Etiket arxivi: Turan Uğur

Turan Uğur – CAVİDANLIQ QAZANAN CAVİD AXUNDOV

Öncə söz vardı… (18)

CAVİD AXUNDOV (Salmanoğlu) – şair, akademik,
Ali Sovetin deputatı, ictimai xadim

(Bu rubrikanı sözü qutsal sayan şairlərimizə həsr edirəm)

CAVİDANLIQ QAZANAN CAVİD AXUNDOV

Təzə dostum, al qələmi əlinə,
Dərdlərimi mən dedikcə, sən də yaz.
Soruşursan, güzəranım necədir,
Dinlə deyim, məndə qışdı, səndə yaz.

Nadan olan tökər nahaq qan, anam.
Anlamaza necə deyim, qan, anam.
Hər mətləbi, dostum, yaxşı qananam,
Neyləyim ki, mən dərinəm, sən dayaz.

Cavid deyər, çıxmalısan dərindən,
Dost ayağı kəsilərsə dərindən,
Qəlbimizi yoxlasalar dərindən,
Aşkar olar məndə atəş, sən ayaz.
(C.Salmanoğlu)

Əl açana əl uzadan, xeyirxahlığı, nəcibliyi ilə təkcə Gəncəbasarda yox, bütün məmləkətimizdə ad qazanan şair Cavid Salmanoğlunu anmağın lap məqamıdır. Ali Sovetin deputatı, Xırdalan Quşçuluq Fabrikinin 1960-82-ci illər ərzində direktoru vəzifəsində çalışmış, Rusiya Ümumittifaq keyfiyyət məsələləri üzrə akademik olan, şair
Cavid Axundovun iyulun 1-də doğum günüdür.1930-cu il, iyulun 1-də əzəmətli şəhərimiz- Gəncədə doğulan Cavid əmi bütün zamanlarda cavidanlıq, əbədiyyət qazanmış Türk dünyasının nəhəng şairinin adından – Hüseyn Cavid əfəndinin mübarək ismindən nəsibini almışdı.Gəncədə Kənd Təsərrüfatı İnstitutunun zoomühəndis fakültəsini qırmızı diplomla bitirən, Moskvada aspirantura təhsilini davam etdirən, sonralar ictimai xadim kimi nüfuz qazanan, akademik elmi dərəcəsinə qədər yüksələn Cavid Salmanoğlu bu gün də sevilən şair kimi tanınır.Özü də Cavid əminin Moskvaya aspiranturaya yollanması maraqlı bir sərgüzəştlə bağlıdır.Gəncədə əslən erməni olan bir qız və
Cavid əmi: ikisindən biri yollanmalı idi Moskvaya. Bunu mənə Cavid əminin ömür-gün yoldaşı Firəngiz ana danışıb: Konkursdan parlaq zəkası ilə seçilən Cavidin aspiranturaya girməsi belə olur: İmtahan götürən müəllim həlledici olaraq bir sual verir: Toyuq nə vaxt tərləyir?
Gəncəli erməni əsilli qız yanlış cavab verir.
Cavid əmi isə bu vəziyyətdə ayıq davranır və deyir ki:
“Heç toyuğun tər vəzi olur ki, tərləyə!”

Beləcə aspirantura təhsili almaq üçün Moskvaya Cavid əmi yollanır.
Şair Moskvaya yollanmaqda olsun, mən onun bioqrafiyasından yazım:

Kökü Gəncənin ən mübarək nəsillərindən birinə dayanan, xəmiri şifahi xalq yaradıcılığından yoğrulan, təcnisləri dil-dil, ağız-ağız dolaşan
Cavid Salmanoğlu Xırdalan Quşçuluq fabrikinin fəaliyyətində və inkişafında qənirsiz işlər görüb.Onun Baltikyanı ölkələrdə, Bolqarıstanda mənimsədiyi yeni texnologiyaları ölkəmizdə tətbiqi faktı danılmazdır.Məhz Cavid Axundovun inadkarlığı sayəsində Quşçuluq fabrikinin Karton fabrikinə çevrilməsinin qarşısı alınıb. Ondakı bacarığı və qətiyyəti görən nazirlik 29 yaşlı Cavid Axundovu Quşçuluq fabrikinin direktoru təyin edir.Cavid müəllim bununla da kifayətlənmir, ədəbi və elmi işlərini paralel olaraq davam etdirir.Əslində, Kühkana bənzətmək olar Cavid müəllimi, folklorumuzu Fərhad misalı yaxşı mənada yarıb-ələyər, seçib-sonalayardı görsün üzü bizə sarı nələr gəlmiş ulularımızdan: Molla Pənahdan, Aşıq Alıdan, Aşıq Ələsgərdən öyrəndiklərimiz nədir? Tərifini Hüseyn Arifdən, Rasim Kərimlidən alan Cavid Axundovun elə ən yaxın dostları arasında bu şairlər də vardı.Əlbəttə Böyükkişi Ağayev və Həşim Qərvəndi ilə ülfətləri, munis münasibətləri bir ayrı söhbətdir.Madam Hüseyn Arifin, Rasim Kərimlinin adını çəkdim, onlarla keçən şux məclislərə də nəzər yetirsək əla olar. Cavid Axundovun çırağını mən yandırdığımdan yəqin ki, belə yazmağa haqqım çatar.Ən azı şəxsi əşyaları, irsi, kitabxanası, külliyyatı bəndənizə çatıbsa, onda deyim:

Bizdə-Şüvəlandakı bağ evimizdə dəfələrlə olanlardan biri də Rasim Kərimli idi.Şairin gəlişi münasibətilə Firəngiz ana turşu-qovurmalı plov dəmləyərmiş.Bu məclislərdə Aşıq Xanlar, Rasim Kərimli, hətta bir dəfə Qəzənfər Paşayev də olub.Əsasən Həşim Qərvəndi və Böyükkişi müəllim daha sıx-sıx gələrmişlər.

Haşiyə: Həşim dayı həkim idi, Cavid əmi ilə Moskvada birgə aspiranturada oxumuşdular, Eksperimental Xəstəxananın baş həkimi
Böyükkişi Ağayev də həmçinin.Böyükkişi müəllim haqqa qovuşanda doxsanı haqlamışdı.Onlardan ən tez Cavid əmini itirdik.2000-ci ilin yanvarın 25-də, daha sonra Həşim dayını, bu yaxınlarda isə Böyükkişi müəllimi.

Cavid əmi Rasim Kərimli və başqa imkanı dar olan söz əhlinə əl tutardı.Axsaq kişi idi Rasim Kərimli.Daha çox nimdaş, boz pencəyini geyinərdi.Həyatı gətirməmişdi, həyat yoldaşı Zəminə xanımdan ayrılmışdı.Rasim Kərimlinin cibinə pul qoyardı Cavid əmi.Ona ithafən yazdığı şeirlərini də kitabına salıb.Ərz edim ki, Cavid Salmanoğlunun sağlığında 4 şeir kitabı çıxıb.Həmin 4 kitabını indi mən qoruyuram.

Qeyd:
“Haçan olsa…” 1991-ci ildə Azərnəşrin buraxdığı ilk kitabı idi.
İkincisi, 1998- də çıxan “Təcnislər, qoşmalar, gərayılılar” “Səda” nəşriyyatında…
Üçüncüsü, həmin ildə nəşr olunan “O xala məni…”
“Nərgiz” nəşriyyatında.
Sonuncu – dördüncüsü isə vəfatından bir ay qabaq yəni 1999-cu ilin dekabrında çap olunan “Təcnislər…” kitabıdır ki, bunu da “Səda” nəşriyyatı buraxıb.

Bəli, Cavid əminin Rasim Kərimliyə yazdığı şeirini tapıram ki, sizinlə bölüşüm:

Qalıbdı

Bilmirdinmi söz yarası sağalmaz,
Sinəmə vurduğun dağlar qalıbdı.
Pozdun ilqarını, pozdun andını,
O vaxtdan gözlərim ağlar qalıbdı.

Eşqimizi biz əbədi bilərdik,
Gələcəyə min arzular dilərdik.
Bir yerdə gəzərdik, deyib gülərdik,
Xatırımda gözəl çağlar qalıbdı.

Sən qoydun Cavidi yar sorağında,
Yandırdın cismini hicran dağında.
Nə peşman olmusan qoca çağında,
Soğulub bostanın tağlar qalıbdı.

6 sentyabr, 1988-ci il

Yaxud Aşıq Xanlara yazdığı təcnisi oxuyaq:
A çala-çala

Gələ aşıq Xanlar bizim məclisə,
Sədəfli sazını a çala-çala.
Ömrünün yolları uğurlu olsun,
Çıxmasın önünə a çala-çala.

Cərrah kimi ürəyimi yaralar,
Sinəm üstə qövr eyləyib yaralar,
Hər baxanda yar könlümü yaralar,
Xəncər müjganını a çala-çala

Bir gözəl var qaşı, gözü qaradı,
Sinəsi yanında çəkmə qar adı.
Heyif ki, həyatda baxtı qaradı,
Gedib qismət olub, a çala-çala.

Kəsilib Cavidin səbri, aramı,
Mən qul oldum namusamı, aramı.
Xain xəbis yarla vurdu aramı,
Əfi ilan kimi a çala-çala

9 oktyabr 1984
Moskva

Bu şeirlərdən göründüyü ki Aşıq Alıdan, Aşıq Ələsgərdən dərsini yaxşı almışdı Cavid Salmanoğlu.Bunu əla duyan Xalq şairi Hüseyn Arif Cavid əminin ilk kitabına “Ön söz” ünü yazmışdı.
“Ön söz” dən kiçik bir hissəni verirəm:

“Cavid Salmanoğlu əsasən xalq ruhunda yazan şairdir.Onun şeirlərinin əksəriyyəti qoşma, gəraylı, təcnis, müxəmməs formasında yazılmışdı.Cavid Salmanoğlu sözdə israfçılığa yol vermir, həmişə fikrin qısa, aydın ifadəsinə çalışır.Özü də buna ustalıqla nail olur. “Nə çəkir” gəraylısından götürülmüş bənddə sözlərin necə yerində işləndiyi fikrimizə sübutdur:

Yarası var yazarın da,
Həkimi var azarın da,
Naşı, nadan bazarında
Allah bilir, söz nə çəkir.”

Hüseyn Arif
Xalq şairi, Dövlət mükafatı laureatı

Sözün zillət çəkdiyi yerdə, imkansız bildiyi hər şeyə sinə gərmiş Cavid Salmanoğlu “qarıldayan qarğanın mükafat aldığı, biçarə bülbülə söz verilmədiyi” zamanda da həyatla mübarizəsini mərd-mərdanə aparmış, silahı yerə, qılıncı qına qoymamış, alnı açıq 69 il ömür sürmüşdü.Bu gün də yaşayır Cavid əmi.
-Harada?
-Ömür-gün yoldaşı Firəngiz xanımın dualarında, övladları Kamilin, Cəmilin qürbət xəyallarında, nəvəsi Cavidin şıltaq əməllərində.Bir də ona minnət borcu olan kəslərin rəhmət söyləyən lisanlarında göyə pərvaz eyləyir şair.

Xırdalan məzarlığında uyuyan Cavid əmiyə indi baş çəkib gəlirəm.İyulun 1-i doğum günündə, yanvarın 25- anım günündə mütləq onu ziyarət edib, ruhu ilə uzun-uzadı söhbət edirəm.O mənə güc verir, sanki işlərimə kömək göstərir.Rahatlıq, azadlıq hiss edirəm onu görəndən sonra.Həm də özümü ona görə bəxtiyar sayıram ki, 2020-ci ilin iyulunda Cavid müəllim haqqında “Sətirlər” verilişinin bir buraxılışını hazırlaya bildik.”İtirdiklərimiz” rubrikasının bir bölümünü məhz Cavid əmiyə ithaf etdik, həmçinin müəllifi olduğum hər iki kitabıma onun haqqında fəsillər yazdım. Böyük rəssamımız Səttar Bəhlulzadənin ona verdiyi peysaj hədiyyəsi bəndənizdə olduğu üçün ayrıca fərəh hissi duyuram, Bu, Cavid əminin irsində ən dəyərli bəxşişlərdəndir.
Bir bəxşiş də Firəngiz ananın mənə nəql etdiyi söhbətlərdir ki, onlar da gündəliyimdə əksini tapır. Cavid müəllimin çağdaş siyasətçilərlə, şairlərlə, nazirlərlə, ictimai xadimlərlə olan söhbətləri, dialoqları gündəliyimi bəzəyirlər.
Əminəm ki, Cavid Axundov öz zəngin həyatı ilə “Öncə söz vardı…” rubrikasını da bəzəməyə gücü yetəcək.
-Hə, necə bilirsiz, bir yoxlayaq? O zaman, buyurun, oxuyun!
-Aha gözlərinizlə sətirdən-sətrə keçdiyinizi görürəm…
Aha, duyuram pıçıltı səsinizi…
Aha, sezirəm ürəkdə oxuduğunuzu…
Aha, indi bu saat başlayırsız oxumağa…

“Cavidanlıq qazanan Cavid Axundov…”

(Xatirə- yazımda müəllifi olduğum “Sətirlər” və
“Tale şairi: Məmməd İsmayıl” kitablarına, habelə ailəmizdə eşitdiyim xatirələrə, faktlara söykənmişəm)


Bakı
30.06.2024

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Turan Uğur – Öncə söz vardı…

Öncə söz vardı… (16)

HƏSƏN SEYİDBƏYLİ – yazıçı, kinodramaturq, kinorejissor

(Bu rubrika sözü qutsal sayan ədiblərimizə həsr olunur.
25 iyun – Həsən Seyidbəylinin vəfat gününə ithafən!)

YAXIN SAHİLLƏRİN ADAMI – HƏSƏN SEYİDBƏYLİ

Adriatik dənizinin sahillərini deyə bilmərəm, amma Xəzərin ətrafına sakitlik çöküb.Nə fırtına var, nə qasırğa, heç rüzgar da əsmir.Zənnimcə, buna görə də yazımı yaxın sahillərdən, buralardan başlasam pis olmaz.Bəs “Uzaq sahillərdə” ki qəhrəmanımızı -ədəbiyyatdakı Mehdi Hüseynzadəni yaradan yazıçı Həsən Seyidbəylinin ömür çəhlimini harada aramalı, uzaq sahillərdəmi?
-Ortaboylu, qarabuğdayı, çənəsi çuxurlu…Bu əlamətlər Mehdiyə aiddir, Həsən müəllimə yox.Seyidbəyli deyəndə isə nədənsə dünyanın peyğəmbər kişiləri, imam övladları, ağır-batman, lakin yuxaürəkli, nurlu insanların toplusu gəlir insanın göz önünə.Həsən müəllim bəybura görkəmi ilə necə yaddaşlara hopubsa, elə bilirsən, azman bir şəxsiyyət kimi bu saat otağa girsə, qapıdan keçməz.Halbuki, o qədər cüssəli, o qədər nəhəng olmayıb.Görünür, insanı təkcə zahiri görkəmi deyil, həm də incə qəlbi, azad düşüncəsi böyüdür.Böyüməyə gəlincə hələ bunun üçün doğulmaq lazımdır.
Həsən Seyidbəyli 1920 – ci ilin dekabrın 22-də Bakıda dünyaya göz açıb.Tay-tuşları kimi yeniyetməliyi, gəncliyi çətin illərə tuş gəlib.Savaş alovunun içində bir də qardaşı Kamildən hər gün dinlədiyi süjetli nağılların hənirtisi vardı.Ağabəyi Kamilin bəzən uydurduğu nağıl motivləri gələcəyin yazıçısına sonsuz sirli aləmlər bəxş edib.Balaca Həsənin ədəbiyyata və kinoya vurğunluğu bu nağılvari dünyanın təşnəsi olduğunu üzə çıxardı.Ona görə məktəb illərindən cızma-qara edir, adda – budda şeirlər də yazırdı.Kiçik ədəbi etüdlərini isə Moskvada oxuduğu illərdə təcrübədən keçirir.Müharibənin qaynar çağlarında faşistlər Moskvanı mühasirəyə aldığı zaman tələbə yoldaşları ilə institutun damında keşik çəkən Həsən idi.Günlərin birində…
Günlərin birində həyat yazıçının üzünə xəfif bir təbəssüm edir.Bu, o illər idi ki, “Kənd həkimi” povesti, “Qiymətli damcılar” hekayələr kitabı yazıçını geniş publikaya tanıtdırdı.Yazıçı İmran Qasımovla müştərək yazdığı “Uzaq sahillərdə” povesti sadə dildə yazılmış, Mehdi Hüseynzadə kimi rəşadətli yurddaşımızın şöhrətinə tumar çəkmişdi.
Yazıçının “Yol qeydləri” konkret səyahətləridir.Ata tərəfdən nardaranlı, ana tərəfdən maştağalı olan Həsənin uşaq çağında Türkana, Zığa ilk səyahətləri sonralar dünyanın dörd yanına qədər uzandı.O vaxt Dənizkənarı park belə deyildi, qayalıqlar, daşlıqlar şəhəri büsbütün tutmuşdu.Xanımlar dəstə-dəstə bura gələr xalça-palaz yuyarmışlar.Bakını ovcunun içi kimi əzbər bilirdi Həsən müəllim.İnsan sərraflığı da bundan irəli gəlirdi, axı daş-qayanı, çayı-dənizi tanımaq insana yol açır.Rejissorluğu üçün çox karına gələcəkdi bu cəhəti.
Kim də bilməsə Bakı əhli yaxşı bilir, buralarda insan saflığının dənizlə müqayisəsi təzə söhbət deyildi.Seyidbəylinin “Tərsanə” romanı da bu leytmotiv üzərində qurulub.Bir də ki, tərsanədə gəmi mühəndisi işləyən, çocuqluqdan özünü tərsanəylə bağlayan Ələsgər Adalını o qədər təbii verib ki, adam gerçək həyatda yolun ağına düşüb bu insanı aramaq istəyir.Soruşmaq istəyir ki, səni oğulluğa götürən kişinin adı nə idi?
-Gərək ki, Qəzənfər.Gərçi bu obrazı unutmamışamsa, halal olsun onun kimi halal adama ki, halal adam böyüdüb.
-Bəs “Telefonçu qız”? Lətif duyğuların qəlbini çulğadığı bir Mehriban var.Məsumiyyət heykəli – adı da Mehriban, özü də.
Həsən müəllim əsl həyat adamı idi.Yumoru xəfif, zəkası iti, danışığı səlis, yazısı səhmanlı, əlləri yatımlı.Əlləri boş yerə qabartmadım ki…Yaxşı bilyard oynamağı, ov etməyi varmış yazıçının.Comərdliyi və mərdliyi isə tamam başqaymış.Əla üzgüçü olan qəhrəmanımız gəncliyində dənizdə batan 2 qızı xilas edibmiş.Ancaq nə fayda?!
“Cəbhədən cəbhəyə” romanında Güldəstənin həyatının xilaskarına çevrilə bilmədi.
Savaş nədir – ölümdür, zillətdir.Taleyinə yazıla, cəbhəyə yollanasan, yaralanıb geriyə dönəsən başqa cəbhədə vuruşasan.
Detektiv əsərdir “Cəbhədən cəbhəyə”.Bu kitab əlbəəl gəzərdi uşaqlığımızda.Roman Teymurun İçərişəhərdə başına gələn olayın təsviri ilə başlayır.Hansısa dalanda cinayətkarlar küt alətlə onun başından vururlar.Bütün düyünlərin tən ortasında dayanan Güldəstə obrazını da xatırlayıram.
Bir də onu duymuşam ki, həyatda həlim, yumoru sevən Seyidbəyli əsl məclis adamı idi.Yazıçılar İmran Qasımovla, Çingiz Hüseynovla, rəssamlar Məmməd Hüseynovla, Elbəy Rzaquliyevlə, bəstəkar Tofiq Quliyevlə möhkəm dost olublar.
Son illərində yazıb-yaratmağa “Şəkər xanım” icazə vermirdi.Sağlığına qənim kəsilən şəkər xəstəliyini nəzərdə tutub dilxoşluq üçün belə deyərmiş.49-50 yaşında ikən tutulduğu xəstəliyi ilə razılaşmışdı ədib.Peşəsi həkim olan ömür-gün yoldaşı Süsən xanım onun dərdinə çarə qıla bilmir.Neyləyəsən ki, həkim xanımlar hakim əcəllər qarşısında naçar olurlar.Ziyanın, Mehdinin, Məryəmin atasına isə hər şey yaraşardı, ölümdən savayı.Hələ bu ölüm ədibi 59 yaşda yaxalayacaqdısa, o zaman əldən bir şey gəlməz!
Seyidbəyli demək Bakı deməkdir. “Becid gəl”, “becid ol” ifadələridir, ölçüyə əndazə, duzqabıya nəməkdan, darmadığına dərbədağın deməkdir.Seyidbəyli demək seyidlik, bəylikdir, bütünləşmiş və bütləşmiş Bakı obrazıdır.Siz ona yaxın sahillərin adamı deyin, görün necə bəxtiyar olacaq sevgili yazıçımız! Yaxın sahillərin adamı- Həsən Seyidbəyli, sizi uzaq sahillərdə axtardığım üçün məni məzur görün.
Yazım əsnasında içimdəki mehribanlığı oyada bildim.Yalnız xoş duyğular sarıdı qəlbimi.Sığallı sözlərimin qulaq pərdəsində toxuduğu naxışlı ilməsi qaldı, xəyal yox, gerçək kimi gördüyüm bir sevgili yarın yarınlara uzanan müjdəsi qaldı.Seyidbəyli əsmasından məhrəm cizgilər, məlhəm duyğular qaldı.
Ahhhha, mürgüdən oyanan var.İçimdəki Mehribanın sədası gəlir.Bu saat mənə deyir:
-Danışın, hazırdır…Danışın! Danışın, hazırdır…Danışın!
Bakı

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Xəlil Rza Ulutürk haqqında

Öncə söz vardı… (15)

XƏLİL RZA ULUTÜRK

(Bu rubrikanı sözü qutsal sayan şairlərimizə həsr edirəm)

Ülviyyətdi Xəlil Rza.

Sən incə çiçəklərdəki jaləm kimi gəldin,
Bir qan bahası bağçama laləm kimi gəldin.
Aldın da, ucaltdın məni əflakə özünlə,
Endikdə müqəddəs, yeni Aləm kimi gəldin.

-Gəldinmi?
-Yox, hələ ki, getmisən, Xəlil kişi, alov kişi, atəş kişi, ər kişi, Vətən kişi! Aramızdan, sıramızdan getmisən, bir piyalə su səpmişəm ardınca.Səpmişəm ki, ideallarınla dönəsən, yurd eşqini Turan çələnginə hörüb gələsən.
Odur ki, Xəlil Rza, dağınıq gülləri yığıb bir cəm kimi gəl, sevgidən sərxoş kimi gəl, şəhid Təbrizin atası, şəhri-Təbrizin balası kimi gəl!
Yaşamamaq yox idi Xəlil Rza leksikonunda.Yaşamaq vardı, azad ruh kimi cahanı dolaşmaq, 1932-ci il oktyabrın 21-də Salyanın Pirəbbə kəndində doğulmaq və bir daha ölməmək vardı.Bu saat şairin gündəliklərini varaqlayıb yazılan hər xatirənin hərarətini duyuram.Bu sətirlərin hərarəti ahənrüba kimi məni özünə çəkməkdədir.Özümə borc bilirəm ki, Xəlilin adını çəkərkən ömür-gün yoldaşı Firəngiz xanımın da adını tələffüz edim.
Lap gənc yaşlarından Firəngiz Aşurbəyovanın çevrəsində bir gənc dolaşırdı.Az qala “pərvanə kimi dolaşırdı” deyəcəkdim, özümü güclə saxladım.Firəngiz xanım şam deyildi ki, onun çevrəsində pərvanə kimi fırlanasan, sevən bir qadın, Xəlili sevən növrəstə birisi idi.Salyan şəfaxanasında baş həkim işləyən Böyükağa Aşurbəyovun da xəbəri olsunmu bu məsələdən?
-Olsun!
-Bəs Xəlilin atası Rza kişinin? Onun bu izdivaca rzası varmı?
Ayağımız Yer kürəsində, əlimiz çatırsa Aya, Marsa, hələ bu cahanda Xəlil kimi 5 kişi varsa, o zaman doktor Böyükağa da, Rzaya da xeyir-dua etmək qalır.
Dövlət Universitetində tələbə idi Xəlil.Filoloq, jurnalist olacaqdı, vətəndaş oldu, alim, tərcüməçi oldu.Bir də sevdiyi Firəngizin duyğularının dilmancı olacaqmış.Sonralar nələr olacaqmış, nə görüşlər, nə gülüşlər, nə yanğılar, nə fəryadlar, nə acılar, fəqət çox var hələ, qardaşlar, bacılar!
Öncə toy-büsat olacaqmış, ayazlı-şaxtalı dekabr ayında Salyanda keçirilən toya məclis iştirakçıları-lap elə ailə dostu, tələbə yoldaşı, şair Nəriman Həsənzadənin timsalında nəzər salaq:
1957-59-cu illərdə Moskvada Ali ədəbiyyat kurslarında oxuyarkən Nərimanın xanımı Sara, Xəlilin yarı Firəngiz də yollanırlar o şəhərə.Şərqli adaxlıların ardınca üzü şimala sarı.Sıcaq, maraqlı günlərin fonunda müşkül məqamlar da az deyildi.Çöl-biyabandan çör-çöp yığan dostların vaxtları şad-xürrəm keçirmələri, gözəl təbiətdən nuş edib, Moskva axşamlarında ara-sıra kabab çəkmələrinimi deyim? Təki Nərimanın bu sözündən uzaq olsunlar, hər ağac qıranda “ona dəyməyin, muraz üstdədir”-deyə nalə çəkərmiş Xəlilin ahbabı.Elə Xəlilin də aldığı təhsildən murazı varmış.Bu torpağa yarınsın, bu məmləkətə yarasın deyə gecəsini gündüzünə qatan Xəlil idi.Bəzən məclislərdə ögey qarşılansa da, işsiz-gücsüz günlərində qəhərdən hayqırsa da, unudulsa da, özünün sağlığına badə qaldıran yeganə şair idi Xəlil.
Xoşbəxt ailə həyatının xoşnud anlarını gözləmək Xəlillə Firəngizin yeddi ilini dəhrələyir.Kəcrəftar tale onların yeddi ilini çırpışdırır, yalnız 1964-cü ildə onlara övlad payını verir.Özü də asanlıqla yox, Xəlil Rza taleyin əlindın qapmışdı oğul payını.Bütöv Azərbaycan naminə Xəlil ilk övladını Təbriz adlandırır.
Gözəlim Təbriz, əzəlim Təbriz, səhərim Təbriz, şəhərim Təbriz!
O Təbrizə ünü yetməsə də, bu Təbrizə əli çatan oldu Xəlil Rzanın.
O sahilin dərdi də dərdi idi Xəlil Rzanın.Bu səbəbdən bir-birindən cüda düşən o taylı-bu taylı yurddaşlarımızın qəribsəyən könüllərində, qubarlanan kökslərində Xəlil Rza misraları közərirdi.
Şairin gündəliklərini oxuduqca görürsən ki, çılğın, alovlu biri olması ilə yanaşı həm də adama tez yovuşan, məclisə tez qaynaylb-qarışan insan olmuş.Bəzən söhbət əsnasında zarafatlardan uğunub getməyi də varmış Xəlilin.Zəhmi mərhəmətindən, heybəti yuxa ürəyindən süslənən şairin tək idealı Vətən idi.
Tarix qədər müdrik olan bu zatı “Lefortovo” zindanında uzun müddət görmək istəyənlərin yağlı tikələri qursaqlarında qalmışdı, gövşəsinlər görək necə gövşəyirlər.Yeri gəlmişkən, 8 ay 12 günlük həbs həyatını sovet rəhbərlərinin burunlarından piltə-piltə gətirən bir xanım vardı: Firəngiz xanım.18 dəfə Bakı-Moskva yolunda İstiqlal şairimizin ziyarətinə yollanan bu möhtərəm xanımın ər qayğısını yalnız ərənlər qanar.
Ənginlərə sığmayan, 20-ci əsr poeziyamızdan gülab təki süzülən Xəlil Rza azad olub, “Lefortovo” zindanından qurtulub gəldiyi kadrları görcək sanki damardakı qanım donur.O səadət anında şairin cavabı belə olur:
Biz Türküstan elləriyiz,
Qeyrət-qüdrət selləriyiz.
Daşnakları qovan bizik,
Dar gözləri ovan bizik.
Yetər meydan suladılar,
Bakımızı taladılar.
Bakımızı əzizləyək,
Əqrəblərdən təmizləyək.
Şölə versin bu ləl-mərcan,
Ermənisiz Azərbaycan!

Aləmlərə izhar ediləsi bir misranı vaxtilə özün bəyan etmişdin, şair!
-“Aləmlərə bildir ki, Xəlil heç zaman ölməz”

Xəlil döndü aramıza.44 günlük Zəfər savaşından sonra daha fərəhli, daha sevincli döndü sıramıza.Belə də olmalı idi…
Axı bir xilqətdi ki, Xəlil Rza lovğalıqdan xeyli uzaqdı.
Axı bir vəhdətdi ki, Xəlil Rza dünyanın özü boydadı.
Axı, axı Ülviyyətdi Xəlil Rza.

Bakı.

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Turan Uğur – Öncə söz vardı…

Öncə söz vardı… (14)

Qazı Əhməd Əfəndi – Zövqi – Azərbaycan şairi, filosofu

(Bu rubrikanı sözü qutsal sayan şairlərimizə həsr edirəm)

KÖNÜL İSTƏR Kİ…

Aşıq Ələsgərin sözü olmasın,
“Bəxtin yatsa, sən də yat!” Bilən bilir, şeiriyyat həm də tale, baxt məsələsidir.Aşıq Ələsgərin müasiri olasan, yazasan, yaradasan, amma 21 əsrin, 24 cü ilinə cəmi-cümlətanı bircə şeirin gəlib çıxa…
Bu, bəxtin yatmağı deyil də, bəs nədir?!
-Kimdir o bəxti yatmış?

  • Azərbaycan şairi Zövqidən bəhs edirəm.Əslində, Zövqinin şeirlərindən zövq almaq üçün yetərincə səbəblərimiz vardı.Beləki, şairin külliyatını vaxtilə Salman Mümtaz birikdirmiş, ilk fürsətdəcə nəşr etdirmək istəmişdi, lakin…Yenə gəldik, bəxt, tale məsələsinə, yenə gəldik mürgü vurmaq, yuxulamaq məsələsinə.Ancaq elə həssas dönəmdə yaşayırıq ki, mürgü vurmağın bədəli çox ağırdır.Yağıların bir əli tətikdə, bir əli pusquda olduğu vaxtda.
    O vaxt da belə idi- Biz yatanda, seçkin, mümtaz insanlarımız repressiya olunur, xəzinələrimiz viran edilirdi, Salman Mümtazın məhvi kimi…
  • Bəs kimdir Zövqi?
  • Şəkinin Baş Göynük kəndinin seçkin bir ziyalısı.19-cu əsrdə ayrıca bir mahal idi Göynük.Bəs qədər oxumuş, elm, mərifət kəsb etmiş yurddaşlarımız boy vermişlər Göynükdən.Əhməd də olsun onlardan biri.
    -Yox, olmasın! Necə sıradan birisi ola bilər axı?
    Şeirində təb şkalası 12-ni vururdu şairin, sözləri elə bil çeşmələrdən, əcdadlarının – Sak türklərinin könül bulaqlarından süzülürdü sanki. Qəlbləri ərp, xılt bağlamış, 19-cu əsr zülmətində oxucularına zövq verən şair idi – Zövqi.Yeri gəlmişkən, təxəllüsü Zövqi, ləqəbi isə Şikəst olan şairə “Şikəst” -demək üçün gərək özün şikəst olasan.Zira qayət dərəcədə təqvalı, imanlı birisinə, Nəsimi dəstiri şeirlər yazana Şikəst deməyin özü naqislikdir.Ancaq…
    Ancaq qəbul olunandır.Keçmiş kişilər təvazö nümunəsi olduğundan özlərinə bu sayaq ayamaları, ləqəbləri uyğun görmüşlər.

HAŞİYƏ:
Mənaca Füzuli-çərənçi, Əcəmi-xam olduğu kimi Zövqi də Şikəst ləqəbi ilə yazmağa peşman deyilmiş.
-“Yazdıqlarımızda bizdən nə var ki? Haqq-Taaladan gəlir nəyim varsa” prinsipi ilə yaşamağı bir əxlaq biçimi sayanlar hərdaim mütəvazi ömür sürüblər.Buna bənzər xüsuslara tarixdə çox rast gəlirəm.Məsələn, ötən əyyamlarda Anadoluda soruşanda ki:
-“Yaşın neçədir?”
Əgər qarşısındakı 60 yaşını haqlamış birisidirsə, deyərmiş ki,
-“Həddimiz aşmadıq, inşallah!”
Bu, o demək imiş ki, 63 il ömür sürmüş
Hz Məhəmmədin (əs) yaşını keçiriksə, həddimizi aşmış oluruq, o səbəbdən:
-“Həddimizi aşmayaq” deyə, Tanrıdan şəvqət umulardı.
Bu halda anlaşılırdı ki, insanın yaşı 60 -ı çoxdan keçmiş, lakin müqəddəslərə sayğısına görə dilə gətirə bilməmiş.

Əslində, toplumun şair Zövqiyə qazı deməsi də onun dindar, Allah adamı olmasından irəli gəlirdi.Güman var ki, Yaxın Şərqin ali dini mərkəzlərindın birində – Şamda təhsilini alan Zövqi dini təhsillə yanaşı, hüquqi biliklərə də vaqif olubmuş. Səbəbi apaçıq ortada.O vaxtlar qazılar şəriət məsələlərini həll etməklə yanaşı, mülki, hüquqi müstəvidə də işlər aparır, əhali arasında olan mübahisəli məsələləri, cinayət işlərini də həll edirdilər. Deyilənə görə, bu sahədə o qədər peşəkar imiş ki, onun yanına nəinki Şəki, Balakən, Zaqataladan, həmçinin Gürcüstan, Dağıstandan da gəlirmişlər.
Zövqi özü də məhbəs həyatı görüb.Şeyx Şamil hərəkatı geniş yayılanda, Əhmədgil də Qafqazda vüsət tapmış bu hərəkata qoşulublar.Daha dəqiq desək, hal-qəziyyə bu cür olub:
Dağıstanda baş verən üsyanların birində ləzgi Şah Qo adlı bir şəxs Çarın üsyanı yatızdırmasından sonra Şin dağ aşırımını keçib Nuxa və Zaqatala qəzalarına keçiblər.Həmin dəstəyə Zövqi və qohumları da qatılıb.Üsyan iştirakçıları öldürüləndə Qazı Əhməd əfəndi də həbs edilir, Şamaxı həbsxanasına göndərilir.Şamaxı qubernatorunun köməkçisinin yaxını olduğuna görə 6 ay sonra evə buraxılır.Amma məhbəsdə olan olmuşdu, sağlamlığı xeyli zərər görmüşdü.Ona görə də az keçmir ki, vəfat edir Şəkidə.Üç oğlu və üç qızı ondan yadigar qalır.
Bir faktı da deyim ki, hazırda Baş Göynük kəndinin 1 saylı orta məktəb Gülarə Qədirbəyovanın adını daşıyır ki, Gülarə Köylü kimi tanıdığımız həmin ziyalı şair Zövqinin nəslindəndir.Gülarə Köylü
“Şərq qadını” jurnalının ilk fəaliyyətə başladığı gündən müxbiri və baş reaktoru olub.Redaktorluğu ilə millətçilik ruhunda əsərlərin nəşrinə görə 1939-cu ildə Sibirə sürgün edilib, 1942-ci ildə elə Sibirdə də dünyasını dəyişib.Bu sürgündə qardaşı Kərim Qazıyevin Müsavatçı olması və həyat yoldaşı Asəf Rəhmanovun 1938-ci ilin yanvarın 3-də güllələnməsi heç də az “rol” oynamayıb.
1957-ci ildə oktyabrın 30 – da bəraət alanlar içində Gülayə Qədirbəyova da vardı. Bəs Zövqinin talan olunmuş şeirlərinə kim bəraət verəcək?
Bu sual da cavabına qovuşmalıdır.Əlbəttə, könül istərdi ki, Zövqinin it-bat olmuş şeirləri, qəzəlləri tezliklə üzə çıxsın.
Bir də könül istər ki…

Yüz zümreyi- ərbab gər məkan ola mövcud
könlüm səni istər.
Yüz bəzminə zişərəfi-şan ola mövcud
könlüm səni istər.
Yüz hüsnü mələk tək özü insan ola mövcud
könlüm səni istər
Yüz ləli-cəvahirdir qəltan ola mövcud
könlüm səni istər
Yüz məqsədi-könlüm mənə asan ola mövcud
könlüm səni istər.

(Yazımda ədəbiyyatşünas Salman Mümtazın və şair Zövqinin nəvəsi Kərim Vadud oğlu Qazıyevin xatirələrinə, habelə şəxsi qənaətlərimə söykənmişəm)


16 iyun, 2024-cü il.

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Turan Uğur – HACI ƏBÜLHƏSƏN RACİ

Öncə söz vardı… (13)

HACI ƏBÜLHƏSƏN RACİ – Azərbaycan şairi.

O SİZİ MÜTLƏQ EŞİDƏCƏK

(Bu rubrikanı sözü qutsal sayan şairlərimizə həsr edirəm)
Yıxdılar aşiqlərin qəlbi kimi meyxanəni,
Bivəfalar əhditək sındırdılar peymanəni.

Atəşi -şövqi – məhəbbət yandırırdı aqibət,
Şəmlər nahaq yerə yandırdılar pərvanəni.

Ey dil, əl çək, yox bəni-növi-bəşərdə etibar,
Məskən et bayqusifət bir guşeyi-viranəni.

Raci, gördüm tərgi-candur iqtizayi-ittihad,
Bəzmi-vəsli-xasə qoymazlar girə biganəni.

Raci şəxsiyyətinə nəinki biganə, tam əksinə məftun olduğumdan onun şeir bağçasından bir dəstə gül dərməyi özümə borc bilirəm.Əbülhəsən Raci haqqında lap çocuq yaşlarımdan duymuşdum.Çox xırda idim.Göyçayın Əbəlfəzlil Abbas məscidində (Göyçaylılar bu məscidə daha çox Yuxarı məscid deyirlər) əzadarlıq məclislərinə
(O vaxt Məhərrəmlikdə hər axşam mərsiyyələr deyilər, ehsanlar verilərdi ) atam və qardaşımla gedərdik.Şeirbaz bir ailənin övladı üçün canımızda, qanımızda ilk növbədə poeziya qaynadığından məni uzun bəyaz saqqallı, azman görünüşlü, qalın səsli növhə və mərsiyyə deyənlər, rövzəxanlar cəlb edərdi.Öncə axşam namazı qılınar, sonra samavar qaynadılar, armudu stəkanda çay və halva-çörək ehsanı paylanar, həzin mərsiyyələr, növhələr bir-birini əvəz edərdi.Bu məclislərdə mənə ən ləzzət edən böyüklərin şirincə söhbətləri və armudu stəkandakı çay olardı.Bir şakərim vardı…Əsasən oxunan qəzəllərin sonuncu beytindəki müəllifin adına fikir verərdim.Ya Füzuli, ya Natəvan, ya Seyid Əzim, ya Sərraf söylənilər, həp bərabər:
-“Allah rəhmət eləsin!” uca səslə söyləyərdik.
Bu həmin qəzəlxanın mükafatı sayılardı, zira əsrlər sonra ismini tələffüz edənlərin bulunmasından gözəl nə ola bilərdi axı?!
Bu adlardan ən çox isə Raci çəkilərdi.Racinin bu xüsusda şeirləri hədsiz çoxdur.Atamdan soruşanda deyərdi ki,
-“Bizim Təbrizdəndir Raci. Qəzəlxan kimi məşhurdur, Turan”
Bir faktı da danışdı ki, Məkkədən gələndə Qırmızı dənizdə boğulub.Hal-qəziyyənin necə olduğunu ətraflı soruşmadım.
Aylar ötüşdü, illər bir-birini qovarkən, həyat da məni qovup apardı Qırmızı dənizin sahillərinə.İşlədiyim kruiz gəmisi – “Armonia” adlanırdı.İtalyanlara məxsus olsa da məhz Qırmızı dəniz boyu səyahət edər, Limassol, Eilat, Şarm Əl-Şeyx – kurort şəhərlərini dövrə vurardıq.
Gəminin müşahidə meydançasından Qırmızı dənizi seyrə dalarkən düşündüm ki, dalğalar qoynunda kimlər batmamış?! Təsəvvürümdə canlandı ki, axı deyəsən, Raci də təxminən buralarda suya qərq olmuşdu.
3 dəfə hayladım onu.
-Məni eşitdimi?
-Bilmirəm!

-Görəsən harda?
-Budur burada!
-bəlkə, burada?

birazda gedirik:

-Bəlkə də bu tərəfdə.

Dəqiq Qırmızı dənizdə.Tarix qırmızı-qırmızı bunu üzümüzə deyir ki, Raci məhz buralarda həlak olub.
Amma ölməmişdən öncə hələ doğulmaq lazımdır axı…1831- ci ildə Təbrizdə Xiyaban məhəlləsində doğulub Əbülhəsən Raci.1-2 il o yan, bu yan da ola bilər, çünki müxtəlif rəqəmlər var.Təxminən 45 il ömür sürüb.Lap yeniyetmə illərindən şeirləri dillər əzbəri olub.Hətta xanəndələr toy-büsatda Raci əşarından nümunələr oxuyarmışlar.

De bir türki qəzəl, Raci,
Oxusun bu gözəl, Raci.
Bələd olsun əzəl Raci,
Rümuzi-eşq dərdinə.

İşrət məclislərində oxunan şeirlərindən qat-qat çox isə şairin növhələri, mərsiyyələridir.Bu səbədən kədər, qəm, hüzn daha üstün gəlir tərəziyə qoysaq.Lakin bu şeirlərin başqa mərsiyyələrdən çox böyük fərqi var.Görünür balaca ikən məndə Raciyə vurğunluğu məhz bu səbəb yaradıb.:
Racinin mərsiyyələri sanki süjetli şeirlərdir.İmam Hüseyn müsibətini nüans-nüans anladır, elə bilirsən ki, sən də həmin olaylara tanıq oımusan, sən də o vəhşəti görmüsən.Tarixi qaynaqlara əla bələdçiliyi varmış Hacının.Bir növhədə göründüyü kimi:
Belə əhd eləmişəm, ey bacı, cananım ilən,
Ərseyi-Kərbübəladə boyanım qanım ilən.

Çünki bu cami-əcəldə şəkərü- şəhdim var,
Bu səbəbdən susuz ölməkliyə çox cəhdim var.
Aləmi-zərrdə canan ilə bir əhdim var,
Varam öz eylədiyim əhd ilə, peymanım ilən.

Ya Hüseyn, hövli-qiyamətdə yetiş imdadə,
Raciyəm, bircə ümidim sənə var üqbadə.
Ağlaram, olsa həyatım nə qədər dünyadə,
Gecə-gündüz sənə bu dideyi-giryanım ilən.

Bu növhədə İmamın bacısı Xanım Zeynəb ilə mükaliməsi var.İmam Hüseyn məhz Kufəlilərin çağırışına cavab verib ora yollanmağını Allahla əhdinin olduğuna eyham vurur.

Raci şəxsi mütaliə yolu ilə klassik Şərq ədəbiyyatını da mənimsəmişdi.Racinin Şamaxılı Nişat Şirvani və başqa müasirləri ilə də çox güman ki, məktublaşması olub.Çünki Nişat Şirvani haqqında kiçik bir araşdırma edəndə Nişatın Raciyə yazdığı qəzəlini görürəm:

Ötən ay gəlmiş idim şəhrə ey Raci hilal asa,
Məni üryani lağər görcəyin el baxmadı əsla.

Nişatam bir şeyim yoxdur ki, beytülmalıma qalsın,
Dürri-nəzmimdən özgə əhli-Rum eylər nim yəğma.

Ömrü boyu ticarətlə məşğul olan Raci Həcc ziyarətindən gələrkən Qırmızı dənizdə tufana düşür, 300 sərnişinlə həlak olur.Türkcə və farsca qəzəllər, qəsidələr, təcnislər yazan, şeirləri toy-düyünü bəzəyən Raci özü də tufan ömrü yaşadı:

Növhəsində:
Aləm niyə bəs olmadı viran, Əli Əkbər,
Ol gün ki, səni saldılar atdan, Əli Əkbər?
-deyənin özü dəryaya salınır, sular qoynunda həyata vida deyir.

Məşhur “olaydı” rədifli şeirin də ilk müəllifi məhz Racidir.Baxmayaraq ki, eyni məzmun və eyni intonasiyada X.Natəvanın və Hüsyn Cavidin də şeirləri məşhurdur.

Öncə Racinin “Olaydı” qəzəli:

Nə eşq olaydı, nə aşiq, nə hüsni-dilbər olaydı,
Nə ayinə, nə səfa, ey könül, nə cövhər olaydı.

Nə zülf olaydı, nə ariz, nə xətt olaydı, nə xal,
Nə müşk olaydı, nə məcmər, nə üdü-ənbər olaydı.

Məzaqi-Raci nə şirin olaydı, nə böylə təlx,
Nə hicr, zəhri-həlahil, nə vəsl şəkkər olaydı.

İndi Natəvanın:

Nə mən olaydım, İlahi, nə də bu aləm olaydı,
Nə də bu aləm əra dil müqəyyədi-qəm olaydı.

Nə hicr atəşinə odlanıb yanaydı dilim ki,
Nə eşqin içrə könül böylə şadu – xürrəm olaydı.

Nə ah olaydı, nə əfsus, nə parə-parə könül,
Nə Natəvanın, ilahi, həvəsi dəhrəm olaydı.

İndi Cavid əfəndinin:

Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı,
Nə xalq olaydı, nə xaliq, nə eşqi-həsrət olaydı.

Nə dərd olaydı, nə dərman, nə sur olaydı, nə matəm,
Nə aşiyaneyi-vüslət, nə bari-firqət olaydı.

Tükəndi taqəti-səbrim, ədalət, ah! Ədalət!
Nə öncə öylə səadət, nə böylə zillət olaydı.

Burada əlbəttə, mənimsəməkdən söhbət getmir. Sadəcə, bu hərəkət şeir estafetinin Təbrizli şairdən Şuşalıya, Şuşalıdan Naxçıvanlıya ötürülməsi kimi başa düşülməli.
Bütün hallarda, Natəvanla təxminən yaşıd olsalar da zənnimcə, Raci daha öncə yazıb bu şeiri.Birincisi, ona görə ki, növhələri ağız-ağız dolaşan Racinin ola bilməz ki, bu şeiri Şuşaya gedib çıxmayaydı.İkincisi, Natəvanın növhələri sayca azdır və əsasən ömrünün sonrakı dövrünə təsadüf edir.Yəni Raci 45 yaşında artıq böyük bir şeiriyyat qoyub getmiş, Natəvanın əsas yaradıcılığı isə hələ qarşıda idi.
-Bəs hara getmişdi Raci?
-Gəldiyi yerə!
-Türk nəslinin, türk soyunun, Təbriz mübarəklərinin hüzuruna. Köksündə İmam Hüseyn eşqi və poeziya coşğusu ilə dalğalar qoynundan, dəryalar ağuşundan, Qırmızı dənizdən bizə sarı boylanan var: Adı Əbülhəsən, təxəllüsü Raci – yəni ərəbcədən tərcümədə – “rica edən, xahiş edən”
Elə isə mən də bir rica edim:
Qırmızı dənizdən keçəndə 3 dəfə Raci çağırın!
O sizi mütləq eşidəcək. Necə ki, 2013-cü ilin fevralında məni də duymuşdu.

(Yazımda atamdan, həmçinin uşaq ikən Göyçayın Əbəlfəzlil Abbas məscidində nurani kişilərdən eşitdiyim söhbətlərə və şəxsi xatirələrimə söykənmişəm)
11 iyun 2024-cü il.

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Turan Uğur – Öncə söz vardı…

Öncə söz vardı… (12)

MİRZƏ ŞƏFİ VAZEH – Azərbaycan şairi, mütəfəkkiri və filosofu

OĞURLANMIŞ ŞAİR
(Bu rubrikanı sözü qutsal sayan şairlərimizə həsr edirəm)

Dostlar, şəkk etməsin qoy buna heç kəs,
Şahlara xoş gəlməz haqqın nəfəsi.
Xətri istəsə də, həzm edə bilməz
Haqqı, həqiqəti şahın mədəsi.

Həqiqət carçısı Mirzə Şəfi belə şeirlərdən çox yazıb.
-Təkcə haqq, ədalət davası idimi davası?
-Məncə, yox!
Feodal zənginliyinə, despotizmə cild-cild şeirlər yazanın aşiqanə şeirləri də xətriniz istəyən qədərdir.

Cənnət qapısını bu dünyada sən,
Açmısan üzümə, ey nazəndə qız.
-yaxud

Nə mavi göydəki şux mələklərə,
Nə bağlar qoynunda tər çiçəklərə,
Nə Aya, nə Günə, eşitsin hamı-
Bərabər tutmaram mən Züleyxamı

-deyən də yenə Mirzə Şəfi Vazeh idi.
Türk oğlu türk, gəncəli balası, danışdığı lisan türk, irqi (milləti) türk.Özü belə yazırdı…
-Bəs tale ona nə yazmışdı? Kimdir Mirzə Şəfi?
Adı Şəfi, atasının ismi Kərbəlayi Sadıq, ədəbi təxəllüsü isə Vazehdir.

Haşiyə: Vazeh ərəbcədən tərcümədə
“açıq”, “aydın”, “aşkar” mənasını verir.

Gerçəkdən də bütün mətləblərini pünhan deyil, aşkarda söyləyən şairimizə bu təxəllüs lap əyninə görə biçilib.
Atası Sadıq kişi Cavad xanın sarayında memarlıq edərmiş.Mirzə Şəfinin doğum tarixinə fərqli araşdırmaçılar fərqli yanaşıblar.Əli Əjdər Səidzadə onun 1792-ci ildə (Mən bu versiyanı doğru sayıram, səbəbini yazımın sonlarında yazmışam), Feyzulla Qasımzadə 1794-cü ildə, Yenikolopov isə 1804-cü ilə aid edirlər.Məncə, 3-cü variant tamamilə qüsurludur.Çünki 1826-cı ildə Vazeh artıq sayılıb-seçilən şəxslərdən, mirzələrdən idi.
-Onu deyrdim axı…Memarlıq edərmiş şairin atası Sadıq kişi.Taleyə bax, ilahi! Oğlu şeirimizin memarı, atası isə Gəncəmizin memarı.Biri şeirimizi düzəldir, biri şəhərimizi. Ancaq kaş ki, erkən vəfat etməsəydi Kəbleyi!!! Şəfi də düşməseydi çölə, biyabana.Bəlkə də kim bilir, yaxşısı belə imiş?! Bir qapı bağlanmasa, başqa qapı açılmaz ki.
Şəfi Yaxın Şərqi gəzib – dolanır, nə yaxşı ki, Təbrizdən qayıdan varlı bir tacirlə – Hacı Abdulla ilə sırf taleyin diqtəsi ilə qarşılaşır.Hər şey də bundan sonra başlayır.Panteist dünyagörüşünü mənimsəyən Mirzə Şəfinin Gəncədə yaşaması əneyi – müsibət olur.Mədrəsədən çıxır.Başlayır mirzəlik etməyə.1831–ci ildə Hacı Abdulla haqqa qovuşur, hamisini itirən Mirzə Şəfi tələbəsini tapır- Fətəlini.Daha doğrusu, Fətəli bulur ustadını.Hal-qəziyyə bu sayaq olur:

“Gəncə mədrəsəsində hücrələrin birində bu vilayət əhalisindən Mirzə Şəfi adlı birisi yaşayırdı.Bu adam növbənöv elmlərdən başqa, nəstəliq yazısını da çox yaxşı yazırdı.Bu həmin Mirzə Şəfidir ki, Almaniya məmləkətində onun həyatı və farsca şeirdə malik olduğu fəziləti haqqında məlumatlar yazıblar.Mən atalığımın buyruğu ilə hər gün bu şəxsin yanına gedər, nəstəliq yazısının məşqini edərdim.Beləki, get-gedə mənimlə bu möhtərəm şəxsin arasında ülfət və ünsiyyət hasil oldu.Bir gün bu möhtərəm şəxs məndən soruşdu:
-Mirzə Fətəli, elmləri təhsil etməkdə məqsədin nədir?
-Ruhani olmaq istəyirəm.
-Sən də riyakar olmaq istəyirsən?
Təəccüb və heyrət elədim ki, bu nə sözdür.Mirzə Şəfi mənim halıma baxaraq dedi:
-Mirzə Fətəli, öz həyatını bu qaragüruhun içində puç etmə.Başqa bir məşğuliyyət qəbul et”.

Gəlin görək, nəstəliq yazısı nə imiş ki, Vazeh bu yazıda mahir sayılırmış.

Qeyd: Nəstəliq, ərəbcə təliq sözündəndir.4 mənası var:
1) asma;
2) əlaqədar etmə, bağlama;
3) təxir etmə, yubatma;
4) ərəb yazısının növlərindən biridir.

Burada 4-cü mənada işlənir ki, Vazeh həm də hüsnü-xətdə ad çıxarmış şairlərdən idi.

Şairin Tiflis həyatı isə 1840-cı ildə başlayır.Mirzə Fətəlinin dünyagörüşündə misilsiz rol oynamış Vazehə tələbəsi də borclu qalmır.Axundzadə Tiflis qəza məktəbində dərs dediyi yerini müəlliminə verir. Mirzə Şəfi 1840-cı ilin noyabrından başlayır dərs deməyə: Türkcə (azərbaycan) və farsca dərs dediyi müddət 6 ildir.
Bodenştedtlə – şeir oğrusu ilə tanışlıq da məhz bu illərin yadigarıdır.
1844-cü il…Mirzə Şəfi “Divani-hikmət” adlı bir məclis təşkil edir.Bu məclisdə ziyalılar ədəbi-fəlsəfi görüşlərini ortaya qoyardılar.Ziyalılıqla ziyanlılığı tərs-avand başa düşən Bodenştdet də tələbələr arasında olurmuş.Guya fars dilini və şərq poeziyasını öyrənərmək niyyəti ilə.

HAŞİYƏ: Bəlkə də bu doğru faktdır.Amma şəxsən mən – Turan Uğur o qədər sadəlövh deyiləm ki, bu yazılanlara inanım.Ölmüşdü Xankişi…Avropanın göbəyində nemes balası oturub ki, könlümə Şərq poeziyası düşüb, göndərin məni öncə Moskvaya, sonra Qafqaza, gedim bir-iki ağız farsca, ya türkcə şeirlər dinləyim.
Bu, yüz illərdir başımızı qatan maraqlı nağıllardır, amma nağılların ilk missiyası bizi məhz yuxuya verməkdir, biləsiniz.Fikrimcə, Bodenştdet kimiləri ilk növbədə missioner kimi göndərilirdilər, məmləkətimizdə hər ölkənin ta qədimdən gözü olduğu üçün xüsusi insanlar hazırlanar və bura şeir, sənət həvəskarları kimi göndərilərdi.Əlbəttə, həmin dövrün tələbləri indikindən fərqlidir və əsasən xristianlığı çeşidli yollarla yaymaq prioritet istiqamət sayılırdı.

Bu məclisin bir üstün tərəfi o idi ki, Şəfi də Bodenştdet vasitəslə Qərb haqqında biliklər əldə edir.Alman şairlərindən: Höte, Heyne, Şillerin əsərləri ilə tanışlıq üçün alman tələbəsi əla bir vəsilə olur.
1846-cı ildə Almaniyada nəşr olunan “Şərqdə 1001 gün” əsəri Bodenştedtə Almaniyada və bütün Avropada məşhurluq gətirdi.1851-ci ildə isə “Mirzə Şəfi nəğmələri” adlı tərcümə kitabını nəşr etdirən Bodenştedt daha böyük uğur qazanır.Almaniyada kitabın 26 il ərzində 50 dəfə nəşr olunma faktı dediklərmə dəlildir.Dediklərimə başqa dəlillər də var:
1884-cü ildə italyan Cüzeppe Romsi “Şərqilər”i italyancaya tərcümə edir ki, bu da sonralar əsərin fransız, ingilis, isveç, holland, ispan, portuqal, rus, çex, macar, yəhudi dillərinə tərcüməsinə yol açır.
Amma təəssüf ki, başqa dəlillər də var.
1873-cü ildən başlayaraq Fridrix müəlliminin şairliyini inkar edir, özünü bu əsərlərin əsl müəllifi kimi qələmə verir, nacinsliyini bütün gücüylə göstərir. Uğurlardan başı gicəllənən, məsti-xumar olan alman tələbəsi alman dəqiqliyini şöhrətə qurban verir, necə deyərlər, başlayır cığallıq eləməyə.Bu işdə ona züy tutan da var idi:
Şərqşünas Adolf Berje. Yağışlar yağmış, çatlaqlar örtülmüşdü.Daha nə Mirzə Şəfi var idi, nə də başqa bir şahid. Amma nə yaxşı ki, qızıl bir qaydası var bu dünyanın:
-Yazıya pozu yoxdu…Oğru Bodenştedt və onun züy tutanı Berje elə öz yazıları ilə özlərini ifşa edirlər. Hələ 3 il öncə 1870-ci ildə A.Berjenin M.Ş.Vazeh haqqında bioqrafik hekayəsi dərc olunmuşdu.
Nə yazılsa yaxşıdır:
“Tiflis küçələrində tez-tez rast gəldiyim 60 yaşlı bu türk müəllimini mən 1851-ci ildə görmüşdüm.Bir il sonra şairlə yenidən görüşmək istəyəndə dedilər ki, üzüm yeyib mədəsi pozulduğundan vəfat edib”
Demək, Berje onu şair və müəllim kimi tanıyırmış.Hətta bu yazı ilə öyrənirik ki, Mirzə Şəfi 1852-ci ildə təxminən 61 yaşında vəfat edib.Deməli, şairin təvəllüdü barədə yazılan
Əli Əjdər Səidzadənin variantı daha doğru gəlir, nəinki başqalarının.
Berjenin cığallığından ruhlanan başqa bir cığal Bodenştdet daha da irəli gedir:
“Mən Mirzə Şəfinin adını zarafatca götürmüşəm və iki “ff” lə yazmışam: Şaff yəni, qoyun.Nə yaxşı ki, başqa bir alman Müller “İslamın tarixi” kitabında heç olmasa şairlə bağlı başqa bir faktı qəbul edir:

Mirzə Şəfi fars deyil, gəncəli türkdür.Onun fars olması iddiaları da ən azı korafəhmlikdir.
Kişi özü yazıb ki:
“İrqim türk, danışdığım lisan türkdür”

Neyləyək ki, alman Bodenştedtin çıxardığı hoqqabazlıqdan sonra uzun illər Mirzə Şəfinin şöhrət havası qara dumana bürünür, qarmaşıq fikirlər uzun illər boyu oxucunu çaş-baş salır.Akademik Krımskinin də dediyi kimi:
Həqiqi Mirzə Şəfidən Bodenştedtdə az qalıb”
Bodenştedt oğru əxlaqı ilə Vazehin bəzi şeirlərini orijinaldan uzaqlaşdırmış, iz buraxmasın deyə şeirlərə özündən neçə-neçə misralar uydurmuş, alman ovqatı saçan sətirlər əlavə eləmişdi.

Məni qəbul edib şah izzət ilə,
Giley-güzar etdi şikayət ilə:
Ona həqiqəti söyləmir heç kəs.
Özüm həqiqəti açıb söylədim,
O məni paytaxtdan sürgün elədi.

Bu kimi tipik Şərq həyatı ilə bağlı misraları təhrif etmək isə Fridrixin xörəyi deyildi.Görünür Qafqazda bulunduğu dövrlərdə Bodenştdet bizim xörəklərin ləzzətini az dadmış kimi, şeirlərimizə də az bələd olubmuş.Yoxsa:
Ustadına kəm baxanın,
gözlərinə qan damar-damar
misralarını qulaqardına vurmazdı.

(Məqaləmdə Mikayıl Rəfilinin, Salman Mümtazın, Firudin bəy Köçərlinin, Əli Əjdər Səidzadənin,
Xəlil Rzanın, Akademik Krımskinin yazılarına və xatirələrinə, habelə şəxsi mülahizələrimə söykənmişəm)


09 iyun, 2024-cü il.

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Turan Uğur – Öncə söz vardı…

Öncə söz vardı… (11)

VAQİF SƏMƏDOĞLU – Xalq şairi, yazıçı-dramaturq, ictimai xadim

(Bu rubrikanı sözü qutsal sayan şairlərimizə həsr edirəm)

Ey, uzaq yaşıl adanın sakini. Ayrılığı aramıza salan qos-qoca dəniz var aramızda.Orada yerişiniz necədir, Vaqif müəllim? Orada gülüşünüz necədir?
Dənizin səsi günbəgün batırmı? Quşların səsini susdura bilirsizmi? O yaşıl adadan buralar ağ-qara görünürmü? Bir xanım qarşısında diz çökəcək qədər ucalığınız qalıbmı? Oradan bizim tərəflər necə görünür? Deyəsən, suallarım çox oldu.Elə burada da sualların çox, cavabların az olduğundan giley-güzar edərdiniz.Odur ki, kəsə soruşacam:
O yaşıl adadan qayıdıb əvvəlkitək sevərsizmi bizim dünyanı, 39-da doğulub, 37-də tutulmaqla aranız necədir? Bu günə dönüb “deyəsən, yaşamaq istəyirəm” deməyə gücünüz çatarmı?
Aramıza dönüb şair olarsızmı? Yooox, çaşdım.Şeir olarsızmı, nəğmə kimi oxunmaq istəyən şeir?

Yer üzündə,
Bircə qadın varsa,
Məhəbbət var yer üzündə,
Bircə çocuq varsa,
Övlad var yer üzündə.
Yer üzündə
bircə ağac varsa,
Kölgə var
yer üzündə,
Bircə tikə torpaq varsa,
Vətən var Yer üzündə.
(V.Səmədoğlu)

Vətəni var Yer üzündə sığınmağa Vaqif Səmədoğlunun.
-Nə əla!
Qadını var sevməyə- nə gözəl!
Ağacı var yer üzündə kölgələnməyə
-nə yaxşı!

Nə yaxşı ki, bizim də Vaqif Səmədoğlumuz var.1939-cu ilin iyunun 5-də doğulmuşdu.Elə bu,
“5 iyun tarixi” – Lorkanın, Müşfiqin doğulduğu tarix
“Hünərin var gəl, şair olma!” demişdi Vaqifə.Sonra da təqvimi tərsinə yaşayıb 1937-ci qurbanlarının- Cavidin, Müşfiqin, Cavadın şərəfinə doğum ilindən 2 il əvvəl tutulmağı da bacarmışdı.Elə o zamandan çıxmışdı haşiyələrdən, qəliblərdən, o zamandan yorulmuşdu, usanmışdı çərçivələrdən…
Bacardığı işlər isə çox idi.Həddindən çox…El-obasına vurğun Səməd Vurğunun oğlu idi.Atasının balaca Vaqifin əlindən tutub Konservatoriya nəzdində 10 illik musiqi məktəbinə apardığı gündən başlamışdı müxtəlif peşələrə vaqif olmağa…
“Violonçel çalmaq balaca Vaqifə ağır olar” – deyib onu pianoya yönləndirə bilmişdi Səməd Vurğun.Ancaq tədricən şeir də yazmağa başlayır.
“Səmədin oğlu Səməd kimi yazar” – deyənləri əməlli-başlı mat qoyur…Vaqif öz üslubu, öz təhkiyəsi ilə gəlir ədəbiyyata.Sərbəst şeirlərinə xeyir-duanı isə Rəsul Rza verir.Bu şeirlər Tanrı duaları kimi, pıçıltı ilə oxunmağa başladı.
Azman kişilərə “əmi” deyərdi.Onların yanında boya-başa çatdı.Kimləri görməmişdi ki gəncliyində? Uşaq ikən atasının Kislovodskidə aldığı “Komsomolets” foto-aparatının neqativinə nələri, kimləri köçürmədi ki?!
40-50-ci illər Bakı mənzərələrini, Dağlı məhəlləsinin qədeşlərini, məşhur Bakı dəlilərini – Mişoppanı, Tarzanı, Hüsü Hacıyev küçəsinin alverçilərini.Amma komsomolçuluq yox, istiqlalçılıq oldu amalı.Anası azadlıq, özü isə kükrəyən misraları ilə azadlığı yellədən dəlisov bir rüzgar oldu.

Sən mənim
Doğma anamsan, Azadlıq,
Mən sənin
Yad qapısında böyümüş balan…
Sən son ümidimin qaldırdığı
Ağ bayraqsan, Azadlıq,
Mən səni
Yellədən külək…

P. Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçdikdən sonra Bakıda müəllimlik edir.”Azərbaycan” jurnalında “Yeddi şeir” adlı ilk mətbu əsəri ilə tanınmağa başlayanda hələ 1963-cü il idi.1972-ci ildə nəşr olunan “Günün baxtı” ilk şeirlər kitabı isə Vaqifin baxtına gün kimi doğdu.Hobbiləri o qədər çox idi ki, adama elə gəlir ki, indi 5-6 Vaqifdən bəhs edirəm sizə:
Ovçu Vaqif, şair Vaqif, fotoqraf Vaqif, dramaturq Vaqif, motosikl həvəskarı Vaqif, pianoçu, cazmen Vaqif…
Vaqif Səmədoğlu dramaturgiyaya poeziyadan gəlib.Gələndə kəskin yumorunu, sarkazmını da əl çantasına qoyub gəlib.Yayda qartopu oynatmağa, gözlərə yaşıl eynək taxmağa, köhnə yəhudi nəğməsini qoşmağa həvəs də buna görə idi.Mamoy kişinin çin çıxan yuxularının insanda yaratdığı xof dramaturqun bizim üçün keçirdiyi əndişələri idi.
-“Bilirsiz, bu dünyanı çox sevirəm, həddindən artıq sevirəm bu həyatı” -belə deyərdi.Görünür, uşaq kimi inanırdı bu dünyanın keçici zövqlırinə.Yaz başında, təzə otlar çıxarkən yağan dolunun, yağışın bu otları döyməsini ən gözəl mənzərə sanardı.
Bilin ki, Vaqif müəllim, biz də yazın şehini, payızın mehini çox sevirik.Heç kimə deməyin amma.Heç kimə deməyin ki, daş evlər arasında biz də dumandan qorxmuruq və bu yaz gecəsində diriyik, lap sizin şeirləriniz kimi…

Bakıya duman gəlib,
Heç kəsə demə!
Deyəsən, yaman gəlib,
Heç kəsə demə!
Çıraq yanıb bu axşam,
Yanıb, sönüb bu axşam.
Bu dumana qapımdan,
Çıxan kimi azmışam,
Yenə şeir yazmışam.
Heç kəsə demə!
Daş evlər arasında,
Neyləyər duman mənə?
Gülüm diriyəm yenə,
Heç kəsə demə!

(Yazımda müəllifi olduğum “Sətirlər” kitabına və digər mətbu məqalələrimə söykənmişəm)

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Turan Uğur – Fədailərimizi tanıyaq!

Fədailərimizi tanıyaq! (10)

(Bu rubrikanı babam İsmayıl Paydarın timsalında bütün güneylilərimizə həsr edirəm)

NURULLA YEGANİ – Fədai, üç inqilabın – Səttar xan, Xiyabani və Pişəvəri inqilablarının fəal iştirakçısı olmuş nadir şəxsiyyət, mücahid.

“Qəvvas ömrü – Nurulla Yegani”

İnqilabi hərəkatın lap əvvəlində güneyli qadınlar da kişilərə qoşulur, başına beret qoyan xanımlar da ön cərgələrdə vuruşurdular. Allah, Allah! Məşəl nişanlı beretlər qızlarımıza necə yaraşırdı! Pişəvəri inqilabının özlüyündə fərqi onda idi ki, buradakı fədailərimiz istiqlalımıza İmam Hüseynin azadlığa, haqqa susadığı kimi susamışlar,
Əli Əkbərin, Əli Əsgərin suya susadığı kimi susamışdılar ki, həmin təşnə-ciyərləri yalnız özgürlük məlhəmi doydura bilərdi.
Elə bahadırlarımız vardı ki, onlar üç inqilabın iştirakçıları olublar.Yeniyetməliyi Məşrutəyə, gəncliyi Xiyabani mücadiləsinə, qocalığı Pişəvəri inqilabına tuş gələn nadidə şəxsiyyətlərimiz də olub.
-Öyünüləsi haldır, ya yox?!
-Bu ritorik sualda “yox” yoxdur!
Keçək mətləbə… Yəni qəhrəmanımız – Nurulla kişinin mücadiləsinə.
Nurulla Yegani – Əslində, onun haqqında bir status həcmində yazmaq elə bil ki, bir ümmandan bir parç su götürməyə bənzər, halbuki Nurulla Yeganiyə kitablar yaraşır.Nurullanın Səttar xan hərəkatında Təbrizdə tüfəng götürüb qoçaqlıq göstərməsindənmi yazaq, ya Şeyx Məhəmməd Xiyabaninin mücahidi kimi ağır döyüş yolundan keçməsindənmi?
Qoca vaxtında Pişəvəri hərəkatı zamanı da silahlanan Nurulla Yegani oldu.Təkcə silahla deyil, imanla, Vətən eşqi ilə, hürriyyət yanğısı ilə…Hələ ata Rza şah Pəhləvinin dövründə o, sinəsini qabağa verib şahın nəzarətində olan torpaqları şahdan alıb kəndliyə vermək istəmişdi.
“Sinə” deyirəme sizə!!!

  • Yaxasına ordenlər, medallar yaraşan sinə!
    O vaxt torpaqları kəndlilərə paylamağa nail olmur, çox çabalar göstərməsinə rəğmən.
  • Bəs sonra?
  • Sonrası Pişəvəri hərəkatı….Yox, hələ çox mücadilələri vardı o aralıqda.
    Xalq üçün böyük su kanalı çəkdirəcəkdi, dəfələrlə Rza şahın məhbəs həyatını, zindan zülmünü görəcəkdi.Kişilər varmış zamanında.İndi bir silləyə bülbül kimi ötüb, əqidəsini satanlar nə çox?!
    Nə çoxdur, bir qapaza məsləyini ələ verənlər?!

Haşiyə:
Bu dəm yadıma atamdan eşitdiyim bir epizodu xatırladım.Atam deyirdi ki, çərxi-fələyin rüzgarı dəyişəndə, köhnə bəylərdən neçəsi tez şinelini atıb keçdi təzə hökumət tərəfinə.Kimisini “Yaşıllaşdırma idarəsi” nə müdir qoymaqla, kimisinə balaca bir dükan verməklə- hərəni bir yolla ələ almışdılar, ən fəal cəbhəçiləri nəzərdə tuturdu atam. Bəylərdən bir dostundan atam soruşub ki,
-Ay bəy, (adını yazmıram, etik deyil) nəcəb sən satılmadın? Necə vardın, elə də qaldın.
Həmin bəy də dostanə etiraf edir ki:
-Ay Asif, qoçaqlığım deyileeee, nə gizlədim gözləyə-gözləyə qaldım, məni alan olmadı axı…

Amma Nurulla Yeganini şah ordusu çox almaq istədi.Bir nəticə hasil olmayanda, zülm etdilər, yenə də amalından dönmədi.1945-46-cı illərdə Milli hökumət dövründə Nurulla kişi azadlıq mücadiləsinə yekun vurdu.İnqilab qanla boğulanda onu görünməmiş vəhşiliklə şəhid etdilər.
Ayağına at nalı vururlar, incidirlər.
Əyilmir…
Axırda min tövr işgəncə ilə həyatına son verirlər Nurulla kişinin.Məncə, bu son deyil.Əks-təqdirdə Təbrizdən uzaqda – Bakıda bir Allah bəndəsi Nurulla Yeganini xatırlamaz, onun haqqında dürlü-dürlü kəlamlar işlətməzdi.
“Dürlü-dürlü kəlam”- dedim, Füzulinin bu beytini xatırladım:

Olmayan qəvvasi-bəhri-mərifət arif deyil,
Kim, sədəf tərkibi-təndir, laləvü-şəhvar söz.

Füzuli babamız demək istəyir ki:
Sədəf və mirvarinin çox qəribə təbiəti var.Sədəf baharda suyun üzünə çıxar. Aprel yağışından bir-iki qətrə udar.Bu qətrələr onu ağırlaşdırıb dənizin dibinə endirər.Təbiətin qanunu ilə mirvariyə, gövhərə çevrilən bu qətrələr sədəfin bağrında yaşayar.Sədəf üçün ən qiymətli şey onun bağrında bəsləyib yetişdirdiyi gövhər olduğu kimi, Füzulinin fikrincə, insan sədəfində də ən qiymətli gövhər sözdür.Qəvvas sədəfin bağrını sökdüyü kimi, insan da söz gövhəri üçün öz bağrını sökür.

Bu misalı gətirməkdə niyyətim odur ki, Nurulla Yeganiyə deyim:
-Onun məğrur sinəsinə ordenlər, medallar yox, ünvanına deyilən ulu sözümüz yaraşır:

  • Üç inqilab fədaisi, istibdadın bağrından hürriyyət qoparan nur üzlü Nurulla Yegani, qəvvas ömrün mübarək!

(Yazımda şərqşünas, ədəbiyyatşünas
Firuz Sadıqzadənin, şair Mədinə Gülgünün və
Xəlil Rzanın xatirələrinə söykənmişəm)
01.06.2024.

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Turan Uğur – Öncə söz vardı…

Öncə söz vardı… (10)

OLJAS SÜLEYMENOV- Məşhur qazax şairi, Qazaxıstanın Xalq yazıçısı, türk dünyasının böyük oğlu, geoloq, türkoloq, etimoloq, mifoloq, linqvist-alim, ictimai xadim.

Tarixə tanıq-Oljas Süleymenov
(esse-hekayə)

(Bu rubrikanı sözü qutsal sayan şairlərə ithaf edirəm.Essenin təhkiyəsini orijinal şəkildə, yazıçının daxili monoloqu kimi verirəm)

Geoloqam…
Təbiəti öyrənirəm, təbiətin dilini bilmək milyardların dilini bilməyə bərabərdir.Eşitmişəm ki, V.Hüqonun həyatını “le destin” -“tale” sözü tamam dəyişibmiş.Bir söz də mənim həyatımı dəyişəcək: “Şumer”-necə də doğmadır bu söz.Bunu yaşlı bir kişidən eşidəndə elə bil xəncər saplandı ürəyimə, sanki neştər dəlmə-deşik etdi beynimdəki əndişələri, qovdu bütün şübhələrimi.Yerinə gerçəklik gəldi.Şumer, türk həqiqəti.Şumer: bu, mədəniyyətdir.Bu qos-qoca mədəniyyəti çantama yığıb əsrlər boyu “koşşi” lik-“köçəri” lik edə bilərəmmi?
-Bilərəm…
-Bəs harada eşitmişdim bu sözü?
Deyəsən, xatırladım:
-“Koşşi” sözünü diplomqabağı praktika zamanı Şimal-şərqi Prikaspidə sinəsində “şərəf nişanı” ordenini gəzdirən bir qocadan duymuşdum.

Oljas Süleymenovam…
Ömərxan kişinin oğluyam.Atamı cəmi 4 gün görmüşəm, daha doğrusu, o, məni 4 gün görüb.Qıyıq gözlərimi hələ aça bilmirdimsə, necə görəcəkdim atamı.Qıpçaq övladı olmağım, gözlərimin qıyıq olması hürkütməsin sizi, məsafəcə uzağı sonralar daha yaxşı görəcəkdim.
Uzaqgörən olmaq üçün arabir qanrılıb keçmişə baxmaqda fayda var.Axı keçmiş əsla keçməmiş ulusum üçün, keçmişi olmayanlar utansın, hə, bir də adlmızı “vəhşi” qoyub tariximizi eramızın 4-cü əsrinə aparan qondarma sovet akademikləri.Onlara kimliyimizi sübut edəcəm.Əvvəl “Az” deyəcəm, sonra “Ya”, daha sonra hər ikisini birgə: “Az i Ya”

Türkəm…
40 professor və akademikə Şumer mədəniyyətinin varisi olduğumuzu söyləyəcəm.Ehhhh, daha nələr deyəcəm, nələr! 60 sözlə şumer və türk ortağı olduğunu isbat edəndə mənə- “bu, kifayət etməz”- deyən qərəzli alimə tutarlı cavabım da olacaq.
Nə kimi?
-Belə desəm necə olar?
-“Dadını bilmək üçün heç də Sakit okeanının suyunu dibinəcən içməyə dəyməz, küləyin uzaqlardan qovub gətirdiyi bir damla şor su da kifayətdir”
Bənizi solacaq alimin, gətirdiyim dəlillər onun üzündəki cizgilərin avazımalı olduğuna nişanədir.
Ehhh, hələ neçə “malı”, “məli” ni qarşımdakı akademiklərin üzünə hörəcəm.

Linqvistəm…
Geoloq kimi yerin inkişaf tarixini öyrənə-öyrənə gəlib çıxdım sözlərin quruluşuna, nitq hissələrinə, dilçiliyin hər sahəsinə, əsasən də etimologiyaya meylim artmış oldu.Tariximizin sözlərimizdə gizləndiyinə əminəm.Saxlancımız sözlərimizdir.Sözün dəyişməyi insanın dəyişməsinin xəbərçisidir, həm də xalqların.
Şumerdə-ada, türkdə-ata;
Şumerdə-tir-həyat, türkdə-tiri, diri, turu yaşamaq.
Şumerdə-Dinqir-tanrı, bizdə tenqri, tanrı, teqri.

Tələbəyəm…
İkinci ali təhsil alıram.Moskvada Ədəbiyyat İnstitutunda 1-ci kursda oxuyanda verilən kurs işi “İqor polku dastanında Şərq elementləri” idi.Həmin dastanın müəllifinin slavyan ya türk olması mənim üçün önəmsizdir.Əsas odur ki, müəllif ikidilli olub.Türkizmləri tapıb çıxarmaq gərək.Nasixlərin türk sözlərini sonrakı əsrlərdə necə dəyişib, yerinə rus-şimal dialektlərindən sözlər pərçim etdiyini üzə çıxaracam.
-Bu nədir? Nəyin əndişəsidir?
-Zirzəmimdə şumerlə bağlı əlyazmalar nə üçün yağmalanıb?
-Narahat olanlar var!
“Az i Ya” nın ilk oxucusu Konstantin Simonovun məktubunu aldım.Yazısında mənə qarşı “necə bir savaşın başladığını indidən təxmin edirəm”- deyir.Haqlı çıxır Konstantin Mixayloviç…

Təqvimin 1975-ci iliyəm…
Mənim üçün uğurlu gəlib yeni il, bir qədər də qalmaqallı.Kipriyimlə od götürdüm sanki.Yaxşı ki, kitabım çıxanda “qalmaqalçı” adı ilə məni damğalamaqları bəs elədi.Sağ olsun, Dinməhəmmədi-Kunayevi nəzərdə tuturam.M.Suslovun ağzına atsaydılar “hooop edib” udmuşdu məni.Qursağında qalacaqdım ya yox, orasını bilmirəm, ancaq məni yeməyə hazır idi. “Antisovet”, “Pantürkist” adı ilə bəribaşdan damğasını qoymuşdu.Kunayevin Brejnevlə dostluğu işə yaradı.Dimaş məni qorudu, kitabı verdi Leonid İliçə, o da oxudu.Bəlkə də oxutdurdu neçə yan-yörəsinə.Kitab oxumaq həvəsi harada idi Leonyanın, amma xokkey olsaydı yaxşıca izləyərdi. Baş katib dedi:

  • “Burada antisovet heç nə yoxdu”.Əla cavab idi, həm də yerində deyilmiş.Kunayev biraz da ürəkləndi:
    -“Yoldaş Brejnev, olar bu “qalmaqalçı” nı Mərkəzi Komitənin tərkibinə seçək?”
    -“Layiqdirsə, seç!”

“Az i Ya” kitabıyam…
Bütün İttifaqda səs-küylə qarşılanıram..”Az i Ya”
-qədim Slavyan əlifbasının ilk hərfi və rus əlifbasının son hərfi.
“Mən və Mən”-şərti olaraq “Sən və Mən” Okeanın o tayında da maraqlanlrlar.Sovetin sütununu laxladacaq kitab çıxıb, sevinməyə macal tapanlar nə çoxdur!
ABŞ-də sonralar eşitdim bu haqda.Hə, birdə qulağım çaldı ki, Respublikamızda kitabım qara bazarda rekord qiymətə satılır.Öz avtomobilini –
“Jiquli” sini kitabıma dəyişənlər var.Azərbaycanda da sevilərək oxunur, dostum Məmmədə
(şair Məmməd İsmayıla) 10 nüsxə pay vermişəm.Yaxşı ülfətimiz var onunla.Bir dəfə səhərə kimi Məmmədin zoğal arağını, mənim də fransız konyakımı “bala-bala” vurmuşuq.Bəxtiyarla, Anarla, Elçinlə, Şahmarla, Seyranla, Sabirlə də dostuq.

Azərbaycanın böyük dostuyam…
“20 Yanvar” dəhşətini mənə gecənin ənginliyində, saat 03:00-da Bəxtiyar verdi.Səsi titrək, kədərli idi.39 dərəcə qızdırmada yanırdım, amma bu xəbər daha da yandırdı məni.Hər şeyə rəğmən gecə ilə uçdum Bakıya.Bakı mənim iki doğma şəhərimdın biridir.Bakıda mənə Azərbaycanın böyük dostu deyirlər.2021-ci il avqustun 12-də cənab İlham Əliyev sinəmə “Şərəf” ordenini taxanda Prezidentlə bir saat söhbət elədik.Sağ olsun, mənə qarşı hər zaman diqqətli davranıb.Bir kitab hədiyyə etdi.Qarabağ işğaldan əvvəl və azad olandan sonrakı dönəmi əks etdirirdi.Avtoqraf istədim.Adətən yazıçılar avtoqraf verər, lakin mən də cənab İlham Əliyevin avtoqrafını aldım. Axı o da yazıçıdır – tarix yazan yazıçı!

Yazıçıyam…
Gənclərdən narazıyam.Mütaliəni sevmirlər. “Dayanmadan, durmadan yazmaq!” şüarımı qulaqardına vurublar.Oxumağı sevməyənlər yazmağı da sevməzlər.
Diplomatam, partiya rəhbəriyəm, səfir də işləmişəm. “1001 söz”, “Türklər tarixdən əvvəl” kitablarım maraqla qarşılandı.Əvvəllər balaca ofisdə işləyirdim, dalandarlar bezdirdilər məni, işləməyə qoymurdular.Bir təhər onları çıxartdım.Bir axşam evə qayıdanda, üstümə bir neçə nəfər hücum çəkdi, özümü qorudum.Əllərində küt alət vardı.Demək ki, Tanrı türkü qorumaq istəmiş, əks-halda indi sağ qalmazdım.Azərbaycan türklərinə deyəcəklərim çoxdur.Öncə onlara gözaydınlığı yaraşır, sonra şeirlərim.Qarabağdakı zəfərimizə uşaq təki sevindim.Sanki
“Dədə Qorqud” və “Manas” dastanları canlandı gözümdə.
Bu esseni yazarkən sanki canavar ulartısını eşidirəm…Yeri gəlmişkən, qədim Şumerdə muncuqları sapa düzürmüşlər ki, ulduzları əcdadlarımızın bədənində saxlayaq.
Birazdan göy qübbəsində parlaq ulduzlar peyda olacaq.O ulduzları hər bir türk şəxsiyyətinin adına ad edəcəm.Birinə Oljas ismini verəcəm.Gecə şəmsin ölümü olsa da, səhər günəş yenidən yatağından qalxacaq, göydə yarıqövs cızacaq.Mərhaba, ey göyün ulduzları, yerdə muncuqlarım, göydə ulduzlarımız var.Tanrımız və Türkümüz var!
Sayğıdəyər oxucu, muncuq düzülüşü odur ki, ölümüz də dirimiz kimi dəyərlidir.
Bir də axı türkün ölüsü yox, yalnız dirisi olur!

( Esse-hekayədə şair Məmməd İsmayılın, yazıçı Seyran Səxavətin və yazıçı-dramaturq Firuz Mustafanın xatirələrinə, habelə şəxsi məlumatlarıma istinad etmişəm)


06.09.2021.

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Turan Uğur – Fədailərimizi tanıyaq!

Fədailərimizi tanıyaq! (9)

ƏMİRƏLİ LAHRUDİ – Fədai, 1979-2014-cü illərdə Azərbaycan Demokratik Firqəsinin (ADF) sədri, tərcüməçi, yazıçı, redaktor.

(Bu rubrikanı babam İsmayıl Paydarın timsalında bütün həmşərilərimə həsr edirəm)

1924-cü ildə Meşkin mahalının Lari kəndində doğulan, 1943-cü ildə Hizbi Tudeyi İran təşkilatına üzv olan Əmirəli Lahrudidən yazmağa bir borc kimi baxmıram.Əsla! Çünki “borc” kəlməsində bir təmənna var: Sən mənə, mən sənə…Bir də boyun məsələsi, minnət məsələsi.O isə məhrəm, doğma insanlar üçün nə minnət, nə sünnət?! Ancaq sünnətdən yan keçib, vacibata baxsaq, lap yaxşı olar.
1944-cü ildə partiyanın Şərqi Meşkin mahal komitəsinin sədri kimi çalışan Lahrudi, artıq
1945-ci ildə ADF-nin üzvü və Meşkin mahal komitəsinin sədr müavini idi.
-Nə tez?
deyə sual edəcəksiz? Vəzifə yollarında bu sıçrayış nə?
-Heç Əmirəli “nə tez?!” deyə sual vermirdi çərxi-fələyə.Doğru-dürüst anasının üzünü də görməmişdi.Xatirə kimi anasından bir yadigar şəkil də (güneylilərin təbiri ilə desək əksi) qalmamışdı.Vur-tut bir sənəd üçün anasının şəkli varmış, o da qaçaqaçda harda yox olmuşdu Allah bilir!
22 yaşında atasından da ayrı düşür Əmirəli.
Fədai dostlarının ömrünün son çağlarına kimi yuxuda görərdi.Elə doğulduğu kəndi də görmək murazı yuxusunu tez-tez qaçırardı.Evin tək övladı, ailənin madarı olan Əmirəlini oxutmaq atasının ən böyük istəyi idi. Gənclik illərindən böyük dövlət xadimlərilə təmasda olacaq, Güney Azərbaycanın, bütün İranın səfalət çəkdiyi çağlarda sovet Bakısının “gözəl-göyçək” beynəlmiləlçilik sədalarına qol götürüb oynayacaqdı…

Haşiyə: Elə İsmayıl babam da atama danışarmış ki, biz o tayda eşidərdik ki, Şurəvidə krandan da süd axır, biz məşəqqət içində olanda bu taya gəlmək üçün tamahlanardıq.

Elə hamı orada bu cür düşünürmüş.İnsafən, Şurəvidəki dolanışıq güneydəkidən xeyli yaxşı idi.

Qeyd: Söhbət sırf dolanışıqdan gedir.Buradakı repressiya dalğası, təzyiqlər, təqiblər, hökumət xofu, mənəvi keyfiyyətlərimizin aşınması, milli dəyərlərimizin qamçılanması, məscidlərin söküntü yarışlarını tərəziyə qoysaq, “hansı tərəf daha ağır gələr?” sualına geniş üfüqlər açılar.

Bütün hallarda, şimalda zavod-fabrik işləyir, sahələrdə texnikalar görünür, stabil məvaciblər yaşam üçün kafi sayılırdı.
Təbrizdə fədailərə qoşulmaq isə kafi gəlmirdi gənc Əmirəli üçün. S.C.Pişəvəri ilə görüşə zərurət yaranır. Təbrizdə Firdovsi xiyabanının qurtaracağında mehmanxanaların birində otaqlardan biri Seyid Cəfərin idi.Orada həm yaşayır, həm də işləyirdi. Ə.Lahrudi Pişəvərini ilk dəfə elə orada görür və söhbətləşir.
Milli Hökumət devrilən zaman, Əmirəli gecə yatıb səhər qalxarkən gördü ki, hər şey viranədir. Meşkində çalışdığı üçün Təbrizdə onun simasını çox tanımırdılar.Mehmanxanadan bayıra çıxanda bir nəfər onu tanıyır.Lahrudini təqib edirmiş, sən demə.
-Ağayi-Əmirəli, sənsən?
Bu qəfil sual fədaimizi şaşırır, ancaq özünü çox itirmir.İkinci sual, ikinci zərbə:
-Meşkin şəhərində sədr müavini olmusan?
-Sabah danışarıq.
Cəld 500 tüməni ona uzadır, ona yanlış bir ünvan verir. Dabanqırma həmin yerdən uzaqlaşır.
Silahdaşları deyir ki, tez qaç buralardan.Bu xəna o xənadan deyil.
Qəhrəmanımız Təbriz bələdiyyəsinin qabağından şütüyən maşınlardan birinə minir. Astaralı bir yoldaş tapıb onunla sərhədə gəlirlər.

-Yolda baxdım ki, onun da bənizi qaçıb.
Sən demə, o da gizlənirmiş.Şeytan körpüsündən özünü çaya atan yoldaşına Əmirəli də qoşulur.Sərhədi keçməyə müvəffəq olurlar.
Əsgərlər bu tayda onlara pal-paltar verirlər.Gəlirlər Ləmkərana, iki ay orada qalıb, Gəncəyə yollanırlar.
Bu tayda təhsil də alır, ev-eşikli də olur, amma böyük mənada götürəndə Vətənsiz olur Lahrudi.

Haşiyə: Əlbəttə, bura da vətəndir güneylilər üçün.Ancaq oradan bura pənah gətirənlər iki arada, bir dərədə qalmışdılar.”Bu gün gedirəm, sabah dönürəm” hissi ilə yaşamaq elə “vətənsizlik tərifi” -nin bir göstəricisi deyil, bəs nədir?!

İllər ötdükcə Lahrudinin də arzuları öləziyir, ülvi istəkləri şampun köpüyü kimi göyə sovrulurdu.Quzeydı ilk siyasi fəaliyyətini ADF-nin Ağdam və Quba təşkilatında davam etdirir.

46 yaşında ailə qurur ki, “daha dönəsi olmadıq”
Lahrudi 1960-68-ci illərdə Almaniyanın Leypsiq şəhərində yerləşən partiyanın mərkəzində işləyib.Artıq Hizbi Tudeyi İran ilə Demokratik Firqə birləşmişdi. Lahrudi “Azərbaycan” jurnalının redaktoru kimi də fəaliyyət göstərib. Biz uşaq ikən onun “Mühacir” qəzetində silsilə yazılarının çıxdığını xatırlayıram. “21 Azər Hərəkatı” – nın bütün incəliklərini, təfərrüatını ən çox Lahrudidən öyrənmişik.

Lahrudi 1979-cu il İslam inqilabına kimi də bənzərsiz, qənirsiz fəaliyyət göstərib.Ərdəbildə, Sərabda, Miyanədə, Zəncanda, Əhərdə kitab mağazalarında Demokratik Firqənin işini aparan, guya alış-verişlə məşğul olan satıcı dəstələri vardı.Onlara koordinatları verir, himayədarlığını edirdi.Çünki Bakıda oturub xariclə əlaqələr quran, bir neçə il Almaniyada yaşayan Əmirəlinin bu mənada imkanları böyük idi. Ancaq 1979- cu il inqilabından sonra bu əlaqələri itdi. Bu münasibətlər itdi, əvəzində başqa imkanlar yarandı. Artıq İrana qayıtmaq yasağı aradan götürüldü, bir çox fədailər üçün Təbrizi görmək həsrəti gerçəyə çevrildi.Bu münasibətlə
Ə. Lahrudinin rəhmətlik Heydər Əliyevə məktubu da var:
ADF MK sədri Əmirəli Lahrudinin Azərbaycan Sovet MK-nin Birinci katibi Heydər Əliyev yoldaşa:

“İndi Vətənə qayıtmaq ərəfəsində 30 illik mühacirət dövrünə nəzər salarkən görürük ki, qan qardaşlarımız Sovet Azərbaycanının bizə bəslədiyi məhəbbət və göstərdikləri qayğı sayəsində yüksək ixtisaslı neft ustaları, mühəndislər, həkimlər, aqronomlar, müəllimlər və alimlərimiz var.
Hörmətli Əliyev yoldaş, biz uzun müddət ərzində Sizinlə kəsdiyimiz duz-çörək kəsmək deyimini unutmayacağıq!…

Mərhum Heydər Əliyev ADF- nin fəaliyyətini davam etdirməsində misilsiz rol oynayıb. O, fədailəri tək-tək tanıyır, bircə-bircə qayğıları ilə maraqlanırdı.
Qulam Yəhya, M.Muciri, L.Ərdəbilian, Q.Rəhmani, S.Əfmiyyət, Q.Xəyyami və başqa siyasilər
Heydər Əliyevin qəbulunda olub, dönə-dönə ADF-nin fəaliyyəti haqda məlumatlar veriblər. Hətta 1974-cü ildə İsgəndəri qəti surətdə ADF-nin ləğv olunmasını istəyəndə Heydər Əliyev ona etiraz edib, Komitənin fəaliyyətini saxlamaq üçün əlindən gələni əsirgəməyib.

Haşiyə: Atam danışardı ki, Nizami metrosu tərəfdə bizim komitənin ofisi vardı.70-ci illərdə nənəmlə atam da orada olurdular.Uşaq ikən eşitmişdim ki, deyəsən, İntizar xalagil tez-tez gedərdilər.
İntizar Bamizər-rəhmətlik Məmili dayının (Göyçaydakı ailə dostumuz, həmşəri Məhəmmədəli Bamizərin qızı) olumuşdu həmin məclisdə. Atam deyirdi ki, xanəndə Rübabə Muradova (İşraqi) da bizimlə idi.Hamı bir-birini tanıyır, cənub ləhcəsində məhrəm ab-havada şairanə, dostanə söhbətlər edilirdi.
Atamın dilindən:
“Rübabənin xətrini bütün həmşərilər çox istəyirdi.Mənim 23-24 yaşım olardı.
(Çox güman 1974-75-ci illər) Məclisdə Rübabə də bizimlə araq vururdu, bu, bizə çox qəribə gəlmişdi”

Daha sonra böyük bibimin oğlu Aydın qızına Rübabə adını verdi, könlümüzün rübabı kimidir Rübabə Muradova (İşraqi)

Qəhrəmanımızın isə rübabla işi yox idi.Qələmi əlində idi, yazırdı, redaktorluq edirdi.Əlindəki qıllnc çoxdan yerini qələmə vermişdi.
Vaxt çatdl, vədə yetişdi…Əmirəli Lahrudi ömrünün 90-cı qışında vida dedi bu həyata- 2014-cü ilin dekabrın-5 də Bakıda dünyasını dəyişən fədaimizin ruhuna sayğılarımı çatdırarkən, onu da deyim ki:
Lahrudinin həyat və fədailiyi həmişə dəyər görüb. Professor Solmaz Tohidi-Rüstəmova onu Azərbaycan tarixi üçün fenomenal hadisə sayıb.
Biz də sayaq, sonda fədainin özündən sitat gətirək:

“21 Azər Hərəkatı” bizim üçün dərs və dadlı-tamlı bir nemətdir.Hərəkatımız az da olsa niyyətinə çatdı, bizə şanlı tarix, həm də acılı-şirinli xatirəlır qoyub getdi”

(Məqaləmdə Akademik Rafael Hüseynovun, Professor Solmaz Tohidi-Rüstəmovanın və yazıçı Elmira Axundovanın faktlarına, habelə atam
Asif İsmayılzadədən eşitdiyim söhbətlərə istinad etmişəm)
25 may 2024

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru