RAFİQ YUSİFOĞLUNUN YARADICILIĞINDA ÇOCUK ŞEİRLƏRİ
(“Nağıl qapısı” kitabı və “Kötük” şeiri əsasında)
Özət. Makale, şair, edebiyat eleştirmeni, profesör, Azerbaycan Cumhuriyeti Şerefli Sanat İşçisi, “Güvercin” dergisinin genel yayın yönetmeni Rafik Yusifoğlu’nun çocuk edebiyatına yönelik “Masallar Kapısı” adlı kitabında yer alan bazı şiirler ve “Kütük şiiri” incelenmiştir.
Açar sözler: şair, sanat İşçisi, edebiyat eleştirmeni, “Güvercin” dergisi,
Summary. In the article is studied some poems and the poem “Stub” included in the book “The Door of the Tale” dedicated to children’s literature, by Honored Art Worker of the Republic of Azerbaijan, editor-in-chief of the journal “Pigeon”, poet, literary critic, professor Rafig Yusifoglu.
Keywords: poet, art worker, literary critic, “Pigeon” magazine
XX əsr Azərbaycan uşaq şeri bir tərəfdən şifahi ədəbiyyat xəzinəsindən, digər tərəfdən ölməz sənətkarların hikmətlə dolu nəsihətamiz əsərlərindən bəhrələnmiş, nəhayət, əsrin demokratik məzmunlu ədəbi irsi zəminindən yeni inkisaf mərhələsinə daxil olmusdur.
Azərbaycan uşaq ədəbiyyatının ilk kamil nümunələrini M.Ə.Sabir, A.Səhhət və A.Şaiq kimi görkəmli sənətkarlar yaratmışlar.
Əsrin əvvəllərindən başlayaraq A.Şaiq uşaq ədəbiyyatı ilə ardıcıl məşğul olmuş, uşaq ədəbiyyatının təməlini qoymuşdur. Onun yeni mündəricəli poetik yaradıcılığında gənc nəslin nəcib mənəvi keyfiyyətləri, ana vətənə sədaqət, əməyin qüdrəti bədii əksini tapmışdır.
Gənc müasir şairlər uşaq ədəbiyyatı nümunələri yaradarkən A.Şaiqin açdığı cığırla irəliləyirlər. M.Müşfıq, S.Rüstəm, S.Vurğun, R.Rza, M.Seyidzadə, H.Əlizadə, M.Dilbazi, O.Sarıvəlli, N.Rəfibəyli, M.Rzaquluzadə,Ə.Abbasov, Ə.Cəmil kimi şairlərin yeni uşaq şerinin yaranmasında misilsiz xidmətləri olmuşdur.
M.Dilbazinin uşaqlar üçün yazdığı bir şeiri xüsusi qeyd etmək istərdik:
…Laylasında anam mənə
Belə demiş dönə-dənə;
– Bir anan mən, biri Vətən,
Yadda saxla bunları sən.
Şairə uşaqlara ana və Vətənin önəmliliyini, eyni mahiyyət daşıdığını sevgi dolu həssaslıqla şeirinə gətirmişdir.
Doğma vətəni uşaqlara sevdirmək hissi özünü M.Rzaquluzadə, Ə.Abbasov, Z.Cabbarzadə, B.Azəroğlu, B.Vahabzadə, İ.Səfərli, N.Xəzri, H.Hüseynzadə, H.Abbaszadə, A.Babayev, M.Gülgün, Ə.Kərim və b. şairlərin şeir və poemalarında da öz əksini tapıb.
Bədii ədəbiyyatın üzvi tərkib hissəsi olan uşaq ədəbiyyatını dövrlər üzrə araşdırsaq, bu ədəbiyyatın, əsasən zamanın, ictimai-siyasi durumun çağırışına bağlılığının da şahidi olarıq. Bu anlamda 60-cı illər uşaq poeziyası, 50-ci illərin eyniadlı ədəbiyyatından fərqlənir. Belə ki, ənənəvi mövzular, qəhrəmanlıq – şücaətlə bağlı mövzularla yanaşı, qlobal hadisələr, zamanın yeni hadisə və tələbləri, kosmosun fəthi, ümumdünya hadisələri də uşaq təfəkkürünə, yaşına uyğun tərzdə ədəbiyyata sirayət edir. Beləliklə də, XXI əsr öz tələbləri, öz mövzuları çərçivəsində yeni uşaq şair və yazarlarını yetişdirir. Yetişən bu nəsil içərisində uşaq ədəbiyyatına qəlbən bağlılığı ilə seçilən Rafiq Yusifoğlunu xüsusi qeyd etmək istərdim.
Şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, “Göyərçin” jurnalının baş redaktoru Rafiq Yusifoğlu müasir Azərbaycan uşaq ədəbiyyatının ən görkəmli nümayəndələrindən biridir. O, “Qızıl kəlmə”, “İlin ən yaxşı kitabı”, “Vətən”, “Qızıl qələm”, “Araz” və s. ədəbi mükafatların laureatıdır. 2016-cı ildə Təhsil Nazirliyinin uşaq ədəbiyyatı üzrə elan etdiyi müsabiqədə poeziya üzrə birinci mükafata layiq görülmüşdür. Rafiq Yusifoğlunun indiyədək orta məktəb dərsliklərinə düşən əasərlərinin biblioqrafik göstəricisi dörd yüzə yaxındır. Onun əsərləri bir sıra dillərə tərcümə olunmuş, şeirlərinə xeyli sayda mahnılar bəstələnmişdir. Şairin “Yurdum-yuvam”, “Ətirli düymələr”, “Aylı cığır”, “Çiçək yağışı”, “Böyük arzuya gedən yol”, “Söz çəməni”, “Yollar”, “Daha uşaq deyiləm”, “Quşlar dünyası”, “Zamanın qatarı”, “Sabahın sorağında”, “Qızılı məktublar”,“Bulud fayton”, “Yaddaş kitabı” və sair kitablarında toplanan şeirlər, poemalarAzərbaycan uşaq ədəbiyyatının ən gözəl nümunələri sırasındadır. Bu il şairin “Nağıl qapısı” kitabı “Qızıl kəlmə” mükafatına layiq görülüb.
Zahid Xəlilin təklifi ilə uşaq ədəbiyyatı ilə məşğul olan şairin uşaq şeirləri haqqında ilk sözü isə Tofiq Mahmud yazmışdır. O, “Niyyəti saf, arzuları təmiz” adlı məqaləsində yazır: “Gənc şair Rafiq Yusifoğlunun şeirlərini oxuduqda duydum ki, uşaq ədəbiyyatına maraqlı və istedadlı bir şair gəlir… Rafiq Yusifoğlu ədəbiyyata həvəslə, məhəbbətlə, xeyirxahlıqla gəlmişdir… Kimin ki, məqsədi aydındır, ədəbiyyata gözəl arzularla gəlir, onun yolu uğurlu və mənalı olacaqdır”.
Uşaq ədəbiyyatı sahəsində Rafiq Yusifoğlunun əməyinə verilən qiymət, söylənilən xoş fikir və yazılan təəssüratlar çoxdur. Bu, ayrı bir tədqiqat mövzusudur. Biz, müəllifin şeir, poema, nağıl və həmçinin “Aylı cığır” və “Zamanın qatarı” kitablarındakı əsərləri özündə cəmləşdirmiş “Nağıl qapısı” kitabı və “Kötük” şeiri haqqında söz açmaq istərdik.
“Uşaq dünyası – işıq dünyası” yarımbaşlığı ilə başlayan bu kitabın ilk şeiri “Bərəkət bayrağı” adlanır. Dövlətimizin rəmzi əlaməti olan bayrağımızla qürur duyan şair göyqurşağının belə Lələtəpə dağına endiyini qeyd edir və bunu sual üstündə qurmaqla Vətənimizin bayrağının möhtəşəmliyinə nəzər-diqqəti artırır. Kitabın məhz bayraqla bağlı şeirlə başlaması uşaq təfəkküründə, yaddaşında Vətən torpağına olan sevgini gücləndirmək məqsədi daşıyır:
Hamı fərəhlə baxır
Yurdumun bayrağına…
Göyqurşağı enibdir
Lələtəpə dağına?
Torpağımızın bərəkətli, ruzili olduğunu şeirində /Sevindi torpaq ana, Taxıl çıxdı qurşağa, Sarı-sarı sünbüllər Döndü nura, işığa/…, – yazan şair dalğalanan zəmilər və eyni zamanda dalğalanan bayraq arasında paralel aparır. Bərəkətli vətən torpağı ilə onun rəmzi olan bayraq arasında vəhdət yaradaraq Vətənimizi tərənnüm edir.
Kitabın növbəti şeirlərindən biri, Vətən mövzusunun ayrılmaz tərkib hissəsi olan analara həsr olunmuş “Ana şəkli” şeiridir.
Düşünürəm ki, hər kəsin uşaq vaxtı rəngli qələm və ya təbaşirlə çəkdiyi ana şəkli yadındadır. Hələ uşaq və ata-ananın əl-ələ tutduğu şəkli demirəm… Təbaşirlə anasının şəklini çəkən və həmin şəklə sığınan bir uşağın xəyalına həsr olunmuş bu şeir bizim də hər zaman ehtiyacda olduğumuz ana-övlad sevgisinin tərənnümünə həsr olunub:
Mən asfaltın üstündə
Bir qadın şəkli çəkdim.
Eynən mənim anamdı,
Görün necə qəşəngdi?!
Uşağın dili ilə şəkli danışdıran şair anaları hər kəsdən fərqləndirən şirin-şəkər layladan söz açır. Bəlkə elə o an Rafiq Yusifoğlunun qulağında anasının oxuduğu layla səslənir, bəlkə də o, həmin laylanı sakit səslə zümzümə edərək aşağıdakı bəndini yazır:
Şirin layla səslənir
Elə bil dodağında…
Ta mənə zaval yoxdu
Anamın qucağında…
Bu fəsildə təbiətə, heyvanat aləminə sevgiyə də önəmli yer verilir. Uşaqlar heyvana qayğı göstərməklə qayğıkeş olmağı öyrənirlər. “Küçük” adlı şeir bu anlamda marağımıza səbəb oldu. Ağlayan uşağa yaxınlaşan itə uşaq bir parça çörək verir. Heyvanların ən sadiqi olan küçük ona belə deyir:
…Bir tapşırıq ver mənə
Sənin üçün işləyim.
Kim dəyibsə xətrinə
Gedib onu dişləyim.
Bu kitabın maraqlı tərəflərindən biri də ondan ibarətdir ki, yarımbaşlıqlar – 1. Uşaq dünyası – işıq dünyası. 2. Tariximizdən gələn səslər, mənə doğma olan kəslər.3. Şuşa nəğmələri. 4. Havam, suyum, torpağım, otum, gülüm, yarpağım. 5. Fəsillər və nəsillər. 6. Sizdən hərəkət, bizdən bərəkət. 7. Qazaxıstan nəğmələri. 8. Sehrli aləm. 9. Poemalar-nağıllar. 10. Gül və bülbül. 11. Bacadan yağan qızıl. 12. Zamanın qatarı və s. bu sayaq şeirlər üstündə yazılaraq, mərhələ-mərhələ uşaq zəkasına aşılanır.
Növbəti şeir ana-övlad sevgisinin tərənnümünə, isti ana nəvazişinə həsr olunub. “Anamın sözü” adlanan bu dərin mənalı, lakin sadədilli şeir əvvəl qeyd etdiyimiz mövzuların mabədi kimi çıxış edir və ana-övlad sevgisinin mənzərəsinə tamlıq gətirir:
Nə var anaya
Övladdan əziz?
Körpə balama
Sevgim bir dəniz.
Ümumiyyətlə, Rafiq Yusifoğlunun uşaqlara həsr etdiyi şeirlərin ana axarında Vətən, ana sevgisi önəmli yer tutur.
Həyatımızın ən ağrılı-acılı səhifəsi – Şuşanın işğalı, doğma torpaqlarımızın yadların ayağı altında qalmasıdır. Qarabağ – Azərbaycandır! Buna heç bir şübhə ola bilməz… Tarixin yaddaşına qanlı hərflərlə həkk olunan baş vermiş bütün hadisələr, uşaqlara da, onlara xas bir dildə, aşılanmalıdır. Haqq, ədalət, ərazi bütövlüyü, Vətənə sevgi, uşaqların yaşları nəzərə alınmaqla, ədəbiyyatda hər zaman öz əksini tapmalıdır:
…Deyirəm, təbiət necə
Əlvan çələng toxuyurmuş?!
Şuşada bitən çiçək də
Bülbül olub oxuyurmuş.
Və ya
Əlçatmaz zirvə olub
Cıdır düzü yadlar üçün.
Ancaq bu gün qəribsəyib,
Şahə qalxan atlar üçün.
“Zamanın qatarı” başlığı altında şair təbiəti, dörd fəsli özünəməxsus və eyni zamanda doğal şəkildə təsvir edir. Sanki şair hər misraya öz uşaqlıq illərinin xatirəsini də əlavə edir. Onun “Təbiətin dörd keşikçisi” adlı şeiri bu cəhətdən çox maraqlıdır:
…Ay qış, hara gedirsən? –
Soruşub köks ötürdüm.
Gedirəm bahar gəlsin,
Mən növbəmi bitirdim…
Bahar, Yay, Payız və Qış –
Biz dörd qardaş, dörd fəsil,
Keşiyini çəkirik
Təbiətin müddəsil.
Uşaqlarla yanaşı, gənc nəslin tərbiyəsi də ədəbiyyatın əsas mövzularındandır. Bu baxımdan hər bir tarixi dönəmdə, o cümlədən klassik ədəbiyyatda gəncliyin sağlam ruhda yetişməsinə böyük yer verilib.
Qayəsi nəsihət-ibrət və tövsiyələrin məcmusu kimi çıxış edən bu mövzulara Sədi Şirazinin “Oğul tərbiyəsi”, Nizami Gəncəvinin “Oğlum Məhəmmədə nəsihət” və b. klassiklərin yaradıcılığında da rast gəlirik. Şairlər öz yaşadığı mühitdən narazılıqlarını oğullarına müraciətən yazsalar da, əslində öz notlarını cəmiyyətin bütün gənclərinə illətirlər.
Gəncliyin əməli-saleh böyüməsində Rafiq Yusifoğlunun “Kötük” şeiri bir neçə yöndən nəzər-diqqətimizi cəlb etdi. Şeirə nəzər salsaq, ilk öncə bu şeir cocuqlar üçün təbiətin – ağacın təsviri, baba və nənələrə mütəşabeh tutulan simvolik rəmzdirsə, digər tərəfdən gəncliyə aşılanan ailə bütövlüyü, ailə şəcərəsinin tərənnümüdür. Cəmiyyətin əsasını məhz sağlam ailə təşkil edir:
Elə düşünmə ki, qocadır kötük,
İstəsən, sən ondan dəyanət istə.
Alçaq boyuyla da ucadır kötük,
Neçə şiv doğranar bir kötük üstə.
Ömrünün o ötən, itən çağını
Necə ki, lazımdır, yaşayıbdır o.
Bir ağac ömrünün ağırlığını
Bir zaman çiynində daşıyıbdır o.
Kiçik zoğlar çıxıb hər tərəfindən,
Bürüyüb ətrafı yaşıl bir örtük.
Elə bil babadır, nəvələrini
Toplayıb başına qocaman kötük…
Haqqa doğru gedən karvanın yolçusu olmaq üçün kamillik zirvəsinə ucalmaq lazımdır. Əməli-salehliyin ilk təməli isə cocuqluq dövründə qoyular.
Bu anlamda Rafiq Yusifoğlunun cocuq şeirləri qayəsi baxımından düşünürəm ki, ədəbiyyatımıza qiymətli bir töhfədir.
Müəllif: M.H.Quliyeva
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Erkən yeni dövr Azərbaycan ədəbiyyatı” şöbəsinin müdiri, filologiya elmləri doktoru.
Şuşa haqqında: >>>> 525.az
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru