Rafiq Yusifoğlu – BU YAZ SABAHINDA

BU YAZ SABAHINDA

Sirli bir aləmdi insan fitrəti,
Bir təmiz məhəbbət dərdə əlacdı.
Bu yaz sabahında qəlbim titrədi,
Axır ki, sən mənə könlünü açdın…

Həsrətin əlinə keçibdir yaxan,
Köksündə nə qədər ağrı, acı var!
Sənin ürəyinin gizlicə çaxan
Sevgi şimşəyinə ehtiyacı var…

Sanma xəbərsizəm umacağından,
Baxışın qəlbimə olubdur açar.
Bircə köz götürsəm eşq ocağından
Sevdalı gözlərin qığılcım saçar…

Mizraba həsrətdi qəlbinin simi,
Məlhəmsən köksümə çəkilən dağa…
Elə utancaqsan, bənövşə kimi
Kol dibi gəzirsən daldalanmağa…

Qoymaram kimsəni dəyə xətrinə,
Sönməsin sevilmək, sevmək həvəsin!
Ciyərim həsrətdi çiçək ətrinə,
İsti yaz yelidi sənin nəfəsin…

Gül qoxusu gəlir aylı qoynundan,
Sənə bir kimsəni yaxın qoymaram.
Bənövşəyə bənzər zərif boynundan
Gecə səhərəcən öpsəm, doymaram…

Xəyal dünyasında salmışıq binə,
Sevənə neyləyər qoruq-qadağa?!
Sənin məhəbbətlə dolu qəlbinə
Sevdalı ürəyim olsun sadağa!

06.03.2018

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir