Martin Haydeggerin fikrincə, öyrənmək həvəsi insanları həmişə uzaqdakı bir ulduz kimi özünə çəkir. Həmin arzunun arxasınca qaçmaq insan üçün heç vaxt bitməyəcək bir yoldur. Ölümündən sonra Haydeggerin məzar daşına ulduz simvolu qoyulması onun bu fikrini yaşatmaq məqsədi daşımışdır.
Bir küçə var bu şəhərdə… Ətrafında dalğalanan dar və geniş küçələrdən Heç nə ilə fərqlənməyən, Bir küçə var bu şəhərdə, adi küçə… Hər gün səhər ordan keçir hamı öncə, Keçmişimə qayıdıram səhər-axşam o küçəni mən görüncə. Bir zamanlar bu küçədə qış yox idi, Nə payız yox, nə də solğun, qəmgin rəng yox. Bu küçədə yalnız bahar, yaz olardı, Bu küçədə arzu dolu yeni ümid doğulardı… Çünki, burda sən də vardın… İndi burda xəyalımda söz düzülür, sətir olur, Bu küçənin hər ağacı yağış vaxtı gözəllərə çətir olur, Xəyallarsız bu küçədən ötüb keçib getmək olmur. İndi hər gün qızıl payız Həzin-həzin dolaşaraq, Bir əbədi sakitliyə, bir sükuta qoşularaq, Gəzər burda, xatirələr yaradaraq… Hər tərəfdə solmuş aləm, saralmış gün, Burdan yenə keçməliyəm mən də hər gün. Keçməliyəm, çünki yolum burdan keçir, Burdan keçib və keçəcək. Bu yol mənlə elə burda, bu küçədə yenə səni gözləyəcək…
Elə gözəlsən ki, Sən… elə gözəlsən ki, Sən… Elə belə olasan ömrümün hər anında. Zaman durub dayana, dayanıb dura zaman, Zamanını alasan durdurub zamanın da.
Nə ucasan, İlahi, verdiyinə şükürlər! Sənsən ən xoş nəğmələr, ən ilahi şəkillər. Səndən ötüb dolaşır ən müqəddəs fikirlər, Nə asta yeriyirsən ruhumuzun canında.
Yenə günəş doğacaq, yenə yağacaq dolu, Tutacaq hara varsa, alacaq sağı, solu. …Necə var eləcə də keçəcəkdi bu yolu – Yenə əli ətəkdə bu qul Ehtiramın da.