Tənqidi nəzəriyyə postmodernizmdən yaranmışdır. Gündəlik həyatda biz postmodernizmə daha çox siyasi düzgünlük şəklində rast gəlirik. Multikulturalizm, kimlik siyasəti, nitq kodları…. Bu qaydalar irq, sinif, gender, etnik, cinsi mənsubiyyət haqqında danışmağın qəbul edilmiş yollarını müəyyənləşdirir. Postmodernizm insanın mənsub olduğu qruplara görə şəxsiyyətini faktiki olaraq müəyyən edir. Tənqidi nəzəriyyə filosof Hegellə başlamışdır.Hegel üçün tarixin əsl aktyoru fərd deyil, cəmiyyətin qanunları, əxlaqı, dili, sosial münasibətləri və s. vasitəsilə özünü ifadə edən “mütləq ağıl və ya ruhdur….Əslində Hegel üçün fərdlərin hətta öz orijinal ideyaları da yoxdur. Onların düşüncələri sadəcə mütləq ağlın ifadəsidir. Onun sözlərinə görə, fərdlər “hər zaman öz daxilində fəaliyyət göstərən “Dünya Ağlı”nın şüursuz alətləridir”. Zamanla Hegelin panteizmi dünyəviləşdi və onun Mütləq Ruhu bir metaforaya – dövrün ruhuna —Zeitgeistə çevrildi. (Almancada Zeit zaman və ya yaş, geist isə ruh mənasını verir). Ancaq geridə qalan, fərdlərin Zeitgeistin “şüursuz alətləri” olması fikri idi…. Bizim dövrümüzdə bu, hər kəsin ideyalarının sadəcə mədəni qüvvələr tərəfindən bir-birinə yapışdırılmış sosial konstruksiyalar olması barədə həddindən artıq nəticəyə gətirib çıxarmışdır. Fərdlər irqi, sinfi, cinsi, etnik mənsubiyyəti və cinsi kimliyinə əsaslanan icmaların sözcüsündən başqa bir şey deyil. Postmodernizm mədəniyyət və ya icma qüvvələrini mütləqləşdirir. Həqiqət sosial konstruksiya kimi yenidən müəyyən edilmişdir ki, hər bir icma öz təcrübəsinə və perspektivinə əsaslanaraq, cəmiyyətdən kənar heç kim tərəfindən mühakimə oluna bilməyən həqiqətə öz baxışına malikdir.
Bu günlərdə yazıçı Narıngül Nadirin “Çilli qız” adlı yeni kitabı çapdan çıxıb. Kitaba “Çilli qız”, “Yuva” povestləri və müxtəlif vaxtlarda qələmə alınmış hekayələr daxil edilib.
Kitab “Elm və Təhsil” nəşriyyatında çap olunub, redaktoru yazıçı-publisist Təranə Vahiddir.
Kitabın annotasiyasında müəllif belə qeyd edir: “Bu kitabın hər səhifəsindən bir insan taleyi boylanır. Dünyada qəribə taleli adamlar var. Hər adamın da öz nağılı…Dünya eləcə kitab-kitab nağıldır.
Bir də ki, yaşadığımız həyat başdan-başa təkrarlardan ibarətdir axı… Şəklini itirmiş, formasını dəyişmiş təkrarlardan…”
Narıngül Nadiri təbrik edir, uğurlar və oxucu bolluğu arzulayırıq.
Azərbaycanın görkəmli elm və sənət adamları Hüseyn Kürdoğlu və Şirindil Alışanlının xatirəsinə Poema-etüd
Ayrılıq od qaladı, ruhumu ütüb keçdi, Aldı məni hədəfə, qərəzə tutub keçdi. Yaman vəfasız çıxdı, küsüb getdi gəncliyim, Gördü qocalıq gəldi, cavanlıq ötüb keçdi.
Təhnalıq ürəyimə, qəlbimə sirdaş olar, Ögey-ögey ağrılar canıma qardaş olar. Sovurar günlərimi dövranımın ələyi, Nələrim qalar mənə, nələrim çıxdaş olar.
Götürmək istəmədim neçə dərdi, ağrını, Öz dərdimin ağrısı göynədərdi ağrını. Ustadlardan qalandı, əmanət olub mənə, Dedilər, varislərin çəkər mərdi ağrını.
Ey Tanrım, göndər gəlsin, nəyin var sinəm üstə, Sinəm elə meydandı – haqqım yox, dinəm üstə. Qalaq-qalaq dərdlərin elə zirvə yaradıb, Gərək uçam səmaya, göylərdən yenəm üstə..
Gördüm dərdin zirvəsi, uca taxtı qurulub, Ağrıdan gələn ağrı axıb, axıb durulub, Baxır çarpaz dağlardan al-qanı süzə-süzə, Zirvələrin Məcnunu – qoca qartal vurulub.
Sinəm üstü gül-güldü, süsən, sünbülüm yoxdu, Xəzan vurmuş bir bağam, bülbülüm, gülüm yoxdu. Düşmüşəm bir ocağa, yanam, Səməndər olam, Kül altından diriləm, yanıram külüm yoxdu.
Ustad baxdı halıma, gördü halı göynəyəm, Məni məndən irəli – deyər bu yer, göy – nəyəm, Yurdu talan içində, bəxti yalan içində, Yalıncıqlar əlində al boyanmış köynəyəm.
Axtardım məkanımı, kimdən sordum yerimi, Yenə mənə söylədi, qoca qurdum yerimi. Mən qoca Kürdoğlunun dördlük sarayındayam, Qorusun söz qoşunum – əsgər, ordum yerimi.
Həkəridən, Arazdan, Qara göldən soruşdum, Ağrıların lələsi Şirindildən soruşdum. Xəyalımda yeridim, dağları gəzdim gəldim, Dedim, ustad, mən səni yurdsuz eldən soruşdum.
Danışır Kürdoğludan yenə səhər küləyi, Dərdli xəbər gətirir qərib durna lələyi. Qardaşı Şirindilin hər sözündə canlanır, Xatirəsi, obrazı, ölməz şair taleyi.
İsti idi hər kəsə sözündə, bəyanında, Yaxınına, yadına, dostuna həyanında, Görməsə axtarardı: “Hardasan, ay Şirindil?” Deyərdim ki, burdayam, elə sənin yanında.
Bulaq idi duruluq damarında, qanında, Bir böyüklük var idi varlığında, canında. Gözlərində dünyanın dərdini daşıyardı, Dil açıb danışardı sözü həyəcanında.p
O, tayfanın ocağı, səcdəgahı, piriydi, Hər kəs yaxşı bilirdi, o, yüzlərdən biriydi. Xınalanıb gülərdi hər addımı qurbanla, Ürəklərdi məkanı, gözlər üstü yeriydi.
Atının nalı düşsə, nalbəndlər nal gətirib, Şair qəmə batıbsa, sevənlər xal gətirib. Xəstələnib Bərdədə – şairə dərman olar, Dədə Şəmşir əlində bir dalaq bal gətirib.
İstisuya gedişi necə şad xəbər idi, Qarabağda, Bərdədə hər dərdə sipər idi. Şamil Əsgər Dəlidağ, Məmməd Aslan,Bəhmənin, Qorxmazın, Sücaətin dilində əzbər idi.
Əli Qurban Dastançı hər dərdini bölərdi, Dədə Şəmşir şairi sevgisinə bələrdi. Cəbrayıldan çoxları – biri elə sən özün… Hüseynin kimliyini ellər yaxşı bilərdi.
Dədəlik vardı onda – böyüklükdə baş idi, Qan bağlayan sözündə təmkin ağır daş idi. Kövrələrdi, dolardı bir sınmış budaq üstə, Bir uşaq ağrısı da gözlərində yaş idi.
Şər-böhtan, qarayaxma yad idi, dinc Hüseynə, Gör necə ilan olar, nahaqdan sanc, Hüseynə. İllərin ovqatına köklənmiş Bəxtiyar da Kürdoğlu adı verib dərnəkdə gənc Hüseynə.
Keşik çəkdi bir əsgər, ər, dəyanət adına, Yaxın gələ bilmədi xor, xəyanət adına. Türk oğluna ögeydi – desələr də sınmadı, Ömürlük sadiq oldu bir əmanət adına.
El içində hörməti bir şahanə taxt idi, Kəndə gəlir… bir bayram, bir ayrıca vaxt idi. Hüseyn Kürdoğlu yolu… Bakı-Laçın-Əhmədli, Dağlarda doğma kəndi mənəvi paytaxt idi.
Nə deyim, nə danışım, sözü dastan qardaşdan, Zaman-zaman gül açan, özü bostan qardaşdan. Hər nə desəm yarıdı – nə bitməz, nə tükənməz, Həqiqəti kəsərdə, düzü astan qardaşdan.
…Söz oğlu söz qardaşın yarası köz olurdu, Yara sözdən can alır hərdən göz-göz olurdu. Danışırdı Şirindil sinəsində çəkdiyi Ağrının mində biri dilində söz olurdu.
Xatirələr acılı-şirinli duyğulardı, Bəzən qəmli payızdı, bəzən güllü bahardı. Yaşamağın dəyəri xatirədə görünür, Xatirəsiz bir həyat çox mənasız olardı.
Alışan oğlu Həsən kökün əsil xalısı, Hüseyn, Seyfi, Sehrayə kədər – fəsil xalısı. Gördü zaman sınağı Alışan, Sürəyya da Urşan, Firuz, Şirindil – hər kəs nəsil xalısı.
Fəridə xanım özü Quba-Laçın körpüsü, Məhəbbətə, sevgiyə qızıl tacın körpüsü. Süsən, Nasir, İlhamın – sevgi, barı bəhrəsi, Müqəddəslik adına ehtiyacın körpüsü.
Qaradağdan gələn köç – yurd saldı, binə qurdu, Laçınları qıy vuran qayalar sinə qurdu, Dağ arxalı bir nəsil çağırdı: “hardasan, gəl”, Tarixə sirdaş olub qayıda, dönə, qurdu…
Sözümdə bir nəsilin taleyini yaşadım, Dərdlərilə ağrıdım, ağrısını daşıdım. Çiçək açdı ruhumda sözüm ilə böyüdü Əzəldən həmdərd olan bu “ayrılıq” yaşıdım.
Əmanət bildim sözü, söz göyündə çaxana, Canını közə tutub söz oduna yaxana, Qartallar salam deyər, dağlar təzim eyləyər, Əhmədlidə bir evin eyvanından baxana.
Qərib eldən hər gələn hekayət, həkət olar, Qonaq döyən qapının ünvanı şöhrət olar. Axın-axın dostların gəlişi bir tük salmaz, Hər qonağın ayağı xeyir, bərəkət olar.
Qələmlərim rəngbərəng… sıra-sıra düzülüb, Kağızlar da ağappaq… təzə süddən süzülüb. Hardasan ilham pərim… gəlib görsən şairi Səndən ayrı düşəli ayrılıqdan üzülüb.
Zamanım zalım oldu, verdi göz-göz dərdləri, Sinəmdə ocaq çatdı, qoydu köz-köz dərdləri. İndi başla, yaz görüm, hardan necə yazırsan, Varlığında qaynayan acgöz-acgöz dərdləri.
Çağırdım qövsi-qüzeh yol olsun, yeriyim mən, Yeddi rəngin üstündə dağ olum, əriyim mən, Xəyalımla yeriyim, gözlərimlə oxşayım, Səssiz sükut içində… dinməyim, kiriyim mən.
Haqq aşıqı soruşmaz pay verənin adını, Bir almanın əvəzi alsa da həyatını… Hər dərvişin bir payı… Kürdoğlu badə verdi Alıb çəkdim başıma sözün şərbət dadım.
Ayrılığın özü də özümlə canbir olub, Sözün damarlarında qan olub, can bir olub. Bir yerdə alışmışıq, bir yerdə yanmışıq biz Diri gözlə açmışıq – günəş bir, dan bir olub.
Çox nağıllar axır ki, sona yetdi, qurtardı, Yaddaşlarda qalmadı, getdi, itdi, qurtardı. Qardaşından qalanı dünya bilən qardaşın Hekayəti, nağılı burda bitdi, qurtardı.
Yazıçının “Trolların sirri” nin izi ilə Norveçə səfəri
(Gülzar İbrahimova ilə söhbətdən hazırlanıb)
Norveçdə fəaliyyət göstərən Azərbaycan Evinin təşəbbüsü ilə Oslo şəhərində Nizami Gəncəvi adına Azərbaycan dili məktəbi açılıb. Məktəbin açılmasında məqsəd Norveçdə yaşayan azərbaycanlı uşaqlara ana dili öyrətmək və ana dilinin unudulmamasına çalışmaqdır. Bunun üçün Azərbaycan məktəbi müxtəlif tədbirlər həyata keçirir. Belə tədbirlərdən biri də Azərbaycandakı uşaq yazıçıları ilə uşaqlar arasında görüşlərin keçirilməsidir.
Növbəti onlayn görüşlərdən birində məktəb uşaqları yazıçı Gülzar İbrahimova ilə görüşüblər. Yazıçı şagirdlərin mütaliəyə böyük həvəslərini hiss edir və oxucularına söz verir ki, onlara Norveç nağıl qəhrəmanlarından nağıl yazacaq. Bir gün verdiyi sözə əməl edir, onlara Trollara aid “Trolların sirri” nağıl yazır. Əsasən yeniyetmələrə aid olan nağıl, yüz səhifədən çox alınır. Nağıl kitab şəklində nəşr etdirilib Oslodakı Azərbaycan məktəbinin şagirdlərinə göndərilir. “Trolların sirri” ni çox xoşlayan uşaqlar Gülzar İbrahimovanı yaxından, canlı görmək istəklərini bildiriblər.
Eyni vaxtda Gülzar İbrahimovanın sözlərinə yazılmış “Ana dili” (bəstəkar Elşən Nicat) mahnısını da müəllim heyəti çox bəyənir, onu şagirdlərinə öyrədir.
Oslodakı Azərbaycan Məktəbinin şagirdlərinin arzusunu nəzər alaraq Azərbaycan Evi və Norveç Azərbaycanlı Gənclər Təşkilatı Gülzar İbrahimovanı Norveçə qonaq dəvət edir.
Yazıçı böyük sevinclə görüşə hazırlaşır. O yolunu gözləyən balaca balaları da unutmayıb, onlar üçün “Norveç qoğal”ını Azərbaycan dilinə tərcümə edir. Rəssam Mərziyə Tağıyeva böyük sevgi ilə nağıla maraqlı illüstrasiyalar çəkir. Norveç nağılından kitab nəşr edilir, Norveçdəki balalara hədiyyə aparılır.
Yazıçı Gülzar İbrahimova ilə aparılan müsahibədən məlum oldu ki, yazıçı Norveç görüşlərindən çox razı qalıb. Bir həftə ərzində Oslodakı Azərbaycan dili məktəbində həm şagirdlərlə, həm də kiçik yaşlı uşaqlarla silsilə görüşlər keçirilib.
Gülzar İbrahimova ilə ilk görüş Azərbaycan Evində və Nizami Gəncəvi adına Azərbaycan dili məktəbində baş tutub. Burda həm kiçik yaşlı uşaqlar, həm də məktəblilər iştirak edib. Uşaqlar yazıçıya onları maraqlandıran suallarını veriblər. Nağıllarına çəkdikləri rəsmləri yazıçıya hədiyyə veriblər. Nağılçı onlara təzə nağıllarından danışıb. Xatirə şəkilləri çəkilib.
Əsas görüş isə may ayının 25-də Oslonun tanınmış Deichman Bjørvika kitabxanasında baş tutub. Keçirilən görüşlər ayrı-ayrı yaş qruplarına bölünüb. Yazıçı oxucularını yeni yaradıcılığı ilə tanış edib. Onların istək-azularını öyrənib ki, yeni əsərlərində nəzərə alsın.
Məktəbin adını daşıdığı N.Gəncəvinin həyat və yaradıcılığından da bəhs edib. “Nizami Gəncəvi nəyə görə türk dilində yox, fars və ərəb dillərində yazırmış”, mövzusunda apardığı araşdırma da yeniyetmələrin marağına səbəb olub.
Bütün uşaqlar üstündə nağıl personajları çəkilmiş xüsus geyimlərdə tədbirə qatılıblar. Norveçdə yaşayan azərbaycanlı gənc yazar – rəssam Səlim Abbaszadə əvvəldən iştirakçıların köynəklərinə nağıl qəhrəmanlarının rəsmini çəkib. Tədbirdə çıxış edərkən o bildirib ki, o bunu sevə-sevə, yorulmadan edib. Səlim sevdiyi yazıçıya üstündə vikkinqlərin rəsmini çəkdiyi və içərisi hədiyyələrlə dolu sandıq da hədiyyə verib.
Görüşün sonunda yazıçı hər uşağa təzə kitablarından hədiyyə edib. Onlar da öz tərəflərindən sevdikləri yazıçıya xatirə hədiyyələri təqdim ediblər. Tədbir xoş təəsüratlarla sona çatıb.
Gülzar İbrahimova ilə növbəti görüş Beynəlxalq Uşaq İncəsənət Muzeyində keçirilib. /The International Museum of Children’s Art/
1986-cı ildən fəaliyyət göstərən Muzeydə 185-dən çox ölkədən 2-18 yaşlı uşaq və gənclərin yaratdığı sənət kolleksiyaları var. (Həmçinin burda azərbaycanlı uşaqların da əl işləri var). Uşaqları sevən və onlara zaman ayırmağı vacib bilən Ulu öndərimiz H.Əliyev də bir vaxt bu muzeydə olub. Muzeyin əsas məqsədlərindən biri dünyanın hər yerindən uşaq sənətini gələcək nəsillər üçün toplamaq, qorumaq və yaymaqdır.
Muzeydə sərgilənən işlərə baxmaqdan başqa burda uşaqlar öz əl işlərini də düzəltməyə imkan var. Adı uşaq muzeyi olsa da, bura uşaqlardan başqa yeniyetmələr, gənclər və hətta ahıl yaşda insanlar da gəlib əl işləri ilə gözəllik yaradaraq vaxtlarını maraqlı keçirirlər.
Muzeydə uşaqların çəkdikləri rəsmlər uşaq fantaziyasının nə qədər güclü olduğunu göstərir. Muzeyin hazırkı rəhbəri Alla Qordina Yazıçını və uşaqları çox mehriban qarşıladı. Təşkil edilmiş nağıl saatı uşaqların ürəyincə oldu. Tədbirin sonunda uşaqlar tərəfindən düzəldilmiş bütün əl işləri yazıçıya hədiyyə edildi.
Gülzar İbrahimovanın Bakıya qayıtma saatını öyrənmiş oxucular onu yola salmağı da özlərinə borc biliblər.