpiyimdə salxımlandı Ürəyimdən qopan sancı. * * * Ac köçkünlər muncuq-muncuq Avropanın yaxasında. Bu sahibsiz məzlumların Kimdi duran arxasında?!… * * * Arxalı qaniçənlərin Əmri qandı, hökmü qandı… Bu dünyanın hər yerində Ölən ancaq müsəlmandı! * * * Axşamdan yağan bu yağış Ilmə-ilmə sökür məni. Yurdsuzların yurd gəzimi Bir üsyana çəkir məni. * * * Elə yanıb yaxılıram, Söz ağzımda kömürləşir. Xocalıda ruhlar gəzir Dərd ömrümdə ömürləşir. * * * Cövlan edir dalğa, tufan, Bu dəryada sal köməksiz. Külək vurur, qayıq aşır, İnsan oğlu, qal köməksiz… * * * Batır gücsüz qoca, qarı, Körpəyə bax, əl-qol atır… Bu boğulan məzlumların Ah, naləsi hara çatır?!… * * * Hara çatır haqsızlığın Batırdığı haqqın səsi?! Aman allah, bu dəhşəti Bir daha kimsə görməsin! * * * Axşamdan yağan bu yağış Ürəyimə damcılayır. Külək çöldə yağışı yox, Evdə məni qamçılayır!
BU SƏNİN DEDİYİN SEVGİDİ Seyrələn saçların ağına gəlir, Boranlı, çiskinli dağına gəlir. Ömrünün ixtiyar çağına gəlir Demə daşan selim səngidi vallah, Bu sənin dediyin sevgidi vallah. * * * O gülü bu sayaq üzə bilməzdin, Arxayın, təmkinli gəzə bilməzdin. O boyda sevincə dözə bilməzdin Onunçün yollarda ləngidi vallah, Bu sənin dediyin sevgidi vallah. * * * Bilməzdim “hə” imiş dilindəki “yox”, Onluğa hədəfmiş kipriyində ox. Mən elə sevirəm bu sevgidən çox Ömrün qocalıqla cəngidi vallah Bu sənin dediyin sevgidi vallah.
NEYNİRDİN ŞAİRİ YARADIB, ALLAH Bağladın həyata min sirli bağla, Qəlbinə coş dedin, gözünə ağla. Bir belə ağrıyla, bir belə dağla Neynirdin şairi yaradıb, allah?! * * * O, dönə bilmirsə kor ağacına Ya batan gəminin dor ağacına. Quş olub uçmursa dar ağacına Neynirdin şairi yaradıb, allah?! * * * Aldanıb kimisə öyəcəkdisə, Sonra öydüyünü söyəcəkdisə. Kükrəyib “Həqq mənəm” deyəcəkdisə Neynirdin şairi yaradıb, allah?! * * * Ərzi hökmdara yetməyirdisə, Dərdi, şikayəti bitməyirdisə. Zindana könüllü getməyirdisə, Neynirdin şairi yaradıb, allah?! * * * Qılınctək kəsməyən şeirə nə deyim, Şeirdən gələcək xeyirə nə deyim? Bu bitib-tükənməz sehrə nə deyim, Neynirdin şairi yaradıb, allah?! * * * Onu zaman-zaman oda salırsan, Öldürüb sonra da yada salırsan. Səndəmi şeirlə nəfəs alırsan, Neynirdin şairi yaradıb, allah?! * * * Günəşə calanan hörükmü gəzdin, Zamana od vuran körükmü gəzdin, Yoxsa öz dərdinə şərikmi gəzdin, Neynirdin şairi yaradıb, allah?! * * * Yurdu dərd bürüdü, ələm götürdü, Ürəyi yananlar qələm götürdü. Yeri də, göyü də bu qəm götürdü Neynirdin şairi yaradıb, allah?! * * * Sirrinə müvafiq elmin yoxdumu, O elmə yönəlik filmin yoxdumu, Bizə bundan artıq zülmün yoxdumu? Neynirdin şairi yaradıb, allah?! * * * Ömrümüz-günümüz bir yuxu, röya, İllər ötüb keçdi… Yaşadıq guya?! Şeirlə düzələn deyilsə dünya, Neynirdin şairi yaradıb, allah?!
BİLMİRƏM Ürəyim dönübdür ağlar bir neyə, Hardan tapdı məni qəza, bilmirəm? Göylərlə əlaqəm yoxdumu deyə Yerin yer dərdini yaza bilmirəm?! * * * Əlimdən, dilimdən daş asılıb daş, Sözümdən tez gəlir gözümdəki yaş, Elə yazılıb ki yazım, a qardaş, Ömrüm sona yetir, poza bilmirəm. * * * Qocalıq günbəgün qəddimi əyir, Yanımdan yel ötsə dizim titrəyir. Yaş artır, önümə daş diyirləyir, Daha düz yolda da gəzə bilmirəm. * * * Tanrıya çatmırsa səsim, xitabım, Deməli bağlanıb şeir kitabım. Daha bu hicrana qalmıyıb tabım, Daha bu həsrətə dözə bilmirəm. * * * Musa, su üstündə susuz qalmışam, İçmək yasaq olub, içdən yanmışam.. Təşnə olduğumu ancaq danmışam Varmı bundan ağır cəza, bilmirəm?!
ŞEİR MÖCÜZƏDİR Haçan ağ ümidi üstələyir qəm, Mənə qəhqəh çəkib qara şər gülür. Elə ki, şeirdən uzaq düşürəm Yerdən də, göydən də əlim üzülür. * * * Sağalmaz göynəkdir könül yaramda, Şeir möcüzədir, – danışsam haqla. İlham bir körpüdür mənim aramda, Göydə mələklərlə, yerdə torpaqla. * * * Açılsın gözümdə göylərin qatı, Uçmaq eşqim varsa ölməyəcəyəm. Əzrayıl da bilsin mən bu həyatı Şeirsiz bitirə bilməyəcəyəm!
MÜQƏDDƏSLƏR (… bütün məzarsız Vətən övladlarına ithaf olunur…) Səngəri məzarı olan qardaşım, Hələ də bilinmir əhvalın sənin… Dəfndən Məada Bərzəx deyirlər, Məchuldur durumun, məqamın sənin… * * * Silahın pas tutub, daha heç atmaz, Dəbilqən gəzsə də, çəkmən köç etməz, Kəmər yox olsa da, toqqan heç itməz, Qumquman olubdu kimliyin sənin… * * * Üç rəngli bayrağım süsləyən dağlar, Hər zirvə minlərlə şəhidi ağlar, Bənövşə çiçəyi qəlbimi dağlar, Dağların ağ qarı kəfənin sənin… * * * Zaur buz bulaqdan içəmməz daha, Bənövşə müqəddəs, dərəmməz daha, Ağ qarı tapdayıb, gəzəmməz daha, Bu yurdun nəyi var, ünvanın sənin… 09.05.2021. Bakı.
ATALAR Atalar Yer üzündə Allahın kölgəsidir, Haqdır, ədalətdi bu, Allahın bəlgəsidir.
* * * Həm arxa, həm dayaqdı övlada varlı ata; Uşaq var ata istər, uşaq da varlı ata…
* * * İstəyirəm gorəsən, mümkün deyil danışmaq, Belə olur atanın ətəyindən yapışmaq…
* * * Allah ətəyi kimi, bərk sarılıb, tutuşmaq, Balaca yumruqlarla, “allahlarla” vuruşmaq …
* * * Həm arxa, həm dayaqdı övlada varlı ata; Uşaq var ata istər, uşaq da varlı ata… 13.06.2021. Bakı.
İLQAR (Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə) Qəhrəman olmaq üçün Gəlmişdi Yer üzünə. Silahı sevgi idi, Qonmuşdu nur üzünə. * * * Verdilər İlqar adın, Böyüdü üzdə vüraq. Fəxriydi dostun, yadın, Əhdinə düzdü İlqar. * * * Ananın sevinciydi, Obanın şan-şöhrəti. Ziyası oldu xalqın, Əritdi zin-zülməti. * * * Gətirdi gedişiylə Şərəfi, şanı bizə. Qollara qüvvət oldu, Təpəri yetdi dizə. * * * Məzara düşən gün o, And içdi mərd oğullar: -“Bu qanı alacağıq, Sən rahat uyu, İlqar!” * * * İgidlər tutdu sözün, Bir gündə döndü zaman. Göstəriş verildi ki, Düşmənə yoxdur aman! * * * Çin oldu arzuları, Qarabağ oldu azad. Uyuyur rahat indi, Şəhidim indi rahat… 21.06.2021. Bakı.
VƏTƏN DAŞI “Yaşıl”ına yaşıl qatan, Dizi yaşıl oğullar var! “Göy”ün açıq olsun deyə, Göydən buludu qovdular! * * * “Qırmızı”na qanın qatan, Gözü yaşlı analar var! Sən beləcə şax dur deyə, Qəddini əydi atalar! * * * Haqqın yoxdur; nə solmağa, Əyilməyə Vətən daşı! Vətənimin sözüsən sən, Yadelliyə Vətən daşı! 29.06.2021. Bakı.
O GÜN (Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə) Hər şey belə başladı, Gülə-gülə getmişdin… Döndün üzdə təbəssüm, Çöhrənə həkk etmişdin… * * * Tək getmişdin gedəndə, Yüz min olub qayıtdın… Özün getdin yuxuya, Milyonları oyatdın… * * * Hər şey belə başladı, Bütün xalq həmdəm oldu… Cümlə aləm toplandı, Azərbaycan cəm oldu… * * * Yuxudaykən əbədi, Yatmışlara qalx dedin… Vətənin qara dərdin Al boyayıb, ağ etdin… * * * Girib torpaq altına, Çıxartdın üzə nə var… Bir gedişə mat idi, Taxtada tüm fiqurlar… * * * Tarixində satrançın Bəlkə də bu oldu ilk… Qarşısında bir topun, Vəzir olmuşdu fillik… * * * Hər şey belə başladı, Qonaqların sığmadı O gün həyət-bacana, Məmləkəti çuğladı… * * * Başlanan yol qapından, Şuşayadək uzandı… Vətən oğlun itirdi, Torpağını qazandı… * * * Belə şanlı hekayət, Tarixdə bir, ya iki… Lap başqası varsa da, Möcüzədir bizimki … * * * Bu dastanı qanıyla Yazdı ərlər, ərənlər… Bu kitabın qədrini, Bilir yazmaq bilənlər… 14.07.2021. Bakı.
ÜSTÜNDƏYƏM MƏN Bu gün qəribə bir yuxu görmüşəm, Sanki bir nərdivan üstündəyəm mən. Nə göydə, nə yerdə, nə asimanda, Əcəl köhləninin üstündəyəm mən. * * * Görürəm daşlar da dilə gəlibdir, Dərdimi dünyadan başqa kim bilir? Dilim dayanmadan dualar edir, Əcəl köhləninin üstündəyəm mən. * * * Görürəm hamıyla sağollaşıram, Hamıyla əl verib qucaqlaşıram. Anamla, atamla halallaşıram, Əcəl köhləninin üstündəyəm mən. * * * Dostlarla əbədi vidalaşıram, Dünyayla əbədi sağollaşıram. Zəncirtək köhlənə çox dolaşıram, Əcəl köhləninin üstündəyəm mən. * * * Sevgimi birində qoyub gedirəm, Yaramı dərində qoyub gedirəm. Dünyadan biryolluq doyub gedirəm, Əcəl köhləninin üstündəyəm mən. * * * Əlvida hər şeyim, ey varım, yoxum, Əlvida kamanım, əlvida oxum. Sən idin dünyada şipşirin yuxum, Əcəl köhləninin üstündəyəm mən. * * * Sanki dodaqların gülüş görməyib, Ey ləbi dodağı gülüş görməyən. Bil ki, mən ölsəm də ruhum ölməyib, Əcəl köhləninin üstündəyəm mən.
DE NİYƏ? Nə oldu ki, ayrılırıq biz indi? Ağlamağa tab gətirmir göz indi. Danış bilim, de mənə bir söz indi, Aramızdan yel də əsmir de niyə? * * * Ayrılırıq, dözə bilmirəm buna, Sevgimi sən indi yetirdin sona Qəlbimi vermərəm yad bir oğlana Aramızdan yel də əsmir de niyə? * * * Qəlbim quş qəlbitək indi döyünür, Sevənlərə baxıb hər kəs öynür, Ayrılıq deyəndə qəlbim göynüyür, Aramızdan yel də əsmir de niyə? * * * Darıxdığım zaman təsəllim olmur, Ağlayıram amma gözlərim dolmur, Əllərim əlinə dəyməyib donur, Aramızdan yel də əsmir de niyə?
GEDİRƏM Yoluma bax gizli-gizli köks ötür, Ürəyində qubar bağla, gedirəm. Gəlib ürəyimi təkcə sən götür, Yasıma gələrək ağla, gedirəm. * * * Ürəyim çırpınır quş qəlbi kimi, Artıq günəş belə üşüdür məni. Xətrimə dəymisən, neynirəm səni? Yasıma gələrək ağla, gedirəm. * * * Məktubları saxla, yadigar olsun, Sevgilim deyirsən, qoy xitab olsun, Qəlbin başqasına qoy mehtab olsun, Yasıma gələrək ağla, gedirəm. * * * Başım gicəllənir, görmürəm heç nə, Yanımdan beləcə ötəri keçmə. Sevgi şərabından sən hələ içmə,. Yasıma gələrək ağla, gedirəm. * * * Yenə səni xoşbəxt görmək istərəm, Uşaq kimi coşub-çağla gedirəm, Məni heç düşünmə, amma bircə gün, Yasıma gələrək ağla, gedirəm.
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 32 il keçir. Azərbaycan xalqına qarşı həyata keçirilən hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq. Sovet Ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. 131 nəfər öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında 5 millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi ümumxalq hüzn günü! Şükür Səhidlərimizin ziyarətinə mənfur düşmən tapdağından Qarabağımızın xilası, Qələıbə müjdəsi ilə gedirik!
ŞAHİ-CAHAN Çiçək açsa, haçan həyat ağacın, Yaz çağındır, o çağını yaza yaz! Qan qaynasa, qışın oğlan çağında, Qışa deyil, o çağını yaza yaz… * * * Araz dağdır, haldan hala hal eylər, Sakit axar, eldən elə yol eylər, Dost-aşina, taydan taya əl eylər, Ayaq açsa, o çağını yaza yaz! * * * Taclı şair* şeir yazdı dodaqsız, Canın xanı yaranışdan qonaqsız, Şahi-cahan, yaşar səssiz, soraqsız, Hərgah coşsa, o çağını yaza yaz!
21.10.2021. – Bakı ş.
* Taclı şair – Göygöz, Sevdalı kimi Zaur Ustacın müəyyən konkret məhdudlaşdırıcı ədəbi tələblər olduğu zaman (adətən dodaqdəyməzlərdə) istifadə etdiyi təxəllüsüdür.