
ARZU
(hekayə)
Səyyarə xanım indi müəyyən yaşa dolub. Xanım-xatın bir qadındır. Zahirən, batilən də gözəl bir xanımdır. Uşaqlıq illərində hərənin bir sərgüzəşti olur. Səyyarə xanımın da yada salınası xatirəsi var.
Deməli belə, Səyyarənin 10 yaşı olardı. 3, ya 4-cü sinifdə oxuyurdu. Bir gün dərsdə “Ana vətən” şeri keçilirdi. Müəllim motivasiya yaratmaq üçün uşaqlara sual verir:
-Kim deyər, dünyada bizim üçün ən əziz olan varlıq nədir?
Hamı bir ağızdan:
-Ana, – deyir.
Səyyarənin səsi gəlir:
-Dünyada bizdən ötrü ən əziz olan varlıq Arzudur.
Müəllim o biri suala keçir:
-Yaxşı, elə isə deyin: anadan başqa daha əziz olan nədir?
Hamı deyir:
-Vətən.
Səyyarənin dinmədiyini görən müəllim üzünü ona tutur:
-Hə, Səyyarə, sənin cavabın nə olacaq?
Səyyarə yenə də:
-Arzu, -deyir.
Müəllim Səyyarəyə yaxınlaşaraq onun saçlarını sığallayır, onu başa salmağa çalışır:
-Qızım, kimdən soruşsan, belə deyər: dünyada anadan və Vətəndən əziz heç nə ola bilməz. Sən də bunu bilməlisən. İndi de görüm, dünyada bizim üçün ən əziz olan nədir?
Səyyarə ayağa qalxaraq:
-Müəllim, Arzudur, -deyə təkrar edir.
Müəllim təəccüblə ona baxaraq:
-Əyləş, – deyir.
Yerinə qayıdan müəllim, başqa sualla sinfə müraciət edir:
-Hansı adlar həmişə bir yerdə çəkilir?
Uşaqlar:
-Ana və Vətən sözləri , -deyirlər.
Səyyarənin səsi gəlir:
-Arzu.
Müəllim suallarını davam etdirir:
-Bizim liderimiz kimdir?
Uşaqlar xorla bildirirlər:
-Lenin.
Müəllim Səyyarəyə baxır. Səyyarə tez:
-Arzu, – deyir.
Müəllim əsəbiləşir, direktoru çağırır, olanları deyir.
Öyrənməyə başlayırlar ki, bu uşaq niyə özünü belə aparır, hansı sual verilirsə, cavabında Arzu deyir.
Məlum olur ki, Arzu bunun qardaşıdır, təzə doğulub. Səyyarə qardaşını o qədər çox istəyir, ona o qədər bağlanıb ki, onun yanından aralanmaq, hətta məktəbə belə getmək istəmir. Bütün günü fikrində, xəyalında Arzudur.
Səyyarəni başa düşüb, onun xətrinə dəymədlər.
Olub-keçənləri yadına salan Səyyarə xanım gülümsədi. Daha uşaq deyildi. Bilirdi ki, qardaş da, bacı da çox sevilə bilər. Amma dünyada ən əziz olan ana ilə Vətəndir.
Bakı şəhəri, 10 aprel 2021-ci il.
Müəllif:Akif ABBASOV
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru