Turan Uğur – Öncə söz vardı…

Öncə söz vardı… (16)

HƏSƏN SEYİDBƏYLİ – yazıçı, kinodramaturq, kinorejissor

(Bu rubrika sözü qutsal sayan ədiblərimizə həsr olunur.
25 iyun – Həsən Seyidbəylinin vəfat gününə ithafən!)

YAXIN SAHİLLƏRİN ADAMI – HƏSƏN SEYİDBƏYLİ

Adriatik dənizinin sahillərini deyə bilmərəm, amma Xəzərin ətrafına sakitlik çöküb.Nə fırtına var, nə qasırğa, heç rüzgar da əsmir.Zənnimcə, buna görə də yazımı yaxın sahillərdən, buralardan başlasam pis olmaz.Bəs “Uzaq sahillərdə” ki qəhrəmanımızı -ədəbiyyatdakı Mehdi Hüseynzadəni yaradan yazıçı Həsən Seyidbəylinin ömür çəhlimini harada aramalı, uzaq sahillərdəmi?
-Ortaboylu, qarabuğdayı, çənəsi çuxurlu…Bu əlamətlər Mehdiyə aiddir, Həsən müəllimə yox.Seyidbəyli deyəndə isə nədənsə dünyanın peyğəmbər kişiləri, imam övladları, ağır-batman, lakin yuxaürəkli, nurlu insanların toplusu gəlir insanın göz önünə.Həsən müəllim bəybura görkəmi ilə necə yaddaşlara hopubsa, elə bilirsən, azman bir şəxsiyyət kimi bu saat otağa girsə, qapıdan keçməz.Halbuki, o qədər cüssəli, o qədər nəhəng olmayıb.Görünür, insanı təkcə zahiri görkəmi deyil, həm də incə qəlbi, azad düşüncəsi böyüdür.Böyüməyə gəlincə hələ bunun üçün doğulmaq lazımdır.
Həsən Seyidbəyli 1920 – ci ilin dekabrın 22-də Bakıda dünyaya göz açıb.Tay-tuşları kimi yeniyetməliyi, gəncliyi çətin illərə tuş gəlib.Savaş alovunun içində bir də qardaşı Kamildən hər gün dinlədiyi süjetli nağılların hənirtisi vardı.Ağabəyi Kamilin bəzən uydurduğu nağıl motivləri gələcəyin yazıçısına sonsuz sirli aləmlər bəxş edib.Balaca Həsənin ədəbiyyata və kinoya vurğunluğu bu nağılvari dünyanın təşnəsi olduğunu üzə çıxardı.Ona görə məktəb illərindən cızma-qara edir, adda – budda şeirlər də yazırdı.Kiçik ədəbi etüdlərini isə Moskvada oxuduğu illərdə təcrübədən keçirir.Müharibənin qaynar çağlarında faşistlər Moskvanı mühasirəyə aldığı zaman tələbə yoldaşları ilə institutun damında keşik çəkən Həsən idi.Günlərin birində…
Günlərin birində həyat yazıçının üzünə xəfif bir təbəssüm edir.Bu, o illər idi ki, “Kənd həkimi” povesti, “Qiymətli damcılar” hekayələr kitabı yazıçını geniş publikaya tanıtdırdı.Yazıçı İmran Qasımovla müştərək yazdığı “Uzaq sahillərdə” povesti sadə dildə yazılmış, Mehdi Hüseynzadə kimi rəşadətli yurddaşımızın şöhrətinə tumar çəkmişdi.
Yazıçının “Yol qeydləri” konkret səyahətləridir.Ata tərəfdən nardaranlı, ana tərəfdən maştağalı olan Həsənin uşaq çağında Türkana, Zığa ilk səyahətləri sonralar dünyanın dörd yanına qədər uzandı.O vaxt Dənizkənarı park belə deyildi, qayalıqlar, daşlıqlar şəhəri büsbütün tutmuşdu.Xanımlar dəstə-dəstə bura gələr xalça-palaz yuyarmışlar.Bakını ovcunun içi kimi əzbər bilirdi Həsən müəllim.İnsan sərraflığı da bundan irəli gəlirdi, axı daş-qayanı, çayı-dənizi tanımaq insana yol açır.Rejissorluğu üçün çox karına gələcəkdi bu cəhəti.
Kim də bilməsə Bakı əhli yaxşı bilir, buralarda insan saflığının dənizlə müqayisəsi təzə söhbət deyildi.Seyidbəylinin “Tərsanə” romanı da bu leytmotiv üzərində qurulub.Bir də ki, tərsanədə gəmi mühəndisi işləyən, çocuqluqdan özünü tərsanəylə bağlayan Ələsgər Adalını o qədər təbii verib ki, adam gerçək həyatda yolun ağına düşüb bu insanı aramaq istəyir.Soruşmaq istəyir ki, səni oğulluğa götürən kişinin adı nə idi?
-Gərək ki, Qəzənfər.Gərçi bu obrazı unutmamışamsa, halal olsun onun kimi halal adama ki, halal adam böyüdüb.
-Bəs “Telefonçu qız”? Lətif duyğuların qəlbini çulğadığı bir Mehriban var.Məsumiyyət heykəli – adı da Mehriban, özü də.
Həsən müəllim əsl həyat adamı idi.Yumoru xəfif, zəkası iti, danışığı səlis, yazısı səhmanlı, əlləri yatımlı.Əlləri boş yerə qabartmadım ki…Yaxşı bilyard oynamağı, ov etməyi varmış yazıçının.Comərdliyi və mərdliyi isə tamam başqaymış.Əla üzgüçü olan qəhrəmanımız gəncliyində dənizdə batan 2 qızı xilas edibmiş.Ancaq nə fayda?!
“Cəbhədən cəbhəyə” romanında Güldəstənin həyatının xilaskarına çevrilə bilmədi.
Savaş nədir – ölümdür, zillətdir.Taleyinə yazıla, cəbhəyə yollanasan, yaralanıb geriyə dönəsən başqa cəbhədə vuruşasan.
Detektiv əsərdir “Cəbhədən cəbhəyə”.Bu kitab əlbəəl gəzərdi uşaqlığımızda.Roman Teymurun İçərişəhərdə başına gələn olayın təsviri ilə başlayır.Hansısa dalanda cinayətkarlar küt alətlə onun başından vururlar.Bütün düyünlərin tən ortasında dayanan Güldəstə obrazını da xatırlayıram.
Bir də onu duymuşam ki, həyatda həlim, yumoru sevən Seyidbəyli əsl məclis adamı idi.Yazıçılar İmran Qasımovla, Çingiz Hüseynovla, rəssamlar Məmməd Hüseynovla, Elbəy Rzaquliyevlə, bəstəkar Tofiq Quliyevlə möhkəm dost olublar.
Son illərində yazıb-yaratmağa “Şəkər xanım” icazə vermirdi.Sağlığına qənim kəsilən şəkər xəstəliyini nəzərdə tutub dilxoşluq üçün belə deyərmiş.49-50 yaşında ikən tutulduğu xəstəliyi ilə razılaşmışdı ədib.Peşəsi həkim olan ömür-gün yoldaşı Süsən xanım onun dərdinə çarə qıla bilmir.Neyləyəsən ki, həkim xanımlar hakim əcəllər qarşısında naçar olurlar.Ziyanın, Mehdinin, Məryəmin atasına isə hər şey yaraşardı, ölümdən savayı.Hələ bu ölüm ədibi 59 yaşda yaxalayacaqdısa, o zaman əldən bir şey gəlməz!
Seyidbəyli demək Bakı deməkdir. “Becid gəl”, “becid ol” ifadələridir, ölçüyə əndazə, duzqabıya nəməkdan, darmadığına dərbədağın deməkdir.Seyidbəyli demək seyidlik, bəylikdir, bütünləşmiş və bütləşmiş Bakı obrazıdır.Siz ona yaxın sahillərin adamı deyin, görün necə bəxtiyar olacaq sevgili yazıçımız! Yaxın sahillərin adamı- Həsən Seyidbəyli, sizi uzaq sahillərdə axtardığım üçün məni məzur görün.
Yazım əsnasında içimdəki mehribanlığı oyada bildim.Yalnız xoş duyğular sarıdı qəlbimi.Sığallı sözlərimin qulaq pərdəsində toxuduğu naxışlı ilməsi qaldı, xəyal yox, gerçək kimi gördüyüm bir sevgili yarın yarınlara uzanan müjdəsi qaldı.Seyidbəyli əsmasından məhrəm cizgilər, məlhəm duyğular qaldı.
Ahhhha, mürgüdən oyanan var.İçimdəki Mehribanın sədası gəlir.Bu saat mənə deyir:
-Danışın, hazırdır…Danışın! Danışın, hazırdır…Danışın!
Bakı

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir