
Yoxluğunun havası
Ayrılığı çəkəndə
Saçımda dərd ağardı,
Yoxluğunun havası
Çətin dərddir, ağırdır.
Elə aldatdın məni,
Nağıla döndü bu eşq.
Sinəmi dağlayanda
Kamanda dindi bu eşq.
Ruhun çarpaz dağlanar
Bir özgə dodağında,
Başlayar üşütmələr
Həsrətin qucağında.
Gözlərini çırpınış,
Könlünü qəhər boğar.
Yoxluğumda bu dəniz,
Bu şəhər səni yorar.
Nə vaxtsa yada düşsəm ,
Saçlarının ucunda,
Qüruru gözündə sıx,
Hicranı da ovcunda…
Ayrılığın ilk günü
Bir axşamüstü ayrıldıq,
Boğazımda
soyuq qəhərə döndü gedişin.
Təsəlli üçün
son vida, son görüş olmadı.
Bu evin hər küncündə yerin göründü,
Nəmli divarlar boyu xatirələr
kölgə kimi süründü,
Həzin mahnılarda da
açdığın boşluq dolmadı…
Otağım bir az dağınıq,
pərdələr kirli,
döşəməni toz alıb.
Sən gedəli –
depressiya… yuxu həbləri…
Həkimlər deyir ki,
tərgit siqareti, içmə qəti.
Qorxma, ömrüm-günüm,
Bir az rəngim saralıb…
Unuduram təqvimlərdə günlərin düzümünü,
Dolub-boşalan külqabı
çəkir içimin yanğısın.
Bir yerdən sonra
ağrıkəsicilər belə
götürmür yoxluğunun küt ağrısın…
Bilirəm,
yenə əlləri qoynunda
pəncərə önündə dayanıb
hardasa qayğımı çəkirsən –
“Axırı necə olacaq bu axmağın?”
Bu şəhərdə
əlimin tərsiylə itələdiyim
qadınlar var,
Ayağının tozuna dəyməyən.
Bir də…
Ovuclarımda saçlarının
xatirəsi var bir yığın…
Bilirəm,
dönüşü yox bu ayrılığın,
Amma nə vaxt gəlsən,
qapım açıqdır,
Aid olduğun yeri yaxşı bilirsən.
Yenə də sızıldayır sümüklərim,
Uyuşur barmaqlarım,
Əsir dizlərim…
Hələ də gözləyirəm…
Gəlirsən?
Getmə, qal
Yağış altda islananda saçların
Baxışların ürəyimdə köz olur.
Dodaqların sinəm üstə nəm çəkir,
Nəfəsin eşq, gülüşlərin söz olur.
Gözlərinin sehri nədir, baxanda?
Dil quruyur, səsi əsir adamın.
Səndən uzaq qan ağlayan könlümü
Ovutmağa yetir adi salamın.
Gecələrin boynu bükük, hüznlü,
Yoxluğuna danışıram yuxumu.
Qayıt gəl ki, yox edəsən ömürdən
Bu sənsizlik adlı qara qorxumu.
Dodağımda çata dönən həsrətə,
Ürəyimdə yanan oda nəzər sal.
Ömrüm-günüm, qucaqlayım, yaxın gəl,
Saçlarına pıçıldayım: “Getmə, qal…”
Yeni səhifə
Sənsiz halım pərişan,
Ürəyim qan ağlayır.
Səssizliyin içimdə
Tufan kimi çağlayır.
Sən axı görməmisən
Yoxluğunun sərt üzün.
Üstümdə ətrin qalıb,
Pərdələrdə əl izin.
Gecəyə kölgən düşür,
Ağrılar sancı çəkir,
Nəmli divarlar boyu
Xatirələr yaş tökür.
Dodağın qanlı bıçaq,
Gözlərin dar ağacı.
Tərsliyimə bağışla,
Bir az halıma acı.
Sənsizliyin dibində
Bu dərdin əlacı yox,
Bircə dəfə zəng eylə,
Bu dəli inadı yıx.
Hörümçəklər tor salıb
Pəncərəmə, qayıt, gəl.
Qollarında qucaq aç,
Olanları unut, gəl…
Səni sevmək
Nə gözəl səni sevmək!
Qadın, şeir, söz kimi!
Gəl toxun, nəfəsində
Yandır məni köz kimi.
Eşqindən xəstə düşdüm,
Baxışların dərmandır.
Səndən özgə kimim var?
Canım sənə qurbandır.
Könlüm neçə dərd tapdı
Səndən ayrı gecələr.
Qəribsədi bu şəhər,
Sahil bağı, küçələr.
Ömür-gün dediyində
Beş hərf, iki heca.
Bir sənə əsir düşdüm,
Özüm bilmirəm necə?
Gözlərində açdığım
Sabahlar xeyir olur.
Bir gülsən yer üzünə,
Bu dünya şeir olur…
Müəllif: Azər AĞAYEV
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru