Qəşəm İsabəyli – EHTİRAS


EHTİRAS

Narkotik ittihamıyla Vüsal adlı ucaboy, yaraşıqlı cavan bir kişini həbs eləmişdilər. Yaşdaş olardıq. İş gəlib çıxmışdı stolumun üstünə, – qərar verməliydim. Axşama yaxın katibə bir ərizəylə girdi otağıma. Baxdım ki, Vüsaldı, görüş istəyir.
–Cənab prokuror, mənə nə qədər iş görünür?
–Basın daşdan-daşa dəyib, bilməmiş olmazsan.
–Mən axı narkotik alverçisi deyiləm. Gizləmirəm, istifadəçi olmuşam. Vallah, onu da tərgidirdim.
–Burda istifadəçi və satan kimi sənədləşdiriblər.
–Nəyə deyirsiniz and içim, narkotik satan deyiləm. Şərləyiblər məni.
–Ocağı alışmamış söndürməliydin.
–Gücüm çatmadı.
–Hər halda narkotik çəkmisən!
–Onda gərək Amerikada gündə on min adamı tutub basalar dama.
–Niyə?
–Orda narkotikdən istifadə eləmək qadağan deyil.
–Ora Amerikadı, orda qanun var…
–Məni bağışlaya bilməzsiniz, cənab prokuror?!
–Bilərik.
–Hansı şərtlə?
–Qanunu pozmaqla.
–Pozun da.
–10 minin olsa, əlbəttə…
–10 minim olsaydı, burda nə gəzirdim?!
–İşinə bax.
–Bir təklifim var, amma… – dayandı.
–Təklifini de.
–Mənə “qeyrətsiz” deməzsiniz?
–Təklifini de.
–Barter əməliyyatı edə bilərik?!
–Burda əmtəəlik nə var ki?!
–Dirigözlü insan verə bilərəm sizə.
–Quldarlıq dövrü çoxdan keçib?!
–Cənab prokuror, vallah, heç nə dəyişməyib, elə alver alverdi.
Diqqətlə gözlərinin içinə baxdım.
–Bacımı verə bilərəm.
Belə təkliflər məndən ötrü göydəndüşmə olmadığı üçün sakitcə soruşdum:
–Sən yaşda adamın bacısı cavan olmaz.
–Kiçik bacımdı, ərə də getməyib, 22 yaşı var. Mənim bu hərəkətimi qəbahət say¬ma¬yın. Tarixdə belə ha¬disələr çox olub. Hətta şahlar belə başı salamat qalsın deyə, həyat yoldaşını üsyan başçısına bağışlayıb.
İş gününün sonuna yaxın katibə mesaj yolladı mənə: “Bir qız gəlib.”.
“Buyursun.”.
Gözəl bir qız girdi içəri. Kimliyini bilsəm də, söhbətə bəhanə üçün soruşdum:
–Kimsən, adın nədi?!
Başını aşağı saldı.
–Vüsalın bacısı deyilsən ki?!
Üzümə baxıb, gözünü yerə dikdi.
Qız xoşuma gəlsə də, Nəsirəddin Tusinin “Axırı ziyan gətirən xeyirdən qaç” fikrini yadıma salıb, qorxdum:
–Get, bala, bu iş sənlik deyil.
Qız başını dik qaldırıb, heyrətlə üzümə durdu:
–Gedə bilmərəm!
Mat qaldım:
–Niyə?!
–Qardaşım başımı kəsər!
Gülümsədim:
–Qardaşını gedər-gəlməzə göndərərəm!
–Allah eləməsin!
Zəngi basdım:
–Qızı yola sal.
Deyərdim ki, qız candərdi çıxdı otaqdan.
Səhəri günü təzəcə işə başlamışdım ki, mesaj gəldi: “Cənab prokuror, bir xanım görmək istəyir sizi.”.
Cavanlar kimi “Ok”. yazdım.
Qapı açıldı, Əsl Şərq xanımlarına məxsus bir gözəl girdi içəri, – ucaboy, dolubədənli, kök demək olmazdı, çatmaqaş, yumrusifət. Yanaqları da… Elə bil gülöyşə narını dənələyib yeyəndən sonra şirəli əlini çəkmişdi yanaqlarına.
Bunu da qıza verdiyim mənasız sualla qarşıladım:
–Kimsən, adın nədi?!
–Vüsalın həyat yoldaşıyam, adım da Mələkdi.
Gözəlliyi qarşısında özümü saxlaya bilmədim:
–Doğrudan da mələksən!
–Nə olsun, bəxtim ki, mələk deyil!
–Bəxt yazanın qadasını alım, itə mələyi yazır, mələyə iti.
Dinmədi.
–Öz istəyinlə gəlmisən?!
–Əlbəttə… yox.
–Onda burda nə işin var?!
–Göndəriblər!
–Könülsüz tikə boğazdan keçməz. Gedə bilərsən!
Gəlin həyəcana düşdü:
–Yox-yox, nə danışırsınız, gedə bilmərəm?!
–Niyə?!
–Vüsal başımı kəsər!
Elə səhəri günü bu Şərq gözəliylə bağ evimdə görüşdüm. Hətta həyat yoldaşının azadlıq istəyini bir ay da gözündə qoydum. Mələkdən doya bilməsəm də, verdiyim sözə əməl eləməliydim. Həpsxanadan çıxan günü Vüsal prokurorluğa da gəlmişdi ki, təşəkkürünü bildirsin mənə, qəbul eləməmişdim.


Az qala hər həftə Mələklə görüşürdük. Hiss eləyirdim ki, məndən razı qalır. Bacardığım qədər səxavətlə yola salırdım. Amma pis bir cəhəti vardı – çıxarırdım ki, pul ve¬rəm, əlimdən qapırdı.
5-6 aydan sonra gördüm həyat yoldaşım mənə çəp baxır. Bir gün də səsini atdı başına:
–Özgəsinin haramıyla günlərin necə xoş keçirsə, evdə halalına hünərini göstərə bilmirsən!
–Bu nə sözdü, ay qız?!
–Həqiqət!
–Bəlkə “böhtan” demək istəyirsən?!
–Yadında saxla ki, yerin də qulağı var!
–Qulağı var, dilini də göstər.
–Dili qarnımdadı, darıxma, tezliklə şoka düşərsən, inşəllah!
Barmağımı dişlədim.
–Küpəgirən səni yoldan çıxarıb!
–Hansı küpəgirən?!
–Süpürgəçini deyirəm, Nailəni, pinti köpəkqızıydı, qovmuşam bağdan, o da mənə böhtan atıb.
Həyat yoldaşım mənalı-mənalı üzümə baxıb, şaqqıldayıb güldü.
–Bu nə gülüşdü, ay qız?!
–Niyə tələsiyirsən, səsini eşitdin, dadını görərsən?!


Bir gün də işdən qayıdanda, baxdım ki, Lələ köçüb, yurdu qalıb – nə arvad, nə uşaq.
–Sədaqət!
Qulluqçu yerdən çıxmış kimi qarşımda dayandı.
–Hanı Sevinc, hanı Murad?!
–Siz evdən çıxan kimi, Sevinc əlində çemodan, uşagı da alıb yanına, getdi.
–Bilmədin ki, hara getdilər?
–Ha soruşdum, demədi.
Fikir məni götürdü.
Qonaq otağına girəndə ilk gözümə dəyən seyf oldu. Kodu yığıb, qapısını açdım.
–Oh!… – dizi üstə çökdüm. –50 min dollar və zinət əşyaları yoxa çıxmışdı. Üstəlik də 10 ildən sonra qırx qurbanla tapdığımız yeganə oğlumuz.
Bir həftə özümdə-sözümdə olmadım. Bir gün Türkiyədən mesaj gəldi telefonuma: “Sən də adını kişi qoy¬mu¬san. Hünərin-zadın da yox idi, ay yazıq. Hardan olaydı ki, onun-bunun arvadıyla yatıb-dururdun. İndi baxıram, mən ərdə olmamışam ki! Ərin nə olduğunu indi görürəm! Uzun sözün qısası, Mələyə salam deyərsən!
Başımı elə itirmişdim ki, Mələyin kim olduğu da yadımdan çıxmışdı:
–Mələk kimdi?
–Vüsalın keçmiş həyat yoldaşı!
–Vüsalın…
–Bəli, Vüsalın.
–Vüsalı hardan tanıyırsan?!
–Niyə də tanımayım?! O, indi mənim həyat yoldaşımdı…
Telefon əlimdən düşdü.
05-07.10.2023

Müəllif: Qəşəm İsabəyli

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir