Rafiq Yusifoğlu – Ata ocağı

ATA OCAĞI

Murdar haramzadələr nəfslərinə quldurlar,
Halal-hümmət evləri çapıblar, talayıblar.
Atıb abır-həyanı bu oğrular, quldurlar
Şəhərləri, kəndləri odlara qalayıblar.

Yaralı ürəyimdə nifrət seli çağlayır,
Xəbis ömrü uzunu qılınclayıb kölgəmi.
Baxıram evimizə ürəyim qan ağlayır,
Gör nə günə salıblar topdağıtmaz mülkümü?

Namərd əllər uçurub neçə isti yuvanı,
Cənnəti talayanı cəhənnəmə qovarlar.
Sökülüb daşınsa da, pəncərəsi, tavanı,
Düşmənlərin önündə diz çökməyib divarlar…

Bütün sinə dağları əvvəl axır sağalır,
Nəfəsim dolur evə açıq pəncərələrdən.
Hər daşında atamın əllərinin sığalı,
Uşaqlığım boylanır uçuq pəncərələrdən…

Qan ağlayan gözümdə nifrət selləri daşır,
Köksümdə bir saralmış yarpağa dönür ürək.
Divarlara hörülən hər qara çaylaq daşı
Nəfəsimiz dəyəndə kömür tək közərəcək…

Nələr keçirdiyimi bilər qəlbi incələr,
Çətin ki, geri dönə, o günlərim, o çağım.
Bu həyətə gələndə nəvələr, nəticələr
Yenidən isinəcək mənim ata ocağım…
01.12.2020

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru