“Gəncliyin gözü ilə hər şey gözəl görünür”. Bu cümləni nasir, ədəbi təhlilçi, sözü dəyərləndirən Pərvanə Bayramqızının “Sonuncu arzu” hekayəsindən seçmişəm.Pərvanə xanımın yığcam, düşündürücü hekayələrini, ədəbi düşüncələrini çox oxumuşam. O, söz deməyin məsuliyyətini anlayan Söz Adamlarından biridir. Təxəyyülünün təndirindən çiy, yaxşı bişməmiş, tələsik ədəbi nümunələr çıxmır.
“Sonuncu arzu”su məni orta məktəbdə oxuduğum illərə apardı. Ana dilindən inşa zamanı Ofelya müəllimə və İbrahim müəllim məndən ancaq sərbəst mövzuda yazmağı tələb edərdi. Çox uzaqgörən insanlarmış. Təxəyyülümü, təhkiyəmi, hadisələrə baş vurmaq bacarığımı görüblər və formalaşdırıblar. Onlar mənim kitaba bağlılığımı, mütaliəyə hərisliyimi bilirdilər. Təvəzökarlıqdan uzaq olduğuma görə üzr istəyirəm…
Pərvanə xanımın hekayəsinin baş qəhrəmanları kitab və universitet müəllimidir. Qəhrəmanın kitab olmasına təəccüblənməyin. Kitab müəllim ola bilir, qəhrəman ola bilmir?
Mütaliə beynin məsqidir, təxəyyülün anasıdır. Gərək həmişə zəkanı formada saxlayasan. Bu işdə fasilə geriyə addımdır. Hansısa ibrət götürməli müsbət qəhrəmanı ideal kimi qəbul etmək insanı salaşdırır, bütövləşdirir. Yəqin ki, Gəray Fəzlinin “Yeddi ulduzlu səma” romanını oxumusunuz. Əsərin qəhrəmanı Eldar – Ayxan – iki ürəyi bir sinədə, yaxud bir ürəyi iki sinədə yaşadanlar o vaxtlardan məni ovsunlayıb. Sözümün canı odur ki, mütaliə insanı fpormalaşdıran ən yaxşı məşğuliyyətdir. Pərvanə xanım da bunu vurğulayır…
Pərvanə xanımın lirik qəhrəmanı vicdanlı müəllim mütaliə acıdır, onun mənəvi dünyası doymazdır. Ona görə də düşüncələri məntiqli, fəlsəfi və səmimidir. Düzü düz, əyrini əyri görür, kamil insan yetişdirmək kimi müqəddəs işlə məşğuldur.
Müəllimin həssas qəlbini incidən çox üzüntülər var. İndi cəmiyyətin bəzi eybəcərliklərinə görə sosial şəbəkələri qınamaq dəb halına çevrilib. Amma işıqlı düşüncəli müəllim bununla razılaşmır:
Bir isti ürəyi beş-altı saat sosial şəbəkələrdə baş qatmaq soyuda bilməz.
Gənclərin “Avropa sevgisi”, milli dəyərlərə biganəliyi, “Vətənin hər şeyinə həqarətlə baxıb yad ölkə” sevdasını qəlbində yaşatması müəllimi hər an düşünməyə vadar edir. Bu səbəbdən o, tələbələrlə dost olmağa çalışır, onlarla diskussiyar edir, mütaliəyə səsləyir. “Kitaba dəyər verən adam onun gözünün işığıdır”. O, “kitabı ruhunun, dərmanları cisminin xilaskarı” sayır. Amma dərmanlar yadından çıxsa da, həkimlərlə üz-göz olsa da, kitabları unutmur. Mütaliəni ömrünün mənası bilənlərə gülənlərin əhatəsində yaşyırıq bu gün. Məhz buna görə də mərhəmət, qayğı, xeyirxahlıq hissləri korşalmaqda, əzazillik, bir-birinə nifrət, laqeydlik isə qılıncını itiləyib hücuma keçməkdədir. “İnsan insanın dostudur” teoreminin həllini tapmaq yayda səhrada qar tapmaqdan çətin olub…
Pərvanə Bayramqızı incə məqama toxunur. Müəllim ömür dostu ilə bir əsəri sakitcə oxuyub müzakirə edəndən sonra gərgin mübahisələr yaranır. Belə mübahisələr hətta bir-birindən küsmək dərəcəsinə çatır. Çoxunuz kinayə ilə dodaq büzdünüz, bilirəm. Bu da bizim milli özündənrazılığımızın düzəlməyən cəhətlərindən biridir. Bizdə belə ailələr varmı? Var, az da olsa. Pərvanə xanım belə aydın düşüncəli ailələrin çox olmasını istəyir. Çünki fikr müxtəlifliyi ilə həqiqətin tapılması tərəqqi yoludur…
Mütaliəsizlik bu günümüzün eybəcər doğulmuş bəlasıdır. İnsanlar pul, sərvət, rüşvət bəlasına mübtəla olandan mütaliəsizlik də çiçəklənməyə başlayıb. Pul ağacının çiçəkləri indi təbiətin yaratdığı gözəlliklərdən daha al-əlvan görünür tamahı daş yaranların gözünə. Müəllimin tələbələrlə söhbətlərində belə mətləblərə işıq düşür:
Parkın yaxınlığındakı binada bir mənzil var… Neçə illərdir sahibi qapını açıq qoyub harasa yox olub. Amma indiyədək mənzilə bir nəfər də olsun oğrunun yolu düşməyib. Tələbələr təəccübləndilər.
Ona görə ki, hələ o səviyyədə oğru yoxdur.
Zarafat edirsiniz, – deyə tələbələr gülüşmüşdülər.
Belə zarafat olar? – deyə müəllim özünü ciddi göstərməyə çalışmışdı, – ona görə ki, o ev alim evidir, orada ancaq kitablar var. Kitabı da kim oğurlamaq istəyər ki?!
Düşünməyə, baş sındırmağa dəyəsi sualdır.
Qısaca deyim ki, tələbələrdən ən ürəklisi, cəsarətlisi, kitabın adını eşidəndə “nəfs”ini saxlaya bilməyəni o biri gün axşam həmin evə kitab oğurlamağa gedir. Başdan ayağa kitabxana olan bu evdən qucaqdolusu kitab “oğurlayan” tələbəyə qaranlıq pilləkanlarda kimsə rast gəlir. Amma onun yanından laqeydliklə keçib gedir. Tələbə onu müəlliminə oxşadır. Amma sürətli addımlarla aradan çıxır ki, onu kimsə görməsin. Tələbə səhv etmir. Binanın girişində onu qucaqdolusu kitabla görən müəllim idi. Ev də müəllimin eviydi. Müəllim arzusuna çatmışdı…
“Kaş kitablar da oxunduqca sevinib, balaca uşaqlar kimi qışqırıb, atılıb-düşəydilər”.Bu da müəllimin müqəddəs arzularından biridir…
Hekayə heyrətedici sonluqla bitir. Müəllim bir dərdə dərman axtarır. Nədir o dərd? Ona mən dərd deyirəm. Bəlkə də Siz dərd deməyəcəksiniz. Bu dərdin nə olduğunu açıb – ağartmıram. Maraqlananlar Pərvanə Bayramqızının “Sonuncu arzu”sunun sonunun necə qurtardığını məndən xəbər almasın.Tapın, oxuyun, yazıçının təxəyyül dəryasının dərinliyindən agah olun.
Mütaliə özümüzdəki eyibləri bərbəzəksiz bizə göstərən güzgüdür. O eyibləri görənlər, görməyi bacaranlar kamilliyə bir addım ata bilərlər. Müəllim də kamilliyin yolçusudur. Kamillik insanlığın zirvəsidir. Zirvəni görmək hamımızın arzusudur, müqəddəs arzusu. Zirvə qaliblərin məskənidir…
Görünən kəndə nə bələdçi… Yadımdadır, 2015-ci ildə Bakıda keçiriləcək Avropa oyunları ərəfəsində Bakı Səhiyyə İdarəsindən xəbər gəldi ki, paytaxtda yerləşən bütün poliklinika və xəstəxanalar təmir olunacaq. Biz də – poliklinikamızın bütün personalı sevindik. Uşaq kimi atılıb–düşdük. İşçilər bir-birini qucaqlayıb öpdü. Hətta sevincimizi tanıdığımız-tanımadığımız hər kəslə paylaşdıq, bölüşdük. Sevincimizin həddi-hüdudu yox idi, aşıb-daşıb evlərimizədək yayıldı. O qədər sevincək olmuşduq ki, gecələr gözümüzə yuxu da getmirdi. Tezliklə qəsəbəmizdə yerləşən uşaq poliklinikası təmirə bağlandı və oranın işçiləri müvəqqəti olaraq bizim poliklinikaya yerləşdirildi. Bu dəfə daha çox sevindik. Ruhlandıq. Demək xəbər düz imiş. Düşündük ki, növbə bizim poliklinikanındır. Bir ildən sonra uşaq poliklinikasının işçilərini bir az həsədlə, bir az da sevinclə yeni, təmirli iş yerlərinə – poliklinikalarına yola saldıq. “Sağ əlləri başımıza”, dedik. Gözlədik… Gözlədik. İllər keçdi, təmirdən səs-səmir çıxmadı. Neçə il sonra eşitdik ki, 2 saylı oğum evi və qadın məsləhətxanası təmirə bağlanır, oranın işçiləri poliklinikamıza yerləşdiriləcək. Yenə sevindik. “Noolar, yəqin növbə bizə də çatar” deyib, qapımızı kolleqalarımızın üzünə gülərüzlə açdıq. Həvəslə qonaqlarımızı qəbul etdik. Bu dəfə qonaqlarımızın sayı daha çox idi. Yerimiz dar idi, əvəzində qəlbimiz genişdi, otaqlarımızı iki il müddətinə onlara peşkəş elədik. Özümüz isə mehribancasına bir otaqda bir neçə həkim yerləşdik. Qonağa hörmət etmək adətimizdir, biz dözərik, inşallah, növbə bizimdir deyə, düşündük. Amma sən saydığını say… Tibb ocaqlarının təmiri başa çatdı. Doğum evinin işçiləri öz yerlərinə qayıtsalar da, qadın məsləhətxanasının işçiləri öz binalarına qayıtmadılar. Bilmədik təmirsiz poliklinika xoşlarına gəldi, yoxsa mehriban, üzügülər kollektivimiz? Ginekoloqlar poliklinikamıza həmişəlik yerləşdilər. Təmir arzumuz ürəyimizdə qaldı, üstəlik yerimiz də daraldı. Hamilə qadınlar 3-cü mərtəbəyə qalxıb düşməkdən kimisi depresiyaya düşdü, kimisi dərdə, kimisi də xəstəxanaya… Avropa oyunlarından 10 ilə yaxın vaxt keçsə də hələ də təmisiz, şəraitsiz otaqlarda otururuq. Pasiyentlərin ”poliklinika niyə təmir olunmur?” sualına artıq cavab verməkdən yorulmuşuq. Düzdür, polikinikamıza bu il yeni avadanlıqlar-USM, müasir rentgen aparatı, laboratoriya üçün yeni cihazlar verilib. Təqdirə layiqdir. Lakin bu kirli bədənə təzə paltar geyinmək kimi bir şeydi. Yəni altı təzək üstü, bəzək kimi. Olmazdımı ki, əvvəlcə xəstəni sağaldıb, çimdirib, sonra təzə paltar geyindirilsin? Məsələn, götürək mənim otağımı. Bu otağa yeni mebellər yerləşdirilsə, nə dəyişəcək? Bəlkə ömrü bitirmiş, sıradan çıxmış kanalizasiyanın iyi uçub gedəcək? Allah şair, yazıçı- publisist ,“Həftə içi” qəzetinin əməkdaşı Qələndər Xaçınçaylıya rəhmət eləsin. Yadıma bir əhvalatı düşdü. 2019-cu ildə poliklinikamıza məndən müsahibə almağa gəlmişdi. Zəngləşdik. “Yuxarı qalxın, 2-ci mərtəbəyə”, dedim. Axşam saatları idi. Tərslikdən dəhlizdə də işıqlar sönmüşdü. Qaranlıq idi. Qələminə bələd olduğum dəyərli, istedadlı yazıçı həmkarımı qarşılamaq üçün otaqdan çıxdım və pilləkəndə üz-üzə gəldik. Salamlaşdıq və otağa dəvət etdim. Elə üzümü çevirib qapıya sarı bir-iki addım atmışdım ki, tappıltı səsinə arxaya çevrildim. Gözlərimə inanmadım. Xaçınçaylı ayağı döşəmənin çıxmış parketinə ilişib ağzı üstə yıxılmışdı. Bir anlıq bilımədim nə edim. Dəli gülmək məni tutdu. Əlimi ağzıma tutub o ki var güldüm. Maraqlısı o idi ki, Qələndər müəllim yerdən qalxa da bilmirdi. Nə edəcəyini də bilmirdi. Nə baş verdiyini hələ anlamırdı. Ətrafa göz gəzdirib ”rəhmətliyin qızı, kömək elə ayağa qalxım, Allah, sənə şükür, bu nə idi başıma gəldi, sən burda necə işləyirsən?” dedi. “Gördüyünüz kimi” deyib, əlindən tutub gülə-gülə ayağa qalxmasına kömək etdim. Qələndər müəllim “buna bax e, hələ də gülür” deyəndə hiss etdim ki, çox əsəbləşib. Qapını açıb otağa keçdik. Mənim “gözəl, yaraşıqlı” otağımı görüb bir anlıq susdu. Oturmadı. Sınıq stulları, qapısı qırıq şkafı, deşilmiş, çökmüş döşəməni, şüşəsi qırıq pəncərəni, üstünə balaca kağıza yazılmış “pəncərəni açmayın, qırıqdı” yazısını, qaysaqlanmış divarları, su kranının çanağını , tavandan tək patrondan asılmış lampanı və iki ayağı qırılmış asılqanı gözdən keçirib ”doktor, deyəsən səhv gəldik, bura nə otağıdır?” deyib heyrətlə üzümə baxıb əlini üzünə çəkdi. Gülümsədim… “Əyləşin, Qələndər müəllim, bura əvvəllər bəlğəm otağı olub. Sonra otaq çatışmazlığından ayaq yolular və bəlğəm otağı həkim otağına çevrilib”. Həmişəki kimi otağı kanalizasiya iyi bürümüşdü. Qonağım çevrilib kanalizasiya borusuna baxdı. Hiss etdim ki, iydən oturmaq istəmir. Cəld ayağa qalxıb kranı açdım. “Rəhmətliyin qızı, burda oturmağa yer var? Elə bil ayaqyolundayıq”, dedi. Sonra elə oldu ki, məni şöbə müdirinin oağına çağırdılar. Üzr istəyib otaqdan çıxdım. Bir neçə dəqiqə ləngidim. Geri qayıdanda Qələndər müəllimi otaqda görmədim. Bir neçə gündən sonra Qələndər müəllim poliklinikamız haqqında öz qəzetində böyük bir yazı yazdı. . 2020-ci ilin avqust ayında “Yeni Klinika”da covid xəstəliyindən dünyasını dəyişdi Qələndər müəllim. Ruhu şad olsun, gözəl insan idi. O, dünyasını dəyişəndə mən artıq Bilgəh modul xstəxanasında çalışırdım. Covidə yoluxan insanları müalicə edirdim. Bir əsgər kimi gecə-gündüz nsanların sağlamlığı keşiyində dururdum. Onun dünyasını dəyişməyi mənə çox ağır təsir etdi. Poliklinikamızın təmir olunması, yeni avadanlıqlarla təhciz edilməsi onun ən böyük arzusu idi. Hər il əlimi göyə qaldırıb Allahdan poliklinikamızın təmir olunmasını arzulayırdım. Bu il – 2024 əjdaha ili olduğu üçün poliklinikamıza heç nə arzulamadım. Daha nə arzulayıram , nə də üsyan edrəm. Görünən kəndə nə bələdçi? Görən görür, bilən də bilir hər şeyi. Yazan da yazıb. Nə xeyri? Demək hələ belə otaqlarda oturmaq məcburiyyətindəyik. Axı niyə? Hərdən beynimə qəribə fikirlər gəlir. Deyirəm, tamaşada deyildiyi kimi, “bəlkə bizə əjdaha lazımdır?” Əjdaha ilinə qədəm qoyduğumuza görə bir az ürəklənmişəm. “ Poliklinikamız heç vaxt təmir olmayacaq!” deyənlərə inanmıram. Çünki əjdaha ilində “əjdaha” insanlardan çox şey gözləyirəm. Onlara inanıram. Necə deyərlər, dəvədən böyük “əjdaha” var… Çünki dünyanın ən qaynar vaxtlarında covidlə mübarizə aparan (istər xəstəxanalarda, istərsə də poliklinika daxilində) onlarla qəhrəman həkimimiz var. Baxmayaraq ki, bu fədakar həkimlərimiz orden, medal, fəxri fərman, təşəkkürnamə almadı, amma adları üstündədir. Onların hər biri dövlətinə, millətinə təmənnasız xidmət edən andına sadiq qəhrəman həkimlərimizdir! Sonda isə bir sual vermək istəyirəm.: -Görəsən TƏBİB, Bakı Səhiyyə İdarəsi, İcbari Tibbi Sığorta İdarəsinin işçiləri belə otaqlarda oturub insanlara xidmət etməyi özlərinə rəva bilərlərmi?
Mənə mesaj yazmısan, mesajında nida var, Sükutun çox ağırdı, içində əlvida var. Ruhunda, nəfəsində bahar adlı buta var, Mənim də taleyim bu: nə haqqı var, ləng gəlir, Telefonuna cavab ver, axı sənə zəng gəlir…
Deyirsən, görünmürəm, sözünə qurban olum, Sözünün yalanına-düzünə qurban olum. Məndən ötrü darıxan gözünə qurban olum, Adınla ürəyimə dünya rəngbərəng gəlir, Mənim də taleyim bu: nə haqqı var, ləng gəlir, Telefonuna cavab ver, axı sənə zəng gəlir…
Yox, belə sevgi olmaz, bəlkə, dindi-imandı, Bəlkə, şeytandı-cindi, bəlkə, quru gümandı. Dardayam, günəş üzlüm, təklənmişəm, amandı, Ayrılıqlar üstümə gör necə də bərk gəlir, Mənim də taleyim bu: nə haqqı var, ləng gəlir, Telefonuna cavab ver, axı sənə zəng gəlir…
Səndən özgə heç nə yox, nə varsa unutmuşam! Xəyalımda özümü adınla ovutmuşam, Əlindən, ətəyindən uşaq kimi tutmuşam, Ömür nə gözəl keçir, ölüm nə qəşəng gəlir… Mənim də taleyim bu: nə haqqı var, ləng gəlir, Telefonuna cavab ver, axı sənə zəng gəlir…
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Rzaquliyev Füzuli Ədəb oğlunun 63 yaşı tamam olur.
İnsan ücün ən yaddaqalan günlərdən biri də onun həyata gəldiyi günüdür. Yaşın üstə yaş gələndə insan daha da kamilləşir. Belə insanlardan biridə Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmiş, vətənpərvər, torpağına, xalqına bağlı gözəl insan, daim bütün çətinliklərdən üzüağ və alınıacıq cıxan, Azərbaycan Vətən Müharibəsi Veteran-ları İctimai Birliyinin (AVMVİB) sədri Rzaquliyev Füzuli Ədəb oğludur. Onun, yanvar ayının 5 də dünyaya göz açdığı gündür. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavinləri, AVMVİB-in nəzarət -təftiş komissiyasının sədri, AVMVİB-in şəhər və rayon şöbə sədirləri, Füzuli Rzaquliyev doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır.
Arzu edirik,Füzuli Rzaquliyevin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin!
2-ci Qrup Müharibə əlili Rzaquliyev Füzuli Ədəb oğlu 05 yanvar 1961-ci ildə Ağdərə rayonunun Xatunbəyli kəndində anadan olub. Ətraflı məlumat üçün keçid edə bilərsiniz:>>>
Qarabağda keçirilən antiterror əməliyyatları zamanı şəhid olan gizirimiz Ramil Sücəddin oğlu Rəhimovun əziz xatirəsinə həsr edilmişdir (1 yanvar 1992-ci il Abşeron rayonu, Ceyranbatan qəsəbəsi – 20 sentyabr 2023-cü il Ağdərə şəhəri).
Abşeron rayonunun Ceyranbatan qəsəbəsi vətənimizin ucsuz-bucaqsız bölgələri arasında gözəlliyi, sakitliyi, mənzərəsi ilə göz oxşayan, mehriban, səmimi, vətənpərvər insanları ilə seçilən yerlərdən biridir. Bu ərazilərin həm təbiəti, həm də insanları strateji obyekt kimi illərlə dövlətimiz tərəfindən göz bəbəyi kimi mühafizə olunan gözəl Ceyranbatan gölü qədər təmiz, saf və dəyərlidir. Görkəmli rəssamımız Səttar Bəhlulzadə “Torpağın arzusu” rəsmini Ceyranbatan gölünə həsr etmiş və bu misilsiz gözəlliyi ustalıqla canlandırmışdır. Rəsmi çəkərkən o, Ceyranbatan torpağının arzusunu ifadə etmiş, bu torpağı güllü-çiçəkli, daha gözəl, daha firavan görmək istəmişdir. Lakin təəssüflər olsun ki, həyat hər zaman insanların istədiyi kimi olmur. Fələk isə heç bir zaman insanların arzusu ilə hərəkət etmir və öz qərarını verir. Bu sakit, qəlblərin rahatlıq tapdığı kiçik qəsəbədə insanların tək arzusu dərddən-qəmdən uzaq, firavan bir şəkildə yaşamaq olsa da Azərbaycanımızın hər yerində olduğu kimi burada da mənfur düşmənlərimiz xalqımızın bu arzusunun həyata keçməsinə imkan verməmişdir. Birinci Qarabağ müharibəsindən başlayaraq ən yeni tariximizdə baş vermiş 1 günlük antiterror əməliyyatları da daxil olmaqla Azərbaycanımızın canından nə qədər can qopdu. Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimiz arasında Ceyranbatan torpağında böyüyən vətən oğulları da az olmamışdır. Bu şanlı torpağın şanlı oğulları doğma Qarabağ üçün sinələrini sipər etdilər, işğalda olan torpaqlarımızın düşmən tapdağından azad olunması üçün əllərindən gələni əsirgəməyərək ölümü gözə aldılar və sonunda qəhrəmancasına Şəhidlik Zirvəsinə ucaldılar. Ceyranbatan torpağı canını vətənə fəda etmiş qəhrəman oğulları ilə müqəddəsləşmişdir. Çünki torpaq ancaq uğrunda ölən varsa, Vətən olur. Bu dəfə həmin qəhrəman oğullarımızdan biri haqqında danışacağam. Hansı ki Vətən torpağı bu qəhrəmanımızı elə bu günlərdə köksünə alıb, onun şəhadətindən heç altı gün belə keçməyib. Yoxluğunun ağrısı o qədər təzədir ki, onu sevənlər bu itki ilə heç cür barışa bilmirlər və barışmayacaqlar da! Qəhrəmanlıq dastanını qanı ilə yazmış bu ərənimiz, igidimiz, fədaimiz, şəhidimiz — Abşeron rayonunun Ceyranbatan qəsəbəsindən Ağdərəyə qədər getdiyi yolu şərəflə addımlayıb qəhrəmancasına sonlandıran, ömrünün sonuna qədər hər gününü, hər saatını, hər dəqiqəsini Vətən üçün yaşayan və sonda Vətən yolunda Şəhid olan gizirimiz Ramil Rəhimovdur. Şəhid hərbi qulluqçumuz Ramil Sücəddin oğlu Rəhimov bu sakit, gözəl və şirin qəsəbədə 1992-ci ilin 1 yanvar tarixində anadan olub. Həmin gün yeni ilin ilk günü idi. Yeni il, yeni ay, yeni gün özü ilə Rəhimovlar ailəsinə bu gözəl körpəni də bir yenilik kimi gətirmişdi. Adətən, bu gözəl yeni il axşamı əvvəlki illərdə olduğu kimi hamı sevinməli, gülməli, şənlənməli və bu yeni ili əsl bayram kimi qeyd etməli idi. Lakin Azərbaycan xalqına 1992-ci ili bayram etmək nəsib olmadı. Əksinə, Azərbaycan xalqının bəxtinə qara rəngli rəqəmlərlə yazılan bir ilin ilk günündə anadan olmuşdu Ramil. Ancaq Yaradan Ramili xəlq edib öz ailəsinə göndərdiyi zaman onlara Ramillə birgə böyük bir ümid işığı vermişdi. Bu heç vaxt sönməyən, bitməyən, tükənməyən, öz şəfəqlərini, nurlu şüalarını əskiltməyən, həmişə daha da güclənən bir işıq olacaqdı. Bəlkə də 1992-ci ilin soyuq keçən yeni il axşamı Rəhimovlar öz ailələrinə necə qəhrəman bir oğulun, bir vətən fədaisinin, bir Azərbaycan cəngavərinin gəldiyinin fərqinə deyildilər. Onlar bəlkə də bilmirdilər, fərqində deyildilər ki, Qarabağ münaqişəsinin ən qanlı ili olacaq bu ilin ilk günündə dünyaya göz açan bu körpə böyüyəndə 35 illik münaqişəyə 1 gündə canı və qanı bahasına son qoyacaq. Ramil orta təhsilini də doğulduğu bu kiçik, lakin füsunkar qəsəbədə yerləşən 1 saylı tam orta məktəbdə aldı. Orta məktəbdə müəllimlərinin gözü, nuri-didəsi olan Ramili sinif yoldaşları da bir dost, yoldaş, sirdaş kimi sevirdi. Ramil çalışqanlığı, vətənpərvərliyi, nizam-intizamı, özünü bütün müsbət xüsusiyyətlərə malik əsl insan kimi aparması ilə diqqətləri həmişə öz üzərinə çəkirdi. Bunların hamısı böyüyəndə onun necə bir şəxsiyyət olacağına uca Allahın işarəsi idi. Ona görə də Ramil lap uşaqlıqdan həm ailə üzvlərinin, həm qohum-əqrəbanın, həm də məktəbdə müəllim-şagird kollektivinin sevimlisinə çevrilmişdi. Orta məktəbin yuxarı pillələrində Azərbaycanın tarixini daha dərindən öyrənən Ramildə vətənpərvərlik hissləri daha sürətlə inkişaf etməyə başladı. Uşaq yaşlarından vətəninə, torpağına, vətəninin hər qarışına sevgi bəsləyən və bunu əməllərində nümayiş etdirən Ramilin yaşının üstünə yaş gəldikcə bu vətən sevgisi özünü daha da qabarıq şəkildə göstərirdi. Ramilin qəlbində həmişə vətənə sevgi, düşmənə kəskin nifrət hissi olmuşdur. Uşaq vaxtından Qarabağın və ətraf rayonların erməni mənfurları tərəfindən necə amansızlıqla işğal edilməsini, Xocalı faciəsini və digər faciələrimizi, qətliamları eşidən-bilən Ramilin düşmənlərə olan nifrəti onun yetkinlik yaşlarında özünün ən pik həddinə çatmışdı. Ramilin qəlbindəki Vətən sevgisi yaz mövsümündə, qarlar əriyəndə öz məcrasını aşan, kükrəyən çaylara bənzəyirdi. O, həmişə Qarabağdan söhbət açar, atasından, anasından öyrəndiklərini bir-bir yaddaşına həkk edər, buraya yeni məlumatlar əlavə edərdi. Bilirdi ki, 1992-ci il kimi xalqımızın taleyinə qara xətt çəkən bir ilin ilk günündə anadan olub. Bundan nə qədər məyusluq hissi keçirsə də ürəyində olan qisas hissi bu məyusluğu üstələyirdi. Ramil gələcək illərin də xalqımızın taleyinə, tarixinə qara hərflərlə yazılmaması üçün öz qəlbində vətənə bunu bir dəfəlik aradan qaldıracağı barədə, bu yolda əlindən gələni əsirgəməyəcəyinə, hətta canını belə verəcəyinə söz verdi. Çünki o, vətənini canından da çox sevirdi.
Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial-İqtisadi Kollecinin “Maliyyə işi” fakültəsinə qəbul olan Ramil o vaxt sözün əsl mənasında onu tanıyanların, əzizlərinin ona olan inamlarını boşa çıxarmamış, bu inamı, ümidi tam mənada doğrultmuşdu. Həmin vaxt Ramilin ailəsinin sevincinin həddi-hüdudu yox idi. İllərlə son dərəcə çalışqanlıqla orta təhsil alan Ramil bu orta məktəb illərinin haqqını vermiş və kollecə daxil olmuşdu. Təbii ki, Ramil də təhsil həyatındakı bu böyük uğuruna görə çox sevinirdi. Lakin əsgərliyə, hərbi xidmətə olan sevgisi ona bu uğuru sevinclə qarşılamağa imkan vermirdi. Ramil hərbi xidmətə yollanmaq, əsgər kimi vətənə xidmət etmək, hərbi xidmət müddətində də Qarabağda baş verəcək olan döyüşlərdə iştirak etmək istəyirdi. Ramil özü öz əlləri ilə işğalda olan torpaqları azad edib Ana Vətənə qaytarmaq istəyirdi. Ramil baş verəcək bu qanlı döyüşlərə sona qədər dözərdi. 1 il də, 5 il də olsa dözərdi. Hətta 1 günün içində olsa belə… O, savadı və bacarığı ilə fərqlənərək qəbul olduğu və oxuduğu kolleci bitirdikdən sonra sanki uçmağa qanad tapa bilmirdi. Həm kolleci uğurla bitirdiyinə görə, həm də hərbi xidmətə yollanacağına görə çox sevincli idi Ramil. Sonunda arzusuna, istəyinə nail olurdu. Hərbi xidmətə yollanacaq, vətəninə olan borcunu əsl qəhrəman kimi ödəyəcəkdi. Rəhimovlar ailəsi Ramildən ayrılacaqlarına və onu hərbi xidmətə yollayacaqlarına bir az narahat olsalar da qəlblərində sonsuz qürur hissi keçirirdilər. Çünki həmin vaxt Rəhimovlar ailəsindən də vətənə xidmət edəcək bir əsgər, bir ərən çıxırdı, hər zaman vətəni üçün yaşayan və vətənini canından da çox sevən bir qəhrəman əsgər… Ramil orta məktəb və kollec təhsilində olduğu kimi hərbi xidmətini də uğurla başa vurandan sonra müsəlləh bir əsgər kimi doğulub boya-başa çatdığı evinə qayıtdı. Hərbi xidməti müddətində qüsursuz xidmət edən Ramil əsgər yoldaşları arasında dəfələrlə fərqlənmiş, adı tədbirlərdə nümunə kimi çəkilmişdi. Ramil torpaqlarımızın hələ də işğaldan azad olunmadığına görə çox kədərlənirdi. Fikirləşirdi ki, qoy mən Qarabağ torpağında, işğalda olan o müqəddəs torpaqlar uğrunda şəhidliyə yüksəlim, lakin mənim qanım Qarabağ torpağının sağalmayan yarasına ömürlük məlhəm olsun. Ramil heç bir vaxt istəməzdi ki, bu münaqişə ondan sonrakı nəsillərə ötürülsün, o nəsillər də Ramil kimi acı çəksin, şəhid versin və onun ruhu sonrakı nəsillərin taleyi üçün narahat olsun. Yarım qalmış arzularını ordu sıralarında çin etmək üçün Ramil yenə də ordu sıralarına qayıtmaq istəyirdi, lakin obyektiv səbəblərdən o, bir müddət ordu sıralarına qayıda bilmədi. Həmin vaxt ərzində gücünü, qüvvəsini evinə, ailəsinə ayırdı. Ancaq bu müddət ərzində də o, Qarabağımızdan uzaqda qalmadı, Qarabağla bağlı baş verən hadisələri yaxından izləyir, bütün dəyişiklikləri ailəsi və yaxınları ilə müzakirə edirdi. Ramilin yenə də ürəyi rahat deyildi, qəlbi işğalda olan torpaqlarımızla birlikdə vururdu. Qarabağa, işğalda olan torpaqlarımıza yanğılı həsrəti onun gün keçdikcə ürəyini didib parçalayırdı. Aprel döyüşlərində neçə-neçə qəhrəman əsgərlərimizin Şəhidlik Zirvəsinə ucalması Ramilin səbir kasasının daşması üçün demək olar ki, son damla oldu. Aradan illər keçsə belə Ramil vətənə olan borcunu yenə də öz qəlbində daha alovlu hiss etdi və nəticədə “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na yazılaraq ordu sıralarına qayıtmağın ilk təməlini qoydu. Ramil 5 ilə yaxın vaxt ərzində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət etdi. Hərbi kurslarını da müvəffəqiyyətlə başa vuraraq Silahlı Qüvvələrimizin şərəfli bir giziri oldu. Bu hərbi rütbəni daşıdığı ilk gün sevinci ümmanlara dönmüşdü Ramilin. O gün vətənə olan andını bir daha təkrar etmiş və demişdi: “Qarabağ münaqişəsi həll yolunu tapana qədər silahımı yerə qoymayacağam və ordu sıralarından ayrılmayacağam”. Ramil ailəli idi və ailəsinin nurlu çırağı olan bir qız övladı dünyaya gəlmişdi. Ceyranbatanda tanış-bilişləri, qohumları, qonşuları, can yoldaşları, tay-tuşları onu əsl cəngavər hərbçi kimi görür və daim onunla fəxr edir, qürur hissi keçirirdilər. Bəli, onlar yanılmamışdılar, onlar haqlı idilər. Vətən müharibəsi başladıqdan və bizi şanlı Zəfərə qovuşduran 44 gün keçəndən sonra hamı kimi Ramil də şəhidlərimizə görə həddən artıq kədərlənsə də Şuşamızı, Qarabağımızı, işğalda olan başqa torpaqlarımızı — şəhərlərimizi, qəsəbələrimizi və kəndlərimizi azad etdiyimizə görə çox sevinirdi. O da erməni separatçılarının 10 noyabr günündən sonra Qarabağdan çıxacağına və bütün Qarabağ torpağının tam azadlığına qovuşacağına inanırdı. Ailəsi, doğmaları, əzizləri Vətən müharibəsində şəhid olmuş vətən oğulları üçün kədərlənir, bununla belə Ramilin bu döyüşlərdən sağ çıxmasına görə Allaha dua edirdilər. Lakin təəssüf ki, fələk burada da bir çoxlarının arzuları kimi onların da arzularını ürəklərində, sevinclərini isə gözlərində qoydu. Qarabağda aldıqları ağır məğlubiyyətlərdən və on mini aşan itkilərdən dərs çıxarmayan erməni terrorçuları Qarabağın qalan ərazilərindən əl çəkmədilər. Onlar haqsız, ədalətsiz, özləri xislətli himayədarlarına arxalanaraq öz məkrli planlarını, mina terrorlarını həyata keçirdilər, həmçinin mövqelərimizi həm şərti sərhəddə, həm də rus sülhməramlıları ilə olan təmas xəttində atəşə tutmağa davam etdilər. 2021-ci ilin noyabr ayında, 2022-ci ildə bir neçə dəfə, xüsusilə də həmin ilin sentyabr ayında və nəhayət, 2023-cü ilin aprel və may aylarında baş tutan əməliyyatlardan da nəticə çıxarmayan ermənilər artıq hədd-hüdudlarını aşmışdılar. 44 günlük dəmir yumruq zərbəsinin təsiri onlara dərs olmamışdı. Qarabağın, demək olar ki, hər yerində, xüsusilə də Füzulidə, Ağdamda və Xocavənddə səngər qazır, təxribat və terror aktları törədirdilər. Xankəndi və ətraf ərazilərə ordu yığılır, Qarabağın onlar yaşayan əraziləri yenidən silahlandırılırdı. Ramil bu halı həddən artıq məyusluqla izləyir və bir vətən oğlu kimi mənfur düşmənlərin bu hərəkətlərinə dözə bilmirdi. Separatçıların və onları dəstəkləyənlərin yenidən böyük bir müharibəyə hazırlaşdıqlarını görən Ramil fikirləşirdi ki, yenidən dəmir yumruq işə düşməsə, bunların bu hərəkətlərinə son qoyulmayacaq. Düşünürdü ki, bu döyüş artıq son döyüş olacaq və separatçıların sonunu gətirəcək. O yenə də ailəsini narahat etmək istəmirdi və onlara hər dəfə hər şeyin qaydasında olduğunu söyləyirdi. Ramil qisas hissi ilə alovlanmış, odlanmış qəlbi ilə və bütün cismi, ruhu ilə bu döyüşlərə hazır idi. Yenə şəhidlərimizin olacağına görə kədərlənsə də sonunda özünün də Qarabağ uğrunda gedəcək olan bu son döyüşlərdə iştirak edəcəyinə görə həddən artıq sevinirdi. Nəhayət, yay fəslinin son günlərində — 2023-cü ilin 19 sentyabrında, günorta saatlarında rəşadətli ordumuz erməni separatçılarına qarşı ildırımsürətli və lokal xarakterli antiterror tədbirlərinə başladı. Döyüşlərdən heç 1-2 saat keçməmiş erməni separatçıları, qaniçənləri artıq başlarını itirdilər. Çünki Azərbaycan Ordusunun bacarıqlı əsgərləri dəqiq atəş zərbələri ilə separatçıların hərbi hissələrini, raket sistemlərini və hərbi döyüş maşınlarını sıradan çıxarırdılar. Əlbəyaxa döyüşlərdə də əsgərlərimiz böyük hünər, rəşadət göstərirdi. Ordumuz hər tərəfdən erməni separatçılarını əhatəyə almışdı. Türk ərənlərinin Turan taktikası ilə Ağdərə, Xocavənd, Ağdam istiqamətində və daha bir sıra yerlərdə ordumuz sürətlə irəliləyirdi. Bu rəşadətli ordunun rəşadətli giziri Ramil də Ağdərə istiqamətində döyüşür və sanki ermənilərin canına od qoyurdu. Döyüşlərin başlamasındam qısa müddət keçməsinə baxmayaraq Ramil elə ilk anlardan düşmənin qorxulu röyasına çevrilmişdi. Bilirdi ki, artıq bu, düşmənlərin sonudur. Bu döyüşün sonunda Qarabağ torpağı tamamilə yad tapdaqlardan, yad nəfəsdən azad olunacaq. Ona görə də hər dəfə bir separatçını məhv edəndə sanki onun gücünə güc, qüvvəsinə qüvvət, enerji əlavə olunurdu. Xalqımızın 35 il ərzində nələr çəkdiyini, nə qədər qətliamlar, faciələr gördüyünü o, bir daha beynindən keçirir və sonra bu münaqişəyə bir son qoyulacağını fikirləşirdi. Beləliklə, Ramil bu düşüncələr içərisində düşmənə daha amansız yanaşırdı və sona qədər böyük əzmkarlıqla onları məhv edirdi. 20 sentyabr 2023-cü ildə bəzilərimizin 1 həftə, 2 həftə davam edəcəyini söylədikləri o böyük, möhtəşəm, ildırımsürətli əməliyyat 1 sutkadan da az, yəni 23 saat 43 dəqiqənin tamamında sona yetdi. 200 ildən artıq bir müddətdə başladılmış, yaxın tariximizdə isə 35 ildir bitməyən bu münaqişə 23 saat 43 dəqiqədə Azərbaycan Respublikasının Ali Baş Komandanının rəhbərliyi, silahlı qüvvələrimizin rəşadəti və şücaəti sayəsində parlaq qələbəmiz ilə sona yetdi. Azərbaycan Ordusunun giziri, əslən Abşeron rayonunun Ceyranbatan qəsəbəsindən olan Ramil Sücəddin oğlu Rəhimov antiterror əməliyyatlarında Ağdərə istiqamətində döyüşürdü. Ramil Ağdərəni azad edib bizə qaytardı, lakin Ramil qayıtmadı… O, Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhidlik Zirvəsinə ucaldı. Qara ilin ilk günündə dünyaya göz açan qəhrəman canı və qanı bahasına gələcək illərimizin qara il olmasının ömürlük qarşısını aldı. Son dərəcə fədakarlıq göstərən Ramil bu yolda ailəsinin başçısız, gözəl qızının atasız qalmasını gözə aldı. Şirin canının vətən yolunda torpağa düşməsinə, bir daha yaşaya bilməyəcəyi bu şərəfli həyatının bir gündə sonlanmasına sevə-sevə razı oldu. Ramil kimi fədakar oğullarımızın sayəsində Qarabağımız tam azadlığına qovuşdu! Onların sayəsində artıq biz bundan sonra alnımıza yazılan qara “qaçqın”, “məcburi köçkün” ləkəsini birdəfəlik siləcək və yenidən öz doğma torpaqlarımıza qayıdacağıq! Heç bir zaman Ramili və onun kimi neçə-neçə Ramillərimizi unutmayacaq, xatirələrini qəlbimizin ən dərin, gözəl guşələrində və ən ülvi hisslərlə saxlayacağıq! Məqaləmi şəhidimizə həsr etdiyim “Vətənimin fədakar qəhrəmanı” adlı şeirimlə bitirir, Allahdan şəhidimiz Ramil Rəhimova və bütün Şəhidlərimizə rəhmət diləyirəm:
VƏTƏNİMİN FƏDAKAR QƏHRƏMANI Şəhidim, sonadək borcluyuq sənə, Gözəl Qarabağı bizə qaytardın. Sinə gərdin sən saysız güllələrə, Ancaq yurdumun yarasın sağaltdın.
Candan keçdin Vətənimin yolunda, Onun üçün dözdün çox əzablara, Sən böyük dərs verərək yağılara, Öz adını şəhadətə ucaltdın.
Qorxulu bir kabus oldun düşmənə, Qan uddurdun onun hər əsgərinə, Onlar dözmədilər zərbələrinə, Sən düşməni al qanına boyatdın.
Gözəl həyatla vidalaşıb getdin, Övladını bizə əmanət etdin, “Qarabağımız azad olsun” dedin, Sonda qara torpaq altında yatdın.
Bir gündə son qoydun qadaya, qana, Qaytardın bizlərə bizim olanı. Qələbə bəxş etdin Azərbaycana, Vətənimin fədakar qəhrəmanı! P.S: Bu məqaləni yazdıqdan 3 ay sonra 01.01.2024-cü ildə şəhidimizin ikinci qız övladı dünyaya gəlmişdir. Şəhidimizin öz arzusu ilə qızına Yağmur adı qoyulmuşdur. Uca Allahdan arzu edirəm ki, şəhidimizin övladları onun adına və vətənimizə layiq övladlar olsunlar. Amin!
Tarix təkrarı sеvmədiyi üçün hеç kəsə ikinci dəfə dоğulmaq səlahiyyəti vеrmir.
Tаriх bütün günаhsızlаrı məzəmmətlə bаğışlаyır.
Tarix- olacaqların deyil, artıq olmuşların hesabatıdır.
Tаriх – kеçmişdən çох, gələcək dеməkdir. Оnu (tаriхi) təkcə yаrаtmаq yох, bəzən yаzmаq, çох zаmаnsа pоzmаq lаzım gəlir.
Tarixin içindən bu günümüzə boylandım, gördüm ki, hər yer səhraya dönüb; bəs görəsən o uca zirvələr hara qeyb olub; yoxsa onlar da zamanın oxlovu altda kündə kimi yayılıb?
Tarixi yaradanların özlərini də tarix yaradır və yetişdirir. Amma tarix öz yaradıcılarının başına heç də həmişə sığal çəkmir.
Tarixi qəhrəmanlar yaradır. Amma tarixdən daha çox qorxaqlar yararlanır.
Tarixə düşmək istəyirdi, arxivə düşdü.
Tarixin sularına baş vurdu. Orada yalnız yırtıcılar qalmışdı.
Tаriхin sоnu? Dеyəsən, еlədir. İndi biz о “sоn”а çаtmışıq və gələcəkdən kеçmişə dоğru gеdirik.
“Buz üstə yazılmış sətirlər” kitabından – Mənbə: Firuz Mustafa