
Mənim kiçik nağılım
Sən mənim kiçik nağılım
Nənədən, babadan
Dovşandan, ayıdan
Qaçan qoğalım…
Elə elə ki, axırda
Sarı tülkü yeməsin Səni
Sən mənim
Qapı döyülən kimi
Qapını açan Məngülümüm
Bəzən canavarın qarnı kimi
Dar olur həyat…
Onda Ana keçi köməyə gəlir
Sənə “can” deyib ana səsi
Çıxaranlar
Ətini, canını yeməyə gəlir…
Sən mənim kiçik nağılım
Yalan danışanda
Burnu uzanan Pinokyom
Oğul ən çox kimə
Yalan danışar bilirəm…
Amma Pinokyonu
Balinanın qarnından
Atası xilas eləmişdi…
Bəs mən kiməm?
Olsam olsam “Pinokyo” dakı
Pəri olaram…
Sadəcə yanlışlarını xatırladan
Başqa nə gəlir ki əlimdən?
Ya da Yunan əfsanəsindəki
Günah keçisi…
Mənim şirin nağılım
Elə ki, sonda
Göydən üç alma düşür
Qoy biri Atanın biri Ananın
Biri də sənin olsun…
Çünki ömrün sonu
Nağılların əvvəli kimi olur :
“Biri var idi, biri yox idi…”
Sevdiyin olum
Deyirlər ki, adamlar öləndə
O dünyaya gedir,
Ruh olur, pəri olur ,
Mən öləndə
Kitab olmaq istəyirəm
Çünki sən
Kitabları çox sevirsən
Elə zərif oxuyursan ki,
Vərəqləri qat kəsmir
Elə təmkinlə oxuyursan ki,
Ürəyin heç hara tələsmir
Mən öləndə
Kitab olmaq istəyirəm
Otağının bir küncündən
Səssiz -səmirsiz
Hava almaq üçün
Eyvana çıxdığına
Yatanda yorğanı qucaqlayıb
Başının altına yığdığına
Səhərlər deyinə-deyinə
Oyanmağına tamaşa eləyim…
İstəyirəm ki, mən öləndə
Kitab olum …
Əlinə alanda ovunduğun
Sətirlərini oxuyanda
Səsimi duyduğun…
Kitabları çox sevirsən
Bilirəm…
Qoy, heç olmasa
Öləndən sonra
Sevdiyin olum…
Lozan xala kimi
Bilmirəm fikir veribsən ya yox
Beşiklərin yastığında
Gecə-gündüz yatan
Körpələrin başının izi qalar
Bax eləcə izin qalıb köksümdə…
İndi yanımda olsan
Başını sinəmdəki
O məchul boşluğa sıxıb
Elə möhkəm
Qucaqlayardım ki, Səni
Sonra da çərpələng
Qollarına bürünərdim
Axşamın mehindən
Səhərin şehindən
Beləcə gizlənərdim
Qollarının arasında…
Nə qədər başımı qatsam da
Hər kəslə danışıb
Səsimi başıma atsam da
Gecələr elə pis göynəyirsən ki,
Ürəyimin yarasında
Mopassanın
“Bir yaz axşamında”kı
Lozan xala kimi
Elə kimsəsizəm ki…
Bəzən divarın o tərəfindəki
Həzin bir səs, xəfif bir gülüş
Qanadar yaralarımı…
Nə qədər uzağa qaçsam da
Yenə elə həminkiyəm…
Ruhuma hopmuş
Qanıma qarışmış, zalım,
Üz çevirib getsən də
Yenə elə səninkiyəm…
SƏN
Gözümü açanda Sən,
Yumanda Sən…
Arada qeybə çəkilib
Məndən sevgi uman da Sən
Sevilmək necə imiş
Qollarında anladım
Həsrətin acısını
Gedib geri döndüyün
Yollarında anladım
Xəyal da Sən, arzu da Sən
Güman da Sən…
Ən dəyərsiz adamlara
Yaş oduntək
Yanan da Sən…
Səni heç kim anlamaz
Bilirəm ki, mənim kimi
Ruhumda gizləmişəm
Varlığını, könlünü
Mən ən məhrəm
Qəmim kimi…
Ürəyinə qurban olum üzülmə
Sənin daşın ağırdı…
Yaxşı da Sən, yaman da Sən
Ən dəyərsiz adamlara
Saflığından yanan da Sən…
Yad olanım
Bitib-tükənməyən
Yollar kimisən
Mənzilimə
Gedib çata bilmirəm
Kəfənə bükülmüş
Qollar kimisən
Köksünü
Bağrıma basa bilmirəm
Ehh mənim özgə olanım
Yad olanım…
Gecəmi gündüz eləyənim
Məni görəndə şad olanım…
Nə qədər uzandı
Taleyin oyunu
Vəzir də usandı
Şah da yoruldu.
Neçə fəsil keçdi
Neçə il oldu
Göydən gah od ələndi
Gah yağış yağdı
Gör neçə toz basmış
Xatirələr var…
Gör neçə arzular
Sönüb kül oldu
Tanrı nələr yazıb
Daha bilmirəm
İçimdə
Qurumuş ağacın pöhrəsitək
Yaşıllanan xəyalsan
Amma daha
Nə kötükdən ağac olar
Nə də pöhrə bar verər…
Mən hardan tapım ki,
Həzrəti Yusifi
Züleyxaya könül verə,
Tac verə…
Ehh mənim özgə olanım
Yad olanım
Ürəyi məndə olub
Başqasına ad olanım
Nə yaman uzandı
Taleyin oyunu…
YORULDUM
Yoruldum axı
Çox yoruldum
Səni qəlbimdə gəzdirməkdən
Kürəklərim qırıldı
Ayaqlarım süst düşdü
Yoruldum axı
Yeni doğan itin
Canına daraşıb süd əmən
Küçüklərə sakitcə baxdığı kimi
Boylanıram sənli xatirələrə
Yoruldum axı…
Leysan yağışlardan sonra
Palçıqdan gözü tutulmuş bulağın
Aram – aram axdığı kimi…
Darıxdım axı
Elə darıxdım ki
Saçlarının qoxusu gəlir burnuma
Sahibsiz küçə pişiyi
Pəncəsi açıq evlərdən gələn
ətin qoxusunu duyduğu kimi…
Oyandım axı
Mən bu eşqdən alasərsəm,
Hövlnak oyandım
Bələkdəki çağanın şirin yuxudan
Qəfil səksənib oyandığı kimi…
Yoruldum axı
Ürəyim yoruldu
Ölüm döşəyində son nəfəsini
Səssizcə gözləyən qocalar kimi…
Səni çox sevdim axı
Hisinə – pasına dözən,
Atəşi çox sevən bacalar kimi…
Kirpi öpüşü
Gəl, kirpi kimi öpüşək
Göz- gözə, nəfəs-nəfəsə
Sən yanımda olanda
Gözlərimi yummayım
Sənli dəqiqələr heyifdi axı…
Gəl, kirpi kimi qucaqlaşaq
“Tikanlarımız” incitsə də
Vaz keçməyək bu sevdadan
Bir gül üzək kolundan
Tikanları mənim
Ləçəkləri Sənin olsun
Gəl, kirpi kimi küsək
Sözümüz çəp gələndə
Səssiz-səmirsiz…
Yumarlanıb yuvamıza çəkilək
Barışanda sincab kimi barışaq
Saxladığı fındıqların
Yerini unudan sincab kimi
Niyə küsdüyümüzü xatırlamayaq
Gəl, bu ömrü doğma kimi yaşayaq
Nə qədər uzaqlarda olsaq da
Bir-birimizi yadırğamayaq…
Gəl, kirpi kimi öpüşək
Göz-gözə nəfəs – nəfəsə…
Hardan tapım
Ürəyim darıxsa nə var idi ki
O köhnə sirdaşımdı
Dərdləşib bir təhər
Yola gətirərdim
İndi bilmirəm axı
Darıxan əllərimə nə deyim ki
Anlasın məni…
Hardan tapım
Çərpələng qollarını
Qucaqlasın məni
Ürəyim darıxsa nə var idi ki
Saçlarım darıxır
Hardan alım
Daraq barmaqlarını
Ürəyim sızlasa nə var idi ki
Boynum üşüyür
Hardan tapım
Ana südü kimi
İlıq dodaqlarını…
Yarasını sevərsən
Bir gün birisi gələr ömrünə
Yarasını sevərsən
Ömrünün yarısı
Su kimi axar ovuclarından
Yarısını sevərsən…
Bir gün biri gələr ömrünə
Sən onun gülüşlərini sevərsən
Bəzən dünyanın
ən mənasız sözlərini deyərsən
təbəssümünü görmək üçün
O isə göz yaşlarına aşiq olar
əlindən gələni edər
ağlayasan deyə
Sən də onun gözləri
Doyana kimi ağlayarsan
Uşaqlıq yaraları
Qaysaq bağlasın deyə
Beləcə bir gün
Biri gələr ömrünə
Sən də onun yarasını sevərsən
Nə qədər qəlbini qırsa da
Sevməyə səbəb qalmasa belə
Gözlərinin qarasını sevərsən…
Evcik – Evcik
Mən evcik evcik
Oynamaq istəmirəm, ana
Oyuncaq beşikdə
Gəlinciklər almayaydın kaşki
Böyüyüb kimlərinsə
əlində oyuncaq olduq
Indi də xoşbəxtliklə
Gizlənqaç oynayırıq
Daha beşikdəki körpələr
Doğrudan ağlayır
Gah ağrıdan, gah acından
Bu oyuncaq evdə “yad qızıyam”
Ömrümə pay düşüb
ən ucuzundan…
Daha oyun oynamaq istəmirəm
Bənövşə-bənövşə deyə deyə
Bəndə düşən biz olduq
Kaşki kitab olmağı
Öyrədəydin, ana…
Onda oyuncaq olmazdım
Öz romanımı yazardım
Ən başından
Gül açardım kəlmə kimi
Sətir kimi…
Susmağı da öyrənərdim
Yağmurlara sinə gərən
Bir təmkinli çətir kimi…
Kitab olmaq istəyirəm
Oxumağı ən çox sevən
Varaqlasın…
Ən maraqlı səhifələri
əlfəcinlə daraqlasın…
Mən evcik evcik
Oynamaq istəmirəm, ana
Bu oyun bitmir ki, bitmir
Gecələr gözümə yuxu da getmir…
Sənə…
Mən sənə nə deyim axı
Qırıb dağıtmağa
Uşaqlıqdan alışmısan
Əvvəlcə ananın qablarını
Sonra
Qəlbini qırmağı öyrənibsən
Qonşuların pəncərələrinə də
Daş atıbsan çox güman
Beləcə daş-qalaq etməyi
Dağıdıb tökməyi öyrənibsən
Mən sənə nə deyim axı
Elə bil heç böyüməmisən
Maşa ilə döyülən uşaq
Mən sənə nə deyim axı
Elə darıxmışam ki
Sığal – sığal, qucaq – qucaq…
UNUDACAM…
Bir gün unudacam axı Səni
Balaca uşaq sındırdığı oyuncağı
Yatana kimi ağlasa da
Oyananda unutduğu kimi…
Bir gün unudacam axı Səni
Yaşlı tənha qadının
Sevimli itinin öldüyünü
Yaddaşı pozulanda
Unutduğu kimi…
Bir gün unudacam axı Səni
Gələn baharın keçən bahardakı
Gülləri unutduğu kimi
Təzə çiçəklər açacam
Kəsilmiş ağacın
Yeni pöhrəsi kimi…
Yenə gülümsəyəcəm
əməliyyat otağında
Gözlərini yenidən açan
Xəstənin çöhrəsi kimi…
Sən ki, yaxşı bilirsən keçi inadımı
Dəmir Ledi kimi susacam
Nə vaxtsa çağırsan adımı.
Dişlərim dodağımı kəssə də
Saçlarımı isladan yağışa
Yas tutub ağlamayacam
Xatirələrim səni
Qəlbimdən danacaq
İçim özümü yandırsa da
Çölüm səni yandıracaq
Özgələr sən adlı yaramı
Qısqanacaq…
Bir gün unudacam axı Səni
Yanımdan yel olub keçsən də
Sən tərəfə baxmayacam
Bir gün unudacam axı Səni
əvvəl-axır unudacam…
Müəllif: TURAN NOVRUZLU
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru