Etiket arxivi: Turan Uğur

Turan Uğur – Öncə söz vardı…

Öncə söz vardı… (9)

Mirzə Zeynalabdin Əbülrəzzaq Nəşə – şair

Adı Zeynalabdin, təxəllüsü Nəşə olan Azərbaycan şairi Nəşə Nadir şahın dövründə yaşayıb, ancaq heyif ki, “Nadiri taxtda görüb, Şah Abbası qundaqda” deyimini ürəklə işlədə bilmirəm.Çünki şairimizin doğum-ölüm tarixinə aşina deyiləm.
-Bəs künyəsi nə olub Zeynalabdinin?
-Əbülrəzzaq

Qeyd: Künyə- ərəb dilində “əbü”, “ibn”, “ümm” sözləri başlanan ləqəbə deyilir.Məsələn, İbni-Xəldun, Əbülqasim, Ümmi-Hüssam və.s

Qaraqoyunlular sülaləsinə mənsub olan Nəşə məşhur hökmdar Cahanşah Türkmanın övladlarındandır. Bir çox dünyəvi elmləri mənimsəyən şair təhsilini İsfahanda başa vurub.Müxtəlif şəhərlərdə məskən salıb, ancaq ömrünün son illərini Təbrizdə keçirib.

Budur, gözəlim Təbriz!
Budur, əzəlim Təbriz!
Şeir, sənət təşnəsi,
Pir dədələr guşəsi.
Təbriz baba yurdudu,
Bir döyüşən ordudu.
Çox öymürəm, səni mən.
Qorxuram ki, yenidən.
Nəhs baxışlar izləyər,
Sən gözələ göz dəyər.
Gözlər görmək üçündür,
Yollar varmaq üçündür.
Hər varılan yol olmur,
Hər bəndədən qul olmur.
Əminəm ki, haçansa,
Bircə fürsət bulunsa,
Ömür sandığım çiçək
Təbrizimdə bitəcək.

(T.Uğur-Gözəlim Təbriz!)

Təkcə Azərbaycan ədəbi cameəsində yox, İranda, Hindistanda da xeyli nüfuz qazanan Nəşənin iki min beytlik külliyatı dəfələrlə nəşr olunub.Nəşənin farsca şeirləri ilə yanaşı, doğma türk dilimizdə də rəvan qəzəlləri bulunur.

Deyil qəm, gər tənəzzül etmişəm, zahirdə rüfətdən,
Yerə düşsə hüma gər övcdən, düşməz səadətdən.

Əgər ülfət görə səyyaddən, seyd eyləməz vəhşət,
Könül etməz cüdalıq, gər məhəbbət görsə möhnətdən.

Əqiqin Nəşə olmaz təşnələb, sirab suyundan,
Yetişməz feyzi-əskik, kimsəyə ərbabi-dövlətdən.

Nəşə haqqında müfəssəl bioqrafiyanın olmaması, onun irsinin azlığını göstərmir.
Fikrimcə, bunun başqa bir səbəbi var.Orta əsrlərdə Azərbaycanın təzkirəçiləri demək olar ki çox az olub.
Haşiyə: Dostlar, hər dəfə təzkirə sözünü vurğulayıram, amma mənasını yazmıram.
Təzkirə-yəni şairlərin qısa tərcümeyi-halı və əsərlərindən nümunələr verilən ədəbi əsərlərə deyilir.Ərəbcədir, ilk dediyim mənasından əlavə 8 mənada işlənir.

1) kiçik vərəqə
2) rəsmi yazı
3) bilet
4) icazənamə
5) pasport
6) xatirat
7) tərcümeyi-hal
8) tarix

Yazmışıq, yaratmışıq, amma onları səliqəli şəkildə birikdirmək, yarınlara çatdırmaq niyyətimiz olmayıb.Bu, əslində, özünə arxayınlıq hissinin verdiyi psixoloji bir haldır. “Necə olsa, dürlü-dürlü qəzəlxanlar, şairlər ərməğan edərəm” sayaq düşüncə tərzinin nümunəsidir. Amma yazı-pozu adamlarımız bir vacib nüansı gözardına vurublar. Yazılan tarixdir, danışılanlar rəvayət.
Böyük Oljas Süleymenovun bir şüarını xatırlayaq:
“Nəyin bahasına olursa-olsun, durmadan, dayanmadan yazmaq!”
Məncə, yazmağın başqa bir missiyası da var.Tarixi yazmaq həm də tarixə tanıq olmağın və bizə əta edilən ömrə cavabdehlik daşımağın möhürlü-ştamplı təsdiqidir.
Əgər keçmiş bir zamanda hansısa şəxs haqqında nəsə deyilsə, “rəvayətdir”-deyib keçmək olar.
Gəl, isbatını elə!
Lakin yazılı mənbəni, məxəzi göstərsən, bu, olur fakt.Məşhur əsərdə deyildiyi kimi:
“Faktlar yaman tərs şeydir”, hətta o qədər tərsdir ki, tərs-avand, qondarma, uydurma nağılların da əyri qəddini düzəldə bilir.

Haşiyə: Xatırladım ki, bir vaxt bədnam qonşularımız Ağadədə məzarlığında Həsən, Hüseyn, Əli adlarını tərsinə oxumaqla köhnə yazılarını tapdıqlarını aləmə car çəkmişdilər, hətta köklərini qədim Urartuya calamışdılar da, hərçənd həmişə calaq vurmaq effektli alınmır.
O vaxt nüfuzlu sovet akademiki B.Piotrovski cavablarını vermişdi:
“Özünüzü rüsvay eləməyin!” -deyə Akademiyalarına açıq məktub da yazmışdı.
O ki qaldı qəddin əyilməsinə – qozbelə, onu da qəbir düzəldir.Axı hər qozbel də Kvazimodo ola bilmir!
Bəlkə Kvazimodo olmaq heç kimə sərf eləmir?!

(Məqaləmdə Salman Mümtazın faktlarına, habelə şəxsi mülahizələrimə istinad etmişəm)
22 may 2024

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Turan Uğur – Fədailərimizi tanıyaq! 

Fədailərimizi tanıyaq! (8)

QAFAR KƏNDLİ HERİSÇİ
İnqilabçı, Xaqanişünas-alim, “21 Azər hərəkatı” medalına layiq görülən fədai, filologiya elmləri doktoru, professor

(Bu rubrikanı babam İsmayıl Paydarın timsalında bütün güneylilərimizə ithaf edirəm)ýňň

Qafar Kəndli Herisçi 1923-cü ildə Təbrizdə doğulub. Adlı-sanlı Herisçi nəslindəndir.Herisçilər Təbrizdə qədim xalçaçı nəsli sayılırdı.

Haşiyə: Qafar müəllimin oğlu yazıçı Həmid Herisçi bəndənizlə söhbət əsnasında babalarının Güney Qaradağından gəldiyini vurğulayıb.

Qafargil yeddi qardaş, yeddi bacı olublar.Qardaşı İbrahim Herisçi də inqilabın fəallarından sayılırdı.Qafar müəllim Tehran hökumətinin izini azdırmaq üçün özünə “Kəndli” təxəllüsünü götürüb.

Qeyd: Ümumiyyətlə, fədailər arasında belə təxəllüslər çox idi.Özlərinə ən ağlasığmaz adlar götürürdülər ki, ünvanları məchul qalsın.

İnqilabçılar sırasında “Yoldaş Kəndli” kimi tanınırdı.
Həmid bəy söhbət zamanı atasının
“21 Azər hərəkatının” həmmüəlliflərindən olduğunu bildirir.Zatən bunu S.C.Pişəvərinin Qafar müəllimə olan məktub və dəvətnamələrindən də sezirik.
Pişəvərinin Qafar Kəndliyə təqdim etdiyi sənəddə yazılıb:
“Get Əhərə, orada inqilab elə!”
Əhər inqilab üçün ən çətin yer sayılırdı.Camaatı ipə-sapa yatmırdı. Qafar Kəndli at belində Əhərə Seyid Cəfərin əmrlərini yerinə yetirməyə yollanır.Ordakı inqilabi hərəkata töhfə verir, sonra Zəncanda da döyüşür.Milli hökumət Şiri-Xurşid zalında elan olunanda rəsmi dəvətnamə ilə dəvət olunanlar sırasında Qafar Kəndli Herisçi də vardı.

S.C.Pişəvərinin məktubundan:

“Ağayi-Qafar Kəndli, Sizə Mərkəzi Komitə tərəfindən məmuriyyət verilir ki, Əhərə gedəsiniz, orada Vilayət Komitəsinin köməkliyi ilə Mərkəzi Komitənin nümayəndəsi vəzifəsini icra edəsiniz.

Mərkəzi Komitənin sədri, S.C.Pişəvəri.
Təşkilat şöbəsindən-Dehqani.”

Demokratik Firqə süquta uğrayandan sonra
Quzey Azərbaycana pənah gətirən Herisçi Pişəvərinin silahdaşı kimi döyüşmək niyyətindən dönmür.

Həmid Herisçinin söhbətlərindən:
“Sən ki bunları yaxşı bilirsən, Turan. O vaxt fədailər pərakəndə halda, çox bərbad vəziyyətdə gəlmişdilər.Atam pərakəndəliyi aradan qaldırdı.Fədailərin bu taya keçməsində çox böyük rol oynadı.Ondan sonra güneylilərə münasibət dəyişdi.Elə Azərbaycan Demokratik Firqəsinin İran Xalq Partiyası “Tudə” ilə birləşməyi də atamın adı ilə bağlıdır”

Turan Uğur:
Bildiyimə görə, atanızın 1979-cu il İslam inqilabına da töhfəsi olub.

H.Herisçi: Bəli, onun ssenarisini yazanlardan biri idi.

T. Uğur: Həmid ağa, dostumuz telejurnalist Günay Arda da o taydandır ha, bizimkilərdəndir- Kəleybərdəndi.

H.Herisçi: Sənə mən bir söz deyim? Bildim hansı Günayı deyirsən, onun babasıgil olan yer Kəleybər bilirsən necə yerdi? İndi də mal-qara ilə yatıb, mal-qara ilə dururlar.Mən ciddi deyirəm…

Məni gülmək tutur.Elə Həmid bəyin də üzündə təbəssüm yaranır.

T.Uğur: Elə deməyin, Həmid ağa, xətrini çox istəyirəm Günayın.Həmid ağa, aləm bir-birinə dəysə də nəsə Təbriz sakit görünür, hələ təmkinini pozmur.

H.Herisçi:
Görünür, Təbriz ağayanalığın qoruyur.Görünür, gözləyir onun qapısını döysünlər, onu da ki, döymürlər.

Ancaq Qafar müəllim quzey Azərbaycanın qapısını ürəklə döymüşdü. Burada fəaliyyətini inqilabi müstəvidən elmi müstəviyə məharətlə köçürə bilir.
1969-71-ci illərdə Respublika Əlyazmalar İnstitunun yoxlanılmasında fəal iştirak edib.3200-ə qədər əlyazmanı oxuyub, onları kotoloqlaşdırıb.1973-80-ci illərdə Qafar Kəndli “Zərdüşt, Avesta və Azərbaycan”, “Nəsrəddin Tusi və Azərbaycan” kimi mövzularda 27 məqalə yazıb.Onların bir çoxu xaricdə də dərc olunub.
Tezliklə Xaqanişünas-alim kimi şöhrət qazanır.Nizami adına Ədəbiyyat İnstitunun aspiranturasını bitirir.1980-ci ildən ömrünün sonuna kimi həmin institutda “Qədim dövr Azərbaycan Ədəbiyyatı” şöbəsinin müdiri vəzifəsində çalışır.
“Xaqani Şirvani: həyatı, dövrü, mühiti” adlı fundamental əsərin “Xaqani Şirvaninin münşəatı” elmi məqaləsinin müəllifidir.

Qeyd:
Münşəat-ərəbcədir, “münşi” nin cəmidir.
1) yazıçının yaratdığı əsərlər;
2) məktublar;
3) idarələr, müəssisələr

Xaqaninin “Töhfətül-İraqeyn” əsərinin elmi-tənqidi mətnini çapa hazırlayan da məhz professor Qafar Kəndli Herisçi olub.
Qafar müəllim dostu, silahdaşı Seyid Cəfər Pişəvərinin ölümündən 50 il sonra-1997-ci ildə,
dünyasını dəyişir.
Qafar müəllimin ən böyük arzusu son dəfə Təbrizi görmək idi.Yazıçı, ədəbiyyatşünas Mir Cəlal da alimin ən yaxın dostlarından idi.Mir Cəlal müəllimin vaxtilə Qafar Herisçiyə verdiyi “50 illik yubiley dəvətnaməsi” bu dostluğa nişanə, həm də nümunədir.
Lap fədailərimizin nümunəvi həyatları, fədakar ömürləri kimi…

Sayğılarla!

20 may 2024

(Yazımda ruhunu minnətdar hisslərlə andığımız inqilabçı Qafar Kəndli Herisçinin oğlu, yazıçı
Həmid Herisçinin bəndənizə danışdığı faktlara, habelə yazdığım şəxsi gündəliklərimə istinad etmişəm)

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Turan Uğur – Öncə söz vardı…

Öncə söz vardı… (8)

Mirzə Nəsrulla bəy Didə – şair, müəllim

(Bu rubrikanı sözü qutsal sayan şairlərimizə həsr edirəm)
Adı Nəsrulla, soyadı Qurbanbəyov, Didə təxəllüsü ilə yazan şair Şamaxıda doğulub.18-ci əsrin son ucunda, tarixi də var, amma yazmıram, çünki səhih deyil.

-Nə üçün “Didə?”
-“Didə” farsca göz mənasını verir.
Gerçəkdən də şairlər haqqın görən gözləridirlər, yəni belə olması lazım, amma zamanımızda haqqın yox, nahaqqın görməyən gözləri olublar.Xülasə, “göz” duracağında saxlayıb, keçək ulu sözümüzə.
Didənin atası Qurban bəy Ağası xanın oğlu Mustafa xanın münşisi və dəbiri olub.
Qeyd: Dəbir-ərəbcə:
1) katib, yazıçı;
2) hesabdar, mühasib;
3) müəllim;
4) maliyyə işlərini idarə edən məmur.
Didənin həyatına diqqətlə baxanda sezmək mümkündür ki, Qurban bəyin bu sahələrin hər birinə vaqif adam olub. Nəsrulladan böyük qardaşının adı Əsədulla idi. Mustafa xan Qurban bəyin ölümündən sonra dostunun hər iki oğlunu Təbrizə oxumağa göndərib.Təhsil xərclərini də öz üzrərinə götürmək şərti ilə…Elm və təcrübə qazandıqdan sonra Şamaxıya geri dönən qardaşları Mustafa xan mirzə təyin eləyir.O gündən etibarən, şair Didə Mirzə Nəsrulla bəy adı ilə tanınır. Ömür boyu mirzəlik və məktəbdarlıq eləyən şairin dolanışığı heç də bəyzadə dolanışığı olmayıb:

Niyə yarəb məni xəlq elədin acü fəqir,
Niyə yarəb məni xəlq elədin müflisi-mal.

Haşiyə: Araşdırma zamanı görürsən ki, o çağlarda uşaqlarını oxutduran atalar
(onların sayı az idi) müəllim haqqını ayda 15-20 qəpik verirdilər. Bəzi valideynlər isə övladlarını 5-6 ay oxtdurub, sonra pul verməsinlər deyə məktəbdən çıxardırdılar.Didə isə onlarla xoşrəftar olur, şagirdləri təhsilə təşfiq edirdi.Haqqın yanında idi, nahaqqın qarşısında.
Didə bütün şeirlərində xəsis, alçaq adamları məzəmmət eləməkdə mahir idi.

Sən yeyirsən həmədəm neməti-əlvanü lətif,
O baxır ac qalıb qüssə yeyir ruzü lial.

Didənin həmin dövrün başqa şairlərindən fərqi o idi ki, onun əsərlərində badə, şərab, saqi və.s kimi rəmzlərə nişanə yoxdu.Qəsidələri olduqca manidar və rəvandır.
Salman Mümtaz onun mərsiyələrinin də olduğunu vurğulayır, hərçənd onları əhəmiyyətsiz adlandırır.

Haşiyə: Mümtazı tam başa düşürəm, sovet hökumətinin idbar vaxtlarında bu yazını qələmə alan araşdırmaçının başqa əlacımı vardı?!
Ya deməli idi ki, Didənin mərsiyələri olmayıb, ki, kişi qalaq-qalaq mərsiyə yazıb.Necə inkar edəsən?!
Yaxud da onları o qədər önəmli saymadığını vurğulamalı idi ki, təqiblərdən yan keçə bilsin.Birincisinin ağ yalan olacağına görə, fədakar araşdırmaçımız ikinci varianta üstünlük verib.
Hələ tutatutların pik vaxtına 10-11 il qalsa da, artıq repressiya maşınının acı rüzgarı qulaqlarda vıyıldayırdı.Mümtaz bu vıyıltını gözəl eşidir, məqaləsinin nəşri naminə mərsiyələrə köhnəlik libasını biçməli olurdu.
Didə Q.Zakirin, Bahar Şirvaninin, Binamın müasiri olmaqla Seyid Əzimə, M.Ə.Sabirə də təsirsiz ötüşməyib.Təxminən 80 yaşında, payız fəslində, şaban ayının 10-cu günündə dünyasını dəyişib.
Lap dəqiq deyim:
Günortadan 3 saat keçmiş keçinib, amma irsi keçib-getməyib.
Bir payız fəslində, hicri 1287-ci tarixində Didə şəxsiyyəti üçün təkcə Şamaxılılar deyil, həm də bütün məmləkətimiz gözü yaşlı qalacaqdı.Şair Didə üçün elə didəsi-giryan qalmaq da bir, bir fəzilət, bir ərdəm deyilmi, əcəba?!

(Yazımda Salman Mümtazın faktlarına istinad etməklə yanaşı, şəxsi mülahizələrimə də yer vermişəm)

19 may 2024

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Turan Uğur – Fədailərimizi tanıyaq!

Fədailərimizi tanıyaq! (7)

Əli Xəyyami (Xəyyam kişi) -fədai-inqilabçı.

(Bu rubrikanı babam İsmayıl Paydarın timsalında güneylilərimizin ruhuna ithaf edirəm)

Xəyyam-Adının bir mənası çadır qurandır, ancaq çadırçı yox, inqilabçı olmaq yazılmışdı taleyinə.Xəyyam əmi Göyçayda bizim yaxın qonşumuz idi. Həmşərimiz, həm də qonşumuz Xəyyam kişidən atam ağızdolusu danışardı.Atam onun hər 3 oğlu ilə dost olub.Xəyyam kişinin oğlanlarının adı-böyük oğlu Ərjəng, ortancıl Öyrəng və kiçiyi Fərhəng idi.
Mən uşaq olanda soruşdum ki:
-Ata, bu nə qəribə adlardır belə?
Atam dedi ki:

  • Farslarda hərbi rütbə adlarını bildirir.
    Atam ən çox Quşi əmi ilə
    (dostları Ərjəngə Quşi deyirdilər) dostluq edərdi.Quşi əmi stomatoloq idi.Azman bir görünüşü vardı. Tez-tez bizdə olardı, qucağına götürərdi məni, oynadardı, baxmayaraq ki, uşaq ikən ondan çox qorxardıq.Onu da deyim ki, o cüssədə, o yekəlikdə adamda uşaq kövrəkliyi vardı.Kiçik oğlu Fərhəng əmi ilə də yaxın idik.Xəyyam kişinin oğlanlarının hamısı savadlı və mütaliəli idilər.Fərhəng əmi sonralar Bakıda çox toylarda tamadalıq edərdi.Bəlağətli danışığı və şeirbazlığı ilə seçilərdi.
    Atamdan soruşanda ki, o taydan gələnlər Göyçayın yolunu necə tapıblar? Doğrudan, da elə götürək bizim ailəni:
    Bizim Göyçayda heç kimimiz olmayıb axı…
    İsmayıl babam Göyçaya gəlməsəydi bizim nəsil Göyçayı necə tapacaqdı? Atam dedi ki:
    -O vaxt 2 saat vaxt veriblər, kimi canın götürüb keçib, kimisi qalıb orada- asılıb, kəsilib, sürgün edilib.Quzeydə əsasən Bakıya gəlsələr də, sonra bölgələrə paylaşdırılıblar.Gəncəyə, Samuxa, Astaraya, Lənkərana, Ucara, Göyçaya və.s.Göyçaya gələnlərin başında Xəyyam kişi dayanıb.Cəsur, bilikli, müdrik kişi imiş.Ətrafındakılar deyiblər:
    -Əgər Pişəvəri ordusunun fəalı Xəyyam Göyçayı seçibsə, demək nəsə bilir və böyük bir dəstə onun ardınca düşərək gəlib Göyçaya.Bizim küçə Göyçayın düz mərkəzində yerləşir-keçmiş Kommunist küçəsi, indiki M.Ə.Rəsulzadə küçəsi.Canguflar, Xəyyamilər, Paydarlar, Novruzilər, Bamizərlər, Bayramilər, Kərimilər və.s Göyçayın tanınmış həmşəri ailələridir.
    Atamın ən çox dostanə xatirələri rəhmətlik Quşi əmi ilə olub: Soçidə, Kislovodskda başlarına gələn macəralarından, yerli uşaqlarla etdikləri davalarından ara-sıra danışardı.
    Xəyyam kişinin oğlu Quşinin həm də gözəl xörək hazırlama qabiliyyəti vardı.Həmşəri plovunu, müsəmma və daşma plovu bişirməkdə mahir idi. Xəyyam kişini görməsəm də, onun oğlanlarının
    3-ünü də-Ərjəng əmini də, Öyrəng əmini də, Fərhəng əmini də görmüşəm.Onlardan təkcə Öyrəng əmi sağdır və uzun müddət Göyçayda tarix müəllimi kimi işlədi, qardaşları isə vəfat edib.
    Atamın xatirələrinə görə fədai ordusunun ən fəal üzvlərindən idi-Xəyyam kişi.Duzlu-məzəli söhbətlər edər, gözəl şeirlər də söyləyərmiş.Ümumiyyətlə, həmşərilər poeziyaya vurğun kimi tanınar, söhbətləri də şairanə ab-havada olardı.
    Yenə atamdan eşitdiyim bir fikir lap yerinə düşür:
    “O nə həmşəridir ki, plov yeməyin, şeir deməyin xəstəsi olmasın?!” Əlavə də edərdi:
    -Həmşəri 3 şeydən tanınar:
    1 plov yeməyindən;
    2 şeir deməyindən;
    3 tərslik eləməyindən.
    -Görün, “Fədailərimizi tanıyaq!” rubrikasının Xəyyam əmiyə aid hissəsi bəndənizi haralara apardı?
  • Çocuqluğuma-yəni ki, əbədi vətənimə!


14 may 2024-cü il.
(Yazımda atam Asif İsmayılzadənin xatirələrinə, söhbətlərinə söykənmişəm.)

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Turan Uğur – Öncə söz vardı…

Öncə söz vardı…(7)

Mahmud Kaşğari-Türkologiyanın banisi

(Bu rubrikanı sözü qutsal sayan şairlərimizin ruhuna ithaf edirəm)

Masanın üstündə “Divani-lüğatit-türk” kitabı var. Mahmud Kaşğaridən söz düşür.Əkrəm Cəfər dillənir:
-Mahmud Kaşğari türkologiyanın banisidir.11-ci əsrin ortalarında Kaşğar elində yaşayıb-yaratmış böyük filosofdur.
Kaşğari öz dövrünün türk ellərini qarış-qarış gəzib, Çindən Ruma qədər dolaşıb, türk xalqlarının dilini, folklorunu, etnoqrafiyasını ləhcə və şivələrini tədqiq edərək çox qiymətli elmi əsərlər yaradıb.
-Bəs Kaşğar eli haradadır?
-Kaşğar şərqi Türküstanda, yəni Çinin şimal-qərbində şəhərdir, həm də vilayətin adıdır.
Haşiyə: Bəzi mənbələrdə Kaşğar elinin Azıx kəndində (İndiki Özbəkistanda) bəzi mənbələrdə İsık-kul gölünün sahilində-Barskan şəhərində (indiki Qırğızıstanda) doğulub Mahmud Kaşğari.İstənilən halda Kaşğari uyğur türküdür.
Kaşğar dili də uyğur dilinin ən böyük dialektlərindəndir.
-Bəs uyğurlar kimdir?
-Türk xalqları 3 böyük qrupa bölünür:
1) Uyğur türkləri
2) Oğuz türkləri
3) Qıpçaq türkləri
Tarixdə ən qədim və ən mədəni uyğur xalqı olub.
5-6 əsrlərdən qalan yazı abidələri göstərir ki, oğuz və qıpçaq qismləri hələ köçəri halda ikən uyğurlar məşhur şəhərlərdə oturaq həyat keçirib, böyük sənət, geniş ticarət sahibi olublar.Uyğurların evində belə rəssamlıq sənəti çox inkişaf edibmiş.Təkcə divarları, tavanı deyil, döşəməni də gözəl rəsmlərlə bəzəmişlər.
Haşiyə: Uyğurların qədim türk qolu olduğu danılmazdır, necə ki, qıpçaqların daha müasir olması barədə mübahisə yoxdur.Ancaq biz oğuz türkləri haqqında bunu demək çətindir.Altay dil ailəsunin, türk dillərinin oğuz qolu olduqca qədimə dayanır.Qazax şairi Oljas Süleymenov
“Türklər tarixdən əvvəl” əsərində yazır:
Oljas Süleymenov:
“Məktəb illərindən bilirik ki, qaxax dili ən gənc dillərə aiddir. O, türk dilləri ailəsinin qıpçaq qrupuna daxildir.Hesab olunur ki, qıpçaq qrupu oğuz, karluq qrupundan sonra yaranıb, qədimdə özü haqqında yazılı məlumat qoymayıb.Orxon-Yenisey yazılarınln rəsmi tarixi isə bizim eranın 5-ci əsridir.Bu böyük abidələrin dili oğuz və karluq dillərinin normasını əks etdirir”
Görürsüzmü deməli oğuzların yazı mədəniyyəti olub və Oljas Süleymenov birinci Oğuzun sonra karluqun adını çəkir”
Süleymenovun “Az i Ya” əsərində də açıq şəkildə görürük:
“Dədəm Qorqud gəldi, şadlıq çaldı, boy boyladı, soy söylədi.Qazi ərənlər başına nə gəldiyini söylədi.-Qanı dediyim bəy ərənlər?
Dünya mənim deyənlər? Əcəl aldı, yer gizlədi, fani dünya kimə qaldı?
Bəlkə igid İspakın iç-oğuz ozanının bu söyləməsini Assuriyanın zeytun pöhrəliyində dinləyib.”
Əlbəttə, biz şərti olaraq dastanın tarixini 1300 il götürdük.Hər şeydən ziyadə Dədə Qorqud akademik Kamal Abdullanın təbiri ilə desək bir prinsipdir.O, həm özündən sonrakı epoxaya, həm də özündən əvvəlki dövrlərə işıq tutur.
Mən Kamal müəllimin bu fikrini çox bəyənir və sərrast şəkildə deyilmiş həqiqət sayıram.Məncə, sayğıdəyər akademikimiz dastanın reseptini dürüst yaza bilib.Çünki Dədə Qorqudda xeyli epizod var ki, onun rişələrini eradan əvvəlki dönəmdə aramaq lazım gəlir, nəinki 7-ci əsrdə.
Qayıdıram əsas mövzuya.
Hazırda 6 milyona qədər uyğur türkü Çində yaşayır.(Bu, 1965-ci ildə gedən statistikadır) Qazaxıstan və Özbəkistanda da uyğurlar var.
Mahmud Kaşğari öz məşhur əsərini ərəbcə yazıb.Bağdad xəlifəsi Müqtədiyə 1073-1074-cü illərdə təqdim edib.O zaman türk dili və ərəb dili yanaşı işlənirdi.Kaşğarinin bu kitabı türklərə ərəb, ərəblərə türk dilini öyrətmək rolunu oynayıb.
1939-cu ildə İstanbulda buraxılmış “Divani-lüğatit-türk” ün türkcəyə uyğunlaşdırmasını Besim Atalay edib.
-Bəs bu kitab necə üzə çıxıb?
-Dostlar, balaca bir araşdırma apardım.Sən demə, Kaşğarinin bu əsəri 900 il elm aləminə bəlli olmayıb.Əli Əmiri adlı türk kitabxanaçısı naməlum bir qadından bu kitabı alıb qoruyub, 1912-ci ildə Türkiyə Maarif Nazirliyinə təqdim edib.
-Sonra?
-Sonrası da corab söküyü kimi gəlib.Kilisli sadə bir müəllim- Rıfat adlı birisi əsəri 3 cildə bölərək 1915-ci ildə nəşr etdirib.Bu kitabın elm cameəsinə məlum olması türkologiya üçün bir səadətdir.”Səadət”- dedim, yeri gəlmişkən, “Kutadğu-biliq” (“Səadətnamə”) poemasında olan bir sıra düyünlər də “Divan” nın meydana çıxması ilə çözülüb. Bu gün bütün dünyada türkoloqların söykəndikləri ən mötəbər mənbə məhz “Divan” dır.
Kaşğari həm də hərbçi olub.Dilçilik elmində ən böyük alimlərin tədqiqat üsullarının əsasını o verib.Bu çağacan müqayisəli dilçilik elminin yaradılması 19-cu əsrdə alman alimlərinə isnad verilirdi.Humbol Qrim, Frans Bop-bu elmin yaradıcıları sayılırdı. “Divan” ın çıxması ilə bəlli oldu ki, müqayisəli üsulu hələ 11-ci əsrin ortalarında Mahmud Kaşğari icad edib.
Türk oğlu türk, alim, aristokrat, türkoloq
Mahmud Kaşğari.
13 may 2024-cü il

(Yazımda şəxsi qənaətlərimlə yanaşı əruzşünas-alim Əkrəm Cəfərin,
Xəlil Rza Ulutürkün xatirələrinə, habelə
Oljas Süleymenovun, Kamal Abdullanın fikirlərinə söykənmmişəm)

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

İki bölünməkdən elə qorxmuşam, Çöpü də ikiyə bölmərəm daha.

“İki bölünməkdən elə qorxmuşam,
Çöpü də ikiyə bölmərəm daha.” Zöhrab Tahir

Səsləndirdi: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Turan Uğur – Öncə söz vardı…

Öncə söz vardı…(6)

Baba bəy Şakir

(Bu rubrikanı sözü qutsal sayan şairlərimizin ruhuna ithaf edirəm)
Qədim Cavanşir elinin, Sarıcalı oymağında yetişən, Pənahəli xanın nəslindən
(Pənahəli xanın qardaşı nəvəsi) daha bir imza, daha bir qələm sahibi-Baba bəy Şakir…
Keçmişdə yazılan məqalələri çözələyəndə əksər yazılarda “Bababəy” şəklində yazılıb yəni bəy titulunu səhvən adına bitişik yazıblar.
Bunun iki səbəbi ola bilər:
1) Ya araşdırmaçılar yuxarıların qamçılarına məruz qalmamaq naminə “bəy” titulunu ada bitişik yazıblar.Xüsusən sovet vaxtı izi azdırmaq:
Yəni “bəylə, xanla sənin nə işin var?!” tənəsindən yaxalarını yan çevirmək üçün;
2) Yaxud da təzkirəçilər elə düşünüblər ki, onsuz da bəy oğlu bəy övladına elə adın tərkib hissəsi kimi “bəy” pərçim edilməlidir.
Bütün hallarda, Şakirin soyuna-sopuna aşina, şəcərəsinə bələd olan araşdırmaçılar onun adını təzkirələrində vurğulayıblar, hərçənd onun şeirlərini tənqid edən ədəbiyyatşünaslarımız da az olmayıb.
Əslində, Baba bəy Şakiri “analı-atalı yetim” saymaq daha doğru olardı.Bəy nəslindən oluban Mehdiqulu xanın, Cəfərqulu xanın mərhəmətindən kilometrlərlə aralı düşmək Baba bəyin mənhus taleyinə yazılmışdı: sözün həm məcazi, həm də həqiqi mənasında.
Ağdam yaxınlığında Qarqar çayın üstündə bir parça əkin yerində qurdalanmaqla baş girləyən Babanın görəsən qohum-əqrabası qarşısında suçu nə idi?
-Çömçə aşdan isti olmayacaq ki?
Onsuzda, nə qədər can atsaq da, şairin öz yaxınlarından çox məhrəmləri bilmək çabamız faydasızdır. Ona görə bu sualı taleyin ümidinə buraxıb mövzu ətrafında hərlənməyə davam edək, hərçənd taleyin ümidinə qalmaq da yönlü bir iş deyilmiş. Baba bəyin güzərandan gileyli məktublarından, şeirlərindən yaşadığı sıxıntılardan duyuram.Yazığın dərdləri, kədərləri Cinni Cəfər qoşunu kimi adamın üstünə elə gəlir ki, deyirsən şair bir çobanın, ya fəhlə-babanın daxmasında doğulsaydı başı bu qədər qeylü-qal çəkməzdi.

Külli-Qarabağa olub mehriban,
Gətirdikcə dövlət eylədi ehsan,
Bizlərə yetəndə xani-valaşan,
İşıqlı dünyanı eylədi zülmət.

Haşiyə: Valaşan
Vala-farscada yüksək, ali, uca mənasını verir.
Şan isə ərəbcədir.Bildiyimiz şan-şöhrət.
Deməli, yüksək şana çatmış, şan-şöhrətli deməkdir.Bəs Baba bəy Şakir bu şeirlə bizə nə demək istəyib?
Yəni bütün Qarabağa var-dövləti ilə mehriban olan, malını ehsan edən bu şanlı adam-Mehdiqulu xan bizə çatanda işıqlı dünyanı zülmət elədi.
Görünür, Baba bəy Şakir təkcə biganəlikdən deyil, həm də qohumlarının ona qarşı olan hansısa zülmündən oxucusunu agah etmək niyyətindədir.Zira burada təkcə mehribanlıqdan söhbət getmir, hətta nəsil arasında olan nifaqdan bəhs edilir.Mehriban dedim, yeri gəlmişkən, Şakirin doğulduğu kəndin adı da Mehribandır.Orada doğulub, orada yaşayıb, orada vəfat edib.Təkcə qohumu Qasım bəy Zakirlə ülfəti varmış şairin.Zatən Zakirin şeirlərində Baba bəyin dəfələrlə adı çəkilir.Şakiri özünə ustad sayıb, təxəllüsünü oxşadaraq Zakir götürüb Qasım bəy. -Çox gözəl!
-Çox pakizə!
Biri şükr edən-Şakir, o biri zikr edən-Zakir.
Sözünü yaz, şükrunü de, zikrini elə!
Lap Nəimi-Nəsimi dəstiri.
Bir vəzndə, bir ahəngdə, bir amalda, bir niyyətdə.
“Niyyətin hara, mənzilin ora” deyən atalarımızı da unutnayaq.Elə bil Baba bəy üçün çəkiblərmiş bu məsəli.
Axı son mənzili də elə ilk niyyəti oldu Şakirin.Hicri təqvimi ilə 1261-ci ildə doğulduğu kənddə torpağa tapşırıldı.
Baba bəyin ölümündən sonra onu hələ xeyli zikr edəcəkdi Zakir.

Rişteyi-təbimə yox tab verən, çərx əfsus,
Eyləyib xak ilə yeksani-qəddi-Babani.

Onu deyirdim axı…
Baba bəy dövrünün yaltaqlarını, yalaqlarını, rüşfətxorlarını həcvlərində doyunca top atəşinə tutub.
Şairin yaltaq Molla Qasımı yerin dibinə batıracaq misraları bu gün də meydandadır.Ancaq meydanda nə rüşfətxor Mehdi bəylər, nə 500 manat rüşfət verib Cavanşir elinə naib təyin olunan Əmiraslanlar, nə də yaltaq Molla Qasımlar var.

İbrət deyil, bəs nədir?!
-Təəssüf ki, deyil.Anındaca məşhur bir deyimi xatırladım:
“Tarix təkkərrür edər, fəqət bir dürlü ibrət alınmaz”
Hər zaman ibrət alanlardan olmaq diləyi ilə…

12 may 2024

(Yazımda ərəb-fars sözləri lüğətimə, habelə Salman Mümtazın, Məhəmməd ağa Müctəhidzadənin araşdırmalarına istinad etmişəm)

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Turan Uğur – Öncə söz vardı…

Öncə söz vardı… (5)

Seyid Əbülqasım Nəbati-Azərbaycan şairi.

(Bu rubrikanı sözü qutsal sayan şairlərimizin ruhuna ithaf edirəm)
Ədəbiyyatımızın payına düşən, 19-cu əsrdə taleyimizə yazılan nadir sənətkarlarımızdan, təbli şairlərimizdəndir Seyid Əbülqasım Nəbati.Türkcəni, farscanı, ərəbcəni mükəmməl bilən Nəbati həm də bir alim kimi tanınıb.Əruzda nadir incilər-
bəhri-təvil, qəzəl, qəsidə, tərkibbənd, tərcibənd, müxəmməs, rübai yazarkən, heca vəznində də şirin qoşmalar, lətif gəraylılar qələmə alıb.
İlk dəfə Təbrizdə 800 misradan ibarət şeirləri Füzuli divanı ilə birgə təbrizli Ağa Məhəmmədin mətbəəsində, hicri təqvimi ilə 1262-ci ildə daş basma üsulu ilə basılıb.Ancaq tanınana, sevilənə kimi hələ anadan olmaq lazım idi axı… Böyümək, yetişmək, ad-sana çatmaq şərt idi.
-Bəs Nəbati harada, nə vaxt doğulub?
-Bəzi tədqiqatçılar səhvən onun doğum yerini Muğan yazıblar.
Göstərilən 1812-ci il təvəllüdü isə çox böyük mübahisə doğurur.Çünki şair özü heç yerdə təvəllüdünü yazmayıb və onun doğum ili haqqında hansısa bir dəlil, sənəd üzə çıxmayıb.
Bunu Bəhlul Behcət uydurub və Salman Mümtaz onun bu səhvini aşkarlayıb.İkincisi, onun Muğanda nə işi vardı?
Təvəllüdündən fərqli olaraq Nəbati dəfələrlə doğulduğu yerin adını şeirlərində vurğulayıb. Güney Azərbaycanda, Qaradağın Üştibin kəndində doğulması danılmaz gerçəkdir.Nəbati özünü muğanlı deyil, qaradağlı olduğunu dönə-dönə nişan verib:
Məsələn:
Mən Nəbati rağəm bülbüli-Qaradağəm…
(Divanında, 91-ci səh)
Yaxud:
Hərçənd qaradağlıyam yoxdu kəmalım…
(Divanında, 6-cı səh)
Həm də Nəbatinin nəşr olunduğu bütün divançaların ilk səhifəsində bir ibarə qeyd olunur:
“Məcnun şah Qaradaği əlmütəxəllis bə Nəbati”
Yaşadığı kəndin Üştibin olması isə göydəki günəş qədər aydındır:
Qəzəlinə baxaq:

Səfhəyi aləmdə bir dürri-nihandır Üştibin,
Vəznə gəlməz, çəkmək olmaz çox girandır Üştibin.

Bir-biri üstündə damlar, yaxşı ali köşklər,
Bəs deyirsən Lənkəran, ya Salyandır Üştibin.

Bir qonaq-nisbət Nəbati səndə beş gün əyləşib,
Hörmətin saxla ki, o bir xan çobandır Üştibin.

Dostlar, Xan çoban kəlməsinə aldanan Bəhlul Behcət belə bir qənaətə gəlib ki, guya Seyid Nəbati mal, davar, qoyun, keçi saxlayıb, xülasə ömür boyu çobanlıq edib.Bu da tədqiqatçının naşılığından irəli gəlir, çünki Xan çoban təxəllüsü ilə şeirlər yazan Nəbatinin həm də mənsub olduğu elin, tayfanın adıdır-Xan çoban.
Bir məsələni də vurğulayaq ki, bizə Nəbatinin divanı kimi təqdim olunan, əslində, klassik mənada divan sayılmır.
-Niyə?
Gəlin, “divan nədir?” sualına cavab tapaq, onda məsələdən büsbütün hali olarıq.
1) Divan yalnız qəzəllərdən ibarət olan şeir məcmuəsinə verilən addır;
2) Divanda birikmiş qəzəllər mütləq əlifba sırası ilə tərtib olunmalıdır;
3) Divanda gedən ilk qəzəllərin ikinci misralarının axırı qafiyə və ya rədifi A hərfi ilə, son qəzəllərin ikinci misraların son misraları isə Y hərfi ilə bitməlidir.
Yalnız bu üsulda tərtib edilən şeir məcmuəsinin böyüyü divan, kiçiyi divança adlanır.
Ancaq Nəbatinin divançasının başında (böyük ehtimalla divanı olub) bəhri-təvil, tərcibənd, qəsidə, içərisində rübai, qoşma, gəraylı, sonda isə müsəddəs gedir.Nə vaxt görülüb ki, divanda və ya divançada heca şeirləri yer alsın?!
Dostlar, bunu qeyd edim ki, Nəbati bütün priyomlardan istifadə edərək əqidəsini, inancını (daha doğrusu, inancsızlığını) dünyaya baxışını ört-basdır edən, dövrün tıqiblərinə məruz qaldığı üçün fikirlərini pünhan şəkildə ərz edən şair olub.Ona görə də Nəbatini tədqiq edənlər zaman-zaman dərin ixtilafa düşüblər.Bəziləri onu təkfir ediblər, onu mürtəd-yəni dindən çlxmış, yaxud mülhid (Allaha, dinə inanmayan, dinsiz) adlandırıblar.
Əslində, buna aid çeşidli əsasları məhz elə şairin özü bizə verir.Divanının 128-ci səhifəsində:
Meyxanələr abad olsun,
Sakinləri dilşad olsun,
Məscid görüm bərbad olsun,
Saldı məni qeylü-qalə…
Bütün hallarda, böyük Azərbaycan şairi,
“Bu baş o meydana gəlsin, gəlməsin?” – deyən Seyid Əbülqasım Nəbatinin başı söz aləmində, şeiriyyat dünyamızda, ədəbiyyat meydanında cövlan eyləyir.

Nəbati istəməz sənsiz dünyanı,
İzzəti, hörməti, şövkəti, şanı.
Bir zada qalmayıb daha gümanı,
Bu baş o meydanə gəlsin, gəlməsin?
10 may 2024

(Yazımda Salman Mümtazın qənaətlərinə, habelə “ərəb və fars sözləri” lüğətimə istinad etmişəm)

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Turan Uğur – Fədailərimizi tanıyaq!

Fədailərimizi tanıyaq! (6)

Məhəmməd Biriya (Bağırzadə)
Şair, ictimai xadim, Azərbaycan Demokrat Firqəsinin Maarif naziri, mücahid.

(Babam İsmayıl Paydarın timsalında bütün həmşərilərimizə, fədailərimizə ithafən)
Təbriz, 12 şəhrivər 1946-cı il.
Azərbaycan Demokrat Firqəsinin yaradılmasının bir illiyi münasibətilə xalq bayramı.Tribunada dayanmış Kaviyan, Biriya və başqaları bir-birilərini itələyir, Pişəvərini sıxışdırır, özlərini gözə soxmağa çalışırlar.
Trubunanın qabağından izdiham keçir.Sinələrdə medal.Medalda Biriyanın şəkli çarpaz bayraqlar arasından boylanır.Bu medalı Biriya özü təsis edib.
-Qiyməti neçəyə olsa yaxşıdır?
-3 tümən.
Pişəvərinin şəkli isə kiçikdir, sanki düymə boyda.
“Nə üçün Tehrana gedən nümayəndə heyəti bu vaxta qədər qayıtmayıb? Bəlkə Qəvamüsəltənə onları orada yemləyir? Sən hökümət adından dərhal teleqram vur.10 saata kimi qayıdıb gəlməsələr bir daha bu yana üz çevirməsinlər”
Bu sualları yağış kimi Çavuşi Seyid Cəfərə yağdırırdı.Seyid Cəfər isə naçar durumda “neynim” deyirdi.
-Bəs Qəvam hökuməti ilə danışığa gedənlər kimlər idi?
-Ali Sovetin sədri Hacı Mirzəli Şəbüstəri, Sadıq Padigan, general Pənahian, daxili işlər naziri doktor Cavid.
Fabrikə qayıdan kimi hamıya bildirdim ki, bütpərəstlik eləməyin, medalları tökün yerə.
-Nə üçün Lalə dağlarına çəkilmədik?
-Nə üçün Qaradağ meşələrinə çəkilmədik?
-Nə üçün ölüm-dirim döyüşünə atılmadıq?
-Əlimizi qoynumuza qoyub düşmənin haçan hücuma keçəcəyini gözlədik.Nümayəndələr 74 gündən sonra qayıdıb xəbər gətirdilər ki, Qəvam tələb edir: Zəncanı verək.Əvəzinə 10 gündən sonra onlar bizə Təkabı verərlər.Bunlar, əlbəttə, hiylə idi.Qəvam qəsdən danışığı uzadır, Milli hökuməti al qanına boyamaq üçün qüvvə toplayır, məqam gözləyirdi.Nəhayət, onlar əyalət seçkiləri keçirmək bəhanəsi ilə Azərbaycan torpağına qoşun yeritdilər.Əvvəlcə Zəncanı tutub demokrat bir mollanı öldürdülər.
1946-cı ilin 2 dekabrı…Pişəvəri Arazı keçib gedib.Kabineti boşdur.Biriya özünü MK-nın katibi kimi aparır.Pişəvərinin kabinetində nə edəcəyini bilmir.Məhəmməd Biriya:
-Balam, gəlin görax da.Bu düymələrin hansını basax, haradı.
-Təbrik edirəm, Biriya.Axır ki, niyyətinizə çatdınız.Hökuməti devirdiniz.Ancaq çox da sevinmə, sənin hökmranlığın da yarım saatlıqdır.
Bu sözləri Təbrizdə Mir Mehdi Çavuşi Biriyanın üzünə söyləyir.
Bakı, Xaqani küçəsi…Pişəvərinin evi.Ortada nərdtaxta var.Çavuşi və Pişəvəri nərd oynayırlar.Əllər zər atsa da, üzlər kədərlidir.Birdən Seyid Cəfər əl saxlayır:
-Miri, axı sən həmişə yaxşı oynayırdın.Niyə belə könülsüzsən?
Zərləri cütləyib nərdtaxtanın üstünə qoyan Çavuşi kədərlə dolu iri gözlərini Seyid Cəfərin üzünə dikir.
Çavuşinin gözləri Pişəvərini ittiham edir, həm də ondan cavab gözləyir:
-Axı sən deyirdin, gərək üstümüzdən tanklar keçə.Ancaq o tanklar 25 min azəri türkünü al qana boyadı.Halbuki, o 25 mindən onca mini döyüş meydanına çıxsaydı, əgər başçı meydandan qaçmasaydı, biz nəinki Azərbaycanı, hətta bütün İranı xilas edə bilərdik.
-Sən məni bağışla, Miri.
Pişəvəri Çavuşidən üzr istəməklə bütün xalqdan üzr istəmiş olurdu.Onun qarşısında Təbriz şəhər firqə komitəsinin katibi dayanmışdı.Bir neçə gün ərzində 10 komitə yaradan, 14 min təbrizlinin partiya sıralarına keçməsini təmin edən bir insanın indi bir cüt zərə gücü çatmırdı.
Qeyd edim ki, Məhəmməd Biriyanın da həyatı asan keçmədi.Quzey Azərbaycana pənah gətirəndən qısa müddət sonra həbs edildi, sürgünə göndərildi, 1956-cı ildə işinə xitam verildi, sonra yenə Təbrizə qayıtdı.İpə-sapa yatmayan, bir an belə dinc durmayan Biriya ömrünün sonlarında təklənmiş bir həyat sürdü.Naçar və çıxılmaz vəziyyətdə dünyasını dəyişdi.Bütün ixtilaflara və nöqsanlarına rəğmən Güney Azərbaycan türklərinə azadlıq nemətini daddıranlar arasında, Demokratik Firqə hökumətində yer alanlar sırasında şair
Məhəmməd Biriya da vardı.
…Və nə yaxşı da ki, vardı!
9 may 2024-cü il.
(Yazımda Mir Mehdi Çavuşinin və Xəlil Rza Ulutürkün xatirələrinə istinad etməklə yanaşı, həm də ailəmizdə danışılanları, evimizdəki söz-söhbətlərimizi və atamdan eşitdiklərimi qələmə almışam)

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Turan Uğur – Öncə söz vardı…

Öncə söz vardı…
4-cü hissə
Azəri Çələbi-şair, alim.
(Öncə söz vardı rubrikasını sözə ehya verən qutsal şairlərimizin ruhuna ithaf edirəm)
Azəri Çələbi-Əvvəlcə “çələb” sözünün mənşəyini aydınlaşdıraq.Azərbaycanın bir sıra bölgələrində-Göyçayda, Şəkidə, Cəbrayılda və bsşqa yerlərdə bu gün də Çələbi adında insanlar, yaxud adekvat olaraq təxminən “seyid” statusunda bulunan şəxslər var.Türkiyədə və Azərbaycanda vaxtilə alimlərə, seçkin insanlara “çələbi” deyirdilər.Türkiyədə çox sonralar bunu “əfəndi” təbiri əvəz elədi.Bir az dərinə getdikcə görürsən ki, Orta Asiyada da bu təbir işlək olub.
Məsələn, böyük alim Əl-Fərabiyə qazaxlar çələb deyirlər.
-Bəs hansı mənada?
-Ən mürəkkəb rəmzləri yozan hissi idrak sahibi mənasında, çünki bu rəmzləri elə onlar özləri yaradıblar.
Çələb sözünün lüğəvi mənası isə “Tanrı” deməkdir.Çox maraqlısı budur ki, bir səs fərqi ilə “çələb” sözünü “cələb” yəni “ç” səsi əvəzinə “c” desək, mənası fahişə alınacaq.Belə nümunələr dilimizdə var.Bu presindentin dərin mahiyyəti və fəlsəfi qatı var: Yəni cənnətə yalnız qılıncın iti tiyəsi üzərində getmək mümkündür.Yəni ki, yaxşı ilə pisi, əxlaqla-əxlaqsızlığı, zirvə ilə enişi yalnız bir sədd, bir cızıq ayırır.
İndi isə lüğətimə baxıram:
Cələb-ərəbcədir.
1) əxlaqsız qadın, fahişə
2)satış üçün gətirilən canlı (kəniz, mal-qara və.s)
Amma “çələb” görünür xalis türk sözü olduğundan, təbii olaraq “ərəb-fars sözləri” lüğətində yer almayıb.
İndi gələk şair Azəri Çələbiyə.
Əsl adı İbrahim olan bu şair Mövlanə Əhməd bin Şeyx Müslihdin əfəndinin oğludur. “Daha” sı da var: Nişançı Mahmud Çələbinin qardaşıdır Azəri Çələbi.Özü də Əbulsəud şagirdlərindən hesab olunur.Füzulinin müasiridir-desək yanılmarıq
Şair hicri 993 tarixində Hüma şəhərinin xaricində vəfat edib.Osmanlı təzkirəçiləri onu alim, şair, həlim, müşfiq bir zat kimi qələmə veriblər.
Şair Azəri Çələbinin divanı olduğu kəsindir. “Nəqşi-xəyal” mənzuməsi 12 min beytdən ibarətdir.İçində bir sıra təmsilat və hekayələr toplusu yer alır.Azəri Çələbi Füzulinin müasiri olsa da, ondan daha çox Nizami qoxusu gəlir.Bu, şəxsən mənim öz qənaətimdir.
-Nə üçün?
-Təmsilat, rəvayət, hekayələri bir arada birikdirmək ənənəsi Şeyx Nizamidən gəlir. “Sirlər xəzinəsi” buna misaldır.Azəri Çələbinin qəzəllərində hikməti və ibrəti də sezsək, dediklərim tam mənada bəraət qazanar.Yeri gəlmişkən, ulus olaraq daha bir qazancımız var:
Şair Azəri Çələbinin bu misraları.Onun divanından bizə ərməğan qalan nümunələr.
Bir sərv bəslədim neçə il bağban olub,
Sərkeşlik etdi ol dəxi damən kəşan olub.
Axıtdı çox könülləri manənd cuybar,
Ol sərvi-gülüzar könlünə vəchi var.
Şeirimə qafiyə etsəm nola mahi-kahi
Bir bəhanə araram anmağa Əbdü-Allahi.
Nə qəm gər Azəri aludeyi-gərd günah olsa,
Olur ruzi-cəzadə lütfün izhar etməyə bais.

Son misralar qəzəlin mənasını açır.
Gərd- farscadır
1) toz, torpaq
2) dərd, hüzn, ələm
Bitmədi.Bir mənası da var:
3) Gəzən, dolanan-
Fələk, tale mənasında olan “gərdun” da buradan yaranıb.Hətta gərdişi-dövran-zəmanə sözü də.
Aludeyi-gərd çox güman ki, dərd mənasında işlənib, Füzulidəki kimi.Dərdə aludə olmaq günah olsa, yenə eybi yox deyir Azəri Çələbi.Cəza günündə lütfünü görməyim üçün bir bəhanə olacaq.Görüşümüz üçün baiskar mən olaram.Əla yozumdur.Bunu irfani anlamda başa düşsək lap yerinənə düşər.Yəni günahdan belə çəkinmirəm, ən azı Allahın lütfünü görmək üçün onunla ən azı bir görüşümüz, bir təmasımız olacaq da. Məncə, əlaaaaaaaadır!
08 may 2024
(Yazımda öz araşdırmalarımla yanaşı
Oljas Süleymenovun və Salman Mümtazın bəzi faktlarına istinad etmişəm)

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru