Dünən, yanvarın 19-da İVED Başkanı, yazar Etibar Həsənzadənin də Türkiyədəki Könül Elçisi olan sayın Mustafa Nazilli bəy Etibarın Daşkəsən rayonunun şəhid və qazilərinə həsr etdiyi “Vətən uğrunda” kitabını Azərbaycan Ankara Böyük Elçiliyinin Müsteşeri sayın Elham Zeynalova təqdim etmişdir.
“Yazarlar” jurnalı olaraq Etibar Həsənzadəyə gələcək yaradıcılığında daha böyük uğurlar arzulayırıq.
Hava sakit idi o gecə… Ulduzlar sayrışır, Ay gecəylə yarışır, yorğun bulud sərin mehlə barışır, topa-topa üzürdü dənizə sarı. Çəkilmişdi qınına Xəzərin dalğaları…
Azər Nəsiboğlunun və onun timsalında bütün yanvar şəhidlərinin əziz xatirəsinə.
Bakı, Parlament prospekti. Bu prospektin başlanğıcındakı yeraltı piyada keçidi və yol ayrıcı. M. Müşfiq küçəsi ilə Parlament prospektinin kəsişməsi. 20 nömrəli məktəblə üzbə- üz, Respublika İncəsənət Gimnaziyasını qarşısı. H. Cavid prospektinin sonu. Burada bir büst var. Heykəltaraş məğrurluqla məsumluğun vəhdətini daş cizgilərdə məharətlə verməyə nail olmuşdur. Abidə 20 yanar şəhidi Azər Nəsiboğluna məxsusdur. Onun iyirmi iki illik həyat yolu 20 yanvar 1990-cı il tarixdə, o məşum gecədə qatil düşmən gülləsindən sona çatmışdı. Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakultəsinin lll kurs tələbəsi idi. Kim bilir, şəhidin arzusunda olduğu, xəyallarında dolaşdırdığı çəkəcəyi, ya quruluş verəcəyi əsər nədən bəhs edəcəkdi. Çox güman ki, onun həyat verəcəyi ilk əsər azadlığa gedən yol, ya da vətənin müstəqil olmaq arzusundan doğan motivlərə bağlı olacaqdı. Fəqət, düşmən məkri qanlı qayçısı ilə onun həyatını digər şəhid soydaşları kimi həmin gecə kəsdi. Yarımçıq ömür, gözdə qalan arzular… Təkcə bir təsəllimiz var. Şəhidin arzularının çin olduğunu bütövlükdə xalq olaraq görmək, yaşamaq nəsibinin xoşbəxtliyini daddıq. Azər Nəsiboğlu istedadlı gənc idi. Vətənpərvərlik hisslərilə alışıb, yanırdı. O, həm də ruhən ədəbiyyata bağlı olub. Onun “Bahar Sevinci” və “Yol Ayrıcı” hekayələri ədəbi kəhkəşanda kiçicik, lap iynə ucu böyüklükdə olsa da öz əbədi işığı ilə daim yanar olacağı şəksizdir. Həyat təcürbəsi zəngin olan, çox oxuyan, çox gəzib-dolaşan, zəkası üstün olan insanlar belə nabələd olduqları məkanda qarşılarına çıxan yol ayrıcında duruxar, gedəcəyi səmti seçməkdə fəhmin diktəsində bəxtə-bəxt amilinə üz tutar. Seçdikləri yolun isə yanlış və ya doğru olması məhz yolun sonunda bəlli olar. Azər Nəsiboğlu gənc yaşında ”yol ayrıcında” nagümanlıq yaşamadı. Azadlığımıza gedən yolu tutdu. Çığırdaşlıq edib, arxasınca müstəqil olmağımıza gedən milyonlarımıza bələdçi oldu. O soyuq və qanlı qış gecəsinin “bahar sevincinə” aparan cığırına öz mübarək ləpirlərindən iz salmağı bacardı. Azər Nəsiboğlunun abidəsi yol ayrıcındadır. Müşfiq kücəsi ilə aşağı düşüb Xəzərin öz sevgili sahili ilə görüşdüyü yerə, ya Cavid prospektinə üz tutub elm məbədlərinə sarı getmək olar. Lap elə küçəni düzünə keçib qayğısız uşaqlıq illərini yaşayan şən qəhqəhəli məktəbli uşaqların hər gün məktəbə tələsdiyi səkilərdə addımlamaq da olar. Azərsə Yol ayrıcında tunc köksünün sol tərəfindəki yolu tutdu. Bu yol Parlament prospektinin sonundakı müqəddəs məkanla, Şəhidlər Xiyabanı ilə sonunclanır. O son ki, əbədiyyətimizin başlanğıcı, and yerimizdir.