TƏNHA ANA
Soyuq divar sıxır səni,
Yalqız, tənha olan ana.
Bir ailənin yükün çəkən,
Özünə yük olan ana.
Oğlun, qızın gəzir Çində,
Nə əkində, nə biçində.
Ürək yanar hey içində,
Boynu bükük olan ana.
Arzuların qatar-qatar,
De istəyin kimə çatar?
Əynindəki nimdaş paltar,
Sökük-sökük olan ana.
Xəyal enib zirvələrdən,
Səs gəlməyir nəvələrdən.
Ötən vaxtdan, vədələrdən,
Ömrü çürük olan ana.
Nələr deyir köhnə şəkil,
İndi tənha saçıl, tökül.
Özün məhkum, özün vəkil,
Bölük-bölük olan ana.
Anam, gələr xoşbəxt zaman,
Tanrı verər fürsət, aman.
Yaradandı sənə yanan,
Dərdi böyük olan ana.
Müəllif: Rahilə QARALOVA
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru