AKİF ABBASOV – MUSTAFA KAMAL ÇANAQQALA DÖYÜŞLƏRİNDƏ

 ÇANAQQALA ZƏFƏRİNİN 107-ci İLDÖNÜMÜ

Çanaqqala döyüşləri Osmanlı ilə Antanta dövlətləri arasında 1915-ci il martın 18-dən 1916-cı il yanvarın 9-dək davam edən dəniz və quru müharibəsidir.  Bu qanlı savaşda  minlərlə azərbaycanlı iştirak etmiş, üç mindən çox azərbaycanlı  şəhid olmuşdur.

  Çanaqqala döyüşlərində Osmanlı ordusu 250 min şəhid versə də, Çanaqqala boğazını keçilməz etmişdir.

AKİF ABBASOV

MUSTAFA KAMAL ÇANAQQALA DÖYÜŞLƏRİNDƏ

                (“Samsundan başlanan yol” romanından)

Mustafa Kamal vaxt itirmədən Gelibolu yarmadasına yola düşdü. 1915-ci ilin yanvar ayının ortaları idi. O, yarımadada yerləşən Tekirdağ şəhərinə gəlib on doqquzuncu diviziyanı təşkil etməyə başladı.

 Fevral ayının 25-də bu diviziya yerini dəyişib Maydosa (Ejeabada) köçdü. Bu şəhərlər yarımadada Dardanel (Ağ dəniz) boğazı hövzəsində yerləşirdi. Burada Mustafa Kamal sərəncamında olan diviziyadan başqa həm də ikinci piyada alayını və bir sıra topçu birləşmələrini də tabeçiliyinə aldı. Beləliklə, o, Maydos hərbi dairəsinin komandanı oldu.

Yarımada narahat günlərini yaşayırdı. Martın 18-də ingilis donanması Çanaqqala  boğazını keçməyə cəhd etdi. Bunu görən sahil topçuları onları şiddətli atəşə tutdular. Düşmən ağır itki verdi, lakin öz niyyətindən əl çəkmədi. İngilislər yarımadaya desant çıxarmaq fikrində idilər. Türk ordusu bundan vaxtında xəbər tutdu.

            Geliboluda beşinci ordu yaradılmış və alman generalı Liman fon Sanders ordu komandanı təyin olunmuşdu. O, ingilis həmlələrinin qarşısını almaq üçün ordu qüvvələrini üç qrupa bölmüş və onları təlimatlandırmışdı.

Mustafa Kamalın komandanlığı altında olan birləşmələr ehtiyat qüvvə kimi dayanıb dururdu. Baş plana əsasən, Mustafa Kamalın diviziyası aprelin 18-də Tümeni və Bıqalı şəhərlərinə doğru hərəkət etdi.

         İngilislər axır ki, öz planlarını həyata keçirdilər və aprelin 25-də Çanaqqalada Səddülbahir və Arıburnu bölgəsində desant çıxardılar. İlk desant dəstələri Mustafa Kamalın ordusu yerləşən ərazidə gözə dəydi. Bunu görən Mustafa Kamal tez qoşunları Bıqalıdan Conkbayıra köçürdü. İngilis ordusu Arıburndan Conkbayıra doğru irəliləyirdi. Lakin elə həmin gün bu qüvvələr on doqquzuncu diviziyanın həmləsinə tuş gəlib geri oturduldu. Ordu komandanı general Liman fon Sanders əməliyyatı müvəffəqiyyətlə həyata keçirdiyi üçün Mustafa Kamala öz təşəkkürünü bildirdi. İyun ayında Mustafa Kamala albaylıq  rütbəsi verildi.

Atatürk Çanaqqala döyüşlərinin qəhrəmanı Koca Seyidi yadına saldı. Koca Seyid evli idi, bir qızı da doğulmuşdu. Qayğıya ehtiyacı olan qoca ata-anası vardı. Bir sözlə, evdə-eşikdə lazım idi, öz ailəsinin, arvadının, körpə qızının yanında olmaq, valideynlərinə həyan durmaq üçün. Fəqət Osmanlı Türkiyəsi ağır gündə idi. Belə bir zamanda evdə, isti ocağın qırağında oturub qızınmaq kişilikdən deyildi. Odur ki Koca Seyid könüllü orduya yazılıb, cəbhəyə yollandı. Bu, 1909-ju ilə təsadüf edirdi. Üst-üstə doqquz il orduda xidmət etdi. Düz doqquz il evindən-eşiyindən ayrı düşdü, ailəsində baş verənlərin birindən xəbər tutdusa, digərindən xəbər tuta bilmədi, başqa bir xəbəri də ondan gizlətdilər.

         Bu doqquz ilin içində neçə dəfə yır-yığış elədi ki, tərxis olunub evə qayıdır, hər dəfə bir iş çıxdı və o, əsgəri xidmətini başa vura bilmədi. Gah Balkan müharibəsi, gah Ədirnə fəthi oldu. Nəhayət, gəlib min doqquz yüz on dördüncü il yetişdi. Birinci dünya müharibəsi başlandı. Belə məqamda ordudan tərxis oluna bilərdi?! Çanaqqala qan ağlayırdı. Koca Seyidi Çanaqqalaya göndərdilər: “Orada sənin kimi igidlərə ehtiyac var. Get, düşmənin anasını ağlat!” – dedilər.

Çanaqqala cəhənnəmi xatırladırdı. Fransız qoşunları, ardınca da ingilis ordusu boğaza girmişdi. Ətrafa od saçırdılar. Bu dövlətlərin nə qədər desən silahı, topu-tüfəngi, canlı qüvvəsi vardı. Saya-hesaba gəlməzdi. “Kraliça Yelizaveta” və “Okean” hərb gəmiləri atəşə ara vermirdi. Türk əsgərləri və zabitləri düşmən donanması ilə qeyri-bərabər döyüşdə müqavimət göstərməkdə idilər, geri çəkilmək barədə fikirləşməyi belə özlərinə ar bilirdilər. Bu zaman bir top mərmisi döyüşçülərin lap yaxınlığında partladı. Havaya sovura bildiyini havaya sovurdu, sovura bilmədiyini yerə çırpdı. Yerin altı üstünə çevrilmişdi. Türk topları və əsgərlər torpağın altında qalmışdılar.

Onbaşı Koca Seyid özünə gələndə gördü ki, onu yarıyadək batdığı torpaqdan dartıb çıxarmaq istəyirlər. Özü də hərəkətə gəldi və birtəhər qurtuldu. Koca Seyid nə hadisə baş verdiyini anlamaq iqtidarında deyildi. Ətrafa baxdı. Nə əsgərlər, nə də zabitlər gözə dəyirdilər. Gözlərini dolandırıb yerdə uzananlara və şiddətli ağrıdan qıvrılanlara nəzər saldı. Saymağa başladı. Artıq döyüş yoldaşlarından on dördü həlak olmuşdu. İyirmi dörd yaralı vardı. Toplar torpağın altında qalmışdı. Bu cəhənnəmin içərisində fransız və ingilis donanması ilə üzbəüz vur-tut üç nəfər döyüş qabiliyyətli adam qalmışdı: biri batareya komandiri yüzbaşı Hilmi bəy, biri Niğdeli Əli, biri də Koca Seyid.

Fransızların “Okean” hərbi gəmisi atəş açmaqda davam edirdi. Türklərin topları sıradan çıxmışdı. Onbaşı Koca Seyid gedib birər-birər yoxladı. Yalnız bir top salamat qalmışdı, fəqət onun da vinci qırıq idi. Koca Seyid dilxor oldu, lakin inamını itirmədi, Allahdan imdad dilədi.

Bir qədər aralıda top mərmiləri vardı. Amma onun hər hansı birini qaldırmaq tək adamın işi deyildi. Yoldaşlarında da hey qalmamışdı ki, mərmiyə yaxın düşə bilsinlər. Gözlərinin qarşısında neçə-neçə say-seçmə igid, cavan əsgər yoldaşının öz canını tapşırması, o birilərinin isə yarımcan uzanıb yerdə qalması, Vətəninə olan sonsuz sevgisi, düşmənə nifrəti Koca Seyidin damarlarında axan qanı coşdurdu, ona sanki əlavə can, güc və qüvvət verdi. Ata-anasını, balaca qızını, arvadını gözləri önünə gətirdi: “Bu ingilislər, bu fransızlar basa-basa o uzaqlıqda yolu ona görə gəliblər ki, torpaqlarımızı tutub, bizi özlərinə kölə etsinlər? Ay siz öləsiniz!”

            Onbaşı Koca Seyid irəli yeridi. Yüzbaşı Hilmi bəy onun niyyətini başa düşüb:

– Seyid, tək nəfərin işi deyil, – dedi. – Özünü gücə salarsan, belin sərpər, ömrün boyu sürünə-sürünə qalarsan. Çəkil, onsuz da qaldıra bilməyəcəksən. Əli ilə mən də yaralı, əlimizdən bir iş gəlmir.

Koca Seyid özünə inamlı:

– Siz narahat olmayın. Hər halda cəhd eləyim, bəlkə alındı. Həm də gözümüz baxa-baxa necə yol verə bilərik ki, düşmən torpaqlarımıza soxulsun, arvad-uşağımıza əl atsın, babalarımızın gorunu söysün. Allah mənə o günü göstərməsin. Düşmən yalnız mənim meyitimin üstündən keçib Vətən torpağına ayaq basa bilər.

Top mərmilərinin hər birinin ağırlığı 275 kiloqram olardı. Koca Seyid bir anlığa yerində dondu. Anasından öyrəndiyi duaları oxudu, Allahını səslədi, ona güc-qüvvət verməyi xahiş etdi. Sonra yerə əyilib top mərmisini qaldırdı. Hiss etdi ki, sümükləri şaqqıldayır. Fikirləşdi ki, indi sümükləri bir-bir qırılacaq. Fəqət onların heç biri sınmadı. Koca Seyid gözlərini qaldırıb Vətənin göylərinə, gözlərini endirib Vətənin torpağına baxdı. Necə də böyük, qüdrətli, gözəl, füsunkar, doğma idi Vətən! Koja Seyid güc aldı, qüvvə topladı: “Ya Allah!” – deyib mərmini qaldırdı. Topa sarı gedib yerində oturtdu. Atəş açdı.

Fransız gəmisi qəh-qəhə çəkir, onun acizliyinə gülürdü. Koca Seyid ikinci mərmiyə güc elədi. Zor-bəla ilə, ayaqları bir-birinə dolaşa-dolaşa topa sarı apardı… Atəş açdı. Bu səfər ingilis gəmisi şaqqanaq çəkirdi.

Yüzbaşı Helmi:

– Seyid, özünü həlak edəcəksən!

Niğdeli Əli də öz növbəsində:

– İndi buraya bir mərmi atarlar, bizi də göyə sovurar, – dedi.

Koca Seyid hirsindən qaraldı:

– Deyirsən can bəsləyək?

O, israrlı idi. Top üçüncü mərmini də ağuşuna aldı. Yüzbaşı Helmi ilə Niğdeli Əli təəcüb qalmışdılar. Koca Seyiddə bu qədər güc haradan idi?

          Onbaşı Koca Seyidin artıq nə qollarında, nə ayaqlarında, nə də dizlərində taqət qalmışdı. Bir anlığa dincini aldı, əlinin ardı ilə tərini silib, yenə böyük yaradanı köməyə çağırdı: “Ya Allah!!!”

Atəş açdı.

Fransızların nəhəng gəmisi dənizdə ləngər vururdu. Onu alov bürümüşdü, göyərtədə bir çaxnaşma düşmüşdü ki, gəl görəsən. Gəmi yerində fırlanır və ətrafa atəş yağdırırdı. Atəş açdınca ətrafdakı fransız gəmilərinə itkilər verirdi. Bir müddət sonra yavaş-yavaş batmağa başladı.

Təhlükə sovuşdu. Cəbhədə dönüş oldu. Koca Seyidin qəhrəmanlığı dillərə düşdü. Dəniz donanması komandanı Cavad paşa düşmənə sarsıdıcı zərbələr vuran Məcidiyə batareyası döyüşçülərinə baş çəkməyə gəldi. Onlar bir neçə nəfər idi. Özləri ilə fotoqraf gətirmişdilər. Şəhidlərin dəfni ilə bağlı göstəriş verildi. Yaralılar dərhal hərbi xəstəxanaya yola salındılar. Cavad paşa yüzbaşı Hilmi bəy Əli və Koca Seyidlə görüşdü. Üzünü Koca Seyidə tutaraq:

– Seyid əfəndi, indi anlat o ağırlığında top mərmilərini necə qaldırıb atəş nöqtəsinə gətirə bildin?

Koca Seyid çiyinlərini çəkdi:

– Bilmirəm, paşam, vallah bilmirəm.

Cavad paşa fotoqrafa işarə etdi ki, yaxın gəlsin:

– Seyid əfəndi, indi o mərmilərdən birini qaldır, sənin şəklini yapsın. Xalqımız da, düşmənlər də görsün ki, bizdə necə igid oğullar var.

           Koca Seyid nə qədər əlləşdisə, mərmini yerindən tərpədə bilmədi. Pərt oldu, tər onu basdı. Belini dikəltdi. Əllərini yanlara açdı, yəni bacarmadım.

Cavad paşa:

– Bir daha, yenə cəhd et, – deyə dilləndi.

Fəqət yenə alınmadı.

Cavad paşa təəccüb içərisində soruşdu:

– Bu nədən olur, Koca Seyid? Mərmini qaldırırdın, indi isə qaldıra bilmirsən. Bunu necə başa düşək? Bəs sənin şəklini necə yapaq? Əcəb işdir…

Koca Seyid yadına salmağa çalışaraq:

–  Paşam, həmin hissləri yenidən yaşasaydım, mərmini bir daha qaldıra bilərdim. Sirr bunda imiş…

Həmin gün Koca Seyid mərmini yenidən qaldırıb əllərində tutdu. Onun şəklini çəkdilər. Fəqət mərminin içərisi boşaldılmışdı ki, onu qaldırmağa Koca Seyidin gücü çatsın…

Mustafa Kamal xəyaldan ayrıldı. Rəşad Nuri Güntəkinin “Çalıquşu” romanı dizinin üstündə idi. Vərəqləyib 23-cü səhifəni açdı və oxumağa davam etdi. O, Çanaqqala döyüşlərindən əvvəl “Çalıquşu” romanını mütaliə edərdi.

Vaxt gələcəkdi alman ordusunun şanlı-şöhrətli generalı Liman fon Sanders öz ixtiyarında olan bütün hərbi qüvvələrin komandanlığını Mustafa Kamal paşaya təslim edəcəkdi. İndi isə hələlik Otto Liman fon Sanders buralarda at oynadırdı.

Müəllif: Akif ABBASOV
Pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim.

AKİF ABBASOVUN YAZILARI

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.