QƏLƏBƏ KÖYNƏKLİ AĞDAM
Müqəddəslik yatır hər qarışında,
Övliya nuru var adi daşında.
Tanrı işığısan yurd yaddaşında,
Belini qırmısan fələyin, Ağdam.
* * *
Gördüm yağı bagrın yaranlarınï,
Vüsala qovuşan yar anlarını.
Köksünü üşüdən yaralarını,
Vətən oğulları bələyib, Ağdam
* * *
Yollar misra-misra açıb sinəsin,
Sözləri kövrəlib Qulu Ağsəsin.
Zəfər torpağına sərib nəfəsin,
Arzusu çin olmuş ürəyin, Agdam.
* * *
Bitib yaxasında qönçə ürəyin,
Neçə ürəklərdən keçən ürəyin.
Ruhuna səpilib neçə ürəyin,
Bu zəfər ətirli diləyin, Ağdam.
* * *
Torpaqda buğlanır şəhid nərəsi,
Bax,Aqil Abbasın coşub həvəsi.
Məzarda kövrəlib Qədirin səsi,
Gəl,ovut bu qəlbi kövrəyi, Ağdam.
* * *
Torpağın bələnib şəhid ətrinə,
Daha dəyə bilməz kimsə xətrinə.
Şükür alnındakı Tanrı sətrinə,
Geymisən əyninə qələbə köynəyi, Ağdam.
Müəllif: Ülkər NİCATLI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru