Turan Uğur – Öncə söz vardı…

Öncə söz vardı…
19- cu hissə

ƏKRƏM CƏFƏR- şərqşünas-alim, pedaqoq, filoloq, ədəbiyyatşünas.

(Bu rubrikanı sözü qutsal sayan ədiblərimizə ithaf edirəm)

COMƏRD ADAM – ƏKRƏM CƏFƏR

Ərəbcədən tərcümədə “kəramətli”, “comərd” mənalarını verir “Əkrəm” adı. Alim Əkrəm Cəfər də gerçəkdən elmini, bilgilərini insanlara verməkdən əsla usanmazdı.Adamda nə qədər hövsələ olarmış, ilahi?! Harada olsa əruzla, poeziya ilə, müəllimi Hüseyn Cavidlə, dostu Mikayıl Müşfiqlə bağlı nə sual versələr təmkinlə izah edər, düzü-düz, əyrini əyri söyləməkdə məharət göstərərdi.Layiqli bir alim ömrü yaşayıb Əkrəm Cəfər. Hələ sovetin amansız vaxtlarında israrla deyərmiş ki, dilimizin adı türk dilidir.Özü də bunu bir alim kimi iddia edər, latıncadan kirilcəyə keçidi böyük əbləhlik sayar,
elmi qənaətlərini vicdanlı şəxs kimi ortaya qoyardı.

“-Kakoe tvoye otnoşeniye k etomu? Qovori o russkoy alfavite.
-O ağzına su alıb, deyə Yaqubov Bağırova yalmandı.
-Bəs sən mütəxəssis deyilsən? Bu dəfə Bağırov türkcə soruşdu.
-Elə mütəxəssis olduğum üçün susuram.Latın əlifbasını kirilə dəyişmək dilimizə ağır zərbə vuracaq”
Bu mərdanə cavab Bağırova xoş gəlmədi.

Əkrəm Cəfər “yu”, “ya”, ” ye” hərflərinin ləğvini isə yazıçı Mirzə İbrahimovun şücaəti və dilçiliyin böyük qələbəsi kimi qələmə verirdi.
Bir olmuş hadisəni də dostlarına nəql edərdi:
-Deməli, o vaxt Mərkəzi Komitədə Yusif Qasımov kimi əqidəli bir partiya xadimi Əkrəm Cəfəri sovet rəhbərlərinin hədələrindən qorumaq üçün sinəsini qabağa veribmiş.Yusif Qasımov sovetin doğma türk dilimizin başında etdiyi dəlləkliyi tənqid etmiş,
(Baxmayaraq ki, şura hökumətinin Azərbaycanda qurulmasında xidməti böyük olub Yusif Qasımovun) lüğətimizin başına olmazın müsibəti açılarkən saxta alimlərə qarşı kəskin çıxış edib, var qüvvəsi ilə Əkrəm Cəfərin müdafiəsinə qalxmışdı.

“-1930-cu ildə mən burada “türk ədəbiyyatı, türk dili” qoyub getmişdim.İndi gəlib görürəm Azərbaycan ədəbiyyatını türk ədəbiyyatından, azəri türkcəsini türk dilindən ayırıblar.Görün bu nə qədər siyasi korluqdur.Bu, milləti, dili, ədəbiyyatı xırdalamaqdır.”

Haşiyə: Gerçəkdən də 30-cu illərdə dilimizə və mənşəyimizə elə qəsd edildi ki, bu gün də həmin yaralarımız vaxtaşırı qövr eləyir, göyüm-göyüm göynəyir, bir dürlü sağalmaq bilmir.Bu yaralarımız doğma türk dilimizin adının dəyişməsi və etnogenez məsələsinin cəfəng bir duruma salınması fonunda sızlayır.O çağlar sovet “başbilənlər” i kəskin bir tələb qoydular ki,
“Siz mənşə etibarilə İran xalqlarından birisiniz, ancaq türkdillisiz”
Yəni sizin bədəniniz İranlıdır, başınız türk)))))
Əzalarımızın bu yöndəmsiz formaya salınması, əynimizə belə əcaib libasın biçilməsi elə tariximizin fundamentini kökündən qazımaq məqsədi daşıyırdı.İstənilən alim normal məntiqlə bu işin içinə girir, məntiqsiz şəkildə bu işin içindən çıxırdı, hələ – hələ çıxa bilirdisə…Bizi elə bir yoxuşa sürümüşdülər ki, elə çıxmaz bir dalana salmışdılar ki, tövşüməkdən dilimiz ağzımızdan beş qarış çıxır, ancaq heç bir əlac eləmək mümkün olmurdu:

1) Niyə İranlı olub da türkcə danışmalı idik?
Lap götürək İrandilli xalqlar arasında ən populyar olanı- fars dilini: elə şirin, poetik bir dili – farscanı atıb niyə elliklə türkcə danışmalıydıq ki?

2) Tutalım ki, bu, belə olub.Yaxşı bəs tarixin hansı mərhələsində nə baş verib ki, bu mərhələ – yəni İran xalqı olaraq türkcə danışmağa keçmişik? Bu mərhələ nə vaxt itib-batıb, necə sıradan çıxıb?

3) İrandilli bir xalq idiksə, türkcə danışmağa keçmişdiksə, bunun izləri harada qalıb? Axı prefikslərlə zəngin, hind-avropa dil ailəsinə aid, etno-linqvistik bir dil olan farscadan ya tat dilindın, ya əfqan dilindən aqlütinativ bir dilə- Altay dil ailəsinə aid oğuzun cənub-qərb qrupuna- azəri türkcəsinə keçid necə olub? Bunun hansı izləri var: folklorda, dilçilikdə ya mifologiyada?
Niyə bir izi qalmayıb?

4) Başqa bir sual: niyə uyğurca yazılan atalar sözləri ilə azəri türkcəsindəki atalar sözləri eynidir? Məsələn:
-“Bir karqa ilə kış gəlməs” deyir uyğur qardaşlarımız.
-“Bir güllə bahar olmaz” deyir Anadolu və Azərbaycan türkləri.
Mən İrandilliyimsə niyə uyğurla, qıpçaqla düşüncəm, intonasiyam, daxili ritmim eynidir, amma farsla, kürdlə, zaza ilə, yezidi ilə, taciklə, bəxtiyari ilı eyni deyil?
Niyə Kərkük türkləri:
“Bu günün işini yarına qoyma” ata sözünü lap mən deyən kimi deyir:
“Bu günün işini sabaha qoyma”.Başqa xalq idimsə, niyə Anadolu türkü ilə, kərkük türkməni ilə, Kıbrıs türkü ilə mən eyni düşünürəm.Sovetlərin məntiqi ilə mən ayrı cür düşünməli idim axı! Dil təfəkkürün törəməsi deyilmi?! Dil düşüncənin təzahürü deyilmi?! Niyə Kərkük xoyratları, nəğmələri Azərbaycan bayatıları ilə büsbütün eynidir? Vəzni, misra sayı, heca bölgüsü, gərək ayrı olaydı axı!!!

Bağdaddan karvan gəlir,
Dərdli, pərişan gəlir.
Kimlər qurban kəsilib
Sularım al-qan gəlir?

Bu Kərkük xoyratı ilə aramızda nə fərq görürsüz?

Yaxud Anadolu manisi ilə hansı fərq var aramızda?

Oy dərələr, dərələr,
Nələr bilirim, nələr
Sənin deyil, mənimdir,
Qız qoynunda məmələr…

Yaxud Axıska manilərinə baxaq:

Bu dağların ardı var,
Könlümün muradı var.
Gözlərindən anladım,
Orda vətən dərdi var.

Hanı fərq?

5) Tutaq ki, dilimiz uzun bir tarixi yol qət edib. Latın sözləri ilə zəngin fransızca 100 il əvvəl də fransız dili idi, 500 il əvvəl də.Amma necə oldu ki, mənim Bayat boyundan olan babam Füzuli türkcə dedi, Nəbati türk dedi, Xətai türk dedi, Vazeh türk dedi, Sabir türk dedi, Cavid türk dedi, Cavad türk dedi, Şəhriyar, Bəxtiyar, Xəlil Rza türk dedi, Əkrəm Cəfər türk dedi, doğma babam İsmayıl kişi türk dedi, sonra dilimiz diferensiyallaşdı, oldu azərbaycan dili?
-Nə baş verdi ki?
-Aqlütinativlikmi dəyişdi?
-Dilin strukturumu dəyişdi?
-Hind-Avropa dil qrupuna aid dildən Oğuz dillərinəmi keçid elədik?
Həəəə? Necə baş verdi axı?

Cənablar, cəfəngiyyatı, uyğunsuzluğu görürsüzmü? Mənim onlarla bu cür arqumentim var, amma yazıqlar olsun ki, sovet “türk sözü” qarşısında üşənirdi, üşənirdi nədir Kərbalayi İsmayıl demiş lap üyüdürdü.

Amma Lahıclı balası Əkrəm Cəfər heç nədən qorxmurdu.Mərd-mərdanə həqiqəti üzə deyirdi.Desin Əkrəm müəllim, biz qayıdaq lap əvvələ:
Əkrəm Cəfər alim idi. Lüğətində minlərlə söz vardı, ancaq “çoban”,” çilingər” , “fəhlə” sözləri yox idi.Hamıya insan kimi baxırdı, çocuqla çocuq, böyüklə böyük idi.Coşub-daşan təbiəti ilə öyrətmək həvəsi əsl harmoniya yaratmışdı.Tələbə sual verəndə alışıb-yanan gözləri, od tökən dodaqları ona bəzən qəribə görkəm də verirdi.Əsl ixtisası dilçilik olsa da, həm də böyük pedaqoq, ədəbiyyatşünas, həmçinin türkooq idi. Nizami, Dante, Əbdülhəqq Hamid, Füzuli, Şekspir, Sabir, Xəyyam, Müşfiq, Səməd Vurğun, Cəfər Cabbarlı və başqalarının dərin bilicisi idi.Gödəkboylu, ağbəniz, nurani, simalı, bəybura görkəmi ilə seçilən birisi idi.
Həkim Qəni deyərdi ki, üzündəki qırmızılıq skleroz, yəni qan damarlarının kirəclənməsi qocalıq əlamətidir.Əlbəttə, vaxtından tez qocalmışdı Əkrəm Cəfər.
-Necə qocalmayaydı ki?!
Sibir görmüş, məhbəs həyatı çəkmiş alim idi.Əkrəm müəllimin tutulmasına əslində çox adi bir məsələ səbəb olubmuş.1939-cu ilin aprelin 14-də evsizliyi barədə Stalin, Bağırov və Molotova teleqram vurur.Ertəsi gün Bağırov onu çağıtdırır:

-“Çem vı zanimaetes, nauçnım delom, ili demaqoqiey?!
-Yoldaş Bağırov, mən 19 ildir ki, evsizəm, yataqxanada yaşayıram.Nə vaxtacan dözmək olar?
Mən elmi işçiyəm, həm APİ-də, həm universitetdə, həm Akademiyada işləyirəm.Moskvadan Kaftanov yoldaş da teleqram vurub sizə bildirib ki, Əkrəm Cəfəri evlə təmin etmək mümkün deyilsə, azad edin, gəlsin Moskvaya, burada ona ehtiyacımız var.

-A kto takoy Kaftanov? İ on naverno takoy je podlets kak tı.
-Onun sinəsində Lenin ordeni var, yoldaş Bağırov”
-deyə Əkrəm Cəfər köksündə beş Lenin ordeni daşıyan Bağırova baxıb başını aşağı salır.

Bu cümlınin arxasında gizli və incə bir məna dururdu:
“Yəni əgər Kaftanov birqat əclafdırsa, sən beşqat əclafsan”
1942-ci ildə Əkrəm Cəfəri həbs edirlər.Maddəsi bu olur ki, siyasi boşboğazdır, partiya və hökumət əleyhinə danışır.8 il iş kəsilir.7 il yarım yatır, 1949-cu ilin iyulun -1 də azad olunur.Bakıya qayıtmaqdan ehtiyat edib özünü verir Gəncəyə.1949-cu ildə Gəncədə tutatut başlayır, qayıdır Bakıya.Sabunçu vağzalının yanında “Bukinist” mağazasında kitablarını satır.800 manat pul toplayır.Qılman Musayevin qardaşı Qurban onu görür:
-“Kaş o kitabları mənə sataydın”- deyir.

Qeyd: Qılman Musayev deyərkən yazıçı Qılman İlkini nəzərdə tuturam.

Əkrəm qaçır Türkmənistana.Türkmən dilini tədqiq edir, orta məktəblərin birində rusca dərs deyir.
Bir gün Mərv şəhərinin mədəniyyət parkında radio ilə alimimiz çıxış edir-Tolstoyun həyatı haqqında.Gənc bir oğlan, gərək ki, adı Fərman idi Əkrəmə yaxınlaşır.Ağlamsınaraq deyir ki, Bağırov ifşa olunub, onu həbs ediblər.
Fərəhdən, sevincdən Əkrəm titrəyir.Guya bəd xəbər gətirən Fərman şaşırır.Elə bilir alim üzüləcək, amma əks reaksiya ilə üzləşir.
Əkrəm Cəfər sevincdən “Ay bəri bax, Mircəfər” şeirini yazır.

Keçdi sənin günlərin,
Vay bəri bax, Mircəfər.
Türmədir indi yerin,
Hay bəri bax Mircəfər,
Vay bəri bax, Mircəfəng.

Əkrəm 1954-cü ildə fevralın 4- də Bakıya qayıdır.Pulsuz, işsiz-gücsüz…Əli çörəyə çatana kimi zillət çəkir.Səməd Vurğun alimin imdadına yetir.Onu Xaqani üçün kommentariya yazmağa yönəldir.7000 manat qonorar alan Əkrəmin çiçəyi çırtlayır.Bakıya qeydiyyata düşür.Nizami adına Ədəbiyyat İstitutunda, sonra Şərqşünaslıq İnstitutunda baş elmi işçi vəzifəsində çalışır.”Əruzun nəzəri əsasları və Azərbaycan əruzu ərəb, fars, türk, tacik və özbək əruzları ilə müqayisədə” adlı dissertasiyanı uğurla müdafiə edir.Filologiya elmləri doktoru olur. “Dilşünaslıq elementləri”, “Müasir Azərbaycan dili oçerkləri” kitablarının və bir çox tədqiqat əsərlərinin müəllifi Əkrəm Cəfər 1991-ci ildə haqqa qovuşur.Füzuli eşqi ilə yaşayan Əkrəm Cəfərə “yeriyən ensiklopediya” təbiri işlətmək istəməzdim.Çünki bu ifadəni çox alimə ünvanlayıblar.Elmdə kəramət sahibi olan Əkrəm Cəfərə “comərd adam” ifadəsi daha çox yaraşır.Zatən ona Əkrəm adını verən valideynləri alimi bu cür çağırmaq istəmişlər.Nəzərə alsaq ki, Əkrəm müəllim elmimiz üçün bir qənimət, bir əmanətdir, o zaman bizə də əmanətə sədaqət göstərmək qalır.
Elmimizin səadəti naminə!

(Araşdırmamda Əkrəm Cəfərin xatirələrinə,
Xəlil Rzanın, Vaqif Yusiflinin faktlarına, həmçinin şəxsi qənaətlərimə, mülahizələrimə söykənmişəm)

Bakı.
03.07.2024.

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir