
Mərdi qova-qova namərd eləyən
Dünyanı asmışam dar ağacından.
Sökürəm xəyanət ilmələrini,
Hörürəm köynəyin ar ağacından.
Köhnə divarları silkələyirəm,
Pıtraqlı yolları yelkələyirəm,
Dərdlərin tayasın övkələyirəm,
Örkənin asıram xar ağacından.
Çeşməsi qaynayan bulaq görürəm,
Nərgizin gözlərin oynaq görürəm,
Dərdlərdən silkinən torpaq görürəm,
Şərbəti çəkirəm nar ağacından.
Quşqonmaz sədləri yarıb keçirəm,
Həqiqət badəsin meytək içirəm,
Ölümə sərhədsiz kəfən biçirəm,
Ərməğanı gəlir Yar ağacından.
Müəllif: Naibə YUSİF
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru