
Öncə söz vardı… (13)
HACI ƏBÜLHƏSƏN RACİ – Azərbaycan şairi.
O SİZİ MÜTLƏQ EŞİDƏCƏK
(Bu rubrikanı sözü qutsal sayan şairlərimizə həsr edirəm)
Yıxdılar aşiqlərin qəlbi kimi meyxanəni,
Bivəfalar əhditək sındırdılar peymanəni.
Atəşi -şövqi – məhəbbət yandırırdı aqibət,
Şəmlər nahaq yerə yandırdılar pərvanəni.
Ey dil, əl çək, yox bəni-növi-bəşərdə etibar,
Məskən et bayqusifət bir guşeyi-viranəni.
Raci, gördüm tərgi-candur iqtizayi-ittihad,
Bəzmi-vəsli-xasə qoymazlar girə biganəni.
Raci şəxsiyyətinə nəinki biganə, tam əksinə məftun olduğumdan onun şeir bağçasından bir dəstə gül dərməyi özümə borc bilirəm.Əbülhəsən Raci haqqında lap çocuq yaşlarımdan duymuşdum.Çox xırda idim.Göyçayın Əbəlfəzlil Abbas məscidində (Göyçaylılar bu məscidə daha çox Yuxarı məscid deyirlər) əzadarlıq məclislərinə
(O vaxt Məhərrəmlikdə hər axşam mərsiyyələr deyilər, ehsanlar verilərdi ) atam və qardaşımla gedərdik.Şeirbaz bir ailənin övladı üçün canımızda, qanımızda ilk növbədə poeziya qaynadığından məni uzun bəyaz saqqallı, azman görünüşlü, qalın səsli növhə və mərsiyyə deyənlər, rövzəxanlar cəlb edərdi.Öncə axşam namazı qılınar, sonra samavar qaynadılar, armudu stəkanda çay və halva-çörək ehsanı paylanar, həzin mərsiyyələr, növhələr bir-birini əvəz edərdi.Bu məclislərdə mənə ən ləzzət edən böyüklərin şirincə söhbətləri və armudu stəkandakı çay olardı.Bir şakərim vardı…Əsasən oxunan qəzəllərin sonuncu beytindəki müəllifin adına fikir verərdim.Ya Füzuli, ya Natəvan, ya Seyid Əzim, ya Sərraf söylənilər, həp bərabər:
-“Allah rəhmət eləsin!” uca səslə söyləyərdik.
Bu həmin qəzəlxanın mükafatı sayılardı, zira əsrlər sonra ismini tələffüz edənlərin bulunmasından gözəl nə ola bilərdi axı?!
Bu adlardan ən çox isə Raci çəkilərdi.Racinin bu xüsusda şeirləri hədsiz çoxdur.Atamdan soruşanda deyərdi ki,
-“Bizim Təbrizdəndir Raci. Qəzəlxan kimi məşhurdur, Turan”
Bir faktı da danışdı ki, Məkkədən gələndə Qırmızı dənizdə boğulub.Hal-qəziyyənin necə olduğunu ətraflı soruşmadım.
Aylar ötüşdü, illər bir-birini qovarkən, həyat da məni qovup apardı Qırmızı dənizin sahillərinə.İşlədiyim kruiz gəmisi – “Armonia” adlanırdı.İtalyanlara məxsus olsa da məhz Qırmızı dəniz boyu səyahət edər, Limassol, Eilat, Şarm Əl-Şeyx – kurort şəhərlərini dövrə vurardıq.
Gəminin müşahidə meydançasından Qırmızı dənizi seyrə dalarkən düşündüm ki, dalğalar qoynunda kimlər batmamış?! Təsəvvürümdə canlandı ki, axı deyəsən, Raci də təxminən buralarda suya qərq olmuşdu.
3 dəfə hayladım onu.
-Məni eşitdimi?
-Bilmirəm!
-Görəsən harda?
-Budur burada!
-bəlkə, burada?
birazda gedirik:
-Bəlkə də bu tərəfdə.
Dəqiq Qırmızı dənizdə.Tarix qırmızı-qırmızı bunu üzümüzə deyir ki, Raci məhz buralarda həlak olub.
Amma ölməmişdən öncə hələ doğulmaq lazımdır axı…1831- ci ildə Təbrizdə Xiyaban məhəlləsində doğulub Əbülhəsən Raci.1-2 il o yan, bu yan da ola bilər, çünki müxtəlif rəqəmlər var.Təxminən 45 il ömür sürüb.Lap yeniyetmə illərindən şeirləri dillər əzbəri olub.Hətta xanəndələr toy-büsatda Raci əşarından nümunələr oxuyarmışlar.
De bir türki qəzəl, Raci,
Oxusun bu gözəl, Raci.
Bələd olsun əzəl Raci,
Rümuzi-eşq dərdinə.
İşrət məclislərində oxunan şeirlərindən qat-qat çox isə şairin növhələri, mərsiyyələridir.Bu səbədən kədər, qəm, hüzn daha üstün gəlir tərəziyə qoysaq.Lakin bu şeirlərin başqa mərsiyyələrdən çox böyük fərqi var.Görünür balaca ikən məndə Raciyə vurğunluğu məhz bu səbəb yaradıb.:
Racinin mərsiyyələri sanki süjetli şeirlərdir.İmam Hüseyn müsibətini nüans-nüans anladır, elə bilirsən ki, sən də həmin olaylara tanıq oımusan, sən də o vəhşəti görmüsən.Tarixi qaynaqlara əla bələdçiliyi varmış Hacının.Bir növhədə göründüyü kimi:
Belə əhd eləmişəm, ey bacı, cananım ilən,
Ərseyi-Kərbübəladə boyanım qanım ilən.
Çünki bu cami-əcəldə şəkərü- şəhdim var,
Bu səbəbdən susuz ölməkliyə çox cəhdim var.
Aləmi-zərrdə canan ilə bir əhdim var,
Varam öz eylədiyim əhd ilə, peymanım ilən.
Ya Hüseyn, hövli-qiyamətdə yetiş imdadə,
Raciyəm, bircə ümidim sənə var üqbadə.
Ağlaram, olsa həyatım nə qədər dünyadə,
Gecə-gündüz sənə bu dideyi-giryanım ilən.
Bu növhədə İmamın bacısı Xanım Zeynəb ilə mükaliməsi var.İmam Hüseyn məhz Kufəlilərin çağırışına cavab verib ora yollanmağını Allahla əhdinin olduğuna eyham vurur.
Raci şəxsi mütaliə yolu ilə klassik Şərq ədəbiyyatını da mənimsəmişdi.Racinin Şamaxılı Nişat Şirvani və başqa müasirləri ilə də çox güman ki, məktublaşması olub.Çünki Nişat Şirvani haqqında kiçik bir araşdırma edəndə Nişatın Raciyə yazdığı qəzəlini görürəm:
Ötən ay gəlmiş idim şəhrə ey Raci hilal asa,
Məni üryani lağər görcəyin el baxmadı əsla.
Nişatam bir şeyim yoxdur ki, beytülmalıma qalsın,
Dürri-nəzmimdən özgə əhli-Rum eylər nim yəğma.
Ömrü boyu ticarətlə məşğul olan Raci Həcc ziyarətindən gələrkən Qırmızı dənizdə tufana düşür, 300 sərnişinlə həlak olur.Türkcə və farsca qəzəllər, qəsidələr, təcnislər yazan, şeirləri toy-düyünü bəzəyən Raci özü də tufan ömrü yaşadı:
Növhəsində:
Aləm niyə bəs olmadı viran, Əli Əkbər,
Ol gün ki, səni saldılar atdan, Əli Əkbər?
-deyənin özü dəryaya salınır, sular qoynunda həyata vida deyir.
Məşhur “olaydı” rədifli şeirin də ilk müəllifi məhz Racidir.Baxmayaraq ki, eyni məzmun və eyni intonasiyada X.Natəvanın və Hüsyn Cavidin də şeirləri məşhurdur.
Öncə Racinin “Olaydı” qəzəli:
Nə eşq olaydı, nə aşiq, nə hüsni-dilbər olaydı,
Nə ayinə, nə səfa, ey könül, nə cövhər olaydı.
Nə zülf olaydı, nə ariz, nə xətt olaydı, nə xal,
Nə müşk olaydı, nə məcmər, nə üdü-ənbər olaydı.
Məzaqi-Raci nə şirin olaydı, nə böylə təlx,
Nə hicr, zəhri-həlahil, nə vəsl şəkkər olaydı.
İndi Natəvanın:
Nə mən olaydım, İlahi, nə də bu aləm olaydı,
Nə də bu aləm əra dil müqəyyədi-qəm olaydı.
Nə hicr atəşinə odlanıb yanaydı dilim ki,
Nə eşqin içrə könül böylə şadu – xürrəm olaydı.
Nə ah olaydı, nə əfsus, nə parə-parə könül,
Nə Natəvanın, ilahi, həvəsi dəhrəm olaydı.
İndi Cavid əfəndinin:
Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı,
Nə xalq olaydı, nə xaliq, nə eşqi-həsrət olaydı.
Nə dərd olaydı, nə dərman, nə sur olaydı, nə matəm,
Nə aşiyaneyi-vüslət, nə bari-firqət olaydı.
Tükəndi taqəti-səbrim, ədalət, ah! Ədalət!
Nə öncə öylə səadət, nə böylə zillət olaydı.
Burada əlbəttə, mənimsəməkdən söhbət getmir. Sadəcə, bu hərəkət şeir estafetinin Təbrizli şairdən Şuşalıya, Şuşalıdan Naxçıvanlıya ötürülməsi kimi başa düşülməli.
Bütün hallarda, Natəvanla təxminən yaşıd olsalar da zənnimcə, Raci daha öncə yazıb bu şeiri.Birincisi, ona görə ki, növhələri ağız-ağız dolaşan Racinin ola bilməz ki, bu şeiri Şuşaya gedib çıxmayaydı.İkincisi, Natəvanın növhələri sayca azdır və əsasən ömrünün sonrakı dövrünə təsadüf edir.Yəni Raci 45 yaşında artıq böyük bir şeiriyyat qoyub getmiş, Natəvanın əsas yaradıcılığı isə hələ qarşıda idi.
-Bəs hara getmişdi Raci?
-Gəldiyi yerə!
-Türk nəslinin, türk soyunun, Təbriz mübarəklərinin hüzuruna. Köksündə İmam Hüseyn eşqi və poeziya coşğusu ilə dalğalar qoynundan, dəryalar ağuşundan, Qırmızı dənizdən bizə sarı boylanan var: Adı Əbülhəsən, təxəllüsü Raci – yəni ərəbcədən tərcümədə – “rica edən, xahiş edən”
Elə isə mən də bir rica edim:
Qırmızı dənizdən keçəndə 3 dəfə Raci çağırın!
O sizi mütləq eşidəcək. Necə ki, 2013-cü ilin fevralında məni də duymuşdu.
(Yazımda atamdan, həmçinin uşaq ikən Göyçayın Əbəlfəzlil Abbas məscidində nurani kişilərdən eşitdiyim söhbətlərə və şəxsi xatirələrimə söykənmişəm)
11 iyun 2024-cü il.
MÜƏLLİF: TURAN UĞUR
“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru