Van “Yüzüncü İl Universitetinin” təşkil etdiyi beynəlxalq konfransdaydıq.
Bir nəfər yaxınlaşıb elə ərklə, doğma, şirin ləhcə ilə kef əhval tutdu ki, elə bildim qonşu kəndimizdəndir… Sonra bildim ki, cənubi Azərbaycanın Xoy şəhərindəndir.
Xoylu Hüseyin kimi Ərzurumlu Ümid, Urmiyalı Solmaz və Yunus müəllimlər də məni elə doğmalıq, şirin ləhcə və həmyerli münasibətilə heyrətləndirdilər.
Solmaz xanım o universitetdə çalışırdı, yoldaşı Yunusla əl çəkmədilər ki, onun iş otağına çıxmalıyıq, kofe içməliyik. Hüseyin və Ümiddi də eyni cür dəvət etdilər.
Düzdür orada hamımız eyni millət idik, hər kəsə xüsusi hörmət, nəvaziş vardı.
Amma Xoylu, Ərzurumlu və Urmiyalılar elə bil lap qonşu kəndçilərim idilər.
Təkçə mənə qarşı yox, bir- birlərinə də elə doğma idilər.
(Gözəlov Müzəffər Məzahim oğlu) 01 iyul 1957-ci ildə Neftçala rayonunun Qədimkənd kəndində anadan olmuşdur.
1987-1993-cü illərdə Moskva M . Qorki adına Ədəbiyyat İnistutunun Poeziya şöbəsini bitirmişdir.
Şerləri mütəmadi olaraq müxtəlif dövrü mətbuatda dəfələrlə dərc olunub. “Görüşünə gəlmişəm”, “Ata ocağı”, “Gələn baharadək” , “Bu qərib dünyada”, “Atlan igidim”, “Vətən sevdalı ürək” və Təbrizdə “Könül, gileylənmə” adlı şerlər kitabları çapdan çıxıb. Bir çox poemaların və “Bilgə xaqan” tarixi dramasının müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvidir.
“Məmməd Araz” ədəbi mükafatı laureatıdır.
Hal-hazırda Neftçala rayonunun Qədimkənd kəndində yaşayır.
Nəsimi yaradıcılığında “Cami-cəm” ifadəsinin mahiyyəti və təhlili
Şərq ədəbiyyatında sıxca adı keçən, təsəvvüf mətnlərində “ bütün pisliklərdən arınmış , tərtəmiz ruh “ mənasında işlənən “”cami- cəm “ ifadəsi özünü şerlərində islam dini ehkamlarını hürufilik nöqteyi nəzərindən izah edən Nəsimi yaradıcılığında da göstərmişdir . Bu zaman “ fəlsəfi əsasında panteizmin dayandığı hürufiliklə rəvayət əsaslanan “ Cami-cəm “ ifadəsinin nə kimi bir əlaqəsi var? “ deyə bir sual ortaya çıxır. Bunu bilmək üçün ilk öncə “ Cami-cəm “ tezisinin mahiyyətinə varmaq lazımdır. “ Cəmşidin camı “ mənasını ifadə edən “ Cami-cəm “ təsəvvüf kontekstində varlığın əksi, mütləqin dərki baxımından hürufilikdə “ insan kainatın ən dəyərli varlığıdır “ ideyası bir-birinə uyğun gəlir. Bu ideyalar Şərq fəlsəfəsində mərkəz mövqe tutan sofizmin əsas prinsipi olan “ insan hər şeyin : mövcud olan və olmayan bütün şeylərin ölçüsüdür “ fikri ilə də eyniyyət təşkil edir . Kreasionizm dini-metafizik konsepsiyasının ideyaları ilə uyğunlaşan hürufizm düşüncələri də insan ekstaz və ya vəcd yolu ilə onu yaradan fövqəlbəşər qüvvəyə – transendent mövqe tutan Allaha qovuşmaq üçün öz varlığını dərk etməli , özündə monizm nöqteyi nəzərdən Allahı görməlidir. Qədim yunan alimi Sokratın da ən sevdiyi zərbi – məsəl də insanın özünü dərki ilə bağlı olması onun fəlsəfi fəaliyyətinin insan və onun şüuru haqqında məsələlər üzərində cəmləşdiyini göstərir .
“Cami-cəm “ tezisi Nəsimi yaradıcılığında bir neçə mövqedə işlənərək şairin panteist- hürufi ideyalarını əks etdirmişdir:
Çün ləbin cami-cəm oldu nəfxeyi Ruhülqüdus,
Ey cəmilim, ey camalım bəhrü kanım, mərhaba. ( 3.13)
Nəsiminin ərəb və fars dillərini, həmçinin “Quran “ ı yaxşı bildiyini nəzərə alaraq ilk misrada öz əksini tapan “ nəfxə “ (nəfəs) , “ruh” ( ruh ) , “ qüdus “ ( müqəddəs ) sözləri ilə “cami-cəm “ ifadəsini əlaqələndirmək olur. “Sənin dodaqların cami-cəm oldu, çünki müqəddəs ruh tərəfindən üfürülüb “ . “Hər insanın bütün üz cizgilərində allahdan bir zərrə var “ ideyası elə bu beytin əsasını təşkil edir. Şair yaradıcılığında hürufizmin fəlsəfi əsaslarına görə maddi aləmin ən uca varlığı adlandırdığı insanı – “mən” i daha geniş anlayış olan “ haqq “ ilə eyniləşdirir. Akademik Həmid Araslı “ Imadəddin Nəsimi “ adlı monoqrafiyasında allah-insan eyniləşdirməsilə bağlı fikirlərini bir neçə aspektdə bildirmişdir : “ Hürufizm görə, dünya ilidir: 1. Gördüyümüz kainat , 2. İnsan . Birinci dünyada günəş , ay , ulduzlar , bürclər , bütün səma aləmi , yer üzü və s. yerləşir. İkinci dünyada , yəni insanda bütün bu obyektiv varlıq öz əksini tapır. “ ( 1. 46.)
Deməli, insan özü “ Cəmşidin camı “ dır , yəni “cami-cəm “ dir. Necə ki, Cəmşidin camına baxaraq dörd bir yanın sirlərindən agah olurdu, şair də sevgilisinin dodaqlarında, camalında dünyanın əksini görür . Buradan belə bir qənaətə gəlmək olar ki, kainatın bütün sirlərini insanı öyrənməklə izah etmək olar.
Nəsiminin insan haqqında kredosu olan panteist – hürufi ideyalarını əks etdirən digər bir qəzəlində öz varlığını, “mən” ını dərk etməyən insanları qəflət yuxusunda təsvir edir :
İtirdin Cami-Cəmşidi , oyan uyxudan , ey qafil,
Nə buldun uyxudan göstər, nə qıldın uyxudan hasil ? ( 8. 106 )
Nəsimi ilk misrada “ Cami-cəm “ tezisini mənəvi aləmlə əlaqələndirməklə yanaşı, Cəmşidin adını da çəkmişdir. Nəsimi insanı qafil və kamil olmaqla iki qrupa ayırır . Onun fikrincə, “cami-cəm “ indən , yəni öz tərkibdən, mənəvi aləmindən uzaq insan qəflət yuxusundadır. Şair “itirdin cami – Cəmşidi “ deyərkən mənəviyyatını itirmiş insanı nəzərdə tutur, çünki camın bir növ, insan qəlbinin aynası olmasını nazərə alsaq, camın gördüyü aləmin də insanın mənəvi aləmi ilə eyni olduğunu görə bilərik. Nəsimi asketizm prinsipləri ilə davranan , özünü və dünya fikirlərini dərk edən insanları kamil adlandırırdı . Mənası “ fikri gəzişərək ifadə etmək olan , hürufiliyin də mənbə kimi istinad etdiyi Şərq peripatetizmində də fəlsəfənin əsas vəzifəsi həqiqəti əldə etmək, onu dərk etməkdən ibarətdir. Fikrimizcə, “gözlər qəlbin aynasıdır “ və yaxud “ gözlərdə ( simada ) dünyanı görmək “ ifadələri məhz elə “cami-cəm “ tezisi ilə bağlıdır . Qəlb təsəvvüfdə batini idrak mərkəzi , allahın camalını təzahür etdiyi əsas nöqtədir. Belə düşünmək olar ki, ilk nümunədəki ayna da Cəmşidin camı ilə eyni mahiyyəti kəsb edir. Nəsiminin insanı “kiçik aləm “ adlandırması da təsadüfi olmamışdır. Şair insanı baxıldığı zaman “ hər cizgisində mənəvi aləminin əksini tərənnüm edən ali varlıq “ kimi təsvir edir.
Cəmşidi-aləm oldur mə’nidə, еy qəmər kim,
Fərхəndə surətindir cami-cahannüması. ( 3. 83 )
Piyalə , qədəh, ayaq və s. kimi sözlərlə eyni mənanı əks etdirən “Cami-cəm “ in bir digər adı “ Cami-cahannuma “ dır. Beytdən göründüyü kimi, şair Cəmşidin baxdığı aləmi sevgilisinin surətində görür və deyir : “ Ey qəmər, Cəmşidi – aləm , camın əksinin sənin üzündəki təcəssümüdür “ Bu ifadə ilə Nəsimi insan surətini aləmə açılan qapı ilə eyniləşdirirlər.
Cami-cahannüma dеdilər üzünə, vəli
Həqdən mən anı ayinеyi-həqnüma dеrəm. ( 3. 141, )
Bu misralar da yuxarıda qeyd etdiyimiz fikirləri bir daha təsdiqləyir və hürufilikdə “ Allahın gözəl insan surətində təcəssümü etməsi “ ( 1. 46. ) ideyasını da bizə xatırladır.
Rəvayətlərdə yeddi maddədən hazırlandığı söylənilən Cəmşidin camı , həmçinin, yeddi fələyin sirrini açmağa nail olmuşdur. Bunu da qeyd etmək lazımdır ki, camın üzərində yeddi qitənin təsviri verilmişdir . Hürufizmin də rəqəmlərlə sıx əlaqəsini nəzərə alsaq, bu aspektdə yeddi rəqəminin sakrallığını göz önünə gətirərək “cami-cəm “ ifadəsinin Nəsimi yaradıcılığında təsadüfən işlənmədiyini də bildirmək olar. Hürufizmə görə , insanın üzündə “ xətti- ümmiyə “ adlanan yeddi anadangəlmə xətt vardır ki, bu xətlər “Quran” ın ilk surəsi olan “Həmd “ in yeddi ayəsi ilə də səsləndirilir :
Yedi ayətlə yeddi xətt tamam
Yedi ə’za ki, yeddi ümmətdir. ( 8. 27 )
Bundan başqa, Nəsimi şerlərində yer, göy, dərya və s . bəşəri gözəlliklərin sayının yeddi olması “cam” ın üzərindəki yeddi qitəyə bir növ işarədir :
Yeddi yerdir, yeddi gögdür, yeddi dərya, yeddi xət,
Yeddi müshəf, yeddi ayət, yədi-beyzası nədir? ( 8. 151 )
Bəs nə üçün məhz yeddi rəqəmi? Bildiyimiz kimi, qədim türk mifoloji düşüncəsində yeddi rəqəminin xüsusi sakrallığa malikdir. Bir sıra türk xalqlarının dünyagörüşündə yeddi rəqəmi xoşbəxtlik uğur rəmzidir, belə ki, mifoloji mətnlərdə dünyanın yeddi günə yaradılması haqqında məlumatlar vardır. Məhz elə bu səbəbdəndir ki, dünyada yarananlar da ( planet, iqlim, bürc və s.) yeddidir.
Olubdur yeddi iqlim, yeddi ə’za,
Könül təxti dəxidir eşqi-şanım. ( 8. 328 )
Məsəldə təb’imizdir yeddi qat yer,
Ağaclar tük olur, dağ üstüxanım. ( 8 . 327 )
Ümumiyyətlə, Nəsimi poeziyasına qədər “cami-cəm “ ifadəsini klassiklərimizin – Nizami , Füzuli və başqalarının yaradıcılığında görmək mümkündür, lakin bu tezisə vəhdəti-vücud fəlsəfəsi nöqteyi nəzərindən yanaşan , hətta eyniadlı əsəri belə olan Marağalı Əvhədinin adı xüsusi vurğulanmışdır. Nəsimi sənədlərindən fərqli olaraq bu konsepsiyaya panteist-hürufilik aspektdə yanaşmış, insanı özünün, haqqın dərkinə yönəltmişdir.
Ədəbiyyat
Araslı H. İmadəddin Nəsimi .Bakı:Azərbaycan dövlət nəşriyyatı,1972 ,73s.
Açar sözlər: Fəzlullah Nəimi, hürufilik təriqəti, «Vəsiyyətnamə» əsəri, kamil insan
Key words: Fazlullah Naimi, Hurufism sect, written will work, perfect human
Ключевые слова: Фазлуллах Наими, секта Хюрифилик, произведение «Завещание», совершенный человек
Yaxın və Orta Şərq ölkələrində alim, şair, mütəfəkkir və ən əsası hürufilik təriqətinin banisi kimi tanınan Şeyx Fəzlullah Nəiminin anadan olmasından 685 (1339-1394), ölümündən isə 630 il ötür. Ancaq onun qələmə aldığı «Cavidannamə», «Ərşnamə», «Növmnamə» (yuxu haqqında kitab), «Məhəbbətnamə» və «Vəsiyyətnamə» kimi əsərləri dillərdə, könüllərdə hələ da yaşamaqdadır. Bu kimi məşhur əsərlərin «təhlillərindən görünür ki, o, həssas bir nəzəri düşüncəyə və idrak qabiliyyətinə malik olmuşdur» (4, səh.78).
Hürufizmin banisi və rəhbəri Fəzlullah Nəiminin öldürülməsi tarixi və öldürüldüyü yer barədə hələ də mübahisəli və ziddiyyətli mülahizələr mövcuddur. Bunun əsas səbəbi əldə olan və istifadə edilən mənbələrdə Nəimi haqqında geniş və dəqiq məlumatın verilməməsidir. Daha doğrusu, Nəiminin doğulduğu yer və öldürülməsi tarixi yerli mənbələrdə aydın, ətraflı təsvir olunmamış və bəzən də biri digərinə zidd məlumatlar verilmişdir. Ziddiyyətlərin meydana çıxmasında ilk mənbələrin üzünü köçürən xəttatların da müəyyən günahı olmuşdur desək yanılmarıq. Belə ki, onlar düzgün oxuya bilmədikləri hər hansı bir sözü, rəqəmi səhv yazmış, yaxud sadəcə olaraq səhv köçürmüşlər. Bu və ya digər səbəblərə görə alimlər Nəiminin əslinin haralı olması, təvəllüdü, vəfatı və s. haqqında müxtəlif və biri digərinə uyğun gəlməyən məlumat vermişlər.
Filologiya elmləri doktoru Qulamhüseyn Beqdeli, Yaqub Babayev, Rəhim Əliyev və b. Fəzlullah Nəiminin Təbrizli olduğunu, keçmiş sovet tədqiqatçılarından İ.P.Petruşevski Nəiminin 1393-1394-cü illərdə Şirvanda, Məhəmmədli Tərbiyət 1394-cü ildə Naxçıvanda, H.Araslı 1394-cü ildə Naxçıvanda, Mirzağa Quluzadə 1394-cü və ya 1396-cı ildə Şirvanda, Lətif Hüseynzadə 1393-cü ildə Naxçıvanda, Tağı Musəvi 1394-cü ildə Əlincədə, Əliəjdər Səidzadə 1394-cü ildə Naxçıvanda, «Azərbaycan tarixi» kitabında 1402-ci ildə Şirvanda, «Azərbaycan fəlsəfəsinin tarixinə dair oçerklər» kitabında isə hicri 804 (1401-1402)-cü ildə Naxçıvanda öldürüldüyü göstərilmişdir. İranın görkəmli tarixçi alimi Səid Nəfisi Nəiminin hicri 796-cı il zülqədə ayının 6-da (1394-cü il sentyabrın 2-də) öldürüldüyünü və qəbrinin Naxçıvanın Əlincə adlanan yerində olduğunu, Cəfər İbrahimov 1402-ci ildə Naxçıvanda və nəhayət mötəbər ədəbiyyat və mənbə sayılan ASE-nin VII cildində 1394-cü ildə Naxçıvanda öldürüldüyü qeyd olunmuşdur.
Şərq şairləri, o cümlədən də Azərbaycanın söz ustaları öz dövrlərində baş vermiş müxtəlif hadisələri – şahın taxta çıxmasını, ölümünü, görkəmli bir alim və şairin vəfatını və s. təsvir etmiş və həmin hadisənin nə vaxt baş verdiyini əbcəd hesabı ilə vermişlər. Belə şeirlər ədəbiyyatda maddeyi-tarix adlanır.
Görkəmli bir hürufi kimi İmadəddin Nəsiminin müridi Nəimi ölümünə maddeyi-tarix yazdığını güman etmək olar. Odur ki, Nəsimi divanlarının əldə olan müxtəlif əlyazma, çap nüsxələrini nəzərdən keçirir və Nəiminin öldürülməsinə həsr olunmuş maddeyi-tarixi axtarırıq. Nəsimi divanının Tehran universitetinin mərkəzi kitabxanasında saxlanılan bir əlyazmasında onun Nəiminin öldürülməsi barədə olan maddeyi-tarixinə rast gəlirik. Hicri 1087 (1666-1667)-ci ildə üzü köçürülmüş 203 səhifəlik bu əlyazmasında üç şairin Nəsiminin, Seyid Nemətullahın və Əsirinin şeirləri toplanmışdır. Təəssüf ki, əlyazmasının son vərəqləri itmişdir.
Nəiminin ölümü haqqında olan maddeyi-tarix bu əlyazmasının 163-cü səhifəsində yazılmışdır. Farsca olan bu şeirdə göstərilir ki, Şərq və Qərb Yəcucun fitnəsi ilə doldu (Yəcuc və Məcuc yer üzündə fitnə-fəsad törədən, işğalçı, qaniçən bir tayfadır – K.C.). Teymur ən qaddar zalım idi. Onun kimi bir zalımı heç kəs görməyib və bundan sonra da yəqin ki, görməyəcəkdir. Miranşahın tələbi ilə Nəimi Şirvan mülkündən getdi. Maranşah (Teymurun oğlu Miranşah Nəimini öldürdüyü üçün hürufilər onu «Marahşah», yəni «İlanşah» adlandırmışlar – K.C.) onu öldürdü. Bu zaman hicrətdən 796 il keçmişdi. Təsadüfən fəqirlərin bayramı olan cümə günü, zülqədə ayının 6-sı idi (1394, 2 sentyabr).
Nəiminin hicri 796-cı il zülqədə ayının 6-da Miranşah tərəfindən Əlincədə öldürüldüyünü təsvir edən bu maddeyi-tarix müxtəlif mənbələrdə həmin tarixi və yeri göstərən digər müəlliflərin də düzgün məlumat verdiklərini təsdiq edir. Bu tarix və yeri qeyd edən həmin müəlliflərin məlumatı da öz növbəsində Nəsiminin maddeyi-tarixinin dəqiq bir sənəd olduğunu göstərir.
Nəiminin hicri 796-cı il zülqədə ayının 6-da (1394-cü il sentyabrın 2-də) Miranşah tərəfindən Əlincədə öldürüldüyünü sübut edə biləcək digər bir sənəd Miranşahın həmin vaxtda orada olub-olmaması məsələsidir. Buna görə bu məsələdən də bəhs etmək vacibdir.
Teymur dövründə yaşayıb onun tarixini yazmış tarixçilərdən Şərəfəddin Əli Yəzdinin və Nizaməddin Şaminin «Zəfərnamə» adlı əsərində hicri 796-cı il hadisələri təsvir edilərkən göstərilir ki, Teymur Məhəmməd Dərviş Bərlası bir bölük ordu ilə Əlincə qalasını tutmağa göndərdi. Rəcəb (may) ayında isə oğlu Miranşaha göstəriş verir ki, Əlincəyə gedib qalanın mühasirəsi ilə məşğul olsun. Şəban (iyun) ayında Xacə Ağbuca bir dəstə qoşunla Əlincəni mühasirə edən Məhəmməd Dərviş Bərlasın köməyinə göndərilir. Teymur öz ordusu ilə Gürcüstanı və Şəkini işğal edir. Bu zaman Şirvandan xəbər gəlir ki, Toxtamışın ordusu Dərbənddən keçib Şirvanın bəzi əyalətlərinə hücum etmişdir. Teymur Şəkidən onlara tərəf gedir. Toxtamışın ordusu bu xəbəri eşidib geri qayıdır. Teymur Kür çayının kənarı ilə irəliləyərkən, Toxtamışın ordusunun geri qayıtması xəbəri ona çatır. Teymur qışlamaq üçün yer seçilməsi barədə göstəriş verir. Mahmudabad şəhəri münasib hesab olunur. Teymur oraya gəlir və Fəxrabad kəndi yaxınlığındakı Qalıngünbəzdə düşərgə salır. O, öz ailəsini də Sultaniyyədən oraya gətirtdirir. Bu zaman Miranşah da Əlincədən Teymurun yanına gəlir. Teymur həmin ilin qışını burada keçirir. Qışın axırında isə ikinci dəfə Toxtamışın üzərinə hücum çəkir.
Tarixçilərin əsərlərindəki geniş təsvirlərin bu qısa xülasəsindən məlum olur ki, Teymur 1394-cü ilin təxminən mart-aprel aylarında Məhəmməd Dərviş Bərlasın başçılığı altında Əlincə qalasını almaq üçün ordu göndərir. Bu ordu müvəffəqiyyət qazana bilmədiyi üçün may ayında oğlu Miranşah da Əlincəyə yola düşür. Qalanın mühafizəçiləri onların hücumlarını mətanətlə dəf etdikləri üçün Teymur Xacə Ağbucanın başçılığı ilə yeni bir ordu göndərir. Miranşah 1394-cü ilin ortalarından qışın əvvəllərinə qədər Əlincənin alınmasına rəhbərlik edir. Deməli, Miranşah 1394-cü il sentyabrın 2-də Əlincədə olmuşdur. Şirvandan tələb edib gətirtdiyi Nəimini həmin tarixdə öldürtmüşdür. Repressiyaya məruz qalan gözəl alim və tədqiqatçı Salman Mümtaz (1883-1937) da «Azərbaycan ədəbiyyatının qaynaqları» adlı əsərində də yazır ki, «Şah Fəzlullah bir çoxunun, bilxassə cahil və mütəəssib mollaların xoşuna gəlmədiyindən onların tərəfindən təkfir olunmuş və cahil üləmanın fitvası ilə Miran şah Şah Fəzlullahı Şirvandan gətirdərək» (5, səh.280) Naxçıvanda amansız şəkildə qətlə yetirmişdir.
Əbu Məhəmməd oğlu Fəzlullah özünə Nəimi təxəllüsünü seçmişdir. Nəimi təxəllüsünü də təsadüfən seçməmişdir. Nəimi ərəb mənşəli söz olub – mənası nemət, bolluq, rifah içində yaşama mənasını verir. Biz nəim ifadəsinə müqəddəs kitabımız «Quran»da da rast gəlirik. Yerin və göyün yaradanı Allah «Quran»i Kərimdə xoş əməl sahibi olanları axirət dünyasında cənnətlərlə mükafatlandırılacağını vəd edir. Belə cənnətlərdən biri də Nəimdir.Yüz iyirmi ayədən ibarət olan «Əl-Maidə» («Süfrə») surəsinin 65-ci ayəsində deyilir: «Əgər kitab əhli (Məhəmməd peyğəmbərə və Qurana) iman gətirsələr və Allahdan qorxaraq pis əməllərdən çəkinsələr, Biz, sözsüz ki, onların günahlarının üstünü örtər və özlərini də (neməti bol olan) Nəim cənnətlərinə daxil edərik» (1, səh.97). Buradan belə ehtimal çıxara bilərik ki, Fəzlullah «Nəimi» təxəllüsünü «Quran»dan götürmüşdür. Həmçinin nəim – xoşbəxt yaşamaq, firavan yaşamaq, aydınlıq anlamını da ifadə etməkdədir. Bununla o, tərəfdarlarının nəzərinə çatdırır ki, əsl firavanlıq, xoşbəxtlik xurafatçı axund və mollaların vəd etdiyi cənnətdə deyildir, onu bu dünyada həqqə tapınmaqla tapa bilərsiniz.
Fəzlullah ilk əvvəl elmi biliyini özü öz üzərində müstəqil çalışmaqla, necə deyərlər, ən gözəl təhsil özünütəhsildir konsepsiyasını əsas tutaraq öyrənmişdir. Bundan sonra elmi dünyagörüşünü daha da artırmaq üçün 1369-cu ildə İsfahana, 1373-cü ildə isə Məkkəyə səfər etmiş, bilik əldə etmiş və mürşidlik, kamillik zirvəsinə ucalmışdır. 1386-cı ildən isə öz ideyasını, hürufilik təriqətini yaymağa başlamış və yüzlərlə müridi əqidə birliyi ilə ətrafına toplamışdır.
Qoca Şərqdə onlarla təriqət yaranmışdır. Doğrudur, bəzi təriqətlərdəki (sufilik, hənəfilik, mövləvilik, babilik və s.) ideyalar daha erkən təşəkkül tapmış, daha əhatəli və uzunömürlü olmuş, ictimai, dini-fəlsəfi, ədəbi-mədəni həyatın daha geniş sahələrinə nüfuz etmiş, kütləviləşmiş, orta əsrlər islam şərqində ədəbi meydanın daha böyük sahəsini öz təsiri altına almışdır. Ancaq bir çox təriqətlər isə (vəhabilik, bəhailik, tuqilik və s. ) əndazədən çıxaraq ifrata varmış, bir olan Allahın varlığına yox, şeytaniliyə, insanın xoşbəxtliyinə xələl gətirəcək işlərə xidmət etmiş və etməkdədir.
Ədəbi-mədəni həyatın daha geniş sahələrinə nüfuz etmiş, təşəkkül tapmış və uzunömürlü olmuş təriqətlərdən biri də, əsası Fəzlullah Nəimi tərəfindən qoyulmuş hürufizm təriqətidir. Əgər sufizm təriqətinin yaradıcı Hüseyn Həllac Mənsur (848- 922) ilahi eşq fəlsəfəsinə üstünlük verirdisə, Fəzlullah Nəimi hürufilikdə ağıla, təfəkkürə, kamilliyə daha çox üstünlük vermişdir. Nəimi deyir ki, kainat insanın varlığındadır. İnsan özünü öyrənsə, dərk etsə, dünyanın sirlərini öyrənə bilər. Həyatın, kainatın sirləri hərflərdədir. Hərflər insan sifətində olan xətlərdədir. Hürufilikdə Allah eyni zamanda söz-kəlam şəklində təcəlli edir. Hərflər isə sözlərin ifadə vasitəsidir. Demək, Allah sözlərdə təcəssüm etdiyi üçün eyni zamanda hərflərdə əyan olur, hərflər isə kamala çatmış insanın üzündə əks olunmuşdur. Məhəmməd Peyğəmbərin kəlamları 28 hərfdə öz ifadəsini tapmışdır. Dərin istedad və biliyə malik olan Fəzlullah Nəimi isə fars dilində işlənən 32 hərfi əsas götürmüşdür. Onun «Cavidannamə»si sivu dodan, yəni 32 hərfdən ibarətdir. İnsanın üzündə anadangəlmə yeddi xətt vardır: iki qaş, dörd kiprik, bir saç. Bunlar dörd ünsürdən – su, hava, od, torpaqdan əmələ gəldiyi üçün hər biri dörd hesab edilir, hamısının sayı isə 28 olur. Saç ortadan ikiyə ayrıldıqda yeddi xətt səkkiz olur; səkkizi dörd ünsürə vurduqda isə otuz iki alınır. «Hürufilik kodeksində insan təkcə mənəvi keyfiyyət, qüdrət və əzəmətinə görə deyil, zahiri görünüş, camal gözəlliyi, hüsn və surəti etibarilə də Haqqın təcəlli nuru, Tanrı vəchinin təcəllisi hesab olunurdu» (5, səh.68). Belə ki, insan surətcə də çox gözəl yaradılmışdı və Nəimiyə görə, onun hüsnündə ilahinin camal gözəlliyinin nişanələri vardır. İnsanın siması xüsusilə gözəl xəlq olunmuşdur və o, Haqqa məxsus bir sıra əlamətlərin daşıyıcısıdır. Başqa sözlə, Haqqa aid bəzi nişanələr bir dəlil kimi, bəşər övladının üzündə öz əksini tapmışdır. Məsələn, insanın üzündə «Allah» sözü yazılmışdır. Belə ki, ərəb əlifbasındakı «əlif» (ا) – insanın qaməti, «kaf»(ق) – qaşları, «hə» (ﺣ) – gözləri, «ləm» (ل) – burnu, «mim» (ـمـ) – ağzı, «nun» ( ن ) – çənəsi, «dəl» (ﺩ) – qocalanda qaməti – hərflərinə bənzədilir. «Allah (ﷲ) kəlməsi də bu hərflərin birləşməsindən yaranır. «Buna görə hürufilər allahın Fəzlullahda təcəssüm etdiyinə inanırlar» (7, səh.14).
Yaradıcılıq yolu zəngin olan, həm nəzm və həm də nəsrlə əsərlərini qələmə alan Nəiminin fikrincə, insanları ədalətə qovuşdurmaq üçün hökmdar kamil insan olmalıdır, insanların hamısı kamil olmalıdır. İnsanın ən qəddar düşməni cəhalətdir, nadanlıqdır.
«İnsan ədəbdən ibarətdir» kəlamını şüara çevirən və mövləvilik təriqətinin əsasını qoyan Mövlana Cəlaləddin Rumi irqindən, dinindən, dilindən asılı olmayaraq, bütün insanlara qucağını açan, onlara ilahi sevginin, qardaşlığın, barışın, sülhün və səadətin açarı olduğunu varlığı ilə anladan şeyxlər şeyxidir. Yüz dəfə günah işləsə də və yüz dəfə tövbə etsə də insanın ümidsizliyə qapılmamasını, Ulu Tanrı tərəfindən yenə bağışlanacağını ümid edən Mövlana belə deyirdi:
Gəl-gəl, yenə gəl! Kim olursan-ol, yenə də gəl,
İstər xristian, istər məcusi, istər bütpərəst ol,
Bizim dərgahımız ümidsizlik dərgahı deyil,
Tövbəni yüz dəfə pozmuş olsan belə, yenə gəl! (3, səh.178)
Dünyada ən qiymətli sərvət kamil insandır və kamil insan surətini Allahla eyniləşdirən Fəzlullah Nəimi isə deyir ki, kamil insan dedikdə onun alçağı, yüksəyi, müsəlmanı, xaçpərəsti, bütpərəsti yoxdur. İslamiyyət və xaçpərəstlik arasında ixtilaf salmaq, məscidlə kilsə arasında fərq qoymaq insanları bir-birinə düşmən edir. Dinindən, məzhəbindən asılı olmayaraq Allahdan lütf və mərhəmət umanlar özləri mərhəmətli və ədalətli olmalıdırlar. Həqiqi etiqad insandan ədalət və sədaqət tələb edir. İnsanın etiqadı ilə əməli arasında uçurum olmamalıdır. Alimi-biəmal olanlar, sözdə həqiqət və insafdan dəm vuranlar, xalqa zülm edənlər riyakardırlar.
Qeyd edək ki, sufilik təriqətilə hürufilik təriqəti arasında müəyyən oxşarlıqlar da vardır. Bu oxşarlıqlardan biri də hər iki təriqət üzvlərinin Allahı səmada, boş fəzada yox, insanın qəlbində tapmasıdır. Hələ Nəimidən xeyli əvvəllər yaşayan və sufi şair kimi tanıdığımız Yunus İmrə (1240-1320) yazırdı ki:
Məni məndə demə, məndə deyiləm,
Bir mən vardır məndə məndən içəri!
Süleyman quş dilin bilir dedilər,
Süleyman var Süleymandan içəri! (8, səh.20)
Nəimi isə deyir ki, insan Haqqa məzhər və Xudanın özüdür:
Bizdən soruş, еy oğul, Xudanı
Biz məzhərik indi laməkana.
...Həqqi arama kənarda hеç vaxt,
Həqq səndədi, sən özün Xudasan (6, səh.68).
Nəiminin sonuncu əsəri «qara buludlar»ın başının üzərini aldığı zaman həyacan dolu vəziyyətdə (fikirlərini bir neçə dəfə təkrar etdiyinə görə həyəcanlı vəziyyətdə deyirik) qələmə aldığı və gizli şəkildə öz yaxınlarına göndərdiyi «Vəsiyyətnamə» olmuşdur. Əmir Teymurun əmri ilə amansız şəkildə təqibə məruz qalan Nəimini daha çox qızları Fatimə, Aişə, İsmət və müridlərinin, məsləkdaşlarının hər an faciə ilə bitəcək sabahları narahat edir. Yaxın dostları və məsləkdaşları olan Dərviş Hacıya, Seyid Məhəmmədə, Xacə Fəxrəddinə, Seyid Əliyə (İmadəddin Nəsimiyə) və b. dönələrlə, təkrar-təkrar tapşırıqlarını verərək yazır: «Allahın, Allahın, Allahın xatirinə övladlarımın qorunmasında qüsura yol verilməsin. Dünyanı saxlayan ilahi-namusdur… Ola bilsin ki, təşkil olunmuş dəstədən adam gələr (Əmir Teymurun göndərə biləcəyi qoşuna işarədir – K.C.), bütün müridlər tələf ola bilərlər, hamıya qəsd edilə bilər. Harada olsalar elə etsinlər ki, mənim müridim olmalarını bir kimsə bilməsin» (2, səh.195).
Nəimi Şirvanda yaşadığı son təlatümlü günlərini imam Hüseynin Kərbəlada qəddarcasına aşura günündə (10 oktyabr 680-cı il) Yezid tərəfindən başına gətirilən faciəyə oxşadır. Şirvanı isə Kərbəlaya bənzədərək yazır:
Mən zəmanənin Hüseyniyəm, naəhlilər
də (namərdlər də – K.C.) mənim Yezid və Şümürümdürlər.
Ruzigarım başdan-başa aşuradır,
Şirvan da Kərbala (2, səh.197)
Fəzlullah Nəimi sanki qarşıda onu şiddətli faciənin gözlədiyini övliyalar kimi əvvəlcədən hiss edib duyubmuş. «Vəsiyyətnamə»də yazır ki, «…hər xəbərdən bu dərəcə agah olduğum sizə də (qızları və dostlarını nəzərdə tutur – K.C.) məlum olsun» (2, səh.197).
Nəimi bu təlatümlü günlərin yaxında olduğunu əvvəlcədən hiss etdiyindən yazır ki, «öz geyiminizi və xarici görüşünüzü dəyişin, şirvanlı və dağlı camaatının şəklinə salın. Möhkəm və əlçatmaz ucqarlara gedin. Bu işi olduqca tez edin ki, hələ ordudan arxanızca heç kim gəlməmiş və tələfata uğramamış getmiş olasınız. Əlbəttə, əlbəttə, əlbəttə getməkdə tələsin. Uzaq dağlıq yerlərə çəkilin. Adlarınızı dəyişin. Dərvişlik mərasimini üzərinizdən götürün» (2, səh.196).
Fəzlullah Nəimi vəsiyyətnaməsində Şərq adət-ənənələrində olan valideyin-övlad münasibəti məsələlərini, ailədə balaca uşaqların qeyd-şərtsiz böyük övladın sözünə əməl etmələrini və ona sadiq qalmağı da unutmamışdır. Böyük övladın da özündən balacalara hövsələli yanaşmağı, qarşılıqlı etibar və hörməti saxlamağı, mehriban olmağı, səbir və məhəbbəti vacib şərtlərdən biri sayaraq yazır: «Bacılar sözdən çıxmamalıdırlar. Böyük bacı onlar üçün ata, həm də anadır. Mənim də vəkilim və canişinim odur. Allahın salamı olan böyük bacılarına (Fatiməyə – K.C.) mən də salam söyləyirəm. Öz övladlarımı görməyə olan həvəsimi şərh etmək mümkün deyildir. Bu iş ilahi bir iş olduğuna görə tədbirə sığmaz. Övladlarımdan ayrıldığım gün onlar kədərli idilər. Buna görə mən də çox kədərlənirəm. İndi məni heç bir ixtiyarım olmadan aparırlar. Görək iş nə ilə bitəcək. Bu fəqirin heç bir dini və dünyəvi nigarançılığı yoxdur. Ancaq tamamilə yalqız qalmış və kimsəsizlərin kimsəsindən başqa hamiləri olmayan övladlarımın dərdini çəkirəm ki, çox köməksizdirlər. Allah-təalaya ürək bağlayın. Bacılarından göz-qulaq olmaqda diqqətini artır. Onları heç incitmə. Əgər onların xeyri üçün olsa belə – incitmə. O əziz anasızlarıma salam söyləyin…» (2, səh.196).
Yekun olaraq qeyd edək ki, azad fikir və sərbəst düşüncə sahibi olan Fəzlullah Nəimi yaradıcılığında yaradılmışların ən şərəflisi olan kamil insanı mədh etmiş, təhsili kamil insanlar yetişdirmək üçün vacib saymış, əxlaqi-etik normaları, ədəb-ərkan qaydalarını əsas götürmüşdür.
ƏDƏBİYYAT
Quran (tərcümə edənlər: Z.Bünyadov., V.Məmmədəliyev). Bakı: Azərnəşr, 1992.
Fəzlullah Nəimi. Vəsiyyətnamə. Azərbaycan, №5, 1970.
Mirzağa Quluzadə. Böyük ideallar şairi. Bakı: Gənclik, 1973.
Yunus İmrə. Güldəstə, Bakı: Yazıçı, 1992.
Oruc Həsənli, Fərahim Sadıqov. Tərbiyəşünaslıq. Bakı: Elm və təhsil, 2015
Kamal Jamalov
ABSTRACT
COGNITIVE THOUGHTS IN THE MEETINGS OF FAZLULLAH NAIMI
In the article it is talked about scientist, poet, philosopher and the founder of the Hurifism sect – Sheikh Fazlullah Naimi. It is noted that one of the influenced, established and long term into deep fields of literary and cultural life sect is Hurufism founded by Fazlullah Naimi. Fazlullah Naimi preferred much more to the mind, mentality, perfection in Hurufism. Naimi said that universe is on existence of human. If a man learns, realized him at that time he could learn the secrets of the world.
Камал Джамалов
РЕЗЮМЕ
ДОБРОДЕТЕЛИ В ТВОРЧЕСТВЕ ФАЗЛУЛЛЫ НАИМИ
В статье говорится об ученом, мыслителе, поэте и самое главное об основателе секты Хюрифилик Шейх Фазлуллах Наими. Здесь подчеркивается, что сформировавшася и долгосуществовавщая секта Хурифилик, основанная Фазлуллахом Наими проникла в наиболее широкие области литературно-культурной жизни. Фазлуллах Наими в Хурифилике большое предпочтение отдавал разуму, мышлению, совершенству. Он говорил, что вселенная в наличии человека. Если человек изучит, поймет себя он сможет выучить все тайны мира.
Miniatür əfsanə Hər tərəfdən sıx pöhrəliklərlə əhatələnən kiçik tala onların görüş yeri idi. Çoban hər gün günortaya yaxın sürüsünü yaxınlığdakı dərəyə ötürüb sevgilisinin görüşünə məhz bu talaya gəlirdi. Onun tütək çalmağı qulağı səsdə olan Günəşi görüş yerinə, talaya çağırmağı idi. Öz oymaqlarından dağ döşü cığıra düşüb gizlincə talaya gələn Günəş min bir həyacanla həm onu kimsə görəcəyindən ehtiyat edirdi, həm də görüşə gecikəcəyindən qorxurdu. Bir gün Günəş sevgilisinə deyir: -Eşitmişəm anan səni öz bacısı qızına adaxlamaq istəyir. Çoban cavabında gülümsəyib -Günəş, sən ki yaxşı bilirsən dünya ha dağıla mən səndən dönmərəm. -Onu da eşitmişəm ki, sənin otardığın sürü xalanın ərinə məxsusdur. -Nə olsun ki… bir parça çörəyimizi hardansa qazanmalıyıq ya yox? -Bax, ha məndən dönsən… -Niyə belə deyirsən? Əgər bir gün görüşünə gələ bilməsəm, bil ki başıma nə isə iş gəlib. Ürəyinə başqa heç nə gətirmə! Mütləq gəlib səni tapacam. Qəfil yağan yaz yağışından daldalanmaq üçün sevgililər böyük qarağac ağacının altına sığındılar. Çoban Günəşin əllərindən bərk-bərk tutmuşdu. Dəhşətli göy gurultusu, şimşəklərin göylərdə oynatdığı qılıclardan qopan od qəlpələri hər ikisini üşəndirirdi. Günəş titrəyir, sanki qorxudan möhkəmcə sarıldığı sevgilisinin odlu nəfəsindən qızınmaq istəyirdi. Tut ucundan göyə çıx yağan leysan dərə boyu sellərin şaqqıltısını keçən hər an artırırdı. Qapqara buludlar səmanı büsbütün tutmuşdu. Cəmi bir saat əvvəlki aydın göylərdən, parlayan günəşdən əsər əlamət qalmamışdı. Lap yaxınlıqda kiçik yasamallığın arxasında tükürpərdən ildırım çaxdı. Elə bil ildırımın hayqırtısından qorxan buludlar ərköyünlüklə ağlamalarına dərhal son qoydular. “Ağıllanıb” sakitləşərək dağların başına qalxdılar. Qara buludları əvəz edən ucsuz-bucaqsız maviliklərə hansısa qüdərtli əl əlvan rənglərdən qövs çəkdi. Göyqurşağının əsrarəngizliyi hər ikisini valeh etmişdi. -Günəş sən qaç, göyqurşağı sizin oymağın üstədir. Çat, onun altında rəqs et! -sonra gülümsəyərək əlavə etdi: -Bizim xoşbəxtliyimiz üçün. Mən də dərəyə düşüm. Görüm sürünün taleyi necə oldu. -Sən nə danışırsan! Eşitmirsən selin səsini? Ora düşmək olar? -Yox getməliyəm. Bəlkə qoyunlardan salamat qalanları var.
Həmin leysanlı, tufanlı yaz günündən aylar keçdi. Sonra illər bir-birini əvəz etdi. Çobandan bir soraq çıxmadı. Dağlar, meşə, meşənin qoynundakı tala çobanın tütəkdə çaldığı musiqiyə həsrət qaldı. Hər gün talaya gələn Günəş çobanı orda görməyib, məyus-məyus evə dönürdü. Qapılarını döyən bütün elçilərə yox cavabı verdiyindən bütün oymaq ona qəribə baxırdı. Hətta orda-burda xısın-xısın söhbət gəzirdi ki, Günəş havalanıb. Hər gün meşə içi harasa gedib, geri qayıdanda özbaşına gəlmədi, gəlmədi, yenə gəlmədi dediyini eşidənlər təəccüblərini yozacaq yer tapmırdılar. Ona tənə ilə baxanlar da az deyildi. Günəş isə qəlbində min cür yozmalar edir, sevgilisinin onu atdığına qınayır, sonra da özünü qınayır. Bəlkə məni mən onu sevdiyimdən çox sevir. Yazığı dərədə sel aparıb. Belə hallarda yenə də özünü məzəmmət edirdi. Dilim, ağzım qurusun! Təki heç nə olmamış olsun. Lap öz xalası qızı ilə xoşbəxt yaşasın. Və yenə də dərhal, yox-yox! Bəlkə yaralıdı, sel onu daşlara, qayalara çırpıb. Kaş mən güllücə yastıq olaydım onun başı altında. Doğrudan ay allahım bilmirəm o məni sevir, sevmir. Qoy yaşılca yastıq olum, əgər sellər onu qayalara vurub yaralayıbsa… Bəlkə O, sürünü sel apardığından qeyb olub. Bəlkə sevir… bəlkə…
Həmin gündən Günəşin oymağında hamı, hər yerdə onu axtarsa da heç yerdə tapa bilmədilər. Bütün obada söz düşdü ki, Günəş qayadan yıxııb ölüb. Amma heç kəs bilmirdi ki, hər yaz meşənin içindəki o talada tacı günəşi, ləçəkləri günəşin şölələrini xatırladan çiçəklər, camaatın çobanyastığı dediyi Günəşdir. Gənc qızların sınamalarında yaşayan Günəş-Çobanyastığı sonu sevir ləçəyində sevinib, xoşbəxtcəsinə gülümsəyir.
Ruhunu oda at, qəlbini közlə, Süd kimi üzə qoy, zamanı üzlə. Ayıq ol, ovunu bərədə gözlə, Oxunu ağılla tuşla hədəfə, Bir dəfə verilir, ömür bir dəfə.
Əgər dalmadınsa bu düşüncəyə, Nəyə arxayınsan, axı sən nəyə?! Onu sərf eləmə yersiz qüssəyə, Artıq əyləncəyə, nəşəyə, kefə, Bir dəfə verilir, ömür bir dəfə.
Yollar qədəminə yandı, yansıdı Bilmədin əyrisi, düzü hansıdı?! Bir də ayıldın ki, köç havasıdı Durnalar göylərdə düzülüb səfə, Bir dəfə verilir, ömür bir dəfə.
Dünyadan arzunu, kamını al sən, Ağzının dadını, tamını al sən, Zövqün bütövünü, tamını al sən, Uyma hər çalınan zurnaya, dəfə Bir dəfə verilir, ömür bir dəfə.
Deşdi ürəyimi çəkdiyin bu ah, Bizi dərd sarıdan yarıdıb Allah. Ən böyük sərvətin ömürdü vallah Onu girov qoyma qazanca, nəfə, Bir dəfə verilir, ömür bir dəfə.
Sən də qonağısan beş gün dünyanın, Bu həris dünyanın, düşgün dünyanın. Min bir oyununa düşdün dünyanın Axır məruz qaldın yanlışa, səhvə Bir dəfə verilir, ömür bir dəfə.
Niyə öz işini bilmədin mağıl, Başından haraya uçmuşdu ağıl?! Bir də bu dünyaya gəlməyin nağıl, Daha yer qalmadı qorxuya, xofa Bir dəfə verilir, ömür bir dəfə.
OLJAS SÜLEYMENOV- Məşhur qazax şairi, Qazaxıstanın Xalq yazıçısı, türk dünyasının böyük oğlu, geoloq, türkoloq, etimoloq, mifoloq, linqvist-alim, ictimai xadim.
Tarixə tanıq-Oljas Süleymenov (esse-hekayə)
(Bu rubrikanı sözü qutsal sayan şairlərə ithaf edirəm.Essenin təhkiyəsini orijinal şəkildə, yazıçının daxili monoloqu kimi verirəm)
Geoloqam… Təbiəti öyrənirəm, təbiətin dilini bilmək milyardların dilini bilməyə bərabərdir.Eşitmişəm ki, V.Hüqonun həyatını “le destin” -“tale” sözü tamam dəyişibmiş.Bir söz də mənim həyatımı dəyişəcək: “Şumer”-necə də doğmadır bu söz.Bunu yaşlı bir kişidən eşidəndə elə bil xəncər saplandı ürəyimə, sanki neştər dəlmə-deşik etdi beynimdəki əndişələri, qovdu bütün şübhələrimi.Yerinə gerçəklik gəldi.Şumer, türk həqiqəti.Şumer: bu, mədəniyyətdir.Bu qos-qoca mədəniyyəti çantama yığıb əsrlər boyu “koşşi” lik-“köçəri” lik edə bilərəmmi? -Bilərəm… -Bəs harada eşitmişdim bu sözü? Deyəsən, xatırladım: -“Koşşi” sözünü diplomqabağı praktika zamanı Şimal-şərqi Prikaspidə sinəsində “şərəf nişanı” ordenini gəzdirən bir qocadan duymuşdum.
Oljas Süleymenovam… Ömərxan kişinin oğluyam.Atamı cəmi 4 gün görmüşəm, daha doğrusu, o, məni 4 gün görüb.Qıyıq gözlərimi hələ aça bilmirdimsə, necə görəcəkdim atamı.Qıpçaq övladı olmağım, gözlərimin qıyıq olması hürkütməsin sizi, məsafəcə uzağı sonralar daha yaxşı görəcəkdim. Uzaqgörən olmaq üçün arabir qanrılıb keçmişə baxmaqda fayda var.Axı keçmiş əsla keçməmiş ulusum üçün, keçmişi olmayanlar utansın, hə, bir də adlmızı “vəhşi” qoyub tariximizi eramızın 4-cü əsrinə aparan qondarma sovet akademikləri.Onlara kimliyimizi sübut edəcəm.Əvvəl “Az” deyəcəm, sonra “Ya”, daha sonra hər ikisini birgə: “Az i Ya”
Türkəm… 40 professor və akademikə Şumer mədəniyyətinin varisi olduğumuzu söyləyəcəm.Ehhhh, daha nələr deyəcəm, nələr! 60 sözlə şumer və türk ortağı olduğunu isbat edəndə mənə- “bu, kifayət etməz”- deyən qərəzli alimə tutarlı cavabım da olacaq. Nə kimi? -Belə desəm necə olar? -“Dadını bilmək üçün heç də Sakit okeanının suyunu dibinəcən içməyə dəyməz, küləyin uzaqlardan qovub gətirdiyi bir damla şor su da kifayətdir” Bənizi solacaq alimin, gətirdiyim dəlillər onun üzündəki cizgilərin avazımalı olduğuna nişanədir. Ehhh, hələ neçə “malı”, “məli” ni qarşımdakı akademiklərin üzünə hörəcəm.
Linqvistəm… Geoloq kimi yerin inkişaf tarixini öyrənə-öyrənə gəlib çıxdım sözlərin quruluşuna, nitq hissələrinə, dilçiliyin hər sahəsinə, əsasən də etimologiyaya meylim artmış oldu.Tariximizin sözlərimizdə gizləndiyinə əminəm.Saxlancımız sözlərimizdir.Sözün dəyişməyi insanın dəyişməsinin xəbərçisidir, həm də xalqların. Şumerdə-ada, türkdə-ata; Şumerdə-tir-həyat, türkdə-tiri, diri, turu yaşamaq. Şumerdə-Dinqir-tanrı, bizdə tenqri, tanrı, teqri.
Tələbəyəm… İkinci ali təhsil alıram.Moskvada Ədəbiyyat İnstitutunda 1-ci kursda oxuyanda verilən kurs işi “İqor polku dastanında Şərq elementləri” idi.Həmin dastanın müəllifinin slavyan ya türk olması mənim üçün önəmsizdir.Əsas odur ki, müəllif ikidilli olub.Türkizmləri tapıb çıxarmaq gərək.Nasixlərin türk sözlərini sonrakı əsrlərdə necə dəyişib, yerinə rus-şimal dialektlərindən sözlər pərçim etdiyini üzə çıxaracam. -Bu nədir? Nəyin əndişəsidir? -Zirzəmimdə şumerlə bağlı əlyazmalar nə üçün yağmalanıb? -Narahat olanlar var! “Az i Ya” nın ilk oxucusu Konstantin Simonovun məktubunu aldım.Yazısında mənə qarşı “necə bir savaşın başladığını indidən təxmin edirəm”- deyir.Haqlı çıxır Konstantin Mixayloviç…
Təqvimin 1975-ci iliyəm… Mənim üçün uğurlu gəlib yeni il, bir qədər də qalmaqallı.Kipriyimlə od götürdüm sanki.Yaxşı ki, kitabım çıxanda “qalmaqalçı” adı ilə məni damğalamaqları bəs elədi.Sağ olsun, Dinməhəmmədi-Kunayevi nəzərdə tuturam.M.Suslovun ağzına atsaydılar “hooop edib” udmuşdu məni.Qursağında qalacaqdım ya yox, orasını bilmirəm, ancaq məni yeməyə hazır idi. “Antisovet”, “Pantürkist” adı ilə bəribaşdan damğasını qoymuşdu.Kunayevin Brejnevlə dostluğu işə yaradı.Dimaş məni qorudu, kitabı verdi Leonid İliçə, o da oxudu.Bəlkə də oxutdurdu neçə yan-yörəsinə.Kitab oxumaq həvəsi harada idi Leonyanın, amma xokkey olsaydı yaxşıca izləyərdi. Baş katib dedi:
“Burada antisovet heç nə yoxdu”.Əla cavab idi, həm də yerində deyilmiş.Kunayev biraz da ürəkləndi: -“Yoldaş Brejnev, olar bu “qalmaqalçı” nı Mərkəzi Komitənin tərkibinə seçək?” -“Layiqdirsə, seç!”
“Az i Ya” kitabıyam… Bütün İttifaqda səs-küylə qarşılanıram..”Az i Ya” -qədim Slavyan əlifbasının ilk hərfi və rus əlifbasının son hərfi. “Mən və Mən”-şərti olaraq “Sən və Mən” Okeanın o tayında da maraqlanlrlar.Sovetin sütununu laxladacaq kitab çıxıb, sevinməyə macal tapanlar nə çoxdur! ABŞ-də sonralar eşitdim bu haqda.Hə, birdə qulağım çaldı ki, Respublikamızda kitabım qara bazarda rekord qiymətə satılır.Öz avtomobilini – “Jiquli” sini kitabıma dəyişənlər var.Azərbaycanda da sevilərək oxunur, dostum Məmmədə (şair Məmməd İsmayıla) 10 nüsxə pay vermişəm.Yaxşı ülfətimiz var onunla.Bir dəfə səhərə kimi Məmmədin zoğal arağını, mənim də fransız konyakımı “bala-bala” vurmuşuq.Bəxtiyarla, Anarla, Elçinlə, Şahmarla, Seyranla, Sabirlə də dostuq.
Azərbaycanın böyük dostuyam… “20 Yanvar” dəhşətini mənə gecənin ənginliyində, saat 03:00-da Bəxtiyar verdi.Səsi titrək, kədərli idi.39 dərəcə qızdırmada yanırdım, amma bu xəbər daha da yandırdı məni.Hər şeyə rəğmən gecə ilə uçdum Bakıya.Bakı mənim iki doğma şəhərimdın biridir.Bakıda mənə Azərbaycanın böyük dostu deyirlər.2021-ci il avqustun 12-də cənab İlham Əliyev sinəmə “Şərəf” ordenini taxanda Prezidentlə bir saat söhbət elədik.Sağ olsun, mənə qarşı hər zaman diqqətli davranıb.Bir kitab hədiyyə etdi.Qarabağ işğaldan əvvəl və azad olandan sonrakı dönəmi əks etdirirdi.Avtoqraf istədim.Adətən yazıçılar avtoqraf verər, lakin mən də cənab İlham Əliyevin avtoqrafını aldım. Axı o da yazıçıdır – tarix yazan yazıçı!
Yazıçıyam… Gənclərdən narazıyam.Mütaliəni sevmirlər. “Dayanmadan, durmadan yazmaq!” şüarımı qulaqardına vurublar.Oxumağı sevməyənlər yazmağı da sevməzlər. Diplomatam, partiya rəhbəriyəm, səfir də işləmişəm. “1001 söz”, “Türklər tarixdən əvvəl” kitablarım maraqla qarşılandı.Əvvəllər balaca ofisdə işləyirdim, dalandarlar bezdirdilər məni, işləməyə qoymurdular.Bir təhər onları çıxartdım.Bir axşam evə qayıdanda, üstümə bir neçə nəfər hücum çəkdi, özümü qorudum.Əllərində küt alət vardı.Demək ki, Tanrı türkü qorumaq istəmiş, əks-halda indi sağ qalmazdım.Azərbaycan türklərinə deyəcəklərim çoxdur.Öncə onlara gözaydınlığı yaraşır, sonra şeirlərim.Qarabağdakı zəfərimizə uşaq təki sevindim.Sanki “Dədə Qorqud” və “Manas” dastanları canlandı gözümdə. Bu esseni yazarkən sanki canavar ulartısını eşidirəm…Yeri gəlmişkən, qədim Şumerdə muncuqları sapa düzürmüşlər ki, ulduzları əcdadlarımızın bədənində saxlayaq. Birazdan göy qübbəsində parlaq ulduzlar peyda olacaq.O ulduzları hər bir türk şəxsiyyətinin adına ad edəcəm.Birinə Oljas ismini verəcəm.Gecə şəmsin ölümü olsa da, səhər günəş yenidən yatağından qalxacaq, göydə yarıqövs cızacaq.Mərhaba, ey göyün ulduzları, yerdə muncuqlarım, göydə ulduzlarımız var.Tanrımız və Türkümüz var! Sayğıdəyər oxucu, muncuq düzülüşü odur ki, ölümüz də dirimiz kimi dəyərlidir. Bir də axı türkün ölüsü yox, yalnız dirisi olur!
( Esse-hekayədə şair Məmməd İsmayılın, yazıçı Seyran Səxavətin və yazıçı-dramaturq Firuz Mustafanın xatirələrinə, habelə şəxsi məlumatlarıma istinad etmişəm)
Dekart, kitabında elmi və ya intellektual metodların işlənib hazırlanmasında istifadə oluna biləcək mülahizə qaydalarını qaydanın ümumi tərifi, sonrasında təfərrüat və misallarla, izahatları ilə təqdim etmişdir. “İnsan şüurunun heç bir məhdudiyyətə ehtiyacı yoxdur” deyən Dekartın fikrincə, ağlımızı idarə etməyin ən vacib yolu özümüzü idarə etməkdir. İnsan şüuru sonsuz bir düşüncə quruluşuna malikdir, ağıl da düşüncələrimizin ardınca öyrənməyi də önəmsəyir. Məlumatın dəqiqliyi üçün öyrəndiyimiz hər bir məlumata intuisiya ilə yanaşmalıyıq.
Dekart əsərində yazırdı ki, “Tədqiqatın sonu zehni qarşısında duran bütün məsələlərdə sağlam və düzgün mühakimələr söyləməyə yönəltmək olmalıdır”.Bəs bu nə dərəcədə düzgündür? Fikrimcə, bu məsələyə daha prozaik yanaşsaq, bir uşaq kimi həyata ehtiyatla, sağlam düşüncə və bacarıqla yanaşmağı və ya diqqətsizlik, axmaqlıq və səriştəsizliyin nəticələri ilə üzləşməyi, bir müddət sonra, yetkinləşdikcə, bu siyahıya xeyirxahlığı əlavə edərək qəddarlığın nəticələrini mənimsəməyi öyrənməliyik. Nəhayət öyrənməli olduğu isə odur ki, başqalarına və dünyaya etdiyimiz hər şeyi özümüzə aiddir. Əsərdə ağıldan istifadədə doğru yola çatmaq üçün Dekartın təklif etdiyi 21 qayda yer alır. Hər bir insan təbiətcə düşünür, lakin bu düşüncə hər dəfə heç bir yerə aparmır. Bu, bəzən fikrin çatacaq yerinin olmamasından, bəzən də təfəkkür tərzlərindəki xəta və nöqsanlardan qaynaqlanır. Dekart izah edir ki, hansı mövzular haqqında düşünmək olmaz və əgər belədirsə, hansı düşüncə yolu ilə getmək lazımdır. Bəzi qaydalar bir-birini tamamlayır və dəstəkləyir. Buraya qeyd olunan bütün qaydalar haqqında ətraflı və izahlı izahatlar daxildir. Dekart, bir çox anlayışları riyazi üsullarla izah etmişdir. Kitabda o, ağıl və intuisiyaya üstünlük verərək digər başqa üsulları, hətta məntiq prinsiplərini də tənqid etmişdir. Dekart qeyri-ziddiyyət prinsipinə riayət edir ki, kitabı oxuduğumuz zaman bunun “Cogito ergo sum” devizinə görə olduğunu görürük. Dekartın qarşımıza qoyduğu tələb isə belədir : Aydın ifadələri, baş verən hadisələri götürüb onları parçalara ayırın və ya alma ilə dolu bir səbət götürüb tamamilə boşaltdığınız kimi onları bir-bir araşdırın. Bənzətmədə olduğu kimi, “Çürükləri çeşidləyin və qalanlarını səbətə diqqətlə qoyun.”