Rafiq Yusifoglu: – …ömür-gün Tanrı payıdı…

TANRI PAYI

Göylərdən gələndə qar xışma-xışma
Müdrik düşünəcək, naşı güləcək.
Bəyaz saçlarıma baxıb qımışma,
Sənin də ömrünün qışı gələcək…

Sənə də cavanlar ağız büzəcək,
Sənin də ocağın buza dönəcək.
Sənin də içini sazaq kəsəcək,
Sənin də gözünün nuru sönəcək.

Duyğusuz bir insan quru payadı,
Ulu yaradanın önündə əyil.
Bir də ki, ömür-gün Tanrı payıdı,
Qocalmaq hamının qisməti deyil…

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Doğum günü təbriki

Bu gün Qax rayonu Cəlayir kəndinin qəhrəman şəhidi Şəhid Təbriz Rəsulzadənin qardaşı Fateh Rəsulzadənin doğum günüdür. “Yazarlar” Fatehi doğum günü münasibətilə təbrik edir bütün fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayır! Allah Sizi qorusun! Uğurlarınız bol olsun!

Cəlayir kəndinin qəhrəman şəhidi Şəhid Təbriz Rəsulzadə

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

İbrahim Rüstəmli – İkinci yazı

Günəşin altında kölgəsiz adam
(II yazı)

BƏZİLƏRİNİN ÖZ BEYNİNƏ DƏXLİ YOXDU

Ancaq güclü küləyin asanlıqla aşıra biləcəyi hasarlarımız, peşəkar oğrunun rahatlıqla kəsib-doğraya biləcəyi dəmir barmaqcıqlarımız həyatımızın görünən tərəfidi hələ – çölüdü!..

Ehtiyatlı davranışı və cazibədar görüntüsü ilk baxışdan kiminsə əynindəki bahalı pal-paltarı, zinyət əşyalarını xatırladır…

Acımasız xarakteri ilə təhlükəli və real ilğımdı – dərinliklər fatehi. Üzdə necə gözəl, necə mehriban, necə qayğıkeş görünürsə, adam lap başını itirir…

Həm insanın tanımadığı qatildi, həm də insanı tanımayan!..

Aldadıcı nəqlində pambıq yumşaqlığı – baş kəsən! Ağrı-acısız! Təəccübsüz! Nə ruhunu incidər, nə də canını!..

Yəni hamının yaxşı geyinmək haqqı var, yaxud yaxşı yaşamaq istəyində qeyri-adi heç nə yoxdu!..

Ancaq assosiasiyası öldürücü təsir və təhdid elementləri ilə zəngin cəbbəxana kimidi; əqli və mənəvi dəyərlərimizə qarşı cəbhə açıb; topu, topxanası ilə. Nəzərlərimizi asta-asta işğal altına almaqda, əsirinə çevirməkdə və maddi olanlara kökləməkdə ustadı. Rəqib tanımır. İnsana və insanlığa aid nə varsa, hamısını noxtalayıb müxalif düşərgəsinə daşıyır; özününkiləşdirir!.. – (Aşağıdan yuxarıya) bişirə-bişirə, (yuxarıdan aşağıya) düşürə-düşürə!..

Sərt modifikasiyası işıqdan qaranlığa, yaxud istidən şaxtaya düşmüş adamlar üçün nə qədər qəfil və dözülməzdirsə, bir o qədər də anlaşılmazdı. Qütblərin kordinal diffuziyası ilk növbədə kələfin ucunu tapmaq istəyinə qarşı çıxır. Reallığını alternativsiz norma kimi ekranlaşdırır. Və istəyinə çatmaq məqsədilə əsas cəsus şəbəkəsini – kütləvi informasiya resurslarını ciddi nəzarəti altında saxlayır; xüsusilə (bəzi) televiziya kanallarını; özü də açıq-aşkar, çəkinmədən. Qos-qoca yanaşmadı; klassik…

Tanımaq istəyirsizsə, lap elə indicə “mavi” ekranın qarşısına keçməyiniz yetər. Sizi orada arvad paltarı geyinmiş kişilər, yaxud qadın müqəddəsliyini seksual təəşşüqlərin ən iyrənc həddinədək alçaldan “xanım”lar gözləyir. Əgər səbriniz çatsa, dözə bilsəz, qarşınıza baldızını qoltuğuna vurub aradan sivişən “bəy”lər, qayınına qoşulub qaçan “gəlin”lər çıxacaq. Bir evin içində iki-üç “ailə” saxlayan “kişi”lərlə rastlaşacaqsınız.

Mədəni və mənəvi istirahətimizin növbəti uğursuz ünvanı – sitkomlar da daha çox “qurşaqdan aşağı gülüş”lə yadınızda qalacaq.

Mənim ölkəmdə müqəddəs ziyarətgahları su yoluna döndərmiş “din-iman adamları”nın ekranlarımızdan düşməyən bir flayeri də var: “Həci brendi!” Orta əsrlər mədəniyyətini orta səviyyədən də aşağı səviyyədə, kadr arxasından yurdumuza daşıyanlar – barbarcasına; (na)xoş qədəmləri ilə həyatımızın içinə girənlər!..

Yəni heç nə bizsiz, yaxud bizdən kənarda baş vermir. Zehnimizdə öz etiket və yarlıqları ilə yalnız məlumat şəklində təmsil olunan dünya var: üç funtluq kainat. Dövriyyəsində müdaxilə olunmamış, orijinallığını qoruyub saxlayan bir dənə də saf məlumat yoxdu!..

Yoxsa adam niyə iki-üç illik qazancını böyük şövqlə sənətə dəxli olmayan ara müğənnisinin cibinə bassın və sonra daha iki-üç il borc altında çabalasın ki! Dəlidi? Xeyr! Amma ağıllı da deyil! Bəs onda kimdi? Soruşsan, özü də bilməyəcək! Amma dodaqlarının altında mızıldadığı iki-üç kədərli kəlməni böyük ehtimalla eşitmək imkanınız olacaq: “Daş (mənim) başıma!..”

Belələrinin ən yaxşı təsnifi el arasında adətən tez-tez səsləndirilən ənənəvi kəlmə ilə şəkilləndirilir: “Quşbeyin!” Semantikasında da, etimologiyasında da quşu gözündən vuran snayper dəqiqliyi – brilyant kimi cilalanmış fakt: bəzi adamların öz beyninə, ümumiyyətlə, dəxli yoxdu.

Yəni ətrafımızdakılardan tez-tez eşitdiyimiz “başımı itirmişəm!” ifadəsi göydən düşməyib!..

Adam göydən düşəcək daşın da itirdiyi başına yox, çiyninində gəzdirdiyi başına düşməsini arzulayır. Özününkü deyil axı! Başqasınındı!..

Çünki bizim ÖZümüzü görən gözümüz yoxdu; yaxud başqalarını Özümüzdən daha yaxşı görən gözümüz var…

Ən sevimli işimiz onun-bunun həyatının içində eşələnməkdi! Beyin hüceyrələrimiz – a(y)na neyronlarımız fasiləsiz döyüş növbəsində: müşahidə kameralarımız – monitorlarımız ətrafımızdakıların yaşam və davranışını fövqəladə həssaslıqla izləyir.

Və həyatımıza başqalarının həyatına aid həqiqətləri daşıyır….

Öz həyatımızda başqalarının həqiqətlərini yaşadırıq…

Öz həyatımızı həqiqətsiz – yalandan yaşayırıq; yalanla yaşayırıq…

Özümüzdən bixəbər!..

Neqativlərə necə kökləmişiksə, axtarışlarımız yatanda da bitmir, əksinə, ssenarimiz yuxuda daha maraqlı filmə çevrilir…

Axı bizim başımız ən azı iki-üç adamın yaşadığı çıxarışlı (kupçalı) ev deyil yalnız, həm də ideal çəkiliş meydanıdı. “Kino”muzun süjet xəttini xarakterlərin zəngin və iddialı çeşidi müəyyənləşdirir – təşəbbüsü daim əlində saxlayan rejissorlarımızın sayı dəfələrlə arta bilir.

Onların fikir və istəyi, hərəkəti və bizimlə bağlı gözləntisi həmişə ön plandadı; fərdi seçimlərimizin və hədəflərimizin kompası – drijor çubuğu rolunda…

İndi ən əsası öz taleyinin sahibini tapmaqdı. Meydan ÖZünə, öz həqiqətinə yiyə duranlarındısa, demək, sən öz filminin epizodik rolundasan; o, sən deyilsən, demək! Tərslikdən nə zamanın, nə şansın və nə də fürsətin geridönüşü olur: özünü dəyişmək dünyanı dəyişməkdən çətindi!..

Reallığımızın elastikliyi fonunda “hədəf”, “arzu”, “tale” və “aqibət” kimi ciddi anlayışlar yolundan azır və hər gün həqiqi mahiyyətindən daha çox uzaqlaşır, əhəmiyyətini irtirir. Münbit mühitdi. Münasibətlərin qeyri-müəyyən və üzən konfiqurasiyası dərhal havalı dünyamızın çərpələng effektini yaradır:

Biri var yanımızda olanlar, biri də var yanımızda olmaq istəyənlər!..

Biri var yanında olduqlarımız, biri də var yanında olmaq istədiklərimiz!..

Mən hələ bir-biri ilə didişən çoxsaylı “mən”imizdən, gördüklərimizlə görmək istəmədiklərimiz arasındakı fərqdən danışmıram; o qədər böyükdü ki, həyatımız şübhə və tərəddüd burulğanına çevrilir; qum fırtınasına – əqlin süzgəci üçün keçilməz səddə.

Hər gün yollarımızda sinirlərimizi tarıma çəkən sıxlığı boş verin; ən böyük tıxac beynimizdə yaşanır.

Neyronların tükənmiş yolu daha ağlımızın seçim imkanını tanımır, tanıya bilmir, ya da tanımaq istəmir. Hisslərimiz isə bizə dünyanın yanılış mənzərəsini təqdim edir:

Dünənə kimi görməsək, inanmazdıq!..

İndi görsək də inanmırıq!..

İnsan ən böyük yalanı özünə danışır indi!..

İndi insan hamıdan çox özünü aldadır; həm hamıdan çox, həm də hamıdan yaxşı!..

Sabahımızın önündə iki ayağını bir başmağa dirəmiş zaman dayanıb; zamanımız dayanıb – dağ kimi. Bir il, bir ay, bir həftə, bir günümüz haqqında söz açmağa dəyməz heç! Bir anımız sirdi. Hər anımız sirdi! Önümüzün koruyuq. Tamahımızın quluna çevrilməyimiz də elə gələcəyi görə bilməməyimizdəndi. Ac canavardan betərik – içimizdə gözü doymaq bilməyən quduz bir yırtıcı yaşayır; özümüzlə gəzdirdiyimiz. Əslində isə o bizi özü ilə gəzdirir; o bizi hara istəsə, ora da aparır; biz onu yox!..

Görürsüz, daha qaranlıq fanusun darısqal sərhədləri rahat nəfəs almağımıza mane olmur. Hətta tez-tez xoşbəxt görünürük! Çünki zəngin vitrin təcrübəmiz, səhnə tərtibatımızla həm də “istedadlı” butaforlarıq. Yalanlarımızı, riyakarlığımızı, ikiüzlülüyümüzü görmək xüsusi istedad tələb edir!..

Yabançı diyarlardan gələn calaq formatdı – peşəkarcasına düşünülmüş. Kiberhücum! Prosesə geni dəyişdirilmiş ərzaq məhsulları ilə başlanıldı. İndi növbə süni intellektindi! Son məqsəd beyin hüceyrələrini kölə halına gətirmək – budaq neyronları budamaqdı!..

Görmək istədikləri səhnədə milyardlarla neyron milyardlarla kütlə halında!..

Amansız bir savaşın içindəyik. Döyüşü uduzmaq ehtimalımız var! Daha yarımkürələr də yolu yarımçıq gedə bilir ancaq…

Ciddi sözümdü, hərdən sağ əlinizi dincə qoyun, əgər mənim kimi solaxay deyilsizsə…

P.S. Adam hamının içində özündən böyüyünü görməyəndə, öz içində özünü hamıdan böyük görür…

Müəllif: İbrahim RÜSTƏMLİ – Əməkdar jurnalist

İBRAHİM RÜSTƏMLİNİN YAZILARI

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Azərbaycan Yazarları

ZAUR  USTAC

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından  biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin  iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..

Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı,  2010-cu ildən isə YAZARLAR.AZ  saytı idarəçiliyindədir.

Zaur Ustacın əsərlərinin  2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və  təhlükəsiz portalda  pulsuz  yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən  ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.

Zaur USTAC  yaradıcılığı  Ana  dilimizdə  oxuyub, anlamağı  bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.

BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!

(Arazın o tayında bayrağımız dalğalanıb)

Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!!!
Güney, Quzey fərq eləməz,
Oylaq, bizim oylağımız!!!
* * *
Axışı lal, susur Araz,
Mil, Muğanı yorur ayaz,
Kərkükdən ucalır avaz,
Oymaq, bizim oymağımız!!!
* * *
Göyçə dustaq, Urmu ağlar,
Yaşmaq düşər, börü ağlar,
Qaşqayda bir hürü ağlar,
Papaq, bizim papağımız!!!
* * *
Dörd bir yanın qarabağlı,
Dəmir qapı çoxdan bağlı,
Bir ağacıq qol, budaqlı,
Yarpaq, bizim yarpağımız!!!
* * *
Ustac boşa deməz əlbət;
-“Sərhədinə elə diqqət”,
Bu kəlamda var bir hikmət,
Sancaq bizim sancağımız!!!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

İbrahim Rüstəmli – Birinci yazı

Günəşin altında kölgəsiz adam…

(I yazı)

Ən böyük problemlərimiz hər gün iyrənc bir həyasızlıqla törəyib artan və dondan-dona girən saxtakarlıqların rəngbərəng fonunda yaşanır. Arada məsuliyyəti var gücü ilə çiynimizə yükləyən və bənzərsiz bir “fədakarlıqla” bütün zamanların kürəyini yerə vuran daha betər, daha ciddi məqam da yer alıb. Onun əsas vəzifəsi (və uğuru) öz varlığını sanki “ayaqları” amputasiya olunmuş indimizlə obrazlaşdırmaqdı!..

Zamanın amansız sükutu öz mühafizəkar təbiəti və iradəsi ilə adam(lar)ı susmağa və boğulduğu yerdə donub qalmağa vadar edən qocaman bataqlığı xatırladır. Ətrafında tikanlı sərhəd məftilləri kimi dəstəkçi paralellər! Ləpə-ləpə! Dalğa-dalğa!..

Görəsən, bir-birinin başından basa-basa üstümüzə şığıyan azman dalğalar həyatımıza hansı sürprizlərlə toxunacaq!? Və öz təması ilə varlığımızı yoxluğumuzdan ayıran sərhəddi necə cızacaq!? İllah da mərhəmətli insanlarla bağlı şübhələrimizin gündən-günə artdığı vaxtda. Maraqlıdı, nə əcəb ilahi bir gücün – xilaskar əlin varlığına inamımızı hələ itirməmişik!? Real görünməsə də! Görünən – çətin vəziyyətlərdə ehtimalların ən etibarlı ümid yeri, istinad nöqdəsinə çevrilməsi, həyatımızın adiləşmiş həqiqətidi. Təəccüb doğurmur.

Biz qat-qat ağırını – təəccüb hissimizi itirmişik!..

İndilərdə isə söz subliminal mesajların şüuraltında ustalıqla formalaşdırdığı və inandırdığı təsəvvürlərindi: yaşamaq istəyirsənsə, sakit dur! Yerindən tərpənmə! Yoxsa acgöz bataqlıq tükənməyən iştahası ilə hər tərpənişində səni bir az da öz içinə çəkəcək, səni bir az da udacaq, bir az da yiyəcək.

Yiyənə çevriləcək…

Həyat həqiqətlərimizin qalib görkəmi surəti çıxarılmış saxta şəkillərlə doludu. Möhürü vurulmamış! Öz yolu ilə getməyən adamların heç biri öz ömrünü yaşamır. Kim(lər)isə yamsılayır mütləq. ÖZünü, öz varlığını alçaldan, aşağılayan və başqalarının həyatında tapanlar üçün qalereyamızda cəmi bircə şəkil var ancaq: Günəşin altında kölgəsiz adam – daha güclülərin təsiri və əsarəti altına düşən (qul). Sən öz halınla sahibinin ayağındakı ayaqqabısı, əynindəki köynəyi qədərsən – ürəyi istədiyi anda çıxarıb zibilxanaya atdığı, dəyişə bildiyi…

Deyəsən, qul sözünün arxaikləşməsinə sevinməkdə tələsmişik bir az axı. Axı kölgəsiz adamın gözə görünməməsi özü kimi, daşıyıcısı olduğu mənanı da unutdurmur, əksinə, ona yeni rəng qatır, yeni güc verir. Və daha böyük əsarətin, daha böyük faciənin mənbəyinə – əksəriyyətin rahatlıqla barışdığı nümunəyə çevrilir. Kütlə – ixtiyar sahibi deyil; asan yolların yaşatdığı tıxac kimidi; o, yolu seçmir; yol onu seçir!..

Amma yenə də gözlərimizi aldadan görüntülərdə dünya hər birimizin təsəvvüründə canlandırdığı, inandığı və gördüyü boydadı. Min illərdi əsl həyatın, yaşam tərzinin məsxərəyə qoyulduğu, təhqir olunduğu məkan da daha öz işini köhnə gedişlərin tozunu silməklə bitirir. Və boyat həqiqətlərini gizlətməyə ehtiyac duymur. Cəsarətlidir. Hələ bizim eramızdan əvvəl Sokratı Roma təlxəyi adlandıran Aristofan kimi…

Biz gerçəyimizin dustağıyıq! Məhbəs həyatı yaşayırıq!..

Hər gün daha da uzanan boyu ilə həbsxana divarlarını kölgədə qoyan hasarlarımızın, pəncərələrimizdəki dəmir barmaqcıqlarımızın arxasında – özəl təcridxanamızda!..

Burada nə varsa, hamısı fərdi yaradıcılığımızın məhsuludu, hamısı özümüzə məxsusdu: kameralarımız, qandallarımız, qıfıllarımız! Hətta son qərarımız da! Kənardan qeyri-adi və inanılmaz görünə bilər, amma çıxardığımız hökmün üzərində də öz imzamız, öz möhürümüz dayanır: həbs müddətimiz – ömürlük!..

Nadir hallarda içərilərdən qulağımıza güllə səsləri də çırpılır: ömürlük həbs ölüm cəzası ilə əvəzlənir. Hökm(ümüz) dəyişir, amma həyat(ımız) dəyişmir. Çünki hər iki yolun apardığı tək ünvan var ancaq – məzar!

Məzar – ölümün ən bəsit şəklidi; hamının gördüyü, yaxud heç kimin görməyə bilmədiyi! İstəməsən də görəcəksən!..

Az qala hər gün rastlaşdığımız qəbirlər kimi, bütün donuq səhnələri bir-birinə ciddi qohumluq əlaqələri bağlayır. Məsələn, durğun suların müqavimətsiz xarakteri və ətaləti ilə zaman-zaman öz tərkibini dəyişməsi və özündən çox bataqlığa bənzəməsi, bizim fikrimizcə, adi təbiət hadisisədi. Amma suyun hərəkətsiz, tənbəl elementlərinin itirilmiş özünümüdafiə instinkti, əslində, yad canlıların doğulması, qidalanması və törəyib artmasına xidmət edir. Və onu qısa müddətdə hətta heyvanların yaxın durmadığı ağır kütləyə – ölü suya çevirir…

Çaylar, göllər, dənizlər və okeanlar kimi bataqlıqların da mövcudluğu faydasız deyil, yəqin, həyatı qorumaq üçündü. Amma bütün allotropik şəkildəyişmələrin özəyində təslimçilik prinsipi dayanır – bərkimiş ənənəsi, ideologiyası və düşüncəni dəyişmə bacarığı ilə. Kənar təsirlərin artan təpkisi, kainatı diz çökdürmək, itaət altına almaq, idarə etmək niyyəti mağara təfəkküründən gəlir. Dünyanın özü qədər qoca yolçudu. Qırx qazanda qaynayıb. Amma hələ də kəfi alınmayıb…

Bəşər övladının qılınc kimi iti nəfsi indi yaranandan çox, Yaradana qarşı gizli səlib yürüşüdü; Allahın özünü dəyişmək cəhdidi; köhnə(lməyən) ssenarisi ilə dünyaya meydan oxusa da, təbiət öz qanunlarını dəyişmir. Təbiət özünü dəyişir. Buzlaqların əriməsi, torpaq sürüşməsi, qabarmalar, bir sözlə, heç nə onun iradəsindən kənarda baş vermir. Ən əsası – fəsillərin karvanabənzər harmoniyasında insana fərqliliyin gözəlliyini və özəlliyini anladan həzin bir könüllülük, ilahi bir itaət…

Təbiət anlaşılan dili, sadə məntiqi ilə müdrik müəllimdi – hər il həyatımızın içindən adlaya-adlaya qiyafəsini dəyişir! Həm qiyafəsini, həm də qafiyəsini!..

Qarşılığında adamların dar qəfəsdə – nəfsdə lövbər salması sırf həyat hadisəsidi. Daha çox psixologiyaya, məntiqə və düşüncə tərzinə söykənir. Bəsit baxış bucağı, hədəfsiz ömür, fərqliliklərin gözdən itənədək xırdalanması, ara-sıra könülsüz və yuvarlaq fərdi təsəbbüslərin miskin məğlubiyyəti iç və dış dünyamızın konfiqurasiyasından gələn mesajlardı. Təbiətə aid deyil. İnsan təbiətinə aiddi!..

Biz ÖZümüzdən xeyli uzaqda – həyatımızın ucqarlarındayıq!..

Dayandığımız yer dünyaya niyə gəldiyindən bixəbər adamların yaşadığı qorxulu küçəyə bənzəyir. Sərt ritorikam içindən adladığımız zülmət qaranlıqda hər an qarşılaşa biləcəyimiz ölüm təhlükəsinin diktəsidi. Biz qorxularımızı gizlədirik! Qorxularımız da bizi!..

Adi bir kənd mollası tanıyırdım, cin kimi idi. Amma üst-başından cin hürkürdü. Yaşayışı ilə maraqlananlara həmişə içindən gülə-gülə eyni cavabı verərdi: “Allah camaatımıza bərəkət versin!..” Onun kəskin və ciddi ironiyası yeriyə-yeriyə, eşidə-eşidə, görə-görə, düşünə-düşünə ölən adamlarla dolu idi: qarşısına çıxan hər kəsi potensial müştərisi kimi görərdi. Görüntülərini tamamlayan məqamlardan – nə qədər böyük şans sahibi olmasından aldığı həzzi isə gizlətməzdi. Axı adamlar da ona yas mağarından asılmış şəkillərdən baxardılar…

Axı adamların sayı da qəbir daşlarının sayından min dəfələrlə çoxdu! Lap çox! Ölü adamların!..

Mollanın təqdimatında ikiüzlü dünyamızın ancaq bir üzü görünürdü: yerin üstündəki yaşantılarımızın yerin altına etapı! Bizim qəbiristanlığımızda da təcridxana ab-havası yaşanır. Biz ölülərimizi də dəmir hasarlarla bir-birindən ayırırıq, təcrid edirik.

Qüsurlarımızın kərpic kimi üst-üstə qalaqlanmasından və dirçəlişində müəmmalı Misir ehramlarına bənzər gizli möcüzəsindən xəbərsizik! Görmədiyimiz – onların öz statusunu nəzərə çarpmadan, asta-asta dəyişməsi və sərt problemə çevrilməsidi. Dinamikasında ağır xroniki potologiya – toyuq korluğu! Klassik tragik fenomeni – Zamanın (və Sözün) insan üzərindəki hakimiyyətini haqq etdiyi mövqeyə – taxta çıxaran! Və bütün ipuclarını mürəkkəb koordinatları ilə alınmaz qalaya çevrilmiş zirvəyə daşıyan.

Orada – ayaq izlərinə tamarzı torpaqlarda, yabanı kol-kosun arasında zəhərli ilanlar kimi uyuyan təhlükəli cığırlar var. Mədəniyyətə və mənəviyyata aparan cığırlar! Hər qarışında ölüm! Hər addımında həyat!..

O cığırların izinə düşənlər ÖZündən keçənlərdi! Yaşadıqlarını düşünməyənlər! Düşündüklərini yaşayanlar! İmtina mədəniyyətinin daşıyıcıları! Xüsusitəyinatlılarımız!..

Şuşanı – mədəniyyət və mənəviyyat paytaxtımızı fəth edənlər kimi. Hasarsız həyətlərdə, çiy kərpicdən hörülmüş alçaq-ufacıq daxmalarda böyüyənlərimiz! Dünənədək biz müəllimlərinin məktəb dərsi keçdiyimiz balaca uşaqlar bu gün bizim hamımıza böyük həyat dərsi keçdilər:

Fəthin kütləyə dəxli yoxdu!

İnsan dünyadan böyükdü! Özünü dərk etməyincə, dünyanı da dərk etməz!..

İnsan dünyadan güclüdü! Özünü tərk etməyincə, dünyanı da tərk etməz!..

Müəllif: İbrahim RÜSTƏMLİ – Əməkdar jurnalist

İBRAHİM RÜSTƏMLİNİN YAZILARI

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Nümunəvi məzunları olan məşhur məktəb haqqında

‼🇦🇿 Əslində biz Azərbaycanlılar məhz beləyik: məktəblilərin Şəhidimizə olan ehtiramı!

Deməli, Balakən rayonunda belə bir kənd var – Yeni Şərif adlanır. Və orada şəhid Rauf Hədisov adına məktəb var.

Məktəbin özü çox yaxşı vəziyyətdə deyil. Ancaq digər tərəfdən, bu, ölkədə uşaqların bir növ təqaüd proqramlarına sahib olduğu yeganə məktəbdir.

Ən maraqlısı odur ki, bu təqaüd proqramlarının təsisçiləri keçmiş məzunlardır. Hər il məzunlar müəyyən miqdarda pul köçürmələri edir, o cümlədən bələdiyyəyə. Sonuncu isə öz növbəsində müxtəlif proqramlar elan edir, onların qalibləri mükafatlar və hədiyyələrlə təltif olunurlar.
Uşaqlar üçün ən vacib hədiyyə isə şəhid Rauf Hədisovun adını daşıyan döş nişanıdır. Onu qazanmaq üçün onlar intellektual yarışlarda mübarizə aparırlar.

Müəllimlər suallar verir, müsabiqələr keçirir, qalibləri müəyyənləşdirir, bundan sonra qaliblərin müxtəlif səfərlərinin təşkilini bələdiyyə öz üzərinə götürür və onları hədiyyələrlə mükafatlandırır, məzunlar isə pul mükafatları verirlər.
Məzunlar bununla da kifayətlənmir və hər il məktəbə kitablar, müxtəlif növ inventar və avadanlıqlar göndərirlər.

Məlumat mənbəyi: Azərbaycan Universitetləri FB səhifəsi.

P.S. Çox qürurlandım bu hadisədən, məktəb digərlərinə əsl nümunədir. Siz necə düşünürsünüz?

*Qeyd: Məlumat bütün mətbuat orqanları və səhifələr üçün açıqdır. Mümkün qədər çox paylaşaq!!!

İlkin mənbə: Milli Kimlik

MİLLİ KİMLİK ARAŞDIRMALARI QRUPU

ARAZ ŞƏHRİLİNİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru