Xalam Məleykə Rəsulova pambıqçılıq briqadiri idi. Respublikanın qabaqcıl əmək adamlarındandı həm də. .Yaxası orden , medallı, adlı-sanlı, şöhrətli, şərəfinə və vicdanına söykənən qadından danışıram. Özü də mərhum H.Əliyevin kadrı idi. 70 -80 -ci illərin əfsanələrindəndi. Respublika rəhbərinin şəxsi imzası ilə kolxoza briqadir təyin olunmuşdu. Rayona, kolxoza gələndə xalamla yaxından maraqlanırdı, görüşürdü, töfsiyyələr verirdi. Bu ötkəm, sözünün ağası, dilinə görə dilçəyi olan qadına bir ayrı hörmət edirdi ölkə başçısı. Kiminsə ətəyindən tutub yeriməyi sevməzdi xalam. Kimdənsə gözükölgəli qalmağı da özünə, mənliyinə sığışdırmazdı. Söz verdisə nəyin bahasına olursa olsun, onu yerinə yetirərdi. Dəfələrlə respublika səviyyəli yarışlarda birinci yerə çıxmışdı. O vaxtın adamları sözümü təsdiqləyə bilər. Əzmkarlığı çoxlarını xofa salmışdı. Hamı bu dəmir iradəli qadınla hesablaşmağa çalışırdı. Nöqsanlara göz yummazdı. Plenium və qurultaylarda odlu, alovlu çıxışları ilə yadda qalırdı. Haqsızlığa, ədalətsizliyə qarşı üsyankar idi. Yüz kişinin yükünü daşıyırdı zərif çiyinlərində. Yorulmadan, usanmadan, hətta böyük həvəs və şövqlə. Əlləri də onunla birgə danışardı. Baxışlarıyla deyərdi ürəyindən keçənləri çox vaxt. Bir sözlə əsl Azərbaycan qadını idi. Yerişi, duruşu, baxışı ilə özünü anladırdı Məleykə Rəsulova. İşləyə -işləyə oxuyurdu həm də. Kirovabad Kənd Təsərrüfatı İnistitutunda təhsil alırdı.( İndiki Gəncə Aqrar Universiteti) .Uğur qazanmaqçun özünü oda, közə vururdu. Xalamdı deyə demirəm. Həqiqətlərin üzərinə kölgəyə salanlardan zəhləm gedib həmişə. Yalançı tərifdən də çox uzağam. Tanıyanlar bilir. Xalama bənzəyirəm bu sarıdan.
Kimləsə rəqabətə girməyə çalışmırdı. Özüydü təpə-dırnaq. Mükəmməliyə can atırdı daim. Ana kimi, övlad kimi, xala kimi, bibi kimi, yoldaş kimi, nənə kimi, vətəndaş kimi – bütövlükdə mükəmməl idi. Bütün bunları bir ayada necə qoruyub saxlayırdı? Necə bacarırdı? Hamısının öhdəsindən necə gəlirdi? Necə çatdırırdı? Həmişə məni düşündürüb bu sual. Gözünün içinəcən çiçək kimi idi . Tərtəmiz. Ən əsas ruhundakı gözəllik idi onu mənə daha çox sevdirən. Sevgisi də mükəmməl idi. Həyat dolu, sevgi doluydu. Dünyanı gözəl tərəfdən görürdü, duyurdu. Həddən artıq elmli idi. Bütün elmlərdən haliydi. Hər şeylə maraqlanırdı. Bütün mövzularda insanla dialoqa girməyi bacarırdı. Gözəl diksiyası vardı. Əsl natiq idi. Səlis və qüsursuz danışığı ilə həmişə diqqət mərkəzindəydi. Elə özü də mərkəzdə olmağı sevirdi. Dik yerişli qadındı. Bir az da ötkəm, qürurlu. Kəlağayısının yeli vururdu adamı. Zəhminin özündə bir amiranəlik , eyni zamanda eşq vardı. Tanrı sevgisi isə bir ayrıydı. Şükranlıq vardı bu sevgidə. Məğrurluğunda gizlədirdi həyəcanını, sevincini. Uğurlarıyla öyünməzdi. Uğur da onu axtarıb tapardı həmişə.
Sevilirdi bu qadın. Sözüylə, yerişiylə, baxışıyla, işiylə, qadınlığı, ucalığıyla sevilirdi. Gözləri danışırdı adamla. İşiylə fəxr edirdi. Elə Vətəniylə, torpağıyla da . Öyünürdü Azərbaycanlı olmağı ilə. Eyni zamanda nizam-intizamlıydı. Gecikməyi sevməzdi. Gözləməyi və gözlətməyi də. Əzmkar idi. Çətinlikdən qorxmazdı. Elə ölümdən də . Ona görə də son anınacan mübarizə etdi. Həyata, sevdiklərinə tutuna-tutuna mübarizə etdi həm də. 65 illik həyatında 100 ilin işini gördü.
Sabirabad rayonunun Qələbə kolxozunun pambıqçılıq briqadiri Məleykə Rəsulovadan yazdım. Bir az öyünə-öyünə, bir az darıxa-darıxa , bir az oxşaya-oxşaya qələmə aldım ürəyimdən keçənləri. İstədim dünyalarca sevdiyim bu qadını siz də tanıyasız. Sözlə tablosunu çəkməyə çalışdım. Bəzəksuz, boyasız, pafossuz. Sadə dildə. Mürəkkəb cümlələr seçmədən. Elə qəhrəmanımın özü kimi. Nə qədər bacardım , bilmirəm. Bircə onu bilirəm ki, bu yazdıqlarım onun haqqında düşündüklərimin bapbalaca hissəsidi. Ürəyimsə onunla dopdoludu. Bu hələ son deyil. Təki sağlıq olsun.
Maksim Qorki ədəbi sənətkatlıq baxımından nə Qoqoldan, nə Dostoyevskidən, nə də Tolstoydan geridə qalmır. Sovet təbliğatı onu “Ana” romanı ilə tanıtdı və yazıçının digər əsərləri kölgədə qaldı. M. Qorki rus ədəbiyyatının yetişdirdiyi ən nəhəng yazıçılardandır. Onun elə hekayələri var ki, dünya nəsrinin inciləri sırasında dayanmağa layiqdir. “Gərəksiz adamın həyatı”, “Etiraf”, “Yay” romanlarını oxuyun. Yazıçı sosial-psixoloji mövzudan ideya-mənəvi mövzuya keçərək insan xarakterinin dolanbaclarını kəşf edir. Burada insan mürəkkəb, ziddiyyətli, öz müqəddaratını həll etməyə çalışan ruhi varlıq kimi təqdim edilir. Qorki insan ruhunun dərinliklərinə baş vurmağı bacaran Ustadır. “Gərəksiz adamın həyatı” romanı (roman Hüseyn Şərif tərəfindən dilimizə çevrilib və yazıçının 15 cildliyinin 6-cı cildinə daxil edilib) Yevsey Klimkovun faciəli həyatından bəhs edir. İnfantil varlıq olan Yevseyin valideynləri ölüb, əmisi onu başından rədd etmək üçün şəhərə gətirib işə düzəldir. O, Xəfiyyə idarəsində çalışmalı olur. Müti xisləti onu lazımsız, faydasız bir məxluqa çevirsə də ruhundakı insani hissin qırıntısı onu daxilən üsyana səsləyir. O, heç kəsə üsyan etmək iqtidarında deyil. Bütün bu mənəvi iztirablar sonda intiharla nəticələnir.
Qorki bu əsəri 1907-ci ildə qələmə alıb. Əsər senzura tərəfindən qadağan edilir. 1910-cu ildə roman fransız dilinə tərcümə olunur və xaricdə çap olunur. 1914-cü ildə “Jizn i Znanie” nəşriyyatı “Gərəksiz adamın həyatı” əsərini Qorkinin əsərlərinin 9-cu cildi kimi bütövlükdə buraxmağı qət edir. Kitab çap olunsa da senzura tərəfindən yayımına qadağa qoyulur. Yazıçıya qarşı cinayət işi açılır. Uzun-çək-çevirdən sonra 1917-ci ildə yazıçı əsəri tam variantda çap etdirməyə nail olur. “Gərəksiz adamın həyatı” Qorkinin ən başıbəlalı əsəridir. Bir məqam da maraq doğurur: Qorki 1908-ci ilin ortalarında tarixçi, xüsusən mətbuat tarixinin araşdırıcısı V. Lvov-Roqaçevskiyə yazdığı məktubda belə deyir: “Povest xəfiyyə şöbələrindən birində qulluq edən qəhrəmanın danışıqları və onun yoldaşının avtobioqrafik qeydi əsasında yazılmışdır”. Əsərdə də belə bir yer var – Klimkov bütün həyatını evinə getdiyi yazıçıya danışır. Maklakov ona belə bir məsləhət verir: “Sən tezliklə bu işdən uzaqlaş. Bu iş sənin üçün deyil”. Yazıçı Mironov elə Qorkinin özüdür ki, var. Klimkov şüursuz halda xəfiyyələrə qoşulub. O, casusluq üçün yaranmayıb. Yevseyin qəlbi insanlıqdan xali deyil. Amma yaranışdan infantil olan bu adamın düşdüyü mühit də qeyri-sağlamdır. O, gərəksiz adamdan faydalı insana çevrilə bilmədi… Qorki də onu xilas edə bilmədi…
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
“Tanrı payı” şeirlər kitabı haqqında düşüncələrimdən…
“…Bir daş sükutum var, dinər söz doğar,
Göz yaşım damçılar, damlam köz doğar,
Yol mənim yolumdur, məndən iz doğar,
Bir zirvə ucaldar: – – Şeir, şeir yaz!”
(“Şeir yaz” şeirindən)
Poeziya haqqında çox deyilib, çox da yazılıb. Hər kəsin öz düşüncəsi olan bu yol haqqında nəsə demək istəyiriksə, bu, əlbəttə ki, yeni söz olacaqdır. Çünki hər bir insanın baxışı fərqlidir. Duya bildiyi qədər görər, görə bildiyi qədər dərk edər…
Poetik dillə şairin oxucuya təqdim etdiyi sərvəti ruhun pərvazlandığı, əqlin süzgəcindən keçərək demək istədiyi gözəllik məhz ən ali duyğulardır. Şair onu əzizləyərək, ilmə-ilmə toxuyaraq, bəzən zərif gül ləçəkləri ilə pərdələyərək təqdim edir. Bu zəriflik çəkir qəlbi, bu gözəllik yaşadır qələmi, düşündürür oxucunu, ucaldır qələm adamını.
İnsan duyğular toplusudur. Bu duyğuların ən zərifi, ən yüksəyi insanlığa xidmət edən poeziyada əks olunursa, milyon-milyon könüllərə yoldaş olur, sirdaş olur. Poeziya insanı sabaha səsləyir, düşündürür, düşüncənin qanadında uzaqlara aparır, öz dünyasına yaxınlaşaraq apardığı uzaqlıqda yaşadır insanı. Bu zərifliyi içində saxlaya bilməyən qələm sahibi sanki oxucusu ilə əl-ələ tutaraq ruhun özünün hiss edə biləcəyi ən gözəl çalarlarla mənzərə yaradır, onun sakini olur, orada qalır, yazır, dönüb yenidən baxır və bir qəsr ucalda bilən memar timsalı zövq alır.
Bəli, sənətkar yaratdığından zövq almırsa, demək ki, duyğuları onu çoxdan tərk etmişdir. Əziz oxucularım razılaşmayacaq, yəqin ki. Duyğusuz da söz yazılarmı?.. bu bir başqa mövzu…
Bu gün sözü dəyərli bilən oxucularımıza bütün qəlbi ilə yaradıcılığa bağlı, sözün sehrində dalğalar qoynunda yaşayırmış kimi görə bildiyim yazıçı-publisist, şair, dəyərli qələm sahibi Zaur Ərmuğanın yeni çap olunan “Tanrı payı” kitabından danışacaq, bu saf duyğulu söz sərrafının duyğu selinə qoşulacağıq. Bu duyğular bahar yağışı kimidir, hər misranın arxasından günəşin al şəfəqlərini duyursan, ümid səni tərk etmir, kövrək duyğulara sanki sığal çəkərək həyata davam deyirsən.
“Tanrı payı” şeirlər kitabı “Günəş ömrü istəyirəm” şeirlər kitabından sonra şair Zaur Ərmuğanın ikinci kitabıdır. Kitab 2023-cü ildə “Elm və təhsil” nəşriyyatında çap edilmişdir.
Poeziyaya, ümumiyyətlə, ədəbiyyata bütün qəlbi ilə bağlı olan Zaur müəllimin şeirlərini oxuduqca sanki saf bulaq suyunu ovcuna alıb içən insanı xatırlayırsan. İnsan ruhu bu qədər durulur, içində saflıq, sərinlik hiss edir.
Oxucularımızı “Tanrı payı”- nın dünyasına səyahətə dəvət edirəm, onu duymağa səsləyirəm. Şair Zaur Ərmuğan sinif otağında şagirdlərini ümid və inamla elmə, həyata səsləyən dəyərli müəllim olduğu qədər, hər bir oxucusunun da mənəvi xeyirxahı olaraq onlara qayğı göstərir. Onları qələminin nuru ilə işıqlanan misralarında həyatı görməyə, doğrunu yanlışdan seçməyə, dünyanı olduğu kimi dərk etməyə səsləyir:
“…Çölüm, dağım, daşımdır,
Ruhumdur, yaddaşımdır,
Məzarım, başdaşımdır,
Göyüm, yerimdir Vətən”.
(“Vətən” şerindən)
və yaxud:
“…Oğullar zəfərlər çaldığı yerdə,
Müqəddəs bir qisas aldığı yerdə,
Şəhid məzarının olduğu yerdə
Vətən çiçək açır tər gülləriylə”.
(“Müqəddəs qisas” şerindən)
Əbədi düşüncəmizdə heç zaman solmayan Vətən anlamını bu bənd bütün çalarlarıyla təqdim edir. Ruhumuza hopan anların yaddaş tarixini vərəqləyərək bizdən sonra qalan baş daşımıza qədər, ondan sonra da sadəcə torpağının bir parçası olduğumuz vətən torpağına qədər. Bu yerdə deyərdim ki, bəzən sadəlikdə o qədər möhtəşəmlik yaşayır ki, onun verdiyini heç nə qopara bilməz. Bu misralardakı vətən anlamını duya bilən üçün…şəhadəti görə bilənlər üçün.
“Tanrı payı” şeirlər kitabı “Vətən evimdir mənim”, “Bir sevgi duası yazılıb ömrə”, “Quşlar yuva qurub bir dar koğuşda”, “Dünyanın sirrini bilməyib kimsə”, “Torpağı ucaldan şəhid” başlıqları ilə beş hissəyə bölünüb.
Şair Zaur Ərmuğanın “Tanrı payı” şerini izləyir, sözün səmimiyyətini aydın duyuruq:
“…Bu eşq işığına könlüm duaçı,
Boynumdan asmışam günahlarımı.
Gülüm, gəl bağışla sevgi xətrinə,
Mən girov qoymuşam sabahlarımı.
… Gülüm, gəl bağışla, bağışla məni,
Odunda yandığım közə bağışla.
Qəlbində min bir yol əzizlədiyin
Hələ demədiyin sözə bağışla… ”
İnsan qəlbinin idarəolunmaz səmasından yenə eşqi seyr edirik “Eşqin” şerində:
“…Bir gülüş məlhəmdir sinə dağıma,
Taleyim əl tuta dilsiz çağıma.
Xəzan xəzəl-xəzəl düşüb bağıma,
Baharı gülündə soldu bir eşqin…”
“Özünü məndən qoparma” şerində yenə oxucu saf duyğuların etirafını izləyir :
“…Göyümdən danı aparma,
Sevdiyim anı aparma.
Özünü məndən qoparma,
Bu tale Tanrı qisməti”.
El dilində olan “Göz ürəyin aynasıdır!” ifadəsi şairin “Qoy oxusun gözlərini gözlərim” şerində yeni bir formada çıxır qarşımıza. Gözlərin insan duyğusunu bir güzgü kimi əks etdirməsini şair poetik dillə izah etməyə çalışmışdır:
“… Ümid dinir, güman dinir gözündə,
Sükut dolu ümman dinir gözündə,
Bir gerçəyi uman dinir gözündə,
Qoy oxusun gözlərini gözlərim.
Kirpiyinin kölgəsimi gizlənən?
Yad baxışla özgəsimi gizlənən?
Bəlkə, mənəm öz – özüylə izlənən?
Qoy oxusun gözlərini gözlərim…”
“Ürəyimə” şerində isə eşq iztirablarını aşiqin dilində ilğım atəşində görürük:
“… Bir gileyin min davası,
Bir talanam, eşq yuvası,
Köklənmişəm, var havası,
Dəmi yığdım ürəyimə…”
Şairin şeirlərində bədii təsvir və ifadə vasitələrinin dəqiqliklə işlənməsi, fikrin bədii şəkildə oxucuya çatdırılmasında əhəmiyyətli rol oynayır. Belə ki, “ümid dinir”, “güman dinir” metaforları,
“Uşaq kimi dəcəl, kövrək, Xəyallarım, xəyallarım”, Qış ömründə yaz yamacı-Xəyallarım, xəyallarım” təşbehləri, “Qəşəngdir lalənin al qızl tacı” epiteti və digər bir belə bədii nümunələr öz poetikliyi ilə seçilir və müəllifin əksər şeirlərində bu cür parçalara, söz və ifadələrə rast gəlmək olur.
Şair Zaur Ərmuğanın gözəllik anlamını “Gözəl olur” şerinin misralarında gəzirik.:
“Ulduzlu gecənin öz yaraşığı,
Üfüqdə qızaran gün gözəl olur…”
və ya
“Ruhun dincəlməyə var ehtiyacı,
Qəşəngdir lalənin al qızıl tacı…”
Şair ürəyinə qüvvət verən duyğuların ünvanı isə sonsuz xəyallardır. “Xəyallarım” şerindən hansı bəndi seçim deyə çox düşündüm. Nəhayətdə, az hissəsini ixtisarla çatdırıram dəyərli oxuculara. İnsanın özünəməxsus xəyal dünyasının ritmləri doğmadır hər birimizə:
“Əllərimdən tutan əldir,
Ürəyimdə suzmaz dildir,
Göy üzündə bitən güldür
Xəyallarım, xəyallarım”.
“Gözlərimdə rəngli gerçək,
Qəhərlənər məni görcək.
Uşaq kimi dəcəl, kövrək
Xəyallarım, xəyallarım”.
“…Gah şirindir, gah da acı,
Həsrətimin tək əlacı!
Qış ömründə yaz yamacı —
Xəyallarım, xəyallarım”.
“Öz dünyamın qonağıdır,
İçimdə ruh bulağıdır,
Məndə bir mən sorağıdır
Xəyallarım, xəyallarım.”
Şair Zaur Ərmuğanın insanlığa xidmətidir yaşatmaq amalı, dözüm, ümid işığına səsləmək, fanilik içində əbədi yaddaşa xidmət edən dəyərlərə xidmət etmək missiyası. “Ömür yaşat, de sözünü” şerindən:
“Büdrəsən də qalx ayağa,
Vurma yerə tez dizini.
Dünya budur, həyat belə,
İpəyindən seç bezini”.
“…Sinəni heç oyma nahaq,
Ürəyinə qıyma nahaq,
Vədəsinə uyma nahaq,
Çox bozardıb tərs üzünü…”
“Pay gözləmə bağçasından,
Vəfa ümma axçasından,
Pisi ayır yaxşısından,
Əyrisindən həm düzünü ”.
Həyatın qarşımıza çıxardığı üzüntülərə qarşı etiraz edən şairi “Allah, burdan devir məni” şerində daha sərt şəkildə gileyli görürük. Bu qəm cəmiyyətimizdə dərdli insanların sanki ümumiləşdirilmiş bir etirazıdır. Kədərdən üzülən, boğulan insanın harayıdır, Tanrıdan imdadıdır…
“ Hər ahım bir anı üzür,
Nəfəs-nəfəs əriyirəm.
Dərddən təzə dərd doğulur,
Dərdi dərdə dirəyirəm”.
“…Dərd məhbəsdir, qəlb əsiri,
Bitməz vaxtın kəm-kəsiri.
Neyləyir dərd mən yesiri?!
Ayaq üstə çürüyürəm…”
“…Soruşmayın bu nə haldır?
Bu nə vaydır, nə məlaldır?
Könlüm dolu, dilim laldır.
Kilidlənib kiriyirəm…”
İnsanın taleyinin fərqli yolları, sevinc, kədər, sədaqət, mərdlik, bəzən çətinliklər qarşısında qətiyyət, bəzən yorğunluq “Taleyim” şerində də məzmunlu ifadə olunmuşdur:
“…Yoxam belə, varam belə,
Sirlə dolu naram belə!
Yar deyənə yaram belə,
Bircə yarın yarasıyam…”
“…Əridəcək fikir məni,
Dağdan-dağa çəkir məni.
Zaur, dərdim bükür məni,
Nə əlac, nə çarəsiyəm”.
Şair Zaur Ərmuğanın kitabda yer alan “Dünya”, “Qonağam”, “Dolanaq, dünya”, “Aldanmışam yalanına ömrümün” şeirlərində də həyat gerçəklərinə şair baxışının özünəməxsus çalarlarını görürüki:
“…Vədələri yalan imiş,
Bəxtimiz nə ağır imiş?!
Gör bir necə cığal imiş,
Sözündən çıxıbdır dünya.
(“Dünya” şerindən)
“Dünya dərin bir dəryadır,
Toruna düşən balığam.
Yeri, göyü də səhradır,
Yolundan keçən çarığam.
(“Qonağam” şerindən)
“…Ey davakar dünya, mən ki, barışdım,
Ver, çəkim dərdini, burdayam hələ.
Sənə dözə-dözə elə alışdım,
Enişdə, yoxuşda, yoldayam hələ…”
(“Dolanaq, dünya” şerindən)
“…Eləsi nə, beləsi nə dünyanın?
Mən də düşdüm tələsinə dünyanın.
Çiyin oldum şələsinə dünyanın,
Aldanmışam yalanına ömrümün…”
(“Aldanmışam yalanına ömrümün”)
Cəmiyyətimizdə ən humanist, şərəfli peşəsi ilə xalqa, dövlətə xidmət edən şair Zaur Ərmuğan seçdiyi müəllimlik peşəsinin də, söz sənətinin də ən şərəfli pilləsindədir. Bu yol isə insan şəxsiyyətini kamilləşdirən zəhmət yoludur, fədakarlıqla dolu…
“Zirvəyə gedən yol hamar ki deyil,
Daşlı-kəsəklidir, yüz yarğanı var.
Səni aldatmasın yaz günəşi, bil,
Qışın fırtınası, sərt tufanı var…”
(“Zirvə” şerindən)
misralarının müəllifi şair Zaur Ərmuğan “Şair tanıyıram” şerini qocaman şairimiz Soltan Abbasa həsr etmiş, ustad sənətkarımızı belə dəyərləndirmişdir:
“…Baxışı mənalı, duyğusu təzə,
Ürək yox, günəşdir sinəsindəki.
Deyir, səhərlərdir zülməti qovan,
Var olsun bu dünya, bir sevda təki…”
“…Şair tanıyıram, gözəl bir şair,
Təbini həmişə qüdrətdən alır.
Mən şair görmüşəm, zövqü səfanı
Xalqa sədaqətlə xidmətdən alır…”
İnanıram ki, şair Zaur Ərmuğanın “Tanrı payı” kitabı onun səhifələrini izləyən, adını soraqlayan hər bir oxucumuz üçün maraqlı poeziya çələngi olacaq, verdiyi dəyərlə yadda qalacaqdır.
Çox hörmətli Zaur müəllimə söz mülkümüzün zənginləşməsində daim uğurlar, ailəsi ilə birlikdə can sağlığı, xoş günlər diləyir, “Tanrı payı”nız hər zaman ucalığa doğru olsun!”- deyirik.