Turan Uğur – Öncə söz vardı…

Öncə söz vardı… (9)

Mirzə Zeynalabdin Əbülrəzzaq Nəşə – şair

Adı Zeynalabdin, təxəllüsü Nəşə olan Azərbaycan şairi Nəşə Nadir şahın dövründə yaşayıb, ancaq heyif ki, “Nadiri taxtda görüb, Şah Abbası qundaqda” deyimini ürəklə işlədə bilmirəm.Çünki şairimizin doğum-ölüm tarixinə aşina deyiləm.
-Bəs künyəsi nə olub Zeynalabdinin?
-Əbülrəzzaq

Qeyd: Künyə- ərəb dilində “əbü”, “ibn”, “ümm” sözləri başlanan ləqəbə deyilir.Məsələn, İbni-Xəldun, Əbülqasim, Ümmi-Hüssam və.s

Qaraqoyunlular sülaləsinə mənsub olan Nəşə məşhur hökmdar Cahanşah Türkmanın övladlarındandır. Bir çox dünyəvi elmləri mənimsəyən şair təhsilini İsfahanda başa vurub.Müxtəlif şəhərlərdə məskən salıb, ancaq ömrünün son illərini Təbrizdə keçirib.

Budur, gözəlim Təbriz!
Budur, əzəlim Təbriz!
Şeir, sənət təşnəsi,
Pir dədələr guşəsi.
Təbriz baba yurdudu,
Bir döyüşən ordudu.
Çox öymürəm, səni mən.
Qorxuram ki, yenidən.
Nəhs baxışlar izləyər,
Sən gözələ göz dəyər.
Gözlər görmək üçündür,
Yollar varmaq üçündür.
Hər varılan yol olmur,
Hər bəndədən qul olmur.
Əminəm ki, haçansa,
Bircə fürsət bulunsa,
Ömür sandığım çiçək
Təbrizimdə bitəcək.

(T.Uğur-Gözəlim Təbriz!)

Təkcə Azərbaycan ədəbi cameəsində yox, İranda, Hindistanda da xeyli nüfuz qazanan Nəşənin iki min beytlik külliyatı dəfələrlə nəşr olunub.Nəşənin farsca şeirləri ilə yanaşı, doğma türk dilimizdə də rəvan qəzəlləri bulunur.

Deyil qəm, gər tənəzzül etmişəm, zahirdə rüfətdən,
Yerə düşsə hüma gər övcdən, düşməz səadətdən.

Əgər ülfət görə səyyaddən, seyd eyləməz vəhşət,
Könül etməz cüdalıq, gər məhəbbət görsə möhnətdən.

Əqiqin Nəşə olmaz təşnələb, sirab suyundan,
Yetişməz feyzi-əskik, kimsəyə ərbabi-dövlətdən.

Nəşə haqqında müfəssəl bioqrafiyanın olmaması, onun irsinin azlığını göstərmir.
Fikrimcə, bunun başqa bir səbəbi var.Orta əsrlərdə Azərbaycanın təzkirəçiləri demək olar ki çox az olub.
Haşiyə: Dostlar, hər dəfə təzkirə sözünü vurğulayıram, amma mənasını yazmıram.
Təzkirə-yəni şairlərin qısa tərcümeyi-halı və əsərlərindən nümunələr verilən ədəbi əsərlərə deyilir.Ərəbcədir, ilk dediyim mənasından əlavə 8 mənada işlənir.

1) kiçik vərəqə
2) rəsmi yazı
3) bilet
4) icazənamə
5) pasport
6) xatirat
7) tərcümeyi-hal
8) tarix

Yazmışıq, yaratmışıq, amma onları səliqəli şəkildə birikdirmək, yarınlara çatdırmaq niyyətimiz olmayıb.Bu, əslində, özünə arxayınlıq hissinin verdiyi psixoloji bir haldır. “Necə olsa, dürlü-dürlü qəzəlxanlar, şairlər ərməğan edərəm” sayaq düşüncə tərzinin nümunəsidir. Amma yazı-pozu adamlarımız bir vacib nüansı gözardına vurublar. Yazılan tarixdir, danışılanlar rəvayət.
Böyük Oljas Süleymenovun bir şüarını xatırlayaq:
“Nəyin bahasına olursa-olsun, durmadan, dayanmadan yazmaq!”
Məncə, yazmağın başqa bir missiyası da var.Tarixi yazmaq həm də tarixə tanıq olmağın və bizə əta edilən ömrə cavabdehlik daşımağın möhürlü-ştamplı təsdiqidir.
Əgər keçmiş bir zamanda hansısa şəxs haqqında nəsə deyilsə, “rəvayətdir”-deyib keçmək olar.
Gəl, isbatını elə!
Lakin yazılı mənbəni, məxəzi göstərsən, bu, olur fakt.Məşhur əsərdə deyildiyi kimi:
“Faktlar yaman tərs şeydir”, hətta o qədər tərsdir ki, tərs-avand, qondarma, uydurma nağılların da əyri qəddini düzəldə bilir.

Haşiyə: Xatırladım ki, bir vaxt bədnam qonşularımız Ağadədə məzarlığında Həsən, Hüseyn, Əli adlarını tərsinə oxumaqla köhnə yazılarını tapdıqlarını aləmə car çəkmişdilər, hətta köklərini qədim Urartuya calamışdılar da, hərçənd həmişə calaq vurmaq effektli alınmır.
O vaxt nüfuzlu sovet akademiki B.Piotrovski cavablarını vermişdi:
“Özünüzü rüsvay eləməyin!” -deyə Akademiyalarına açıq məktub da yazmışdı.
O ki qaldı qəddin əyilməsinə – qozbelə, onu da qəbir düzəldir.Axı hər qozbel də Kvazimodo ola bilmir!
Bəlkə Kvazimodo olmaq heç kimə sərf eləmir?!

(Məqaləmdə Salman Mümtazın faktlarına, habelə şəxsi mülahizələrimə istinad etmişəm)
22 may 2024

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir