Bir küçə var bu şəhərdə… Ətrafında dalğalanan dar və geniş küçələrdən Heç nə ilə fərqlənməyən, Bir küçə var bu şəhərdə, adi küçə… Hər gün səhər ordan keçir hamı öncə, Keçmişimə qayıdıram səhər-axşam o küçəni mən görüncə. Bir zamanlar bu küçədə qış yox idi, Nə payız yox, nə də solğun, qəmgin rəng yox. Bu küçədə yalnız bahar, yaz olardı, Bu küçədə arzu dolu yeni ümid doğulardı… Çünki, burda sən də vardın… İndi burda xəyalımda söz düzülür, sətir olur, Bu küçənin hər ağacı yağış vaxtı gözəllərə çətir olur, Xəyallarsız bu küçədən ötüb keçib getmək olmur. İndi hər gün qızıl payız Həzin-həzin dolaşaraq, Bir əbədi sakitliyə, bir sükuta qoşularaq, Gəzər burda, xatirələr yaradaraq… Hər tərəfdə solmuş aləm, saralmış gün, Burdan yenə keçməliyəm mən də hər gün. Keçməliyəm, çünki yolum burdan keçir, Burdan keçib və keçəcək. Bu yol mənlə elə burda, bu küçədə yenə səni gözləyəcək…
Bu çayxana əvvəllər mənim idi. Uzun müddət işlətdim buranı. Sonra satdım.Ancaq yenə tez-tez gəlirəm buraya. Mənə xüsusi hörmət edirlər uşaqlar. Sağ olsunlar. Tək onlar üz döndərməyib məndən hələki. Bu çayxanada içki olmur. Amma mən son illər heç ayıq olmuram. Sərxoşluq çox şeyi unutdurur adama. İçkiyə qurşandıqdan sonra çox şey itirdim. Ailəmdən ayrı düşdüm.Yeganə qızım mənimlə heç danışmır. Eh! Kimə lazımam indi? Pulsuz, işsiz kişi kimə lazımdır? Heç kimə. Mənim bu çayxanada öz yerim var. Orada heç kim oturmur. Hamı bilir ki,o yer mənimdir. Bu gün adam çoxdur. Bayaqdan nəsə müzakirə edirlər. Burda olan söhbətlərə qarışmıram adətən. Amma bu gün qarışası oldum.
– Nə olub? -deyə çayçıdan soruşdum. -Heç, məllim, Quran kitabı satır biri, uşaqlar da deyir ki,Quranı satmazlar,-deyə cavan oğlan cavab verdi. -Neçəyə verir ki? -Baha e,məllim, deyir 100 manatdan aşağı vermərəm. Mən əlimi cibimə aparıb orada olan bir neçə manatı kitab satana uzatdım və: -Ver onu mənə!- dedim,
-Qalanını sabah gətirərəm. Kitab satan oğlan tutuldu. -Yoox.Verə bilmərəm. Ehtiyacdan satıram. Yoxsa heç…
-Ver kitabı müəllimə,pulun mən verirəm, -deyə çayxanada oturanlardan biri irəli çıxdı. O, Quranı öpüb mənə uzatdı. Etiraz etmək istədim,lakim imkan vermədi. Mən Quranı götürüb evə gəldim. Başım bərk ağrıyırdı. Evə girər girməz araq şüşəsini axtardım. Boş idi. İstədim mağazaya gedim, pulumu hesabladım.Çatmırdı. Dəli kimi olmuşdum. Evimdə olan köhnə sınıq divanın üstünə uzanıb Quranı səhifələməyə başladım. 7 gün heç bir yerə çıxmadım evdən. Evdə olan-olmazdan yeyib çay içirdim və oxuyurdum. Azərbaycan dilində olsa da bəzi sözləri anlamırdım,ancaq oxuyurdum. O səhər azan səsinə oyandım. Evimdə azan yaxşı eşidilirdi. Əvvəllər buna o qədər fikir vermirdim. Mən geyinib əl üzümü yudum. Üzümü tük basmışdı. Saçlarım ağarmışdı. Güzgüdə tamamilə başqa bir adamı gördüm. Əlimi saçlarıma, üzümə sürtüb özümün mən olduğumu hiss etmək istədim. Hə. Bu mən idim. Bir həftə ərzində mən bir dəfə də olsun içki içməmişdim və artıq şərxoş olmadan yaşaya bilirdim. Yenidən güzgünün qarşısında dayandım… Ötən günlərim,vəzifəm, ailəm, qızım- hamısı bir-bir yadıma düşdü. Kövrəldim.Deməli mən yenidən həyata qayıda bilərəm! Mənim buna gücüm çatar! Birdən gözüm divanın üstündəki Qurana sataşdı. Müqəddəs kitabı üç dəfə öpüb rəfin üstünə qoydum və evdən çıxdım. Hava çox gözəl idi.Ətraf tamam başqa rənglərdə görünürdü bu gün.Həzin meh üzümə vurduqca canki kimsə məni səsləyir və “gör həyat nə gözəldir!”-deyirdi. Yenə çayxanaya getdim. Ürəyimdə mənə çox əziyyət verən bir suala cavab axtarırdım. “Görəsən qızım,yoldaşım məni bağışlayarlar? Görəsən yenidən məni kimsə işə götürər?” Bu fikirlərlə çayxananın qapısından içəri girdim.
-Salam, məllim, hardasız? Çoxdandı görünmürsüz? Dəyişmisiz e. Siz olmayanda nələr oldu buralarda, məllim!-deyə çayçı oğlan həyacanla söylədi. -Nələr oldu?
-Məllim, müdir qəzada vəfat etdi. Qaldıx başsız, məllim.Hələ ki, o sizə kitab alan cavan oğlan yola verir. Arxadan kiminsə əllərinin çiyinlərimi sıxdığını hiss etdim. Arxaya çöndüm. Həmin adam idi.
-Salam, müəllim. Bu çayxana əvvəl olduğu kimi yenə sizindir. Gəlin, işlədin. Onu mən pulla almışam.Sizin üçün.
-Siz nə danışırsınız?Siz kimsiniz axı? Mən sizi heç tanımıram da. -İşinizə başlayın,inşallah, tanıyarsınız. Mən nə edəcəyimi bilmirdim. On il bundan əvvəlki kimi işə başladım. Ancaq bu dəfə” Allahın adıyla” deyərək başladım. Beləcə hər gün işə gəlir, gecələr də Quran oxuyurdum. Aydın olmayanları tanış din xadımlərindən öyrənirdim. Bir gün Həmin adam yenidən gəldi . Amma bu dəfə tək yox, mənim qızımla. Qızım məni qucaqlayıb ağladı. Mən onu bağrıma basıb əvvəllər olduğu kimi saçlarını sığalladım və alnından öpdüm. -Məni bağışla, qızım!- dedim. O isə həmin adamın əlindən tutub mənə tərəf çəkdi və:
-Ata,sənin icazən olmadan ona “hə ” deyə bilmərəm. Mən onların ikisini də qucaqladım. Göz yaşlarımı saxlaya bilmirdim O qədər xoşbəxtidim ki!! -Qızım,bəs anan razıdırmı?-deyə soruşdum. Bu zaman kənarda dayanıb bizə baxan həyat yoldaşımı gördüm. O da ağlayırdı. Mən iki əlimi göyə qaldırıb hardasa məni eşidən, bəlkə də görən Varlığa
Əziz dostlar, dəyərli teatrsevərlər! Dəvətlisiniz! 8 aprel 2024-ci il saat 18:00-da Azərbaycan Mədəniyyət nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Aktyorlar Evində yazıçı Təranə Məmmədin “Tor” əsəri əsasında Ağdam Dram Teatrında səhnələşdirilmiş “Tor” tamaşı oynanılacaq. Giriş sərbəstdir. Ünvan: Bakı şəhəri, Xaqani küç, 16, I mərtəbə.
Poeziya sözü Yunan dilindəki “POİEO” sözündən yaranıb. Həmin söz Azərbaycan dilinə yaratmaq, inşa etmək, müşahidə etmək kimi tərcümə edilir. Ən qədim poeziya nümunələri olan şeirlər-himnlər eramızdan əvvəl 23-cü əsrə aid edilir. Həmin şeirlərin müəllifi qadın şair En-hedu-ana olub. Şair haqda yeganə məlum olan odur ki, o, Urunu (İran ərazisini) fəth etmiş Akkad şahı Sarqonun qızı olub. 1999-cu ildən etibarən ЮНЕСКО nun qərarı ilə hər il 21 martda Beynəlxalq poeziya günü qeyd edilir. Poeziya sevənləri və sözdən, kəlmədən məharətlə istifadə edib gözəl poeziya nümünələri yaradan şairlərimizi bu gün münasibəti ilə ən xoş arzularla təbrik edirəm!
Hər qadının öz fərdi dünyası var. Hər qadın bir aləm, bir xəzinədir. Maraqlı, sirlərlə dolu qadın dünyasına səyahət edib onu dərk etmək istəyənlərin sayı çox, həmin dünyanı sonadək dərk edənlərin sayı azdır. Qadın dünyası son səhifəsinə qədər oxunmayan bir kitab kimidir. Hər qadının öz həyat hekayəsi, öz həyat dastanı var. Qadının xöşbəxtliyi də, bədbəxtliyi də çox vaxt əks cinsin ona münasibətindən asılı olur desəm yəqin ki, yanılmaram. Dünyaya sevib-sevilmək üçün gələn qadının sevgisi də bəzən özü kimi layiqincə dəyərləndirilmir. 25 yaşım təzə tamam olmuşdu. Ailəli idim, bir oğlum da var idi. Deyilənə görə xarici görünüşüm pis deyildi. Etiraf edim ki, buna o qədər də əhəmiyyət vermirdim, çünki içimdə həmişə özümə inam və arxayınçılıq hissi var idi. Təzə qəbul olunduğum iş yeri ilə tanışlığım yaxşı yadımdadır. İş otağıma daxil olub iki qadınla tanış oldum. Onlar məni qarşılayıb bir yerdə,y əni bir otaqda işləyəcəyimizi xəbər verdilər. Qadınlardan biri nisbətən yaşlı, digəri elə mənimlə yaşıd olardı. Düzünü deyim ki, onların baxışlarında və davranışlarında o qədər də səmimiyyət hiss etmədim. Lakin o gün buna o qədər də əhəmmiyyət vermədim. Mənə ayrılan yerə yaxınlaşıb təzəcə çantamı oturacağın üstünə qoymuşdum ki, otağın qapısı açıldı və içəri təxminən 40- 45 yaşlı hündür boylu, ilk baxışdan çox cazibədar bir qadın daxil oldu. Qadının iri qara gözləri, qara uzun saçları və ağappaq dərisi ona xüsusi gözəllik verirdi. Otaqdakı qadınlar ayağa qalxmaq istədikdə, içəri girən qadın əliylə işarə edib:
Əyləşin, işinizdə olun,- dedi və mənə tərəf addımladı.
Hə… Təzə işçi sənsən?
Bəli,- dedim. Qadın iri sürməli gözləriylə məni başdan ayağa süzdükdən sonra bayaqdan mənə çox gözəl görünən gözlərini elə qıydı ki, sanki üzünə kimsə turşu çilədi.
Tanışam tərcümeyi-halınla. Mən sənin,- qadın otağa göz gəzdirib- sizin bölmənin rəisiyəm. Adım Süsəndir, – dedi. O, bu sözləri elə dedi ki, sanki Nefertiti Misir taxtının kraliçası olduğunu xalqa bəyan edirdi.
Çox yaxşı,- dedim. Bu mənim Süsən xanımla ilk görüşüm idi. Cəsarətlə deyə bilərəm ki, işimdə çox məsuliyyətliyəm. Mənə verilən bütün tapşırıqları həmişə vaxtından əvvəl icra edib təhvil verirdim. Lakin Süsən xanım nə işimi, nə də məni bəyənmirdi ki, bəyənmirdi. İş o yerə çatırdı ki, hərdən əsəblərimi cilovlaya bilməyib ağlayırdım, lakin başıma gələnləri heç kimlə bölüşmürdüm. Hətta evdə yoldaşıma da heç nə demirdim. Sadəcə baş verənlərin səbəbini anlamağa çalışırdım. Mənimlə bir otaqda oturan qadınlar da sanki Süsən xanımın mənə münasibətindən xüsusi həzz alırdılar. Rəisimin mənə ara-sıra dediyi atmacaların mənasını dərhal anlamır, saatlarla nə demək istədiyini düşünməli olurdum. Tədricən başqa həmkarlarımla da tanış oldum. Çox savadlı və maraqlı insanlarla çalışdığımı hiss etdikcə işimi daha çox sevirdim. Hərdən mənə elə gəlirdi ki, kişi həmkarlarımın mənə münasibəti daha səmimidir. Sonralar bunun həqiqətən də belə olduğunu dəqiq bildim. Mən də onlara dərin hörmətlə yanaşır, bilmədiklərimi onlardan öyrənməyə çalışırdım. Günlərin birində Süsən xanım məni otağına çağırıb əvvəl işimi yoxlayıb adəti üzrə tənqid etdi sonra:
Ərin qısqancdı? – deyə qəribə sual verdi.
Məncə o qədər yox, – deyə mən sualın məqsədini anlamadan cavab verdim.
Deməli, sevmir səni, – deyə, Süsən gülümsədi. Mən cavab verməməyi üstün tutub susdum.
Kişilər laqeyd oldusa, demək ya başqa yerdə adamı var, ya da…
Ya da? – deyə mən dözməyib soruşdum.
Ya da sən qadın kimi onu daha maraqlandırmırsan. Süsənin bu anlaşılmaz və heç mənə və ailəmə dəxli olmayan söhbəti məni o qədər əsəbiləşdirdi ki, mən bu dəfə ağlamaq əvəzinə güldüm və:
Sizi nə maraqlandırır, Süsən xanım? – deyə qadının gözləmədiyi sualı verdim. O, bir qədər özünü itirsə də, adəti üzrə gözlərini qıyıb mənə baxdı və:
Rəis səndən soruşsa ki, ərin qısqancdır, deyərsən ki, qısqancdır, – dedi. Şəxsi həyatımın rəisə nə dəxli olduğunu soruşmaq istəyirdim ki, xanım əlindəki qələmi masaya vura-vura:
Sənin üçün deyirəm. Rəisimiz bir az… necə deyim, qadınlarla çox maraqlanır. Ona görə bilsə ki, ərin qısqancdır səninlə işi olmaz, – dedi. Rəisimiz yaşlı adam idi. İşlədiyim müddətdə onun qadınlara qarşı qeyri-adi münasibətini hiss etməmişdim. Hər halda, Süsən xanımın dedikləri məni bir qədər düşündürdü. Otağıma qayıdanda qadınlar halımın dəyişdiyini hiss edib güldülər və onlardan biri:
Nə olub? Baş rəisin otağından çıxmısan? – deyə soruşdu və onlar yenə güldülər. Bundan sonra rəisin həqiqətən qadın düşgünü olduğuna şübhəm qalmadı. “Yoxsa niyə belə desinlər ki?” – deyə düşündüm. Çalışdığım sahə çox maraqlı olsa da Süsən xanımın münasibəti məni çox narahat edirdi və mən başqa bir yerə keçmək üçün fürsət axtarırdım.
İşə yoldaşımla gedib gəlirdim. O, maşınla məni hər səhər gətirir, axşam da evə aparırdı. Səhər tezdən həmişəki kimi maşınımız idarənin qarşısında dayandı. Mən maşından düşüb qapını bağlamaq istəyirdim ki, Süsən xanım əliylə qapını tutub üzümə gülümsəyərək salamlaşdı və:
Bizi tanış etmək istəmirsən? – deyə başını maşının içinə soxdu.
Bəli, buyurun, tanış olun. Yoldaşımdır,- dedim. Qadın gözlərini qıyıb mənə sonra yoldaşıma baxdı və:
Mən sizin yerinizə olsaydım belə gözəl qadını işə buraxmazdım. İndi iş yerlərində nələr baş verdiyini özünüz də bilirsiiniz yəqin, – deyə qadının zarafat etdiyini güman etdim. Yoldaşım sadəcə gülümsəyib:
Arxayın olmasam, buraxmaram. Kişilərdən çox qadınlardan qorunmaq lazımdır indi, – dedi. Yoldaşımın bu cavabı çox ürəyimdən oldu, çünki indi məhz bu cavabı almalıydı Süsən xanım. Rəisimin gülər üzü dərhal dəyişdi. O, üzündə süni təbəssüm yaratsa da, gözlərindəki nifrət hissini gizlədə bilmədi. Yoldaşım sağollaşıb getdi. Mən rəisimlə bir qədər məsafəni bir yerdə addımlamalı oldum.
Yaraşıqlı ərin var, – deyə Süsən üzünü mənə çevirdi.
Çox sağ olun.
Səni sevir deyəsən
Nə bilim. Yəqin ki.
Amma sən heç arxayın olma. Kişilər burda birini sevir, işdə digərini. Sən hələ cavansan bunları bilməzsən. Amma ərin yaşda səndən böyükdür. O bilər.
Məncə…
Məncəsi, səncəsi yoxdur. Kişilər hamısı eynidir, – deyib qadın qəfildən qəh-qəhə çəkib gülməyə başladı. Elə gülməyə başladığı kimi də qəfil gülüşünü dayandırıb ciddi şəkildə:
Yaşın dəxli yoxdur. Bəzən cavan qadınları qoyub yaşlı qadınların yanına da gedə bilirlər kişilər. Hə, elə də olur, – deyib gülümsədi və mənim düz gözlərmin içinə baxıb susdu. Biz pilləkənləri qalxıb otaqlarımıza ayrıldıq. Çantamı asılqandan asıb oturdum və: “Bu qadın xəstədir. Nə istəyir bu məndən? İndi də bu mənasız söhbət. Kimə lazımdır kimin əri necədir axı?” – deyə düşündüm. Gün ərzində bir neçə dəfə Süsən xanım məni yanına çağırıb gördüyüm işdən narazı olduğunu bildirdi. Bu gün o mənə tamam başqa baxışlarla baxır və hər dəfə mən otaqdan çıxanda gözlərini qıyıb gülümsəyirdi. Onun bu hərəkətini heç cür izah edə bilmirdim. O gün işdən evə qayıdanda söhbəti maşında yoldaşım başladı:
O sənin rəisin idi?
Hə. Bəyəndin?
Yox. Heç bəyənmədim
Niyə?
Çünki paxıldır.
Sən nə danışırsan? O rəis işləyir.
Nə dəxli var ki? O nə söz idi danışırdı? O sənə paxıllıq edir. Anlamırsan bunu sən?
O mənə dedi ki, rəisimiz qadın düşğünüdür.
Özüdür onun düşgün. Gözlərindən görünür. Ovçudür.
Nədir?
Sən bilməzsən.
Sən bil ki, sən ondan ağıllı, ondan gözəlsən. Özünü aciz göstərmə. Sənın ondan heç bir asılılığın yoxdur. O, sadəcə sənin rəisindir. Şəxsi işlərinə isə qarışmağa ixtiyarı yoxdur, – deyə əlavə etdi. Yoldaşımın sözləri məni sanki yuxudan oyatdı. Süsən xanımın mənə qeyri-adi münasibətinin məhz paxıllıq olduğunu anladım. Ertəsi gün işə tamamilə başqa əhval-ruhiyyədə getdim. Səhər tezdən oyanıb saçlarımı başqa tərzdə daradım. Təzə don geyindim. Kosmetikadan həmişəkindən bir qədər çox istifadə etdim. Bir sözlə, tam fərqli bir görkəmdə getdim işə. Maşında yoldaşım mənə baxıb :
Mən də qadın olsaydım sənə paxıllıq edərdim. Gözəlsən axı. Çox gözəlsən! – dedi. Onun sözləri məni daha da ruhlandırdı. Yolda belə qərara gəldim ki, bu gün özüm Süsən xanımın otağına gedib ona salam verəcəm. “Qoy görsün ki, bu gün mən tam başqayam!” – deyə fikirləşirdim. İşə həmişəkindən tez gəlmişdim. Otağıma keçib güzgüyə baxdım, saçlarımı düzəltdim. Mən otaqdan cıxıb rəisimə salam verməyə gedirdim ki, onun otağından gələn qeyri-adi səsləri eşidib ayaq saxladım. İlk saniyələrdə heç nə anlamasam da, bir qədər sonra Süsən xanımın gənc işçimiz Orxanla çox intim söhbət etdiyini tam yəqin etdim. Mən bir addım da irəliləyib onları açıq qapıdan aydın gördüm. Gördüyüm səhnə düşündüklərimi tam təsdiq etdi. ”Bu ki, onun oğlu yerindədir!” – deyə heyrətə gəldim və qeyri-ixtiyari iki addım da atdım. Ayaq səslərini eşidən Süsən, Orxanı itələyib saçlarını və açıq yaxasını bağladı, lakin gec idi. Onlar ikisi də bildilər ki, mən onları bir yerdə gördüm. Mən ilk dəfə istəmədiyim bir hərəkət etdim. Ancaq əminəm ki, bunu etməsəydim Süsəndən canımı qurtara bilməyəcəydim. İcəri girib salam verdim və Süsənin düz gözlərinə baxaraq:
Düz deyirsiniz, Süsən xanım, bəzən cavan oğlanlar yaşlı qadınlarla eşq macərası yaşaya bilirlər, – deyib, otaqdan çıxdım. Otağıma qayıdıb yerimdə otursam da, işləyə bilmirdim. Bilirdim ki, bu gün gördüklərimin əvəzində Süsən xanımdan nəsə bir zərbə almalıyam. Cəzamın nə və necə olduğunu heç ağlıma gətirə bilmirdim, çünki o qadının nələrə qadir olduğnu təsəvvür etmək çətin idi. Yeganə onu bilirdim ki, indi daha diqqətli, daha mübariz olmalıyam. Bir neçə gün Süsən xanım mənimlə heç bir əlaqə yaratmır, işimlə də maraqlanmırdı. Aydın məsələ idi ki, indi burda ikimizdən birimiz qalmalıydıq, çünki bizim bir yerdə işləməyimiz artıq mümkün deyildi. 3-4 gündən sonra Süsən xanımın ərizə yazıb işdən getmək arzusunu hamı təəccüblə qarşıladı. İşçilər bu məsələnin səbəbini aydınlaşdırmaq üçün min bir fikir irəli sürürdülər. Heç kimin ağlına gələ bilməzdi ki, Süsən xanımın işdən aralanma səbəbini yeganə bilən adam məhz mən idim. Təbii ki, mən bildiklərimi heç kimə danışmır və heç vaxt da danışmaq fikrində deyildim. Süsən məni otağına çağıranda anladım ki, bu gün aramızda olan söhbət artıq həmişəki kimi rəisimin üstünlüyü ilə keçməyəcək. Güzgüyə baxıb özüm-özümə göz vurdum və ” İrəli!” deyib otaqdan çıxdım. Süsənin qapısını döyüb içəri girdim. Bir neçə gün görmədiyim qadın xeyli dəyişmişdi. Üzündə kosmetikası, gözlərində sürməsi yox idi. Saçlarını arxada yığıb bağlamışdı. Düzü, mənə nədənsə bu görkəmdə qadın daha xoş gəldi. O, sanki daxilən də dəyişmişdi.
Salam, Süsən xanım, – dedim
Salam, gəl, otur. Necəsən? – deyə, rəisim cavab verdi.
Yaxşıyam sağ olun. Siz necəsiniz? – deyə cürət edib soruşdum. Qadın ayağa durub qapını açarla bağladı. Sonra mənimlə üzbəüz oturub bir an gözlərimin içinə baxdı. Onun iri cazibəli gözləri dolmuşdu. Mən nə edəcəyimi bilməsəm də söhbətimizin çətin olacağını artıq hiss edirdim.
Mən tərbiyəsiz biri deyiləm. İstəyirəm bunu biləsən. Ərə gedənə qədər heç kimlə görüşməmişdim. O, mənim ilk məhəbbətim idi. Ərimi çox sevirdim. Onunla olanda özümü dünyanın ən xoşbəxt qadını hiss edirdim. Hətta onun övlad istəmədiyini qəbul edib onunla on il yaşadım. Amma biləndə ki, mənim ən yaxın rəfiqəmlə sevişir, ağlım başımdam çıxdı. Bir gün rəfiqəm mənə zəng edib xaricə həmişəlik yaşamağa getdiyini bildirdi. Çox təsirləndim. Axı, o, mənə bacı kimi idi. O, mənə “Məni bağışla, Süsən. Mən xaricə sənin ərinlə gedirəm. Biz bir-birimizi sevirik” – dedi. Bax belə, dünyalar qədər sevdiyim insan mənə böyük bir mənəvi zərbə vurdu. Özümə qəsd etmək istədiyim zaman xəstəxanada həkimlər məni zorla həyata qaytardılar. Sonra yavaş-yavaş özümə gəldim və söz verdim ki, ərimdən qisas alacam. Gəldim bura. Rəisimiz onun yaxın dostudur. Ərimə acıq vermək üçün onun dostuyla yaxın əlaqə yaratmaq istədim. Bunu niyə etdiyimi bilmirdim, istəyirdim ki, o, da belə bir xəyanətin nə olduğunu hiss etsin. Amma rəisimiz çox alicənab insan olaraq hər şeyi anladı və məni sakitləşdirib başıma ağıl qoydu. “İşinə davam et!” -dedi. Mən onun yerinə olsaydınım qovardım belə qadını işdən. Amma o, mənim başıma gələnləri anladı və məni işdə saxladı,çünki o vaxt işləməsəydim dəli olardım. Orxana gəlincə, o da mənim kimi yaralıdır. Burda bir qızı sevirdi. Ona ürəyini vermişdi, amma qız onun yaxın dostunu seçdi. Orxanla sən güman etdiyin dərin əlaqəm yoxdur. Biz sadəcə dərdimizi bölüşürük. Amma sən gördüyün səhnə var idi. Özümdən qat-qat cavan biri məni sevdiyini dedikdə sanki ərimdən qisas alıram. Ona acıq olsun deyə edirəm bunu. Anlayırsan? Yox. Anlamırsan, çünki bunu anlamaq çətindir. Bəlkə mən də anlamazdım. İlk gündən sənə paxıllıq etdim. Sənin gözəlliyindən qorxdum. Qorxdum ki.. Heç bilmirəm niyə belə qorxdum. Axı, indi mənim əlimdən alınacaq heç kimim yoxdur – dedi, Süsən xanım. Mən sakitcə oturub qadını dinləyirdim. Bütün bunları adi bir hekayə kimi qəbul edərdim, əgər Süsən ağlamasaydı. O, elə içdən ağladı ki, mən də özümü saxlaya bilmədim. Yerimdən durub Süsənə yaxınlaşdım. Onun boynunu qucaqlayıb üzünə dağılmış saçlarını düzəltdim, sonra onu bağrıma basıb:
Sakit olun, Süsən xanım. Lütfən sakit olun! – dedim. Sonra masanın üstündəki su qabından ona su verdim O, suyu içib çantasınsdan bir dərman çıxarıb ağzına qoydu.
Kaş ki, mən yaşayanları sən yaşamayasan, – dedi. Bir qədər sakitləşdikdən sonra otağın açarını mənə uzadıb:
Get otağına, – dedi. Mən otağıma qayıdıb xeyli düşündüm. Başımda hər şey qarma-qarışıq idi. Yeganə onu bilirdim ki, bu gün Süsən xanım özü idi. Onda heç bir saxta, süni hərəkət yox idi. Demək ki, dedikləri həqiqət, yaşadıqları anlaşılandır.
İşin bitməsinə yarım saat qalırdı. Mən çantamı yığışdırıb evə getməyə hazırlaşırdım. Birdən qapı açıldı və katibə:
Sizi rəis çağırır, – dedi Rəisin otağında cəmi bir dəfə işə qəbul olanda olmuşdum. Bu gün ikinci dəfə otağa daxil olanda yenə də ilk dəfə olduğu kimi həyacanlı idim.
Buyurun, əyləşin, – deyə rəis mənə oturmağı təklif etdi. Bir qədər ümumi söhbət etdikdən sonra:
Deməli belə. Sizi bura çağırmağımın səbəbi var. Bildiyiniz kimi, Süsən xanım öz ərizəsiylə idarəmizi tərk edir. Əlbəttə mən istəməzdim getsin, çünki işi yaxşı bilir, təçrübəsi böyükdür, ancaq o, heç niyə belə qərara gəldiyinin səbəbini də izah etmədən ərizə yazıb. Mən hələ ərizəyə qol çəkməmişəm, amma qərar Süsən xanımındır. Biz onu məcbur edə bilmərik. Mən susur və rəisi dinləyirdim. Bir dəqiqə pauzadan sonra o,
Mən belə qərara gəlmişəm ki, Süsən xanımın yerinə sizi təyin edim. Bu həm sizə, həm də bizə xeyirli olar. Siz bölmə rəisi vəzifəsini alırsınız, biz isə yeni, cavan, savadlı bir kadr əldə edirik. Nə deyirsiniz? – deyə rəis sual verdi.
Gözlənilməz təklif oldu. Etimadınıza görə təşəkkür edirəm, ancaq mən bilən Süsən xanım fikrini dəyişib. O, qalıb işləyəcək. Məncə kadr yerdəyişməsinə ehtiyac olmayacaq.
Mən belə deməzdim. Süsən bu gün çox pis dəydi gözümə. Hətta icazə alıb evə getdi.
Bəli. Çox ehtimal ki, yorğundur bir az. Mən sizə əminliklə deyirəm ki, sabah hər şey öz yerini alacaq.
Bu əminlik hardandır?
Qadın intuisiyasıdır.
Yaxşı, əgər intuisiyanız sizi aldatsa, Süsən xanımın yerini sizdən soruşmadan sizə verəcəyəm, – deyib, güldü rəis.
İşdən həmişəkindən bir qədər gec çıxdım.Yoldaşım məni artıq maşında gözləyirdi. Mən gülə-gülə maşına oturdum. Yoldaşım mənim əhvalımın dəyişik olduğunu hiss edib:
Bu gün başqasan, əzizim. Nə olub? – dedi
Bu gün Süsən xanımla söhbətimiz olub, – deyə cavab verdim. Yoldaşım əsəbiləşib Süsənin ünvanına nəsə demək istədi. Ancaq mən onu qabaqlayıb bu gün olanları yodaşıma danışdım. O da bir qədər düşünüb:
Yazığım gəldi ona. Əclaf kişi gör qadını nə günə qoyub. Bəlkə zəng edəsən çıxardaq onu şəhərə? – deyə yoldaşım təklif etdi. Mən telefonumu açıb Süsənin nömrəsini yığdım.
Süsən xanım, hazırlaşın sizi şam yeməyinə dəvət edirəm, – dedim. Bir saatdan sonra biz sahildə restoranların birində şam yeməyi yeyirdik. Süsən xanım bu axşam o qədər gözəl idi ki, ətrafda hər kəs ona diqqət yetirdi. Biz xeyli oturduq. Yoldaşım da mən də əlimizdən gələni etdik ki, Süsən xanımın keyfi açılsın. O, gülüb danışdıqca daha da gözəl görünürdü. Mən ürəyimdə “Bu gözəl qadının bəxti niyə belə olsun axı?” – deyə öz-özümə sual verirdim. Və düşünürdüm ki, bir zaman oxuduğum “Qadında hər şey var bircə xoşbəxtlikdən başqa” cümləsi məhz Süsən xanıma aiddir. Süsən xanımı evə aparanda yolda ondan bir xahiş etdim və o mənə söz verdi ki, sözümü yerə salmayacaq. Ertəsi gün Süsən xanım işə yeni imicdə gəlib birinci rəisin otağına girdi və:
Ver bura ərizəmi, fikrimi dəyişdim, – dedi Rəis eynəyini çıxarıb Süsənə baxdı.
Bu nə gözəllikdir? Nə baş verir?
Həyat davam edir, əzizim! – deyib öz otağına getdi. O gündən idarəmizdə çox şey dəyişdi. Süsən xanım cavan qadınlara paxıllıq etmir, onlara əlindən gələn köməyi edirdi.
Bir neçə aydan sonra Süsən xanım hamımızı restorana dəvət etdi. Yığıncağın səbəbini mən və yoldaşımdam başqa heç kim bilmirdi. Süsən xanım bu axşam çox gözəl görünürdü. Sadə ağ kostyum ona çox yaraşır, hündür dabanlı ayaqqabı onun onsuz da hündür qamətini daha da gözəl göstərirdi. Saç düzümü üzünün cizgilərini daha aydın biruzə verirdi. Bu gün Süsən xanıma heç kim onun yaşını vermirdi. Qadın sanki 10 il cavanlaşmışdı. O, özünə çox yaraşan ağ saç, ağ saqqallı, eynəkli bir adamın mehribancasına qoluna girib məçlisi özü açaraq,
Bu gün bura yeni bir həyata başlamaq qərarıyla gəldim, – dedi. Sonra qoluna girdiyi kişiyə üzünü tutaraq:
Bu insan məni yenidən həyata qaytardı. O, sübut etdi ki, qadın sevgiyə layiqdir və əgər onu sevib anlayan olarsa, qadın sevdiyinə canını da verər. Biz ailə olmaq istədik və bu gün aramızda rəsmi nigah bağladıq. Sizi buraya sevincimi bölmək üçün dəvət etdim. Gəldiyiniz üçün çox sağ olun. Hamı əl çalıb onlara xoşbəxtlik arzulayır, şərəflərinə badələr qaldırırdı. Rəisimiz Süsəni bu qədər dəyişdirə bilən səbəbkarı tanımırdı. Onlar bu gün burda tanış olmuşdular. Tək mən və yoldaşım bilirdik ki, Süsən xanıma evlilik təklif edib ondan müsbət cavab alan, onunla rəsmi nigaha qol çəkən adam iri bir şirkətin rəhbəri, gözəl insan və eyni zamanda mənim yoldaşımın rəisi idi. Bütün bunlar aramızda olan başqa söhbətlər kimi Süsən xanımla mənim sirrimiz olaraq qaldı… “Ehh, qadınlar, qadınlar… Bir gün bir kişi qadını bədbəxt edib həyatını çəhənnəmə çevirə biləcək qədər incidə bilər. Bir gün də başqa birisi onu xoşbəxt edə bilər! Bir şey dəqiqdir ki, heç vaxt heç bir qadın, hətta dünyanın ən gözəl, ən ağıllı qadını olsa belə, bir gün xəyanətlə qarşılaşmayacağına zəmanət verə bilməz…” Bütün bunları maşında evə qayıdarkən sükan arxasında oturan həyat yoldaşıma baxa-baxa düşünürdüm…
Xoşbəxtlik nə rəng olur görəsən? Yəqin ki, çoxumuz onu rəngarəng, əlvan görürük. Əslinə qalsa xoşbəxtliyin rəngi yoxdur, ancaq xəyallarımızda biz çox qəribə canlandıra bilirik onun rənglərini. Bəlkə elə ağ-qara olur xoşbəxtlik? Bilmirəm, amma çox istəyirəm özüm görüm o xoşbəxtliyi. Adım Bəyazdır. Ulu nənəmin adını qoyublar mənə. Ad çox böyük qüvvəyə malikdir. Mən bunu özümdə hiss edirəm. Deyirlər ki, həmin mənim o ulu nənəm çox qeyri-adi qadın olub. Zəmanəsindən irəli getmək istəyib həmişə. “Palaza bürünüb elilə sürün”məyi sevməyib. Mən də beləyəm. Avropada təhsil aldıqdan sonra Bakıya qayıtmışam. Buna baxmayaraq, açıq -saçıqlığı sevmirəm. Tanıdığım ailələrin uşaqlarından başqa heç kimlə əlaqəm yoxdur. Geyimim bir qədər başqalarının geyimindən seçilir. Məsələn, böyük məmnuniyyətlə kontrast rəngləri bir- birinə qatıb geyinə bilərəm. Geyimdə xüsusi bir stilim yoxdur. Ən böyük bəlam isə …. Deyiləsi deyil ki. Özüm də dərk edirəm. Amma neyləyim, mən buyam. Açım sirrimi sizə? Mən əlində mənə gül dəstəsi gətirən oğlanlara o dəqiqə “yox” deyirəm . İnanmırsınız? İnanmazsız da. Adətən qızlar gül almağı sevirlər axı. Mən isə yox. Gülləri sevirəm, amma əlində gül tutan kişiləri qəbul edə bilmirəm. Kişi də əlinə gül götürər? Bu yaxınlarda bir cavan oğlanla tanış oldum. Rəfiqəmin qardaşıdır. Vuruldum ona! Ah! İri gözlər, uca boy, nəvaziş, savad – hər şey yerində. İki gündən sonra məni kafeyə dəvət etdi. Geyinib- kecinib getdim. Nə görsəm yaxşıdır? Bir dəstə gül əlində dayanıb kafenin qarşısında. Yaxınlaşıb üzr istədim, dedim ki , təcili getməliyəm və getdim. Bax beləyəm mən. Anam deyir ki, kaş bu adı sənə qoymayaydıq . Bəyaz arvadın da belə iştəkləri var imiş.
Evə gedirəm. Bayaqdan arxamca bir oğlan gəlir. Tanımıram onu. Elə hara gedirəm ora gəlir. Budur, lap mənə yaxınlaşıb.
Salam, xanım.
Salam.
Sizi çox bəyəndim. Tamış olmaq istəyərdim.
Mən sizi tanımıram və küçədə tanışlığı qəbul etmirəm.
Mən də.
Anlamadım.
Mən də sizi tanımıram və küçədə tanışılığı qəbul etmirəm. Gəlin gedək oturaq bir yerdə bir fincan kofe içək və tanış olaq. Deyəsən bu adam mənlikdir. Tərəddüd etmədən razılaşdım.
Olar. Biz kafedə oturub xeyli söhbət etdik
Adım Bəyazdır,- deyə mən birinci tanışlıq verdim.
Siyah, – deyə o mənə əliəni uzatdı.
Nə?
Adım Siyahdır.
Bu ola bilməz axı. -Niyə?
Mən Bəyaz, siz Siyah. lap palitradır ki.
Babamın adıdır. Özüm də utanıram bu addan. Amma mənasına varmasan yaxşı səslənir.
Çox bəyəndim bu oğlanı. O qədər doğma və səmimi idi ki, eləbil yüz ildir tanıyırdım onu. Çox qorxurdum ki, bir gün mənə gül dəstəsi gətirəcək. Lakin, belə olmadı.Heç demə Siyah ömründə əlinə gül dəstəsi almayıb.
Gül alaram qadına, ancaq başqa formada. Əlimdə dəstə gül gətirməyi sevmirəm, deyirdi. Bu oğlan mənim idi!!!Anama da dedim ki, bəxtim açılıb. Adını deyəndə isə anam dedi ki, bu oğlanı Allah yetirib. Necə deyərlər qız evində toydur, oğlanın heç xəbəri yox. Siyah mənimlə görüşür, danışır, amma evlənmək təklif etmirdi. Boynuma alım ki, hərdən istəyirdim ki, o, evlilikdən söhbət açsın, ancaq…. Beləcə altı ay keçdi. Payızın ortaları idi.O gün ad günüm idi. Təbii ki, gül məsələsi aramızda danışıldığından ondan gül gözləmirdim. Amma deyim ki, alsaydı götürərdim. Nə isə… Səhər tezdən zəng edib mənə gözəl sözlər dedi. Sonra dostunun maşınını götürüb məni Mərdəkana dənizin sahilinə gəzintiyə dəvət etdi.
Sənin maşının hanı bəs?- deyə mən soruşdum.
Bu gün götürmədim.Bu maşın daha rahatdır,- dedi. Razılaşdım.
Biz maşına oturub sahilə getdik. Sahil tam sakitlik idi. Payızın ortalarında Xəzərin sahili artıq soyuq olur. O maşını saxladı və
Düş !-dedi. Mən maşından düşdüm.
Bir az da piyada gəzək. Mən Siyahın qoluna girib addımladım. Elə bir neçə addım getmişdik ki, irəlidə onun maşınını gördüm və təəccüblə:
Bu sənin maşının deyilmi?!- soruşdum
Aaaa! Bu bura necə gəlib?- deyə o da təəccübləndi. Sonra əlimdən tutub maşına tərəf qaçdı. Məni də özüylə apardı. Biz maşına yaxınlaşdıq O, arxa qapını açdı və…. Gözlərimə inanmadım! Maşının içi dolu idi güllərlə, çiçəklərlə. Onların ətri sahili bürüdü. Mən sevincimdən uçmaq isyəyirdim. Ömrümdə almadığım güllərin hamısını birdən aldım! Sevdiyim insandan! Bu başqa bir aləm idi! O mənə yaxınlaşıb qarşımda diz çökdü sonra cibindən bir qutu çıxarıb mənə uzatdı və
Bəyaz, mənə ərə gedərsənmi? – dedi. Mən sanki yuxudaydım. Belə evlilik təklifini ancaq kinolarda görmüşdüm. Söz tapa bilmirdim.
Ya mənə hə deyib üzüyü barmağına tax, ya da at dənizə! – deyə o qutudaki üzüyü mənə uzatdı. Mən üzüyü götürüb ona diqqətlə baxdım sonra var gücümlə onu dənizə …. Yox. Atmadım. Sakitcə barmağıma taxdım. Siyah əvvəl qorxdu sonra məni qucaqlayıb üzümdən öpdü və:
Xoşbəxt edəcəyəm səni. Sənə söz verirəm!- dedi. Necə dedi elə də etdi. Sadə, gözəl, sevincli, kədərli Bəyazlı və Siyahlı xoşbəxt bir ailə yarada bilib yaşadıq.
ƏDƏBİYYATIMIZIN BAŞ QƏHRƏMAN PROBLEMİ (Təranə Məmməd sirri “Sirr” ilə çözdü) Salam olsun, çox dəyərli oxucum. Uca Yaradana dünyadakı kəlmələrin sayı qədər şükürlər olsun ki, yenidən sizlərlə görüşmək nəsibimiz oldu. Öncə onu qeyd etmək istəyirəm ki, bu mənim Təranə Məmməd yaradıcılığına ikinci müraciətimdir. İlk dəfə səhv etmirəmsə 2018-ci ildə Təranə Məmmədin “Tor” kitabı, bu kitabdakı eyni adlı povesti və digər fərqli problemlərdən bəhs edən oxşar motivli hekayələri ilə tanış olduqdan sonra həmin yazını yazmağı özümə borc bilmişdim. Yazıdakı bəzi fikirlərə görə yaxın və uzaq çevələrdən bəlkə də haqlı sayıla biləcək iradlar da almışdım. Bu gün də eyni səbəbdən bu yazını yazmağı özümə borc bildim. Mətləbə keçməzdən əvvəl onu qeyd etmək istəyirəm ki, həm “Tor”u, həm də “Sirr”i bir nəfəsə oxumuşam. Ümumiyyətlə Təranə xanımın qələmindən çıxmış mətnləri həcmindən asılı olmayaraq bir nəfəsə oxumamaq mümkün deyil.
Qəhrəmanımızın konkret mətn nümunəsinə keçməzdən əvvəl söhbətimizin daha anlaşıqlı olması, yəni mənim qeydlərimi əsaslandıracağına və sizin mətləbə daha yaxın olmanızı təmin edəcəyinə inandığım üçün kiçicik bir ümumi məlumatlandırmaya ehtiyac duydum. QISA ARAYIŞ: Təranə Məmməd (Əliyeva Təranə Məmməd qızı) 1 iyun 1956-cı ildə anadan olub. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 1981-1990-cı illərdə Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən kurslarda və eyni zamanda Bakı Dövlət Universitetində ərəb dilini tədris edib. Bir müddət Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mətbuatda Dövlət Sirlərini Mühafizə edən Baş İdarədə redaktor işləyib. Sonralar isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində məsul vəzifədə çalışıb. Hal-hazırda ehtiyatda olan Polkovnik-leytenantdır. “Payızda bahar”, “Gözlərdən öpüb ayrılın”, “Etiraf, Priznanie”, “Tor” adlı şeir və nəsr kitablarının müəllifidir. Haqqında söhbət açacağımız “Sirr” kitabı müəllifin oxucuları ilə növbəti görüşüdür. Təranə xanımın əsərlərin dili, quruluşu və mövzu aktuallığı, əhəmiyyəti baxımından birinci yazımdakı fikrimdə qalıram. “Həcmindən asılı olmayaraq onun qələmə aldığı mətnlər olduqca yığcam, sanki, gözəgörünməz bir struktur sxem üzərinə yığılmış ayrı-ayrı, biri digərinə vəhdət üçün mütləq möhtac olan pazl hissəcikləri toplusu kimidir. Qısa və konkretdir.” Bu baxımdan, “Sirr” romanı müəllifin digər əsərlərindən elə də fərqlənmir. “Təranə xanım adi görünən bir məişət problemi üzərinə qurulmuş təhkiyəni ani bir xatırlama və ya sualla illər öncə baş vermiş əhəmiyyətli hadisənin üzərinə yönəldib, bu mühüm məsələ barəsində bir-iki cümlə ilə oxucuya elə müfəssəl məlumat yüklü informasıya ötürür ki, bu sadəcə qibtə ediləcək hal, onun illərin gərgin əməyinə söykənən, hər ötən saniyənin olduqca qiymətli olduğu, sözün anında fiksasiya etmək bacarığının mühüm olub, həyati əhəmiyyət kəsb etdiyi fəaliyyətindən, iş təcrübəsindən qaynaqlanır. Uzun illər əmək fəaliyyəti nəticəsində qazandığı sistemlilik, yığcamlılıq, dəqiqlik, bütövlük kimi xarakter xüsusiyyətləri hər sözdən, hər cümlədən, hər bir fikirdən boylanır və görünür. Yazdıqlarının demək olar ki, hamısı həmən-həmən aktual mövzuları əhatə edir. Söhbətin, hekayətin zaman və məkan olaraq hardan başlayıb, harada bitməsindən, məzmunundan asılı olmayaraq hal-hazırda bir vətəndaş kimi hər birimizi narahat edən, … gənclərin və gənc ailələrin problemləri, ölkəmizdə baş verən dəyişikliklər, fasiləsiz inkişaf, quruculuq işləri və başqa digər mühüm əhəmiyyətli hadisələr onun yazdıqlarının əsasını, canını, ruhunu, şah damarını təşkil edir. Elə yuxarıda sadaladıqlarımız keyfiyyətlər Təranə Məmməd yaradıcılığının zənginliyini, rəngarəngliyini, əhəmiyyətini gözlər önünə sərməyə kifayət edir. Ancaq bunlar hələ hamısı deyil… Həcmindən asılı olmayaraq, Təranə xanımın yazdıqları əhatəliliyi baxımından da çox seçilir. Hər bir bədii səhnənin təsviri, obrazın canlandırılması zamanı xüsusi bir musiqi duyumu, rəssam peşəkarlığı sezilir onun yaratdıqlarında… …Təranə xanımın yaratdığı obrazların prototipləri Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizdən tutmuş, hal-hazırda bizimlə birlikdə gündəlik yaşam mücadiləsi verən müxtəlif zümrələrə aid uşaqlar, yeniyetmələr, gənclər, yaşlılar, xəyalları yarım qalmış övladlar, dünyaları yıxılmış valideynlər, tələbələr, fəhlələr, iş adamları, qazilərimiz, torpaq-yurd həsrəti ilə yaşayan qaçqın-köçkünlərimiz kimi müasirlərimizdir. “Yazarlar və yazılar” məqaləsindəki yazarların bütün dövrlərdə aktual olan iki sevimli mövzusu var, – “müharibə və məhəbbət” fikrinə qayıdaraq qeyd etmək istəyirəm ki, Təranə Məmməd bu iki mövzunu çox ustalıqla birləşdirib, söz israfçılığına yol vermədən hər güllənin həyati əhəmiyyət kəsb etdiyi xüsusi əməliyyatda olan kəşfiyyatçı əsgər dəqiqliyi ilə bütün məsələlərin öhdəsindən böyük məharətlə gələrək, misilsiz, xüsusi ilə gələcək nəsillər üçün, eyni zamanda müasirlərimiz olub, ancaq dünyadan xəbərsiz yaşayanlar üçün gözəl nümunələr yaradır. Bizə qalan onları əldə edib oxumaqdır.” (Z.U)
Fikrimizi konkret olaraq “Sirr”in üzərində cəmləməyə çalışaq. Bu məsələdə aşağıdakı iki suala aydınlıq gətirmək bizə kömək olacaq: 1) “Sirr”in sirri nədədir? 2) Bu yazının müəllifi –bəndəniz- Zaur Ustacın iddia etdiyi çözülmüş “sirr” nədən ibarətdir?
“Sirr”in sirri nədədir?
Düzü, tam səmimi olaraq etiraf etmək istəyirəm ki, kitabla tanış olduğum ilk andaca yığcamlığı məni qne etsə də adının “Sirr” olması fikirlərimi dolaşdırmışdı. Hətta onu qeyd edim ki, əgər Təranə xanımın yaradıcılığına bələd olmasaydım, adına görə belə gözəl və vacib bir kitabı hələ oxumamış da ola bilərdim. “Sirr” adı ani olaraq xəyallarımı eyni adlı digər əcnəbi müəllif tərəfindən qələmə alınmış motivasiya kitabının yanına aparmış, anındaca Təranə Məmmədin belə bir ucuz reklama ehtiyacı olmadığını düşünərək, ön sözə vaxt itirmədən bir başa Elçinin qardaşı Elvinin əsgərliyə getdiyi yerdən oxumağa başladım. Ayna və onun anası İradə xanımla tanış olan kimi romanı başdan başlamağa məcbur oldum və bir nəfəsə başladığım yerə qədər oxuyub, oradan davam edəsi oldum. Demək olar ki, bir gün, gün yarıma başqa heç bir işlə məşğul olmadan təbii ehtiyaclar gərəyi qısa fasilələr verməklə kitabı oxuyub bitirdim. Bir xeyli müddətdən sonra kitabı ikinci dəfə qeydlər edə-edə oxudum. Kitab birinci yığcamlıq baxımından müasir oxucunun tələblərini ödəyir. Məncə bundan yığcam yazmaq mümkün deyildi. Çünki, diqqətli oxucu özü də romanın sonunda müəllifin daha çox qısaltmalara getdiyinin şahidi olacaq. Qalan bütün məsələr barədə yuxarıda Təranə xanımın ümumi yaradıcılığına xas olan dilin sadəliyi, izahların konkretliyi, yığcamlıq, əhatəlilik hamısı “Sirr”ə də aiddir. Ənənəvi müharibə və məhəbbət mövzusunun iç-içə yürüdüyü əsərdə digər bizi əhatə edən bütün məişət problemləri gözümüzün önündə canlanır, həmən-həmən real həyatda rastlaşdığımız problemlərin çoxunu romanın qəhrəmanları ilə birgə yaşayırıq. Müəllif çox böyük ustalıqla bir problemi yaradır, inkişaf etdirib açır və gözlənilmədən yeni bir problemin içərisində gizlədərək hadisləri ilk cümlələrdən sonda Rəna xanımın “Karvansaray”dakı Elçinlə görüşdə işlətdiyi: – “Ayna sağdır, Elçin.” – xitabına qədər öləziməyə, oxucunun diqqətinin dağılmasına imkan vermir. Məncə “Sirr”in siri məhz elə bu amildədir.
“Sirr”in çözdüyü “sirr” nədən ibarətdir?
Məncə yazarlar, tənqidçilər, müxtəlif mövzulu bədii əsərləri səhnələşdirən mütəxəssislər, sənətşünaslar, ədəbiyyatsevərlər və diqqətli tamaşaçılar mənim bu fikrimlə razılaşarlar ki, müəyyən məqamlarda müxtəlif müəlliflərin olduqca fərqli variantlarda qələmə almış olduğu “Yusif və Züleyxa” istisna olmaqla “Leyli və Məcnun”dan üzü bəri “Rəşid bəy və Səadət xanım”, “Əli və Nino” və digər saysız-hesabsız klassik və müasir bədii yaradıcılıq nümunələri ədəbiyyatımızda əsərin baş qəhrəmanı (qəhrəmanları) problemini həll edə bilməmişdir. Bəlkə də bu problemin öz həllini tapmaması müxtəlif janr və cərəyanların ortaya çıxmasına səbəbiyyət vermişdir. Məsələn uğurlu finalı həll etmək mümkün olmadıqda “faciə”, hadisələrin bitmədiyi göz qabağanda ola-ola gediləsi düzgün yolu tapa bilmədikdə isə “post-insan” kimi absurd variantlar ərsəyə gəlmişdir və kimin necə qəbul etməyindən asılı olmayaraq bu reallıqlar mövcuddur. Təranə Məmməd məncə özü də bilmədən (çünki bu barədə ondan şəxsən soruşduqda belə bir iddiasının olmadığını söyləmişdir) yaxud da bilərəkdən, düşünülmüş şəkildə hadisələri müxtəlif kombinasiyalarla inkişaf etdirərək uzun və keşməkeşli yollardan keçirərək əsərin baş qəhrəmanlarını xoşbəxt sonluğa gətirib çıxardır. Bu uğurlu final elə böyük ustalıqla öz həllini tapıb ki, məsələ sadəcə xoşbəxt sonluqla bitmir, o sonsuzluğa doğru yol alır. Sanki, qəhrəmanlar ölməzlik qazanırlar. Həyat sonsuza qədər davam edəcək. Bütün problemlər həll olunub. Sevgi qalib gəlib. Amansız müharibə və münaqişələr usta bir siyasətlə tarix səhnəsindən silinib.
Təranə xanım bu əsəri yazanda qarşısına hansı məqsədi qoyubsa, ən doğrusunu özü bilir. Ancaq mən böyük əminliklə onu deyə bilərəm ki, “Sirr”in var olması artıq bir çox sirləri yox etdi. “Sirr” diqqətli qələm adamları üçün yeni üfiqlər, oxucular üçün isə maraqlı sevgi dastanıdır. Təranə xanım hər iki vəzifənin öhdəsindən layiqincə gələ bilmişdir. O, öz yaradıcılığı barədə sualları cavablandıranda nə qədər təvəzökar omasından asılı olmayaraq, ortada olan real vəziyyət, ədəbiyyat hadisəsi və həqiqi nümunələr var. Bu münasibətlə onu təbrik edir yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Xeyirli-uğurlu olsun, Təranə xanım. Yolunuz açıq olsun… Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkürümü bildirir, Uca Yaradandan hamınıza uzun ömür, cansağlığı, ailə səadəti arzu edirəm. Yeni-yeni görüşlərədək. Var olasız. Uğurlarınız bol olsun.
XƏYALIMDASAN Gizlədib qəlbimdə qəmi, qüssəni, İstərdim ömründən bir gün qoparım. Bu fani dünyadan ayırıb səni, Dərin xəyallara qonaq aparım. * * * Ayrıl bu dünyanın dərdi- sərindən! Son dəfə ah çəkib içdən,dərindən, Göstər şücaəti, tut əllərimdən! Gəl gedək mənimlə xəyallarıma… * * * Xəyallar şirindir, xəyallar gözəl, Hər biri həzindir,hər biri özəl, Orda çiçək açır tökülən xəzəl, Gəl gedək mənimlə xəyallarıma… * * * Orda gecələrə qaranlıq dolmur, Orda açan güllər saralıb solmur, Orda tək vüsal var, intizar olmur , Gəl gedək mənimlə xəyallarıma… * * * Yox! Getmə! Qal,yaşa öz həyatını, Göyün keçmək olmur yeddi qatını. Fərqi nə ?Olasan, ya olmayasan, Onsuz da həmişə xəyalımdasan.