
LAÇIN -100 ƏDƏBİ ANTOLOGİYA
ŞƏRAHİL LAÇIN
1963-cü ildə Laçında anadan olub. Laçın şəhər 2 nömrəli orta məktəbin məzunudur. 1986-cı ildə Azəbaycan Tibb Universitetinin müalicə fakültəsini bitirib. Şeirləriylə Azərbaycan və Türkiyədə bir çox dərgi və qəzetlərdə çıxış edib. Məmməd Aslan, Məmməd Araz, Şahmar Əkbərzadə, Yavuz Bülənt Bakilər Şərahilin haqqında geniş yazılar yazdılar. “Zaman məni unutdu” və “Ömrümüz bilməcə qaldı” şeir kitabları Türkiyədə yayınlanıb. 2010 ildə «Vektor» Elm Mərkəzi tərəfindən Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat mükafatına layiq görüldü. Avrasya Yazarlar Birliyinin üzvüdür. Türkiyədə yaşayır.
İÇİNDƏ
Dünya sirrin kimə açdı
Bu sir sirli ehtiyacdı
Hər tabut ölən ağacdı,
Ölən ölənin içində.
Kimi pərişan görmədim,
Gedəndən nişan görmədim.
Bir düz danışan görmədim,
Gedib gələnin içində.
Gündüz savaş, gecə qaldı,
Ümid bir gün köçə qaldı
Ömrümüz bilməcə qaldı,
Bunca bilənin içində.
Saman yüklü zaman qetdi,
Çox Təxti-Süleyman qetdi.
Neçə arzu, güman qetdi,
Ərzi bölənin içində.
Yalan dünya, yalan havar,
Yürü-yürü dalana var
Cahanda bir “hökmüdar” var,
Cümlə kölənin içində…
05.03.1989
BU SABAH NƏ QƏMLİ AÇILIR, ALLAH
Didilir yaxası qarı zülmətin
Bir çimir yuxusu gözümə pənah.
Çapılır, talanır varı zülmətin,
Zahı dan yerinin doğuşu günah,
Bu sabah nə qəmli açılır, Allah!
Ulduzlar əriyib öləziyən şam,
Göylər də qısqanır ayını sanki
Boxçası bükülü bu qərib axşam,
İstəmir o qızın toyunu sanki,
Bu sabah nə qəmli açılır, Allah!
Duyan yox sükutun iniltisini,
Yaranmış yuxuda, kim alır vecə
Gizli yar qoynuna girənlər kimi,
Sübhü oğrun-oğrun əkilir gecə,
Bu sabah nə qəmlı açılır, Allah!
Bu axşam bir həsrət qoxulu dünya
Könül, bu aləmə aç sirrini, aç!
Bu həmdərd, bu məhzun, yuxulu dünya,
Bir xoruz banının himinə möhtaç,
Bu sabah nə qəmlı açılır, Allah!
Düşəri, düşməzi payıdır baxtın
Hər sabah ömrümə atılan zərdi.
Mənim göz dikdiyim nurlu sabahın,
Müjdə gətirəni boz sərçələrdi,
Bu sabah nə qəmli açılır, Allah!
Mənbə: İlham QƏHRƏMAN
MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru