SÜLEYMAN ABDULLA və ZAMAN.

İNDİLƏRİN ŞEİRİ

Daha təsəllidən keçib, möhkəm ol,
Hər yeri basıbdır burda qəm indi.
Yer-göy qovuşubdur, bağlanıbdı yol,
Deyəsən qalacam səndən kəm indi.

Dönübdür dalğalar sinə dağına,
Görmür qarasına, baxmır ağına.
Ehtiyac qalmadı ağlamağına,
Hər tərəf çim sudur, hər yan nəm indi.

O qənim kəsilən var ha, qanıma,
Artıq fərqi yoxdur tanı-tanıma.
Ürəyin düşəcək gəlsən yanıma,
Müsibət həmindi, bəla həmindi.

Qorxudan öldürdü gözüm qurdunu,
Necə deyim axı vərə-vurdunu?!
Soruşma halımı, görmə yurdumu,
Dünyanın qopduğu yerdəyəm indi.

ÇIXIB HARA GEDƏK

Bu doğma torpaqdan,
bu əziz yerdən,
Elə soyudurlar adamı, elə.
Yolunda öləni yolçu günündə,
Ya mənəm qəribi, ya hamı elə.

Qalırsan içindən elə sən yana,
Alışır ürəyin, od tutur canın.
Hərə bir cür ölür çörəkdən yana,
Haqqını yeyənlə dolur dörd yanın.

Buzlayar ümidin, donar inamın,
Qar kimi içinə kürüyür canın.
Xəfifcə nəm çəkir nüfuzun, namın,
İtir sağlamlığın, çürüyür canın.

Keçdi turp əkməyə çox bəxtiyeyin,
Kim bizi qurtarar qəmdən, azardan.
Çıxıb hara gedək bu yaşda, deyin,
Bu vətən adlanan xarabazardan.

ÇOXLUĞUN ŞEİRİ

Daha bu ölkədən əl üzdüm mən də,
Diz qıran, yol kəsən, düz əyən çoxdu.
Səndən Tanrı olmaz, məndən də bəndə…
Adama qara gün diləyən çoxdu.

İtaət arama asi köləndə,
Birinə “var”, beşinə “yox” böləndə.
İnam kəsiləndə, ümid öləndə,
Ehsan əvəzinə haqq yeyən çoxdu.

Kef ilə dolanır həqiqət danan,
Zəlil günündədir doğrunu qanan.
Üz-üzə gələndə qaçıb yalmanan,
Sonra arxasınca söz deyən çoxdu.

Kim ki, Allah sanır sərvəti, pulu,
Vurur boynumuzu kafir üsulu.
Fağırın qənimi, zorlunun qulu,
Baş kəsib Qurandan don geyən çoxdu.

ƏKSLƏRİN ŞEİRİ

Ən sona kim qurub vaxtı,
Boş divara vurub vaxtı?
Ömrün-günün qürub vaxtı
Getmək küləyin əksinə…

Saxla vaxtı dolanları,
Qopart rəngi solanları.
Olmaz deyib olanları
Etmək küləyin əksinə…

Rast gəlibsə daş qayaya,
Uyuşmursa hesab saya.
Tüpürüb də bu dünyaya,
Yetmək küləyin əksinə…

Müəllif: SÜLEYMAN ABDULLA

SÜLEYMAN ABDULLANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir