
TALEYİMƏ DÜŞƏN PAYI YAŞADIM…
Taleyimə düşən payı yaşadım,
Bundan artıq nə gələr ki, əlimdən.
Haqq deyirlər, qaçmaq olmaz, neyləyim,
Qismət adlı bir çəlimsiz ölümdən.
* * *
Hərə bir cür bədbəxtidi dünyanın,
Gətirməyən bəd bəxtidi dünyanın.
Xatirələr tac-təxtini dünyanın
Qurtarmazmı birdəfəlik zülümdən?
* * *
Həsrət nədir, Mövlud bilir, sən istə,
Çəkildikcə qalaqlanır üst-üstə.
“Alın yazım qismətimdir”–bu səs də
Ömür boyu düşməyəcək dilimdən.
16.01.2023. Bakı-Quba.
VAR…
Bu yuxunun gerçək adlı tərsi var,
Bu yuxuda ölüm dadı, tamı var.
Bu yuxumu istəmirəm çin olsun,
Bu yuxunun zəhər dolu camı var.
* * *
Kim gətirdi bu yuxunu yuxuma?
Qəm çiləndi, dərd ələndi ruhuma.
Bu yuxunun yozumunu oxuma,
Bu yuxunun pərvanəsiz şamı var.
* * *
Hər anında bir ömürlük xatirə.
Xəyalları, xülyaları gətirər.
Bu yuxuda Mövlud özün itirər,
Bu yuxunun üstü torpaq damı var.
2.03.2023. Zərdabi.
QOŞMA
Hər ağızın bir avazı, duası,
Kəramət var, inayət var, sözüm var.
Öz özünə bağışlanmaz günahlar,
Məlamət var, qiyamət var, közüm var.
* * *
Aşiqlərin yoxmu məgər dərdləri,
Göz yaşları uçurmazmı bəndləri?
Necə keçim bu keçilməz sədləri,
Mətanət var, dəyanət var, dözüm var.
* * *
Əssə əgər qara yellər dövrana,
Dağ çəkilər sinəsindən dörd yana.
Bağlayıban atın dərin zindana,
Həqiqət var, hidayət var, düzüm var.
* * *
Dünya, Mövlud, yaranışdan ələnir,
Gələni də, gedəni də bələnir.
Adəm oğlu Xaliqinə silənir¹,
Nəhayət var, bidayət var, lüzüm var.
1. burada qovuşmaq
7.03.2023. Zərdabi.
GETDİ
(yarızarafat)
Köhnəlib, ay lələ, öyüd-nəsihət,
Təzəsi bir anda bilindi getdi.
Yenicə modalar çıxıb meydana,
Köhnəsi-kürüşü ələndi getdi.
* * *
Fələk addım-addım atır addımın,
Öz adı yadından çıxır adamın.
Nə dadın bilirik, nə də ki, tamın,
Çatıb-çatdırmamış il indi getdi.
* * *
Çətin gəncliyimə bir də qayıdım,
Özümü yatdığım yerdə oyadım.
Taleyimə düşən bəxtdən yayındım,
Heyif yazdığıma silindi getdi.
* * *
Mövludun bəxtinə düşüb beləsi,
Yığılıb, hazırdı şələ-şüləsi.
Gedəcək, bir daha çətin gələsi,
Döz də ayrılığa gəl indi, getdi.
9.03.2023. Zərdabi.
BİRDİR
Sirlə dolu bir düyünü,
Açma, sirri pünhan birdir
Kilidlənib axıracan,
Cəhd eləmə, açan birdir.
* * *
Sığınmışam dühasına,
Dərd gətirən davasına.
Vallah, bu qəm havasına,
Ha alovlan, ha yan, birdir.
* * *
Tərif etmə bu gərdişi,
Tərk edib Mövlud vərdişi.
Əzrayılın yoxdu işi?
Can alacaq, o can birdir.
31.12.2022. Zərdabi.
İTİRƏM
Bəzən olur, xatirələr qarışır,
Daş yaddaşım iz, içimdə itirəm.
Dünya məni kölgəsində gizlədib,
Özüm sanki öz içimdə itirəm.
* * *
Kaş görəydim kimliyimi geridə,
Nələr qalıb o günlərdən bəridə.
Xəyallarım buz ömrümü əridə,
Alovlanır köz içimdə, itirəm.
* * *
Taleyimə qəm dəftəri yazılıb,
Çəkildikcə ötənlərim azalıb.
Deyir, Mövlud öz payına az alıb,
Həsrətinə döz içimdə itirəm.
9.12.2022. Zərdabi.
QOŞMA
Ala gözlüm, həsrət bir şey deyil ki,
Çəkmək ilə qurtarmaqdı qorxusu.
Nə xəyalın gəlsin yaxın, nə də sən,
İstədiyim tək bənövşə qoxusu.
* * *
Düşməyəsən dərdin dərin dibinə,
Nə bilirsən dərd üzü nə, dibi nə?
Hər görəndə dərdin səni sevinə,
Qalxa bilsin ərşə dərdin yuxusu.
* * *
Mövlud deyır, yalan acı, düz acı,
Dərd gətirər gülüş acı, söz acı.
Elə bil ki, təkcə mənəm möhtacı,
Nə gizlədim, belə deyir çoxusu.
25.02.2023. Zərdabi.
MÜƏLLİF: Mövlud AĞAMMƏD
Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru