AVTOQRAFLI KİTAB

AVTOQRAFLI KİTAB

(hekayə )

Təzə idarədə işə başladıqdan cəmi bir ay keçmiş Məhərrəm Səməndərli ilə dostlaşdım. O, idarənin əsas istehsalat şöbələrindən birinin rəisi idi. Məndən on-on beş yaş böyük olsa da söhbətimiz tuturdu. Müxtəlif mövzularda danışırdıq. Ara-sıra şeir yazdığımdan bədii ədəbiyyat mövzusunda söhbəti xoşlayırdım. Məhərrəm müəllim də özünün bu sahədə bilikli olduğunu göstərmək üçün Nizamidən, Füzulidən, Səməd Vurğundan xüsusi intonasiya ilə şeirlər söyləyirdi. Məni də ruhlandırır, yazılarımı tərifləyirdi. Əsasən vətənpərvərlik mövzusunda və uşaqlar üçün yazdığım şeirləri toplayıb kiçik bir kitab çap etdirdim. İlk kitabımı əlimə alanda sevinirdim. Az qalırdım quş kimi uçam və hamıya bu xəbəri çatdıram: -Mən şairəm, kitabım çıxıb. Kitablarımdan dostlarıma, tanışlarıma fəxrlə hədiyyə edirdim. Birini də Məhərrəm müəllimə bağışlamaq istədim. Kitabı alıb məni təbrik etdi və -Ay şair, avtoqrafsız da kitab hədiyyəsi olar?- kitabı mənə qaytardı. -Bunu yaz, Dürdanəyə. – Məhərrəm müəllimin kiçik qızının adı Dürdanə idi. Üçüncü sinifdə oxuyurdu. – O şeiri çox sevir, oxuyar, əzbərləyər. Həyəcənla, həyatımda ilk dəfə olaraq müəllif olaraq kitaba avtoqraf yazdım. Bir neçə gün keçmiş nahar fasiləsində Məhərrəmlə qarşılaşdım. Məni görən kimi ucadan: -Şair, şeirlərin əladır. Kitabı Dürdanə aparıb məktəbə. Müəllimləri də şeirləri oxuyub, bəyəniblər. Sinif yoldaşlarının hərəsi bir şeirini əzbərləyiblər. Sevindim. Şeirlərim kiminsə xoşuna gəlirsə, deməli, yaxşı yazıram. Ürəyimdə qürurlandım. – Çox sağ olun, Məhərrəm müəllim.-dedim. -Şair, sən daha çox yaz. Səndən təzə kitab gözləyirik. Bir müddət sonra Məhərrəm müəllim dedi ki, məktəbdə maraqlı tədbir keçirilib, Dürdanə də sənin kitabından iki şeiri əzbər deyib, hamının xoşuna gəlib. Bu xəbər məni daha çox fərəhləndirdi. Yeddi-səkkiz aydan sonra Məhərrəm müəllimi başqa bir idarəyə daha məsul vəzifəyə göndərdilər. Açığı onun uğuruna sevinsəm də bizim idarədən çıxmasına kədərləndim. Hər halda söhbətimiz tuturdu, səmimi, söhbətcil insan idi, hər bir mövzuda danışa bilirdim. Məhərrəm müəllimin yerinə onun müavini Zəkərayı təyin etdilər. Onunla da münasibətim yaxşı idi. Zəkaray otağıma zəng elədi. Salamlaşdıqdan sonra: -Məhərrəm müəllimin köhnə kitabları qalıb, baxıram, lazımsızları atıram. Sənin kitabın da var, istəyirsənsə gəl götür. Getdim, kitabı götürdüm. Açdım, varaqladım. Görünüşündən “Məhərrəm müəllimin xoşuna gələn, qızının əzbərlədiyi, müəllimlərinin də bəyəndiyi şeirlər olan kitab”-ın vərəqlənmədiyi, heç bircə dəfə də oxunmadığı aydın hiss olunurdu.

04.02.2024.

Müəllif: Coşqun XƏLİLOĞLU

COŞQUN XƏLİLOĞLUNUN YAZILARI

QAR DƏNƏCİKLƏRİ

>>>>Qarlı günün isti şeirləri<<<<


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BİTİK.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir