DOQQUZU ON BEŞ KEÇİR… (Mayakovskidən danışan Xanıma) Danışdıq, gələcəksən… Sən dedin: – “Çalışaram…” Mən dedim: – “Gözləyəcəm…” Səkkizi on beş keçir… Kipriklərim asılıb, saniyə əqrəbindən Baxışlar mədət umur, saatın məhvərindən… Zamanın kəfkirində yellənir neçə xəyal… Doqquzun yarısı oldu… İstəyirəm, diksinim qəfil qapı zəngindən Ta ki, yaxam qurtarsın bu zamanın əngindən… Çık-çık saat səsində ələnir neçə istək… Daha doqquz olubdur… Eşikdə şər qarışıb… Fikirlər də dolaşıb… Çöl işığı yandırım, yolun işıqlı olsun… Doqquzu on beş keçir… Danışdıq gələcəksən… Sən dedin: – “Çalışaram…” Mən dedim: – “Gözləyəcəm…” Yəqin ki, çalışırsan… Mən də ki, gözləyirəm… Kipriklərim dolaşıb, əqrəbi izləməkdən, Baxışlarım əzilib, zamanı “bizləməkdən…” Onun da yarısı oldu… Zaman sürəsi doldu… Bundan sonra hər bir an, artıq, zamana yükdü… Durum, eşiyə baxım… İşıq sönməyib, barı… Birdən qəfil gələrsən, gözün görməz kandarı… On oldu, torba doldu… On birdir, – gözləyirəm… Çalışırsanmı, sən də… On iki, bir, iki, üç… Əlim gəlmir, söndürüm, bayırdakı işığı… Dilimdə bitən budu: – “Xoş gəldin içəri keç…” Dörd yoldaş sirdaş olub, Belə qovuşduq sübhə… Daha gələ bilməzsən, Buna qalmadı şübhə… İndi saat doqquzdur, hətta onu beş keçir… Qulaq qapı zəngində, göz ilişib əqrəbə… Dünya şən, zaman məzə… Təkcə bizik qəribə… Doqquzu on beş keçir… Yəqin, indi yoldasan, işə tələsən vaxtdır… Çalışırsan çatasan gecikmədən işinə… Mən də durum, söndürüm, qoy bayırın işığın… Çalar saatla oyaq, alım gözün acısın… Zaman kimə istəyir qoy dişini qıcasın… Artıq onun yarısıdır… Əlim qopmur qələmdən… İstəyirəm biləsən, bunlar hamısı deyil… Bu sözləri yazmağa ən ağ vərəq seçmişəm… Hələ, neçə kəlmənin üstündən vaz keçmişəm… 31.07.2017. Bakı.
Sinəsinə baş qoyduğum, Hasarına daş qoyduğum, Ağacına quş qoyduğum Bağlar məni tanımadı- deyən şair əslində zamanla söz güləşinə çıxır, vaxta barmaq silkələyir. Qazandıqlarının, itirdiklərinin haqq- hesabını çəkir bəlkə də. Heca-heca, misra-misra , sətir-sətir, vərəq-vərəq həm də. Amma bircə şeydən arxayındı ki, sözü də əqidəsi kimi bütövdü, əyilməyib.Sözünə də, özünə də sahib çıxmağı bacarıb. Öyündüyü bir ürəyidi, bir peşəsi, bir də şairliyidi.Bütün bunları bir arada cəm etmək, yaşatmaq və qorumaqsa hər kəsə nəsib olmur. Bu həyatı dolu-dolu yaşamaq da hər adamın işi deyil. Tanıdıqca kəşf etdiyim, hər gün bir az da tanıdığım, doğmalaşdığım adamlar çox deyil. Ancaq deyərdim ki, hərəsi bir orduya dəyən adamlardı. Ərklə söz verib söz aldıqlarım da bir ovucdu. Bir ovucun içində sözüylə həyat yoluna işıq tutan adam kimi adam, şair kimi şair Fəxrəddin Teyyub da var. Qışın şaxtasında, sazağında dünyaya bahar ətirli şeirlər gətirən, sözündən-söhbətindən doymadığım , sözün nazını sevə-sevə çəkən Fəxrəddin Teyyubdan danışıram. Arada bir fəsil fərqimiz var.Vəssalam. Amma ruhumuz eyni yerdədi. Elə sözümüzün canı da sevgidi, Vətəndi, torpaqdı, daşdı. Sözə sığalımız da oxşardı. Bircə fərq var.O bahara qışdan boylanır, mənsə payızdan . Əsas odu eyni pəncərədən baxmağı bacarırıq. Ərkimiz də ,görkümüz də özümüzədi.Heç kimlə işimiz olmaz. Bircə sözümüzə toxunmasınlar. Onun kimi mən də ürəksiz heçnə yaza bilmirəm. Elə bu yazını da ürəyimin səsiylə yazıram. Daha doğrusu ürəyim diktə edir. Pafossuz, emosiyasız, sakit, səssiz.Elə qəhrəmanım kimi.
Bu sönən ocağı qalayaq bir də, Külünün altında köz qalıb axı. Gələndə nə cığır,nə də yol axtar, Qəlbimdə həsrətdən iz qalıb axı.
Sevginin haysız, küysüz izharı , həsrətin odu, alovu , ayrılığın göynərtisi şair dilində boyasız, bərsiz, bəzəksiz şeirləşir. Misra-misra hopur duyğularımıza. Amma hardasa bap-balaca, lap iynənin ucu boydü bir ümid var. O ümid yaşadır şair Fəxrəddin Teyyubu .
Məhəbbət qoxuyur hər yaşıl çəmən, Dərənin yanında, çayın yanında. Yerdə görüşməkdən utanıram mən, Gəl gedək görüşək ayın yanında -deyən şair içindəki o gizlin işığı sönməyə qoymur. Söz-söz düşür o işığın dalınca. Bilir ki, hardasa bir işıq gözləyir onu.
Eyni zamanda çox üsyankar tərəfi var şeirlərinin.Haqsızlığa, ədalətsizliyə meydan oxuyan şairdi həmkarım. Həm də bütöv Azərbaycan sevdalısıdı. Vətənini cığır-cığır, hasar-hasar, yol-yol , divar-divar sevən şairdi həm də:
Ürəyim sızlayır, gözüm yaş tökür, Nə vaxtdı nə göyün, nə də yerinəm. Bir gözüm Arazdı, bir gözüm də Kür, Həsrət körpsüyəm, Xudafərinəm….
Çayın da dərdi var, yarası dərin, Hönkürən dalğalar nə zillət çəkir. Bir vaxt mənəm deyən müştəbehlərin Səhvinin ağrısın bu millət çəkir.
Söz danışır, dilləşir dünyayla.Odlu, alovlu olsa da yenə də pafossuz, içdən. Fəxrəddin Teyyubun şeirlərinin çəkisi ağırdı. Hər ruh çəkə bilməz. Həm də şair dayazda üzməyi sevmir. Dərinə baş vurur. Baş vurduqca da daha qiymətli inciylə, sədəflə dönür oxucusunun yanına. Şairin sözü azaddı, buxovlanmayıb. Onun şeirlərində hər kəs özünü tapa bilər. Şair hər kəsin diliylə danışmağı bacarır. Ona görə də şeirləri hamının ruhuna hopur. Bir sözlə Fəxrəddin Teyyub sözünə arxalanan, sözü özünə qalxan edən şairdi. Sözüylə dağ yaran, qaya çapan, susuz səhraları gülüstana çevirən söz fədaisidi.Fəxrəddin Teyyub sözün əlindən tutub yeriyən şairdi həm də.. Onun sözü yalanı, riyanı, boyanı sevmir. Söz ona, o da sözünə söykənir. Heç kimə deyə bilmədiklərini varaqlara pıçıldayan şair ürəyinin yanğısını , ağrısını qələmlə birgə çəkir. Odunu qıraqdan hiss edirsən bu alovun. Yaxınlaşmağa qorxursan. Elə uzaqdan uzağa vurulursan bu günəşə. Şairin ovqatını yazılarından duyursan. Hansı havaya kökləndiyini də…Onun susmağı da şeirdi…Susqunluğunda da qəribə amiranəlik var..Oxucu sözünün hökmündən tanıyır Fəxrəddin Teyyubu. Zamana meydan oxuyan şair bəzən səhvini də elə gözəl ört-basdır edir ki, adamın bu səhvi onun üzünə vurmağa da dili gəlmir. Dumduru fikirlərdə yuyunub təmizlənir bu əyər-əksiklər də. Bu da özünəməxsusluğun təntənəsidi. Əsas odu ki, bütün şeirlərində şair özüdü, öz düşüncəsi, öz fikri, öz ovqatıdı.
Görmüsünüz bir kimsəyə baş əyəm? Haqqa qulam, nə ağayam, nə bəyəm, Yükünüzü daşımağa dəvəyəm,
Mən olmasam neylərsiniz, balalar?- deyən şairin bir ata nigarançılığı da var. Onlarçun həm ata, həm də şair kimi narahatdı. Bu da ki, ikiqat məsuliyyətdi. Amma bu yükün ağırlığından da usanmır, bezmir şair. Sevə -sevə, həvəslə daşıyır bu ilahi sevgini . .. Fəxrəddin Teyyub sözün ucundan tutub ucuzluğa getməyi də sevmir. Konkretliyə, müxtəsərliyə , yığcamlığa öyrədib qələmini . Bu da bir ayrı məharətdi şairçün məncə. Hansı tərəfə baxırsa ordan bir şeir çıxır. Külək də, yağış da, bağ da, dağ da , qış da, bahar da asanlıqla şeirləşə bilir şairin ruhunda. Şair təbiətə vurğundu həm də.Özü də dəlicəsinə.. Ağacın, çiçəyin, otun, kolun, daşın, torpağın diliylə danışmağı yaxşı bacarır. Təsvirləri canlıdı. Şeirlər adamla dialoqa girir sanki:
Deyəsən sözün var mənə , ay ürək
Minib yanıma gəl köhlən atını. Vaxt tapıb bir küncə çəkiləm gərək, Dinləyəm qəlbimin hesabatını. Burda şair ürəyindən nigarandı. Bu boyda ruhun qarşısında ürək salamat qalarmı? . Zaman öz işini görür. Elə şair də dinc durmur, daim axtarışdadı. Hər gün bir şeir doğulur Fəxrəddin Teyyubun düşüncələrindən. Bir-birindən gözəl, təp-təzə, qatı açılmamış fikirləri cilalayıb şeirə çevirən Fəxrəddin Teyyub yazmayanda darıxır. Yolda da yazır, toyda da, yasda da, yuxuda da, gerçəkdə də..Yazır sadəcə. Əcəb də edir. Oxucunu öyrədib şeirə. Yazmayanda özünü günahkar hiss edir sözün qarşısında.Elə oxucunun da.Bu məhsuldarlığına görə də bir ayrı alqışı haqq edir şair. Fəxrəddin Teyyubun dili zəngin, yaradıcılığı çoxşaxəlidi. Əsas odu ki, bütün şeirlərində özünü anladır. Poeziyada öz cığırı, öz yolu var. Sözün qarşısında alnıaçıqdı.
Tanrım, istəyimi , arzumu göndər, Göylər də, yerlər də əmrinə möhtac.
Gəl məni bir anlıq ağaca döndər, Görüm kəsiləndə nə çəkir ağac
-deyən şair kökünə, soyuna bağlı olduğunu hayqırır . Onu bu torpaqdan, yurddan, yuvadan qoparmaq olmaz. O bu torpağın bir parçası olduğunu dəfələrlə isbat edib. Bu sarıdan da xoşbəxt şairdi. Eyni zamanda şairin yoluna daş qoyanlara, sözünə göz dikənlərə, xəbislərə, nadanlara da veriləcək bir cavabı var:
Çörək tapmaz bir gün üzə ağ olan, Bəxtəvərdi arxasında dağ olan, Uğurumun ümmanında boğulan Bədxahlarım, paxıllarım, var olun!
Demək bədxahlar özləri də bilmədən uğura gedən yolda şairə əməllicə kömək ediblər. Şair bir az da coşub, ümidləri, arzuları qol -budaq atıb, köklənib. Oxucu ömrünün sazaq çağında şairin cəsarətinə də heyran qalır. Ürəyindən keçənləri sözə çevirmək cəsarətini deyirəm.
Alın yazısıymış səni görməyim, Elə görən kimi vurulmağım da. Eşqin dərəsində çəni görməyim, Sel kimi çağlayıb durulmağım da.
Yerin yaraşığı, göyün mələyi, Mən necə göz yumum bu gözəlliyə?….
Su kimi içirsən bu misraları. Sevgiyə təşnə könüllərə sərinlik yağır bu sətirlərdən. Cəsarətlənir fəsillər Fəxrəddin Teyyub düşüncələrində. Çiynindən dağ götürülür həsrətin. Ayrılığa söz atan şair söz altında qalmır heç vaxt. Bu da bir istedaddı. Şairin fikirləri ipə, sapa yatmır.Duyğuları həmişə oyaqdı. Ruhu yerlə göyün arasında didərgindi . Gah Ayla , gah Günəşlə, gah ulduzla, gah gecəylə, gah səhərlə dərdləşir şair. Bir yerdə qərar tuta bilmir. Şairlik də bu deyilmi?
Mənim bir taxtım var sevgi dağında, Qismətim üzümə gülənə kimi. Sevmək günah deyil ahıl çağında, Şair sevməlidi ölənə kimi.
Kimin gücü çatar bu ağırlıqda yükün altında yol getməyə.Bu boyda etirafın qarşısında nə deyəsən axı ? Heçnə.Susmaqdan başqa əlindən nə gəlir ? Sual verməyə də çəkinirsən. Cavabından qorxursan. Həqiqətləri eşitməkdən qaçırsan bəlkə də.. Amma məncə elə ən gözəl cavabdı bu etiraf. Şanlı qələbəmizi doya-doya yaşayan şair xalqına, Vətəninə də ürəyindən gələn duyğularıyla gözaydınlığı verməyi unutmayıb nəhayətsiz bir sevinclə:
Ana, gözün aydın,şad xəbərim var, Daha qarlı qış da bahardı bizə. Qəhrəman oğullar, igid oğullar Aldı Qarabağı , qaytardı bizə.
Həyəcanın, sevginin, sevincin parıltısı ruhumuzu qamaşdırır. Səmimiyyətdən, məhəbbətdən, eyni zamanda həsrətdən yoğrulmuş misralar yaramıza sığal çəkir.Qürurlanırıq. 30 ilin ağrısı çıxır canımızdan. Çiynimizdən yük götürülür. Azadlığın yeli vurur adamı. Şair özüylə dostdu.Ərki də, görkü də özünədi.Qarışqanı belə incitməyə ürəyi gəlməz. İnciyəndə də çəkilər öz könül hücrəsinə. Hirsini sözdən çıxar:
Eyni zamanda özündən narazı şairdi mənim bu balaca yazımın qəhrəmanı. Tərifi sevmir, qondarmalardan uzaqdı. Heç tünlüyü də sevmir. Sakitliyə can atır. Şairin gözəl bənzətmələri, təşbehləri, təsvirləri yazdığı şeirləri bir az da oxunaqlı edir:
Ay göyün üzündə ocaqdı, oddu, Salar işığını dağlar belinə. Zirvə elə bil ki, Dədə Qorquddu, Şəlalə kəmərin bağlar belinə.
Onun yaradıcılığından belə yüzlərlə nümunə gətirmək olar. Yorulmadan, usanmadan həm də. Şair sözlə oynamağı bacarır. Eyni zamanda sözə sığal çəkməkdə də mahirdi. Fəxrəddin Teyyubun sözündə qəribə bir əminlik var. Bəziləri bunu lap özündənrazılıq kimi qiymətləndirir.Amma sözü tanıyan hər kəs bilir ki, bu güvəndi, arxayınçılıqdı, eqo deyil. Axı şair sözünə güvənməsə yaza bilərmi? Sözü incitdinsə qaçacaq. Ələ düşməyəcək bir də. Sözə balan kimi baxmağı bacarasan gərək. İstidən, soyuqdan , küləkdən, yağışdan qoruyasan. Bu sarıdan Fəxrəddin Teyyub xoşbəxt şairdi. Sözdən yarıyıb həm də. Yaşının payız çağında da diqqət mərkəzindədi və sevilir. Dünyanı sözünün süzgəcindən keçirən şair hələ misra-misra yol gedir ruhunun uçduğu yerə. Səbrlə, sevgi və həyəcanla. Hələ ki, sözünün ocağına yığışanlar biz bildiyimizdən də çoxdu. Elə öz bildiyindən də..Sirrini, sözünüsə bir kağız bilir, bir də qələm. Fikri gah dərədə, gah dağda gəzən şairin ürəyi baharda qalıb hələ. Tanrı ürəyinə görə versin, Fəxrəddin Teyyub.
56 yaşını salamlayıb təbrik edirəm. Qoca dünyanın qocalda bilmədiyi Yusif Bəhramoğlu tanıyanlarının nəzərində eləcə 43 yaşlı cavan kimi qalır.
Ümid elədim sabaha Şeytan çəkir hey günaha. Əlimi açdım Allaha O da əlimdən gizlənir.
𝙑ə 𝙮𝙖
Ürəyimi açdım yelə, İstəyir dünya sökülə. Məni basdır gülə-gülə, Öldüm ağlaya-ağlaya.
𝙮𝙖𝙭𝙪𝙙
Başım üstə bir azğın əjdahadı, Bu torpaq nə azğın iştahadı. Həyat mənə bu dünyadan bahadı, Ömür kimi heç nə ucuz vörünməz.
Yəqin ki, bu şeirləri oxuyanlar istedadlı bir insanın ömrünün qısalığına, itkisinə təəssüflənəcəklər.Şeirlərində sevinclərindən çox məruz qaldıqları sıralanıb. Ona məhz bu yaşantılar, bu göynərtilər doğma olub. Fələk yazdıqlarının sevincini çox görüb ona. Şeirlərini dəfə-dəfə oxuyuram. Bir qismi Füzuliyanə, bir qismi Sabiranə.Bir az böyük də çıxsa, deyərdim ki, bütövlükdə Yusifanə. Qəmxarım qəm, qılma qəm kəm,qəm kifayətdir mənə, Qəm mənim qəmsizliyimdən qəmli qiymətdir mənə. Şeirlərində ölüm haqqında düşüncələr özünə yer alsa da, dilində zarafatları əskik olmazdı.Zarafatları qəzəllərində daha çox yer alıb. Əksər qəzəllərinin mövzusu yarıciddi, yarızarafatdır.
Bizləri işlədərək pul yerinə vəd verilir, Yığmışıq vədlər ilə xeyli qənimət, ay Hacı.
Yaxşı ki, verdiyin maaş badımcana çatır, Görürük şükr ola hərdən yuxuda ət, ay Hacı. *** Çoxları qocalanda demə ağsaqqal olurlar, Yusif kimi bir kimsə cavankən pir olmadı.
Yusif hər zaman elə mövzulardan yazıb ki, onların “sandıq ədəbiyyatı” olmaq qorxusu yoxdur.Bütün şeirlərində sabaha inam var, işıqlı bir ümid var. İzləyicilərə Yusif Bəhramoğlunun ilk fotosuyla son fotosunu təqdim edirəm.İlk fotoda yaş yarımlıqdır. Ömrün sonuncu fotosunda 43-lə vidalaşıb. ..İndi şəkil çəkdirməyə nə var ki?..Hərənin əlində telefon – istənilən anı lentə ala bilir. Amma əvvəlki zamanlada insanlar ən yaxşı paltarlarını geyinib fotoatelyelərə gedir və ya fotoqrafları evlərə dəvət edirdilər. Bu şəklin çəkilmə tarixi bütün aydınlığıyla yadımdadır. Atam Bəhram müəllim ziyalı bir şəxs idi. Ömrün fotolarda əbədiləşən anlarının dəyərini yaxşı bilirdi. Lənkəranın məşhur Böyük Bazar ərazisindəki fotoatelyelərinin birində lentə alınan bu şəkildə 1969-cu ilin yayıdır. Ailəmizin hamısı bu şəkildə birgədir. Təəssüf ki, amansız həyat bizi bir- bir ayırdı. Sonuncu şəkildə isə Yusif toy məclisindədir. Aliyə bacımızın oğlu Rəşadla gəlini Səbinənin toy məclisində.
Ruhun şad olsun, sirdaşım mənim. Yenə bizimləsən – yadigarlarınla, yazıb-yaratdıqlarnla, müdrik fikirlərinlə…
Bir zaman işıqlı bir insanı gedər-gəlməzə göndərdilər, Onun doğulduğu evi xarabazara döndərdilər. Saatlar, günlər, aylar, illər ötüşdü. O sönən ocağa qahmar çıxmayan kəndin özü də pərən-pərən düşdü… Bir elin didərgün düşməsi, Yarasaların hirsini hələ də soyutmayıb… Köçüb gedən Sayatlıya Müşfiqin evindən başqa bir ev qayıtmayıb… Bircə qonaq-qaralı koma, bircə işıqlı ruh Bu yerlərin bəsidir. İndi Müşfiq ocağı bir kəndi, bir eli isidir. 10.01.2016
Müəllif: Rafiq YUSİFOĞLU, şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.
“YAZARLAR” Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair-publisist Hikmət MƏLİKZADƏni doğum günü münasibətilə təbrik edir, can sağlığı, uzun ömür, yeni-yeni nailiyyətlər arzulayır!
…Əsgər haqqında ballada… Nədir yenə, ümman kimi, çalxalanıb, coşdun, ürək? İçindəki bu təlatüm, bu oyanış de nə demək? Həsrətdənmi, nisgildənmi, Ürək, yenə çağlayırsan? Anasına həsrət qalmış, Körpə kimi, ağlayırsan… İçindədir; ümid adlı, qığılcımın od-alvu, tərslik etmə, dəli könül,
intizara alış, yovu!!! Həqiqətlər qarşısında, Biz gücsüzük, biz heç nəyik, Dinlə məni deyim, ürək, Biz nəçiyik; şan-şöhrətli,
– “hüququndan keçmiş əsgər”, həmdəminə həsrət canıq, bəzən canlı, bəzən cansız, biz “robotuq”, biz “əşyayıq”… Bu torpaqdan yoğrulmuşuq, Bu torpaqdan doğulmuşuq, Yardan əfsəl, anamızın Qulluğuna buyrulmuşuq!!! 15.04.1995. Marağa.
QUCAĞINI GENIŞ AÇ… ( Gizir Pəncəli Teymurova həsr olunur.) Qucağını geniş aç, gəlirəm Ana Torpaq, Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq, Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq, O qutsal əmanətin, ünvanına yetibdi… Sancmışam Sancağımı, rahat gəlirəm indi…
* * * Səhər-axşam deyərdim, bu canım sənə fəda, Nə olur mənə olsun, təki sən görmə qada,
“Komandir yaxşı olsa, ordunu verməz bada”, Komutanım öndədir, gül-çiçək düz yoluna… Sıra ilə gəlirik, yer ver girək qoynuna… * * *
Çox dilək diləmişdim, Bayraq olsun kəfənim, Xəyalım gerçək olub, sevinməsin düşmənim, Dualarım qəbuldu, ağlamasın sevənim, Ana, sən də gözünün qorasını sıxma ha… “Oğul düşmən çəpəri”, qurban gedər torpağa… 12.04.2016. Bakı.
“DÜNYA BİR PƏNCƏRƏDİR…” (Fərid Əhmədovun əziz xatirəsinə ithaf olunur…)
“Dünya bir pəncərədir”, pəncərən olsa, qardaş… De, heç vaxtın oldumu, pəncərədən baxmağa, Bir-iki, tələm-seyrək, boylanmağı saymasaq… Yuxunu görmək üçün vaxt lazımdı yatmağa, O da, Sən də yox idi, işin-gücün çox idi… Çoxunun gözü ackən, Sənin gözün tox idi… * * * Yuxusuz gözündəki bu hüzn nədi, qardaş??? Yeddi ürək lazımdı, baxışına baxmağa, Qəlb adlı əzamızı, qan vurmağı saymasaq… Bizdə ürək nə gəzir, gözümüz yox baxmağa, O ürək Səndə idi, baxışların ox idi… Çoxunun haqqı yoxkən, Sənin haqqın çox idi… * * * “Nə yatdın ki, nə yuxu”, görəsən, əziz qardaş…. Yaradan yaratmışdı, Səni oyaq qalmağa, Ayaqüstü, sırada, göz qırpmağı saymasaq… Yaranmışdın süzməyə, yaranmışdın dalmağa, Düşüncə, dərin ümman, zehin, iti ox idi… Çoxunda beş-beş olan, Səndə biri yox idi…. * * * Damarda coşdu qanın, ürək dözmədi, qardaş… Dizindəki təpərin bəs eylədi qalxmağa, Dostlarının toyunda oynamağı saymasaq, Toy-düyün də görmədin, oturmağa-qalxmağa, Ərgənlənmiş ər idin, bəy otağın yox idi… Çoxu sayın bilmirdi, Sənin biri yox idi… * * * İgid oğlu, ər idin, bilənlər bilir, qardaş… Sənin etdiklərini ehtiyac yox saymağa, Arada qəmli-qəmli bu baxmağı samasaq, Eyibin də yox idi, barmaq ilə saymağa, Yan-yörədə bildiyin, nacis, naqis çox idi… Bilən bilir qardaşım, Sənin mislin yox idi…. 21.01.2018. Bakı.
ŞƏHİD HAQQI (Mübarizlərin ruhu qarşısında borcluyuq…) Hər bir gedən şəhidin haqqı var boynumuzda, Onlara borclu olan bir can var qoynumuzda, Gərəkdir, sırğa ola; qulaqda, eynmizdə, Əgər biz unutsaq da, dövran bunu unutmaz… Bu yara hey su verər, zaman onu qurutmaz… * * * Bu bizim şakərimiz, həp şikarı unutmaq, Boş-boş təsəllilərlə ruhumuzu ovutmaq, Cismimiz oyansa da, layla deyib uyutmaq, Bir gün biz istəsək də, dövran bizi oyatmaz… Biz yatmaq istədikdə, zaman bizi uyutmaz… * * * Bir əsgər kəmərinin toqqasıcan yoxuq biz, İllərdi ki, gözləyir; neçə qışdı, neçə yaz, Deyir: – “Gəl bu şəhidə bir quruca məzar qaz”, Bu qədər bivec ata, yada ki, qardaş olmaz… Vallah, atam-qardaşım bundan vacib iş olmaz… * * * Hər şeyi yükləmişik, Lazım bəyin belinə, Zalım oğlu zalım da qüvvət verib dilinə, Heç kimsə razı olmaz, bir quş səkə gülünə, Bəs bu dağlarda yatan gül balalar kimindi?! Ay – ulduzlu toqqalar, qumqumalar kimindi?! * * * Dəstəklərə yazılı, neçə-neçə adımız, Qundaqlara qazılı, sezilməyən ay-ulduz, Nişan durub, gözləyir; birdən düşər yolumuz, Gəlin, o nişanların gözün yolda qoymayaq… Bu işi, bu gün görək, sabaha saxlamayaq… * * * Bu işin bir yolu var, göstəribdi Mübariz! Torpaq bizim Vətənsə, düşməlidi izimiz. Bəsdir bəhanə etdik, bağlanıbdı yol-iriz. Örnəkdən, ibrət alıb, cümləmiz coşmalıyıq!!! Tikanlı məftilləri bu gün biz aşmalıyıq!!! * * * Dəli bilirlər bizi, doğruldaq adımızı, Dost özün göstərəcək, tanıyaq yadımızı, İllərdir su vermişik, püskürək odumuzu, Belə yaşamaq olmaz, bilməliyik hamımız!!! Mübariz gedən yolu, getməliyik hamımız!!! 03.08.2019 – 19.06.2020. Bakı.
TORPAQ BİZİ GÖZLƏYİR… (Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə) Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Yadıma xırdaca günahım düşdü… Yanında boş yerə tamahım düşdü… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… “Hazırdır məzarlar”, – eyindən keçir… Yanına gələn yol çiyindən keçir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Bu süslü “otaqlar” xiffət eyləyir… “Daş yastıq yataqlar” minnət eyləyir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Səngər, məzar ortaq bizi gözləyir… Qardaş, Ana torpaq bizi gözləyir… 23.08.2020. – Bakı. (II F.X.)
CAN AY ANA… (Milli Qəhrəman Polad Həşimovun anasına) Can ay Ana, bu baxışda nələr var… Bu baxışda, Poladının ilk dişi, İlk addımı, gülüşü var, yeriş var… Bu baxışdan asılıbdı murazlar… Bu baxışda Poladının ilk beşi, Gülərüzü, şux qaməti, duruş var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda yoxa çıxıb diləklər, Bu baxışda zaman da yox, məkan da… Bu baxışda itib bütün mizanlar… Bu baxışda dünya çöküb iməklər, Bu baxışda yelkən də yox, sükan da… * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladın ilk rütbəsi, Bu baxışda şərəf də var, şan da var… Bu baxışda fəğan edir arzular, Bu baxışda min vaizin xütbəsi… Al don geymiş qürub da var, dan da var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda qədər namı ağlayır, Bu baxışda Polad adlı oğul yox… Bu baxışda tükənibdi niyazlar… Bu baxışda kədər qəmi dağlayır, Mum tək yumşaq, polad kimi oğul yox…. * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladının mərdliyi, Ərənliyi, cəsurluğu, qürur var… Baxışının hərarəti dondurar… Bu baxışda fəxarətin sərtliyi, Ağalığı, amirliyi, onur var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda susub qapı zəngləri, “Polad gəldi”, dur ayağa deyən yox… Bu baxışda od qalayır xəyallar… Bu baxışda itib dünya rəngləri, “Ana” – deyə, şirin-şirin gülən yox… * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda xanım, xatın bir Ana, Sinəsində bağrı çat-çat olan var… Bu baxışdan neçə Ana boylanar… Bu baxışda Nüşabə tək şir Ana, Tomris kimi kükrəyən var, yanan var… 12.01.2021. Bakı.
DAĞLAR (Zaur Ustacın Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar! * * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar! * * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar! * * * Xətai qırmadı könül bağını, Nadir unutmadı hicran dağını, İlhamın silahı əzdi yağını, Dəmirdən yumruğun mübarək, dağlar! * * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar! * * *
Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar! * * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar! 22.01.2021. Bakı.
O GÜN (Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə) Hər şey belə başladı, Gülə-gülə getmişdin… Döndün üzdə təbəssüm, Çöhrənə həkk etmişdin… * * * Tək getmişdin gedəndə, Yüz min olub qayıtdın… Özün getdin yuxuya, Milyonları oyatdın… * * * Hər şey belə başladı, Bütün xalq həmdəm oldu… Cümlə aləm toplandı, Azərbaycan cəm oldu… * * * Yuxudaykən əbədi, Yatmışlara qalx dedin… Vətənin qara dərdin Al boyayıb, ağ etdin… * * * Girib torpaq altına, Çıxartdın üzə nə var… Bir gedişə mat idi, Taxtada tüm fiqurlar… * * * Tarixində satrançın Bəlkə də bu oldu ilk… Qarşısında bir topun, Vəzir olmuşdu fillik… * * *
Hər şey belə başladı, Qonaqların sığmadı O gün həyət-bacana, Məmləkəti çuğladı… * * * Başlanan yol qapından, Şuşayadək uzandı… Vətən oğlun itirdi, Torpağını qazandı… * * * Belə şanlı hekayət, Tarixdə bir, ya iki… Lap başqası varsa da, Möcüzədir bizimki … * * * Bu dastanı qanıyla Yazdı ərlər, ərənlər… Bu kitabın qədrini, Bilir yazmaq bilənlər… 14.07.2021. Bakı.
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.