AKİF ABBASOV – BİLİM Kİ ADAMSAN

AKİF ABBASOVUN YAZILARI

BİLİM Kİ ADAMSAN
(hekayə)
Toğrulun rayon mərkəzində işlədiyi müəssisə idimi, təşkilat idimi, hər nə idisə bağlanmışdı. O da qalmışdı işsiz-gücsüz. O, kənddə yaşayırdı. Rayon mərkəzinə gedib-gəlmək heç də ürəyincə deyildi. Yol ölçmək özünə qalırdı. Aldığı qəpik-quruş idi. Odur ki, fikirləşdi ki, elə ən yaxşısı evinin içində – kənddə bir işin qulpundan yapışsın. Rayon mərkəzinə gedib-gəlmək üçün xərclədiyi pul da cibində qalar. Günorta naharını da evində yeyər, izafi xərci çıxmaz.
Odur ki gəldi kənd icra nümayəndəsinin yanına:
-Bir iş versəydin, işləyərdim. Rayon mərkəzinə gedib-gəlməkdən xəstəlik tapmışam. Bunun qışı, soyuğu, yayı, istisi var. Yol maşını gözləməkdən adamın gözünün kökü saralır. Şaxta bədəninə işləyir, yayda da gün başını deşir.
İcra nümayəndəsi quru adam idi. Tez rəsmiyyətə saldı:
-Bir arayış al, gətir ki, işsizsən, heç yerdə işləmirsən.
Toğrul çaşıb qaldı:
-Arayış?
Çiyinlərini çəkib soruşdu:
-Hardan alım? Dedim işləmirəm axı…
İcra nümayəndəsi əlini yelləyib işi ilə məşğul oldu:
-Arayışsız mümkün deyil.
Toğrul:
-Kimdən alim? De, gedib alım, gətirim.
İcra nümayəndəsi başını qaldırmadan hansısa sənədə möhür vura-vura:
-Bu sənin problemindir, mənim yox.
Toğrul onu dilə tutmağa çalışdı:
-Əzizim, burda nə var ki?! Arayış nəyə lazım? Kimdən soruşsan, deyəcək həqiqətən heç yerdə işləmirəm. Sən özün də kənd əhlisən. Özün də bilirsən ki, işləmirəm.
İcra nümayəndəsi əlini saxladı, bir qədər mülayim:
-Bilirəm işləmirsən, – dedi. -Amma bu hökumət kağıza inanır, sözə yox.
Xahişindən, dil tökməyindən kar aşmadığını görən Toğrul:
-Yaxşı, – dedi, -onda, sən də bir arayış yaz, ver mənə ver ki, sən adam deyilsən.
Bu dəfə icra nümayəndəsi çaşıb qaldı, dik ayağa qalxdı:
-Bu nə danışıqdır? Məni dolayırsan?
Toğrul əsəbi:
-Yaz. Niyə yazmırsan? Arayış yaz, mən də inanım ki, sən doğrudan da adam deyilsən. Heç adamlıqda yerin yoxdur… Adam dolayan da sənsən, mən yox.
İcra nümayəndəsi başını aşağı salıb dinmədi. Toğrul bilmədi ki, o, öz hərəkətindən utanıb başını aşağı dikib, yoxsa yenə Toğruldan arayış tələb edəcək.
Bakı şəhəri, 14 yanvar 2022-ci il.

Müəllif:Akif ABBASOV

AKİF ABBASOVUN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir