
GƏLSİN
Sevginin gecinə, tezinə gülən,
Xəyalı çatılsın, qaşına gəlsin.
Nə icazə alar, nə rəy soruşar,
Payızına gəlsin, qışına gəlsin.
Elə vurulasan, dəli olasan,
Sevgi dünyasının ləli olasan,
Həsrətin canına zəli olasan,
Çəkdiyin ağrılar xoşuna gəlsin.
O bir qasırğadı, külək ha deyil,
Ülvilik, saflıqdı, kələk ha deyil,
Allahın özüdü, mələk ha deyil,
İstər lap ahıllıq yaşına gəlsin.
Qəfildən başına gələn qadadı,
Dadanlar bilərlər ancaq bu dadı.
Gözə görünməyən sirli Xudadı,
Hər kim inanmırsa başına gəlsin!
Müəllif: Qəzənfər Məsimoğlu
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru