Qar yağır, əzizim dənə-dənə qar, Bu gün görüşməli havadı, dur gəl. Sağaldaq ayrılıq vuran yaranı, Bu qar bir məlhəmdi, dəvadı dur gəl, Görüş gözəl olur qarlı havada.
Düşsün üstümüzə qar dənələri, İkiqat oyatsın bizdə həvəsi. Dayanaq üz-üzə, nəfəs-nəfəsə, Əl əli isitsin, nəfəs nəfəsi, Görüş gözəl olur qarlı havada.
Saçımız sırsıra bağlasın bizim, Soyuqdan titrəyib bürüşək biraz. Əl-ələ tutişub qar üstündə biz- O başa, bu başa sürüşək biraz, Görüş gözəl olur qarlı havada.
Düz təyin etməsək görüş vaxtını, Görüşün hörməti, izzəti olmaz. Yüz cürə növü var görüşlərin də, Eyni cür görüşün ləzzəti olmaz, Görüş gözəl olur qarlı havada.
Sığınsın körpətək qəlbimizə qoy, Dönək eşqimizin qara damına. Yağan qar ağartsın üst-başımızı, Çevrilək qar altda qar adamına, Görüş gözəl olur qarlı havada.
QAR YAĞIR
Yenə sular donub, yenə şaxtadı, Yenə çovğun gəldi, yenə qar yağır. Çıxmaq istəyəndə çölə uşaqlar, Qayıdıb qışqırır, nənə, qar yağır!
Baxanlar həzz alır qış axşamında, Üstünü qar örtüb bağda şamın da. Buz dürmək bağlayıb evin damında, Döngəyə qar yağır, tinə qar yağır.
Boz üzün göstərdi bizə bu qış da, Qalmayıb qara yer, bircə qarış da. Qızını səsləyib qonşu Talış da, Deyir çıxma çölə, kinə qar yağır.
Nənə ləzzət alır ninni deməkdən, Baba söhbət edir işdən, əməkdən. Boz köpək qısılıb çıxmır dəməkdən, Toyuqlar doluşub hinə, qar yağır.
Baxıb cikkildəyir sərçə oyuqdan, Kimdənsə o kömək umur bayaqdan. Dişlər şaqqıldayır yenə soyuqdan, Yenə də titrəyir çənə, qar yağır. Yenə qar yağır.
DÜNYA DÜZƏLƏ BƏLKƏ. Qar yağıbdı bu gecə, Sakit,səssiz,gizlicə. Yer olubdu ağappaq, Ağaclarda hər budaq, Bir güldü, əlindəki Ağ donlu gəlintəki. Hər şey gözəl görünür, Yer-göy gözəl görünür. Yer üzündə qalmayıb, Qara adlı bir ayıb. Hər şey saflaşıb bu gün, Sevincim daşıb bu gün. Deyirəm ki, kaş elə, Belə ola, bax belə. Nə günah,nə səhf ola, Ürəklər də saf ola, Nə kin olsun,nə küdrət, Nə zülm olsun,nə zillət. Qalmasın qara ləkə, Dünya düzələ bəlkə. Dünya düzələ bəlkə. 28.1.2017.
Qar Qar yağır gecəyə, Qar yağır küçəyə, Qar yağır Göydən yerə xəbər var, Uçub gəlir Ağ-ağ məktublar. Qar yağır, Gecə işıq salır əlində ağ fənər. Oyaqdır, yem gəzən sərçələr. Fit çalır hardasa sərsəri küləklər. Ağ yuxular görür ac itlər. Qar yağır Ağarır binalar, Ağarır meydanlar, Ağarır vağzalda qaralan qatarlar. Qar yağır Hamıdan daha çox sevinir bu şəhər. Dünyaya ağ üzlə çıxacaq bu səhər.
Qar yağır
Gecə xəlvət başlayır, kimsə xəbər tutmayır, Küpəgirən qarının süpürgəsi çatmayır, Kimsə qara dünyanı ağ quyuya sallayır, Qar yağır…
Sanki div yuxusudur, şəhər yatır, oyanmır, İşıqda mərcan xoruz, çaşır vaxtı tutammır, Ağaclar gəlin köçür, toy evini tapammır, Qar yağır…
Külək hey vıyıldayır, quldur kimi dolanır, Ayaqyalın dilənçi hardasa daldalanır, İtlər zibil qabını tapammır, ac dolanır Qar yağır…
Qonşu Məsmə qarının evi yenə də damır, Şıltaq “kaskadyor” pişik damdan dama tullanır, Yuxu görür küçələr, ağ düyünü açammır Qar yağır…
Buz bağlayır budaqlar, quşlar hay-həşir salır, Göydə quldur dəstəsi yerə qoşun yollayır, Yollar, izlər çəhənnəm, ürəyim buz bağlayır Qar yağır…
Səkkizinci sinif şagirdiydik.Təhsil aldığımız məktəb binası yenidən inşa olunmuşdu.Göz oxşayan sinif otaqları, müasir partalar, yaşıl rəngə çalan lövhələr… Bütün bunlar, biz şagirdlərin marağını cəlb edirdi, yeni məktəb binasında oxumağa, öyrənməyə həvəslə can atırdıq… Qızlarla sinif otağının pəncərəsinin önündə durub, verilən tənəffüs müddətində ətrafı seyr etmək adətim idi.Bir də gördüm, əlində iri çantası, səliqəli geyinmiş, ağır zəhmli bir adam iti addımlarla məktəb binasına daxil oldu.Hə, deyəsən, bu müəllim məktəbimizə yeni təyinat alan Samir Qazıyev idi… Sinif yoldaşlarımla bir-birimizin üzünə baxıb gülümsədik:” Yaman ciddi və tələbkar müəllimə oxşayır.Kitab oxumaqdan canımız birtəhər olacaq.” Elə bu barədə söhbətə başlamışdıq ki, zəng səsi eşidildi.Biz yenə də zəngin səsinə əhəmiyyət verməyərək söhbətimizə davam etdik.Düşünürdük ki, riyaziyyat fənnini tədris edən müəllimimiz gəlməyəcək və dərsimiz boş keçecək.Biz saydığımızı saydıq, görün fələk nə saydı. Bir də gördük haqqında danışdığımız Samir müəllim sinfin qapısından otağa daxil oldu.Yenə ağır bir zəhmlə, əlindəki iri çantasını stolun üstünə qoyub, bir-bir şagirdlərin üzünə baxdı.Elə bil, o dəmdə hamımızı həyəcan bürümüşdü, sanki yerimizdə donub qalmışdıq.Samir müəllim dilləndi ki, bəs mən sizin yeni riyaziyyat müəlliminizəm.Sonra başladı, çox mülayim və mehribancasına özünü təqdim etməyə, uşaqlığından, tələbəliyindən danışmağa… Samir müəllimin keçdiyi ömür yolu çox əziyyətli olub, onlarla tələbəsinin sevimli müəllimi, həyat pillələrinin hər kobudluğuna, enişinə, yoxuşuna təbəssüm edərək, öz qüvvəsi hesabına irəliyə getməyə müvəffəq olmuşdu… Günel və Sevil bacılarının tək qardaşı onsuz da güclü və bacarıqlı olmalı idi.Mübarizə aparıb qalib gəlmək tək onu yox, həm də ziyalı ailəsini, anası Yeganə müəllimi, atası Muxtar kişini daim sevindirirdi… Yeni riyaziyyat müəllimi öz səmimi danışığı, təvəzökar xarakteri ilə sinifdəki iyirmi səkkiz nəfər şagirdin qəlbini ovsunlamışdı… Biz hər gün arzu edirdik ki, Samir müəllim riyaziyyat fənninin dərinliklərini sadə şəkildə bizə izah etsin, maraqlı söhbətləri ilə könlümüzü oxşasın… Məktəbimiz, riyaziyyat müəlliminin əzmi ilə yenidən dirçəlmişdi.Şagirdlər imtahanlarda yüksək nəticələr əldə edirdilər…
Sadə bir müəllim məktəbimizə o qədər yeni töhvələr vermişdi ki, saymaqla, yazmaqla bitməz… Samir müəllimdən sonra yeni müəllimlər məktəbimizə təyinat aldı.Onlardan biri də kimya-biologiya fənnini tədris edən Rəvanə Məmmədova idi… Tanrı sanki bu iki müəllimi, bizim gələcək yollarımız çiçəklənsin deyə göndərmişdi… Sinif uşaqları ilə bu iki müəllimi bir-birinə o qədər yaraşdırırdıq ki… Onların da sanki bir-birlərini görəndə gözlərinin içi gülərdi… Hər ikisi savadlı, hər ikisi hərtərəfli inkişaf etmiş gənc müəllimlər idi… Biz öz beynimizdə bunları xəyal edə-edə, bir də gördük xəyallarımız çin oldu.Samir və Rəvanə müəllim ailə həyatına addım atmağın ilk təməlini qurdu… Sevincimizin həddi-hüdudu yox idi. Hər ikisini o qədər çox istəyirdik ki… Elə indi də, sinfimizin uşaqları ilə o gözəl çağların şirinliyindən danışıb, kövrəlirik…
Rəvanə müəllimi Samir müəllimsiz, Samir müəllimi də xanım, Xatun, Rəvanə müəllimsiz təsvir edə bilmirik … Hal-hazırda iki gül balaları olan,(Duyğu və Leyla) müəllimlər cəmiyyətimizə, gənclərimizə hər mənada dəstək olmağa davam edirlər… Əsil ziyalılar və müəllim adına layiq əsil müəllimlər, biz sizinlə həmişə, hər an, bundan otuz il, əlli keçsə də fəxr edəcəyik! Övladlarımıza, nəvələrimizə sizdən danışacağıq! Yeni bir gələcək, savadlı müəllimlərlə başlayır!